Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Vahid Cəfərov Tofiq va***@mail.ru ID: 7516
Mən ipoteka kreditim üzrə ödənişlərimi tam qurtarmaq üzrəyəm. Doğrudur ki, ödəniş tam qurtarandan sonra, ƏDV mənə qaytarılır? Əgər qaytarıracaqsa,49043,46 manat ipoteka kreditinə görə 58560,40 manat ödəmişəm. Mənə nə qədər ƏDV qaytarılmalıdır ?
13/01/2023 Read: 169 Average count: 5

Bildiririk ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması yalnız 1 yanvar 2020-ci ildən sonrakı tarixdə ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə aid edilir. Həmin tarixdən əvvəl alınmış mənzillər üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

5/5 (2 Average count)
Qiymət ver:
Adil Rzayev Dünyabəy ad***@gmail.com ID: 7514
Salam mənim adımda VÖEN mövcuddur. Lakin VÖEN-dən heç bir fəaliyyət üzrə istifadə edilməmişdir. Məndən hesabat istənilir. Borcum olub-olmadığını öyrənmək istəyirəm və VÖEN-i bağlatdırmaq istəyirəm. Necə edə bilərəm?
12/01/2023 Read: 163 Average count: 3

Bildiririk ki, vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

3/5 (1 Average count)
Qiymət ver:
Arzu Musayeva Arif qızı mu***@arzu.gmail.com ID: 7511
Salam. Əmanətlərdən 10% vergi tutulacağı barəsində dəqiq qərar varmı və yeni qayda olsa bu əvvəllər qoyulan depozitlərə necə tətbiq ediləcək?
11/01/2023 Read: 160 Average count: 0

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azad edilib. Qeyd olunan güzəştin müddətinin 2023-cü il fevralın 1-dən başa çatdığını nəzərə alaraq, həmin tarixdən etibarən bankların fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq.

Bununla yanaşı bildiririk ki, banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə 1 fevral 2023-cü il tarixədək hesablanmış, lakin əmanətçilərə ödənilməmiş faizlər onların ödənilmə tarixindən asılı olmayaraq gəlir vergisinə cəlb edilməyəcək. Bu baxımdan yerli banklar və xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən filialları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ödəmə mənbəyində gəlir vergisinə cəlb edilməsi yalnız 01.02.2023-cü il tarixindən sonra hesablanmış faizlərə münasibətdə tətbiq ediləcək.

Eyni zamanda qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması, investorların kapital bazarında fəal iştirakının və investor bazasının genişləndirilməsi məqsədilə, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində yalnız kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə müvafiq olaraq ödənilən dividend, diskont və faiz gəlirləri vergidən azad edilib.

Əsas: Vergi Məcəlləsinin 102.1.22-ci və 102.1.22-2-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Sakit Qasımov sa***@mail.ru ID: 7509
Salam. Xaricdən avtomobil gətirən fiziki şəxslər üzrə vergi hecə hesablanır və hansı vergi öhdəlikləri yaranır?
11/01/2023 Read: 231 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Məlumat üçün bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Bu səbəbdən idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Elxan Əliquliyev Ağa oğlu ea***@bk.ru ID: 7506
Müəssisənin nizamnaməsi itirildiyi halda onun dublikatını və ya təsdiq edilmiş surətini necə əldə etmək olar?
11/01/2023 Read: 111 Average count: 0

Bildiririk ki, kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əsas: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Nicat Zərbaliyev ni***@gmail.com ID: 7504
Salam mən Bolt taksi şirkətində fəaliyyət göstərən sürücüyəm. Bolt balansımda yığılan pulu nağdlaşdırmaq üçün, sizə müraciət etməli olduğumu söylədilər. Bunun üçün nə etməliyəm?
10/01/2023 Read: 303 Average count: 5

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Eyni zamanda Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 35-ci, 218-ci və 220-ci maddələri.

 

5/5 (1 Average count)
Qiymət ver:
Arzu Səmədova sh***@gmail.com ID: 7500
Mənim şəxsiyyət vəsiqəmin FİN kodu ilə "edvgerial" açılıb, başqası istifadə edir. Onu bağlatmaq istəyirəm.
10/01/2023 Read: 80 Average count: 0

Sorğunuzda qeyd olunan texniki məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
İbrahimov Təvəkkül Əbülfət oğlu te***@bk.ru ID: 7497
1941-1945-ci illərin veteranlarının övladları üçün vergi güzəştinin 800 manat azaldılması 01.01.2023- cü ildən etibarən nəzərdə tutulmuşdurmu?
10/01/2023 Read: 143 Average count: 4

2023-cü il üçün Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. 

Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Göründüyü kimi, sorğunuzda göstərilən şəxslərin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Qeyd olunan güzəştlər Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda adı çəkilən sənədlərdən biri olduqda işçinin əmək kitabçasının olduğu əsas iş yerində tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı".

4/5 (1 Average count)
Qiymət ver:
İsmayıl-zadə Ellada Oqtay qızı em***@list.ru ID: 7496
Mənə sms gəlir ki, vergi qutuma sənəd gəlib, mən ona necə baxa bilərəm?
10/01/2023 Read: 109 Average count: 0

Bildiririk ki, vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Cabbarov Dagistan ca***@mail.ru ID: 7398
Salam. Mən fərdi sahibkar kimi yükdaşıma xidməti göstərirəm, fərqlənmə nişanı da alıram. 200 min manat limiti kecmişəm, bu halda ƏDV ödəyicisi oluram?
10/01/2023 Read: 359 Average count: 5

Bildiririk ki, dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş verginin ödəyicisi olan şəxslərin dairəsi Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən Vergi Məcəlləsinin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Buna əsasən Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslərin əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda həmin şəxslərin ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınmaq öhdəliyi yaranmır. 

Əsas: Vergi Məcəlləsinin 155-ci və 218-ci maddələri.

5/5 (10 Average count)
Qiymət ver:
İbrahim Hümmətov Ramiz oğlu hm***@mail.ru ID: 7495
Salam. Dəllallıqla bağlı necə VÖEN açdırmaq olar? Birdə torpaq pay mülkiyyətçisi kimi, bunların fəaliyyət kodları hansılardır?
10/01/2023 Read: 189 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan dəllallıq fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyəti başlayana qədər vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalısınız. "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz.  

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) ibarət olacaqdır.

Həmçinin bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs eyni zamanda torpaq mülkiyyətçisi kimi vergi orqanında uçota alındıqda, ərizədə bu haqda məlumatlar qeyd olunmalıdır. Bu zaman, Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir. 1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqına nisbətdə aşağıdakı miqdarda hesablanması nəzərdə tutulur:
- 5 hektaradək olduqda - 2 faiz miqdarında;
- 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
- 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur.

Fəaliyyət kodunun dəqiq müəyyən olunması məqsədilə, fəaliyyətinizin xüsusiyyətləri haqda ətraflı məlumat verməklə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

Fəaliyyət növlərinin siyahısı ilə aşağıdakı link vasitəsilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) tanış olmaq olar:
https://www.taxes.gov.az/az/page/bir-pencere

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları" və “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu..

 

5/5 (1 Average count)
Qiymət ver:
Vugar Ibrahim ib***@gmail.com ID: 7493
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatı ƏDV-dən azad edilir?
09/01/2023 Read: 85 Average count: 5

Bildiririk ki, 2023-cü ildən etibarən Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim olunması əməliyyatının ƏDV-dən azad edilməsidir.

Belə ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə sahəsində fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu) tərəfindən yaşayış sahələrinin kirayəçilərə təqdim edilməsi əməliyyatı ƏDV- dən azad edilmişdir. 

Əsas: Vergi Məcəlləsinin 164.1.10-1-ci maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Orxan Bayramov Elxan ba***@gmail.com ID: 7492
Salam. Mən ikinci iş kimi zinət əşyalarının təmiri ilə məşğul olmaq istəyirəm. Bunun vergisini sabitləşmis vergi kimi ödəməliyəm? Öncədən təşəkkür edirəm.
09/01/2023 Read: 124 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) ibarət olacaqdır.

Tərəfinizdən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Eyni zamanda bildiririk ki, qeyd olunan fəaliyyət növü ilə məşğul olan fiziki şəxslərin sabit vergini tətbiq etmək hüququ yoxdur.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 218-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Nahid Məhərrəmov Mətləb oğlu na***@gmail.com ID: 7491
Salam, mən xarici investisiya broker xidmətində hesab açıram. Orada məndən vergi identifikasiya nömrəsi tələb olunur. Bizdə elə bir şey varmı? Vardırsa onu necə öyrənə bilərəm?
09/01/2023 Read: 119 Average count: 5

Müraciətinizdə qeyd olunan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

5/5 (1 Average count)
Qiymət ver:
Rövşən Mustafayev Elman oğlu ro***@gmail.com ID: 7490
Sual. Mal 1 ay əvvəl malların təhvil-qəbul aktı ilə alınıb, lakin mal göndərən şirkət E-qaiməni 5 (beş) gün ərzində kəsməyib, çox gec kəsib. Məs: mallar malların alınıb malların təhvil-qəbul aktı ilə 15 noyabrda, E-qaimə isə 08 dekabrda verilib. Belə olan halda malların təhvil-qəbul aktı ilə 15 noyabrda alınmış mallar noyabrda istehsala verilibsə və həmin mallar elə noyabrdaca satılıbsa gələcəkdə keçiriləcək yoxlama ya da operativ vergi nəzarəti vaxtı həmin malların alış sənədinin olmaması bəhanə gətirilərək alıcıya cərimə tətbiq olunacaqmı? (şikətdə həmin tarixlərdə, bu tarixlərdən əvvəl və sonra yoxlama ya da operativ tədbir keçirilməyib). Göstərilən halda, həmçinin E-qaimənin ümumiyyətlə verilmədiyi hallarda malların təhvil-qəbul aktı alıcı üçün xərc sənədi kimi nəzərə alına bilərmi? Yoxsa E-qaimə olmadığı ya da 5 gündən gec verildiyi üçün təhvil-qəbul aktı xərc sənədi kimi nəzərə alınmayacaq? Məlumat üçün demək istəyirəm ki müəssisədə yoxlama ya da operativ tədbiri keçirilmir. Suallar gələcəkdə vergi ilə bağlı problem yaranmaması üçün verilir.
09/01/2023 Read: 185 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq Vergi Məcəlləsinə uyğun olaraq müəyyən olunan gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Vergi qanunvericiliyinə əsasən həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.

Belə ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi nəzarəti tədbirləri keçirilənədək təqdim edilmiş mallara görə Vergi Məcəlləsinin 71-1-ci maddəsində müəyyən edilmiş müddətlərdən gec elektron qaimə-fakturanın verilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 58-ci və 71-1-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Nurlan Bayramov Əbdüləli nu***@gmail.com ID: 7489
Salam, mənim maaşımdan gəlir vergisi tutulur. 800 manat hesablanır. Ondan 200 manat çıxıb sonra hesablayırlar gəlir vergisini. Bilmək istərdim, 200 manat niyə çıxılır, nədir o 200 manat?
09/01/2023 Read: 98 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

 

5/5 (1 Average count)
Qiymət ver:
Elşən Az***@mail.ru ID: 7488
Salam, mən 2020-ci ilin sentyabr ayında MİDA yaşayış kompleksindən nağd ödənişlə mənzil almışam, bilmək istərdim ki, ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkündürmü və sənədlərlə hara müraciət edə bilərəm, bildiyimiz kimi Prezidentin 2022-ci il 25 may tarixli fərmanı vardır, burada biz necə faydalana bilərik, səhv etmirəmsə ƏDV qaytarılması 01.01. 2020-ci ildən sonra MTK-lardan alınan mənzillərə şamil olunur, zəhmət olmasa məlumatlandırardınız.
09/01/2023 Read: 134 Average count: 0

Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.

Fərmanın keçid müddəalarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6-cı maddəsinin qüvvəyə mindiyi 2020-ci il yanvarın 1-dən bu Qayda qüvvəyə mindiyi tarixədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrini əldə etmiş və ödənişi tam həyata keçirmiş, habelə əldə edilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənişləri davam etdirən alıcılara ödənilmiş ƏDV-nin 30 faizi (bu Qayda qüvvəyə mindiyi tarixədək ƏDV məbləğinin satıcının bank hesabına və ya ƏDV depozit hesabına ödənilməsindən asılı olmayaraq) geri qaytarılır.

Bunun üçün ödənişi tam həyata keçirmiş alıcılar bu Qayda qüvvəyə mindiyi tarixdən, ödənişləri davam etdirən alıcılar isə ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir. Alıcıların müraciətləri vergi orqanı tərəfindən bu Qaydanın tələblərinə uyğun olaraq araşdırılır və risklər müəyyən edilmədiyi halda, ƏDV-nin alıcının bank hesabına köçürülməsi barədə məlumat portal vasitəsilə deyil, fərdi qaydada müvəkkil banka göndərilir. Bu barədə alıcıya məlumat verilir.

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

0/5 (0 Average count)
Qiymət ver:
Mətləb Əzizov Məhəmməd me***@gmail.com ID: 7485
Adımda vergi borcunun olub-olmadığını öyrənmək istəyirəm.
08/01/2023 Read: 97 Average count: 0

Bildiririk ki, vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

0/5 (0 Average count)
Qiymət ver:
Lətifə Şahbazova Etiram qızı la***@gmail.com ID: 7483
Salam. Zara mağazası məhsulun geri qaytarılma zamanı qəbzin verilmədiyi (və vəsaitin balansa oturmaması) səbəbindən təkrar mağazaya yaxınlaşaraq qəbzi tələb edə bilərəm və qəbz təqdim edilməsə mağazanın kamera görüntülərinə baxmağa tələb etmə hüququm var?
08/01/2023 Read: 161 Average count: 5

Bildiririk ki, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər lə bağlı nağd pul hesablaşmaları aparılan zaman alıcıya kassa çeki təqdim etməli və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etməlidir. 

Həmçinin bildiririk ki, istehlakçı tərəfindən əldə olunmuş mallara görə növbəti günlərdə kassa çekinin, yaxud kamera görüntüsünün əldə olunması haqda Vergi Məcəlləsində hər hansı müddəa nəzərdə tutulmamışdır.

Bununla belə, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə rəsmi qaydada Dövlət Vergi Xidmətinə, istehlakçı hüquqlarınızın pozulması ilə bağlı isə ətraflı məlumat üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Qəzənfər Qəhrəmanov mi***@gmail.com ID: 7475
Salam. AR-də fəaliyyət göstərən banklara aid bank kartı vasitəsilə kriptobirjalarda ayrı-ayrı şəxslərlə alqı-satqı əməliyyatları həyata keçirmək fəaliyyəti ilə məşğul olmaq olarmı?
06/01/2023 Read: 221 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan bank hesabından ödənişlərin həyata keçirilməsinə dair ətraflı məlumat üçün aidiyyəti üzrə Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.         

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin (o cümlədən kriptovalyutanın) ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.

Bu zaman, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.8-ci və 101.2-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver: