Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi Məcəlləsində 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan əməliyyatlar sırasına aid edilib. 

Eyni zamanda Mülki Məcəllənin 852-ci maddəsinin müddəalarına əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. 

Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzddan ibarət ola bilər. 

Qeyd olunanlara əsasən cəmiyyət tərəfindən digər şəxslər vasitəsilə həyata keçirilən beynəlxalq daşımalara görə (ekspeditor xidmətlərinə görə) əldə olunan komisyon muzd mənfəət vergisinə və sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Bununla yanaşı, sorğunuzda qeyd olunan yükün aşırılması dedikdə, "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanununun 3.1.11-ci maddəsinə əsasən, beynəlxalq, yerli və tranzit daşımalar zamanı, o cümlədən limanın sərhədləri daxilində yükün yerdəyişməsi və texnoloji yığımı, yaxud texnoloji yığım aparılmadan yükün və (və ya) baqajın bir nəqliyyat növündən başqa nəqliyyat növünə yüklənməsi üzrə xidmətlərin və (və ya) işlərin kompleks növü nəzərdə tutulur.

Əsas: Vergi Məcəlləsinin 159-cu,165-ci və Mülki Məcəllənin 852-ci maddələri.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, qeyri-rezident bilavasitə və ya müvəkkil edilmiş şəxs vasitəsilə 12 ay ərzində üst-üstə 90 gündən az olmayaraq Azərbaycan Respublikasında tam və ya qismən sahibkarlıq fəaliyyətini həyata keçirdikdə daimi nümayəndəlik yaratmalıdır. Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Sorğuda göstərilən halda qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən xidmətlərin göstərilməsindən əldə olunan gəliri mənfəət vergisinin məqsədləri üçün nümayəndəliyin vergi tutulan gəlirlərinə aid edilir. Daimi nümayəndəlik tərəfindən Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Eyni zamanda, daimi nümayəndəlik tərəfindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu halda, daimi nümayəndəlik ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır.

Bunlarla yanaşı qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 19-cu, 33-cü, 104.2-ci, 126-cı və 155.1-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqlar üçün valideynlərinin aliment tutulan, manat və xarici valyuta ilə aldıqları əmək haqqının və (və ya) başqa gəlirlərinin Növləri”nin 7-ci bəndinə əsasən aliment onu ödəyən şəxsə çatası qazancın (gəlirin) məbləğindən vergilər tutulduqdan sonra alınır.

Burada “vergilər” dedikdə şəxsin əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulan vergilər başa düşülür və bu anlayışa digər məcburi tutulmalar aid edilmir. 

Buna əsasən alimenti ödəyən şəxsin qazancının (gəlirinin) ümumi məbləğindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergilər tutulduqdan sonra qalan məbləğdən aliment tutularaq onu alan şəxsə ödənilir. Məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları isə aliment ödənildikdən sonra qalan məbləğdən tutulur.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi, “Sosial sığorta haqqında”, "Tibbi sığorta haqqında" və  “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, vergi öədyicisi tərəfindən müştəriyə təqdim edilən hədiyyə kartına görə əldə olunan vəsaitə görə nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda, müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir.

Bu zaman hədiyyə kartının satışına görə və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.

Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Sorğunuzda qeyd olunan fəaliyyətlə məşğul olmaq üçün lisenziya və ya icazənin alınıb-alınmaması barədə məlumat almaq üçün aidiyyəti üzrə İqtisadiyyat Nazirliyinə (Çağrı Mərkəzi (195-1) və www.economy.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 96-cı, 102-ci və 218-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, vergi borcunun yaranma səbəbi ilə bağlı məlumatı vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə də əldə edə bilərsiniz. 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi Məcəlləsinin 15.1.15-ci maddəsinə əsasən bu Məcəllənin 16.1.8-ci maddəsi nəzərə alınmaqla, vergi ödəyiciləri tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergi ödəyicisinin hüquqlarına aid edilmişdir.

Qeyd olunanlara əsasən, avtoyuma xidməti nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı ilə aparılması məcburi olan fəaliyyət növlərinə aid edilməmişdir. 

Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növü ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş və xüsusi lisenziya almış mətbəələrdə sifariş edilmiş ilkin uçot sənədi hesab edilən mədaxil qəbzi təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 15-ci və 16-cı maddələri, “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı.

Общая цена: 5/51
Оцените:

Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident şəxs tərəfindən keçirilən imtahanda iştirakdan azad olma ilə bağlı vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən qeyri-rezidentə elektron qaydada ödənişlərin edilməsi elektron ticarət qaydasında iş və xidmət alınması hesab edilmir və həmin ödənişlərdən banklar tərəfindən ƏDV tutulmur.

Belə ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

“Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyətdir.

Qeyd olunanları nəzərə alaraq, hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı müvafiq sənədlərlə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu.

Общая цена: 5/54
Оцените:

Bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq vergi orqanları tərəfindən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.

Həmçinin bildiririk ki, vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Müraciətiniz barədə əlavə məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 24-cü maddəsi və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin müddəalarına əsasən qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.

Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir.

Buna əsasən sorğuda göstərilən halda, Təhsil Nazirliyi tərəfindən ayrılan qrant qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilməklə tam məbləğdə təyinatı üzrə sərf edildiyi halda (daxil olan məbləğ tam xərcləndiyi halda hesabat ilində gəlir əldə edilmir) qrant müqaviləsi üzrə resipiyent olan şəxsin qrant vəsaitindən vergi öhdəliyinin yaranması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Eyni zamanda, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasına cəlb olunması "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqlarından azad olunan gəlir növləri sadalanmış və həmin maddənin 12-ci abzasında maddi yardımın sosial sığorta haqqından azad olunduğu göstərilmişdir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) sığortalı qismində özləri çıxış edirlər.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı və icbari tibbi sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsi, “Qrant haqqında”, "Sosial sığorta haqqında" və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunları.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, fiziki şəxslər tərəfindən iri həcmli partiyalarla malların təqdim edilməsi fiziki şəxslərin fəaliyyətində sahibkarlıq elementlərinin olmasını ehtiva edir.

Belə ki, Vergi Məcəlləsinin 13-cü maddəsinin müddəalarına əsasən şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyət sahibkarlıq fəaliyyətidir.

Vergi Məcəlləsinin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

Qeyd olunanlara əsasən mütəmadi qaydada iri həcmli partiyalarla malların təqdim edilməsini həyata keçirdiyi halda əmlakların təqdim edilməsindən gəlir əldə edən şəxslər sahibkarlıq fəaliyyətinin subyektləri hesab edilir və Vergi Məcəlləsinin 33-cü maddəsinə uyğun olaraq həmin şəxslər vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bundan əlavə, sorğuda qeyd olunan əməliyyatla bağlı fiziki şəxs tərəfindən malların istehlak məqsədilə əldə edilməsi, fiziki şəxsin mütəmadi olaraq bu fəaliyyətlə məşğul olub-olmaması barədə və işin faktiki halları ilə bağlı digər ətraflı məlumatlar təqdim edilməklə müvafiq təsdiqedici sənədlərlə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü və 71-2-ci maddələri.

Общая цена: 4/53
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən səhmdar cəmiyyətləri tərəfindən 2016-cı ilin 1 fevral tarixindən sonrakı dövrlər üzrə əldə edilmiş mənfəətdən səhmdar fiziki şəxslərə investisiya qiymətli kağızları üzrə ödənilən dividendlərdən ödəmə mənbəyində vergi tutulmur.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, qeyri-rezident tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda göstəriləcək otel xidmətlərinə görə ona ödənilən məbləğlər Azərbaycan mənbəyindən gəlir hesab olunmadığından ödəmə mənbəyində vergiyə və ƏDV-yə cəlb edilmir. Eyni zamanda, qeyd olunan halda vergi ödəyicisi tərəfindən müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim edilmir.

Belə ki, Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan vergi tutulur.

Eyni zamanda Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

Əlavə olaraq bildiririk ki, turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından ibarətdir. Turagent tərəfindən qeyri-rezidentə köçürülən üçüncü şəxslərə göstəriləcək otel xidmətlərin dəyəri turagentin gəlirdən çıxılan xərclərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 155-ci və 169-cu maddələri.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, “Vergi ödəyicilərində nağd pul vəsaitinin uçotu və kassa əməliyyatlarının aparılması “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı ilə təsdiq edilmiş Qayda (bundan sonra - Qaydalar) ilə  tənzimlənir.

Qaydaların 2.5-ci bəndinə əsasən kassadan pul vəsaitləri məxaric edilərkən, pul vəsaitlərini alan şəxs kassa məxaric orderini imzalamaqla yanaşı həmin məbləğin alınması barədə orderdə qeyd aparır. Kassa məxaric orderinə əlavə edilən ödəniş sənədləri müvafiq olaraq vergi ödəyicisinin rəhbəri, fərdi sahibkar, baş mühasib və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədar (və ya bu vəzifə həvalə olunmuş şəxs) və pulu alan şəxslər tərəfindən imzalanır.

Qaydaların 3.4-cü bəndinə əsasən kassadan nağd pul vəsaitləri vergi ödəyicisinin rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, habelə xəzinədarı və pulu qəbul edən şəxs tərəfindən imzalanmış kassa məxaric orderi və ona əlavə edilmiş sənədlər əsasında verilir.

Qaydaların 3.7-ci bəndinə əsasən kassa məxaric orderi ilə vergi ödəyicisinin işçisi olmayan şəxslərə fərdi qaydada pul vəsaiti verildikdə, kassa məxaric orderinin “Sənəd” rekvizitində pul alanın şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, verildiyi yer və tarix yazılır.

Qaydaların 4.7-ci bəndinə əsasən kassa mədaxil orderi olmadan kassaya nağd pul mədaxil və ya kassa məxaric orderi olmadan kassadan nağd pul məxaric edilmir.

Əlavə olaraq bildiririk ki, kassa məxaric orderinin və baş kitabın tərtibi üzrə məsələlər ilə bağlı aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 16-cı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 sentyabr tarixli 365 nömrəli Qərarı.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.

Eyni zamanda, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.

Maddənin tələbindən göründüyü kimi fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi həmin məhdudlaşdırmaya səbəb olmuş əsaslar aradan qalxdıqda mümkündür. 

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, bununla bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 23-cü və 24-cü maddələri.

Общая цена: 4/54
Оцените:

Bildiririk ki, çağırış yaşlı vətəndaşlar qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçmədikdə (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) dövlət vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər.

Sorğunuzda qeyd olunanlara əsasən Siz, vergi orqanlarına işə qəbulla bağlı müsabiqədə iştirak üçün müraciət edə bilərsiniz.  

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmçinin, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Əlavə olaraq, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Bundan savayı, işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları da ödəmə mənbəyində işəgötürən tərəfindən tutulur.

Siz, “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə edərək, işlədiyiniz sektoru seçməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

 

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, müraciətinizdə qeyd olunan ofisiantlar vergi orqanında uçota alınaraq «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» əldə etməlidir. Onları işə cəlb edən şəxslər isə həmin dövr üzrə vergi öhdəliyinin yerinə yetirilməsini təsdiq edən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz”  təqdim etməklə işlərə cəlb edilməsini təmin etməlidirlər.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 58-ci, 218.4.4-cü, 220.10-cu maddələri.

Общая цена: 0/50
Оцените: