Salam. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir;
Əlavə olaraq gəlir vergisindən azadolmalar və güzəştlər üçün Vergi Məcəlləsinin 102-ci maddəsində qeyd olunan meyarlardan yararlana bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 101-ci və 102-ci maddələri
Fiziki şəxsin uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin müraciəti əsasında 2 gündən gec olmayaraq şəhadətnamənin yeni nüsxəsi verilir. Xidmət mərkəzində şəhadətnamənin yeni nüsxəsi ilə bağlı müraciətlər emal olunduqda, yeni nüsxə emal müddəti nəzərə alınmaqla müraciət zamanı təqdim olunur. Bu zaman verilən nüsxənin üzərində fiziki şəxsin uçotu haqqında şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır.
Fiziki şəxsin uçotu haqqında şəhadətnamənin itirilməsinə görə hər hansı cərimə və ya ödəniş nəzərdə tutulmamışdır.
Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”.
Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, bu haqda ətraflı məlumat almaq üçün Çağrı Mərkəzinə (195-1), xidmət mərkəzlərinə və ya Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin "Müraciətlər" bölməsində "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsinə müraciət etməyiniz tövsiyə olunur.
Rəsmi qaydada müraciət üçün link: "Dövlət Vergi Xidmətinə müraciət"
Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.
Məlumat üçün bildiririk ki, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya seriya və nömrəsini daxil etməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda məlumatı əldə edə bilərsiniz. Xidmətdən istifadə üçün bu linkdən istifadə edə bilərsiniz.
Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.
Müraciətinizdə qeyd olunanlara əsasən, fiziki şəxs tərəfindən göstərilən xidmətin alıcısı əhali deyil, vergi ödəyicisi kimi uçotda olan şəxslər olduğu üçün müəssisənin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur. Qeyd olunan fəaliyyət mənfəət vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Bildiririk ki, mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur.
Vergi Məcəlləsinin 106.1.20 maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə güzəşt tətbiq olunur.
Əsas: Vergi Məcəlləsinin 104-cü, 106-cı, 218.5.10-cu və 218.6.2-ci maddələri.
Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.
Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan tətbiq olunur.
Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.
Əsas: Vergi Məcəlləsinin 101-ci və 102 -ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”
Bildiririk ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən dərzi fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.
Buna əsasən həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək, Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdır.
"Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə, ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.
Eyni zamanda vergi qanunvericiliyinin tələbinə əsasən vergi ödəyicisi olan fiziki və hüquqi şəxslər sahibkarlıq fəaliyyətində istifadə etdikləri təsərrüfat subyektlərinin uçota almasını təmin etməlidir. Vergi ödəyicisi tərəfindən təsərrüfat subyekti (obyekti) olduğu yer üzrə uçota alındıqda, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” kağız formasında və ya “İnternet Vergi İdarəsi” vasitəsilə elektron qaydada doldurularaq vergi orqanına təqdim edilir. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surətləri əlavə edilir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 34-cü, 218-ci, 220-ci maddələri və Vergilər Nazirliyinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”.
Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Fərdi sahibkarlıqla məşğul olan fiziki şəxsin fəaliyyəti ilə əlaqədar olaraq digər əraziyə getməsi isə ezamiyyə hesab olunmur.
Bununla yanaşı bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Bu səbəbdən vergi ödəyicisi gəlirin əldə olunması ilə bağlı olan xərclərini müvafiq qaydada rəsmiləşdirməklə gəlirdən çıxa bilər.
Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları”.
Bildiririk ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.
Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.
Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102.1-1-ci maddəsində nəzərdə tutulmuş güzəşt məbləği şəhid adını almış şəxslərin valideynlərinə, dul arvadlarına (ərlərinə) və övladlarına şamil edilir. Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu.
Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerində güzəşt hüququ verən sənədlərdən (müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin və Daxili İşlər Nazirliyinin arayışları) biri təqdim edildiyi halda aylıq gəliri 400 manat azaldılır.
Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.
Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.
Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri.
Bildiririk ki, Vergi Məcəlləsinin 153.3-cü maddəsinə əsasən 2022-ci il yanvarın 1-dən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir.
Vergi Məcəlləsinin 175.12-ci maddəsinə əsasən Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 3 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.
Əlavə olaraq nəzərinizə catdırırıq ki, Vergi məcəlləsinin 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir.
Bildiririk ki, əvəzləşdirilməsi mümkün olmayan ƏDV məbləğinin gəlirdən çıxılması vergi məbləği üzərinə əlavə edilən müvafiq malın (işin, xidmətin) təyinatından asılı olaraq və Vergi Məcəlləsinin 108-ci, 109-cu və X fəslin digər aidiyyəti maddələri əsas götürülməklə gəlirdən çıxıla bilər.
Əmək münasibətləri işçilər ilə işəgötürənlər arasında əmək müqaviləsi əsasında yaranan və əmək hüquq normaları ilə tənzimlənən münasibətlərdir. Əmək münasibətlərinin bir tərəfi qismində işçi, digər tərəfin qismində isə işəgötürən çıxış edir.
İŞÇİ - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 15 yaşına çatmış hər bir şəxs əmək müqaviləsi bağlamaq hüququna malikdir.
İŞƏGÖTÜRƏN - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.
ƏMƏK MÜQAVİLƏSİ - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
Bildiririk ki, sahibkarlıqla məşğul olan fiziki şəxs həm də işəgötürən olduğundan, özü-özü ilə əmək münasibətində ola bilməz. Fiziki şəxs kimi fəaliyyət göstərən sahibkar işçi olmadığı üçün ona əməkhaqqı da hesablanıla bilməz.
Sorgunuza cavab olaraq bildiririk ki, fərdi sahibkarın özü işçi sayılmır və 3 nəfərin tərkibinə aid edilmir. Bu halda mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlara verilən güzəst hüququndan istifadə edə bilmir.
Bildiririk ki, Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.
Sözügedən vergi güzəşti yalnız nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparıldığı halda tətbiq olunur.
Əsas: Vergi Məcəlləsinin 174-cü maddəsi.
Bildiririk ki, mikro sahibkarlıq subyekti dedikdə dövriyyəsi 200 min manatadək olan, işçi sayı isə 10 nəfərdən çox olmayan şəxslər nəzərdə tutulur.
Vergi Məcəlləsinin 106.1.20 maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizinə güzəşt tətbiq olunur.
Əsas: Vergi Məcəlləsinin 106-cı maddəsi
Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.
Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri.
Bildiririk ki, fəaliyyətini dayandırmış şəxsin fəaliyyətini aktivləşdirməsi üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış” vergi orqanına təqdim edilməlidir.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) olduqda İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə və ya "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 16.5-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 23.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.
Bildiririk ki, sahibkarlıq fəaliyyətindən gəlir əldə edən və vergi uçotuna gəlir vergisinin ödəyicisi kimi alınan fərdi sahibkar hesabat ili ərzində əldə etdiyi gəlirdən, yəni əldə olunan vergi tutulan gəlirlərlə bu gəlirlərin əldə olunmasına çəkilən və Vergi Məcəlləsinin X fəslinə uyğun olaraq gəlirdən çıxıla bilən xərclərin fərqindən 20 faiz dərəcə ilə gəlir vergisini hesablamalıdır. Hesablanmış verginin məbləği "Gəlir vergisinin bəyannaməsi" ilə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyan edilir.
Gəlir vergisinin ödəyicisi olan fərdi sahibkar hesabat ili ərzində rübdə bir dəfə olmaqla Vergi Məcəlləsinin 151-ci maddəsində qeyd olunan qaydada gəlir vergisi üzrə hesablanmış cari vergi məbləğini büdcəyə ödəməli, hesabat ili başa çatdıqdan sonra isə bəyannamənin təqdim olunmasınadək büdcə ilə son haqq-hesabı aparmalıdır.
Vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.
Əsas: Vergi Məcəlləsinin 149-cu, 151-ci və 152-ci maddələri.
Bildiririk ki, əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri, əmək kitabçası saxlanılan yer isə əsas iş yeri sayılır. Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır.
Həmçinin bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır.
Qeyd olunanlara əsasən, fiziki şəxs iki və ya daha çox yerdə muzdlu işdə çalışdıqda, icbari tibbi sığorta haqqı hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır.
Habelə, həmkarlar ittifaqının üzvü olan işçilərin əmək haqqından müəyyən edilmiş faizdə tutulan üzvlük haqları isə tərəflər arasında bağlanılmış müqavilə əsasında tənzimlənir.
Bildiririk ki, “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmişdir.
Qaydaya əsasən ödənişi tam həyata keçirmiş alıcılar ödəniş tam başa çatdıqdan sonra 90 gün müddətində satıcının uçotda olduğu vergi orqanına Qaydada nəzərdə tutulmuş sənədlə yanaşı, alıcı tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin dəyərinin nağdsız qaydada satıcının bank hesabına ödənildiyini təsdiq edən sənədləri təqdim etməlidir.
Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub.
Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”.