Bildiririk ki, pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.
Bununla yanaşı, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.
“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin müddəalarına əsasən nağdsız hesablaşmalar 3 formada - bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə, ödəniş terminalları ilə və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilir.
Qeyd olunanlara əsasən sorğuda göstərilən halda pərakəndə satış qaydasında fiziki şəxsə təqdim edilən mala görə fiziki şəxs tərəfindən müəssisənin bank hesabına nağd qaydada ödənilən vəsaitə görə fiziki şəxsə nəzarət kassa-aparatının çeki təqdim edilir.
Əlavə olaraq bildiririk ki, dəyəri birbaşa bank hesabınıza ödənilmiş mala görə alıcıya nəzarət-kassa aparatının çeki də verildiyindən hesabat dövrü ərzində nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim edilə bilər.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.
Bildiririk ki, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 (üç) il müddətində ondan düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.
Yuxarıda qeyd olunanlara əsasən, Sizin sorğunuzda qeyd olunan hesabat dövrləri üzrə yaranmış artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını tələb etmək hüququnuz yoxdur.
Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"
Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinin müddəalarına əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Sorğunuzda qeyd olunan halda, hüquqi şəxs tərəfindən götürülən kredit qeyri-sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə olunmadıqda ödənilən faiz krediti gəlirdən çıxılan xərc kimi nəzərə alına bilər.
Nəzərə almaq lazımdır ki, xaricdən alınmış borclar üzrə, habelə qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablama metodundan istifadə edildikdə ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.
Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 110-cu maddələri.
Bildiririk ki, cari iş ilində ödənilən məzuniyyət haqqı həmin ay üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur. Əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın gəlirlərinə aid edilməklə icbari tibbi sığorta üzrə sığorta haqqına cəlb olunur.
Əsas: Əmək Məcəlləsinin 157-ci və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10-cu maddələri.
Bildiririk ki, sorğuda göstərildiyi kimi malların (iş və ya xidmətlərin) dəyəri malların təqdim edildiyi vaxtadək ödənildiyi halda malların (iş və xidmətlərin) təqdim edilməsinədək ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmamışdır.
Belə ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Buna əsasən, alınmış avansa görə vergi ödəyicisi tərəfindən mallar (iş və xidmətlər) təqdim edildikdən sonra həmin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.
Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Müraciəti elektron kabinetiniz vasitəsilə və ya onlayn növbə tutmaqla, vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla təqdim edə bilərsiniz.
Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".
Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, sualınızla bağlı ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1), onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.
Elektron müraciətlərinizin araşdırılması üçün (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
"Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)" təqdim edildikdən sonra "Göndərdiklərim" bölməsinə daxil olaraq hesabatda qeyd olunan məlumatları kompüterinizə endirə və çap edə bilərsiniz.
Bildiririk ki, əmlakın əvəzsiz qaydada digər şəxsə verilməsi zamanı əmlak üzərində mülkiyyət hüququ başqa şəxsə keçir ki, bu da əmlak təqdim edilməsi sayılır. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər isə onlara elektron qaimə-faktura verməlidir.
Göstərilənlərə əsasən malların əvəzsiz olaraq verilməsi həmin malların təqdim edilməsi sayıldığı üçün bu təqdim olunma zamanı alıcıya bazar qiyməti nəzərə alınmaqla müvafiq elektron qaimə-faktura təqdim edilməlidir.
Onu da bildiririk ki, vergi ödəyicisi əvəzsiz qaydada öz işçilərinə və ya digər şəxlərə mal verdiyi (iş gördüyü və ya xidmət göstərdiyi) halda bu əməliyyat ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.
Eyni zamanda, əvəzsiz təqdim olunan malların bazar qiyməti həmin malları alan müəssisənin (sorğunuzda B MMC) satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 14-cü, 16-cı, 71-1-ci, 104-cü, 159-cu maddələri.
Bildiririk ki, gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda onlardan istifadə etməklə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsinə daxil olaraq “Məlumat axtar” alt bölməsinin “Şəxsi hesab vərəqəsi” hissəsindən özünüzə aid müəyyən məlumatları, o cümlədən borc və apardığınız ödəmələr barədə məlumatı əldə edə bilərsiniz.
Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.
Pərakəndə satışın bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti olduğunu nəzərə alaraq pərakəndə qaydada iri həcmli əmtəə partiyasının müxtəlif fiziki şəxslərə satılması həmin şəxslərin vergi orqanında uçota alınmadan fəaliyyət göstərməsi və potensial vergidən yayınan şəxslər olması ehtimalını yaradır.
Vergi qanunvericiliyinə əsasən isə həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.
Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır.
Vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan (VÖEN təqdim etməyən) şəxslərə satılan mallara görə əldə olunan pul vəsaiti “Mədaxil qəbzi” ciddi hesabat blankı ilə, satılan malların fiziki şəxslərə təhvil verilməsi isə “Malların fiziki şəxslərə təhvil-qəbul qəbzi” ciddi hesabat blankı ilə rəsmiləşdirilməsi və “Malların fiziki şəxslərə təhvil-qəbul qəbzi” ciddi hesabat blankında mallar təhvil verilən fiziki şəxsin soyadı, adı, atasının adı və digər lazımi göstəricilərinin (FİN) qeyd edilərək qeydiyyatda olduğunuz vergi orqanına təqdim edilməsi Sizə tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 2-ci, 13-cü, 58-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.
Bildiririk ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci və 58.7-ci maddələri.
Bildiririk ki, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.
Bundan əlavə elektron ticarət qaydasında səhm alğı-satqısından gəlir əldə edən fiziki şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.
Eyni zamanda Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.
Elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 99-cu, 101-ci, 169-cu maddələri və “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanunu.
Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olan sahibkar üçün vergitutma obyekti təqdim olunmuş mallara, görülmüş işlərə və ya göstərilmiş xidmətlərə görə əldə olunan hasilat, habelə satışdankənar gəlirlərin həcmidir.
Həmçinin bildiririk ki, ünvanlı dövlət sosial yardımı haqda məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.
Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
Müraciətinizdə qeyd olunan yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır.
Əlavə olaraq, ƏDV ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququna malikdirsə, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.
Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 159.5-ci maddələri.
Bildiririk ki, Azərbaycan Respublikasının Konstitusiyasınının 73-cü maddəsinin I hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs vergi ödəyicisi hesab olunur.
Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.
Həmçinin bildiririk ki, vergi orqanı əldə etdiyi məlumatlar əsasında vergi ödəyicisi kimi uçota alınmalı olan şəxsi Vergi Məcəlləsinin 33.3-cü və 33.5-ci maddələrinə uyğun olaraq məcburi qaydada vergi uçotuna almaq, Vergi Məcəlləsinin 67-ci və 83-cü maddələrinin müddəalarına əsasən vergi, məcburi dövlət sosial sığorta icbari tibbi sığorta və işsizlikdən sığorta haqqı üzrə öhdəliklərini hesablamaq hüququ vardır.
Vergi öhdəlikləriniz və vergi qanunvericiliyi haqda ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının ərazisinə idxal olunan minik avtomobilləri idxal zamanı gömrük orqanları tərəfindən əlavə dəyər vergisinə və aksizə cəlb olunurlar, eyni zamanda həmin şəxslərdən hər bir avtomobilə görə müvafiq gömrük rüsumları tutulur.
Qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Eyni zamanda bildiririk ki, sorğunuzda qeyd olunan avtomobilin respublikaya satış məqsədləri üçün gətirilməsi sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 20-ci, 101-ci, və 220-ci maddələri.
Qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Bildiririk ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin (o cümlədən kriptovalyutanın) ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.
Bu zaman, gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.
Əsas: Vergi Məcəlləsinin 99.3.8-ci və 101.2-ci maddələri.
Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).
Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. Yenə də qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünürsüzsə, müvəkkil banklara və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.
Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".