Cavab 1-2. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 sentyabr 2015-ci il tarixli Qərarının 3-cü hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 175.1 və 176.4-cü maddələrinin mənasına görə təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV-siz dəyəri yalnız nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) tam olaraq ödənildikdə, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarla ödənildikdə vergi ödəyicisinə verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş vergi məbləği əvəzləşdirilən ƏDV məbləği sayılır.
Göründüyü kimi vergi ödəyicisinin verilmiş elektron vergi hesab fakturası üzrə ödənilmiş ƏDV məbləğini əvəzləşdirmək hüququ yalnız həmin fakturada göstərilmiş malların (işin, xidmətin) ƏDV-siz dəyərinin nağdsız qaydada təqdim edənə, ƏDV-nin məbləğinin isə ƏDV-nin depozit hesabına ödənilməsi zamanı yaranır.
Bildiririk ki, müraciətinizdə qeyd olunan halda , elektron vergi hesab-fakturasını alıb əsassız olaraq əvəzləşdirmə aparan vergi ödəyicisinə qarşı müvafiq hesabat dövründə vergi məbləğinin azaldılmasına görə azaldılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilə bilər.
Əsas: Vergi Məcəlləsinin 58.1-ci, 175.1-ci maddələri.
Qeydiyyat Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir.
Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş əməliyyatlar üçün ƏDV üzrə elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir.
Əsas: Vergi Məcəlləsinin 157.3.3-cü, 177.5-ci maddələri.
Bildiririk ki, sosial şəbəkədə reklam xidmətlərin göstərilməsinə görə qeyri-rezidentə ödənilən məbləğdən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalıdır.
Bununla yanaşı, xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanmalı, ödənməli və hesablanan verginin ödənilməsini təsdiq edən ödəniş sənədinə əsasən əvəzləşdirilməlidir.
Onu da qeyd edək ki, Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.
Müraciətinizin sosial şəbəkə vasitəsilə reklam xidmətini göstərən şəxsə aid olduğu halda bildiririk ki, sosial şəbəkələr və digər vasitələrlə reklam xidməti göstərən şəxslər, göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı xərcləri çıxmaqla gəlir və ya mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidirlər.
Əsas: Vergi Məcəlləsinin 125-ci, 169-cu, 218.5.10-cu maddələri.
Bildiririk ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır.
Eyni zamanda, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.
Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.
İşçiyə istifadə olunmamış əmək məzuniyyətinə görə ödənilən kompensasiya və əmək haqqı əvəzinə verilən ödəmələr işsizlikdən sığorta haqqına cəlb olunur.
Əmək haqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli və kompensasiya xarakterli ödənişlər isə işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.
Cavab 1. Bildiririk ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Daşınmaz əmlak sahəsinin qeydiyyatı barədə ətraflı məlumatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməklə əldə edə bilərsiniz.
Cavab 2. Bildiririk ki, fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı və fəaliyyət xarakterinə görə seçdiyi vergi metoduna əsasən vergiləri ödəməli, vergi orqanına hesabatlar təqdim etməlidir.
Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə uçota alınmaq üçün ərizənin verilməməsi 40 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə əsas olur.
Eyniza zamanda, büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq xüsusi mülkiyyətində Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləri hesab olunurlar. Mənzil mülkiyyətçilərinin ödəməli olduğu əmlak vergisinin məbləği yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Gəncə şəhəri üzrə 0,3 manat olmaqla müvafiq bələdiyyələr tərəfindən hesablanmalı, hesablanmış məbləğ barədə bildiriş 1 avqustadək mənzilin mülkiyyətçisinə verilməli, mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisini bərabər hissələrlə avqustun 15-dək və noyabrın 15-dək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə bələdiyyə büdcəsinə ödəməlidir.
Mənzil kommunal istismar idarələrinə vətəndaşlar tərəfindən ödənilən məbləğlər isə vergi deyil, dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqıdır. Mənzil (ev) xidməti tarifləri, habelə yaşayış binalarında liftdən istifadəyə görə ödənişlər Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı ilə, mərkəzi istilik sisteminin fəaliyyətinin təşkili və isti su təchizatı ilə bağlı xidmətlərin haqqı Tarif Şurasının müvafiq qərarları ilə müəyyən edilir.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda kommunal xərclərin ödənilməsinin birmənalı olaraq nağdsız qaydada aparılması təsbit olunmuş, Vergi Məcəlləsinin 58.7-1.5-ci maddəsində isə kommunal xidmətlərin haqqını nağd qaydada qəbul edən şəxsə münasibətdə maliyyyə sanksiyasının tətbiqi nəzərdə tutulmuşdur.
Əsas: Vergi Məcəlləsinin 8-ci, 197.1.1-ci, 198.1.1-ci 199.1-ci və 200-cü maddələri, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 244-IIQ nömrəli Qanununun 7-ci və 11.4-cü maddələri, “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı.
Bildiririk ki, vergi ödəyicisi kimi qeydiyyatda olmayan fiziki şəxsin sahibkarlıq fəaliyyətində istifadə edilməyən daşınan maddi əmlakının, o cümlədən də avtomobil nəqliyyatının təqdim edilməsindən əldə etdiyi gəlir vergidən azad olunur.
Odur ki fiziki şəxsin satdığı sahibkarlıq fəaliyyətində istifadə edilməyən avtomobil həmin şəxsdə gəlir vergisi üzrə vergi öhdəliyini yaratmır.
Əsas: Vergi Məcəlləsinin 102.1.7-ci maddəsi.
Bildiririk ki, mülki-hüquqi müqavilə ilə çalışan şəxs vergi orqanında uçotda olmadığı halda, gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz məbləğində sosial sığorta haqqı tutularaq büdcəyə ödənilməlidir.
Əsas: Vergi Məcəlləsinin 101.1-3-cü, 150.1.7-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu
Bildiririk ki, aktivlərin təqdim edilməsindən əldə olunan məbləğ həmin aktivlərin qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb edilir.
Əsas: Vergi Məcəlləsinin 142-ci maddəsi.
Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir.
Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər.
Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir.
Balansa götürülməyən və icarə haqqı ilə əvəzləşdirilməyən əsas vəsaitlərə çəkilən təmir xərcləri icarəyə götürən şəxsin sərəncamında qalan sərbəst mənfəəti hesabına aid edilir.
Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı və 115-ci maddələri.
Bildiririk ki, quş ətinin satışı 1 yanvar 2017-ci il tarixdən 3 il ərzində ƏDV-dən azad edilmişdir. Qeyd olunan maddədə azadolma yalnız quş ətinə şamil edilir.
Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azad edilmişdir.
Quş zılı (peyini) isə kənd təsərrüfatı məhsullarına aid edilmədiyi üçün ümumi qaydada ƏDV-yə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 164.1.18-ci, 164.1.37-ci maddələri, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”.
Bildiririk ki, kəpəyin istehsalı və satışı – 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilmişdir. Digər yem məhsullarının istehsalı və satışı ümumi qaydada ƏDV-yə cəlb olunur.
Gələcəkdə qeyd etdiyiniz məhsulların ƏDV-dən azad edilib-edilməyəcəyi barədə bildiririk ki, vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyənləşdirilir və hər hansı dəyişikliklər edildikdə isə, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə həyata keçirilir.
Vergi qanunvericiliyinə dəyişiklik edildikdə bu barədə KİV-də, o cümlədən səhifəmizdə məlumatlar yerləşdirilir.
Əsas: Vergi Məcəlləsinin 2.4-1-ci, 164.1.43-cü maddəsi.
Bildiririk ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini yerinə yetirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən olunmuş 2 mümkün metoddan (sadələşdirilmiş vergitutma metodu və ya ƏDV və gəlir (mənfəət) metodu) birini seçə bilər. Bu zaman həmin şəxslər tikinti-quraşdırma işlərinə başladıqları andan 30 gün müddətində seçdikləri metod barədə vergi orqanına məlumat verirlər. Şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.
Bina tikintisi fəaliyyəti ilə sadələşdirilmiş verginin ödəyicisi kimi məşğul olan vergi ödəyiciləri üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçün ayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri sadələşdirilmiş verginin vergitutma obyektini təşkil edir. Müəyyən olunan vergitutma obyektinin hər kvadratmetrinə sadələşdirilmiş vergi ödəyiciləri baza vergi məbləği 45 manat və müvafiq zona əmsalına vurularaq vergi məbləği hesablanır.
Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnda istifadə etməyən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ümumi qaydada ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin ödəyicisi sayılır. Bu halda vergi ödəyicisi yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmə dəyərindən ƏDV-ni, təqdim edilmədən əldə edilən gəlirlər ilə gəlirdən çıxılan xərclər arasındakı fərqdən yaranan mənfəətdən mənfəət vergisini və həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə əmlak vergisini hesablayaraq bəyan etməklə büdcəyə ödəməlidir.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini müstəqil surətdə hesablayıb dövlət büdcəsinə ödədiklərindən həmin binaların yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı alqı-satqı müqavilələrini təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Belə əməliyyatların notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilməməsi üçün vergi ödəyicisi onun tikilən binalara görə sadələşdirilmiş verginin hesablanması barədə müvafiq bəyannamənin vergi orqanına təqdim edildiyi barədə vergi orqanından alınmış arayışı notariusa təqdim etməlidir.
Qeyd edilən arayışın əldə edilməsi ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 154.6-cı, 175-ci, 218.1.3-cü, 218.3-cü, 219.3-cü, 220.8-ci və 221.5-ci maddələri.
Bildiririk ki, təsisçi tərəfindən əmlakın hüquqi şəxsin nizamnamə fonduna qoyulması hər iki tərəf üçün vergitutma obyektini təşkil etmir.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.
Bildiririk ki, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Əsas: Əmək Məcəlləsinin 239-cu maddəsi, Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı.
Xarici investisiyalı kommersiya qurumunun dövlət qeydiyyatına alınması zamanı tələb olunan sənədlərin siyahısını saytımızın “Bir pəncərə” bölməsinin eyniadlı pəncərəsindən əldə edə bilərsiniz.
Təsisçi fiziki şəxslər Azərbaycan Respublikasının vətəndaşı olmadıqda Dövlət Miqrasiya Xidmətinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verdiyi daimi və ya müvəqqəti icazə vəsiqəsinin rekvizitləri qeyd edilir.
Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir.
Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 19.09.2019-cu il tarixində müsabiqə elan edilmişdir və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün tələb olunan ixtisaslar, eyni zamanda üstünlük verilən namizədlər barədə məlumatlar öz əksini tapmışdır.
Vergi orqanlarına işə qəbulla əlaqədar müsabiqədə iştirak etmək istəyən namizədlər elanda göstərilən müddət ərzində Vergilər Nazirliyinin internet səhifəsində yerləşdirilən elektron ərizə formasını doldurmalıdırlar. Namizəd ərizə formasını doldurub sistemə daxil etdikdən sonra beş gün ərzində ərizəsinin qəbul edilib-edilmədiyi barədə məlumat ala bilər.
Vergi orqanlarına işə qəbulla əlaqədar ətraflı məlumatı səhifəmizin “İşə qəbul. Müsabiqələr” bölməsindən, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.
Bildiririk ki, vergi orqanlarında vakansiyalar yarandıqda KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilməklə müsabiqə həyata keçirilir və müsabiqənin hər iki mərhələsini (test imtahanını və müsahibəni) müvəffəqiyyətlə keçən namizədlər işlə təmin olunur.
Vergilər Nazirliyinin funksional fəaliyyəti ilə bağlı zərurət yarandıqda müvafiq kriteriyalar (iş təcrübəsi, Vergilər Nazirliyinə işə qəbulla bağlı keçirilən imtahan nəticələri və s.) nəzərə alınmaqla büdcədənkənar fondhesabına müəyyən hədd daxilində işçilər cəlb oluna bilər və ştatdankənar işçilərin işə qəbul edilməsi ilə bağlı xüsusi prosedur qaydalar müəyyənləşməmişdir.
İşə qəbul məsələləri ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinə rəsmi qaydada müraciət etməklə əldə edə bilərsiniz.
Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.
Eyni zamanda, işçiyə verilən məzuniyyət haqqının hər aya düşən hissəsi həmin ayların əmək haqqı ilə cəmlənərək gəlir vergisinə, sosial və işsizlikdən sığorta haqına cəlb edilir.
Qeyd olunanlara əsasən, işçinin əsas iş yerində ay ərzində əldə etdiyi muzdlu işdən gəliri 200 manatdan az olduğu halda, həmin gəlirdən gəlir vergisi hesablanmır.
Bildiririk ki, ciddi hesabat formalarının tətbiqi ilə bağlı ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.
Eyni zamanda məlumat üçün bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.5-ci maddəsinə əsasən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilməlidir.