Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Məlikov Rəzzaq Vaqif oğlu ma***@mail.ru ID: 2611
Salam! Vergi ödəyicisi olan fiziki şəxs hər hansı bir fiziki şəxslə (VÖEN-i yoxdur, yəni vətəndaş) Icarə müqaviləsi bağlamışdır və icarə müqaviləsində icarə məbləği 1000 (bir min) manat göstərlimişdir. VM 124.1 əsasən icarəyə götürən aylıq 14% ÖMV -ni çıxıb icarəyə verənə ödəməlidir. Burada 2 hal meydana çıxır: 1. (1000/1.14)x 0.14 = 877.19 x 0.14 = 122.81 (Ödənməli ÖMV) . 2. 1000 x 0.14 = 140 (Ödənməli ÖMV) . Hansı düzgündür? Xahiş edirəm konkret cavab verəsiniz. Çünki bu biraz mübahisəli məsələdir.
12/08/2020 Read: 177 Average count: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.

Sorğunuzda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən (sorğunuzda 1000 manat) 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait (860 manat) icarəyə verən şəxsə ödənilməlidir.

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 14.3.2-ci, 18.2.5-ci, 99.3.3-cü, 124-cü, 222-ci, 224-cü maddələri.

5/5 (5 Average count)
Qiymət ver:
Raqif Tağıyev Vaqif ra***@mail.ru ID: 2625
Salam! 28.07.2020-ci il tarixdə Tovuz rayonunda fəaliyyət göstərn TOVUZ TİBB MƏRKƏZİ MMC də (VÖEN 7302372801) müayinə üçün müraciət etmişəm. Müayinə üçün xidmət haqqı olaraq 40.00 manat pul ödədim və kassa çeki tələb etdim (kartla ödəmə ümumiyətlə yox idi). Mənə verilən kassa çekinin fiscal İD ni https://edvgerial.az/ saytına daxil edəndə belə bir məlumat gəlir. Bu çek üzrə alınan mallara ƏDV ödənilməyib. Bilmək istərdim ki, tibb mərkəzləri ƏDV azad olunubmu və ya onlarda vurulan kassa çeklərindən ƏDV qaytarılmırmı?
12/08/2020 Read: 100 Average count: 0

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi – 2020-ci il yanvarın 1-dən 1 il müddətinə ƏDV-dən azad edilmişdir. Digər müəssisələr tərəfindən tibb xidmətlərinin göstərilməsi ƏDV-dən azad edilməsə belə, həmin xidmətlərə görə ödənilən ƏDV-nin qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 164-cü və 165.5-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
kərimov elməddin el***@gmail.com ID: 2823
Salam mənim 12.01.2020 il tarixindən 20.05.2020 il tarixinədək işlədiyim Kafkaz l Mmc tutulan DMF ayrılan vəsait şəxsi elektron sehifəmdə görsənmir. MMC-yə müraciət etmişəm, deyir, biz hesabatı vermişik. Bəs nədən görsənmir? Pensiyamın yenidən hesablanması üçün lazımdır.
12/08/2020 Read: 32 Average count: 0

Pensiya təminatı ilə bağlı ətraflı məlumat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
Rəhimov Mübariz Ənvər oğlu ra***@mail.ru ID: 2821
Salam. Zəhmət olmazsa cavablandırardınız. ƏDV hesabatında vergi qarşısındakı öhdəlik mal satıldığı ay üçün hesablama verilir, yoxsa satılmış mal məbləği hesaba daxil olan ayda?
12/08/2020 Read: 50 Average count: 4

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır. 

4/5 (1 Average count)
Qiymət ver:
Tofiq İsmayılov Vaqif to***@mail.ru ID: 2648
Salam. Kassa aparatsız, qeyri-qanuni fəaliyyət göstərən məhəllə daxili marketlər qanunla ilk dəfə nə qədər məbləğdə cərimə olunurlar? Və elə bir hal ilə qarşılaşanda kimə müraciət etmək olar anonimlik saxlamaq şərtilə?
12/08/2020 Read: 98 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 58.7-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Mikayıl mi***@gmail.com ID: 2662
Salam. 2009-cu ildə fiziki şəxs kimi VÖEN almışam. VÖEN üz qabığında olan şəkil ilk Ş/V olan şəkildir. Yaşla bağlı şəxsiyyət vəsiqəmi dəyişdim. İndi bilmək istərdim, VÖEN yenidən dəyişdirilməlidirmi?
12/08/2020 Read: 61 Average count: 5

Bildiririk ki, fiziki şəxsin soyadı, adı, atasının adı dəyişdikdə, ona müraciəti əsasında yeni fiziki şəxsin uçotu haqqında şəhadətnamə verilir. Bu zaman fiziki şəxsin əvvəlki uçot haqqında şəhadətnaməsi geri alınır (vergi orqanından təhvil götürüldüyü halda). 

Vergi Məcəlləsinin 34.3-cü maddəsinə əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

Vergi ödəyicisinin şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi səbəbindən yeniləndiyi halda, fiziki şəxsin uçotu haqqında şəhadətnamənin dəyişdirilməsi qanunvericilikdə tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (1 Average count)
Qiymət ver:
Qurbanov Fərid Eldar oğlu pi***@mail.ru ID: 2619
Salam, mən qanuni taksi xidməti kimi fəaliyyət göstərmək istəyirəm. Onun üçün mənə hansı sənədlər lazımdır və əgər çətin deyilsə, dövlət rüsumlarını da qeyd edərdiniz. Çox sağolun.
12/08/2020 Read: 108 Average count: 5

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Eyni zamanda bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda bir sıra kateqoriya fiziki şəxslərin sosial sığorta yükünün azaldılması  məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna əlavə və dəyişikliklər edilmişdir. 

Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sadələşdirilmiş verginin məbləği 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətində taksi ilə sərnişin daşınması üzrə 1 ədəd nəqliyyat vasitəsi üçün 9 manatdan 4,5 manata azaldılmışdır.  Sumqayıt şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs 4.5 manata 1.5 əmsal tətbiq etməklə, 6.75 manat aylıq vergi məbləğini ödəməlidir. 

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 02.06.2020-ci ildən 01.01.2026-cı ilədək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilmişdir.  Sumqayıt şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 1.5 əmsal tətbiq edərək 22.5 manat sosial sığorta haqqı ödəməlidir. 

Qeyd olunanlara əsasən, Sumqayıt şəhərində taksi fəaliyyəti ilə məşğul olan şəxsin ödəməli olduğu sadələşdirilmiş vergi üzrə aylıq məbləğ 6,75 manat (4,5 manat * 1,5 əmsal), sosial sığorta haqqı 22,5 manat (250 manat * 6% * 1,5 əmsal) təşkil edir. Beləliklə, Sumqayıt şəhərində fəaliyyət göstərən taksi sürücüsünün (vergi ödəyicisinin) ödəməli olduğu yekun məbləğ 29,25 manat təşkil edəcəkdir. 

Lakin, dəyişikliyə qədər bu məbləğ 76 manat ((9 manat * 1,5 əmsal) vergi məbləği + (250 manat * 25%) sosial sığorta haqqı) təşkil edirdi. 

Əsas: Vergi Məcəlləsinin  222-ci, 223-cü, 224-cü maddələri,"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu. 

 

5/5 (1 Average count)
Qiymət ver:
Nurlan Ceferov Letif nu***@mail.ru ID: 2626
Salam, sualım edvgerial.az layihəsi ilə bağlıdır. Portalda oxudum ki, nağd alış-verişdə 10 faiz, nağdsızda isə 15 faiz geri qaytarılır. Amma mən nağd alış-veriş etdim 3.43 azn. Portalda həmin çeki Fiskal ID-ni yazdım 3.43 azn-ə qarşə 0.05 azn hesablandı. Amma 10 faizi 0.34 azn edir, bunun necə hesablandığını bilmək istərdim, zəhmət olmasa. Öncədən təşəkkür edirəm.
12/08/2020 Read: 60 Average count: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Yana Bədəlova ya***@gmail.com ID: 2658
Salam. 2019-cu il sonuna olan MMC-nin (Sadələşdirilmiş vergi ödəyicisi) 102 000 AZN xalis mənfəəti dividend şəklində təsisçiyə ödəmək istiyirik. Bu halda hansı vergilər büdcəyə ödənilməlidi?
12/08/2020 Read: 205 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisə tərəfindən həmin müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərə ödənilən dividendlər 2019-cu il yanvarın 1-dən etibarən müvafiq olaraq gəlir və mənfəət vergisindən azaddır. Buna əsasən, 1 yanvar 2019-cu il tarixədək formalaşan bölüşdürürlməmiş mənfəət hesabına dividendin ödənilmə tarixindən asılı olmayaraq vergiyə cəlb edilir. 1 yanvar 2019-cu il tarixdən göstərilən fəaliyyət üzrə formalaşan mənfəətin bölüşdürülməsi isə bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 122-ci və 218-1.1.4-cü maddələri.

4/5 (2 Average count)
Qiymət ver:
Asim Nəsirov Əliyusif as***@mail.com ID: 2609
Salam. Onlayn kargüzarlıq da fərdi sahibkarlara mikro dəstək proqramına müraciet edərkən, orada vergi rejimi pəncərəsində heç bir seçim edə bilmirəm. Sizdən xahiş edirəm bu texniki problemi aradan qaldırasınız.
12/08/2020 Read: 43 Average count: 2

Bildiririk ki, maliyyyə dəstəyinin birinci mərhələsi çərçivəsində maliyyə dəstəyi əldə etmiş vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi proqramının ikinci mərhələsi üzrə ödənişlər proqramın birinci mərhələsində bu dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçiriləcək.

Eyni zamanda, indiyə qədər maliyyə dəstəyi üçün müraciət etməmiş şəxslərin müraciətləri 10 avqust 2020-ci il tarixinədək qəbul edilmişdir. Texniki problemlə üzləşmiş vergi ödəyiciləri  müraciətlərinin araşdırılması üçün internet səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə Dövlət Vergi Xidmətinə müraciət edə bilərlər. .

2/5 (1 Average count)
Qiymət ver:
Quliyev Elçin ba***@mail.ru ID: 2607
Salam 4 ədəd çek ƏDV geri qaytarılması ücün keçmir. Sizə də yazdım, cavab yoxdur. Nə edək?
12/08/2020 Read: 61 Average count: 5

Belə hal baş verə bilər, səbəbləri isə müxtəlif ola bilər. Məsələn, nəzarət qurğusunun müvəqqəti olaraq internetə çıxışı olmadığından məlumat sistemə ötürülməmiş ola bilər, çekin məlumatları daxil olunarkən alıcı tərəfindən səhvə yol verilə bilər, çekin məlumatları alıcının özü və ya digər şəxs tərəfindən sistemə artıq daxil edilmiş ola bilər, sistemdə texniki nasazlıqlar mövcud ola bilər və s.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Abdullayev Ramin Yaver oğlu ar***@mail.ru ID: 2586
Salam! Vətəndaşın 6 sot sənətsiz torpaq sahəsi (sənətsiz)var. Həmin torpaq sahəsində vətandaşın 300 m2 həyət evi (sənətsiz) var. Bələdiyyə vətəndaşdan əmlak vergisi verməyi tələb edir. Bələdiyyənin vətəndaşa göndərdiyi bildirişdə qeyd edilir ki, Vergi Məcələsinin 8.1.1; 8.1.2; 196; 198.1; 200.6; “Bələdiyyələrin maliyəsinin əsasları haqqında “ Qanunun 7.1.1; 7.1.2; və “Yerli (bələdiyyə) vergilər və ödənişləri olan fiziki şəxslərin uçota alınması” Qaydasına uyğun olaraq əmlakınızı 5 iş günü müddətində vergi ödəyicisi kimi qeydiyyata düşməyi tələb edir. Zəhmət olmasa yuxarıdakıları nəzərə alaraq aşağdakı suallara cavab verin . Suallar: 1. Bələdiyyə sənədsiz həyət evindən torpaq və əmlak vergisi tələb edə bilərmi? (Bəzi saytlar qeyd edir ki, torpaq vergisi verilməlidir hətta sənətsiz olsa belə) 2. 6 sot sənətsiz torpaq sahəsindən və həmin torpaq sahəsində 300 m2 həyət evi (sənədsiz) olan əmlakdan vətəndaş nə qədər əmlak vergisi verməlidir? Necə hesablanır? 3. Əmək pensiyaçılarına torpaq və əmlak vergisinə güzəşt varmı?
11/08/2020 Read: 185 Average count: 0

Bildiririk ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Bu maddədə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının və qeydiyyat orqanının səlahiyyətlərini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir.

Bununla yanaşı vergi qanunvericiliyinə əsasən fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri əmlak vergisinin, mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri isə torpaq vergisinin vergitutma obyektini təşkil edir.

Eyni zamanda fiziki şəxslərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə əmlak vergisinin, o cümlədən mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinə münasibətdə mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında torpaq vergisinin hesablanması Vergi Məcəlləsi ilə tənzimlənir.

Əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi  əmsallar tətbiq olunmaqla hesablanır.

Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.

Bakı şəhərində yerləşən həyətyanı torpaq sahəsinin hər 100 kvadratmetrinə görə Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən 10 000 m²-dək olduqda 0,6 manat, 10 000 m²-dən yuxarı olan hissə üçün 1,2 manat  torpaq vergisi hesablanır.

Pensiyaçılara mülkiyyətində və ya istifadəsində olan torpaqlara görə vergi güzəştinin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır

Əsas: Vergi Məcəlləsinin 102.2-ci, 197-ci, 198-ci, 199-cu, 203-cü, 205-ci, 208-ci  maddələri və Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29 iyun 2004-cü il tarixli 713-IIQ nömrəli Qanunu.


 

0/5 (0 Average count)
Qiymət ver:
Heydər Qasımov Akif oğlu ga***@gmail.com ID: 2583
ƏDV-dən toplanmış məbləğlə komunal xərcləri necə ödəyə bilərəm?
11/08/2020 Read: 75 Average count: 0

Bildiririk ki, isitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Kommunal ödənişləri həyata keçirmək üçün edvgerial.az portalında elektron kabinetin "Ödəniş" bölməsinə daxil olub, müvafiq məlumatları qeyd etmək lazımdır. 

Əlavə məlumat üçün müvəkkil bank olan “Kapital Bank ASC” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Mikayıl mu***@mail.ru ID: 2576
Hər iki tərəf vergi ödəyicisi olan şəxslər arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompyuter və digər avadanlıq) ilə həyata keçirilə bilər. Keçirilə bilər dedikdə yəni bu məcbur qaydada olmalıdır ya əgər hər iki sahibkarın bank hesabı yoxdursa, nağd kassa mədaxil orderi yazmaqla mümkündür? Bunu necə izah edirsiniz?
11/08/2020 Read: 133 Average count: 5

Bildiririk ki, "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız həmin Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) həyata keçirilə bilər.

Eyni zamanda, qeyd olunan Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Göründüyü kimi, qeyd olunan hədlər daxilində hesablaşmalar nağd qaydada aparıla bilər. Ödənişin məbləği qeyd olunan hədlərdən yuxarı olduğu hallarda hesablaşmalar yalnız nağdsız qaydada aparılmalıdır. Hər iki tərəf vergi ödəyicisi olduğu halda isə nağdsız hesablaşma, yalnız Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) həyata keçirilə bilər.

5/5 (2 Average count)
Qiymət ver:
Ayxan Məmmədov Elşən oğlu ay***@brg.az ID: 2575
Salam. Belə bir çətinlik var. Demək MV kameral gəlib və bank kredit faizləri üzrə təsdiqedici sənədləri təqdim etmək tələb olunur 5 iş günü ərzində. Bank da deyir çıxarışdan başqa sənəd verə bilmirəm. Mən nə etməliyəm?
11/08/2020 Read: 116 Average count: 5

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Həmçinin, vergi ödəyicisi tərəfindən alınmış kreditlərin faizlərinin xərcə aid edilməsinin düzgünlüyünün araşdırılması kameral vergi yoxlaması zamanı risk meyarlarından biri hesab olunur. Qeyd etdiyiniz halda, vergi ödəyicisi ətraflı izahat məktubu, o cümlədən təsdiqedici sənədləri (kredit müqaviləsi, bank çıxarışı və s.) vergi orqanına təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi,  Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 8 may tarixli 1917050000008600 nömrəli qərarı ilə təsdiq edilmiş Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”

5/5 (1 Average count)
Qiymət ver:
Saleh Hüseynov Qubad sa***@gmail.com ID: 2574
Onlayn növbə götürərkən xidmət növü yerinə nə yazmalıyam? Bəyannamə vermək üçün.
11/08/2020 Read: 62 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi kağız daşıyıcısında ərizə ilə, artıq tərtib olunmuş bəyannamə (hesabat) ilə müraciət etdikdə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə kağız daşıyıcıda müraciətlər üçün  "Xidmətin növü" kombosunda  "Sənədlərin kağızda qəbulu" xanasını seçməlidir. 

Həmçinin, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz xahiş olunur. Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən bəyannamələri elektron qaydada tərtib edərək vergi orqanına təqdim edə bilərsiniz.

Bəyannamələrin formaları və doldurulma qaydaları ilə internet səhifəmizin Bəyannamə bölməsinə müraciət edərək, orada yerləşdirilmiş qaydalar və təlimatlarla tanış ola bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
Həmzə Qasımov Soltan qa***@gmail.com ID: 2707
Salam mən VÖEN-im paralunu öyrənmək istəyirəm. Çünki VÖEN-i bağlatmaq istəyirəm. Lakin paralu itirmişəm. VÖEN-in nömrəsi 2001255962.
11/08/2020 Read: 72 Average count: 0

Bildiririk ki,  istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Həmzə Qasımova Soltan qa***@gmail.com ID: 2801
Salam mən VÖEN-im aktiv olub olmadığını öyrənmək istəyirəm.VÖEN-in nömrəsi 2001255962
11/08/2020 Read: 66 Average count: 0

11 avqust 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Qasimov Həmzə Soltan oğlunun (VÖEN 2001255962) fəaliyyəti dayandırılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Vüsal Səlimov vu***@yahoo.com ID: 2603
Salam. Xahiş edirəm aşağıdakı müaciətimizi cavablandırasınız. Firma Azərbycanda ekspeditor xidmətini həyata keçirir. Belə ki Türkiyədə yerləşən şirkətə müştərilərdən nəqliyyat ödənişlərini alaraq göndərir. Bu halda, firma Türkiyədəki firmaya ödəniş üçün alınmış ödənişlərdən 20% civarında komissiya məbləğini saxlayır (bu məbləğ xidmət haqqı, komisyondur və müqavilədə öz əksini tapmışdır) və qalan 80% ödəniş məbləğini Türkiyəyə köçürür. Xahiş edirəm açıqlayasınız ki, bu halda Azərbaycandakı firma uçotu necə aparmalıdır ki, onun dövriyyəsinin (satışının) həmin 20% olduğu əks olunsun və sonradan vergi yoxlaması zamanı vergi orqanı qalan 80%-i də dövriyyə (satış) kimi hesablamasın. Texniki olaraq hansı sənədlə və ya vasitə ilə ödənişlər müştərilərdən qəbul olunmalıdır ki, bütün məbləğin dövriyyə olmadığı əks olunsun. Əvvəlcədən təşəkkür.
11/08/2020 Read: 147 Average count: 5

Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə əlaqədar ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Əlavə olaraq bildiririk ki, sorğunuzda qeyd olunan rezident müəssisə tərəfindən vasitəçilik xidmətinin göstərilməsi, tərəflər arasında bağlanmış müqavilə və digər ilkin uçot sənədlər vasitəsilə təsdiqini tapdığı halda, əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 125.1.4-cü, 165-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Rinat Ivanov ka***@inbox.ru ID: 2815
Salam ! On-onbeş ildir ki adıma VÖEN şəhadətnaməsi olsa belə, 2011-ci ildən sonra sahibkarlıq fəaliyyətim mənim tərəfimdən dayandırılmışdır (dondurulmuşdur). Son 10 il ərzində əmək müqaviləsi əsasında bir müəssisənin sıravi əməkdaşıyam.Hal hazırda mülkiyyətimdə olan , yaşayış sahəsi olan bir daşınmaz əmlakımı (qeyd edim ki, həmin bu daşınmaz əmlak mənim tərəfimdən heç bir zaman sahibkarlıq məqsədləri üçün istifadə olunmamışdır) yerli (rezident) vergi ödəyicisi olan özəl kommersiya müəssisəsinə (MMC-nə) icarəyə verilməsi haqqında işgüzar danışıqlar gedir və bir neçə məsələyə aydınlıq gətirilməsi üçün Sizin köməyinizə ehtiyyacım var: 1. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 99.3.3.-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aiddir. Nəzərə alınsa ki, icarə haqqı istisna olunaraq, mənə çatası digər hər hansı bir gəlirin alınması gözlənilmir, mənim tərəfimdən bu günədək dayandırılmış sahibkarlıq fəaliyətim bərpa olunmalıdırmı ? 2. Ödənilən icarə haqqından ödəmə mənbəyində 14%-lik vergi dərəcəsi ilə gəlir vergisi icarəçi tərəfindən hesablanaraq, Dövlət büdcəsinə ödənilə bilərmi? (Vergi Məcəlləsinin 124.1.-ci maddəsinin 1-ci abzası). Bu halda mənim tərəfimdən vergi bəyannaməsi vergi orqanına təqdim olunmalıdırmı ? Yaxud , nəzərə alınsa ki adıma VÖEN şəhadətnaməsi var, yuxarıda qeyd olunmuş halında VM-in 124.1.-ci maddəsinin ikinci abzası tətbiq olunmalıdır ? 3. Daşınmaz əmlakımı icarəyə götürmək niyyəti olan qurumun nümayəndələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun normalarına istinad edərək, icarə haqqının ödənişinin yalnız nağdsız formada mümkün olduğunu təkid edirlər. Bank hesabım olmadığından, tərəfimdən bank hesabı açılmalıdır. Bunu nəzərə alaraq, köçürülən icarə haqqının qəbulu üçün tərəfimdən bank idarəsində adi cari manat hesabı açıla bilərmi? Yaxud, adıma VÖEN şəhadətnaməsinin olduğuna görə, mütləq mənim tərfimdən vergi orqanından şəhadətnamə-dublikat alınmaqla, sahibkarlıq fəaliyyətində istifadə olunan bank hesabı açılmalıdır? 4. Bank hesabıma daxil olan icarə haqqı tərəfimdən tam məbləğdə (14%-lik gəlir vergisi ödənildikdən sonra) nağd şəkildə çıxarıla bilərmi ? Ümumiyyətlə, fiziki şəxslər olan sahibkarlara məxsus olan bank hesablarından nağd şəkildə çıxarıla bilən məbləglərə “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3.-cü və 3.4.-cü maddələri ilə nəzərdə tutulmuş məhdudiyyət və qadağalar şamil olunurmu ?
11/08/2020 Read: 180 Average count: 4

Cavab 1-2. Bildiririk ki, fiziki şəxsə icarə haqqı müraciətinizdə qeyd olunduğu kimi, vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq, fəaliyyətini aktivləşdirmək və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Həmçinin, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.

Cavab 3-4. ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Yuxarıda qeyd olunan hədlər daxilində əməliyyatlar nağd qaydada həyata keçirilə bilər.

Bildiririk ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Əmlakın icarəyə verilməsindən gəlirlər isə Vergi Məcəlləsinin 99.3.3-cü maddəsi ilə fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyytindən gəlirinə aiddir.

Bunlara əsasən əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlərin fiziki şəxs tərəfindən nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

4/5 (2 Average count)
Qiymət ver: