Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Rəvan Orucəliyev Yaşar oğlu rv***@gmail.com ID: 3206
Vergi borcum haqqında hardan məlumat əldə edə bilərəm. 2 aya yaxnındır, VÖEN açmışam. Vergi karguzalığına daxil oluram vergi borcum haqqında məlumat yoxdur.
10/10/2020 Read: 75 Average count: 0

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. Eyni zamanda Vergi Məcəlləsində bir sıra vergi güzəştləri və azadolmalar da nəzərdə tutulmuşdur. 

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.4-cü maddəsində də vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə, auditor rəyi əlavə edilməklə vergi hesabatının təqdim olunması vergi ödəyicisinin vəzifəsi kimi təsbit olunur.

Yuxarıda qeyd olunanlara əsasən tərəfinizdən vergi orqanına müvafiq bəyannamə təqdim edilməli, Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə ödəmələr həyata keçirilməlidir.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.

Eyni zamanda, qabaqcadan onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə və vergi borcu, o cümlədən təqdim edilməmiş bəyannamələr haqda məlumat ala bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Mikayıl Qasımov Əliş oğlu mi***@mail.ru ID: 2564
Salam! Hörmətli vergi əməkdaşları xahiş edirəm aşağıda qeyd olunan suala aydınlıq gətirəsiniz. COVID-19 koronavirus pandemiyası dövründə aparılmış testlər ilə əlaqədar çəkilən xərclər gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilə bilərmi?
09/10/2020 Read: 111 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 224.9-cu maddəsinə əsasən müvəqqəti vergi rejimi müddətində əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş və bu Məcəllə ilə müəyyən edilmiş qaydada sənədləşdirilmiş xərclər məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılır.

Buna əsasən vergi ödəyicisi tərəfindən pandemiya dövründə işçilərin COVİD-19 test edilməsi ilə bağlı alışı elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş xərclər gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 224-cü maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Şamxal Kərimov Vəli oğlu ke***@gmail.com ID: 2728
Hörmətli cənablar, sualım AR vergi məcəlləsinin “71-2. Malların alış aktı” maddəsi ilə əlaqəlidir. Bildiyiniz kimi, sözügedən maddənin 1-ci bəndində vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktının tərtibatı nəzərdə tutulur. Birinci sualımız bundan ibarətdir ki, malların alışı tarixindən alış aktını 5 gün müddətində olmayaraq, bir neçə ay sonra tərtib edilərsə, bununla əlaqəli hər hansı bir maliyyə sanksiyasının nəzərdə tutulub-tutulmaması və müvafiq alış aktlarının (gecikdirilmiş) gəlirdən çıxıla bilmə statusu barədə qanunvericiliyin yanaşmasını bizimlə bölüşməyinizi xahiş edirik. Eyni zamanda, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda elektron alış aktı tərtib edilmədən, sadəcə kağız daşıyıcıda alış aktı tərtib edilməsi, həmin malların istifadəsindən sonra gəlirdən çıxılan xərclər kimi nəzərə alınmasının vergi qanunvericiliyi baxımından ziddiyət təşkil edib-etməməsi barədə yanaşmanı bizimlə paylaşmağınızı sizdən xahiş edirik.
09/10/2020 Read: 183 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin müddəalarına əsasən səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı malların alışını və ya mədaxilini təsdiq edən alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları olmadıqda həmin malların alıcısı olan vergi ödəyicisinə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə  malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Buna əsasən vergi orqanında uçotda olmayan şəxslərdən elektron alış aktı ilə rəsmiləşdirilməyən malların alınması zamanı faktiki olaraq alınmış mallar (işlər, xidmətlər) gəlirin əldə edilməsində iştirak etdiyi halda həmin malların (işlərin, xidmətlərin)  dəyəri bazar qiyməti nəzərə alınmaqla gəlirdən çıxılan xərclərə aid edilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci, 71-2-ci və 108-ci maddələri.

4/5 (2 Average count)
Qiymət ver:
Fuad Cəmilov Ərəstun fu***@gmail.com ID: 2657
Salam, bir veb layihəm var, istifadəçilər öz balanslarını bank kartı vasitəsilə artıra bilərlər. Və sonra bu balansı istifadə edərək sayt içi əməliyyatlar yerinə yetirə bilərlər. Biz buradan gəlir kimi müəyyən qədər komissiya tuturuq, və əməliyyat tam başa çatdıqdan sonra məbləğ digər bir istifadəçinin saytdakı balansına köçürülür. İstifadəçilər əsasən sıravi vətəndaşlar olacaq və balansları müəyyən məbləğə çatdıqdan sonra hesabdan çıxartmaq imkanı vermək istəyirik. Suallarım isə budur: 1. Bizim fəaliyyət zənnimcə agent fəaliyyəti sayılır, bu halda vergi ödənişi neçə faiz və hansı növdə olacaq ? 2. Bizim gəlirimizin kartla ödənişlərdən deyil, komissiyadan olduğunu qeyd etmək mümkündürmü ? 3. İstifadəçilərin faktiki olaraq gəlir qazanma imkanı var, onlar balansı çıxartmaq istəsələr, vergi verməlidirlərmi ? Ya da biz hər vergi ödənişi vaxtında aylıq ümumi istifadəçilərin gəlirinə görə vergi verə bilərik mi ? Məsələn 10 AZN çıxartmaq istəyir, biz vergini balansdan çıxıb istifadəçiyə köçürürük və vergi ödənişi vaxtında da toplu halda ödəyə bilərik ?
09/10/2020 Read: 116 Average count: 5

Bildiririk ki, veb sayt vasitəsilə müxtəlif istifadəçilər öz balanslarından istifadə edərək sayt içi əməliyyatlar yerinə yetirməklə onlara agent qaydasında xidmət göstərildiyi halda bu xidmətlərə görə əldə etdiyiniz xidmət haqları (komisyon haqqı) sizin vergi tutulan gəlirinizə aid edilir.

Bu fəaliyyət növü ilə məşğul olan şəxs öz seçiminə uyğun olaraq Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlir və ya sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə bilər.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən (komissiya haqlarından) 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən (komissiya haqlarından) bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. Eyni zamanda mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.

Əlavə olaraq bildiririk ki, fəaliyyətiniz üzrə əldə etdiyiniz gəlirlərin həcmi (komissiya haqları) ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olduğu halda tərəfinizdən ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata dair ərizə verməli və əldə etdiyiniz gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV ödəməlisiniz. 

Bunlarla yanaşı veb sayt istifadəçilərinin həmin saytda aparılan əməliyyatlar ilə bağlı məsələ aydınlaşdırılmalıdır. Həmin əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə yenidən vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 23-cü, 96-cı, 157-ci, 159-cu və 218-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Rövşən Ələsgərov Eyvaz oğlu r.***@hotelsgroup.az ID: 2874
Salam. Təsəvvür edək ki, mehmanxanaya hər hansı xarici ölkənin respublikamızdakı səfirliyinin əməkdaşı qonaqlamağa gəlmişdir. Qonaq mehmanxananı tərk edərkən ödənişin qonağın özü tərəfindən olunacağını bildirir həmçinin ƏDV-dən azad olunmasını istəyir. İstinad etdiyi isə qeyd edilən səfirliyin ƏDV-yə 0 dərəcə ilə cəlb olunması haqqında sənəd və səfirliyin mehmanxanaya ünvanladığı rəsmi məktub (məktubda qeyd edilib ki, qonaq çıxarkən borclarını özü ödəyəcək, ondan ƏDV tutmayın çünki, daha sonra səfirlik qonağın kartına həmin vəsaiti köçürəcəkdir). Bu halda mehmanxana qonağı ƏDV-dən azad etməlidirmi?
09/10/2020 Read: 181 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında akkreditə edilmiş beynəlxalq təşkilatların və xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin müvafiq statuslu Azərbaycan Respublikasının vətəndaşı olmayan diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mallar və xidmətlər ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilir.

Eyni zamanda “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş edilmişdir.

Adıçəkilən Qaydaların 3.1.1-ci yarımbəndinə əsasən malların və xidmətlərin satışı nümayəndəliklərlə bağlanan mülki-hüquqi əqdlər və digər müqavilələr əsasında həyata keçirildikdə, bu əməliyyatlar zamanı əlavə dəyər vergisinin sıfır (0) dərəcəsi hər bir konkret nümayəndəliyə münasibətdə qarşılıqlı prinsipə əsasən istisnalar (məhdudiyyətlər) nəzərə alınmaqla, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həmin nümayəndəliklərə bu Qaydaların 1 nömrəli əlavəsinə uyğun verilən Bildirişdə göstərilən qaydada tətbiq edilir.

Qaydaların 3.2-ci bəndinə əsasən nümayəndəliklərin işçilərinin və ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması həmin malların və xidmətlərin əlavə dəyər vergisi ilə birgə təqdim edilməsi və sonradan, ödənilmiş həmin vergi məbləğinin qaytarılması yolu ilə həyata keçirilir.

Qeyd olunanlara əsasən xarici ölkənin respublikamızdakı səfirliyinin əməkdaşına göstərilən mehmanxana xidmətləri ilə bağlı əməliyyatlar adıçəkilən qaydaların tələblərinə uyğun aparıldığı halda həmin xidmətin dəyəri  ƏDV-yə sıfır (0) dərəcəsi ilə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 165-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 27 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi, həmçinin bu nümayəndəliklərin diplomatik və inzibati-texniki işçilərinin, o cümlədən onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlərə görə əlavə dəyər vergisinin sıfır (0) dərəcə ilə tutulması Qaydaları”.

3/5 (5 Average count)
Qiymət ver:
İbrahimova Salatın ib***@gmail.com ID: 2846
Xahiş edirəm, mənim sualıma cavab verəsiniz. A şirkəti Şimali Kipr dövlətində yerləşən Fortessbank dan Ukraynada elan edilmiş tenderdə iştirak etmək üçün zəmanət məktubu almış və Fortessbanka zəmanət məktubuna görə müəyyən məbləğdə vəasit ödəmişdir.A şirkətinin Fortessbanka ödədiyi məbləğlərdən vergi tutulmalıdırmı? Əgər tutulmalıdırsa vergi məcəlləsinin hansı maddəsinə əsasən tutulmalıdır və hansı vergilər tutulmalıdır.
09/10/2020 Read: 124 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.

Bununla yanaşı qeyri-rezident bankın hüquqi şəxsə zəmanət məktubunun verilməsi ilə bağlı məsələ aydınlaşdırılmalıdır. Həmin əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırılmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Average count)
Qiymət ver:
Babaşov Sabir sa***@yahoo.com ID: 2628
Xarici broker saytlarından biri vasitəsilə qiymətli kağızlara yatırım edirəm. Hər dəfə AR bankının plastik kartından həmin saytdakı investisiya hesabıma pul köçürdükdə məndən 18% QR ƏDV-si kimi tutulur. 1) Əgər vergi ödəyicisi sahibkar kimi qeydiyyatdan keçərək fəaliyyətimi davam etdirsəm, bundan sonra sahibkar hesabından ödəniləcək məbləğlərdən tutulacaq QR ƏDV-ni əvəzləşdirməyə daxil edə bilərəmmi? 2) Qeyd etdiyim fəaliyyətin vergi məqsədləri üçün 5 rəqəmli kodu hansı olmalıdır? 3) Bu fəaliyyətdən əldə edilən gəlirlər vergiyə necə cəlb olunmalıdır?
09/10/2020 Read: 240 Average count: 5

Bildiririk ki, “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi (o cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər) üzrə həyata keçirilən fəaliyyət elektron ticarət qaydasında aparılan əməliyyat hesab edilir.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Buna əsasən xarici foreks brokerlərinin xarici ölkələrdə olan depozit hesablarına fiziki şəxslər tərəfindən vəsait qoyulduqda həmin vəsaitdən 18 faiz dərəcə ilə ƏDV tutulub dövlət büdcəsinə ödənilir.

Bundan əlavə foreks əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.         

Eyni zamanda ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyiciləri tərəfindən qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı qeyri-rezident şəxsə ödənilmiş ƏDV məbləğinin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Bunlarla yanaşı fiziki şəxslərin qiymətli kağızların alqı-satqısı fəaliyyəti üzrə fəaliyyət kodunun öyrənilməsi ilə bağlı aidiyyəti üzrə İqtisadi təhlil və uçota nəzarət baş idarəsinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci və 169-cu maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Mikayıl Qasımov Əliş oğlu mi***@mail.ru ID: 3038
Hörmətli vergi əməkdaşları salam! Xahiş edirəm aşağıdakı sualı cavablandırasınız. Kəndli (fermer) təsərrüfatı müəssisəsi rayon ərazisində kənd bələdiyəsindən torpaq sahəsi icarəyə götürüb orada əkinçilik və heyvandarlıq məhsullarının istehsalı ilə məşğul olur. Hal-hazırda Kəndli (fermer) təsərrüfatı müəssisəsinin adı altında firma mağazasını açmaq niyətindədir. Bakı şəhərində firma mağaza üçün ticarət obyekti icarəyə götürüb fermer təsərrüfatının özünün istehsalı olan kənd təsərrüfatı məhsullarının (süd, qatıq, pendir, ət, yumurta, taxıl və s.) pərakəndə satışını həyata keçirə bilərmi? Belə olan halda Kəndli (fermer) təsərrüfatı müəssisəsinin pərakəndə satış qaydasında satdığı kənd təsərrüfatı məhsullarına görə vergi güzəştləri və vergi öhdəlikləri barəsində məlumat verməyiniz Sizdən xahiş olunur. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
09/10/2020 Read: 202 Average count: 5

Bildiririk ki, 1 yanvar 2014-cü il tarixdən 10 il müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr ƏDV-dən azad edilmiş, həmin şəxslərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə etdikləri hasilatın həcmi isə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilməmiş, eyni zamanda fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirləri müddət məhdudiyyəti qoyulmadan gəlir vergisindən azad edilmişdir.

Kənd təsərrüfatı məhsullarının satışı dedikə istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlıların diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsulların ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməsi, bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlaması, kimyəvi tərkibi dəyişdirilməməsi, konservləşdirilməməsi nəzərdə tutulur.

Odur ki, misal olaraq, əldə edilmiş südün təbiətdə olduğu ilkin formada saxlanılmaqla kimyəvi tərkibi dəyişdirilmədən və konservləşdirilmədən satışından əldə edilmiş gəlir müvafiq olaraq sadələşdirlmiş vergi, gəlir vergisi və ƏDV-dən azad olacaqdır. Əks halda, yəni əldə edilmiş süd məhsulları emal edilərək, təbiətdə olduğu ilkin formada saxlanılmadan kimyəvi tərkibi dəyişdirilərək, konservləşdirilməklə paketlənərək kimyəvi təsirə məruz qaldıqdan sonra və ya ilkin forması dəyişdirilərək yeni məsula çevrilmiş formada satışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada vergiyə cəlb olunacaqdır. 

Həmçinin, heyvan və quş ətinin satışı – 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilsə də, mənfəət və ya sadələşdirilmiş vergidən azad deyil. Belə ki, vergi qanunvericiliyinə əsasən heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların əldə edilməsi kənd təsərrüfatı məhsullarının istehsalı hesab edildiyindən, vergidən azad edilir. Sorğunuzda qeyd olunan heyvanların diri şəkildə təqdim olunduğu halda vergidən azad hesab olunur, kəsilərək heyvan əti formasında təqdim olunduğu halda isə ümumi qaydada vergiyə cəlb olunur. 

Bax: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 164.1.37-ci, 199.9-cu, 218-1.1.1-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Faiq Ağayev Heybət fa***@mail.ru ID: 2561
Xahiş edirəm, aşağıdakı sualı cavablandırasınız. Əvvəlcədən minnətdarlığımı bildirirəm. Tutaq ki, 2012-cü ildə “AAA” MMC “BBB” ASC-nin nizamnamə kapitalının 95%-ni təşkil edən 1000 ədəd səhmini investisiya müsabiqəsi vasitəsilə qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Dövlət əmlakının (səhmlərin) alınması müqabilində alıcı tərəfindən ümumu məbləği 5 milyon manat (investisiya qoyuluşu planına müvafiq ümumi dəyəri 2 mliyon manat olmaqla 2 istehsal sexi, qalanı isə “BBB” ASC-nin fəaliyyətinin genişləndirilməsi üçün 3 milyon manat vəsait) investisiya qoyuluşunu həyata keçirmişdir. Eləcə də, dövlət əmlakının alınması nəticəsində dövlət büdcəsinə müvafiq ödənişi etmişdir. Bu barədə “AAA” MMC-nə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının (səhmlərin, hissələrin) investisiya müsabiqəsində hüquqi və fiziki şəxslərə satılmasına dair Şəhadətnamə” də verilmişdir. Bu günə kimi investisiya qoyulmuş məbləğdən “AAA” MMC-nin hərəkəti və ya onun iştirakı ilə edilmiş hərəkətləri nəticəsində istifadə olunan və ya itirilən vəsait olmamışdır. Hər hansı bir səbəbdən (təsisçilərin dəyişdirilməsi, maliyyə vəsaitinin çatışmazlığı) “AAA” MMC-nin qoyduğu investisiyanı (istehsal sexləri də daxil olmaqla) “BBB” ASC-dən geri almaq istəyir, “BBB” ASC-də investisiyanı geri qaytarmaq istəyir. İnvestisiyanı geri qaytarmaq zamanı hər iki tərəf üçün yarana biləcək vergi öhdəlikləri barədə məlumat verməyinizi xahiş edirəm.
09/10/2020 Read: 110 Average count: 0

Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalında həmin hüquqi şəxsin  təsisçisinə məxsus iştirak paylarının qoyulduğu həcmdə və tərkibdə geri alınması ilə bağlı əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırılmalarla birlikdə yenidən vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Qritsay Yelena Konstantinivna el***@gmail.com ID: 3205
Какую позицию выбрать в разделе "xıdmətın növü" для получения электронной очереди для сдачи отчета VOEN 1503088022
09/10/2020 Read: 39 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi kağız daşıyıcısında ərizə ilə, artıq tərtib olunmuş bəyannamə (hesabat) ilə müraciət etdikdə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə kağız daşıyıcıda müraciətlər üçün  "Xidmətin növü" kombosunda  "Sənədlərin kağızda qəbulu" xanasını seçməlidir. 

Həmçinin, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə yalnız zəruri hallarda, yəni əldə olunması nəzərdə tutulan xidmətin elektron analoqu olmadıqda müraciət etməyiniz xahiş olunur. Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən bəyannamələri elektron qaydada tərtib edərək vergi orqanına təqdim edə bilərsiniz.

Bəyannamələrin formaları və doldurulma qaydaları ilə internet səhifəmizin Bəyannamə bölməsinə müraciət edərək, orada yerləşdirilmiş qaydalar və təlimatlarla tanış ola bilərsiniz. 

5/5 (1 Average count)
Qiymət ver:
Akşin Ələsgərov Firudin o. a.***@gmail.com ID: 2596
Salam. Aşağıda qeyd olunan sualı cavablandırmağınızı xahiş edirəm. Müəsissə tərəfindən həyata keçirilən aşağıda qeyd olunan ödənişlərdən işəgötürən və işçi tərəfindən işsizlik sığortaları tutulurmu: 1) Birbaşa işçiyə və ya üçüncü tərəfə ödənilən nahar xərcləri; 2) Birbaşa işçiyə və ya üçüncü tərəfə ödənilən təlim-tədris xərcləri; 3) Üçüncü tərəfə ödənilən işçilərin könüllü tibbi sığorta haqqları; 4) Müvafiq qanunvericiliyə əsasən ezamiyyə normalarından artıq ödənilən vəsaitə görə; 5) Üçüncü tərəfə ödənilən işçilərin korporativ ziyafətinə ("teambuilding") görə; 6) 14 günə qədər olan və müəsissə tərəfindən ödənilən işçinin xəstəlik vərəqəsinə görə. Əvvəlcədən təşəkkürlər.
09/10/2020 Read: 317 Average count: 5

Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə)  pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən işəgötürən tərəfindən işçilərin üçüncü şəxsin hesabına və ya birbaşa işçiyə köçürülməsindən asılı olmayaraq həmin gəlirdən işsizlikdən sığorta haqqı hesablanmır.

Qeyd olunanlara əsasən əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli xərclər (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Eyni zamanda ezamiyyə xərci fiziki şəxsin işsizlikdən sığorta haqları hesablanan gəliri hesab edilmir və işsizlikdən sığorta haqları hesablanmır.

İşçiyə əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət əməkhaqqı hesab edilmədiyindən həmin məbləğə işsizlikdən sığorta haqqı hesablanmır.

Əsas: “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsi.

5/5 (1 Average count)
Qiymət ver:
Abdullayev Hikmət Qəzənfər en***@mail.ru ID: 3071
Bildirirəm ki, hal hazırda fəaliyyət göstərmirəm. Pandemiyaya görə müəyyən vergilərə güzəşt və azadolmalar tətbiq olunur. Fəaliyyətim ictimai iaşədir, yəni Kamil restoranı. Fiziki şəxs kimi əmlak və torpaq vergiləri bələdiyyə büdcəsinə ödənilir. Məcəlləyə dəyişikliyə əsasən büdcəyə ödənilən əmlak və topraq vergiləri pandemiyaya görə tam azad olunmuşdur. Bu bələdiyyə üçün ödənilən əmlak və torpaq vergilərinə aiddirmi, aiddirsə bu barədə yazılı məlumat verilməsi xahiş olunur. Məlumatı Bələdiyyə təqdim etmək üçün veriləcək.
09/10/2020 Read: 106 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 222.5.5-ci maddəsinə əsasən ictimai iaşə fəaliyyətini həyata keçirən şəxslərə Vergi Məcəlləsinin XVIII fəslinin müddəaları şamil edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir.

Qeyd olunanlara əsasən, ictimai iaşə fəaliyyəti məqsədləri üçün istifadə edilən əmlaklara münasibətdə Vergi Məcəlləsinin 224.1-ci maddəsinin müddəalarına uyğun olaraq əmlak və torpaq vergiləri üzrə məbləğdə azadolma tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 222-ci, 223-cü və 224-cü maddələri

4/5 (3 Average count)
Qiymət ver:
Turanə Tarverdiyeva Rüstəm di***@mail.ru ID: 3202
Optimala ödəniş olunub, ancaq ƏDV qaytarmaq mümkün deyil. Xahiş edirəm, köməklik göstərəsiniz.
08/10/2020 Read: 58 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Mustafayev Mustafa Zəkəriyyə oğlu mu***@mail.ru ID: 3198
Pandemiya dövründə Dövlətimiz büdcədən işçilərə əmək haqqı yardımı vermişdir. Dövlət yardımından gəlir vergisi, məcburi dövlət sosial sığorta haqları tutulurmu?
08/10/2020 Read: 145 Average count: 0

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Fərdi sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımlar isə gəlir vergisindən azaddır. Buna əsasən həmin məbləğlər gəlir vergisinin bəyannaməsinin müvafiq vergidən azadolma sətrində əks etdirilməklə bəyan edilir.  

Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Qeyd olunan maliyyə dəstəyindən işçilərə ödənilən əməkhaqqı ümumi qaydada gəlir vergisinə, sosial və işsizikdən sığorta haqqına cəlb olunur.

Məlumat üçün bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. 

Bununla yanaşı, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci, 102-ci və 104-cü maddələri, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsi,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

 

0/5 (0 Average count)
Qiymət ver:
Allahverdiyev Ziya Əli zi***@gmail.com ID: 3063
Salam. FİZİKİ RAHATLIĞIN TƏMİN EDİLMƏSİ ÜZRƏ FƏALİYYƏT dedikdə hansı fəaliyyət növləri nəzərdə tutulur? Qeyri-tibbi şəfa hansı faəliyyət növünə aid ola bilər?
08/10/2020 Read: 110 Average count: 5

"FİZİKİ RAHATLIĞIN TƏMİN EDİLMƏSİ ÜZRƏ FƏALİYYƏT (96040)" iqtisadi fəaliyyə növünə - türk hamamlarının, sauna və buxar hamamlarının, duzluqların, mineral mənbələrin, arıqlamaq və çəki azaltmaq üçün olan salonların, massaj kabinetlərinin, adoptasiya mərkəzlərinin və s. fəaliyyəti kimi komfortların təmin edilməsi və fiziki vəziyyətin yaxşalaşdırılması məqsədilə həyata keçirilən fəaliyyət sahələri aid edilir.

"İqtisadi fəaliyyət növlərinin vergi münasibətləri üzrə vahid standartları" ilə səhifəmizin "Xidmətlər" bölməsinin "Vahid standartlar" altbölməsində tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Təhmin Bağırov Qamət te***@gmail.com ID: 3192
Salam. Bağışlayın narahat edirəm. Vergi xidmətinə işə qəbulla bağlı sizin saytda olan ədəbiyyat siyahısında verilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunu və "Vergilər Nazirliyi haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanı indi nə ilə əvəz olunub? Çünki bu qanun və fərman qüvvədən düşüb. Zəhmət olmasa bu məsələyə aydınlıq gətirərsiniz!
08/10/2020 Read: 44 Average count: 0

Bildiririk ki, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Azərbaycan Respublikasının Qanunu hazırda qüvvədədir.  Eyni zamanda, vergi orqanlarına işə qəbul imtahanı ilə bağlı elan verildikdə, ədəbiyyat siyahısı ilə bağlı əlavə məlumat veriləcəkdir. 

0/5 (0 Average count)
Qiymət ver:
Fərid Göyüşov Feyzi go***@gmail.com ID: 3057
Azərbayncan rezidenti hüquqi şəxsa qeyri-rezident təşkilata Azərbaycan bazarı haqqında marketinq araşdırması edir (Təhlükəsizlik sistemlərinin marketinq tədqiqatı, Məlumatların emalı və təhlili, təhlükəsizlik sistemləri üzrə analitik hesabatın hazırlanması) elektron və ya kagız daşıyıcısı formasında təqdim edir və bununlar bağlı qarşı tərəfdən gəlir əldə edir. Sual olunur ki, təqdim edilən xidmətlər ƏDV-yə cəlb edilirmi və bu xidmətlər üçün rezident təşkilar ƏDV qeydiyyatına durmalıdırmı əgər xidmətlərin dəyəri illik 200 min manatı aşırsa?
08/10/2020 Read: 190 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 165.1.3-cü maddəsinə əsasən malların və bu Məcəllənin 168.1.5-ci maddəsində göstərilmiş xidmətlərin ixracına görə ƏDV sıfır (0) dərəcə ilə tutulur.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə bu xidmətlərin alıcısının olduğu yerdə ƏDV-yə cəlb edilir. 

Onu da qeyd edək ki, bu fəaliyyəti həyata keçirən şəxslərin ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda, onlar ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır və əməliyyatları ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunur.

Eyni xidmətlər rezidentə göstərildiyi zaman, xidmətlərin göstərildiyi yer Azərbaycan Respublikası hesab olunur və xidmətlərə görə edilən ödənişlərdən 18 faiz dərəcə ilə ümumi qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci, 159-cu, 165-ci və 168-ci maddələri.

 

3/5 (3 Average count)
Qiymət ver:
Rauf Zeyni Xurşud az***@gmail.com ID: 3082
Salam. Fiziki şəxs kimi açılan mənə məxsus VÖEN-nin aktiv olub-olmaması barədə məlumat almaq istəyirəm. VÖEN 2900647862
08/10/2020 Read: 81 Average count: 5

8 oktyabr 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Rauf Zeyni Xurşud oğlunun (VÖEN 2900647862) fəaliyyəti aktivdir.

Əsas: Vergi Məcəlləsinin  30-cu maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Rəhimov Mübariz Ənvər oğlu ra***@mail.ru ID: 3041
Salam. ƏDV qeydiyyatında olan hər hansı bir restoran və ya yeməkxana başqa şirkətin işçi heyətinə yeməkxana xidməti göstərir. Bu halda xidmət göstərən təşkilat yazdığı e/Qaimədə göstərilən ƏDV, xidməti qəbul edən təşkilatda necə əksini tapmalıdır? Yeməkxana xidmətləri zamanı xidmətin ƏDV məbləği əvəzləşmədiyi üçün xərcə salınmalıdırmı?Zəhmət olmazsa ətraflı məlumat verərdiniz
08/10/2020 Read: 148 Average count: 0

Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakter daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Həmçinini, işçilərin yemək xərclərinin təmin olunması məqsədilə ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsinə və gəlirdən çıxılan xərclərə aid edilməsinə yol verilmir. 

Qeyd olunan xərclər müəssisənin sərbəst mənfəəti hesabına maliyyələşdirilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109.3-cü və 175.3-cü maddələri. 

0/5 (0 Average count)
Qiymət ver:
Günay Hüseynova Ədilxan gu***@mail.ru ID: 3190
Salam. Mənim həyat yoldaşımın VÖEN inin vaxtı bitib biri 09.09.2020 və digəri 30.09.2020 tarixində. Ancaq e-sosialda baxanda qüvvədə yazılır. Buna görə mən yeni doğulmuş uşağa görə birdəfəlik müavinət ala bilmirəm. Onu necə qüvvədən sala bilərəm?
08/10/2020 Read: 66 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver: