Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrənizdən istifadə etməklə rəsmi internet saytımızın “Vergiləri necə ödəyək?” bölməsində göstərilmiş “Onlayn kargüzarlıq” alt bölməsi vasitəsilə və ya həmin bölmədə göstərilmiş “Hökumət Ödəniş Portalı” (gpp.az) vasitəsilə ödəniş kartının məlumatlarından istifadə etməklə ödənilməli olan vergi məbləğini dövlət büdcəsinə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.
Bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən 7 il müddətinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat + 200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.
Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin isə əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi miqdarında sosial sığorta haqqı tutulur.
Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.
Bildiririk ki, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin Vergi Məcəlləsinin 102-ci maddəsində sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin həmin maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Həmçinin bildiririk ki, Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştlərinin şəxsin əvəzinə ailə üzvləri və ya digər şəxslər tərəfindən istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi.
Cavab 1. Bildiririk ki, sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın, o cümlədən şəxsi avtomobilin təqdim edilməsi gəlir vergisindən azaddır.
Eyni zamanda, vergi qanunvericiliyinə əsasən malların digər şəxslərə hədiyyə verilməsi (əvəzsiz verilməsi) malların təqdim edilməsi hesab edilir.
Qeyd olunanlara əsasən, sadələşdirilmiş vergi ödəyicisi tərəfindən mülkiyyətində olan avtomobilin (sahibkarlıq fəaliyyətində istifadə etdiyi halda) ailə üzvünə hədiyyə verilməsi həmin avtomobilin təqdim edilməsi hesab edilərək, bazar qiyməti nəzərə alınmaqla ümumi qaydada vergiyə cəlb edilir.
Həmçinin, bildiririk ki, vergi qanunvericiliyinə əsasən hədiyyə vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda onun tam dəyəri gəlir vergisindən azaddır. Buna əsasən qeyd olunan avtomobiln dəyəri hədiyyə alan şəxs üçün vergidən azaddır.
Əsas: Vergi Məcəlləsiin 13.2.10-cu, 14.3.2-ci, 18-ci və 102-ci maddələri.
Cavab 2. Vergi Məcəlləsinin 100-cü maddəsinə əsasən, fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci, 123-cü, 124-cü, 150.1.9-cu və 150.1.10-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı, royalti, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər, lotereyalardan və idman mərc oyunlarından əldə edilən uduşlar ümumi gəlirdən çıxılır.
Misal olaraq, gəlir vergisi ödəyicisi olan fiziki şəxs eyni zamanda icarə haqqından da gəlir əldə edirsə və həmin gəlirdən Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq ödəmə mənbəyində vergi tutulursa, həmin şəxsin icarə haqqından əldə etdiyi gəlirlər ümumi gəlirlərdən çıxılır.
Bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta haqları hesablanır.
Həmçinin, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri, mediatorlar) tərəfindən minimum aylıq əməkhaqqının 4%-i miqdarında (2022-ci ildə ölkədə minimum aylıq əməkhaqqı 300 manat olduğu üçün bu şəxslər üzrə icbari tibbi sığorta haqqının aylıq məbləği 12 manat olacaqdır) icbari tibbi sığorta haqqı hesablanaraq ödənilməlidir.
Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Rezident hüquqi şəxs tərəfindən malların təqdim edilməsi Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi halda həmin əməliyyat Azərbaycan Respublikasında ƏDV tutulan əməliyyat sayılmır. Malların təqdim edildiyi yer və işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 167-ci və 168-ci maddələri ilə tənzimlənir.
Bununla belə, sorğunuzda qeyd olunan əməliyyatın vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəlikləri barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.
Əsas: Vergi Məcəlləsinin 104-cü, 159-cu, 167-ci və 168-ci maddələri.
Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.
Eyni zamanda, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.
Maddənin tələbindən göründüyü kimi fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi həmin məhdudlaşdırmaya səbəb olmuş əsaslar aradan qalxdıqda mümkündür.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.
Onu da qeyd edək ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.
Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.
Vergi Məcəlləsinin müddəalarına əsasən icarəyə verən fiziki şəxs olduğu halda, onun vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.
Eyni zamanda icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən Vergi Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb 14 faiz dərəcə ilə vergini hesablayır və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergi məbləğlərini dövlət büdcəsinə ödəyir.
Həmçinin bildiririk ki, vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Bu baxımdan sorğunuzda qeyd edilən halda fiziki şəxsə ödənilən icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulmalı və bəyan edilməlidir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3.3-cü, 124-cü, 149-cu və 150-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Eyni zamanda, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
Müraciətinizdə fərdi sahibkar kimi vergi uçotuna alınmaq haqda sorğu edildiyi halda, bildiririk ki, fiziki şəxsin vergi uçotuna alınması kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Qeyd olunan fəaliyyəti sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınmaqla həyata keçirə bilərsiniz. Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda, əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır və rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə, dövlət büdcəsinə ödənilir.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102-ci maddəsində fiziki şəxslərin gəlir vergisindən azadolma və vergi güzəştləri müəyyən edilmişdir.
Qeyd olunan güzəştlərdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.
Bildiririk ki, Vergi Məcəlləsinin 132-ci və 135-ci maddələri mənfəət vergisinin məqsədləri üçün gəlirin əldə edilməsi vaxtını, Vergi Məcəlləsinin 166-cı maddəsi isə ƏDV tutulan əməliyyatın vaxtını müəyyən edir.
Bununla yanaşı bildiririk ki, elektron qaimə-faktura ilə yanaşı iş və xidmətlərin təqdim edilməsi ilə bağlı tərəflər arasında təhvil-təslim aktları, müqavilələr, ödəniş sənədləri və digər ilkin uçot sənədləri tərtib edilə bilər. Vergi ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı təhvil-qəbul aktının, habelə digər ilkin uçot sənədlərinin tərtibatı tərəflər arasında bağlanmış müqaviləyə və mühasibat uçotu haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən malları təqdim edən, işləri görən və xidmətləri göstərən vergi orqanında uçotda olan şəxs elektron qaimə-faktura təqdim etməlidir. İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci,, 132-ci, 135-ci, 166-cı maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral mart 2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”
Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Fəaliyyətiniz hüquqi şəxs olaraq və ya hüquqi şəxs yaratmadan fərdi sahibkar kimi həyata keçirə bilərsiniz.
Hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz. Daha ətraflı məlumatın əldə olunması məqsədi ilə saytımızın “Vergi bələdçisi” bölməsinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı” hissəsi ilə tanış olmağınızı tövsiyə edirik.
Hüquqi şəxs anlayışı və onun növləri ilə bağlı ətraflı məlıumatla Mülki Məcəllənin 4-cü fəslində tanış ola bilərsiniz.
Bundan əlavə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs “fiziki şəxsin uçotu haqqında ərizə”ni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.
Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” ilə yanaşı tərəfinizdən şəxsiyyətini təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti təqdim edilməlidir.
Eyni zamanda, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri və Mülki Məcəllənin 4-cü fəsli.
Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə ticarət fəaliyyəti üzrə nağd pul hesablaşmaları aparılan zaman istehlakçıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.
Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, təqdim edilən mala görə alıcıya nəzarət kassa-aparatının çeki təqdim edilməlidir.
Həmçinin bildiririk ki, vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.
Yuxarıda qeyd olunanlara əsasən, vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz
Əsas: Vergi Məcəlləsinin 16-cı və 24-cü maddələri və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, Vergilər Nazirliyinin 19 aprel 2004-cü il tarixli F-89 saylı əmri ilə təsdiq edilmiş “Vergi ödəyicilərinə yeni eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları”na əsasən vergi orqanlarında uçotda olan vergi ödəyiciləri tərəfindən yeni VÖEN alınması üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.1-ci maddəsinə uyğun olaraq vergi orqanına ərizə təqdim edilir.
Vergi Məcəlləsinin və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun müddəalarına əsasən keçmiş illərdə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxslər fəaliyyətlərini davam etdirmək istədikdə dövlət qeydiyyatına alınması üçün həmin hüquqi şəxsin təsisçisi (və ya təsisçiləri) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən təsis edilmiş hüquqi şəxsin olduğu yer üzrə (dövlət qeydiyyatı sənədlərində qeyd olunan hüquqi ünvan üzrə) vergi orqanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş formada ərizə verməklə uçota alınmalıdır.
Yeni VÖEN almaq üçün təqdim etdiyi ərizəyə vergi ödəyicisi əvvəlki qeydiyyatı barədə şəhadətnaməni əlavə edir. Şəhadətnaməsini itirmiş vergi ödəyicisindən bu barədə yazılı məlumat alınır və ərizəyə əlavə edilir.
Sorğunuzda qeyd olunan hüquqi şəxsin məlumatlarını əlavə etməklə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (Ünvan: AZ 1029, Bakı şəhəri, H.Əliyev prospekti, 105) müraciət edərək, ətraflı məlumat əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 19 aprel 2004-cü il tarixli F-89 saylı əmri ilə təsdiq edilmiş “Vergi ödəyicilərinə yeni eyniləşdirmə nömrələrinin verilməsi Qaydaları” və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, qrant müqaviləsi üzrə resipiyent olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna, yəni əmək haqlarından gəlir vergisi güzəştli dərəcələrlə tutulan kateqoriyaya aid edilir.
Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi 0 faiz dərəcə ilə, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində tutulur.
Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində sığorta haqqına cəlb edilən aylıq gəlir 200 manatadək olduqda sığortaolunanın gəlirlərindən 3 faiz, sığortaedənin vəsaiti hesabına 22 faiz, 200 manatdan çox olduqda isə sığortaolunanın gəlirlərindən 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi, sığortaedənin vəsaiti hesabına isə 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi məbləğində hesablanır.
Eyni zamanda, Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilir. Buna əsasən qrantın verilməsi və alınması haqqında müqavilələr qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlarda qeydiyyata alınaraq qrant kimi tanındığı halda (müqavilənin qeydə alınmasını təsdiq edən bildiriş əsasında) həmin qrantlar hesabına resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0) dərəcə ilə tutulur.
Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”
Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyətlə bağlı vergi qanunvericiliyində xüsusi vergitutma qaydası nəzərdə tutulmamışdır.
Belə ki, Vergi Məcəlləsinin 218-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda, əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.
Gəlir vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir.
Eyni zamanda mikro sahibkarlıq (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) subyekti olduğunuz və gəlir və xərclərinizin uçotunu apardığınız halda əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.
Məlumat üçün bildiririk ki, sahibkarlıq fəaliyyəti minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.
Həmçinin bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməlidir və vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.
Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 35-ci, 101-ci, 218-ci və 220-ci maddələri və "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.
Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.
Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0
Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.