Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Fərid Kazımov Zakir fe***@mail.ru ID: 4626
Fərdi sahibkar şəxsi istifadəsi üçün xaricdən avtomobil idxal etmiş, zəruri ehtiyacları üçün şəxsi avtomobili təqdim etmişdir. Bunun üçün vergiyə nə təqdim etməliyəm?
07/05/2021 Read: 122 Average count: 3

Bildiririk ki, sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın, o cümlədən şəxsi avtomobilin təqdim edilməsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergi ödəyicilərinin vəzifəsidir. Qeyd olunanlara əsasən, şəxsi avtomobilin satışını həyata keçirən şəxs vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.3-cü, 102.1.7-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Məmmədov Sahil Mübariz Sa***@gmail.com ID: 4624
Mənim atama 2004679902 bu kod adı altında sms bildirişi gəlib ki, sizə vergilərdən bir məktub var. Bilmək istəyirdik ki, nə məktubudur. Atamın adı Məmmədov Mübariz Əhməd oğlu.
06/05/2021 Read: 143 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi Məmmədov Mübariz Əhməd oğlu (VÖEN 2004679902) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

Həmçinin bildiririk ki, vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron qutularına göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron qutusuna göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Abdullayeva Tahirə İsax ca***@mail.ru ID: 4623
Vergilər nazirinin 13 iyun 2019-cu il tarixli 1917040100720000 nömrəli əmri ilə təsdiq edilmiş "Vergi müvəkkili olmaq istəyən hüquqi şəxsin birbaşa bu xidməti göstərəcək işçilərinin imtahandan keçirilməsi Qaydaları"nın 2.6.4.-cü maddəsinə əsasən "vergi qanunvericiliyinin pozulmasına görə cinayət məsuliyyətinə cəlb edilməməsi barədə sənəd" təqdim olunması nəzərdə tutulur. Xahiş edirik ki, həmin sənədin kim tərəfindən, hansı dövrü əhatə etməklə təqdim edilməsi haqqıda məlumat verəsiniz.
06/05/2021 Read: 58 Average count: 0

Sorğunuzda qeyd olunan məhkumluq haqqında arayışlar Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən “ASAN xidmət” mərkəzlərində verilir.

0/5 (0 Average count)
Qiymət ver:
Tərlan həsənov te***@gmail.com ID: 4620
Salam 1-ci qrup gözdən əlil biriyəm və maaşım 400 manatdan azdır. Məndən vergi tutulmalıdırmı?
05/05/2021 Read: 126 Average count: 5

Bildiririk ki, I və II dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Eyni zamanda, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, Siz azadolmanı təsdiq edən sənədləri iş yerinizə təqdim etdiyiniz andan sizin əməkhaqqınızdan gəlir vergisi hesablanmır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Average count)
Qiymət ver:
Elxan Behbudov el***@gmail.com ID: 4618
Müəssisəmiz Jersey adalarında qeydiyyatdan keçmiş Türkiyyə dövlətinə məxsus Şirkət olub, Azərbaycanda Nümayəndəlik kimi qeydiyyata alınmışdır və fəaliyyət göstərmişdir. İdarə heyətinin qərarına əsasən müəssisənin Jersey adalarındakı qeydiyyatı dayandırılmış (ləğv edilmiş) və Türkiyə, Ankara şəhərində təkrar yaradılmışdır. Bu halda nümayəndəliyin Azərbaycandakı fəaliyəti ilə bağlı vergi qeydiyyatı üçün nə kimi sənədlərin təqdim edilməsi tələb olunmaqdadır.
05/05/2021 Read: 64 Average count: 0

Bildiririk ki, xarici hüquqi şəxsin daimi nümayəndəliyinin Azərbaycan Respublikasında qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını (o cümlədən ərizə və sənəd nümunələrini) səhifəmizin “Bir pəncərə” bölməsinin “Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün” hissəsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Kərimov Siracəddin Allahverdi oğlu si***@mail.ru ID: 4617
02.05.2017-ci il tarixli borc müqaviləsi üzrə MMC-yə verilmiş pul vəsaitindən hər-hansı bir vergi tutulurmu? Tutulursa hansı Qanun və ya qanun qüvvəli akta əsasən.
05/05/2021 Read: 122 Average count: 0

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Qanunvericiliyin müddəaları əsas götürülməklə müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.
Əsas: Vergi Məcəlləsinin 14-cü, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Qasımova Cəmilə İman je***@mail.ru ID: 4616
Добрый день. Вопрос: В какую графу в отчете о прибылях 2020 года (Mənfəət vergisi bəyannaməsi) в графах Gəlirlər və Xərclər, вписать сумму утилизациях товаров , которые отразили в НДС отчете 2020 года (ƏDV bəyanaməsində) в графе 301.1.3 (VM 159.5 əsasən)? Заранее спасибо .
05/05/2021 Read: 186 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Eyni zamanda bildiririk ki, qeyd olunan malların dəyəri “Mənfəət vergisi bəyannaməsinə 1 nömrəli Əlavə”nin “Mallar” sətirinin “Ləğv edilmişdir” sütununda göstərilir.

5/5 (2 Average count)
Qiymət ver:
Vəliyeva Mehriban Kabil qızı me***@gmail.com ID: 4613
1) Təşkilati hüquqi forması filial olan MMC tərəfindən royalti ödənişləri edilir və bu ödənişlər ÖMV bəyannaməsində vergiyə cəlb edilir. Əlavə olaraq ƏDV bəyannaməsində qeyri rezidentin gördüyü işlər üzrə əməliyyatlar kimidə ƏDV-yə cəlb edilməlidirmi? 2) qeyri rezidentə ödənilən xidmət haqqı ƏDV bəyannaməsində qeyri rezidentin gördüyü işlər üzrə əməliyyatlar kimi də ƏDV-yə cəlb edilməlidirmi? 3) POS-terminalla ödənilən məbləğlərə vergi güzəşti necə hesablanmalıdır?
05/05/2021 Read: 253 Average count: 0

Cavab 1. Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.7-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan royalti şəklində gəlirlərindən bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Bununla yanaşı, vergi qanunvericiliyinə əsasən qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinin XI fəslinin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar Vergi Məcəlləsinin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır.

Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Cavab 3. Vergi Məcəlləsinin 102.1.24-cü və 106.9-cu maddələrinə əsasən pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar və ya hüquqi şəxslər tərəfindən müvafiq olaraq büdcəyə ödənilməli olan gəlir və ya mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. 
Misal: Ümumi gəlir = 1000 manat (o cümlədən 200 manat nağd, 800 manat nağdsız), Gəlirdən çıxılan ümumi xərc = 700 manat   Gəlir (mənfəət) = 300 manat
Güzəşt tətbiq edilmədiyi halda vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat (1000-700=300x20%) təşkil edir.
Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 48 manat (800 (nağdsız dövriyyə) / 1000 (ümumi gəlir) =0,8 (xüsusi çəki) 0.8x25%=0.2x60=12 manat ) təşkil edir.
Əsas: Vergi Məcəlləsinin 102.1.24-cü və 106.9-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Sadıqov İlham Əlizaman oğlu il***@mail.ru ID: 4608
Salam, mən sahibkar kimi fəaliyyət göstərirəm. Hal-hazırda işləmədiyim üçün VÖEN-i müvəqqəti dondurmaq istəyirəm, bunu necə etməliyəm?
04/05/2021 Read: 109 Average count: 5

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi yutub səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Emin Əhmədov İmran oğlu em***@bk.ru ID: 4603
Salam. Mən VÖEN şəhadətnaməsin itirmişəm. Xahiş edirəm onu yenidən bərpa etməyə köməklik göstərəsiniz.
03/05/2021 Read: 70 Average count: 5

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Müraciəti elektron kabinetiniz vasitəsilə və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla təqdim edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (1 Average count)
Qiymət ver:
Əliyev Fariz Atabəy oğlu fa***@dmx.gov.az ID: 4454
Məlumdur ki, Nazirlər Kabinetinin 30 dekabr 2007-ci il tarixli № 219 nömrəli qərarının 1.4. bəndinə əsasən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) dəyəri bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Vergi Məcəlləsinin 175.1.3. maddəsinə əsasən isə elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec olmayaraq, ƏDV-nin məbləği ödənilməlidir. Bəzi hallarda malların (iş və xidmətlərin) dəyəri və ƏDV-si alıcı tərəfindən ayın sonuncu günü ödənildikdə, bank gecikmələri səbəbi ilə malların (iş və xidmətlərin) dəyəri cari ayda bank hesabına, ƏDV məbləği isə növbəti ayda depozit hesabına daxil olarsa (və ya əksinə), ödəyicinin depozit hesabına daxil olmuş məbləği ƏDV/0,18 metodu ilə hesablayıb dövriyyənin təyin (yəgin) edilməsi, Vergi Məcəlləsinin 166.1.1.-cı və 166.7.-cı maddələrinin tələbi ilə ziddiyyət yaradırmı? Bu halda xidmətlərin dəyəri cari yoxsa növbəti ayın ƏDV bəyannaməsində vergiyə cəlb edilməlidir? Bu sualımla bağlı Vergi Məcəlləsinin 166.1.1.-cı maddəsinin yeni redaksiyada verilməsini təklif edirəm. “166.1.1. nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə ƏDV qeydiyyatında olan vergi ödəyiciləri üçün ƏDV-nin onun Depozit hesabına daxil olduğu vaxt, digər hallarda bütün ödəyicilər üçün pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt;”
03/05/2021 Read: 361 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 17.09.2013-cü il tarixli 19/1 nömrəli Qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyində 30.09.2013-cü il tarixdə 23201309170191 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat”ın 3.1-ci bəndinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank (emitent bank) ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda (benefisiar bankda) ödəyicinin göstərdiyi şəxsin (vəsait alanın) hesabına ödəniş tapşırığının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində ayrı müddət nəzərdə tutulmasın. Bank hesabı müqaviləsində ödəniş tapşırığının müvafiq sahəsində köçürmənin konkret tarixinin göstərilməsi nəzərdə tutula bilər.

Qeyd olunanlara əsasən ƏDV ödəyicisi tərəfindən malların (işlərin, xidmətlərin) əsas dəyərinin və ƏDV məbləğinin digər şəxsin müvafiq olaraq bank hesabına və ƏDV depozit hesabına ödənilməsini özündə əks etdirən bank tərəfindən qəbul edilən ödəmə tapşırığının banklar tərəfindən növbəti günlərdə icra edilməsindən asılı olmayaraq (əsas məbləğin alıcının bank hesabına ƏDV məbləğinin isə depozit hesabına köçürülmə tarixindən asılı olmayaraq) vergi ödəyicisi tərəfindən ödənilmiş ƏDV ödəniş tapşırığının banka verildiyi (qəbul edildiyi) ayın ƏDV bəyannaməsində əks etdirilməklə əvəzləşdirilir.

Eyni zamanda, bildiririk ki, İqtisadiyyat Nazirliyi tərəfindən vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı vergi ödəyicilərindən daxil olan təkliflər ümumiləşdirilir və həmin təkliflərə ölkədə aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq baxılır. Bununla bağlı təkliflərinizi səhifəmizin "Dövlət Vergi Xidmətinə müraciət" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur. 

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi və “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında Təlimat” ilə tənzimlənir.

5/5 (4 Average count)
Qiymət ver:
İlqar Abbasov il***@inbox.ru ID: 4602
Salam. Bilmək istərdim ki, onlayn formada təqdim olunan elektron alış aktı mal satan tərəfindən imzalanaraq vergi orqanına təqdim olunmalıdırmı? İçməli su alışı (Su maşınından) ödəmə mənbəyində vergiyə cəlb olunmalıdırmı?
03/05/2021 Read: 153 Average count: 5

Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. 

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əlavə olaraq bildiririk ki, içməli su alışı zamanı ödəmə mənbəyində verginin tutulması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 58-ci, 71-1-ci, 71-2ci və 101-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları"

5/5 (2 Average count)
Qiymət ver:
Ali Mustafayev az***@mail.ru ID: 4599
Salam Asan imzamın vaxtı bitib, onlayn artıra bilərəm?
02/05/2021 Read: 106 Average count: 5

Bildiririk ki, “Asan İmza” sertifikatının xidmət mərkəzinə yaxınlaşmadan onlayn yenilənməsi (elektron müraciət) yalnız aktiv sertifikat vasitəsilə onun etibarlılıq tarixindən öncəki 30 gün ərzində mümkündür. 

Yeni “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə qabaqcadan onlayn növbə tutmaqla müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

5/5 (1 Average count)
Qiymət ver:
Pənahova Solmaz Zülfü pa***@mail.ru ID: 4597
Salam. Şirkətimiz isitmə-soyutma və havalandırma üzrə topdansatış işi ilə məşguldur. Dükanlarla Ticarət Agent müqavilə bağlayıb. Müqavilənin şərtinə əsasən satdığı mala görə (dükana) Komisiyonçuya müqavilənin şərtinə əsasən 8% ödəyir. (Dükan 18% Ədv ödəyicisi olmaqla Gəlir Vergisi ödəyicisidir). Dükanın NKA aparatı var, şirkətin malını satarkən çek vurur və şirkətə satdığı malı NKA çek ilə bəyan edir. Şirkət Komisyonçunun (dükanın) vurduğu çeki öz dövriyyəsinə salır və hesabatında bəyan edir. Komisyonçu (dükan) ayın NKA çekinə əsasən misal: Mart 2021-də ayın NKA çeki olub 82 872.29 / (bölür) 1.18*(vurur)8%=5618.46 növbəti ayda şirkətə E-Qaimə göndərir əsas məbləg 5 618.46 manat, Ədv 1011.32 manat. Dükanın gəliri 5618.46 manat, Ədv 1011.32 budur və Komisionçu (Dükan) hesabata da bunu bəyan edir. Vergi tərəfindən verdiyimiz hesabatlara hər ay yox hər gün təzyiqlərə məruz qalırıq. Biz harada səhv edirik, bunu da deyən yoxdur. Xahiş edirik bizə aydınlıq gətirəsiniz.
01/05/2021 Read: 209 Average count: 1

Bildiririk ki, qanunvericiliyə əsasən malların komissiya qaydasında satışının həyata keçirilməsi zamanı satıcı ilə komitent arasında komissiya müqaviləsi bağlanılır, komitent tərəfindən malların agentə verilməsi “malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə” elektron qaimə-faktura əsasında rəsmiləşdirilir.

Vergi Məcəlləsinin 172.4.1-ci maddəsinin müddəalarına əsasən digər şəxs agent vasitəsilə malları təqdim etdikdə, işlər gördükdə və ya xidmətlər göstərdikdə, həmin malların (işlərin, xidmətlərin) dəyəri vergi tutulan əməliyyatların dəyəri və vergitutma bazası hesab edilir.
Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar (mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən mallar komissiya qaydasında satıldığı zaman əldə edilən komissiya haqları gəlir vergisinə və ƏDV-yə cəlb edilir.

Məlumat üçün bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Müvafiq olaraq sorğunuzda qeyd olunan əməliyyatlara dair əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Eyni zamanda bildiririk ki, hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır.

Əsas: Vergi Məcəlləsinin 23-cü, 37-ci, 62-ci, 71-1-ci, 101-ci, 104-cü, 108-ci, 159-cu və 172-ci maddələri.

 

1/5 (1 Average count)
Qiymət ver:
Günel Xudayarlı Əlihəsən qızı tm***@bk.ru ID: 4595
Salam. Mənim 2 sualım var: 1. ƏDV ödəyicisi xaricdən dəzgah alır, məsələn Rusiyadan faktura dəyəri (invoys) 24000$. Həmin dəzgah təyyarə ilə gələrsə dəzgahı balansa qəbul etməliyəm, hansı məbləğlə və hansı xərclər əlavə olunmalıdır? Amartizasiya olunmalıdır və əmlak vergisi verilməlidir? İllik gəlir vergisində necə göstərilməlidir? 2. Sahibkar işçini ekspeditor kimi işə götürür və həmin işçi şəxsi minik maşını ilə malları daşıyır və sahibkar ona yanacaq verir. Həmin yanacağı qaimə faktura ilə alıb xərc kimi göstərmək olar və nə etmək lazımdır? Xahış edirəm cavablandırasınız. Təşəkkür edirəm.
30/04/2021 Read: 275 Average count: 5

Cavab 1. Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Vergi Məcəlləsinin 143-cü maddəsinə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Sorğunuzda qeyd olunan ƏDV ödəyicisi fiziki şəxs olduğu halda avadanlığın dəyəri əmlak vergisinə cəlb olunmur. Hüquqi şəxs olduğu halda isə, balansında olan əsas vəsaitlərin orta illik dəyəri əmlak vergisinin vergitutma obyekti sayılır və vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlər hesab edilir. Vergi Məcəlləsinin 114.3 -cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Cavab 2. Bildiririk ki, müraciətinizdə qeyd olunan halda tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən asılı olaraq vergi ödəyicisi həmin şəxsi yanacaqla təmin edə bilər. Qeyd olunan xərclər bilavasitə gəlirin əldə edilməsi ilə bağlı olduğu halda yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar çəkilən yanacaq xərcləri vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bu zaman rezident fiziki şəxs yanacağın sərfiyyatına dair işin icrası haqqında məlumatı (haradan haraya), getdiyi yürüşü (km.) və s. əks etdirən müvafiq təsdiqedici sənədləri vergi ödəyicisinə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 108-ci, 114-cü, 139-cu, 143-cü və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi. 

5/5 (1 Average count)
Qiymət ver:
Asif Əhmədov Çingiz oğlu ak***@gmail.com ID: 4594
Salam hörmətli vergi işçiləri. Mən çalışdığım müəssisə mehmanxana xidməti göstərir. Sualım ondan ibarətdir ki, otelimizdə şöbələrə müvafiq olaraq kassa apparatları quraşdırılıb. Gün ərzində hər müştəri ödəniş etdikdə kassa apparatından fiskal çek müştəriyə təqdim olunur və günün sonunda bütün fiskal çekləri cəmləyib kassa mədaxil orderi (ciddi hesabat blankı) yazıram. Əlavə etmək istəyirəm ki, ciddi hesabat blankı olan kassa mədaxil orderi müştərilərə təqdim olunmur müştəriyə fiskal çek təqdim olunur. Soruşmaq istəyirdim ki, sənədlərin belə qaydada aparılması doğrudurmu? Qanunauyğundurmu ? Cavabınız üçün öncədən minnətdarlığımı bildirirəm.
30/04/2021 Read: 139 Average count: 1

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vəzifəsi yalnız pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə aid edilir. 

Mehmanxanalar tərəfindən göstərilən xidmətin müqabilində əhali ilə pul hesablaşmaları aparılan zaman müştəridən qəbul edilən pul vəsaitinin müqabilində onlara ciddi hesabat blankı olan qəbz təqdim edilir

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci və 16.1.9-cu maddələri.

1/5 (1 Average count)
Qiymət ver:
Elçin Əliyev Mirzə el***@gmail.com ID: 4593
İdxal olunan malların maya dəyərinə YGB-də ƏDV hesablanan nəqliyyat xərcləri yoxsa ödənilən xərclər daxil olur?
29/04/2021 Read: 129 Average count: 0

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bunlarla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal olunan malların anbara mədaxil dəyəri həmin malların alışı dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi. 

0/5 (0 Average count)
Qiymət ver:
Nebiyev Hetem Nebi oglu ne***@gmail.com ID: 4592
Salam, mənim yutubdan gələn gəlirimi Kapital bankdan götürməyim üçün VÖEN açdırmalı olduğumu bildirdilər. VÖEN budur: 2006703762, lakin bankda bildirdilər ki, sizə müraciət etməliyəm ki, VÖEN-ə bağlı hesab açasınız. Mən nə etməliyəm?
29/04/2021 Read: 150 Average count: 5

Bildiririk ki, banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar. 

Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir. Vergi orqanı bank idarəsindən göstərilən bildirişi aldıqdan sonra bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətində həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

Məlumat üçün bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “Elektron  Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir. 

Əsas: Vergi Məcəlləsinin 35-ci maddəsi, Vergilər Nazirliyinin Kollegiyasının 27 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (2 Average count)
Qiymət ver:
Məmmədzadə Müşfiq Vaqif oğlu mu***@gmail.com ID: 4591
Ağdaş rayonunda yerləşən əmlakın (Həyət evi) alqı satqısı zamanı hər hansı torpaq vergisi ödənilməlidirmi? Əmlak vərəsəlik şəhadətnaməsi əsasinda vərəsələrə verilib və əmlak üçün paylı mulkiyyət kimi (1/2 mən və 1/2 qardaşım) iki cıxarış alınıbsa alqı satqı zamanı torpaq vergisi ödənilməlidirmi? Hər ikimiz həmin evdə qeydiyyatdayiq. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
29/04/2021 Read: 116 Average count: 0

Bildiririk ki, vergi qanunvericiliyinin müddəalarına əsasən fiziki şəxs tərəfindən torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin təqdim edilməsi zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergi notarius tərəfindən həmin əmlakları təqdim edən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilir.

Fiziki şəxsin 3 (üç) ildən az müddətə qeydiyyatda olduğu yaşayış sahəsinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində Vergi Məcəlləsinin 220.8-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yaşayış evini satan şəxs 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu halda həmin yaşayış evinin satışı sadələşdirilmiş vergidən azaddır. 

Bunlardan əlavə fiziki şəxs tərəfindən torpaq sahəsinin təqdim edilməsi zamanı notarius tərəfindən fərdi yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələrinin hər kvadrat metri üçün 0,5 manat məbləğinə torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar (Ağdaş rayonunda yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5 əmsal) tətbiq edilməklə ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Digər tərəfdən yaşayış evinin və torpaq sahəsinin ailə üzvünə hədiyyə verilməsi (bağışlanması) vergidən azaddır. Vergi ödəyicisinin ailə üzvlərinin siyahısı Vergi Məcəlləsinin 13.2.7-ci maddəsində göstərilir.

Vergi Məcəlləsinin 220.8-ci maddəsinin müddəalarına əsasən yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş vergi təqdim edilən yaşayış sahəsinin hər kvadrat metri üçün 15 manat, Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin isə hər kvadrat metri üçün 0,5 manat məbləğinə yaşayış və ya torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 150-ci, 218-ci, 218-1-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Elnur Atakişiyev Mehdi at***@gmail.com ID: 4590
Salam. VÖEN-i olmayan fiziki şəxs hüquqi şəxsə xidmət göstərə bilərmi? Misal üçün hər hansı təmir xidməti, əgər göstərə bilərsə tərəflərin hansı vergi öhdəlikləri yaranır?
29/04/2021 Read: 175 Average count: 5

Bildiririk ki, mülki-hüquqi xarakterli müqavilə ilə xidmət göstərən şəxs vergi orqanında uçotda olmadığı halda, gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində 2500 manatadək 14 faiz, 2500 manatdan artıq olan hissənin 25 faiz dərəcə ilə gəlir vergisi və 25 faiz məbləğində sosial sığorta haqqı tutularaq büdcəyə ödənilməlidir.

Eyni zamanda, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu halda icbari tibbi sığorta haqqı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən tutularaq ödənilməli və hesabat təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-3-cü, 150.1.7-ci maddələri, "Sosial sığorta haqqında" və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunları.

5/5 (1 Average count)
Qiymət ver: