Bildiririk ki, alınan mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda, müvafiq xəta mətni əks olunur.
Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".
Bildiririk ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.
Banklar tərəfindən aparılan əməliyyatlara görə tutulan xidmət haqqı və ya hər hansı komissiya haqqı ilə bağlı müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 220.12-ci maddəsi.
Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim edə bilərsiniz. Müraciət edən şəxs özü haqda məlumatları qeyd etdikdən sonra, müraciət etmək istədiyi vergi orqanını siyahıdan seçərək istədiyi vergi orqanına müraciət edə bilər.
Bildiririk ki, fiziki şəxsə icarə haqqı müraciətinizdə qeyd olunduğu kimi, vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.
Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.
Məlumat üçün bildiririk ki, icarə münasibətləri mülki qanunvericiliyin tələblərinə əsasən tənzimlənir.
Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci, 18.2.5-ci, 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri, Mülki Məcəllənin 34-cü fəsli.
Bildiririk ki, rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 34-cü, 96-cı, 101.3-cü və 220-ci maddələri.
Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır.
Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə uyğun olaraq malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir.
Vergi Məcəlləsinin 111.2-ci maddəsinə əsasən ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.
Vergi Məcəlləsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsindən yaranan və əvvəllər gəlirə daxil edilmiş debitor borc ümidsiz borc kimi təsdiqləndikdə gəlirdən çıxıla bilər.
Debitor borcların ödənilməyən hissəsinin mühasibatlıqda uçota alınması ilə əlaqədar aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət edilə bilər.
Əsas: Vergi Məcəlləsinin 111.1-ci və 111.2-ci maddələri.
ldiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir.
Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilməkdədir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmur.
Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.
Bildiririik ki, nəzarət qurğusu 7 gün ərzində məlumatı özündə saxlaya bilər.
Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı ətraflı məlumat üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ( Çağrı Mərkəzi 193, http://emlak.gov.az) müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.
Həmçinin, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.
Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınmışdır. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.
Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.
Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir.
Bununla yanaşı, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101-ci, 102.1.30-cu, 108-ci, 218.5.10-cu, 218.6.2-ci, 220-ci və 222-ci maddələri.
Bildiririk ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur.
İdxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Əsas: Vergi Məcəlləsi 20.5-ci, 169.1-ci, 169.3-cü maddələri.
Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Banklar tərəfindən həyata keçirilən kredit siyasəti ilə bağlı aidiyyəti üzrə Mərkəzi Banka sorğu etməyiniz məqsədəuyğundur.
Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.
Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.
Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".
Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.
Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.
Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.
Bildiririk ki, mal daha ucuz qiymətli mala dəyişdikdə, qaytarılmalı məbləğdən ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında qiymət fərqinə mütənasib olaraq geri qaytarılmış ƏDV məbləğini çıxmaqla vəsait qaytarılmalıdır. Mal daha yüksək qiymətli mal ilə dəyişdirildikdə, ilkin alınmış mal ilə dəyişdirilmiş mal arasında olan qiymət fərqi üzrə ƏDV məbləği geri qaytarılır.
Əlavə məlumat üçün “KapitalBank”ın 196 və ya Dövlət Vergi Xidmətinin (195-1) Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.
Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla Buradan tanış ola bilərsiniz.
Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.
Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
Vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.
Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.
Əsas: Vergilər nazirinin 24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”