Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Elmira Quliyeva il***@gmail.com ID: 2967
Dövlət tərərfindən Tərəqqi medalına layiq görülmüşəm. Hər ay 50 manat müavinət alıram. Bilmək istərdim ki, işdən ayrıldıqdan sonra da bu müavinəti ala biləcəyəmmi yoxsa kəsiləcəkmi?
01/09/2020 Read: 36 Average count: 1

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

1/5 (1 Average count)
Qiymət ver:
Əlisoy Nərminə Mehman ne***@mail.ru ID: 2822
Mən Azərbaycan Dövlət Pedoqoji Universitetinin Texnologiya müəllimliyi qiyabi şöbəsini 2010-2015-ci ildə bitirmişəm. 2011-ci il tarixindən özəl vergi xidmətində çalışıram. 9 illik təcrübəm var. Sizə sualım budur ki, vergi orqanlarına işə qəbulla bağlı müsabiqədə iştirak edə bilərəm, ixtisasım texnologiya müəllimliyi olsa belə?
01/09/2020 Read: 122 Average count: 2

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

2/5 (3 Average count)
Qiymət ver:
Vəli Əliyev Əkbər o ve***@mail.ru ID: 2328
18-ci fəslin müddəaları eyni zamanda Vergi Məcəlləsinin 222.5.9-cu maddəsinə əsasən koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrinə də şamil edilir. Sualın odur ki, müvafiq icra hakimiyyəti orqanı hansı nörmativ hüquqi aktla fəaliyyət sahələrini tam və ya qismən məhdudlaşdırıb ki, həmin fəaliyyət sahələrinə də Vergi Məcəlləsinin 18-ci fəslinin müddəaları şamil olunur?
01/09/2020 Read: 101 Average count: 3

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə 222-225-ci maddələrdən ibarət “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni XVIII fəsil əlavə edilmişdir.

Belə ki, Vergi Məcəlləsinin yeni XVIII fəslinin 222.5.9-cu maddəsinə əsasən bu fəslin müddəaları koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələrini (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) də həyata keçirən şəxslərə şamil edilir.

Qeyd olunan maddədə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri dedikdə Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması ilə bağlı insanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldıması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fəaliyyəti tamamilə qadağan edilmiş və ya məhdudlaşdırılmış bir sıra iş və xidmət sahələri nəzərdə tutulmuşdur.         

Qanunda nəzərdə tutulan güzəşt və azadolmaların qanunda göstərilən siyahı üzrə pandemiyadan zərər çəkən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri ilə yanaşı, koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyəti tam və ya qismən məhdudlaşdırılan sahələrə də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Bunlarla yanaşı Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyəti tamamilə qadağan edilmiş və ya məhdudlaşdırılmış sahələr barədə məlumat almaq üçün aidiyyəti üzrə  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahına müraciət oluna və ya həmin məlumatlar internet resurslarından istifadə edilməklə əldə oluna bilər.

Əsas: Vergi Məcəlləsinin XVIII fəsli.

3/5 (7 Average count)
Qiymət ver:
Əliyev Rövşən rr***@mail.ru ID: 2829
Sahibkarlığın inkişafına dövlətin zəmanətli kreditlər verildikdə 12 aylıq güzəşt tətbiq olunur. Bilmək istərdim 12 aylıq güzəştə nələr daxildir?
01/09/2020 Read: 126 Average count: 4

Bildiririk ki, dövlət zəmanətli kreditlər aşağıdakı şərtlərlə verilir: 

  • kreditin maksimal məbləği 3.000.000 manatadək;
  • illik faiz dərəcəsi 15%-dək ola bilər. Bu faiz dərəcəsinin 50%-i dövlət tərəfindən ödənilir (subsidiyalaşdırılır).
  • kreditin müddəti 3 ilədək ola bilər.
  • kredit üzrə güzəşt müddəti 12 ayadək ola bilər. Güzəşt müddətində sahibkarlıq subyekti yalnız faiz borcunu ödəməlidir.
  • Sahibkarlıq subyekti tərəfindən alınan kreditin 60%-dək hissəsinə dövlət zəmanəti verilir.

 

4/5 (6 Average count)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 2279
Vergi ödəyicilərinin bağlanmış banklarda olan vəsaitləri geri alına bilmədikləri üçün onlar ümidsiz borc kimi tanına bilərmi? Burada əsas məqam odur ki, bu vəsait vergi ödəyicisinin debitor borcu deyil, aktividir. O səbəbdən də, vergi orqanlarının həmin vəsaitləri ümidsiz borc kimi qəbul edib etməməsini qanunvericilik çərçivəsində izah etməyiniz xahiş olunur.
01/09/2020 Read: 185 Average count: 2

Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Buna əsasən sorğuda göstərilən halda vergi ödəyicisinin debitor borcu ilə əlaqədar olmayan bağlanmış banklarda olan və geri alına bilməyən aktivlərinin ümidsiz borc hesab edilərək gəlirdən çıxılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

2/5 (7 Average count)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 1941
Müəssisə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən rezident hüquqi şəxsdir. Lisenziyası alınmış banklardan birindən müəyyən məbləğdə kredit götürmüş və kreditin təminatı olaraq şirkətlə hüquqi bağlılığı olmayan fiziki şəxsə məxsus həmin bankda olan əmanət girov qismində qoyulmuşdur. Hazırda həmin bankın lisenziyası ləğv olunduğundan Əmanətlərin sığortalanması haqqında Azərbaycan respublikasının qanununun 26.2-ci maddəsinə əsasən (Sığorta hadisəsi baş verdiyi günə əmanətçinin iştirakçı bank qarşısında vaxtı çatmış öhdəliyi olduqda əmanət üzrə kompensasiya hesablanmış faizlər də daxil olmaqla əmanətçinin bank qarşısında icra edilməyən öhdəliyinin hissəsi qorunan əmanətinin məbləğindən çıxılmaqla qalıq hissəsi üzrə ödənilir) kredit öhdəliyi əmanətçinin əmanəti hesabına ödənilmişdir. Belə olan halda şirkətin həmin şəxs qarşısında öhdəliyi yaranmışdır. Həmin şəxslə müəssisə arasında heç bir hüquqi bağlılıq olmadığını nəzərə alaraq, müəssisənin vergi orqanları ilə uyğunsuzluqların yaranmaması üçün qanunvericilik çərçivəsində cavablandırmanızı xahiş edirəm.
01/09/2020 Read: 112 Average count: 3

Bildiririk ki, hüquqi şəxsə məxsus kredit borcunun həmin şəxslə heç bir hüquqi bağlılığı olmayan fiziki şəxsin banka qoyduğu girov əmanəti hesabına ödənilməsi məsələsi aydınlaşdırılmalıdır. Həmin əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

3/5 (4 Average count)
Qiymət ver:
Elmar Əhmədov Arif oğlu el***@gmail.com ID: 2186
Salam. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş bağlanmış və həmin Sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən, bir Tərəfin qanunvericiliyinə tabe olan və həmin Tərəfin işəgötürəni tərəfindən digər Tərəf ölkəsinə 24 aydan az bir müddətə işləməyə göndərilən bir şəxs, bu xidmətləri birinci Tərəf ölkəsində yerinə yetirilmiş kimi yalnız birinci Tərəf ölkəsinin qanunvericiliyinə tabe olur. Hər iki Tərəfin Səlahiyyətli Orqanlarının əvvəlcədən təsdiqi ilə bu müddət, ümumilikdə 60 ayı keçməmək şərtilə uzadıla bilər. Sosial Sığorta haqqında Qanun 31-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir. Qeyd olunan Sazişə əsasən, Türkiyədə Şirkətdə işləyən Türkiyə vətəndaşı həmin şirkətin Azərbaycan Respublikasındakı Filialında işləyərsə həm sığortaedən, həm də sığortaolunan məcburi dövlət sosial sığorta haqqının ödənilməsində azaddırmı?
01/09/2020 Read: 149 Average count: 2

Bildiririk ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər hesab olunur.

Adıçəkilən Qanunun 31-ci maddəsinə əsasən Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə bu Qanundan fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Eyni zamanda Azərbaycan Respublikasının 1 dekabr 1998-ci il tarixli 557-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in 6-cı maddəsinə əsasən bu Sazişin 7-ci və 8-ci maddələrinə zidd olmadıqda, bir Tərəf ölkəsində əmək fəaliyyəti ilə məşğul olan şəxs, bu fəaliyyətlə əlaqədar olaraq yalnız həmin ölkə qanunvericiliyinə tabe olur.

Həmin Sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən bir Tərəfin qanunvericiliyinə tabe olan və həmin Tərəfin işəgötürəni tərəfindən digər Tərəf ölkəsinə 24 aydan az bir müddətə işləməyə göndərilən bir şəxs, bu xidmətləri birinci Tərəf ölkəsində yerinə yetirilmiş kimi yalnız birinci Tərəf ölkəsinin qanunvericiliyinə tabe olur. Hər iki Tərəfin Səlahiyyətli Orqanlarının əvvəlcədən təsdiqi ilə bu müddət, ümumilikdə 60 ayı keçməmək şərtilə uzadıla bilər.

Sazişin 7-ci maddəsinin 3-cü  bəndinə əsasən Tərəf ölkələrin birində mərkəzi olan hava, avtomobil və dəmir yolu nəqliyyatı və ya telekommunikasiya firma və şirkətlərində işləyən şəxsə, digər Tərəf ölkəyə göndərildiyi halda, göndərən tərəfin qanunvericiliyi tətbiq edilir.

Sazişin 7-ci maddəsinin 5-ci  bəndinə əsasən tərəflərdən birinin digər Tərəf ölkəsindəki şöbə və ya daimi nümayəndəlik bürolarında işləyən şəxslər, şöbə və ya nümayəndəliyin yerləşdiyi Tərəf ölkənin qanunvericiliyinə tabedirlər.

Bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2004-cü il tarixli 342 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiq edilməsinə dair prosedur Müqavilə”nin 4-cü maddəsinə əsasən Sazişin 7-ci maddəsinin 1, 2, 3, 4-cü bəndləri tətbiq edildikdə, sığortalı şəxs gəldiyi Tərəf ölkənin Səlahiyyətli İdarəsinə, onu göndərən Tərəf ölkəsinin qanunvericiliyinin tətbiq ediləcəyini təsdiq edən sənəd təqdim edir. Bu sənəd Azərbaycan Respublikasında və ya Türkiyə Respublikasında sığortalı şəxsin axırıncı tabe olduğu qanunvericiliyin tətbiq edilməsində məsul olan Səlahiyyətli İdarə Tərəfindən hazırlanır.

Qeyd olunanlardan əlavə, sorğuda göstərilmiş hal üzrə ətraflı məlumat (qeyri-rezidentin və onun Azərbaycan Respublikasında təsis etdiyi filialının əsas fəaliyyət növü, Azərbaycan Respublikasına göndərilən əcnəbi işçilərin filiala ezam və ya təyin olunması, habelə əmək haqlarının ödənilmə mənbəyi və digər zəruri məlumatlar) təqdim edildiyi təqdirdə əcnəbi işçinin məcburi dövlət sosial sığorta haqqına cəlb olunması məsələsinə münasibət bildiriləcəkdir.

Əsas: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sosial müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” və Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2004-cü il tarixli 342 nömrəli Sərəncamı.

2/5 (3 Average count)
Qiymət ver:
Fariz Əliyev fa***@dmx.gov.az ID: 2294
Dövlət qurumunun qeyri-kommersiya fəaliyyəti məqsədilə Vergi Məcəlləsinin 164.1.19. maddəsinə əsasən idxal etdiyi malların (avadanlıqların) Azərbaycan Respublikasının ərazisində təqdim edilməsi, eləcə də həmin malların (avadanlıqların) quraşdırılması xidmətləri Vergi Məcəlləsinin 159.10.-cu maddəsində göstərilməmişdirsə vergi tutulan əməliyyat sayılırmı, ƏDV-nə cəlb edilməlidirmi?
01/09/2020 Read: 137 Average count: 3

Bildiririk ki, sorğuda göstərilən əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

3/5 (4 Average count)
Qiymət ver:
Ömərova Nəcabət İmiran Na***@mail.ru ID: 2828
Mən uzun illər vergi odəyicisi olmuşam. 2019 cu ilin yayından işdən ayrıldığıma görə VÖEN-imi dondurmuşam. Bilmək istəyirəm dovlətin sahibkarlara dəstək ücün ayırdığı 250 AZN mənə də şamil olunurmu? Sağ olun
01/09/2020 Read: 75 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilməkdədir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmur.

Müraciətinizdə qeyd oluanlara əsasən, fəaliyyətiniz 2019-du ildə dayandırıldığı üçün fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyi Sizə şamil olunmur.

5/5 (1 Average count)
Qiymət ver:
Dərişov Zaxar Zakir oğlu mu***@mail.ru ID: 2965
1. Vergi orqanı şəxsi səhifədə təsdiq olunmamış azalmanı borc heasab edərək sərəncam vasitəsilə büdcəyə tələb edir. Əgər bu təsdiq olunmamışdırsa, vergi orqanı VM-nin hansı maddəsinə əsaslanaraq bu məbləği sərəncamla hesabımızdan silir?
01/09/2020 Read: 54 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər Vergi Məcəlləsinin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə, yəni borc bildirişinin gəldiyi tarixdən 5 gün ərzində ödənilmədikdə kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə alınma barədə sərəncam göndərilir.

Vergi borcu vergi orqanının hesabladığı vergilər üzrə olduqda və 5 gün ərzində ödənilmədiyi halda isə, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir.

Müraciətinizdə qeyd olunan halın araşdırlıması üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 65-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Zaur Ismayılov za***@gmail.com ID: 1783
Mənfəət vergisi ödəyicisi olan MMC mikrosahibkarlıq subyektidir. 2019-cu ilin bölüşdürülməmiş mənfəətin bir hissəsini dividend formasında 2020-ci ilin yanvar, fevral və mart aylarında ödəyir və müvafiq bəyannamədə göstərilir. Ödəmə anında mikrosahibkarlıq subyektləri 106.1.20 maddəsinə əsasən dividendə görə 10 faiz mənbədə vergidən azaddır. MMC 2020-ci ilin aprel ayında könüllü olaraq 177.5 maddəsinə əsasən ərizə ilə müraciət edərək arxa tarixdən, yəni 2020-ci ilin fevral ayının 1-dən ƏDV qeydiyyatına alınır. Bilmək istəyirəm ki, 2019-cu il üçün (mikrosahibkarlıq dövrü üçün) fevral və mart ayında ödənilən dividend ÖMV-yə cəlb olunur ya yox?
01/09/2020 Read: 149 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 106.10-cu maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsasən sorğuda göstərilən halda rezident müəssisənin ƏDV qeydiyyatı olmayan dövr üzrə  formalaşan bölüşdürülməmiş mənfəətindən dividendin elan edilməsi və ödənilməsi zamanı ƏDV qeydiyyatında olması onun Vergi Məcəlləsinin 106.10-cu maddəsi ilə müəyyən edilən güzəşt hüququnu məhdudlaşdırmır. Müəssisənin ƏDV qeydiyyatında olduğu dövrdə formalaşan bölüşdürülməmiş mənfəətindən dividendlərin elan edilməsi və ödənilməsi isə onun vergi mükəlləfiyyətindən asılı olmayaraq ümumi qaydada vergiyə cəlb edilir

Əsas: Vergi Məcəlləsinin 106-cı və 122-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Bayramova Leyla Hacırəhim qızı le***@list.ru ID: 1459
Salam.Təmsil etdiyim hüquqi şəxs sifarişçilərlə faktorinq əməliyyatını istifadə edir. Faktorinq məbləğinin cəmi bir neçə elektron qaimə məbləğlərindən ibarət ola bilər və alıcı ödənişi hər qaimə üzrə müxtəlif tarixlərdə ayrı-ayrı ödəniş həyata keçirə bilər. Satıcı elektron qaimələr əsasında alıcıya mal təqdim edir. Təqdim edilmiş mallara görə alıcının əvəzinə bank tərəfindən elektron qaimələrdə qeyd edilən əsas məbləğinin 90% satıcının bank hesabına köçürülür. Müəyyən müddətdən sonra alıcı elektron qaimələrdə qeyd edilən məbləğin ödənişini həyata keçirir - əsas məbləğlər satıcının bank hesabına, ƏDV sub hesabına. Bu anda bank alıcı tərəfindən ödənilmiş əsas məbləğlərin 90% öz hesabına geri qaytararaq, bu xidmətə görə 1% xidmət haqqı tutur. Vergi Məcəlləsinin 166.1.1 maddəsinə əsasən" nağdsız ödəmədə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt" ödəmə aparılmış sayılır. Sual- vergitutma əməliyyatı hansı tarix hesab edilir: bank tərəfindən elektron qaimə üzrə ödənilən əsas məbləğlərin 90%, yaxud alıcı tərəfindən elektron qaimələr üzrə ödənilən ƏDV daxil tam məbləğ? Məsələn, yanvar, fevral, aylarında alıcı cəmi 118000 manat (ƏDV daxil) məbləğində satıcıya mal təqdim edib. Satıcı banka müraciət edib və bank fevral ayında 90000 manat məbləğində faktorinq əməliyyatına görə satıcının bank hesabına o məbləği köçürüb. Alıcı mart ayında 47200 manat (ƏDV daxil), aprel ayında 70800 manat (ƏDV daxil) satıcının bank və sub hesablarına köçürüb. 118000 manat məbləğin ödənişi ƏDV bəyannaməsinin 3 N-li əlavəsinin "Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)" bölməsində neçə əks olunmalıdır? Aşağıda göstərilən variantlardan hansı düzgün aparılan əməliyyatı əks edir? 1. 90000 manat fevral ayı üzrə ƏDV bəyannaməsində,+ 4000 manat mart ayı üzrə ƏDV bəyannaməsində+6000 aprel ayı üzrə ƏDV bəyannaməsində ? 2. 40000 manat mart ayı üzrə ƏDV bəyannaməsində + 60000 aprel ayı üzrə ƏDV bəyannaməsində?
01/09/2020 Read: 230 Average count: 0

Bildiririk ki, Mülki Məcəllənin 655-ci maddəsinin müddəalarına əsasən faktorinq pul tələbinin güzəşt edilməsi müqabilində maliyyələşdirmədir. Faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür.

Mülki Məcəllənin 657.4-cü maddəsinə əsasən əgər borclu müştəridən və ya müştərinin vəkaləti ilə faktordan güzəşt barəsində yazılı bildiriş almışdırsa, ödənişi faktora həyata keçirməlidir. Bildiriş yalnız o halda etibarlıdır ki, güzəşt edilmiş tələbləri və borclunun ödənişi həyata keçirdiyi və ya hesabına həyata keçirdiyi faktoru kifayət qədər dəqiq göstərsin və bildirişin verildiyi an və ya daha əvvəl bağlanmış müqavilədən irəli gələn tələblərə aid olsun.

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.

Vergi Məcəlləsinin 166.1.6-cı maddəsinə əsasən tələb hüququ güzəşt edildikdə güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.

Eyni zamanda sorğuda qeyd olunan əməliyyatların xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 166-cı və Mülki Məcəllənin 655-ci və 657-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Anar Babayev Vahid oğlu an***@gmail.com ID: 2229
Müəssisə ƏDV və mənfəət vergisi ödəyicisidir. İl ərzində satışdankənar gəlirlər əldə edir və bu satışdankənar gəlirlər mənfəət vergisi bəyannaməsinin 217-ci "Digər gəlirlər" sətrində qeyd olunaraq, mənfəət vergisinə cəlb olunur. Lakin bu satışdankənar gəlirlər ƏDV-si üçün vergitutma obyekti olmadığı üçün aylıq ƏDV bəyannamələrində qeyd olunmur. Nəticədə il ərzində təqdim olunmuş ƏDV bəyannamələrinin 305-ci sətirlərinin cəmi ilə Mənfəət vergisi bəyannaməsinin 218-ci "Ümumi gəlirlər" sətirləri arasında uyğunsuzluq yaranır ki, sonradan da vergi orqanı tərəfindən kameral məktub əldə edirik. Sual : müəssisənin əldə etdiyi satışdankənar gəlirlər ƏDV bəyannamələrində qeyd olunmalıdırmı? Əgər olunmalıdırsa, ƏDV bəyannaməsinin hansı sətrində qeyd olunacaqdır?
01/09/2020 Read: 177 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinin müddəalarına əsasən digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri satışdankənar gəlir hesab edil

Eyni zamanda bildiririk ki, satışdankənar gəlirlər ƏDV-nin vergitutma obyektini yaratmır və həmin gəlirlər ƏDV bəyannaməsində göstərilmir. Kameral vergi yoxlaması zamanı qeyd edilən əməliyyatla əlaqədar olaraq vergi orqanı tərəfindən hər hansı uyğunsuzluq göndərildiyi halda bununla bağlı vergi orqanına müvafiq izahat məktubu təqdim edilə bilər.

0/5 (0 Average count)
Qiymət ver:
Rəhimov Mübariz Ənvər oğlu ra***@mail.ru ID: 2817
Salam. Zəhmət olmazsa bizi məlumatlandırardınız. Hər hansı şirkət qarşısındakı öhdəlikləri ödəyən zaman şirkət ödədiyi ƏDV-ni (əsas məbləğ ödəməsi bir xeyli gecikdirildiyi halda) anında əvəzləşdirə bilərmi? Əgər əsas məbləğ ödənişi gecikərsə ƏDV hesabatda necə əks olunmalıdır.
01/09/2020 Read: 105 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa,ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Eyni zamanda, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə əvəzləşdirilən ƏDV-nin vaxtı - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt hesab olunur. 

Əsas: Vergi Məcəlləsinin 175.1-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Əliyev Firuddin al***@gmail.com ID: 1195
Salam. Kənd Təsərrüfatı Məhsullarının istehsalı ilə məşğul olan müəssisəmizin təşkilati hüquqi forması 2020-cu ilin əvvəlinə qədər Məhdud Məsuliyyətli Cəmiyyət olmuşdur. Müəssisə yenidən təşkil qaydasında təşkilati hüquqi formasını dəyişərək 2020-ci ilin fevral ayında Qapalı Səhmdar Cəmiyyəti qismində yenidən qeydiyyata alınmışdır. Səhmdarların hamısı fiziki şəxslərdir. Müəssisənin 2016-2018-ci maliyyə ilə üzrə 300.000 manat, 2019-cu maliyyə ili üzrə 100.000 manat olmaqla, ümumilikdə 400.000 manat bölüşdürülməmiş xalis mənfəəti mövcuddur. Səhmdarlara əvvəlki maliyyə illərinin bölüşdürülməmiş xalis mənfəəti hesabına ümumilikdə 400.000 manat məbləğində dividend ödənilməsi məsələsi müzakirə olunarkən investisiya qiymətli kağızın sahibləri kimi, onlara ödənilməsi nəzərdə tutulan dividentin Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən ödəmə mənbəyində tutulan gəlir vergisindən azad olub olmaması sualının aydınlaşdırılmasına zərurət yaranmışdır. Sualımız belədir: Vergi Məcəlləsinin 102.1.22-ci maddəsində nəzərdə tutulan güzəşt hüququ müəssisənin 2016-2019 maliyyə illəri üzrə əldə etdiyi xalis mənfəətdən 2020-ci ildə səhmdarlara ödənilən dividentlərə şamil olunurmu və səhmdar fiziki şəxslərə ödənilən dividenddən ödəmə mənbəyində 10% gəlir vergisi tutulmalıdırmı? Öncədən təşəkkürümü bildirirəm.
01/09/2020 Read: 173 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır.

Buna əsasən hüquqi şəxsin təşkilati hüquqi formasını dəyişərək səhmdar cəmiyyətinə çevrildiyi tarixədək formalaşmış xalis mənfəət hesabına ödənilən dividendlər Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 122-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Rəşid Şərifov Aqacan ra***@mail.ru ID: 2964
Mən ƏDV çekini sistemə daxil edə bilmirəm. Başqa çekləri daxil etmişəm.
31/08/2020 Read: 28 Average count: 0

Bildiririk ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Müraciətinizin araşd ırılması üçün elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Yadigar Orucov Oruc ya***@gmail.com ID: 2963
Mən 1-ci ay 252 manat almışdım.2-ci ay mənə pandemiyaya görə 250 manat yardım düşürmü?
31/08/2020 Read: 36 Average count: 1

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə yalnız 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır. 

1/5 (1 Average count)
Qiymət ver:
Kamil Minayev Etibar re***@gmail.com ID: 2960
Salam. Baki şəhəri, Suraxani r-nu , BülBülə qəs, S. Bəhlulzadə küç.,95 B ünvaninda yerləşən univermaqdan aliş- veriş zamani, kassada ədv çeki təqdim etməkdən imtina edirlər. Səbəb ədv ödəyicisinin olmamagi göstərilir. Konkret hal, 30\08\2020, 15:53 tarixində baş verib. Aliş-veriş zamani , fiskal İD olmayan çek təqdim olunub ( f/ş ABBASOV ELBRUS Z) VÖEN 7300546542-19001
31/08/2020 Read: 35 Average count: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Teymur Rəşidli Ceyhun te***@gmail.com ID: 2819
Salam VÖEN-ni olan fiziki şəxsdən alış zamanı elektron alış aktının yazılmağı və ona olan ödənişin kassadan ödənilməsi düzgündürmü?
31/08/2020 Read: 188 Average count: 4

Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Vergi Məcəlləsinin 16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Yuxarıda qeyd olunan hədlər daxilində əməliyyatlar nağd qaydada həyata keçirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 58.8-ci, 58.13-cü, 71-1-ci, 71-2-ci maddələri, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.

 

4/5 (3 Average count)
Qiymət ver:
Nihat Quliyev Taqət nq***@gmail.com ID: 2816
Salam, mən 21.05.2020-ci il tarixində "Diamond Training and Consulting" MMC təsis etmişəm. Və, indi istəyirəm ki, dəyişiklik təsisçilər sayında artım üçün edim. Bunun üçün nə etməliyəm?
31/08/2020 Read: 193 Average count: 5

Bildiririk ki, rezident hüquqi şəxsdə təsisçi dəyişikliyi həmin hüquqi şəxsin təsisçiləri tərəfindən iştirak paylarının digər təsisçilərə təqdim eilməsi (satılması) anlamını verir.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Rezident hüquqi şəxsin təsisçisi olan qeyri-rezident şəxs tərəfindən həmin rezident hüquqi şəxsdəki təsis paylarının (iştirak paylarının) rezident şəxslərə təqdim edilməsindən əldə olunan gəliri Azərbaycan mənbəyindən gəlirlərə aid edilməklə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir. Qeyd edilən gəlirin ödəmə mənbəyində vergi tutulması mümkün olmayan hallarda isə qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq gəlir (mənfəət) vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Bununla belə, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver: