Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, vergi ödəyicisinin vergi orqanının baza məlumatlarında olan telefon nömrəsinin dəyişdirilməsi şəxsin özünün və ya səlahiyyətli nümayəndəsinin (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) “Fiziki şəxsin vergi uçotu haqqında Ərizə” ilə uçotda olduğu vergi orqanına və ya əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciəti əsasında həyata keçirilir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən vergi uçotu məlumatlarınızda olan telefon nömrənizin dəyişdirilməsi üçün “Fiziki şəxsin uçot məlumatlarında dəyişikliklərin edilməsi barədə ərizə”ni elektron qaydada vergi orqanına təqdim etməklə həmin əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.

Bu barədə ətraflı məlumatı saytımızın “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” alt bölməsindəki “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə əldə edə bilərsiniz.

Bildiririk ki, hər hansı texniki problem ilə üzləşdiyiniz təqdirdə bu barədə Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz tövsiyə edilir.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər aşağıdakı tələblərə cavab verdiyi halda ƏDV qeydiyyatına alına bilər:

- göstərilən xidmətlərin dəyərini və alınmış malların (işlərin və xidmətlərin) dəyərini nağdsız qaydada əldə edən və ödəyən;

- digər vergi ödəyicilərinə göstərilən xidmətlər üzrə əldə edilən gəlirlərini və gəlirlərin əldə edilməsi üzrə çəkilən xərclərini elektron qaimə-faktura ilə rəsmiləşdirən;

- göstərilən xidmətlər üzrə əməliyyatların uçotunu vahid mərkəzləşdirilmiş elektron sistem üzərində aparan və vergi orqanının həmin sistemə məsafədən çıxış imkanını təmin edən.

Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər, yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.

Əsas: Vergi Məcəlləsinin 156.1-1-ci maddəsi.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan faiz gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Eyni zamanda, güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.14-1-ci və 125.1.9-cu maddələri.

Ümumi qiymət: 3/51
Qiymət ver:

Bildiririk ki, işçinin vəfatı ilə bağlı əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə ödənilən orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün həmin müavinətdən ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Əmək Məcəlləsinin 77.7-ci maddəsi, Vergi Məcəlləsinin  102.1.4-cü maddəsi.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Vergi Məcəlləsinin qeyd etdiyiniz maddəsi və bəndləri qüvvədədir. Vergi Məcəlləsi ilə saytımızın “Qanunvericilik” bölməsində tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi hesabatı dedikdə, bu, mükəlləfiyyətinizdən asılı olaraq dəyişir. Sadələşdirilmiş vergi ödəyicisi olduğunuz halda bildiririk ki, sadələşdirilmiş vergi üzrə hesabat dövrü rübdür və vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınan şəxslər hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddət ərzində vergini dövlət büdcəsinə ödəyirlər.

ƏDV üzrə hesabat dövrü təqvim ayıdır. ƏDV-nin ödəyicisi olan şəxslər ƏDV-nin bəyannaməsini hər hesabat ayı üçün hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməlidirlər.

Məcburi dövlət sosial sıgortası üzrə hesabatlar hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə vergi orqanına təqdim edilməlidir.

Sosial sığorta və vergi hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Ümumi qiymət: 1/51
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilmiş, fərmanların icrası məqsədi ilə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli və 04.10.2017-ci il tarixli Q-12 nömrəli Qərarları ilə müvafiq sahələr üzrə ciddi hesabat blanklarının formaları təsdiq edilmişdir. Fəaliyyətinizdə ilk növbədə qeyd olunan qaydaların müddəalarını nəzərə almalı və müvafiq ciddi hesabat blanklarından istifadə etməlisiniz.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun (bundan sonra - Qanun) 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Vergi Məcəlləsinin  16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Eyni zamanda, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunmalıdır.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, vergi ödəyicisi kimi qeydiyyata alınmayan şəxslər tərəfindən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə ödənişlər aparılarkən qeyri-rezidentə ödənilməli olan məbləğə ödənişi həyata keçirən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV hesablanmalı və büdcəyə ödənilməlidir.

Elektron qaydada xidmətlərin göstərilməsi və işlərin görülməsi dedikdə, informasiya sistemlərindən istifadə edilməklə xidmətlərin göstərilməsi və işlərin görülməsi, o cümlədən internet şəbəkəsi vasitəsi ilə elektron kitabların, musiqilərin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi və digər analoji iş və xidmətlər üzrə həyata keçirilən fəaliyyət nəzərdə tutulur.

Virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında satışının, habelə həmin malların digər dövlətin ərazisindən Azərbaycan Respublikasında yerləşən məntəqəyə gətirilməsinin yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV-yə cəlb olunması isə Vergi Məcəlləsində nəzərdə tutulmur.

Əsas: Vergi Məcəlləsinin 169.1-ci və 169.3-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə yanaşı, tərəfinizdən şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti vergi ödəyicilərinə xidmət mərkəzinə (Siyəzən rayonu, Heydər Əliyev küçəsi, 135a) təqdim edilməlidir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.

Qeyd olunanlara əsasən, kənd təsərrüfatı məhsullarının istehsalını həyata keçirən şəxslər də digər vergi ödəyciləri kimi  ilk növbədə vergi orqanında uçota durmalı,  bu fəaliyyət üzrə gəlirlərini və xərclərini qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirməli və vergi orqanına bəyan etməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 33-cü, 34-cü, 102.1.11-ci, 106.1.14-cü, 164.1.18-ci, 199.9-cu, 219.7-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Hər hansı sahibkarlıq subyektinin aid olduğu kateqoriya barədə məlumatın digər şəxslərə təqdim olunması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

İstehlakçı hüquqlarınızın pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Onu da qeyd edək ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd edilən mənzilə görə yerli bələdiyyə tərəfindən əmlak vergisi həmin əmlakın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən yaşayış sahələrinə münasibətdə əmlakın 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində göstərilən əmlak vergisi dərəcələri ilə, onun tutduğu torpaq sahəsinin hər 100 kvadratmetrinə görə torpaq vergisi isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən torpaq vergisi dərəcələri ilə illik hesablanır.

Bələdiyyələr tərəfindən hesablanmış əmlak və torpaq vergiləri barədə tədiyə bildirişləri hər il üçün illik olmaqla həmin ilin avqust ayının 1-dək fiziki şəxslərə çatdırılır, fiziki şəxslər isə hesablanmış əmlak və torpaq vergilərinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə etməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

Bununla belə, bələdiyyələr öz ərazilərində yerli vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək barədə qərar qəbul edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 4.4-cü, 13.2.54-cü, 197.1.1-ci, 198.1.1-ci, 200.1-ci, 200.4-200.6-cı, 204-cü, 206.3-cü, 208.3-cü, 208.5-208.6-cı və Azərbaycan Respublikasının “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” 2001-ci il 27 dekabr tarixli 244-IIQ nömrəli Qanununun 11.4-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda, icarə haqqını ödəyən şəxs ödəmə mənbəyində 140 manat gəlir vergisini tutaraq büdcəyə ödəməli, qalan 860 manat vəsaiti icarəyə verənə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 1.1-ci, 99.3.3-cü, 124-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, tərəfinizdən istehlak məqsədilə malların təqdim edilməsi pərakəndə ticarət qaydasında satış hesab olunur və həmin şəxslərə nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.

Elektron qaimə-faktura həmin şəxslərin sahibkarlıq məqsədləri üçün aldıqları məhsullara  görə təqdim edilməlidir.

Göründüyü kimi, topdansatış qaydasında satılan mallara görə NKA çekinin təqdim olunması qanunvericilikdə nəzərdə tutulmadığı üçün hər hansı maliyyə sanksiyası tətbiq olunmur.

Ümumi qiymət: 3/52
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əlavə olaraq qeyd etmək istərdik ki, “Sual-cavab” bölməsinə daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin ünvanına və ya elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”, Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyiciləri ilə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, dövlət vergi orqanları vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat verməyə borcludur.

Yuxarıda qeyd olunanlara əsasən, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, xəzinədarlıq orqanından ödənilmiş vəsaitin büdcəyə daxil olmasını təsdiqləyən məlumat vergi orqanına kağız daşıyıcısında, sənədin surəti kimi verildiyi halda həmin sənədin surətinin alındığı gündən sonrakı 2 iş günü, elektron şəkildə verildikdə isə 1 iş günü ərzində vergi orqanının əməkdaşı tərəfindən vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilir.

Ödədiyiniz vəsaitin şəxsi hesab vərəqənizdə nəzərdə tutulmuş müddətdə əks olunmadığı halda, uçotda olduğunuz vergi orqanına müraciət edərək aydınlaşdıra bilərsiniz.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 28 dekabr 2018-ci il tarixli 1817040101501600 nömrəli Əmri ilə təsdiq edilmiş Vergi orqanlarında hesablanmış və ödənilmiş vəsaitlərin uçotunun aparılması Qaydaları.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan hər iki halda fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olduğu üçün icarə haqqı məbləğində ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutmalı, büdcəyə ödəməli və bəyannamə təqdim etməlidir.

Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir. 

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 124-cü maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver: