Bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddinin müəyyən edilməsi barədə” 23 dekabr 2000-ci il tarixli 226 saylı Qərarına əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi torpaq vergisinin 2 misli miqdarından az olmamalıdır.
Göründüyü kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının aşağı həddi müəyyən edilmişdir.
Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.
Eyni zamanda dövlət və bələdiyyə torpaqlarının icarəyə götürülməsi zamanı icarə haqqının müəyyən edilməsi Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid edilmədiyindən qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə icarəyə verən bələdiyyə orqanına müraciət edilməsi tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 206-cı, 207-ci, "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 dekabr 2000-ci il tarixli 226 nömrəli və 2000-ci il 29 dekabr tarixli 230 nömrəli qərarları.
Bildiririk ki, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulur.
Gəliri ödəyən şəxslər gəlir vergisini hesablamağa, hesablanmış vergini hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürməyə və "Ödəmə mənbəyində tutulan vergi" bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.
Sorğunuzda qeyd olunan halda, əvvəlki ildə təqdim etdiyiniz mallara görə ödəmə mənbəyində vergi tutulduğu üçün, həmin gəlirlərin yenidən vergiyə cəlb olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.
Vergi ödəyicisi kimi uçota alındıqdan sonra təqdim etdiyiniz mallara görə qarşı tərəfə elektron qaimə-faktura təqdim etməli, fəaliyyətiniz topdansatış fəaliyyəti olduğu üçün gəlir vergisi ödəyicisi kimi əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə gəlir vergisi ödəməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən, mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Eyni zamanda, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Əsas: Vergi Məcəlləsinin 3-cü, 101-ci, 71-ci və 150-ci maddələri və “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsi.
Bildiririk ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirlər fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərinə aiddir. Bu zaman həmin gəlirlərdən ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcə ilə vergi tutulur.
Yuxarıda qeyd olunanlara əsasən, icarəçi ödəmə mənbəyində vergini tutub qalan vəsaiti icarəyə verən şəxsə ödəyir. Bu halda vergi yükü icarəyə verən şəxsin üzərinə düşdüyünü nəzərə alaraq, ödəmə mənbəyində tutulan vergi məbləğinin icarəçinin gəlirindən çıxılan xərc kimi nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 108-ci, 109-cu və 124-cü maddələri.
Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.
Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Eyni zamanda sorğuda qeyd olunan təsərrüfat subyekti (mağaza) fiziki şəxsdən icarəyə götürüldüyü halda ödənilən icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101-ci, 124-cü və 220-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.2.7-ci maddələri.
Bildiririk ki, "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə" ərizədə vergi ödəyicisi artıq ödəmənin adı və təsnifat kodunu, ödənilmə tarixini, yaranma səbəbini, məbləğini (rəqəmlə və sözlə, manatla) qeyd etməlidir.
Ərizənin doldurulması haqda köməkliyin göstərilməsi üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları.
“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.
Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.
Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.
Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.
Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.
Bildiririk ki, Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinin müddəalarına əsasən rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyekti sayılır.
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Bunlarla yanaşı hüquqları dövlət qeydiyyatına alınmamış tikililər üzrə sənədləşdirmənin həyata keçirilməsi sahəsində hər hansı dövlət tənzimlənməsinin həyata keçirilməsi dövlət vergi orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətlərinə aid edilməmişdir.
Əsas: Vergi Məcəlləsinin 197.1.1-ci, 198.1.1-ci və 200-cü maddələri
Bildiririk ki, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi" elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə şəxsin vergi orqanında qeydiyyatda olması vəziyyətini müstəqil şəkildə yoxlaya bilərsiniz.
Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.
Bildiririk ki, vergi orqanları tərəfindən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Sorğunuzda qeyd olunan müraciətlə bağlı vergi orqanı tərəfindən Sizə cavab veriləcək.
Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.
Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, vergi güzəşti hüququ yalnız fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və əvvəlki dövrlər üzrə vergi güzəştinin tətbiq olunaraq artıq hesablanmış vergi məbləğlərinin şəxsə qaytarılması və ya gələcək dövrün vergiləri ilə əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.
Bildiririk ki, vergi ödəyicisi uçota alındığı andan etibarən fəaliyyəti aktiv olur. Həmçinin bildiririk ki, Bağırov Orxan Noğabil oğlunun (VÖEN 2603646312) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir.
Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.