Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Cəfərov Ramil Adil ra***@gmail.com ID: 3326
Salam. 1. Vergi məcəlləsinin 175.3-cü maddəsinə əsasən 109.3-cü maddədə nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. Şirkət E-qaimə əsasında öz işçilərinin istifadəsi üçün digər şirkətdən içməli su (dispenser suyu) alır və ödənişini müvafiq olaraq qarşı tərəfin bank hesabına və ƏDV depozit hesabına ödəyir. 109.3-cü maddədə isə yemək və əyləncə xərcləri qeyd edildiyini nəzərə alaraq içməli su üçün ödənilmiş ƏDV məbləğini əvəzləşdirmək olarmı? 2. Şirkət E-qaimə əsasında marketdən müxtəlif mallar alır və ödənişini müvafiq olaraq qarşı tərəfin bank hesabına və ƏDV depozit hesabına ödəyir. Həmin malların içərisində ofisin təmizlənməsi üçün müxtəlif növ təmizlik vasitələri (sabun, xlor və s.) var. Göstərilən məhsullar üçün ödənilmiş ƏDV məbləğini əvəzləşdirmək olarmı?
24/12/2020 Read: 241 Average count: 4

Bildiririk ki, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və proseduralarına əsasən ƏDV konkret müəssisəsinin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir. Vergi ödəyiciləri təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər, lakin son istehlakçının ƏDV-ni geri qaytarmaq imkanı olmur.

Yuxarıda qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan halda vergi ödəyicisi tərəfindən ofis üçün içməli su, o cümlədən digər təmizlik vasitələri alınan zaman ödənilən ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

Əsas: Vergi Məcəlləsinin XI fəsli.

 

4/5 (5 Average count)
Qiymət ver:
Səmədov Orxan Rüstəm 94***@mail.ru ID: 3454
72 kv mənzil satıram (çıxarışda 68.20 qeyd olunub). Bilmək istəyirdim vergi çıxarışa görə hesablanır, yoxsa ümumi kvadrata görə? Və ümumi nə qədər ödənməlidir bu kvadrata görə? Təşəkkür edirəm.
24/12/2020 Read: 141 Average count: 5

Bildiririk ki, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab olunur.

1 yanvar 2020-ci il tarixdən fiziki şəxslərin xüsusi mülkiyyətində yaşayış sahəsində yaşayış yeri üzrə qeydiyyat müddətindən və ya qeydiyyatda olub-olmamasından asılı olmayaraq həmin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır. Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur. Yaşayış sahəsinin ölçüsü mülkiyyət hüququnu təsdiq olunan sənədə (çıxarışa) əsasən müəyyən olunur.

Eyni zamanda qeyd olunmalıdır ki, fiziki şəxs tərəfindən ailə üzvü olan şəxsə daşınmaz əmlakın təqdim olunması vergi öhdəliyini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1-ci və 220.8-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Günel Hüseynova gu***@mail.ru ID: 3433
Salam. Hüquqi şəxslər tərəfindən COVİD-19 Mübarizəyə Dəstək Fonduna və Silahlı Qüvvələrə Yardım Fonduna köçürülmüş ianələr mənfəət vergısı məqsədləri üçün gəlirdən cıxılan xərclərə aid etmək olarmı? Əgər həmin ianələr mənfəət vergısı məqsədləri üçün gəlirdən cıxılan xərclərə aid olarsa mənfəət vergisi bəyannaməsinin hansı maddəsində əks olunmalıdı?
24/12/2020 Read: 163 Average count: 4

Vergi Məcəlləsinin müddəalarına əsasən, yalnız gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Müraciətinizdə qeyd olunan Koronavirusla Mübarizəyə Dəstək Fonduna və Silahlı Qüvvələrə Yardım Fonduna ödənilən vəsaitlərin vergi ödəyicisinin gəlirlərindən çıxılması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

4/5 (5 Average count)
Qiymət ver:
Ağa Bağırov ag***@mail.ru ID: 3363
Salam. Bakıda paltar mağazası işlədən fərdi sahibkar hansı vergi ödəyicisi hesab olunur və mağaza üçün yeni nəsil kassa aparatını quraşdırmaq üçün hara müraciət etmək lazımdır?
24/12/2020 Read: 134 Average count: 5

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bununla yanaşı pərakəndə ticarət fəaliyyətini həyata keçirən vergi ödəyicisi nağd pul hesablaşmalarını Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidir.

Yeni nəsil kassa aparatlarının (e-kassa) quraşdırılması ilə bağlı e-kassa operatorlarına müraciət etməyiniz tövsiyə olunur. Yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və digər məsələlər barədə suallara www.e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 102-ci, 124-cü, 220-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Hüseyn Hüseynov Nəsib hu***@mail.ru ID: 3354
Salam. Sualım VM 108 maddəsi ilə bağlıdır. Belə ki, həmin maddədə "qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır" hissəsi ilə. Bunu iki misalla sual vermek istəyirəm. 1. Müəssisə sosial xarakterli xərc çəkir və xidməti təqdim edənə xidmətin dəyərini və ƏDV-ni ödəyir. Xidmətin dəyəri sosial xarakterli xərc olduğu üçün gəlirdən çıxılmır. Bəs ƏDV məbləği icbari ödəniş kimi gəlirdən çıxılan xərc kimi tanına bilərmi? 2. Müəssisə işçilərinə bayram münasibəti ilə mükafat verir və bunlar gəlirdən çıxılmayan xərclərə aid edilir, sosial sığorta və işsizlikdən sığorta haqqı icbari ödəniş kimi tanına bilərmi? Təşəkkür edirəm!
24/12/2020 Read: 213 Average count: 5

Cavab 1. Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Müraciətinizdə qeyd olunan birinci halda, gəlirdən çıxılmasına yol verilməyən xərclərlə bağlı ödənilmiş əlavə dəyər vergisinin məbləği həmin xidmətlərin dəyərinin tərkib hissəsi olmaqla, müəssisənin gəlirdən çıxılmayan xərclərinə aid edilir və sərbəst mənfəət hesabına maliyyələşdirilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələri.

Cavab 2. Bildiririk ki, Əmək Məcəlləsinin 157-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş qaydada və formada verilən mükafatlar əmək haqqının tərkibi olmaqla tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilir.

Əlamətdar hadisələr, ad günləri, dövlət bayramları və s. ilə bağlı işçiyə verilən mükafatlar isə işəgötürən tərəfindən kommersiya məqsədləri üçün qarşıya qoyulmuş işlərin yerinə yetirilməsi ilə bağlı edilən ödəniş olmadığından və işəgötürənin sərbəst mənfəəti hesabına maliyyələşdirildiyindən həmin xərclər gəlirdən çıxılan xərclərə aid edilmir. 

Əsas: Əsas: Vergi Məcəlləsinin 108-ci və 109-cu, Əmək Məcəlləsinin 157-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Alışov Rafiq Talış oğlu ra***@mail.ru ID: 3429
Salam. Mən Qarabağ müharibəsi veteranıyam. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüyəm və Fərdi qaydada (yəni fərdi sahibkar kimi qeydiyyata alınmaqla) fəaliyyət göstərən vəkiləm. Gəlirimin 14% faizi miqdarında vergiyə cəlb olunmuşam. Əsas iş yerim Vəkillər Kollegiyasıdır və əmək kitabçam Vəkillər kollegiyasında axlanılır. Əsas gəlirim hüquqi yardımdan əldə etdiyim qonarardır. Sualım odur ki, mənim Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən vergi güzəştindən istifadə etmək hüququm vardırmı?
23/12/2020 Read: 193 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.

Eyni zamanda, vəkillik fəaliyyəti ilə fərdi qaydada məşğul olan və vergi orqanında uçotda olan vəkilin göstərdiyi xidmətlərə görə əldə etdiyi ödənişlərdən bu fəaliyyət üzrə çəkilmiş xərclər, o cümlədən qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə məcburi dövlət sosial sığorta haqqı hesablanaraq ödənilməlidir.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mühaaribə veteranları üçün nəzərdə tutulmuş güzəşt yalnız muzdlu işdən əldə olunan gəlirlərinə münasibətdə tətbiq olunur.

Vergi ödəyicisinin fərdi qaydada uçota alınmaqla sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətindən, o cümlədən vəkillik fəaliyyətindən əldə etdiyi gəlirlər muzdlu işdən gəlirə aid edilmədiyi üçün azadolma həmin gəlirlərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.2.7-ci maddələri,  “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5.5-ci maddəsi, , “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu, Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Average count)
Qiymət ver:
Röyal İsgəndərli is***@gamil.com ID: 3695
Salam, mən Dövlət Vergi Xidmətində könüllü kimi çalışmaq istərdim.
23/12/2020 Read: 51 Average count: 0

Bildiririk ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.

Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə müraciət edənlərə məlumat veriləcək.

0/5 (0 Average count)
Qiymət ver:
Aygün Məmmədova ay***@gmail.com ID: 3694
Salam, hal-hazırda www.edvgerial.az saytına keçid etmək mümkün deyil. Bunun əvəzində "application" ilə keçid təklif olunur, lakin qeydiyyatdan keçmək olmur. Mövcud problemin həlli bağlı məlumat verərdiniz. Təşəkkür!
23/12/2020 Read: 41 Average count: 0

Bildiririk ki, edvgerial.az portalından https://edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və https://edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidləri vasitəsilə istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ədilə Albabalı nu***@gmail.com ID: 3693
"Birbank"-da ƏDV yükləmişdim, telefon almışdım 3679.00 manata, ona çek verdilər, qaytarılmalı ƏDV 56 man. Bir ay tamam oldu, "Birbank"-dan ləğv olundu, niyə ləğv olunsun?
23/12/2020 Read: 74 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Average count)
Qiymət ver:
Elməddin Əhmədov 88***@gmail.com ID: 3689
Mən asan imza üçün müraciət edəndə həmin gün verilir?
23/12/2020 Read: 44 Average count: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat müraciət zamanı çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

0/5 (0 Average count)
Qiymət ver:
Afiq Əliyev Arif oglu af***@mail.ru ID: 3687
Salam mən sabah VÖEN almaq ücün ASAN xidmətə gedəcəm, onu hansı müddətə ala bilərəm?
23/12/2020 Read: 44 Average count: 0

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyəti təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə fiziki şəxs vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə xidmət mərkəzlərində (o cümlədən ASAN xidmət mərkəzlərində) emal müddəti nəzərə alınmaqla müraciət zamanı elektron kabinetə göndərilir (ərizədə qeyd olunduğu halda əlavə olaraq kağız daşıyıcıda verilir).

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Paşayev Elçin Rüstəm oğlu ep***@gmail.com ID: 3685
Vergi Məcəlləsinin 102.1.3.1-cü maddəsinə əsasən hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, gəlir vergisindən azaddır. Belə olan halda müəssisə öz işçisinə 1000 manatdan az, məsələn 900 manat müalicə haqqı ödəmək üçün maddi yardım verərsə, bu gəlirlər məcburi dövlət sosial sığorta haqqına və işsizlikdən sığorta haqqına (işəgötürən və işçi tərəfindən ödənilən) cəlb edilməlidirmi?
23/12/2020 Read: 302 Average count: 5

Bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra - Qanun) 15-ci maddəsinin 12-ci abzasına əsasən muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Eyni zamanda “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Buna əsasən, əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

5/5 (1 Average count)
Qiymət ver:
Gülü Məmmədova re***@gmail.com ID: 3684
Şəxsi kabinetimə girə bilmirəm. 1 həftədir silib yenidən yükləyirəm, yenə girmək olmur, səbəb?
23/12/2020 Read: 37 Average count: 0

"edvgerial.az" portalında sizə məxsus olan şəxsi kabinetinizlə bağlı yaranan texniki problemlərlə bağlı müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Ruslan Məmmədov Sultanəhməd oğlu ru***@gmail.com ID: 3682
Salam, mənim müraciətim VÖEN açdırmışdım, sonradan gedib bağlatdırdım. Xahiş edirəm onu yoxlayıb mənə bir cavab verəsiniz.
23/12/2020 Read: 39 Average count: 0

Bildiririk ki, Məmmədov Ruslan Sultanəhməd oğlu (VÖEN 4501605802) vergi ödəyicisi kimi uçotdadır və 24 dekabr 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Average count)
Qiymət ver:
Bağırov Bəhruz Kamal oğlu sh***@mail.ru ID: 3680
Salam. Mənə Vergilər Nazirliyindən hesabıma Pul oturmuşdu. Bankın adıda AG bank idi. Bu bank fəaliyyətini dayandırıb hal hazırda. Özümdə Sədərək Ticarət mərkəzində işləyirəm, mağazam da qapalıdır. Zəhmət olmasa, mənə kömək edin.
23/12/2020 Read: 40 Average count: 0

Bildiririk ki, Əmanətlərin Sığortalanması Fondu “AG Bank” ASC-nin ləğvedicisi təyin edilmişdir. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Mazqarov Nizami Cəmaləddin oğlu ni***@gmail.com ID: 3430
Ölkə xaricində (Misal olaraq Türkiyədə) rezident fiziki şəxs tərəfindən tibb xidmətinə görə pos-terminal vasitəsi ilə (Azərbaycan Respublikasının banklarına aid plastik kartla) ödənilən vəsait ƏDV-yə cəlb olunmalıdırmı?
23/12/2020 Read: 188 Average count: 5

Bildiririk ki, sorğuda qeyd olunmuş halda Azərbaycan Respublikasında əldə edilmiş bank kartı vasitəsi ilə xarici ölkədə POS terminal vasitəsi ilə edilmiş ödənişlərdən ƏDV-nin tutulması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

Fiziki şəxslərin ödəmələrindən ƏDV-nin tutulması Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq elektron ticarət qaydasında alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən bu fəslin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. Bu Məcəllənin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Əsas: Vergi Məcəlləsinin 159-cu və 169-cu maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Adil Mehdiyev Qüdrət oğlu ad***@mail.ru ID: 3679
Salam! Bilmək istərdim niyə bu günə kimi məişət tullantıları və MİS -in pulları nağd qapı qapı yığılır və bu ödənişləri bu günə kimi ONLAYN ödəmək mümün deyil? Və həmçinin də Sumqayıt Bələdiyyəsinin Daşınmaz əmlak Vergisini?
23/12/2020 Read: 98 Average count: 4

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda kommunal xərclərin ödənilməsinin birmənalı olaraq nağdsız qaydada aparılması təsbit olunmuş, Vergi Məcəlləsinin 58.7-1.5-ci maddəsində isə kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə münasibətdə maliyyyə sanksiyasının tətbiqi nəzərdə tutulmuşdur.

Həmçinin, bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi həmin əmlakın ümumi sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə müvafiq bələdiyyələr tərəfindən hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi hər il 1 avqust tarixinədək mənzilin mülkiyyətçisinə çatdırılır. Mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

Əsas: Vergi Məcəlləsinin 4-cü, 58-ci, 196-cı,197-ci və 200-cü maddələri və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsi.

4/5 (3 Average count)
Qiymət ver:
Zeynallı Ceyhun Məzahir oğlu un***@mail.ru ID: 3419
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs (fərdi sahibkar) ƏDV ödəyicisi olan hüquqi şəxsə qeyri- yaşayış sahəsi icarəyə verir. Bu zaman icarəyə verən fərdi sahibkarın hansı vergi öhdəliyi yaranır.
23/12/2020 Read: 106 Average count: 0

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda icarə haqqı hüquqi şəxs tərəfindən ödənildiyi üçün, ödəmə mənbəyində vergi hüquqi şəxs tərəfindən tutularaq, qalan məbləğ fiziki şəxsə ödənilməlidir. 

Eyni zamanda, fiziki şəxsin icarə haqqından əldə etdiyi gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlir olduğu üçün ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 124-cü və 159-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədəli Əliyev Saxlali ra***@mail.rumail.ru ID: 3461
Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 13.2.62 maddəsi Pərakəndə satış mallarının alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədiylə və yalnız bu məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya NKA çeki (Sahibkarlıq fəaliyyəti həyata keçirən hüququ və fiziki şəxslərin tələbiylə elektron qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;) Bu maddənin daha aydın və dəqiq necə başa düşmək olar? Sahibklar olmayanlara bunun nə kimi aidiyyəti olacaq?
22/12/2020 Read: 93 Average count: 5

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir.

Bundan əlavə malların alıcısı sahibkarlıq fəaliyyəti həyata keçirən hüququ və fiziki şəxs olduqda, vergi ödəyicisi malların alıcısı olan vergi ödəyicisinin tələbi ilə elektron qaimə-faktura təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci, 16.1.8-ci və 71-1-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Əsədov İlqar Qasım oğlu il***@outlook.com ID: 3678
Salam. Sualım belədir ki, vergi ödəyiciləri tərəfindən dövlət büdcəsinə ödənməli olan vergilər və “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər yalnız bank hesabındanmı ödənməlidir ? Bank hesabından ödəməmək Nağdsız hesablaşmalar haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU-nun tələblərinin pozulması hesab edilirmi? Beləki, bildiyimiz kimi, Nağdsız hesablaşmalar haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU-nun 3.4 -cü maddəsinin müddəalarına əsasən sözügedən ödənişlər nağdsız formada edilməlidir. Həmçinin elə həmin qanunun 3.2-ci maddəsinin müddəalarına uyğun olaraq Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) edilən ödəniş hesab edilir. Belə olan təqdirdə İqtisadiyyat Yanında Dövlət vergi xidməti və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan Dövlət Sosial Müdafiə Fondu vergi ödəyicisi sayılırmı ? Belə ki, Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə uyğun olaraq Vergi ödəyicisi - Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Habelə onu da qeyd edim ki, bank hesabından ödəməmək , məsələn ödəniş terminalından ödəmək Nağdsız hesablaşmalar haqqında qanunun tələblərini pozmaq deməkdirsə, nəyə görə ödəniş terminallarında Dövlət Vergi Xidmətinə və DSMF-ə ödəniş edə bilmək üçün bölmələr ayrılmışdır ? Xahiş edirəm suallarıma yalnız maddə göstərməklə deyil, ətraflı və asan anlaşılan formada cavab verəsiniz. Dərin təşəkkürlər !
22/12/2020 Read: 118 Average count: 0

Bildiririk ki, hüquqi və fiziki şəxslər tərəfindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4.1-ci maddəsində müəyyən edilmiş vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin ödənilməsi Qanunun 3.1-ci maddəsi ilə müəyyən olunmuş nağdsız hesablaşmaların hər üç növü üzrə (bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürmə yolu ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada bank hesabına köçürülməklə) həyata keçirilə bilər.

0/5 (0 Average count)
Qiymət ver: