Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Fərəcova Səlimə se***@gmail.com ID: 6794
Salam, təmsil etdiyim şirkət və fərdi sahibkar arasında bağlanan müqaviləyə uyğun olaraq şəxs istehsalat tullantılarının daşınması xidmətini həyata keçirəcəkdir. Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. Bu maddəyə uyğun olaraq istehsalat tullantılarının yük olub-olmaması barədə tövsifə ehtiyac yaranmışdır. İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartlarında F/s kodu 390001 və F/s kodu 52210, 52240, 52290 olan fəaliyyət növlərində yük və zibil daşınması ayrı-ayrı fəaliyyət növü müəyyən edilmişdir. Əgər tullantılar yük kimi tövsif olunursa, vahid standartlarda fərqli fəaliyyət kimi təsbit olunma səbəbi nədir? Əlavə olaraq, yuxarıda göstərilən məsələ ilə bağlı "Fərqlənmə nişanı" alınmalıdırmı? Bu keys ilə bağlı münasibət bildirməyiniz xahiş olunur.
09/08/2022 Read: 187 Average count: 4

Bildiririk ki, mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində yük daşımalarını,   istehsalat tullantılarının daşınmasını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi sayılır.

Bülə ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq sadələşdirilmiş verginin ödəyiciləridir.

Əsas: Vergi Məcəlləsinin 156-cı və 218-ci maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
Fərid Dilavərov Alıcı oğlu fe***@gmail.com ID: 6793
Salam. Rezident şirkət 2016-cı ildə Almaniyadan q-rezidentin bank hesabına ödəniş etməklə 100 milyon manat dəyərində avadanlıq almışdır və 5 il sonra 2021-ci ildə avadanlığı test etmişdir. Alınan nəticələrə əsasən aydın olmuşdur ki avadanlığ maksimum 90% potenstialında fəaliyyət göstərə bilir. Q-rezident şirkət ilə danışıqlardan sonra keçmişdə ödənilmiş məbləğə 10% güzəşt əldə edilmişdir və q-rezident 10 milyon manat vəsaiti rezident şirkətin bank hesabına geri köçürmüşdür. Bu proseslərdən sonra rezident müəsisənin vergi öhdəlikləri ilə bağlı hansı riskləri olacaq və bu dəyişiklikləri necə qeyd etməlidir? Təşəkkürlər.
09/08/2022 Read: 102 Average count: 5

Bildiririk ki, tərəflər arasında bağlanılmış müqavilə əsasında vergi ödəyicisinə verilən endirimlər (güzəştlər) vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilməklə, ümumi qaydada mənfəət  vergisinə cəlb edilir. Sorğunuzda qeyd olunan güzəşt məbləği, əldə olunan hesabat dövründə ümumi gəlirlərə əlavə edilir.

Eyni zamanda bildiririk ki, satışdankənar gəlirlər ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü və 159-cu maddələri. 

5/5 (3 Average count)
Qiymət ver:
Zaur Za***@mail.ru ID: 6792
103.2. Fiziki şəxs olmayan hər hansı xarici şəxs bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq birgə sahibkarlıq fəaliyyətinin obyekti kimi baxılmalı olmadığını sübut etməyincə, bu fəsilin məqsədləri üçün ona müəssisə kimi baxılır. Bu maddəni misal üzərində başa sala bilərsiniz?
09/08/2022 Read: 105 Average count: 5

Bildiririk ki, sözügedən maddəyə əsasən Azərbaycanda fəaliyyət göstərən qeyri-rezident şəxs fiziki şəxs statusunda fəaliyyət göstərmədikdə vergi orqanı həmin şəxsə hüquqi şəxs kimi yanaşır və həmin şəxsin gəlirləri mənfəət vergisinə cəlb olunacaqdır.

Lakin həmin qeyri-rezident Azərbaycandakı fəaliyyətinin birgə sahibkarlıq fəaliyyəti çərçivəsində həyata keçirildiyini sübuta yetirdikdə bu zaman birgə sahibkarlıq fəaliyyətinin iştirakçılarının vergi öhdəliyinin müəyyən olunması Vergi Məcəlləsinin 137-ci maddəsinin müddəaları əsas götürülməklə aparılır.

Əsas: Vergi Məcəlləsinin 103.2-ci və 137-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Fuad fu***@gmail.com ID: 6791
Salam, bilmək istərdim ki, hüquqi şəxs olmadan yəni mmc açmadan fiziki şəxs kimi hər hansı bir şirniyyat məhsulu və ya ümumiyyıtlə hansısa bir məhsulu istehsal edib marketlərdə satışa çıxarmaq olarmı?
09/08/2022 Read: 112 Average count: 5

Bildiririk ki, istehsal fəaliyyətini həyata keçirmək üçün vergi qanunvericiliyində sahibkarlıq fəaliyyətinin fiziki və ya hüquqi şəxs olaraq həyata keçirilməsi ilə bağlı xüsusi tələb və ya məhdudiyyət nəzərdə tutulmamışdır. Qeyd olunan fəaliyyəti hər iki formada həyata keçirmək mümkündür.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (4 Average count)
Qiymət ver:
Zaur za***@growgroup.az ID: 6790
Salam, hörmətli vergi orqanı. AA MMC həm ƏDV, həm də mənfəət vergisi ödəyicisidir. AA MMC əsas fəaliyyət növü ilə bərabər (ticarət), xarici şirkətlər üçün vasitəçilik fəaliyyəti, yəni parnik quraşdırılması fəaliyyəti ilə məşğul olan xarici şirkətlər üçün Azərbaycan ərazisində müştəri tapmaqla, xairic şirkətdən müəyyən faiz, qonorar almağa yönəlmiş fəaliyyətlə məşğul olmaq niyyəti var. AA MMC-də öz növbəsində, bu işləri görəcək ayrı-ayrı fərdi sahibkarlarla xidmət müqqaviləsi bağlayıb və xaricdən alınacaq vasitəçiliyə görə faizin böyük hissəsi bu şəxlərə, işlərinə uyğun, müqavilə üzrə, qonorar kimi verəcək (əslində müştərini onlar tapır). Sualım ondan ibarətdir ki, bu fərdi sahibkarlara verilən qonorarlar (müştəri tapmağa görə vasitəlik xərci) AA MMC üçün məhdudiyyətsiz gəlirdən çıxılan xərc hesab olunurmu?
08/08/2022 Read: 132 Average count: 5

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. 

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır. Həmçinin, vergi ödəyicisi tərəfindən ödəniş həyata keçirilərkən ödənişin təyinatı göstərilməlidir.

Yuxarıda qeyd olunanlara əsasən, hüquqi şəxs tərəfindən marketinqlə əlaqədar olaraq, ödədiyi xərclər gəlirin əldə olunması ilə bağlı olduqda və rəsmiləşdirildikdə gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci və 109-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Ceyhun Səfərov Sahib oğlu je***@legalbaku.com ID: 6789
Salam. Sualım fərdi sahibkar (VÖEN-i olan fiziki şəxs) tərəfindən ona məxsus daşınmaz əmlakın icarəyə verilməsi əməliyyatının ƏDV-yə cəlb edilib-edilməməsi ilə bağlıdır. Fərdi sahibkar tərəfindən daşınmaz əmlakın icarəyə verilməsi ƏDV -dən azad olunmuş əməliyyatlar siyahısında tapmadım. Eyni zamanda, həcmi 200.000 manatdan artıq olan həmin əməliyyatın hüquqi şəxs tərəfindən aparıldığı halda ƏDV-yə cəlb edilməsi, fərdi sahibkar tərəfindən aparıldığı halda isə ƏDV-yə cəlb edilməməsi sual doğurur. Eyni statuslu olan vergi ödəyicilərinin (VÖEN-i olan fərdi sahibkar və hüquqi şəxsin) eyni əməliyyat üzrə ƏDV üzrə müxtəlif öhdəliklərin daşıması həmin subyektlərin vergi yükünün bərabərsizliyinə səbəb ola bilər. VM-nin 99.3.3.-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid olunur. Odur ki, həmin fəaliyyəti həyata keçirən fiziki şəxs üçün VÖEN alaraq fərdi sahibkar kimi uçota durmaq öhdəliyi yaranmır. Buna baxmayaraq, zənnimcə, daşınmaz əmlakın icarəyə verilməsi fərdi sahibkar (artıq VÖEN almış fiziki şəxs) tərəfindən aparıldıqda və bu əməliyyatın ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) həcmi 200.000 manatdan artıq olduqda, qeyd edilmiş 99.3.3.-cü maddə həmin əməliyyatın ƏDV-yə cəlb edilib-edilməməsini tənzimləmir. Fərdi sahibkar kimi qeydiyyata alınmış (VÖEN-i olan) fiziki şəxs ona məxsus daşınmaz əmlakı icarəyə verdikdə və bu əməliyyatın ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) həcmi 200.000 manatdan artıq olduqda, həmin fərdi sahibkar ƏDV qeydiyyatına durmalıdırmı və hüquqi şəxs olan icarəçilərə müvafiq elektron qaimə-faktura göndərməlidir mi? Hörmətlə, Vəkil Ceyhun Səfərov
08/08/2022 Read: 289 Average count: 2

Bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Eyni zamanda, Vergi Məcəlləsinin 99-cu maddəsinə əsasən fiziki şəxsin icarə haqqından əldə etdiyi gəlir qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olduğu üçün həmin gəlirlər ƏDV-nin vergitutma obyektini təşkil etmir və 12 aylıq dövrün istənilən ayında (aylarında) həcmi 200.000 manatdan artıq olduqda ƏDV qeydiyyatına durmaq öhdəliyi yaratmır. 

Vergi Məcəlləsinin müddəalarına əsasən icarəyə verən fiziki şəxs olduğu halda, onun vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olub-olmamasından asılı olmayaraq vergi ödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.

Eyni zamanda, icarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə, icarəyə verən Vergi Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb 14 faiz dərəcə ilə vergini hesablayır və müvafiq bəyannaməni vergi orqanına təqdim etməklə hesablanmış vergi məbləğlərini dövlət büdcəsinə ödəyir.

Əsas: Vergi Məcəlləsinin  33-cü, 99.3.3-cü, 124-cü, 149-cu, 150-ci, 155-ci və 159-cu maddələri.

2/5 (1 Average count)
Qiymət ver:
Vəfa Məmmədova va***@gmail.com ID: 6788
Salam. Zəhmət olmazsa bir məsələyə aydınlıq gətirəsiniz. Gross-dan net-ə, net-dən gross-a kalkulyator bölümündə bir işçi üçün tam işləmiş ay üzrə əmək haqqı daxil etdikdə net-dən gross-a və gross-dan net-ə eyni məbləğ əks olunur, lakin ay üzrə tam işləməmiş olduğu halda gross və net arasındakı fərq yaranır. Misal, işçinin tam əmək haqqı 16000 (gross), 13014 (net) manatdırsa (qeyri-neft sektoru üzrə) və ay üzrə tam iş saatı 151 saatdır. İşçi həmin ayın 104 saatını çalışıb. 16000 (gross) üzərindən hesablama aparıldıqda işçiyə 11019.87 (gross) alınır və tutulmalardan sonra işçiyə 9278.90 ödənilməlidir. Lakin net üzərindən hesablama 8963.28 əmək haqqı alınır. Sual bundan ibarətdir ki, natamam iş vaxtı olan zaman işçinin əmək haqqı hesablanması hansı formul üzərindən hesablanmalıdır? Gross məbləğdən hesablanıb tutulmalar aparılmalıdır, ya net məbləğdən hesablanıb gross up edilməlidir?
08/08/2022 Read: 89 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir.  

Vergi ödəyicisi tərəfindən hər bir ay üzrə muzdlu işlə əlaqədar işçilərə hesablanmış gəlirlərdən azadolma və güzəştlər çıxıldıqdan sonra, sonra vergiyə cəlb edilən gəlirin məbləğinə Vergi Məcəlləsində nəzərdə tutulmuş vergi dərəcəsi tətbiq edilməklə gəlir vergisi hesablanır və ödəmə mənbəyində tutulmaqla dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Elşad Hümmətov İsmət oğlu el***@mail.ru ID: 6786
Salam, Sualım belədir: Müəssisə Kənd təsərrüfatı fəaliyyəti göstərəcək və 27.10.2021 tarixdə vergi orqanında qeydiyyatında alınıb. Sadələşmiş vergi ödəyicisidir. 05.01.2022 tarixdə hesabına "pambığın emalı xidməti" adıyla 1 milyona yaxın avans ödənilib. Pambıq xidməti göstərəcək müəssisəyə məxsusdur. Vəsaiti ödəyən sifarişçi firma da Kənd təsərrüfatı fəaliyyəti ilə məşğuldur. Bilmək istərdim ki, bu halda hər iki müəssisənin vergi münasibətləri necə olacaq, hansı öhdəlikləri olacaq?
08/08/2022 Read: 191 Average count: 5

Bildiririk ki, kənd təsərrüfatı məhsullarının istehsalçıları torpaq vergisi istisna olmaqla, 2024-cü ilin 1 yanvar tarixinədək Vergi Məcəlləsi ilə müəyyən edilmiş mənfəət vergisini, əlavə dəyər vergisini, sadələşdirilmiş sistem üzrə vergini, eyni zamanda həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini ödəməkdən, gəlir vergisindən isə müddətsiz azad edilmişdir.  

Həmçinin, kənd təsərrüfatı məhsullarının satışı dedikə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibi dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur.

Buna əsasən sorğunuzda qeyd olunan pambığın emalı kənd təsərrüfatı məhsullarının istehsalına aid edilmir və ümumi qaydada vergiyə cəlb olunur.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi tərəfindən malın (işin və xidmətin) təqdim edilməsi vergi tutulan əməliyyat hesab edildiyindən alınmış avans məbləğləri üzrə malların (işlərin, xidmətlərin) təqdim edildiyi vaxt vergi tutulan əməliyyat baş tutmuş olur. Buna əsasən sorğuda göstərilən halda cəmiyyətə ödənilən avans məbləğləri vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmaq öhdəliyi yaradan 200.000 manat həddinə aid edilmir.

Bununla belə, sorğunuzda qeyd olunan halda müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəliklərinin aydın olmadığını nəzərə alaraq və vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə qeydiyyatda olduğunuz vergi orqanına və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 155-ci, 159-cu və 164-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Elvin Əjdərli İsmayıl el***@gmail.com ID: 6784
Salam. Mən hal-hazırda Bakı şəhərində universitetdə pedaqoji fəaliyyətlə məşğulam. Qeydiyyatım Mingəçevir şəhərinədir. Oktyabrda gözlənilən test imtahanında iştirak etmək istəyirəm. Əgər hər bir mərhələdən uğurla keçsəm pedaqoji fəaliyyətimi nəzərə alıb Bakı şəhərinə təyinat verilə bilərmi? Yoxsa bu əsas sayilmır. Öncədən təşəkkür edirəm.
05/08/2022 Read: 97 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqənin keçirilməsi ilə bağlı elan olmadığından, müsabiqənin tarixi ilə bağlı informasiyanın verilməsi imkan xaricindədir.  

Həmçinin bildiririk ki, müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə rəsmi qaydada (https://www.taxes.gov.az/az/page/dovlet-vergi-xidmetine-muraciet) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

 

0/5 (0 Average count)
Qiymət ver:
Nigar Abbasova Xudaverdi ni***@gmail.com ID: 6782
Salam. Mən vergi ödəyərkən yalnışılıqla məbləği çox ödəmişəm. Bunu necə düzəldə bilərəm?
05/08/2022 Read: 161 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.

Vergi Məcəlləsinin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.

Artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün vergi orqanına "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə"  ilə müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"

0/5 (0 Average count)
Qiymət ver:
Telman Məmmədov Həmzə ma***@gmail.com ID: 8477
Salam, mən xaricdən 1 konteyner mal gətirsəm nə qədər vergi ödəməliyəm?
05/08/2022 Read: 85 Average count: 0

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Average count)
Qiymət ver:
İnna Martınova Konstantinovna am***@mail.ru ID: 6780
Salam, mən Martınova İnna Konstantinovna Bakı şəhəri , Suraxanı r-nu Yeni Günəşli qəsəbəsi Y/M "AB" Massivi Bina 135, Mənzil 8 də qeydiyyat ünvanında qeydiyyatdayam və bu mənim şəxsi əmlakımdır. Mən Rusiya vətəndaşıyam orada işləyib yaşayıram. Ötən il pandemiya dövrünə düşdüyü üçün mən Bakıya gələ bilmədim və ev pulu verə bilməmişəm. Hal hazırda Bakıdayam və mən öz borclarım haqqında məlumat almaq istərdim. Pasport məlumatlarım qeyd edirəm.
05/08/2022 Read: 147 Average count: 0

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan və Bakı şəhərində yerləşən yaşayış evinə görə əmlak vergisi həmin evin ümumi sahəsinin 30 kvadratmetrindən artıq olan hissəsinin hər kvadratmetrinə 0,4 manat və həmin dərəcələrə Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli Qərarı ilə müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak vergisi barədə tədiyə bildirişi hər il avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır. Hesablanmış əmlak vergisinin məbləği 15 avqust və 15 noyabr tarixlərinədək fiziki şəxslər tərəfindən banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Yuxarıda qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan mənzilin əmlak vergisi üzrə borcunun ödənilməsi üçün aidiyyəti üzrə mənzilin yerləşdiyi ərazinin bələdiyyəsinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 8-ci, 197-ci, 198-ci və 200-cü maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Namiq Məcidov Eldar na***@gmail.com ID: 6779
Salam. Mən işlədiyim yerdə vergi, sığorta və DSMF ödəyirəm. Əlavə olaraq, mən sahibkaram, kuriyer kimi fəaliyyət göstərirəm. Mən kuriyer kimi də 5% vergi + 75 AZN DSMF + 12 AZN tibbi sığorta ödəyirəm. Axı mənim sığortam var, mənə ikinci sığorta nəyə lazımdır? Və əsası DSMF birinci iş yerimdən ödənilir, nəyə görə əlavə olaraq yenidən 75 AZN ödəməliyəm?
04/08/2022 Read: 90 Average count: 0

Bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır. 

Əsas: “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Average count)
Qiymət ver:
Afət Qasımova Məzahir qa***@inbox.ru ID: 6778
Salam. Mənə sahibkarlıq hesabımdan 1 illik dövriyyəni təsdiq edən arayış lazımdır.
04/08/2022 Read: 74 Average count: 5

Vergi ödəyicisinin dövriyyəsi barədə arayışın verilməsi sərbəst formada müraciət ərizəsi əsasında (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) 5 iş günü ərzində vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən təqdim edilir. 

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (1 Average count)
Qiymət ver:
Tağıyev Anar İlham an***@gmail.com ID: 6776
Salam. Mən VÖEN hesabımı bağlamaq istəyirəm. Parol şifrə unutmuşam. Vəsiqə var, amma orada parol-şifrə göstərilməyib deyə onlayn bağlaya bilmirəm. Zəhmət olmasa, köməklik göstərərdiniz.
04/08/2022 Read: 102 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Vergi orqanı ilə vergi ödəyicisi arasında məlumat mübadiləsi haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Elektron məlumat mübadiləsinin aparılması üçün yeni istifadəçi kodu, parol və şifrə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur.

Məlumat üçün bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi və Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Əliyev Firuddin al***@gmail.com ID: 6774
Salam. 2 şirkət arasında bağlanmış müqaviləyə əsasən A MMC B MMC-yə mebellərin düzəldilməsi, rənglənməsi və hazır malları təyinat nöqtəsinə çatdırılmasını sifariş edir. Müqavilənin şərtlərinə əsasən mebelin düzəldiməsi 1000 AZN (ƏDV-siz) , rənglənməsi 200 AZN (ƏDV-siz) və daşınması 100 AZN (ƏDV-siz) razılaşdırılmışdır. B MMC daşıma fəaliyyəti ilə məşğul olmadığı və balansında nəqliyyat vasitələrinin olmaması səbəbindən C MMC ilə daşıma xidməti müqaviləsi bağlıyır və müqavilənin dəyəri 90 AZN (ƏDV-siz) qeyd olunur. A MMC B MMC-yə ödəniş edərkən 1 200 dəyərində görülmüş işlərə (mebellərin düzəldilməsi və rənglənməsi) görə 216 AZN ƏDV ödəyir, lakin daşıma xidmətinə görə ödədiyi 100 AZN ƏDV-siz ödəyir və B MMC ƏDV bayannaməsi təqdim edərkən 216 AZN hesablama bəyan edir. B MMC daşıma fəaliyyəti ilə maşğul olmadığını və balansında nəqliyyat vasitələrinin olmamasını və həmin işi 3-cü şəxsə gördürdüyünü nəzərə alaraq ƏDV bəyannaməsini təqdim edərkən ƏDV 1 300 manatdan (ümümi dəyər), 1 200 manatdan (mebellərin düzəldilməsi və rənglənməsi dəyərindən) və ya 1210 manatdan (mebellərin düzəldilməsi, rənglənməsi və vasitəçilik dəyərindən) hesablanmasına münasibət bildirməyinizi xahiş edirəm. Öncədən təşəkkürümü bildirirəm.
03/08/2022 Read: 156 Average count: 0

Bildiririk ki, mülki qanunvericiliyə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir.

Buna əsasən ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən ekspeditorun göstərdiyi vasitəçilik xidmətlərinə görə rezident və ya qeyri-rezident şəxslərlə bağlanmış müqavilələrə görə ona ödənilən xidmət haqları (komisyon haqlar) 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Beynəlxalq daşıma xidmətinin dəyəri isə ƏDV-yə yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 159-cu,165-ci və Mülki Məcəllənin 852-ci maddələri.
 

0/5 (0 Average count)
Qiymət ver:
Məhərrəmov Vüsal Zabit oğlu Vu***@mail.ru ID: 6773
Salam, vergiyə borcum var idi ödədim. Ancaq, borc göstərir yenə də. Asan imza aktivdir, amma qaimə vura bilmirəm. Səbəbini bilmək istərdim.
03/08/2022 Read: 83 Average count: 0

Bildiririk ki, ödənilmiş vəsaitlər vəsaitlərin büdcəyə daxil olması barədə xəzinədarlıq orqanından alınmış ödəniş sənədlərinin surətləri əsasında vergi orqanları tərəfindən xəzinədarlıq orqanından ödəniş sənədlərinin surətləri alındıqdan sonra 2 iş günü ərzində vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilir.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli 1817040101501600 əmri ilə təsdiq edilmiş "Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması" Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad Süleymanzadə sr***@gmail.com ID: 6772
Salam. Stomatoloji xidmətlər üçün ƏDV ödənilirmi? Başqa sözlə stomatoloji xidmətlərdən yararlandıqdan sonra ƏDV-ni geri ala bilərəm?
03/08/2022 Read: 119 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması həyata keçirilir.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan tibb müəssisəsi ƏDV ödəyicisi olduqda və təqdim edilən kassa çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verdiyi halda, nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi geri qaytarılır. 

Əsas: Vergi Məcəlləsi, 165.5-ci maddə.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayılov Alik Əlibaba is***@gmail.com ID: 6767
Salam. Mən müharibə vetraniyam 300 m əmək haqqı aliram. Veteran olaraq hansı güzəştlər var və bu güzəştlərdən yararlanmaq üçün nə etməliyəm?
02/08/2022 Read: 117 Average count: 0

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Qeyd olunanlara əsasən, sizin əməkhaqqınızdan gəlir vergisi tutulmur. Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Səbinə zu***@gmail.com ID: 6766
Salam, mən işlə bağlı bilmək istəyirdim. "Tadli qida mmc" firması, belə firma var ya yox?
01/08/2022 Read: 88 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan adda vergi ödəyicisi müvafiq informasiya sisteminin məlumatlarına əsasən müəyyən edilməmişdir.

Məlumat üçün bildiririk ki, vergi orqanında qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını səhifəmizin“Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi”adlı elektron xidmətinə daxil olaraq “Ada görə axtarış” və ya “VÖEN-ə görə axtarış” menyuları vasitəsilə əldə edə bilərsiniz.

Əsas:  Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Average count)
Qiymət ver: