Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Rəhimov Elnay Niyazi oğlu re***@mail.ru ID: 4452
Mənim şirkətimdə VÖEN-nin bağlanmağının 5 ili 2021 mayın 1-i tamam olur, bu VÖEN o zaman avtomatik aktivləşir? Və Onu Aktivləşməmiş yenidən bağlamaq olar?
04/04/2021 Read: 66 Average count: 0

Vergi ödəyicisinin gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda İnternet Vergi İdarəsi portalı üzərindən hüquqi şəxsin fəaliyyətinin onlayn rejimdə yenidən dayandırılması mümkündür. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki “Hüquqi şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Məlumat üçün nəzərinizə çatdırırıq ki, arayışda qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə vergi ödəyicisinin fəaliyyətinin dayandırılması haqqında müraciətində göstərilən son tarixdən etibarən fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Ülvi Məmmədov Əlövsət ul***@gmail.com ID: 4451
Salam. Sağlamlığımda problem olduğundan hərbi xidmətdə olmamışam. Bu halda vergi orqanlarında işləyə bilərəmmi? Öncədən təşəkkürlər.
03/04/2021 Read: 87 Average count: 5

Bildiririk ki, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidməti keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

5/5 (1 Average count)
Qiymət ver:
Fuad Əliyev Əvəz oğlu fu***@mail.ru ID: 4446
Salam. Bizdə ləğv olunan ƏDV faizləri var. Səbəbini bilmək istəyirəm. Dərman preparatıdır. FtWetFYuZdkb dərman, DVo4qSdn6CgN qida, Fjfg86pCAwc6 dərman. Bunların səbəbini yaz bilərsiniz zəhmət olmasa. Bizim həyətin aptekidir. Hər zaman onlarla problem olur. ya ədv qeydiyyata düsmur. yada ləğv olunur. Zeytun parmacy baxis aptek.
03/04/2021 Read: 77 Average count: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

Sorğunuzda qeyd olunan çeklər üzrə ƏDV-nin müəyyən olunmuş hissəsinin geri qaytarılması təmin edilmişdir. 

5/5 (2 Average count)
Qiymət ver:
Arif ar***@mail.ru ID: 4443
Mənə maraqlıdır ki, fərdi sahibkar aktiv VÖEN varsa, amma iş fəaliyyəti yoxdursa, yəni gəliri olmayıb, o necə, haradan və niyə Tibbi sığorta ödəməlidir? Düz o olardı ki, gəliri olduğu aylarda tibbi sığorta ödəsin. Ümumiyyətlə fərdi sahibkar üçün vergi, sosial ösənişlər düz deyil. Elə sahibkar var xidmətdən aya 1000 manat qazanır, elə sahibkar var aya 150 manat qazanır. Hər ikisi dövlətə eyni vergi ödəyir, yəni vergi 5%, MDSS əməkhaqqının 25 % (250*25%) və Tibbi sığorta minimum əməkhaqqını 4%. Belə çıxır ki, 150 manat qazancı olan fərdi sahibkar bu gəlirdən 80 manat vergi ödəməlidir. Hələ bu 150 manat bank hesaba daxil olubsa, ordan da nağdlaşdırma 1% və bank xidmət haqları çıxılır. (ayrı-ayrı aylarda daxil olubsa bu daha çox sosial ödəniş edir 70+80) Heç olmazsa az gəliri olan fərdi sahibkar üçün bir güzəşt nəzərdə tutun. DSMF 15 % edin, nə olar.
02/04/2021 Read: 115 Average count: 0

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər.

Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Eyni zamanda bildiririk ki, icbari tibbi sığorta üzrə sığorta haqları şəxsin fəaliyyəti üzrə gəlir əldə etmədiyi dövrlər üzrə hesablanmır.

Əsas:  “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci və 15-10-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Rasim Binnətli Məmməd oğlu ra***@gmail.com ID: 4442
Salam. Vətəndaş Binnətli Başxanım Fərhad qızına heç bir əsas olmadan veön açılmışdır. Lök-Batan qəsəbəsi vergi idarəsinə yaxinlaşıb məlumat almaq istədikdə bizə cavabları Bankda pul dəyişməsi ilə əlaqədar oduğunu bildirdilər.Mən Binnətli Rasim Məmməd oğlu vətəndaşın oğlu olaraq sızə bildirmək istəyirəm ki,həmin pul mənim 1 iilik əmək haqqımdir və i.lədiyim şirkət həmin pulun vergisini və sosialını ödəmişdir.Hal- hazırda Akkord STİK ASC-də SƏTƏMM mühəndisi vəzifəsində işləyirəm.Əmək haqqım net 1500.vergi daxil 1680 Azn-dir.Bu barədə mən əməkdaşlarınıza telefon vasitəsi ilə məlumat vermişdim və əməkdaşlarıniz qeydiyyat eləmələrini bildirsələrdə məktub yenədə göndərilməkdədir.Xahiş edirəm nəzərə alasiniz.
02/04/2021 Read: 112 Average count: 2

Bildiririk ki, fiziki şəxs konvertasiya olunmuş vəsaiti vergiyə cəlb olunmadığı aşkar edildikdə həmin şəxsin belə gəliri (vergidən azad olunan gəlir növü istisna olmaqla) onun qeyri-sahibkarlıq fəaliyyətindən gəliri kimi qiymətləndirilir və Vergi Məcəlləsinin 16-cı, 33-cü maddəsinin tələbləri nəzərə alınmaqla vergi uçotuna alınır və Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq həmin gəlirə xərclər çıxılmadan 14 faiz dərəcə ilə kameral vergi yoxlaması qaydasında vergilərin hesablanması həyata keçirilir.

Elektron müraciətlərinizin araşdırılması üçün (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

2/5 (3 Average count)
Qiymət ver:
Tağıyev Əli Sabir ta***@mail.ru ID: 4439
Əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya , o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiyadan gəlir vergisi hesablanarkən, işçinin Vergi Məcəlləsinin "Maddə 102. 4" maddəsində qeyd olunan güzəşt hüququ varsa, o zaman hesablamada 100+200 =300 manat güzəşt kimi tətbiq olunmalıdır?
01/04/2021 Read: 136 Average count: 5

Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.   

İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əmək haqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman işçiyə hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.4-cü maddəsində nəzərdə tutulan vergi güzəştinin məbləği çıxılır. 

Eyni zamanda gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilən 200 manat çıxılır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Əzizova Leyla Süüleyman qızı le***@gmail.com ID: 4437
Salam. Mən "A" MMC olaraq, qeyri rezident olduğu "B" şirkətə Azərbaycan Respublikaısı ərazisində reklam xidməti göstərirəm. Müqavilə dəyəri 10000 USD. Bizim müqavilədə belə bir şərt var ki, mən əhali arasında sorgü sual aparıram (intelektual suallar) və qalibə 1000 manat mükafat verirəm. Sual: 1. bu əməliyyatdan mənim hansı vergi öhdəliklərım yaranır? 2. 1000 manat verilən məbləğ (mükafat kimi intelektual oyunda udan şəxsə verilən məbləğ) mən "A" MMC olaraq öz mənfəətdən çıxa bilərəm?
01/04/2021 Read: 143 Average count: 5

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinin müddəlarına əsasən beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyərinin 4000 manatadək, respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində isə – 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. 

Eyni zamanda Vergi Məcəlləsinin 101.5-ci maddəsinin müddəlarına əsasən  yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyd olunanlara əsasən, keçirilən müsabiqədən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) gəlir vergisindən azad olunan hissə çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Sorğunuzda qeyd olunan müsabiqənin keçirilməsi gəlirin əldə olunması ilə bağlı olduğu halda, həmin xərclər gəlirdən çıxıla bilər.

 

5/5 (1 Average count)
Qiymət ver:
Şamxal Kərimov Vəli oğlu ke***@gmail.com ID: 4268
Hörmətli cənablar, baş vermiş bir əməliyyat üzrə vergi öhdəliyinin müəyyən edilməsi üçün Sizdən dəstək almaq istəyirəm. Cəmiyyət əməkdaşlarının iş qabiliyyətinin artırılması və təkmilləşdirilməsi məqsədi ilə qeyri-rezidentdən təlim xidmətləri alır. Bu təlim xidməti üçün qeyri rezidentin nümayəndəsi Azərbaycan Respublikasına gəlmir və Cəmiyyət də öz əməkdaşlarını xaricə göndərmir. Təlim isə onlayn olaraq, internet platforması üzərindən təşkil edilir. Bu zaman, qeyri-rezidentə ödəniş zamanı, Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ÖMV hesablanır, lakin Qeyri-rezidentin ƏDV-si üçün isə hansı maddəyə (maddənin bəndinə) əsaslanmalı olduğumu müəyyən edə bilmədim. Beləki, bu əməliyyatda Vergi Məcəlləsinin 168.1.3 (təhsil), 168.1.5 (elektron ticarət), 168.1.6 maddələrinin tətbiqi ilə bağlı yanaşmanı bizimlə bölüşməyinizi xahiş edirəm. Yekun olaraq, təlim xidmətinin 168.1.3-cü maddədə qeyd edilən təhsil xidmətinə və ya 168.1.5-ci maddədə qeyd edilən elektron ticarətə və ya 168.1.6-cı maddələrindən hansı istinad ediləcəyi və qeyri-rezidentin ƏDV-sinin hesablanıb hesablanmayacağını bildirməyinizi xahiş edirəm.
31/03/2021 Read: 372 Average count: 4

Bildiririk ki, qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və tutulmuş vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.

Eyni zamanda qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən təhsillə bağlı onlayn xidmətlərin göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən qeyri-rezident şəxsin göstərdiyi təhsillə bağlı onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

4/5 (8 Average count)
Qiymət ver:
Sənan Sa***@mail.ru ID: 4436
Salam. Mən nağdsız ödəniş edirəm. Mənə geri qayıdan ƏDV faizi nə üçün 15% deyil, 12.8% olur?
31/03/2021 Read: 169 Average count: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. Yenə də qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünürsüzsə, müvəkkil banklara və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".

5/5 (1 Average count)
Qiymət ver:
Orxan Məmmədli Fikrət o.***@flyinn.az ID: 4271
Hörmətli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, ƏDV bəyannaməsinin 306.1-ci sətrində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliiyatlar bölməsində qeyri-rezident tərəfindən təqdim edilən hesab və təhvil-təslim aktında qeyd olunan tarixə həmin günün məzənnəsinə əsasən AZN ekvalentində göstərilir. Bildiyimiz kimi, qeyri-rezidentə görə yaranmış ƏDV büdcəyə qeyri-rezidentə ödəniş edildiyi vaxt ödənilməlidir . Sual? Büdcəyə ödəniləcək qeyri-rezidentə görə yaranmış ƏDV borcu hesab (invoice)-da qeyd olunan tairixə əsasən məzənnə diqqətə alınmalıdır yoxsa ödənilən zamankı məzənnə ? Misal : 28.01.2021 tarixində qeyri-rezident 100.00 AVRO xidmət göstərmişdir (28.01.2021-2.0554 AZN) mən Yanvar bəyannaməsində 306.1 sətirdə (100.00*2.0554=205.54 AZN) göstərmişəm. Ödəniş edilib 25.02.2021 günün məzənnəsi 2.0697 əsasən 100*2.0697=206.97 AZN. Mən indi büdcəyə ödəyəcəyim ƏDV 205.54 AZN yoxsa 206.97 AZN-dən hesablamalıyam?
31/03/2021 Read: 241 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. 

Buna əsasən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.
Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.  

4/5 (7 Average count)
Qiymət ver:
Əli Həsənov al***@gmail.com ID: 4435
Salam. Avtonəqliyyat vasitəsilə yük daşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hər ay üçün fərqlənmə nişanı almaqla fəaliyyətlərini həyata keçirirlər. Eyni zamanda məcburi dövlət sosial sığorta haqqını 14.5.1-1.10. maddəsinə uyğun aylıq olaraq ödəyirlər. Əgər şəxs yuxarıda qeyd olunan fəaliyyət növü ilə fiziki şəxs kimi (VÖEN-lə), həm də muzdlu şəxs kimi çalışarsa o zaman MDSS haqqını necə ödəməlidir? Əvvəlcədən təşəkkür edirəm.
31/03/2021 Read: 159 Average count: 0

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

“Sosial sığorta haqqında” Qanuna əsasən avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir

Həmin şəxs, eyni zamanda muzdlu işçi kimi fəaliyyət göstərdikdə sığortaedən tərəfindən ödənilən əməkhaqqından sosial sığorta haqqı tutulmalı və ödənilməlidir. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq  gəliri 200 manat və az olarsa məbləğin 3 faiz, 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. 

Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci, 221-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.  

0/5 (0 Average count)
Qiymət ver:
Əkbərov Etibar Sabir oğlu fa***@gmail.com ID: 4434
Ölkə daxilində malların satışı üzrə vasitəçilik fəaliyyəti necə tənzimlənir və ƏDV ödəyicisi olan MMC üçün hansı vergi öhdəlikləri yaranır?
31/03/2021 Read: 121 Average count: 5

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Bunlarla yanaşı vergi ödəyicisinin vergi tutulan əməliyyatlarının həcmi, yəni xidmət haqları 200.000 manatdan artıq olduğu halda vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci, 159-cu, 172-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Süleymanova İradə Eldarovna je***@gmail.com ID: 4433
Sosial borcun ödənilməsi.
31/03/2021 Read: 151 Average count: 0

Bildiririk ki, Siz banka getmədən onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə vergilərinizi və digər icbari ödənişlərinizi ödəyə bilərsiniz. 

Vergi ödəyicisi www.gpp.az saytına daxil olub "Büdcə ödənişləri" hissəsindən müvafiq qurumu seçərək ( "Dövlət Vergi Xidməti", "Dövlət Sosial Müdafiə Fondu", "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi") özünə məxsus VÖEN-i daxil edib, fəaliyyət növünə uyğun Təsnifat kodunu əlavə edərək kart məlumatları əsasında vergi, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını ödəyə bilər.

0/5 (0 Average count)
Qiymət ver:
Elvin İbişov el***@gmail.com ID: 4270
Salam, yeni biznes qurmaq istəyirəm, vergilər barədə hardan necə məlumat ala bilərəm ki, fəaliyyətə başlamazdan öncə məlumatlı olum və bütün qanun qaydalara riayət edim? Sizdə hər hansı maarifləndirici treyninq və ya hansisa hazır video çarx, yazılı bir şey varmı tam açıq şəkildə məlumat ala bilək. Öncədən təşəkkür edirəm.
31/03/2021 Read: 151 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

4/5 (3 Average count)
Qiymət ver:
Fərid Cəfərov Məhəmməd fe***@gmail.com ID: 4269
Vergi Məcəlləsinin 98.2.2-ci maddəsində işəgötürən tərəfindən verilən hədiyyələr işçinin muzdlu işdən gəliri kimi göstərilmiş və ona 14% dərərcə ilə vergi hesablanmış, lakin Vergi Məcəlləsinin gəlir vergisindən azadolmalar hissəsində 102.1.3.1-ci maddəsində hədiyyələrin istisnasız olaraq 1000 manatadək olan hissəsi vergidən azad olunmuşdur. Bu bir-birinə zidd olan maddələrlə bağlı aidiyyatı qurumdan cavab verməyinizi xahiş edirəm.
31/03/2021 Read: 251 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 98.2.2-ci maddəsinə əsasən işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda - bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri muzdlu işdən əldə olunan gəlirə aid edilir.  Eyni zamanda, il ərzində alınan hədiyyənin 1000 manatadək hissəsi gəlir vergisindən azad edildiyi üçün, işçinin aldığı hədiyyənin 1000 manatdan artıq olan hissəsindən ümumi qaydada vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

5/5 (5 Average count)
Qiymət ver:
NAĞIZADƏ İLAHƏ AYDIN QIZI na***@yandex.ru ID: 4432
Gəlir vergisi ödəyicisi olan mikrosahibkar pandemiya ilə əlaqədar olaraq aldığı yardımdan vergi ödəməlidirmi? İllik gəlir vergisi bəyannaməsinin hansı hissəsində həmin məbləğ əks etdirilməlidir.
31/03/2021 Read: 141 Average count: 5

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Fərdi sahibkarlara dövlət büdcəsinin vəsaiti hesabına ödənilən maddi yardımlar isə gəlir vergisindən azaddır. Buna əsasən həmin məbləğlər gəlir vergisinin bəyannaməsinin müvafiq vergidən azadolma sətrində əks etdirilməklə bəyan edilir. Belə ki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 104-cü maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Əliyev İlham Apo il***@mail.ru ID: 4430
Mən amazondan Günəş paneli dəsti evim ücün gətirtmək istəyirəm.(https://www.amazon.com/XINPUGUANG-Flexible-Monocrystalline-Charger-Controller/dp/B07PLR8C76/ref=sr_1_9?dchild=1&keywords=solar+panel&qid=1617106961&sr=8-9 ) baxa bilərsiniz. Gömrük xərcim nə qədər olacaq?
31/03/2021 Read: 101 Average count: 0

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Average count)
Qiymət ver:
Polad İsmayılov po***@gmail.com ID: 4262
Salam. Bizim uşağın səhhəti ilə bağlı müxtəlif klinikalarda reabilitasiya keçirik. LOQOS-psixoloji və nitq inkişaf mərkəzində (İnşaatçılar) POS- terminal var, lakin müasir kassa aparatı isə yoxdur. CP Academy-də (H.Əliyev 79) isə nə POS-terminal var, nə də müasir kassa aparatı. Mənim kartla ödənişdən bonuslarım və ƏDV geri alım batır. Xahiş edirəm zəruri tədbirlər görəsiniz.
31/03/2021 Read: 231 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Qeyd olunanlara əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində yalnız pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin müəyyən hissəsi geri qaytarılır. Sorğuda göstərilən halda fiziki şəxslər tərəfindən tibbi və ya digər xidməltətə görə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi bəzi fəaliyyət növlərini istisna etməklə pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirilməsini təsbit edir.

Müvafiq olaraq sorğunuzda qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmaları nəzarət-kassa aparatı ilə deyil ciddi hesabat blankları ilə rəsmiləşdirməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

5/5 (2 Average count)
Qiymət ver:
Valeh Əhmədov Əmirxan va***@bk.ru ID: 4272
"Spark" ümumiləşdirilmiş proqramı vasitəsilə Rusiya və Qazaxıstanda olduğu kimi Azərbaycanda da kontragentlərin etibarlılığı haqqında məlumatları əldə etmək üçün hansısa proqram mövcuddurmu? Belə proqram mövcud deyilsə, o zaman kontragentlər barədə məlumatları necə əldə etmək olar?
31/03/2021 Read: 168 Average count: 0

Bildiririk ki, Dövlət Vergi Xidməti tərəfindən riskli vergi ödəyiciləri ilə bağlı məlumatların əldə olunması imkanı yaradılmışdır və vergi ödəyicisinin riskli vergi ödəyicisi olub-olmaması haqqında məlumat kommersiya (vergi) sirri hesab edilmir. Riskli vergi ödəyiciləri ilə bağlı məlumatlandırma riskli ödəyicilərin əməliyyatlarının sayının azaldılmasına xidmət edir. Çünki vergi ödəyicisinin riskli vergi ödəyicisi ilə əməliyyatlar aparması onun özü üçün də riskin artması deməkdir. Bu, həm səyyar vergi yoxlaması, həm də digər vergi nəzarəti tədbirlərinin keçirilməsinə əsas ola bilər.

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən müddəalarına əsasən riskli vergi ödəyicilərinə münasibətdə bir sıra məhdudiyyətlər tətbiq olunur. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.

Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə müəyyən edilir və Qərar 29.07.2020-ci il tarixdən qüvvəyə minmişdir.

Eyni zamanda, vergi ödəyicisi digər bir vergi ödəyicisinin riskli vergi ödəyicilər siyahısında olub-olmadığı haqda məlumatı əldə etmək üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub, "Riskli vergi ödəyicilərinin axtarışı" xidmətindən istifadə edə bilər. 

0/5 (0 Average count)
Qiymət ver:
Vüsal Alşanov Elşad oğlu av***@mail.ru ID: 4264
Salam hörmətli vergi əməkdaşları. Əmək məcəlləsi Maddə 77 Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları 7-ci bəndində İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Sual. Əmək məcəlləsinin müvafiq maddəsinə əsasən işçi vəfat etdikdə onun vərəsəsinə orta əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir, bu zaman gəlir vergisi və digər məcburi tutulmalar tutulmalar necə aparılmalıdır?
31/03/2021 Read: 244 Average count: 5

Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 4-cü abzasının müddəalarına əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər məcburi dövlət sosial sığorta haqlarından azaddır.

Qeyd olunan müavinət Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən, əmək haqqının tərkibinə daxil olmadığından icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunmur.

Əsas: Əmək Məcəlləsinin 77-ci, 154-cü maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

5/5 (5 Average count)
Qiymət ver: