Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Təbriz Haciyev Rəşid te***@gmail.com ID: 3847
Salam. Mənim adıma xəstəlik vərəqəsi açılıb, mən xəstə yatıram, yataq şərayitində müalicə alıram. Mən bilmək istəyirəm ki, mən qaz idarəsində müqavilə əsasında işləyirəm. Mənə xəstəlik vərəqəsi açıldığı üçün mənə maaşdan əlavə müavinat ayrılmalıdır?
10/01/2021 Read: 84 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur

5/5 (1 Average count)
Qiymət ver:
Bayramov Elşən Səyyad qa***@mail.ru ID: 3846
Salam, mən Davinci klinikasında ödəniş etdim, çek verildi və onun ƏDV-si geri oturmur. Niyə görəsən, yazılır ancag pərakəndə satış, bəs niyə bunda fiskal iD var axı?
10/01/2021 Read: 51 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Məhparə Bayramova Şahniyar qızı Se***@gmail.com ID: 3845
Mənim adıma VÖEN var, bağlatmaq istəyirəm sizdən xahişim budur.
10/01/2021 Read: 59 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Soltanova Aytəkin Rövşən qızı mo***@gmail.com ID: 3844
Salam. Övladımın olduğu 8 aydır, amma süd pulunu ala bilmirəm. Oğlumun adı kompüterə düşməyib deyirlər. Həm də yoldaşımın adında VÖEN olduğu üçün verilmir. Neçə yerə müraciət edirəm, eyni söz deyilir. Əgər yoldaşımın adında VÖEN varsa, mən işsizlik üzrə arayış alsam ala bilərəm süd pulunu və haradan? Neynirəmsə, ala bilmirəm süd pulunu.
10/01/2021 Read: 58 Average count: 5

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

 

5/5 (1 Average count)
Qiymət ver:
Etibar Hüseynov Bəxtiyar Et***@gmail.com ID: 3843
Mən ƏDVgerial.azda qeydiyyatda olan nömrəni dəyişmək istəyirəm. Qeydiyyatda olan nömrə hazırda işlək vəziyyətdə deyil və mənim adıma deyil. Nömrəni yeniləmək üçün isə köhnə nömrəyə SMS kod göndərir. Köhnə nömrə məndə olmadığından ümumiyyətlə heç bir ödəniş edə bilmirəm sayt vasitəsi ilə. Sualım odur ki, saytda qeydiyyatda olan nömrəni köhnə nömrədən istifadə etmədən necə yeniləyə bilərəm?
10/01/2021 Read: 60 Average count: 5

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.

5/5 (2 Average count)
Qiymət ver:
Zeynalov Süleyman Gündüz oğlu ze***@gmail.com ID: 3842
Mən VÖEN-lə işləyirəm, lap birinci dəfə yardım edilləndə mənə düşmüşdü 333 AZN. Bəs bu dəfə niyə düşmədi və nəyə əsasən verilirdi, bilmək istəyirdim.
09/01/2021 Read: 59 Average count: 0

Bildiririk ki, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin (eyni zamanda Sizin) yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür.

0/5 (0 Average count)
Qiymət ver:
Xidirov Saleh Ayvaz oglu sa***@gmail.com ID: 3841
Salam. Bilmək istərdim həyətyanı və pay torpaqlarıə üçün verilən vergilər qaldırılıbmı? Qaldırılıbsa nə qədər qaldırılıb? Zəhmət olmasa cavablandırardınız.
09/01/2021 Read: 99 Average count: 0

Bildiririk ki, mövcud qanunvericiliyə əsasən vergitutma məqsədləri üçün torpaq sahəsi 3 kateqoriyaya bölünüb:

a) Kənd təsərrüfatı üçün nəzərdə tutulan və təyinatı üzrə istifadə olunan;

b) Kənd təsərrüfatı üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan;

c) Digər (yaşayış, sənaye, nəqliyyat və s. təyinatlar üzrə) istifadə olunan torpaqlar.

Yuxarıda qeyd olunan torpaq sahələrinin hər bir kateqoriyasına görə Vergi Məcəlləsində ayrı-ayrı vergi dərəcələri nəzərdə tutulmuşdur. Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş“Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Torpaq vergisinin dərəcələri Vergi Məcəlləsi ilə müəyyən edilir, lakin bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

0/5 (0 Average count)
Qiymət ver:
Zaur Ağazadə Qalib za***@gmail.com ID: 3839
Salam, suallarima ətraflı cavab verməyiniz xahiş olunur 1) 2020 -1 Yanvardan icbari tibbi sığorta tətbiq olunan rayonlar üzrə sahibkarlar və işçilər ödəmə etməlidirlərmi? Yoxsa bütün respublika üzrə yanvar 2021-dən tutulacaq? 2) İcbari tibbi sığorta ilə bağlı DSMF, vergi hesabatı kimi hesabat verilməlidirmi? Verilməlidirsə doldurulma qaydası, hesabatın formasını necə əldə etmək olar (saytınızda tapmadım). 3) Müəssisə tərəfindən ödənməli olan icbari tibbi sığorta haqqı ümumi işçilərə ödənilmiş əmək ödənişi fondu üzərindən hesablanır, yoxsa ayrı-ayri işçilər üzrə. Bu bəndi misalla izah edirəm. Məsələn:500 işçisi olan bir müəssisəm var. Deyək, hərəsinə də 300 manat maaş verirem, mənim müəssisəm tərəfindən verilməli olan icbari sığorta ödənişi aşağıdakı hesablamalardan hansıdır? a) 150 000 (500×300) 1 ay üzrə əmək haqqı ödənişi olub. Bu ödənişin 8000-nin 1 faizi +8000-dən yuxarı olan məbləğin 0.5 faizi? (özəl sektor üzrə) b) Hər işçiyə ödədiyim 500 AZN üzərindən hesablama, yəni hər 500-ün 1 faizi? (5 azn×300)
09/01/2021 Read: 84 Average count: 5

Cavab 1. İcbari tibbi sığorta haqqı 1 yanvar 2021-ci il tarixdən bütün ölkə ərazisində ödənilir.Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2019-cu il tarixli 502 nömrəli Fərmanı ilə icbari tibbi sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət vergi orqanlarına həvalə edilmişdir.

Cavab 2. “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. 

Cavab 3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.

Bu maddədə nəzərdə tutulan əməkhaqqının 8000 manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilir.

İcbari tibbi sığorta haqqının hesablanması zamanı nəzərdə tutulan 8000 manat hər bir işçinin aldığı əməkhaqqı üzrə ayrılıqda hesablanır.

Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Əsədova Edilya Qərib ed***@yahoo.com ID: 3838
Koronovirus Pandemiyasinnan bağli ödənilən müavinət "Mənfəət vergisi" bəyannaməsində necə öz əksini tapmalıdır? Əmək haqqı fondunu azaldır, yaxud kapitallaşdırmanı artırır?
09/01/2021 Read: 96 Average count: 3

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

3/5 (1 Average count)
Qiymət ver:
Tacilə Kərimova Allahverdi qe***@gmail.com ID: 3837
Qaçqınlığa görə (Ermənistandan) gəlir vergisində edilən güzəşt nədir?
09/01/2021 Read: 80 Average count: 5

Məcburi köçkün statusu alan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinə gəlir vergisindən güzəştin tətbiqi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.

Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

5/5 (1 Average count)
Qiymət ver:
Qəhrəman Həşimov Nəriman qe***@gmail.com ID: 3835
Salam. Mən 2017-ci ildə VÖEN açdırmışam. Lakin ele həmin ay dondurmuşam fəaliyyəti. İndi yenidən aktivləşdirmək istəyirəm VÖEN-ni lakin kodunu və parolu unutmuşam. Yenidən necə aktivləşdirə bilərəm yəni yeni kod və parol necə əldə edə bilərəm. Bunun üçün Bakıda yerləşən müvafiq orqana müraciət edə bilərəm ya Qəbələ qeydiyyatı olduğum üçün Qəbələdə müraciət etməliyəm ?
09/01/2021 Read: 102 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya yararsız hala düşdükdə, unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Vüsalə Mikayılova vu***@gmail.com ID: 3834
07 dekabr 2020 tarixdə 41000 manata avtomobil aldım, lakin hələ də 625 manat ƏDV mənə qaytarılmayıb. 31 gün keçib, lakin ƏDV mənə qaytarılmayıb.
09/01/2021 Read: 68 Average count: 1

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

1/5 (1 Average count)
Qiymət ver:
Kəmalə Abbasova Ələddin Qızı ka***@gmail.com ID: 3833
Salam. Mən 190 manat müavinət almamışam. Xəstə ana-atama baxıram. Atam 1ci qrup əlildir, anam 2-ci qrup əlildir. E-sosialdan qeydiyyatdan keçmişəm. Mənə heç bir mesaj gəlmədi ki, 190 manat birdəfəlik ödəmə mənə düşür ya yox Getdim Məşğulluq İdarəsinə mənə dedilər səndə status var, gözlə. İndiyə qədər gözləyirəm, internet vasitəsilə yoxlayıram, mesaj gəlmir ki, birdəfəlik ödəmə mənə düşür ya yox dəqiq bilim. Nə də birdəfəlik ödəmə verilmir mənə. Heç yerdə işləmirəm, 4-aydır hamı birdəfəlik ödəməni alır, mənim buna ehtiyacım ola-ola mənə verilmir. Mənə bir söz deyirlər gözlə, bilmirəm nə vaxta qədər gözləyim. Məşğulluq idarəsinə gedəndə də deyir gözl,ə hamıya mesaj da gəldi ki, 190 manat ona düşür ya yox. Kartını da aldı, pulunu da. Mən hələ də gözləyirəm. Xahiş eləyirəm, mənə kömək edin, mən də alım birdəfəlik ödəməni.
09/01/2021 Read: 44 Average count: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənov Tərlan te***@bk.ru ID: 3830
Salam, xahiş edirəm mənə köməklik göstərəsiniz mənim adıma uşaqın süd pulu vurulmalı idi. Artıq 3 ay oldu, gəlmədi əlaqə saxladım. Dedilər sən hesabat verməlisən. Mən də razılaşdım. Yaxınlaşdım Cəlilabad rayon Vergilər Şöbəsinə, mənə dedilər biz onlayn müraciətləri qəbul edirik. Mən də onlara bildirdim ki, onlayn növbə götürmək mümkün deyil. Neçə dəfə cəhd elədim, ancaq yazır yerlər doludur. Masallı rayon asan xidmətə müraciet eledim. Onlar dedi ki, biz qəbul etmirik. Öz rayonunuzda Vergilər idarəsinə müraciət edin. Bu gün də yenə zəng elədim qaynar xəttə, dedilər gecə 12 dən sonra növbə götür. Mən də bildirdim ki, mümkün deyil nə vaxt daxil oluram ancag bir söz var, deyir ki, yerler doludur. Xahiş edirəm, mənə köməklik edəsiniz. Özüm də ikinci qrup anadan gəlmə əliləm. Xahiş edirəm kömək eləyin.
09/01/2021 Read: 46 Average count: 0

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Anar Allahverdiyev Etibar al***@mail.ru ID: 3829
Mikro sahibkaram 11 aydır obyektim bağlıdır. 2 dəfə pandemiyaya görə 250 manat almışam. 11 aydır iş yoxdur, atdım nə vaxt göstərəcəksiz dəqiq bilmək istəyirəm?
09/01/2021 Read: 44 Average count: 0

Bildiririk ki, sonuncu mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür.

0/5 (0 Average count)
Qiymət ver:
Tofiq Sadıqzadə Bağır to***@gmail.com ID: 3828
Kurs mərkəzi açdırmaq istəyirəm. Bunun üçün hüquqi ad almaq istəyirəm. Buna görə hansı sənədlər lazımdır? Və bir də bu barədə Təhsil Nazirliyindən icazə almaq lazımdır?
08/01/2021 Read: 102 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün ,saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik. 
"Hazırlıq kurslarının fəaliyyəti" xüsusi razılıq tələb edən fəaliyyət növlərinə aid edilmədiyi üçün, lisenziya tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayıl Xələfzadə Bəxtiyar ca***@gmail.com ID: 3827
Salam. Mən vergi idarəsinə onlayn növbə tutmaq istəyirəm. Xananı düzgün doldururam, amma mənə gəlir ki, guya FİN kod nömrəyə uyğun deyil. Mənə kömək edin, necə edim?
08/01/2021 Read: 43 Average count: 0

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Onlayn növbəyə yazılmaq üçün qeyd olunan mobil nömrə müraciət edən şəxsin adına qeydiyyatda olmalıdır.

0/5 (0 Average count)
Qiymət ver:
Ibrahimov Ayaz Yəhya oqlu sa***@gmail.com ID: 3825
Salam, mobil taksi tətbiqi üçün qeydiyyatdan necə keçmək lazım və VÖEN necə əldə etmək olar?
08/01/2021 Read: 92 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitəsi ilə respublika ərazisində taksi ilə sərnişin daşımaları həyata keçirən şəxs olan sadələşdirilmiş vergi ödəyicisinin vergisi 1 ədəd nəqliyyat vasitəsi üçün Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında 18 manat, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı və onun kəndləri istisna olmaqla) 13,5 manat, digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında isə 9 manat təşkil edir.

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği 02.06.2020-ci ildən 01.01.2026-cı ilədək minimum aylıq əməkhaqqının 25 faizindən 6 faizinə endirilmişdir. Bakı şəhərində taksi fəaliyyətini həyata keçirən şəxs minimum aylıq əməkhaqqının 6 faizinə 2 əmsal tətbiq etməklə hər ay üçün 30 manat sosial sığorta haqqı ödəməlidir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 218-ci, 220-ci, 221-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Şahin sa***@mail.ru ID: 3823
Salam. Fərdi sahibkar (mikro sahibkar) olaraq əldə etdiyim gəlir məbləğinin vergisini ödədikdən sonra yerdə qalan hissə mənim xalis gəlirim sayılır. Xalis gəlirimi sahibkar (VÖEN) hesabımdan şəxsi hesabıma nağdsız şəkildə transfer edəndə 1% sadələşdirilmiş vergi tətbiq edilirmi? Xahiş edirəm, cavab Vergi Məcəlləsinin müvafiq maddələri ilə cavablandırılsın. Əvvəlcədən təşəkkürlər
08/01/2021 Read: 137 Average count: 3

Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Maddədə qeyd olunduğu kimi, müvafiq vergi yalnız pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılması zamanı tətbiq olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Nərgiz israfilova Tarel Na***@gmail.com ID: 3822
Salam. Mənim şikayətim ədv qaytarılması ilə bağlıdır. Bir neçə çekim məbləği yüksək olduğuna görə qanunvericilikdə göstərilmiş müddəti keçməyinə baxmayaraq geri qaytarılmır. Xahiş edirəm,məbləğlərin hesaba oturmasını təmin edəsiniz.
08/01/2021 Read: 71 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: