Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Niftalıyev Yusif Firdovsi yu***@gmail.com ID: 3147
Vergi xidmətinə işə qəbul olmağla bağlı elektron ərizəni nece göndərə bilərəm?
26/09/2020 Read: 38 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

 

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Murad İlqar mu***@gmail.com ID: 3146
Salam, hər vaxtınız xeyir. Pandemiya dövrüne gorə işçilərə ayrılan məbləğ ilə əlaqədər sizi narahat edirəm. Qaynar xəttə aldığım məlumata görə hər işçiyə normal aldığı maaşın 50% köçürülür. İşlədiyim sirkətdə isə toplam pandemiya dövründə isə bir dəfə də olsun maaşlar hec bir əməkdaşımıza lazımı məbləğdə ödənilməyibdir. Yəni dövlət şirkət hesabına hər bir ştatda olan işçi üçün müəyyən vəsait köcürdüyü halda, şirkət bu pulun müəyyən hissəsini kəsmişdir. Xahiş edirəm bu məsələ ilə bizə, yəni işçi kollektivinə yardım gostərin, ki haqq yerini tapsın. Diqqətiniz ücün minnətdaram.
25/09/2020 Read: 58 Average count: 0

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilmişdir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada şikayət edə bilərlər.

Qeyd olunanlara əsasən, müraciətinizi araşdırılması üçün internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Kərimov İlkin Adil oğlu i.***@absheronport.az ID: 3144
Salam. Vergi məcəlləsinin 218.4.1 maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş vergi ödəyicisidilər və Vergi Məcəlləsinin 220.1 və 220.5 maddələrinə əsasən yükgötürmə qabiliyyətinə görə fərqlənmə nişanını alaraq sadələşdirilmiş vergi ödəyirlər. Bu halda digər şəxslər vasitəsi ilə yük daşımalarını həyatə keçirən həmin şəxs sadələşdirilmiş vergini hansı formada ödəyir? Nəzərə alsaq ki? onun mülkiyyətində və istifadəsində avtomobil yoxdur.
25/09/2020 Read: 113 Average count: 0

Müraciətinizdə qeyd olunanlardan göründüyü kimi, "Fərqlənmə nişanı" mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri olan, sərnişin və yük daşımalarını özü və ya müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxs tərəfindən alınmalıdır. 
Sorğunuzda qeyd olunan halda isə şəxsin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadığı və üçüncü şəxslər vasitəsilə daşınmanı həyata keçirdiyi halda, həmin şəxs əldə etdiyi gəlirlərə görə ümumi qaydada sadələşdirilmiş və ya gəlir (mənfəət) vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir. 

Əsas: Vergi Məcəlləsinin 218.4.1-ci, 218.5.10-cu, 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Haqverdiyeva Sədiqə Murtuz qızı se***@hotmail.com ID: 3143
Hörmətli Vergi Əməkdaşları. Bildiyimiz kimi nağdsız hesablaşmalar haqqında qanuna əsasən şirkətin hər bir əməkdaşına əmək haqlarının ödənilməsinə görə bankda hesab açılaraq əmək haqqı həmin bank hesabına köçürülməlidir. Misal üçün, əməkdaş işə qəbul olunur və hansı səbəbdənsə iki gün işləyib işdən azad olunur. Əmək haqqının bank hesabına köçürülməsi üçün hesab açılmamış olub. Bu zaman işləmiş olduğu iş günlərinin haqqı nağd olaraq ödənilməsinə icazə verilirmi? Öncədən təşəkkürümü bildirirəm.
25/09/2020 Read: 91 Average count: 0

Bildiririk ki, əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar nağdsız qaydada ödənilməlidir.

Bu səbəbdən, yuxarıda qeyd olunan vergi ödəyiciləri istisna olmaqla, digər hallarda əməkhaqqının nağd qaydada ödənilməsinə yol verilmir.

Əsas: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
İbişov Vuqar ib***@gmail.com ID: 3142
Salam. Xarici Forex şirkətində qazanılan pulu Azərbaycandakı bank kartına çıxartdıqda hər hansı vergi ödənilir?
25/09/2020 Read: 219 Average count: 0

Bildiririk ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Buna əsasən xarici foreks brokerlərinin xarici ölkələrdə olan depozit hesablarına fiziki şəxslər tərəfindən vəsait qoyulduqda həmin vəsaitdən 18 faiz dərəcə ilə ƏDV tutulub dövlət büdcəsinə ödənilir.

Bundan əlavə foreks əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.         

Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci və 169-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Turanə Qasımova Məqsəd qa***@gmail.com ID: 3141
Salam. Mənim şəxsi hesabımda qeydiyyatdan keçirdiyim çeklər üzrə yığılan hesab məbləğim öz özlüyündə səhifədə yox olub. Balansımda 31 manata qədər vəsait gözləmədə idi. Kömək edərdiz xahiş edirəm.
25/09/2020 Read: 39 Average count: 0

Bildiririk ki, isitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər.  

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətinizi səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayılova Ramilə Gülümxan qızı ra***@gmail.com ID: 3140
Şirkətdə təsisçi və rəhbər eyni şəxsdir. Əgər təsisçi və rəhbər dəyişirsə bu zaman hansı sənədləri təqdim etmək lazımdır. Zəhmət olmasa sənəd formalarını və doldurma qaydasını ( nümunə ) bu mailə göndərəsiniz. Ümümiyyətlə digər lazımi sənədlərində siyahısını mümkünsə göndərəsiniz
24/09/2020 Read: 110 Average count: 0

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçisi tərəfindən iştirak paylarının təqdim edilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda bildiririk ki, müəssisəni alan və ya qəbul edən şəxs təqdim edənə və təqdim edilən müəssisəyə aid hüquq və öhdəliklərini öz üzərinə götürür. Lakin bu müddəa müəssisəni təqdim edən şəxsi əvvəlki vergi dövrləri üçün vergiləri, faizləri və ya maliyyə sanksiyalarını ödəməkdən azad etmir.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alqı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci və 106-cı maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Kərimova Vüsalə Abdulla qızı vu***@hotmail.com ID: 2943
Salam. Sualım qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisi ilə bağlıdır. Sualım aydın olsun deyə misal üzərindən verəcəyəm. Fərz edək ki, qeyri-rezidentə 10000 USD ödəniş etmişəm. Bu zaman 17000 AZN məbləğə görə ÖMV hesablamaq üçün gross məbləğ tapılır (17000/0.9=18888.88 AZN) və bu gross məbləğə 10% ÖMV hesablanır. Sualım belədir ki, ƏDV məqsədləri üçün hesablama apararkən net 17000 AZN məbləğə, yoxsa gross 18888.88 AZN məbləğə 18% ƏDV hesablanıb ödənilməlidir? Ətraflı cavab versəniz minnətdar olaram.
24/09/2020 Read: 254 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.

Qeyd olunanlara əsasən rezident şəxs ilə qeyri-rezident hüquqi şəxslər arasında bağlanmış xidmətlərin göstərilməsi ilə bağlı müqavilədə müqavilə dəyərindən ödəmə mənbəyində vergilərin tutulması ilə bağlı müddəanın olmamasından asılı olmayaraq rezident şəxs tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən (sorğuda qeyd edilən misalda 17 000 manatdan) ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsində ödənilir. 

Bunlardan əlavə qeyri-rezident tərəfindən ƏDV ödəyicisi olan müəssisəyə göstərilən xidmətlərə görə tərəflər arasında bağlanmış müqavilə dəyərinin tam məbləğindən (gross up) 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 150-ci və 169-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Quluzadə Nihad Ənvər ni***@list.ru ID: 3139
Salam. Mən asan imza almaq istəyirəm. Bunun üçün nə etməliyəm. Xahiş edirəm məlumat verərdiniz.
24/09/2020 Read: 47 Average count: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Fərmin Qasımov Hüseyn oğlu fe***@gmail.com ID: 2959
Salam. 31.05.2020-ci il tarixində Mersedes-Benz Abşeron avtomobil mərkəzindən dəyəri 299701.60 manat olan Mersedes-Benz S560 markalı avtomobil almışam. Mənim geri qaytara biləcəyim 45717.19 manat ƏDV’ni pandemiya dövrü və ailə vəziyyətimlə əlaqədar olaraq geri qaytara bilməmişəm. 90 gün ərzində qaytara biləcəyim halda 31.08.2020-ci il tarixdə ƏDV geri qaytarma tarixindən 2 gün keçmişdir. Yazdığım səbəblərlə əlaqədar olaraq ƏDV’ni geri qaytarmağıma köməklik edəsiniz.
24/09/2020 Read: 145 Average count: 4

Bildiririk ki, istehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir.

Həmçinin, məlumat üçün bildiririk ki, qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin (sorğunuzda 45717.19 manat) 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. 

Sorğunuzda qeyd olunanlara əsasən, müəyyən edilmiş müddət ötürüldüyü üçün ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması mümkün deyil.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

4/5 (3 Average count)
Qiymət ver:
Tükəzban Bayramova Aqii qızı tu***@mail.ru ID: 3137
Salam. Yazıb Sizdən xahiş edirəm ki,MMC-dən QSC-yə Çevrilmə üçün lazımi sənədləri və nümunəsini bizə göndərəsiniz.
24/09/2020 Read: 147 Average count: 0

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətin səhmdar cəmiyyətə çevrilməsi hüquqi şəxsin yenidən təşkil edilməsinə aid edilir. Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər.

Nəzərə almaq lazımdır ki, qapalı səhmdar cəmiyyətin nizamnamə kapitalının minimum həddi 10 milyon manat, iştirakçılarının say həddi isə 50 fiziki və hüquqi şəxslərdən ibarət olmalıdır.

Yenidən təşkil nəticəsində yaradılan kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Dövlət Vergi Xidmətinin müvafiq qeydiyyat orqanına notariat qaydasında təsdiq olunmuş “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizə” ilə müraciət edilir. Ərizəyə isə aşağıdakı sənədlər əlavə edilməlidir:

- “Yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumat”;

- yenidən təşkil haqqında qərar;

- təhvil aktı və ya bölünmə balansı;

- mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 1 nömrəli əlavə”;

- təsisçi fiziki şəxsin (şəxslərin) şəxsiyyət vəsiqələrinin surəti;

- “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında ərizəyə 2 nömrəli əlavə”;

- təsisçi hüquqi şəxsin (şəxslərin) dövlət qeydiyyatı haqqında şəhadətnamələrinin (dövlət reyestrindən çıxarışların) və nizamnamələrinin notariat qaydasında təsdiq olunmuş surəti;

- səhmdar cəmiyyətinin təsisçisi (təsisçiləri) və ya səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;

- səhmdar cəmiyyətinin  təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması haqqında qərarlar;

- “Müşahidə şurasının üzvləri barədə məlumat” (müşahidə şurası seçilmişdirsə (şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilməklə));

- “Xüsusi vergi rejiminin tətbiqi barədə məlumat” (xüsusi vergi rejimi ilə fəaliyyət göstəriləcəksə);

- səhmdar cəmiyyətinin təmsilçinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

- hüquqi ünvanını təsdiq edən sənəd;

- dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (qəbz);

- nizamnamə kapitalı pul formasında deyil, əmlak formasında qoyulduqda, həmin əmlakın qiymətləndirilməsi haqqında müstəqil auditor rəyi;

- ərizə ilə müraciət edənin şəxsiyyət vəsiqəsi;

- etibarnamə (ərizə vəkil olunan şəxs tərəfindən imzalandıqda);

-  bank, sığorta, maliyyə-sənaye qrupu yaradıldıqda müvafiq orqanın ilkin razılığını təsdiq edən sənəd;

Eyni zamanda məhkəmə tərəfindən hüquqi şəxs barədə cinayət-hüquqi tədbirin təyin edilib-edilməməsi və məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunub olunmaması, qəbul olunubsa həmin qərarın tam icra edilib-edilməməsi və ya ləğv edilməsi barədə məhkəmədən müvafiq sənəd də əlavə olunur.

Əsas: Mülki Məcəllənin 55-58-ci, 92-ci, 98-ci və 103.2-ci maddələri, Azərbaycan Respublikasının 12 dekabr 2003-cü il, tarixli 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Qanununun 9-cu maddəsi 

0/5 (0 Average count)
Qiymət ver:
Alşanov Vüsal Elşad oğlu av***@mail.ru ID: 3136
Vergi Məcəlləsinin Maddə 102. Gəlir vergisindən azadolmalar və güzəştlər 102.5 Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır. Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır. Himayədə olanların sayı il ərzində azaldıqda (uşaqların ölüm halları istisna olmaqla) himayədə olanların sayının azaldığı aydan sonrakı aydan başlayaraq onların saxlanması üçün məbləğin çıxılmasına xitam verilir. 102.6. Aşağıdakılar himayədə olanlara aid edilmirlər: 102.6.1. təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa); 102.6.2. dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar); 102.6.3. xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Ünvanlı sosial yardım alan ailə üzvü Vergi Məcəlləsinin Maddə 102 maddəsinin 102.5 bölməsində qeyd edilmiş güzəşti şamil etmək olar yoxsa yox? Əlavə olaraq qeyd etmək istəyirəm ailənin iki az yaşlı uşağı var, ata işləyir, ana işsizdir.Ünvanlı Sosial yardım anaya ödənilir.
24/09/2020 Read: 92 Average count: 5

Bildiririk ki, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.

Fiziki şəxslərin vergi tutulan gəliri uşağın doğulduğu və himayədə olanın himayəyə götürüldüyü aydan başlayaraq azaldılır.

Həmçinin, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir. 

Göründüyü kimi, siyahıda ünvanlı sosial yardımla bağlı müddəa qeyd olunmamışdır. Bu səbəbdən sorğunuzda göstərilən halda fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində muzdlu işlə əlaqədar əldə etdiyi gəlir himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər təqdim edildiyi andan etibarən 50 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 102.1.6-cı, 102.5-ci, 102.6-cı və 102.8-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

5/5 (1 Average count)
Qiymət ver:
Nigar Aslanova Yusif qızı ni***@gmail.com ID: 3135
Salam. Mənim öz adıma olan fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnaməm itib. Onun yenisini əldə etmək üçün hara müraciət etməliyəm. Müraciət zamanı hansı sənədlər tələb olunur. Xatırladim ki, istifadəçi məlumatlarını xatırlayıram. Yalnız şəhadətnamənin özü lazımdır.
24/09/2020 Read: 43 Average count: 0

Bildiririk ki, fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən sonrakı 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Müraciəti qeydiyyatda olduğunuz vergi orqanına kağız və ya elektron qaydada təqdim edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 8 oktyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Təbriz Vəlizadə te***@mail.ru ID: 3133
Salam Onlayn karguzarlıq və e-VHF bölməsində, e qaime axtar verib qaimeleri secdikden sonra təsdiq üçün paket hazırla və endir edə bilirəm, ancaq göndərilən qaimələrdə Ləğv üçün paket hazırla və endir düyməsini sıxdıqda "Bu əməliyyatı etmək üçün zəhmət olmasa yeni e-qaimə sisteminə daxil olun" bildirişi verir. Yeni e qaimə sistemində isə bu şəkildə toplu qaimə endirməyə bölüm tapa bilmədim. Bunu edə bilməyimiz üçün başqa bölüm varmı? Qaimələrin yalnızca məbləğlərini deyildə, məhsul sətrinə kimi görə biləcəyimiz hesabat.
24/09/2020 Read: 88 Average count: 0

Bildiririk ki, elektron qaimə-fakturanın (o cümlədən əvəzləşmə üçün) Oflayn rejimdə hazırlanması üçün xüsusi proqram təminatının (“Elektron Faktura Tərtibatı Proqramı - EFP”) sonuncu versiyasını və digər zəruri proqramları İnternet Vergi İdarəsinin (e-taxes.gov.az) “e-Qaimə-faktura” bölməsinin “Lazımlı proqramlar” altbölməsindən yükləyə, tələb olunan qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlaya və paketləyə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, elektron qaimə-faktura üzrə istifadə olunan e-qaimə nümunəsini İnternet Vergi İdarəsinin “e-Qaimə faktura” bölməsinin “İstifadəçi təlimatları” altbölməsində “Elektron Qaimə-Faktura fayllarının formatı və nümunələr”i seçməklə əldə edə bilərsiniz.

Eyni zamanda, elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla  bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1)  və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Adil Mehdiyev Qüdrət oğlu ad***@mail.ru ID: 2961
Salam! Bilmək istərdim, apteklərdən dərman alanda, ƏDV geri al qəbzini tələb etmək olar?
24/09/2020 Read: 167 Average count: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Vergi Məcəlləsinin məqsədləri üçün ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir

Pərakəndə satış malların alıcıya son istehlak məqsədi ilə təqdim olunmasıdır və müraciətinizdə qeyd olunan, dərman vasitələrinin pərakəndə satışı ilə bağlı ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması mümkündür.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

5/5 (5 Average count)
Qiymət ver:
Abbasova Zülfiyyə İslam qızı zu***@mail.ru ID: 2955
Salam bəzi mühasiblər deyirlərki pandemiya dövründə gəlir vergisi 1faizle hesablanir.menim sualim beledirki, bu düzdürmu???kimə şamil edilir?bütun fiziki şəxslər gəlir vergisini 1 faizle ödəməlidirlər?
24/09/2020 Read: 157 Average count: 5

Bildiririk ki, sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 
Həmçinin bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi həcmində vergidən azad edilmişlər. Qeyd olunan şəxslərə cari vergi ödəmələri üzrə hesablamaların və cari vergi ödəmələri ilə bağlı arayışların vergi orqanına təqdim edilməsinə dair müddəalar tətbiq edilmir.

Həmçinin, pandemiyadan zərər çəkən sahələrdə çalışan vergi ödəyiciləri fiziki şəxslərdən daşınmaz əmlak icarəyə götürdükləri halda, daşınmaz əmlaka görə ödənilən icarə haqqının dərəcəsi 14 faizdən 7 faizə endirilir.

Mikro sahibkarlıq subyektləri gəlir vergisinin bəyannaməsinin verilmə müddəti 2020-ci ilin sentyabrın 1-ə kimi uzadılmış və həmin hesablanmış vergilərin də ödəmə müddəti son olaraq 1 sentyabr 2020-ci il müəyyən edilmişdir. 

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102.1.30-cu, 220-ci, 222-ci və 224-cü maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Laçınova Səbinə Mahac la***@gmail.com ID: 2958
Mən sorğu yaratmışam, göndərə bilmirəm.
24/09/2020 Read: 69 Average count: 5

Dövlət Vergi Xidmətinə müraciət etmək üçün saytımızın (www.taxes.gov.az) “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Rüstəm Atacanov Qlamanoviç ru***@gmail.com ID: 3132
Salam, mən 23.09.2020 ci il tarixində, təxminən saat 20:50 - 21:10 radələrində, Prezident Kitabxanasının yanında yerləşən Araz marketdən alış-veriş etdim, sonda kassirdən Fiksal İD kodu olan qəbzi tələb etdim və bunu ƏDV-ni geri almaq üçün istədiyimi izah etdim. Kassir isə mənə cavan olaraq onlarda belə bir sistemin mövcud olmadığını bildirdi. Sizdən xahişim bundan ibarətdir ki, əgər bu mağaza həqiqətəndə müştəriləri aldadaraq, vergidən yayınırsa, bu araşdırılaraq cəzalandırılsın.
24/09/2020 Read: 44 Average count: 0

 Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
Ağayeva Gülşən Yusif qızı g.***@gaghay.com ID: 2937
Mən, 27 avqust 2020-ci ildə yerli bank kartı vasitəsilə https://www.livieandluca.com/ saytından iki ədəd uşaq ayaqqabısı almışam. Malların ümumi dəyəri 75.95 ABŞ dolları təşkil edir. Göründüyü kimi, sayt sırf malların satışı üçün nəzərdə tutulub. Lakin buna baxmayaraq, bank malların ümumi dəyərinə əlavə olaraq 13.67 ABŞ dolları məbləğində vergi tutdu. Azərbaycan Respublikasını Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən ...qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Yəni qanun açıq-aydın qeyd edir ki, əlavə dəyər vergisi elektron ticarət vasitəsilə nağdsız şəkildə alınan mallara görə yox, yalnız iş və xidmətlərə görə tutulur. Bu birinci dəfə deyil ki, yerli bank kobud şəkildə qanunvericiliyin bu tələblərini pozur və elektron ticarət vasitəsilə alınmış malların dəyərinə əlavə dəyər hesablayaraq vergi tutur. Xahiş edirəm, artıq tutulmuş verginin qaytarılması mexanizminə aydınlıq gətirəsiniz.
23/09/2020 Read: 154 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi

5/5 (5 Average count)
Qiymət ver:
Əmirxanov Orxan Firudin em***@gmail.com ID: 3131
Elə marketler var ki, edvgerial cekİ verirdi. Amma indi vermir. Şikayət edəcəyimizi deyəndə deyir onsuz da heç nə edə bilən deyillər. birdefe yazdim cavab gəlmədi. Əlaqə saxlasaz tam məlumat verərəm.
23/09/2020 Read: 45 Average count: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: