Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, repetitorluq xidmətinin göstərilməsi üzrə fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlandığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Vergi orqanlarında uçota alındıqdan sonra vergi ödəyicisi tərəfindən seçilmiş vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq əldə olunan gəlirlərdən vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Qeyd olunan fəaliyyəti gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanlarına təqdim etməlidirlər.

Bu fəaliyyət üzrə sadələşdirilmiş vergitutma metodu seçildiyi halda həmin fəaliyyət üzrə əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanmalı və hər rübdən sonrakı ayın 20-dək vergi orqanına sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləğləri dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 96-cı, 102-ci, 108-ci, 219-cu və 220-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Qasımov Akif Şirin oğlu  (VÖEN 6800569922) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Eyni zamanda qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Müharibə veteranı olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər ümumi qaydada vergiyə cəlb olunur. 

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu, 207-ci maddələri. 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Eyni zamanda Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsinə əsasən, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.

Buna əsasən, müəssisənin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmadığı dövr üzrə formalaşan mənfəətinin bölüşdürülməsi bu maddənin tələblərinə uyğun olaraq vergidən azaddır.

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu və 218-1.1.4-cü maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində Mustafayev Kənan Mahir oğlunun uçotda olması barədə məlumat mövcud deyil. Saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ni əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd olunan Qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin Nazirlər Kabinetinin 13 aprel 2004-cü il tarixdli 47 saylı Qərarı ilə qüvvədən düşmüşdür. 

Vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablaya bilər.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız "Youtube" videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Sahibkarlıq fəaliyyəti çərçivəsində vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicisi (avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində daşımaları həyata keçirən, idman mərc oyunlarını təşkilində iştirak edən şəxs istisna olmaqla) növbəti ayın 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməli, vergi orqanı tərəfindən ƏDV qeydiyyatına alındıqdan sonra isə ƏDV ödəyicisinin vergi öhdəliklərini yerinə yetirməlidir.

Bəyannamələrin formaları, o cümlədən "Gəlir vergisi bəyannaməsinin" forması və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 155-ci, 218.5.10-cu, 218.6.2-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Fiziki şəxs kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin surətinə əsasən həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, mühasibat uçotuna dair qanunvericilikdə nəzərdə tutulmuş tələblər haqda aidiyyəti üzrə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalının azaldılması və ya artırılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Bu haqda ətraflı məlumatla Mülki Məcəllənin 43-113-cü maddələrində tanış ola bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisinin fəaliyyyət növü haqda məlumat vergi sirri hesab edilir və “Sual-cavab” bölməsində kommersiya (vergi) sirri təşkil edən məlumatlar verilmir.

Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin vergi uçotundan çıxarılıb-çıxarılmaması, vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə), vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) yerləşdiyi ünvan haqqında məlumat səlahiyyətlərinin icrası ilə əlaqədar dövlət orqanlarına (qurumlarına) verilə bilər. 

Vergi orqanları və onların vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisinin fəaliyyət növlərinin adı və kodu (əsas və əlavə) haqqında məlumat hesabların açılması məqsədilə bank əməliyyatı aparan şəxslərə verilə bilər.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının, vergi bəyannamələrinin (hesabatların) surətlərinin verilməsi sərbəst formada müraciət ərizəsi (vergi ödəyicilərinə xidmət mərkəzində müraciət vərəqəsi tərtib edildikdə tələb olunmur) əsasında 15 gün müddətində təqdim edilir.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, "vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışı" vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək əldə edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin isə muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

Ümumi qiymət: 5/55
Qiymət ver:

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır.

Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı, Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməli və rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə təqdim edilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəliri ödəmə mənbəyində xərclər çıxılmadan Vergi Məcəlləsinin 125-ci maddəsi ilə müəyyən edilmiş dərəcələrlə vergiyə cəlb edilir.

Bunlarla yanaşı, Azərbaycan Respublikası ərazisində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyekti hesab edilir.

Əlavə olaraq bildiririk ki, ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer Vergi Məcəlləsinin 168-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 168.1.3-cü maddəsinə əsasən xidmətlər mədəniyyət, incəsənət, təhsil, bədən tərbiyəsi və ya idman sahəsində, yaxud digər analoji fəaliyyət sahələrində göstərilirsə ƏDV məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. 

Buna əsasən sorğuda qeyd olunan qeyri-rezident şəxsin göstərdiyi xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

 

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışı ƏDV-dən azaddır.

Bununla əlaqədar olaraq bildiririk ki, müraciətdə qeyd olunan soyuducu anbarın satışının ƏDV-yə cəlb edilməsi məsələsinə həmin avadanlıqların bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşınlar, avadanlıqlar və texnikalara aid edilib-edilməməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, ƏDV-dən azad olunan kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin siyahısı Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Əsas: Vergi Məcəlləsinin 164-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 121 nömrəli Qərarı.

 

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini  (sorğunuzda 3101001 - MEBEL İSTEHSALI) həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Məlumat üçün bildiririk ki, işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 218-ci və 220-ci maddələri.

Ümumi qiymət: 0/50
Qiymət ver: