Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Şöhrət Balayev Əjdər ba***@mail.ru ID: 706
Salam, Vergi məcəlləsinin 102.2.5. maddəsi 1941-1945 ci illər müharibə iştirakçılarının övladlarına şamil olunurmu? Xəhmət olmasa ətraflı məlumat verin.
20/02/2020 Read: 36 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

0/5 (0 Average count)
Qiymət ver:
Müşviq Muxtarov mu***@gmail.com ID: 742
Salam, hörmətli vergi işçiləri. 2020-ci ildə Vergi Məcəlləsindəki dəyişiklikliyə əsasən Vergi Məcəlləsinin 108-ci maddəsində vergidən azadan olunan, qeyri-sahibkarlıq fəliyyəti ilə bağlı əməliyyatlarla yanaşı "mənfəət (gəlir) vergisinə cəlb edilməyən" əməliyyatlar ifadəsi əlavə olunmuşdur. Zəhmət olmasa bu ifadənin hansı əməliyyatlara aid olduğunu və misalla izah edilməsini qeyd edərdiniz.
19/02/2020 Read: 163 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin 1 yanvar 2020-ci ildən qüvvəyə minən müddəalarına əsasən vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar aparıldıqda, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar aparıldıqda, həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan, yaxud mənfəət (gəlir) vergisinə cəlb edilməyən, habelə qeyri-sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləği vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilir.

Bu maddədə mənfəət (gəlir) vergisinə cəlb edilməyən əməliyyatlar dedikdə mənfəət vergisinin vergitutma obyektini yaratmayan gəlirlər nəzərdə tutulur və vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı mənfəət vergisinin vergitutma obyektini yaratmayan gəlirlər əldə edildikdə, bu gəlirlərin əldə olunması ilə bağlı çəkilmiş, lakin bölüşdürülməsi mümkün olmayan xərclər vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında gəlirdən çıxılır. Belə əməliyyatlara nümunə olaraq ölkə daxilində daşıma fəaliyyəti üzrə sadələşdirilmiş vergi ödəyicisini göstərmək olar.

4/5 (6 Average count)
Qiymət ver:
Xəlilova Gülnarə Paşa gx***@mail.ru ID: 676
Salam. Əgər xaricdə təhsil aldığın zaman, xarici dövlətin mobil operatoruna (Lebara mobile) Azərbaycan bankının kredit kartı ilə aylıq xidmət haqqı ödəyirsənsə (danışıq haqqı), həmin məbləğ ƏDV cəlb olunmalıdırmı? Mən bilən VM 169 maddəsində Azərbaycan Respublikasının ərazisində elektron ticarət qaydasında işlərin görülməsi və xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.
19/02/2020 Read: 141 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Buna əsasən bank kartı vasitəsilə xarici ölkəyə məxsus mobil operatoruna aparılan ödənişlər elektron ticarət qaydasında göstərilən iş və xidmətlərə aid edilmədiyindən həmin ödənişlərdən ödəməni həyata keçirən yerli bank tərəfindən alıcının vəsaiti hesabına 18 faiz dərəcə ilə ƏDV tutulmur.

Əlavə olaraq hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

5/5 (3 Average count)
Qiymət ver:
Əliyev Səhhət Murğuz sa***@mail.ru ID: 645
01 yanvar 2020-ci ildən etibarən kəsilən heyvanların iç məhsulları da ƏDV-dən azad edilibmi? Məsələn-heyvanın qara ciyəri, ürəyi, dili, boyrəyi, dərisi və s.
19/02/2020 Read: 213 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azaddır. Bu maddədə nəzərdə tutulmuş azadolma kəsilmiş heyvanların və quşların içalat məhsullarına şamil olunur. Heyvan dərisi isə ət hesab olunmadığından həmin azadolma bu məhsulların satışına tətbiq olunmur.

5/5 (6 Average count)
Qiymət ver:
Mübariz Əhmədov mu***@mail.ru ID: 638
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəssisəyə xaricə ödənilən vəsaitlərin müqabilində alınan malların 20 gün gecikməsinə görə 43689 ABŞ dolları məbləğində cərimə tətbiq edilib.Xahiş edirəm bildirəsiniz müəssisə ölkə xaricindən alınan malların yüklənməsi, daşınması və rəsmiləşdirməsi zamanı (gecikməyə, görə) yarananmış cəriməni gəlirdən çıxılan xərclərə aid edə bilərmi.? Belə ki,Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, 10-cu fəsilə uyğun olaraq, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Həmin Məcəllənin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmayıb. Xahiş edirəm ətraflı izah edəsiniz və cavabı elektron poçt ünvanına göndərəsiniz.
19/02/2020 Read: 178 Average count: 5

Bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Eyni zamanda “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanının 5.43-cü bəndinin müddəalarına əsasən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılması nəzərdə tutulmuşdu.

Vergi Məcəlləsinin 119.1.2-ci maddəsinin müddəalarına əsasən bu Məcəllə və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələrin gəlirdən çıxılmasına yol verilmir.

Qeyd olunanlara əsasən vergi ödəyicisinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş cərimə gəlirdən çıxılmır.

5/5 (1 Average count)
Qiymət ver:
Teymur Kanançev Cr***@inbox.ru ID: 597
Salam. Yerli rezident özəl hüquqi şəxsin ambarında (skladında) keçirilmiş inventarlaşma nəticəsində bir ədəd satış üçün nəzərdə tutulmuş malın (məhsul) (onun qiyməti 550 manatdır, vaxti ilə həmin mal ƏDV-nin əvəzləşdirilməsi ilə əldə olunmuşdur), sexində isə bir ədəd əsas vəsaitl və 3 (üç) ədəd tez köhnələn əşyaların (onlar özəlləşdirmə nəticəsində əldə olunmuşdurlar, yəni ƏDV-nin əvəzləşdirilməsi halı olmamışdır) əskik gəlmələri invertarlaşma komissiyası tərəfindən aşkar edilmişdir, həmin əşyalar direktorun əmri ilə müəssisənin mühasibat uçotunda olan əşyalar (obyektlər) sırasından (balansdan) silinmşdirlər. Sual : bu halda yerli rezident özəl hüquqi şəxs olan vergi ödəyicisi tərəfindən hansı vergilər hesablanmalı və ödənilməlidir ? Xahiş edirəm cavbınızı həm ƏDV və mənfəət vergisi olan vergi ödəyicisi üçün, həm də sadələşdirilmiş vergi ödəyicisi olan vergi ödəyici üçün hazırlayasınız.
19/02/2020 Read: 187 Average count: 4

Bildiririk ki, aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı mövcud olan aktivlərin və öhdəliklərin mühasibat uçotu məlumatlarından kənarlaşan məbləğlərinin tənzimlənməsi qaydası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları” (bundan sonra - Qaydalar) ilə müəyyən edilmişdir.

Belə ki, Qaydaların 18-ci bəndinə əsasən aktivlərin və öhdəliklərin inventarizasiyası zamanı, onların ayrı-ayrı kateqoriyaları üzrə uçot məlumatlarından kənarlaşma hallarını müəyyən etmək üçün inventarizasiya cədvəli tərtib edilir və inventarizasiya cədvəllərində inventarizasiyanın nəticələri, yəni mühasibat uçotu məlumatları ilə faktiki inventarizasiya məlumatları arasındakı kənarlaşmalar (fərq) göstərilir.

Qaydaların 19.1.4-cü bəndinə əsasən aktivlər üzrə əskikgəlmələr və itkilərin (habelə təbii itki normalarından artıq xarabolmalar, əskikgəlmələr və itkilər də daxil olmaqla) səbəbləri və təqsirkar şəxslər müəyyənləşdirilməklə onların məbləğləri (əskikgəlmələr və itkilər müəyyən etdiyi vaxtda bazar qiymətləri ilə) təqsirkar şəxslərin hesabına yazılır.

Eyni zamanda, əskik gəlmiş əmtəə-material ehtiyatları forması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edilmiş ciddi hesabat blankı olan “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”la sənədləşdirilir.

Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 23-cü, 67-ci, 159-cu, 161-ci, 219-cu maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 4 aprel 2016-cı il tarixli Q-09 nömrəli və 30.06.2017-ci il tarixli Q-08 nömrəli Qərarları.

4/5 (6 Average count)
Qiymət ver:
Teymur Kanançev Cr***@inbox.ru ID: 596
Salam! Məhdud məsuliyyətli cəmiyyəti təşkilatı-hüquqi formasında yaradılmış və dövlət qeydiyyatından keçmiş yerli rezident özəl hüquqi şəxsin yerli rezident- fiziki şəxs - Azərbaycan Respublikasının vətəndaşı olan yeqanə bir təsisçisi var, onun həmin müəssisənin nizamnamə kapitalında 100 faizlik payı var, həmin payın nominal dəyəri -100 manatdır . Əlavə qeyd olunmalıdır ki, həmin fiziki şəxsin adına VÖEN-i yoxdur. Bir neçə ay əvvəl yuxarıda qeyd olunmuş MMC-nin təsisçisi tərəfindən həmin MMC-nin ləğvi barəsində qərar qəbul olunmuşdur , həmin ləğv etmə prosesi Mülki Məcəlləsində əks olunmuş qaydalara uyğun şəkildə həyata keçirilir, cəmiyyətin bütün debitor və kreditorlarla , o cümlədən vergilər üzrə hesablaşmalardan sonra ləğv olunan MMC-nin üç aktivi qalmışdır : qalıq dəyəri 50.000 (əlli min) manat olan daşınmaş əşya (ofis binası, onun altındakı özəl torpaq sahəsi ilə birlikdə), qalıq dəyəri 5.000 (beş min) manat olan xidməti mini avtomobil və nominal dəyəri 500 manat olan bəşqa bir yerli kommersiya hüquqi şəxsin (mmc-də) nizamnamə kapitalındakı iştirak payı. Suallar: 1) Bu halda, yəni debitor və kreditorlarla yekunlaşmış hesablaşmalardan sonra yerdə qalan aktivləri ozünün yeqanə təsisçisi olan vətəndaşın mülkiyyətinə verən ləğv olunan yerli rezident özəl hüquqi şəxs olan vergi ödəyicisi tərəfindən hansı vergilər hesablanmalı və ödənilməlidir? Xahiş edirəm cavbınızı həm ƏDV və mənfəət vergisi olan vergi ödəyicisi üçün, həm də sadələşdirilmiş vergi ödəyicisi olan vergi ödəyici üçün hazırlayasınız. 2) Bu halda ləğv olunan yerli rezident özəl hüquqi şəxs olan vergi ödəyicisindən onun yeqanə təsisçisi – vətəndaşın mülkiyyətinə keçən , daşınmaz əşya, minik avtomobil və başqa yerli rezident kommersiya hüquqi şəxsində iştirak paydan ibarət olan aktivlərin dəyərindən həmin fiziki şəxs hansı vergilər hesablanmalı və ödənilməlidir?
19/02/2020 Read: 207 Average count: 4

Cavab 1. Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab olunur.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla), həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri (bölüşdürülməmiş mənfəət hesabına səhmlərin (payların) artan nominal dəyəri istisna olmaqla) hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

Eyni zamanda Vergi Məcəlləsinin 122.1-ci maddəsinə əsasən rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyd edilənlərə əsasən hüquqi şəxsin həm mənfəət və ƏDV, həm də sadələşdirilmiş vergi tətbiq edilən fəaliyyətləri üzrə bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlakın təsisçi fiziki şəxsə verilməsi dividend hesab edilir və həmin təqdim edilən əmlakın dəyərindən Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada 10 faiz dərəcə ilə vergi tutulur.

Cavab 2.Vergi Məcəlləsinin 122.2-ci maddəsinin müddəalarına əsasən dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.

4/5 (4 Average count)
Qiymət ver:
Elnur Məmmədov Elnur mm***@gmail.com ID: 530
Beynəlxalaq yükdaşıma fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisədən xidmət alışı zamanı hər hansı səbəbdən meydana çıxan gecikməyə görə (gömrükdə, anbarda və s.) həmin müəssisə daşıma xidmətindən əlavə müəyyən məbləğdə hesabt faktura göndərir. Gecikməyə görə tərəfimizdən ödənilən bu məbləğ 10 % ÖMV-yə və 18% ƏDV-yə cəlb olunamlıdır mı? Yoxsa daşıma xidmətinin tərkib hissəsi kimi 6%-lə ÖMV-yə cəlb olunmalıdır?
19/02/2020 Read: 166 Average count: 5

Bldiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.

Tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri yüklərin daşınması, yüklənməsi, boşaldılması və daşıma ilə bağlı yaranan digər xərclər, o cümlədən yüklərin sığortası, gecikməyə görə cərimə və s. də nəzərə alınmaqla müəyyən edildiyi halda həmin xərclər beynəlxalq daşımanın dəyərini təşkil edir.

Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri digər xərclər o cümlədən, yüklərin sığortası, gecikməyə görə cərimə və s. nəzərə alınmaqla müəyyən edilmədiyi halda isə gecikməyə görə ödənilən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Əlavə olaraq bildiririk ki, rezident tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənişin vaxtından gec aparılması ilə bağlı qeyri-rezidentə cərimənin ödənilməsi ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 159-cu maddələri.

5/5 (5 Average count)
Qiymət ver:
Nicat Əliyev Raiq vi***@mail.ru ID: 621
Hörmətli vergi mütəxəssisləri, müəssisə tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan əməliyyatlar üzrə çəkilən,lakin bölüşdürülməsi mümkün olmayan xərclərin (müəssisənin baş ofisinin inzibati xərcləri) 2017 və 2018-ci illərdə qüvvədə olan AR VM-nə , digər qanun , normativ hüquqi akt və qaydalara əsasən gəlirdən çıxılan məbləği vergidən azad edilən gəlirlərin ümumi gəlirlərdə xüsusi çəkisi əsasında müəyyən edilib edilməməməsi barədə ətraflı izah verməyinizi xahiş edirəm. Qeyd edək ki, 01.01.2020-ci ildə qüvvəyə minəcək VM-də bu hal konkret müəyyən edilmişdir.
19/02/2020 Read: 119 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan əməliyyatlar da aparıldıqda vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərin vergi ödəyicisinin vergiyə cəlb edilən gəlirlərindən çıxılmasına yol verilmədiyindən həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləğinin vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilməsi vergi ödəyicisinin 2017-ci və 2018-ci illər üzrə aparılan əməliyyatlarına münasibətdə də tətbiq edilirdi.

Vergi Məcəlləsinin 108-ci maddəsinə edilən və 1 yanvar 2020-ci ildən etibarən qüvvəyə minən dəyişiklik aydınlaşdırma xarakterli dəyişiklikdir.

Əsas: Vergi Məcəlləsinin 104-cü və 108-ci.maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Göyüşov Fərid Feyzi go***@gmail.com ID: 608
Xahiş edirəm ki, izah verəsiniz. 2020-ci ildən qüvvəyə minəcək VM əsasən aşağıdakı qaydada ƏDV məqsədləri üçün gəlirin tanınması vaxtı qeyd edilmişdir. 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; Sual olunur ki, pərakəndə satış zamanı nağd deyil, POS terminal satış həyata keçiriləcəksə, NKA çeki 31.01.2020 tarixlidir lakin nağdsız mədaxil 01.02.2020 tarixində bank hesabı çıxarışlarında əks olunacaqsa vergitutma məqsədləri üçün həmin əməliyyatın gəliri Yanvar 2020 yoxsa Fevral 2020 ƏDV bəyannaməsində qeyd ediləcək?
19/02/2020 Read: 125 Average count: 5

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır. Buna əsasən pərakəndə ticarət fəaliyyəti zamanı nağdsız qaydada aparılan əməliyyata görə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt pul vəsaitinin vergi ödəyicisinin bank hesabına daxil olduğu vaxt sayılır.
Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

5/5 (3 Average count)
Qiymət ver:
Kamran Kərimov Azər ka***@gmail.com ID: 694
Salam. "A" MMC 01.06.2017-də qeydiyyat alınmış və könüllü olaraq ƏDV ödəyicisi olmuşdur. Fəaliyyət növü olaraq isə həm ƏDV-yə cəlb edilən (emal sənayesi), həm də ƏDV-yə cəlb edilməyən (kənd təsərrüfatı) fəaliyyət növləri əlavə edilmişdir. Müəssisə 01.06.2017-də qurulduqdan sonra, icarəyə ofis, icra hakimiyyətindən icarəyə torpaq götürmüş, işə işçilər qəbul etmişdir. 31.12.2019 tarixinidək icarəyə götürülmüş torpaq sahəsində tikinti işləri aparılmış, laboratoriya, anbar, istixana, açıq əkin sahələri yaradılmışdır. 31.12.2019 tarixinidək heç bir gəlir əldə edilməmiş, ancaq tikinti xərcləri, işçi heyətinin əmək haqqları, ofisin xərcləri təsisçinin yatırdığı və SKMF-nin vəsaiti ilə ödənilmişdir. 31.12.2019-dək olan dövrdə mal-xidmətlərə görə ödənilən ƏDV-lərdən bir qismi bəzi vergi öhdəliklərinin ödənilməsində əvəzləşdirilmişdir. 31.12.2019 tarixinidək bu formada müəssisə heç bir xüsusi çəki hesablaya bilməyib və ƏDV-nin əvəzləşdirilməsini həyata keçirə bilərmi? Ümumiyyətlə fəaliyyət növünü müəssisə təsis ediləndə ƏDV-yə cəlb edilən fəaliyyət növü seçib, tikinti mərhələsində yaranan ƏDV-ləri həmin tikinti dövründə yaranan vergi öhdəlikləri ilə əvəzləşdirib və sonra seçilən fəaliyyət növündə əlavə/dəyişiklik edərək ƏDV-yə cəlb edilməyən fəaliyyət növü ilə məşğul olduqda əvvəlki dövrdə olan əvəzləşmələr ləğv edilib, büdcəyə ödənilməlidirmi? Bu qanunvericiliklə və digər hüquqi sənədlərlə necə tənzimlənir? Məqsəd burada hər hansı bir maliyyə fırıldaqçılığı deyil, sadəcə normal biznes mühitində qərarların və fəaliyyət növünün dəyişilməsinin vergi öhdəliklərinə təsirini, gələcək riskləri müəyyən etməkdir. Müəssisə olaraq bilirik ki, Vergi Məcəlləsinin 175.4-cü maddəsinin müddəalarına əsasən vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Müəssisə tərəfindən bitkiçilik məhsullarının yetişdirilməsi kənd təsərrüfatı məhsullarının istehsalına aid edildiyi halda bu fəaliyyət üçün ödənilən ƏDV məbləği əvəzləşdirilmir.
17/02/2020 Read: 202 Average count: 0

Bildiririk ki, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər, o cümlədən bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən həmin mallara (işlərə, xidmətlərə) ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir və onların dəyərinə aid edilir.

Müəssisəniz tərəfindən alınmış mallar (işlər, xidmətlər) hər iki, yəni ƏDV-dən azad edilən və ƏDV tutulan əməliyyatların aparılması üçün nəzərdə tutulduğu halda uçotun ayrılıqda aparılmadığı üçün həmin mallara (işlərə, xidmətlərə) ödənilmiş ƏDV məbləği vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq əvəzləşdirilə bilər.

Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının təqdim edilməsinə görə ƏDV-dən və digər vergilərdən azad edilmişlər. Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən digər şəxslərdən alınmış mallara (işlərə, xidmətlərə) görə ƏDV ödənilməli və ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmədən alınmış malların (işlərin, xidmətlərin) dəyərinə aid edilməlidir, əvəzləşdirilmiş ƏDV məbləği isə büdcəyə bərpa edilməlidir.

Əlavə olaraq bildiririk ki, sual yaradan məqamlarla bağlı müvafiq sənədlərlə birgə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Rauf İbrahimov ma***@list.ru ID: 3535
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.10-cu maddəsinə əsasən, “61.10. Ləğvetmə balansı təsdiq edildikdən sonra 10 gün ərzində ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) qalan əmlakın təsdiq edilmiş bölünmə planına uyğun olaraq hüquqi şəxsin iştirakçılarına təqdim edilməsini... təmin edir. Əmlakın bölünməsi iştirakçının payına mütənasib şəkildə həyata keçirilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.4.5.-ci maddəsinə əsasən, “218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir: 218.4.5. mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini (bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər; Təsisçilərinin ümumi yığıncağının qərarı ilə ləğv olunan məhdud məsuliyyətli cəmiyyətinin bütün kreditorlarla aparılmış hesablaşmalardan sonra qalan əmlak MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsindən ibarətdir, həmin torpaq sahəsinin hər iştirakçının payına düşən hissəsinin balans dəyəri həmin payın nominal qiymətindən aşağıdır. Sual : Ləğv olunma zamanı hüquqi şəxsin iştirakçılarına təqdim edilən torpaq sahəsi sadələşdirilmiş vergi tutma obyekti hesab olunurmu ?
17/02/2020 Read: 177 Average count: 3

Bildiririk ki, hüquqi şəxs qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edildiyi halda onun iştirakçılarının kreditorlar ilə hesablaşmalardan sonra hüquqi şəxs tərəfindən təsisçilərə nizamnamə kapitalında olan paylarına uyğun olaraq əmlak verilməsi hüquqi şəxs üçün vergi öhdəliyi yaratmır və sadələşdirilmiş vergiyə cəlb olunmur.

Eyni zamanda hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir (bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlak istisna olmaqla) dividend sayılmır. Bölüşdürülməmiş mənfəət hesabına formalaşan əmlakın təsisçi şəxslərə verilməsi isə dividend hesab edilir və həmin təqdim edilən əmlakın dəyərindən Vergi Məcəlləsi ilə müəyyən edilən qaydada 10 faiz dərəcə ilə vergi tutulur.

Əlavə olaraq bildiririk ki, xalis aktivlərin bazar dəyəri ilə payların nominal dəyəri arasındakı fərq təsisçilərin gəlirinə aid olduğundan alınmış əmlakın bazar dəyəri ilə iştirak payının nominal dəyəri arasındakı müsbət fərq hüquqi şəxsə münasibətdə sahibkarlıq fəaliyyətindən gəlir olmaqla Vergi Məcəlləsinin 105.1-ci maddəsinə uyğun olaraq 20 faiz dərəcəsi ilə, fiziki şəxslərə münasibətdə isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir olmaqla Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcəsi ilə vergiyə cəlb edilir.

3/5 (1 Average count)
Qiymət ver:
Yaqub Abdullayev Həsən oğlu ya***@mail.ru ID: 866
Müəssisəmiz internet xidmətini həyat keçirir. Ay ərzində müxtəlif fiziki şəxslər (VÖEN-i olmayan) internet səhifələrimizdən istifadə edərək onlayn xidmət haqqı ödəyirlər. Ödənişlər həmin fiziki şəxslər tərəfindən onlayn sistem vasitəsi ilə QOLDENPAY ASC-yə ödənilir və növbəti ay həmin ödənişlər GOLDENPAY ASC tərəfindən bizim bank hesabımıza ödənilir. Azərbaycan Respublikasının Vergi Məclləsinin 2019-cu ildə qüvvədə olan 166 Vergi tutulan əməliyyatların aparıldığı vaxt maddəsinə əsasən xidmət təhvil verildiyi gündən 5 gün müddətində ƏDV-nin elektron vergi hesab-fakturası verilrsə və 30 gün müddətibdə ödəmə həyata keşirsə ödəmə tarixi, ödəmə 30 gündən sonraaparldıqda ƏDV-nin elektron vergi hesab-fakturası tarixi vergi tutlan vaxt sayılır. Qeyd olunan halda ƏDV-nin elektron vergi hesab-fakturası yazılmır və xidmətin göstərildiyi vaxt ay ərzində həyata keçir və xidmətin təhvil-təsliminə dair heç bir sənəd tərtib edilmir. Belə olan halda fiziki şəxslər (VÖEN-i olmayan) internet səhifələrimizdən istifadə edərək onlayn xidmət haqqını onlayn sistem vasitəsi ilə QOLDENPAY ASC-yə ödədiyi vaxtı ƏDV məqsədləri üçün, ödəniş tarixi sayılır (xidmətin göstərildiyi vaxt) və ya ay bitdikdən sonra 30 gün QOLDENPAY ASC tərəfindən bizim bank hesbımıza ödənildiyi üçün, növbəti ay xidmətin göstərildiyi vaxt sayılır? Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən 2020-ci ildə Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən ödəmə nağd pul vəsaitini alındığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyatın vaxtı sayılır. Belə olan halda yenə də xidmətin göstərildiyi vaxtı müəyyən etmək üçün, hansı tarixi, fiziki şəxslər (VÖEN-i olmayan) internet səhifələrimizdən istifadə edərək onlayn xidmət haqqını onlayn sistem vasitəsi ilə QOLDENPAY ASC-yə ödədiyi vaxtı və ya QOLDENPAY ASC tərəfindən bizim bank hesbımıza ödənildiyi üçün, növbəti ay xidmətin göstərildiyi vaxt kimi, qəbul etməliyik?
13/02/2020 Read: 84 Average count: 0

1 yanvar 2020-ci il tarixə qədər qüvvədə olan vergi qanunvericiliyinə əsasən, müqavilə üzrə xidmətlərin müntəzəm və ya daimi əsasda göstərilməsi zamanı vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün hər dəfə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt hesab edilir. Vergi tutulan əməliyyat üçün elektron vergi hesab-fakturası xidmətlər göstəriləndən 5 gün ərzində verilməlidir. Göstərilən xidmətlərə görə 5 gün ərzində ƏDV-nin elektron vergi-hesab fakturası təqdim edilmədiyi halda ƏDV tutulan əməliyyatın vaxtı xidmətlərin tam başa çatdığı vaxt və ya göstərilən xidmətlərə görə ödəmə əvvəlcədən həyata keçirilmişdirsə əməliyyatın hər hansı hissəsinin ödənildiyi vaxt sayılır.

0/5 (0 Average count)
Qiymət ver:
Rəhim Vəliyev Qafil oğlu ma***@gmail.com ID: 864
Salam. Mən fərdi sahibkar kimi vergi ödəyicisiyəm. 2019-cu ilin dekabr ayında Gürcüstana gedərək şəxsi istifadə üçün avtomobil almışam. Bütün xərcləri nəğd şəkildə ödəmişəm və özüm sürərək Azərbaycana gətirmişəm. Avtomobilin gömrük rüsumlarını ödəyən zaman gömrük işçiləri Vergilər nazirliyindən verilən göstərişə əsasən avtomobilin sahibkar balansına salınmasının şərt olduğunu və əks halda rəsmiləşdirilməsinin mümkün olmayacağını bildirdilər. Mən avtomobili şəxsi istifadə üçün almışam və şəxsi istifadə üçün istifadə edirəm. Bütün xərclərini də sahibkar hesabımdan yox, şəxsi pulumla qarşılayıram. Vergiyə verilən İllik hesabatda avtomobili göstərmədiyim üçün uyğunsuzluq göndəriblər ki, sənin balansında avtomobil var. Hətda gömrük rüsumlarında nəğd şəkildə şəxsi pulumla ödəmişəm. Mən vergi ödəyicisiyəmsə şəxsi avtomobilim ola bilməzmi? və avtomobilin sahibkar balansımdan çıxarılması üçün nə etməliyəm?
13/02/2020 Read: 57 Average count: 0

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır. Müraciətinizdə qeyd olunan halda qeyri-sahibkarlıq məqsədləri üçün istifadə etdiyiniz avtomobil haqda uçotda olduğunuz vergi orqanına yazılı qaydada müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 37-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Əfqan Osmanov Kamal af***@mail.ru ID: 518
Hörmətli Vergi Əməkdaşları, salam. 30 noyabr 2018-ci il № 1360-VQD “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 dekabr 2018-ci il, № 294) ilə “sığortaedənin işçilərinin yeməklə təmin edilməsi ilə bağlı üçüncü tərəfə ödədiyi vəsait” Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərə aid edilmişdir. Qeyd edilən dəyişikliyə əsasən qaranlıq qalan nüansların dəqiqləşdirilməsinə ehtiyac vardır. Belə ki, İctimai-iaşə (yemək bişirilməsi və satışı) fəaliyyəti ilə məşğul olan vergi mükəlləfiyyətli (və ya fəaliyyət növündən aslı olmayaraq) Hüquqi Şəxs öz işçilərini yeməklə (naharla) təmin edirsə həmin yemək dəyərindən DSMF hesablamaları və ödəmələri edilməlidirmi? Hörmətlə, Əfqan Osmanov
13/02/2020 Read: 184 Average count: 4

Bildiririk ki, işə götürən tərəfindən yemək xərclərin çəkilməsinin nəticəsi kimi, yəni bilavasitə qida formasında əldə edilən gəlirdən məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

İşçinin belə xərclərinin əvəzi birbaşa işçiyə ödənildiyi halda həmin məbləğlər işçinin sosial sığorta haqlarına cəlb olunan gəlirlərinə aid edilir.

4/5 (12 Average count)
Qiymət ver:
Saleh Abdullabəyli ab***@gmail.com ID: 709
Salam, VÖEN bağlatdırmaq üçün olan idarənizin (Ayna Sultanovada yerləşən) tam adını öyrənmək istəyirəm, zəhmət olmasa cavanladırasınız.
13/02/2020 Read: 127 Average count: 5

Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin ünvanı - AZ 1008, Bakı şəhəri, Ziya Bünyadov prospekti, 15.

Vergi orqanlarının ünvan və əlaqə məlumatlarını səhifəmizin “Əlaqə” bölməsindən əldə edə bilərsiniz.

5/5 (2 Average count)
Qiymət ver:
Akif Quliyev Arif oğlu ak***@mail.ru ID: 718
Salam. Yeni Günəşli qəsəbəsində 67,9 kvadrat metr, 5 otaqlı mənzil sahibi olan təqaüdçü vətəndaş nə qədər vergi ödəməlidir? Güzəşt nə qədərdir? Vergi necə hesablanır? İllik ödəniləcək məbləğ neçə manatdır?
13/02/2020 Read: 223 Average count: 5

Bildiririk ki, xüsusi mülkiyyətdə olan yaşayış sahəsinin əmlak vergisinin hesablanması zamanı həmin yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadrat metrinə Bakı şəhəri üzrə müəyyən olunan 0,4 manat vergi dərəcəsi, habelə Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin zonaları üzrə müəyyən olunan müvafiq əmsal tətbiq edilir.

Qeyd etdiyiniz Bakı şəhərinin Suraxanı rayonunda yerləşən binalar 9-cu zonaya aid edilir və onlara tətbiq olunan əmsal 0,85-ə bərabərdir (müraciətinizdə qeyd olunan halda (67,9 – 30) x 0,4 x 0,85 = 12,88 manat).

Eyni zamanda, bildiririk ki, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, pensiyaçıların binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır və sizin əmlak vergisi ödəmək öhdəliyiniz yaranmır. 

Bundan başqa, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqların sahəsi 10.000 kvadratmetrədək olduqda, Vergi Məcəlləsinin 206.3-cü maddəsində qeyd olunan dərəcələrlə torpaq vergisi hesablanır.

Ayrılıqda bir neçə şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin (məsələn, bina evlərinin) altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi həmin şəxslərə məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.

Əsas: Vergi Məcəlləsinin 198.1-ci və 206-cı maddələri, Nazirlər Kabinetinin 6 aprel 2015-ci il tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”.

5/5 (2 Average count)
Qiymət ver:
Emil İskəndərov Alməmməd oğlu ei***@yahoo.com ID: 686
Salam. Mən işlədiyim müəssisədən 01.04.2019 - 31.12.2019 - cu il tarixləri arasında aldığım məvacib və maaşdan tutulan vergilər haqda arayış almışam. Mənə müvüfiq Vergi orqanından həmin vergilərin tutulmasını təsdiq edən arayış lazımdır. Bu barədə hara və kimə müraciət edə bilərəm. Xahiş edirəm köməklik edəsiniz. Hörmətlə, Emil İskəndərov
13/02/2020 Read: 137 Average count: 5

Sorğunuzda qeyd olunan halda vergi bilavasitə mənbədən olmaqla gəlir əldə edilənədək tutulur və gəliri əldə edən şəxsin vergi orqanında uçota alınmasına zərurət yaranmır. Gəlir vergisi gəliri ödəyən şəxs tərəfindən tutulur və müəyyən olunmuş müddətlərdə vergi orqanına bu haqda bəyannamə təqdim olunur.

İşçinin əməkhaqqından tutulan gəlir vergisi və digər tutulmaların uçotu həmin şəxsin iş yerində mühasibat sənədlərində qeyd olunur və sorğunuzda qeyd olunan məlumatı aidiyyəti üzrə çalışdığınız idarənin mühasibatlığına müraciət edərək əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 5-ci, 98-ci, 101-ci və 150-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Rəhman Əşrəfov re***@gmail.com ID: 634
Salam. Mən kiçik müəssisəmə işçi qəbul edib onu qeydiyyatdan keçirmək, həmçinin əmək müqaviləsi verə bilmək istəyirəm və işçinin aylıq maaşının e-gov hökümət portalında əks olunması üçün hansı prosedurları yerinə yetirməliyəm ki bu dediklərimin hamısı alınsın. Öncədən təşəkkür.
13/02/2020 Read: 141 Average count: 5

İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalıdır. Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minmiş sayılır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin hüquqi qüvvəyə minməsi üçün “Əmək müqaviləsi Bildirişi” məlumatları “Elektron Hökumət” portalı (https://www.e-gov.az/) üzərindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən istifadə edilməklə gücləndirilmiş elektron imza vasitəsilə qeydiyyata alınmalıdır.

Ətarflı təlimat saytımızın “Faydalı” bölməsində yerləşdirilmişdir.

Əmək qanunvericiliyinin tətbiqi barədə daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

5/5 (3 Average count)
Qiymət ver:
Salmanov Abdul Fərman ab***@gmail.com ID: 697
Salam. Vergi Məcəlləsinə görə hüquqi şəxs olan şirkət icbari sığorta məhsullarının satışı ilə məşğul olduqda sadələşdirilmiş vergi ödəyicisidir. Bəs həmin şirkət paralel olaraq könüllü sığorta satışı ilə də məşğul olsa, o zaman vergi mükəlləfiyyəti necə olacaq?
13/02/2020 Read: 126 Average count: 0

Vergi Məcəlləsinə əsasən, icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta vasitəçiləri (agentləri) istisna olmaqla, sığorta bazarının peşəkar iştirakçılarının, o cümlədən sığorta vasitəçilərinin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur.

Bununla yanaşı, Vergi Məcəlləsinin 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.

Vergi Məcəlləsinin 221.7-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, icbari sığorta müqavilələri üzrə xidmət göstərən sığorta agentləri bu fəaliyyətlə yanaşı digər fəaliyyət növləri ilə də məşğul olduqda həmin müqavilələr üzrə ümumi hasilata sadələşdirilmiş vergini tətbiq etmək hüququna malikdirlər.

0/5 (0 Average count)
Qiymət ver: