Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Əliməmmədov Rəşad Cingiz ra***@gmail.com ID: 4177
Salam mən 09.01.21 tarixində Qubadan Tikinti mağazasından 936.61 qəpiyliy elektrik kabelləri almışam və 1 kart vasitəsi ilə ƏDV-ni öz hesabıma daxil eləmişəm. 14.29 Azn qaytarılmalı məbləğə ləğv etmə yazmısız. Buna görə kimə mürüciət edib araşdəra bilərəm.Ceklər sübut ücün məndədir.Xaiş edirəm məlumat verin yoxsa bunu ictimailəşdirəcəm.
10/02/2021 Read: 73 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Həmçinin bildiririk ki, pərakəndə satış bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Qeyd etdiyiniz hal üzrə iri həcmli əmtəə partiyasının əldə edilməsi malların topdansatış ticarət qaydasında əldə edilməsi ehtimalını yaratdığından ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılmasından imtina edilməsinə səbəb ola bilər.

 

0/5 (0 Average count)
Qiymət ver:
Quliyeva Günel Eflan gu***@gmail.com ID: 3865
Salam. Zəhmət deyilsə, məlumat verə bilərsiniz, dekabr ayının 14-dən yanvar ayının 18-nə qədər sərtləşdirilmiş karantin rejimidir və muzdlu işçilərin maaşları nə vaxt köçəcəkdir? Və neçənci mərhələ sayılır bu. 3-cü ya 4-cü? Dəqiqləşdirmək məcburiyyətindəyəm həm də onlayn işləyirəm.
09/02/2021 Read: 178 Average count: 4

Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilmiş qərara əsasən, 4-cü mərhələ çərçivəsində 174.316 muzdlu işçini əhatə edən 18.845 vergi ödəyicisinə maliyyə dəstəyi göstərilib. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə dövlətdən maliyyə dəstəyi almış həmin vergi ödəyicilərinin siyahısını saytımızda yerləşdirilmişdir.

Maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilmişdir. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

4/5 (5 Average count)
Qiymət ver:
Əhmədli Emil Elxan oğlu em***@gmail.com ID: 4175
Salam. Mən Amerikada yerləşən və orada fəaliyyət göstərən bir şirkətdən iş təklifi almışam, orda rəsmi qeydiyyata salındığım halda və salınmadığım halda hansı qaydada vergiyə cəlb olunacağımı öyrənmək istəyirəm. Şirkətdə sadəcə uzaqdan işləyən işçi olaraq ölkəmiz daxilində çalışacam və aylıq əməkhaqqı kimi fərdi bank kart hesabıma köçürmə edəcək şirkət. Şirkətin Azərbaycanda heç bir nümayəndəliyi yoxdur.
09/02/2021 Read: 159 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır.

Bu halda Azərbaycan Respublikasının hüdudlarından kənarda muzdlu işlə əlaqədar gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına müraciət edərək vergi uçotuna alınmalı (fəaliyyət növünü (muzdlu işə görə əmək haqqından gəlir vergisi ödəyən fiziki şəxs) seçilməklə) və il ərzində əldə etdiyi 14 faiz həcmində gəlir vergisini hesablamalı və hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına “Gəlir vergisinin bəyannaməsi”ni elektron və ya kağız formada təqdim edərək hesablanmış vergini dövlət büdcəsinə köçürməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 96.1-ci, 101.2-ci, 127-ci, 130-cu, 149.1.4-cü, 149.2-ci, 152.1-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Abushov Mehdi Vaqif ab***@gmail.com ID: 4174
Salam.Bir muessisede (MMC) tesisci ve direktor eyni shexsdirse,alqi satqi zamani tesisci deyisherse o zaman direktorda avtomatik qaydada deyishir? Eger deyishmirse bunu aid oldugu vergi orqanina getmeden poct vasitesile lazimi senedleri gonderib direktor deyishikliyi etmek mumkundurmu?
09/02/2021 Read: 77 Average count: 0

Bildiririk ki, kommersiya və publik hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktlarının hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün dəyişikliyin baş verdiyi andan 40 iş gündən gec olmayaraq "Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında" və ya "Publik hüquqi şəxsin qeydiyyatı haqqında" ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Kommersiya və publik hüquqi şəxsin nizamnaməsindəki məlumatlarda baş vermiş dəyişiklik faktının dövlət qeydiyyatına alınması zamanı aşağıdakı sənədlər təqdim olunur:

  • Ərizə;
  • Təsisçinin (təsisçilərin) qərarı;
  • Nizamnaməyə dəyişiklik;
  • Təsisçi dəyişikliyi zamanı yeni təsisçinin (təsisçilərin) şəxsiyyətini təsdiq edən sənəd;
  • Hüquqi ünvan dəyişikliyi zamanı yeni hüquqi ünvanı təsdiq edən sənəd;
  • Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

Dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması zamanı aşağıdakı sənədlər təqdim olunur:

  • Ərizə;
  • Təsisçinin (təsisçilərin) qərarı;
  • İdarəetmə orqanlarının tərkibində (rəhbəri, idarə heyətinin və müşahidə şurasının üzvlərində) dəyişiklik olunduqda həmin şəxslərin şəxsiyyətini təsdiq edən sənəd;
  • Ərizə səlahiyyətli şəxs tərəfindən təqdim olunduqda onun səlahiyyətini təsdiq edən sənəd.

Dəyişiklik barədə 40 iş günü müddətində qeydiyyat orqanına müraciət olunmaması İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Elşad Abubəkirov Abubəkir el***@gmail.com ID: 4173
Salam. Bizim yxlnlığımlzda Book Shop kitab mağazası var. ƏDV istədikdə deyirər ki bizdə köhnə kassadır. ƏDV vermirik. Bu qanunla necə həll olunur? Öncədən Sizə təşəkkür edirəm.
09/02/2021 Read: 111 Average count: 5

Bildiririk ki, nəzarət-kassa aparatları Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi nəzərə alınmaqla pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri üçün tələb olunur.

Vergilər Nazirliyinin elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub və 2019-cu ilin 2-ci rübündən  başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”, eyni zamanda yeni nəsil kassa aparatlarına aid tələblər, operatorlar və bütün aidiyyəti suallara e-kassa.gov.az saytından cavab əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 50.8-ci, 165.5-ci  maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiqlənmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası",  Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

5/5 (2 Average count)
Qiymət ver:
MirOrxan Kamalov Samid o. mi***@ibar.az ID: 4171
Vergi Məcəlləsinin 35.3-cü bəndinə əsasən bank idarəsində hesab açmaq üçün verilən şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində qüvvədə hesab edilir. Məcəllənin 68.1-ci bəndinə görə bu Məcəllədə müəyyən edilən hər hansı müddətin axımı onun hesablanmasını şərtləndirən hüquqi hərəkətin və ya faktiki hadisənin həyata keçirildiyi sonrakı gündən başlanır. Məcəllənin 68.2.-ci bəndinə əsasən bu Məcəllədə nəzərdə tutulan hər hansı müddət qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir. Qeyd olunanları nəzərə alaraq aşağıdakı hallara uyğun sualları cavablandırmağa köməklik etməyinizi xahiş edirəm: 1. Əgər vergi ödəyicisi şəhadətnamə-dublikatın alınması üçün 6 fevral (şənbə günü) tarixində vergi orqanına elektron qaydada müraciət edirsə, o zaman, 68.2 bəndinin tələbinə uyğun olaraq müddət qeyri-iş gününə təsadüf etdiyindən, 68.1 bəndinə əsasən müddətin axımı 8 fevral (bazar ertəsi) tarixindən etibarən başlanılır və şəhadətnamə-dublikatın son istifafə tarixi 17 fevral hesab olunur? 2. Əgər vergi ödəyicisi şəhadətnamə-dublikatın alınması üçün 10 fevral (çərşənbə günü) tarixində vergi orqanına elektron qaydada müraciət edirsə, o zaman, 68.1 bəndinə əsasən müddətin axımı 11 fevral (cümə axşamı) tarixindən etibarən başlanılır və şəhadətnamə-dublikatın son istifafə tarixi 68.2 bəndinin tələbinə uyğun olaraq 20 fevral (şənbə günü) - qeyri-iş günü - tarixinə təsadüf etdiyindən, son istifafə tarixi 22 fevral hesab olunur?
09/02/2021 Read: 72 Average count: 5

Bildiririk ki, bank hesabının açılması üçün vergi ödəyicisinin ərizəsi əsasında vergi orqanından alınmış şəhadətnamə-dublikat alındığı tarixdən 10 gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab olunur. Qeyd olunan müddət şəhadətnamə-dublikatın alınmasından sonrakı gündən başlanır və təqvim günləri ilə hesablanmaqla müddətin sonuncu günü qeyri-iş gününə təsadüf edərsə, həmin müddət onun ardınca gələn ən yaxın növbəti iş gününə keçir.

Əsas: Vergi Məcəlləsinin 35-ci və 68-ci maddəlləri.

5/5 (2 Average count)
Qiymət ver:
Əkbərova Gülər İmran ab***@yahoo.com ID: 4169
Salam. Mən online növbə götürə bilmirəm. Yazır kı, finə uygun ad soyad yazın. Hamısı şəxsiyyət vəsiqəsindəki kimi yazilib. 3 il öncə şəxsiyyət vəsiqəsimi və soyadını dəyişmişəm. Bilmirəm, bəlkə onunla əlaqədardır. Bilmək istəyirəm ki, indi mən nece onlayn növbə götürə bilərəm?
09/02/2021 Read: 41 Average count: 5

Elektron xidmətlərdən istifadə zamanı yaranan xətalarla bağlı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Kənan Şükürov Rəsul mu***@mail.ru ID: 4166
VÖEN-ə bağlı hesab açdırmaq üçün nə etmək lazımdır?
09/02/2021 Read: 50 Average count: 5

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Nicat Aliyev Sihət oğlu al***@gmail.com ID: 4164
Salam. Sualım ƏDV məqsədləri üçün kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi ilə bağlıdır. Vergi ödəyicisi kimi uçotda olmayan şəxslərdən kənd təsərrüfatı məhsulları əldə edilərkən onlardan əldə edilən məhsulun dəyərini ödəyən şəxs 2% ödəmə mənbəyində vergi tutaraq ödəniş edir. Və pərakəndə satışı həyata keçirən şəxs ƏDV qeydiyyatındadırsa ƏDV məqsədləri üçün vergitutma obyekti ticarət əlavəsindən hesablanan məbləğ olur. ƏDV qeydiyyatında olan pərakəndə satışı həyata keçirdən şəxs kənd təsərrüfatı məhsulunu ƏDV qeydiyyatında olan topdan ticarətçidən əldə etdikdə eyni qaydada pərakəndə satış zamanı ticarət əlavəsindən hesablanacaqmı ƏDV məbləği? Hesablanmırsa hansı maddələrə əsasən ?
09/02/2021 Read: 91 Average count: 4

Bildiririk ki,  Azərbaycan Respublikasında istehsal olunan kənd təsərrüfatı mallarının yalnız pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsinə tətbiq olunur və həmin mallar topdansatış qaydasında təqdim olunduğu zaman ƏDV ümumi qaydada tətbiq olunur. Həmin malları topdansatış qaydasında alarkən ƏDV ödəyən şəxs, Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə əməl etdiyi halda, ödədiyi ƏDV-ni əvəzləşdirmək hüququna malikdir.

Əsas: Vergi Məcəlləsinin 159.1-ci və 175-ci maddələri.
 

4/5 (3 Average count)
Qiymət ver:
Rəhim Aslanov Nəriman oğlu Ni***@mail.ru ID: 4163
Salam. Mən məcburi köçkünəm və Qarabağ qazisiyəm, iki məktəbdə müəllim işləyirəm. Hər məktəbdə 12 saat dersim var. Əmək haqqımdan tutulan gəlir vergisi ferqlidir. Bilmək istəyirəm ki, bu tutumlar düzgündürmü? Bir məktəbdən 100% tutulur, digərindən isə güzəştlə tutulur. Və hər iki məktəbdə də tibb sığorta tutulur bunlar doğrudurmu?
08/02/2021 Read: 91 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. 

Bununla yanaşı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.14-cü bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məcburi köçkün statusu haqqında vəsiqəsi əsasında müəyyənləşdirilir.

Eyni zamanda, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin qeyd olunnan vergi güzəşti hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Eyni zamanda, tibbi sığorta haqqı işçinin hər iş yerində ayrılıqda hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102-ci maddələri.

4/5 (4 Average count)
Qiymət ver:
Tərlan Həmidov Balamirzə oğlu t.***@gmail.com ID: 4162
Salam. Sualım ƏDV geri al məzmunundadır. Əyər mən malı aldıqda mənə endirim olunursa və bu rəqəm fiskal çekdə əks olunursa, ƏDV geri al -da bu kimi əməliyyat necə əks olunur?
08/02/2021 Read: 123 Average count: 4

Bildiririk ki, malların dəyəri bonus, hədiyyə kartları, hədiyyə kupunları və s. ilə ödənilkdə, yaxud ödənişin tipi avans olduqda ƏDV-nin geri qaytarılması nəzərdə tutulmamışdır.

Endirimli məhsullara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məhdudiyyət nəzərdə tutulmamışdır. Bununla belə bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün kassa çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

4/5 (5 Average count)
Qiymət ver:
Əliyeva Ulker Nasir ul***@bk.ru ID: 4161
Çekin yaranma tarixi 4.02.2021. bugünə qədər çekdən ƏDV ala bilmirəm. E-kassada cekin fiksalini yazib yoxladım, belə bir çek tapilmadı. Hara müraciət edə bilərəm?
08/02/2021 Read: 59 Average count: 5

Bildiririk ki, nəzarət-kassa aparatı çeki üzərində yerləşdirilmiş Fiscal İD çek yarandığı andan 90 dəqiqə sonra sistemə daxil edilərək yoxlanılmalı və çek yarandığı andan 7 gün ərzində çek tapılmadığı təqdirdə araşdırılması üçün Dövlət Vergi Xidmətinə müraciət edilməlidir.

Qeyd olunanları nəzərə alaraq çekin təkrar yoxlanılması üçün cəhd etməyinizi sizə tövsiyə edirik. Cəhdiniz zamanə xəta baş verərsə çekin sürəti və ya çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz Sizə tövsiyyə olunur.

5/5 (2 Average count)
Qiymət ver:
Ruslan Rüstəmov Eldar ru***@hotmail.com ID: 4159
Salam, sualım Həyat sığortası ilə bağlıdır. Daha öncə bir müraciətə (Həyat sığortası ilə bağlı) cavab olaraq aşağıdakılar qeyd edilmişdir "Eyni zamanda nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir." "Azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir", yanı həmin məbləğdən (azad edilən sığorta haqqından) gəlir vergisi tutulmalıdır və qalan hissə Sığortaya köçürülməlidir? İkinci sual odur ki, sığortaya köçürülən əmək haqqı vergiyə cəlb olunan gəlir sayılırsa, həmin məbləğdən vergi tutulmalıdır? Yoxsa vergi tutulmadan Sığortaya köçürülməlidir. Xahiş edirəm, aydınlıq gətirəsiniz.
08/02/2021 Read: 120 Average count: 5

Bildiririk ki, bəzi hallarda işəgötürən sosial sığorta haqlarından azad edilməklə sığortaçı şirkətə ödənilən işçinin 50 faizdən çox olmayan gəlirlərinə görə işəgötürənin vəsaiti hesabına ödənilməli sosial sığorta haqlarını da işçinin xeyrinə həyatın yığım sığortası üzrə sığortaçı şirkətə ödəyir. 
Bu zaman nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.
Misal: 
Dövlət sektorunda çalışan işçinin aylıq vergiyə və sosial sığorta haqqına cəlb olunan gəliri – 1000 manat
Həyatın yığım sığortasına yönəldilən məbləğ – 500 manat
İşəgötürən tərəfindən işçinin xeyrinə sığortaçı şirkətə ödənilən sosial sığorta haqqından azad olan sosial sığorta məbləği – 110 manat (500*22%)
Bu halda işinin aylıq gəliri 1110 manat təşkil edir (1000 manat əmək haqqı+işəgötürənin sığortaçıya ödədiyi 110) manat. İşəgötürən işçinin əməkhaqqından 610 manat məbləğ həyatın yığım sığortasına köçürdüyü halda yalnız 555 manat məbləğ vergi və sosial sığorta haqlarından azad olacaqdır. Qalan məbləğ isə vergiyə və sosial sığorta haqlarına cəlb ediləcəkdir.

5/5 (2 Average count)
Qiymət ver:
Əliyeva Nərmin go***@gmail.com ID: 4158
1. Xidmət müqaviləsi əsasında fiziki şəxslərə (VÖEN-i olmayan) xidmət göstərən bir müəssisə hesablama metodu ilə gəlirlərini hesabladığı halda (xidmət müqaviləsində xidmətin göstərilməsinin müddəti və dəyəri əks olundugu halda) gəlir olaraq, nəyə əsaslanmalıdır? Müqavilənin qüvvəyə mindiyi tarixə, yoxsa faktiki ödəniş tarixinə? 2. Xidmət müqaviləsi əsasında fiziki şəxslərə (VÖEN-i olmayan) xidmət göstərən bir müəssisə xidmət müqaviləsində (xidmət müqaviləsində xidmətin göstərilməsinin müddəti və dəyəri əks olundugu halda) fiziki şəxslə təhvil-təslim akti bağlamalıdırmı?
08/02/2021 Read: 82 Average count: 5

Cavab 1. Bildiririk ki, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Hesablama metodunun tətbiqi zamanı xərc əqddə və ya müqavilədə iştirak edən bütün tərəflər tərəfindən əqd və ya müqavilə üzrə bütün öhdəliklər yerinə yetirildiyi, yaxud müvafiq məbləğlər qeyd-şərtsiz ödənildiyi vaxtda çəkilmiş sayılır.

Əsas: Vergi Məcəlləsinin 134-cü, 135-ci və 136-cı maddələri. 

Cavab 2. Bildiririk ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Sorğunuzda qeyd olunan halda, tərəflər arasında xidməin təqdim olunmasını təsdiq edən sənədlər qismində tərəflər arasında bağlanmış müqavilələr, qaimələr, təhvil-təslim aktları, bank çıxarışları və digər ilkin-uçot sənədləri çıxış edir.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi ilə əlaqədar aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

5/5 (2 Average count)
Qiymət ver:
Murad Mirzəyev Azər mm***@yahoo.com ID: 4156
Salam. “A” MMC müəssisəsi “B” ASC-nin təsisçilərindən biridir (səhmlərin 95%-inə sahibdir). 2015-ci ildə “B” ASC aralarında bağlanmış müvafiq podrat müqavilə əsasında “A” MMC müəssisəsinə xidmət göstərmiş və göstərdiyi xidmətə görə (əsas məbləğ 100 000 AZN, ƏDV məbləği 18 000 AZN) ƏDV Hesab Faktura təqdim etmiş, eləcə də VM-nin tələblərinə əsasən 18 000 manat ƏDV-ni büdcəyə hesablamış və ödəmişdir. Nəticədə “A” MMC müəssisəsinin “B” ASC müəssisəsinə toplam ƏDV ilə birlikdə 118 000 AZN kreditor borc yaranır. 2020-ci ildə “A” MMC-nin “B” ASC müəssisəsinə birləşdirilməsi barədə razılıq əldə olunaraq “A” MMC “B” ASC-yə birləşdirilir. Müəssisələr birləşənə kimi 118000 mannat kreditor borc MMC tərəfidən ödənilməmiş qalmışdır. Bu müəssisələr birləşəndən sonra “B” ASC tərəfindən “A” MMC –yə təqdim olunmuş ƏDV hesab fakturalarının ləğvinin, yəni büdcəyə hesablanmış 18 min manat ƏDV-yə azalma verilməsinin mümkünlüyü barədə sorğunun cavablandırılmasını xahiş edirəm.
08/02/2021 Read: 126 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan halda müəssisə tərəfindən 2015-ci il əzrində müqavilə əsasında xidmətlər göstərilmiş, elektron vergi hesab-faktura təqdim edilmiş və ƏDV hesablanmışdır. Bir müddət sonra, müəssisələrin birləşməsi ƏDV məbləğinin azaldılması, həmçinin hesab-fakturanın ləğv edilməsi üçün əsas sayılmır. Belə ki, vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar Vergi Məcəlləsinin 163-cü maddəsində qeyd olunmuşdur və  ƏDV tutulan dövriyyənin dəqiqləşdirilməsi Vergi Məcəlləsinin 163-cü maddəsinə uyğun aparılır.

Eyni zamanda, hüquqi şəxsin təsisçisi tərəfindən pul vəsaiti əvəzsiz olaraq hüquqi şəxsə verildikdə, bu zaman həmin pul vəsaitləri hüquqi şəxsin gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək müvafiq qaydada vergiyə cəlb olunmalıdır.

Hüquqi şəxslə onun təsisçisi mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayıldığından təsərrüfat əqdləri həmin şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edilənlərə əsasən təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14.3-cü, 18-ci, 110-cu, 123.1-ci 150-ci, 163-cü maddələri

0/5 (0 Average count)
Qiymət ver:
Orucova Gülarə gu***@mail.ru ID: 5513
Salam. Lizinq müqaviləsi ilə şirkət adına avtonəqliyyat alınıb. Lakin müqaviləyə əsasən bu aylıq ödənişlər 27.01.2023 tarixdə bitəcək. Bildiyim qədəri ilə bu müqavilə üzrə ödəniş tam olduqdan sonra nəqliyyat şirkətin balansına düşür və həmin ildə MV bəyannaməsində amortizasiya edilir. Sualım ondan ibarətdir ki, Lizinq müqaviləsi üzrə nəqliyyatın gələcəkdə balansıma düşməsi üçün 27.02.2021 tarixindın başlayaraq aylıq ödədiyim vəsaitləri 2021 MV bəyannaməsində gəlirdən çıxılan xərc kimi göstərər bilərəm?
08/02/2021 Read: 175 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 140.1-ci maddəsinə əsasən bu maddənin məqsədləri üçün maliyyə lizinqinin obyekti əsas vəsaitlərə aid edilən daşınar və daşınmaz əmlakdır. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır. Maliyyə lizinqi müqaviləsi üzrə lizinq alan qismində yalnız hüquqi şəxslər və fərdi sahibkarlar çıxış edirlər.

Vergi Məcəlləsinin 140.6-cı maddəsinə əsasən icarəyə verən maliyyə lizinqi başlananadək aktivin sahibi olduğu hallarda, bu Məcəllənin 140.1-ci maddəsində göstərilən ssudanın verilməsi rejiminə əlavə olaraq, əqd əmlakı icarəyə verənin satması və icarəçinin alması kimi qiymətləndirilir.

Mülki Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Mülki Məcəllənin 748-11.1.1-ci maddəsinə əsasən lizinq obyektinin amortizasiya ödənişləri lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilir.

Mülki Məcəllənin 748-3-cü maddəsinə əsasən maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır.

Qeyd olunanlara əsasən lizinq müqaviləsi üzrə aylıq ödənişlər lizinq obyektinin (aktivin) dəyərinə daxil edilir və amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır. Əmlakın lizinqə verilməsindən əldə edilən gəlirlərin tərkibində həmin əmlak üçün hesablanmış amortizasiya ayırmaları lizinq ödənişlərinin tərkibi kimi çıxış edir.

Əsas: Vergi Məcəlləsinin 140-cı, Mülki Məcəllənin 748-3-cü və 748-10-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Ağayev Ruslan Elçin ru***@gmail.com ID: 4155
Salam. Bildiyimiz kimi, 01 yanvar 2021-ci il tarixindən icbari Tibbi sığorta hesablanır. Öyrənmək istərdim ki, Həyat yığım sığortasına qoşulmuş şəxslər üçün necə hesablanır? Yəni ki, Həyat Yığım sığortasına qoşulmuş şəxslərdə icbari tibbi sığorta ümumi hesablanmış əməkhaqqıdan hesablanır? Yoxsa Həyat Yığım sığortası məbləği çıxıldıqdan sonra hesablanmalıdır? Sizdən xahiş edirəm bu sualımı cavablandırasınız. Öncədən Təşəkkür edirəm.
08/02/2021 Read: 109 Average count: 5

Bildiririk ki, həyatın yığım sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları tibbi sığorta haqqından azad edilməmişdir və ümumi məbləğdən adi qaydada hesablanır.

5/5 (2 Average count)
Qiymət ver:
Багирова Самира Алексеевна sa***@mail.ru ID: 4157
Здравствуйте! Я хотела бы получить информация какие документы нужны для открытие ресторана.
08/02/2021 Read: 50 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda sorğuda qeyd olunan təsərrüfat subyekti (mağaza) fiziki şəxsdən icarəyə götürüldüyü halda ödənilən icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101-ci, 124-cü və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Şahin Rzayev Yaqubəli oğlu sh***@gmail.com ID: 4152
Hörmətli Vergi xidməti. Mən yenicə sahibkarlıq fəaliyyəti ilə məşğul oluram və bir-sıra sualların cavablandırılmasına ehtiyyac dururam: 1. İcarəyə obyekt götürmüşəm. İcarədara icarə haqqını bank hesabı vasitəsiylə ödəyəcəm. Bunun üçün icarəyəverən (hansı ki, özü də vergi ödəyicisidir) mənə elektron qaimə-faktura kəsməlidirmi? 2. 3 ay olar ki, sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyatdayam. 2021-ci ilin 2-ci rübündən (Aprel 10-a kimi) könüllü olaraq ƏDV və Gəlir Vergisi ödəyicisi kimi qeydiyyatdan keçmək istəyirəm. Bunun üçün xususi tələblər varmı yoxsa yox? Öncədən minnətdaram.
07/02/2021 Read: 93 Average count: 4

Cavab 1. Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

Sorğunuzda qeyd olunan fiziki şəxs vergi uçotunda olduğu üçün, onun tərəfindən müvafiq icarə xidmətləri göstərildiyindən, həmin şəxs tərəfindən icarəyə götürən şəxsə elektron qaimə-faktura təqdim edilməlidir.

Cavab 2. Bildiririk ki, ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Könüllü qeydiyyat zamanı qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə vergi ödəyicisinin ƏDV məqsələri üçün qeydiyyatı qüvvəyə minir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci , 16.1.11-6-cı və 156-cı maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
Anar, Allahverdiyev, Vilayət Al***@gmail.com ID: 4151
Salam. Mən bilmək istəyirəmki əmlak vergisi və ev pulu nədir? Mən şəxsi, özəlləşdirilmiş, köhnə tikili mənzildə yaşayıram. Yaşadığım evə görə ev pulu verməliyəm yoxsa əmlak vergisi? Bunların nə olduğunu və hansının düzgün olduğunu açıqlamağınızı xahiş edirəm. Həm MKİS həm əmlak vergisi məndən pul istiyir.
07/02/2021 Read: 115 Average count: 5

Bildiririk ki, fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış sahəsinə görə əmlak vergisi həmin əmlakın ümumi sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Vergi Məcəlləsi ilə müəyyən edilmiş dərəcələrlə müvafiq bələdiyyələr tərəfindən hesablanır və verginin ödənilməsi barədə tədiyə bildirişi hər il 1 avqust tarixinədək mənzilin mülkiyyətçisinə çatdırılır. Mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisinin məbləğini bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərinədək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələrindən istifadə edilməklə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyir.

Mənzil-kommunal istismar idarələrinə vətəndaşlar tərəfindən ödənilən məbləğlər isə vergi deyil, dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqıdır. Mənzil (ev) xidməti tarifləri, habelə yaşayış binalarında liftdən istifadəyə görə ödənişlər Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı ilə, mərkəzi istilik sisteminin fəaliyyətinin təşkili və isti su təchizatı ilə bağlı xidmətlərin haqqı Tarif Şurasının müvafiq qərarları ilə müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 8-ci, 197.1.1-ci, 198.1.1-ci, 199.1-ci və 200-cü maddələri, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli 244-IIQ nömrəli Qanununun 7-ci və 11.4-cü maddələri, “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı, “Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Tarif (Qiymət) Şurasinin 4 nömrəli 24.10.2011-ci il tarixli Qərarı, “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Tarif (Qiymət) Şurasının 5 nömrəli 24.10.2011-ci il tarixli Qərarı.

5/5 (1 Average count)
Qiymət ver: