Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
İslam Kərimli is***@mail.ru ID: 5184
Salam. Mən magistratura tələbəsiyəm. 2-ci kursda oxuyuram. Hərbi xidmətə getməmişəm. Vergiyə imtahan vermək istəyirəm. Bu mövzuda mənə hərbi xidmət ilə əlaqədar möhlətin necə verilməsi, imtahandan və müsabiqədən keçdikdən sonra baş verəcək proseslərin necə olacağı haqda məlumat verə bilərsiz, zəhmət olmasa? Öncədən təşəkkür edirəm.
21/09/2021 Read: 103 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Vergi orqanlarına işə qəbul imtahanında iştirakla bağlı hərbi xidmətdən möhlətin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Həmçinin, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər. 

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”.

0/5 (0 Average count)
Qiymət ver:
Pərviz Hüseynli Musa pe***@gmail.com ID: 5183
48.10. Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq təqdim edilir. 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; Sual . Səyyar vergi yoxlaması 05.10.2020-ci il tarixdə bitir. Səyyar vergi yoxlamasının aparılması qaydalarına əsasən yoxlamanın nəticələrinə dair AKT vergi ödəyicisinə 10.10.2020-ci il tarixədək təqdim edilməlidir. Yoxlamanı aparan vergi orqanı SVY aktını 10.10.2020-ci il tarixdə poçta təqdim edir, poçt isə yoxlama aktını vergi ödəyicisinə 5 iş günü ərzində çatdırır (şərti tarix 17.10.2020). Nəticə etibarilə 05.10.2020 tarixində bitən yoxlamanın aktı vergi ödəyicisinə 5 gün ərzində deyil, 12 gün ərzində təqdim edilmiş sayılır. Belə olan halda səyyar vergi yoxlamasının prosedurları pozulmuş hesab edilirmi?
21/09/2021 Read: 82 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 39.4-cü maddəsinə əsasən vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir.

Eyni zamanda, sənədlər (onların surətləri) vergi orqanı tərəfindən poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.

Sorğunuzda qeyd olunan halda, aktın nüsxəsi vergi orqanı tərəfindən 5 gün ərzinzə poçta təqdim edildiyi üçün yuxarıda qeyd olunan maddələrin tələbləri pozulmur.

Əsas: Vergi Məcəlləsinin 39.4-cü və 72-1-ci maddələri, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”.

 

5/5 (1 Average count)
Qiymət ver:
Orxan Quliyev Letif mr***@inbox.ru ID: 5173
Salam. 20.08.2021ci ildə yaşadığım ünvana bildiriş gəlib və bildirişdə bildirilir ki, 2021-ci ilin 1-ci rübündə Almaniyadan gətirdiyim, dəyəri 17 845.21 manat olan Ford Transit yük maşını üçün əlavə dəyər vergisi ödənilməyi və bu haqda vergi orqanına məlumat vermək tələb olunduğu bildirilir. Xatırlatmaq istəyirəm ki, bu maşını şəxsi işimlə bağlı gətirmişdim və bəzi səbəblərə görə satmalı oldum. Xahiş edirəm, bu vergi borcu araşdırılsın və üzərindən silinsin. VÖEN:1006870902
20/09/2021 Read: 213 Average count: 5

Bildiririk ki, sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın, şəxsi avtomobilin təqdim edilməsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin müddəalarına əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq bütün vergi ödəyicilərinin vəzifəsidir. Qeyd olunanlara əsasən, sahibkarlıq fəaliyyətində istifadə edilməyən şəxsi avtomobilin satışını həyata keçirən şəxs vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərinə əks etdirməlidir.

Həmçinin bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Müvafiq olaraq sorğunuzda qeyd olunan əməliyyata dair əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.3-cü, 37-ci və 102.1.7-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Rasim Kazımov ra***@gmail.com ID: 5172
Salam. ƏDV öhdəliyi ilə bagli aşagıdakı məsələyə aydınlıq gətirmənizi xahiş edirəm. A MMC B MMC-yə təqdim etdiyi mallara görə növbəti şəkildə eqaimə göndərir. 100 azn (ədv-yə cəlb olunan əsas məbləğ) + 18 azn (ədv) + 100 azn (ədv-dən azad məbləğ) = 218 azn qaimə cəmi (o cümlədən ədv 18 azn) B MMC isə ödənişi bu şəkildə edir 184.75 əsas məbləğ + 33.25 ədv = 218 azn. Sualım bundan ibarətdir ki 1-ci bu halda A MMC-nin nə qədər vergi öhdliyi yaranır. 2-ci B MMC hansı məbləğdə ƏDV-ni əvəzləşdirə bilər?
20/09/2021 Read: 133 Average count: 0

Cavab 1. Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır.

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 166.5-ci maddəsinə əsasən, vergi tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.

Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan əməliyyat üzrə B müəssisəsi ƏDV-yə cəlb olunan mallar üzrə malların ƏDV-siz dəyərini tam ödədikdə vergi tutulan əməliyyat hesab olunur. Malların dəyəri hissə-hissə ödənildikdə isə  hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır.

Cavab 2. ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Eyni zamanda, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Sorğunuzda qeyd olunan ƏDV-yə cəlb olunan malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi təqdirdə, ödənişin həyata keçirildiyi vaxt ƏDV-nin əvəzləşdirmə vaxtı hesab olunur. ƏDV-yə cəlb olunan malların (işlərin, xidmətlərin) alıcısı tərəfindən elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. 

Əsas: Vergi Məcəlləsinin 166-cı və 175-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Səbuhi Qafarov Səyad sa***@mail.ru ID: 5170
Salam. Sizə belə bir sualım var. Covid-19 infeksiyasına yoluxmuş şəxsə əmək haqqı 100 faiz ödənilir? Diqqətiniz üçün təşəkkürlər!
20/09/2021 Read: 52 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynova Aynur Əhməd qızı b_***@mail.ru ID: 5167
Salam. Mən bilmək istəyirəm keçmiş həyat yoldaşım Hüseynov Adil Əliş oğlunun hal-hazırda vergi ödəyicisi olub-olmadığını, yəni VÖEN-nin aktiv olub- olmamasını öyrənə bilərəm. Alimentin artırılması ilə bağlı müraciət etməyim üçün bu məlumatı almağım vacibdir. Təşəkkürlər.
20/09/2021 Read: 122 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi  Hüseynov Adil Əliş oğlu (VÖEN 1401265362) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir.

5/5 (1 Average count)
Qiymət ver:
Bağırova Nailə Qabil qızı na***@yandex.ru ID: 5085
Salam! Təşkilat (QHT) Azərbaycan Respublikasının rezidenti ilə qrant müqaviləsi imzalayıb. Həmin müqavilə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Sualım: həmin qrant çərçivəsində bizə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi zamanı ƏDV sıfır (0) dərəcəsi ilə tutulur? Vergi Məcəlləsinin 165.1.2 maddəsində qeyd edilib:"... xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi..."
20/09/2021 Read: 278 Average count: 4

Vergi Məcəlləsinin 165.1.2-ci maddəsinə əsasən qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-yə sıfır (0) faiz dərəcə ilə cəlb edilir. Buna əsasən qrantın verilməsi və alınması haqqında müqavilələr qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqanlarda qeydiyyata alınaraq qrant kimi tanındığı halda (müqavilənin qeydə alınmasını təsdiq edən bildiriş əsasında) həmin qrantlar hesabına resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0)  dərəcə ilə tutulur.

Əsas: Vergi Məcəlləsinin 165.1.2-ci maddəsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”

4/5 (4 Average count)
Qiymət ver:
Abbaszadə Lalə Mehman Ab***@mail.ru ID: 5089
Salam, mən gözəllik salonunda işləyirəm. Ayda 75 manat vergi üçün ödəyirəm müdirə, amma portala oturmur. Amma adım portalda var. Bilmək istəyirəm ki, 250 manat əməkhaqqı alıramsa, nə qədər vergi ödəməliyəm?
20/09/2021 Read: 230 Average count: 4

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Sorğunuzda qeyd olunan halda işçinin 250 manat əməkhaqqından gəlir vergisi tutulmur və 11 manat sosial sığorta haqqı, 1.25 manat işsizlikdən sığorta haqqı, 2.5 manat icbari tibbi sığorta haqqı gəliri ödəyən şəxs tərəfindən tutulur.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101.1-1-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

4/5 (6 Average count)
Qiymət ver:
Mehman Ağayev me***@gmail.com ID: 5126
Salam. Pandemiyadan zərər çəkmiş və bu səbəbdən dövlət dəstəyi almış vergi ödəyicilərinin siyahısı ilə harada tanış ola bilərəm?
20/09/2021 Read: 127 Average count: 5

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

5/5 (3 Average count)
Qiymət ver:
Səfərov Dilqəm Rahim di***@mail.ru ID: 5163
Bildirmək istərdim ki, müəssisəmiz 2019-cu ildə xalis mənfəət əldə edib. 2020-ci ildə əvvəlki ildə əldə olunan (yəni 2019cu ildə) xalis mənfəət ilə zərərini qarşılaya bilər?
20/09/2021 Read: 110 Average count: 0

Bildiririk ki, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.19-cu maddəsinə əsasən xalis mənfəət mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəətdir. 

Sorğunuzda qeyd olunan halda, müəssisənin keçmiş dövrün bölüşdürülməmiş mənfəəti hesabına cari ilin zərərini ödəməsi haqda qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.  

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Yusif Qənbərov yu***@mail.ru ID: 5161
Salam. Mən VÖEN-imi bağlatmışam. İndi açdırmaq istəyirəm, açdıra bilmirəm. Sabunçuda qeydiyyatdayam, Sabunçu vergilərinə müraciət etmişəm, dedilər get ASAN xidmətə, ASAN xidmət deyir gedin Quba rayonuna. Xahiş edirəm, VÖEN-i əldə etməyimə köməklik edəsiniz.
19/09/2021 Read: 64 Average count: 5

Bildiririk ki, fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edilməldiir. Yenidən uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə, fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Seymur Məmmədyarov Cavad sf***@gmail.com ID: 5155
VÖEN-in aktiv və ya passiv olması barədə məlumat əldə etmək istəyirəm. Zəhmət olmasa köməklik göstərin.
17/09/2021 Read: 84 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi Məmmədyarov Seymur Cavad oğlunun (VÖEN 1202615072) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

5/5 (4 Average count)
Qiymət ver:
Fərhad Nağıyev Nağı oğlu nf***@gmail.com ID: 5047
Vergi ödəyicisi 01.08.2021-ci il tarixədək sadələşmiş vergi ödəyicisi idi. 01.08.2021-ci il tarixdən etibarən isə ƏDV qeydiyyatı üçün müraciət edir və ƏDV ödəyicisi olur. 01.08.2021-ci il tarixədək maya dəyəri (rüsumlar+ədv+nəqliyyat və.s) 5000.00 (beş min) manatlıq mal idxal edir. Son sadələşmiş vergi bəyannaməsində mükəlləfiyyət dövrünün sonuna uyğun təqdim edilən SV bəyannaməsinin Əlavə 1 bölməsində həmin malları ehtiyatlar bölməsində anbar qalığı kimi göstərilir. Sualım ondan ibarətdir ki, 01.08.2021-ci il tarixindən sonra həmin mallar təqdim olunan zaman həmin mallara ƏDV hesablanmalıdırmı ? Cavabınızı əsaslandırmağı xahiş edirəm.
15/09/2021 Read: 208 Average count: 5

Müraciətinizdə qeyd olunanlara əsasən, sadələşdirilmiş verginin ödəyicisi olduğunuz dövrdə əldə edilən malların ƏDV-nin məqsədləri üçün qeydiyyata alındıqdan sonra təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi.

5/5 (5 Average count)
Qiymət ver:
Əminə Əlibalayeva am***@caspianaudit.com ID: 5057
Yerli saytlar üzərindən internet vasitəsilə onlayn şəkildə ödəmə edərək məhsul alarkən, satıcı müəssisə alıcıya nəzarət kassa aparatından çek təqdim etməlidirmi?
15/09/2021 Read: 209 Average count: 4

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən pərakəndə ticarət fəaliyyəti üzrə nağd pul hesablaşmaları aparılan zaman istehlakçıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin müddəalarına əsasən satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda yerli internet platformaları vasitəsilə təqdim edilən mala görə alıcıya nəzarət kassa-aparatının çeki təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı maddəsi və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
 

4/5 (6 Average count)
Qiymət ver:
Elnur Atakişiyev At***@gmail.com ID: 5055
Salam. Türkiyə üçün rezident olan şirkət proqram təminatı satışı ilə məşğuldur. Azərbaycanda nümayəndəlik açıb fəaliyyət göstərsə və proqram təminatını Azərbaycanda satışını həyata keçirsə hansı vergi öhdəliklərii yaranır?
15/09/2021 Read: 216 Average count: 5

Sorğuda göstərilən halda qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi tərəfindən  proqram təminatı satışından əldə olunan gəliri mənfəət vergisinin məqsədləri üçün nümayəndəliyin vergi tutulan gəlirlərinə aid edilir. Daimi nümayəndəlik tərəfindən Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Eyni zamanda daimi nümayəndəlik tərəfindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduğu halda, daimi nümayəndəlik ƏDV-nin məqsədləri üçün qeydiyyata alınır.

Bunlarla yanaşı qeyri-rezidentin daimi nümayəndəliyindən mənfəət vergisindən əlavə olaraq bu daimi nümayəndəliyin xalis mənfəətindən həmin qeyri-rezidentə köçürdüyü (verdiyi) hər hansı məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 104.2-ci, 126-cı və 155.1-ci maddələri ilə tənzimlənir.  
 

5/5 (4 Average count)
Qiymət ver:
Şükürova Nəzirə Vahid qızı ne***@gmail.com ID: 5051
Salam. Sizin operatorlarla necə əlaqə saxlaya bilərəm?
15/09/2021 Read: 124 Average count: 5

Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzindən (195-1) istifadə qaydası ilə bağlı ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

5/5 (4 Average count)
Qiymət ver:
Cabbar Abuzərli Azər ca***@outlook.com ID: 5146
Salam. Təhsil ilə əlaqədar kurs açmaq istəyirdim. Ona uyğun hansı sənədlər lazımdır və vergilərini bilmək üçün müraciət edirəm.
15/09/2021 Read: 152 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız. Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablayaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödənilir.

Gəlir (mənfəət) vergisi metodunu tətbiq etdiyiniz halda isə əldə olunan gəlirdən bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim edilir. Eyni zamanda mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyiniz gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti də tətbiq ediləcəkdir.

Əlavə olaraq bildiririk ki, fəaliyyətiniz üzrə əldə etdiyiniz gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olduğu halda tərəfinizdən ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata dair ərizə verməli və əldə etdiyiniz gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV ödəməlisiniz. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 96-cı, 155-ci, 157-ci, 159-cu və 218-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Abbasov Məmməd kr***@mail.ru ID: 5011
Şirkət proqram təminatı üzərindən restoran və iaşə obyektlərinə yeməklərin çatdırılması ilə bağlı sair xidmətlər təqdim edir. Belə ki, istehlakçı ilə iaşə obyekti arasında vasitəçilik xidmətini həyata keçirir. Belə olan halda bəzən şirkət proqram təminatında 10 manata qeyd olunan hər hansı yeyinti məhsuluna özü tərəfindən 20%-lik endirim etməklə istehlakçıda stimul xarakterli maraq oyadır. Nəticədə iaşə obyektinə 8 manat istehlakçı tərəfindən, 2 manat isə şirkət tərəfindən ödənilir. Marketinq xarakterli verilən 20%-lik endirim nəticəsində şirkət tərəfindən ictimai iaşə obyektinə ödənilən vəsaitin gəlirdən çıxılan xərc kimi uçota alına bilinməsi üçün qanunvericilik üzrə tələb olunan prosedurun hansı qaydada olmalı olduğu barədə məlumat vermənizi xahiş edirik. Qeyd edək ki, iaşə obyekti ödənilən 2 manatın şirkət tərəfindən ödənildiyi barəsində məlumatsız olur və bu məlumatı iaşə obyektlərinə ötürmək texniki olaraq mümkün deyil.
15/09/2021 Read: 266 Average count: 3

Bildiririk ki, hüquqi şəxs vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələr əsasında ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur. 

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır. Həmçinin, vergi ödəyicisi tərəfindən ödəniş həyata keçirilərkən ödənişin təyinatı göstərilməlidir.

Yuxarıda qeyd olunanlara əsasən, hüquqi şəxs tərəfindən marketinqlə əlaqədar olaraq, ödədiyi xərclər gəlirin əldə olunması ilə bağlı olduqda və rəsmiləşdirildikdə gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci və 109-cu maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Elmar Ağayev Namiq oğlu ag***@mail.ru ID: 5078
Salam, zəhmət olmasa bir mubahisəli suala aydınlıq gətirmək üçün köməklik edin. Əgər hər hansı bir işçi məzuniyyətə çıxırsa və onun məzuniyyəti yarı bir hissəsi çıxdığı aya, digər yarısı isə növbəti aya keçirsə, bu halda gəlir vergisi hesablanmış məzuniyyət məbləğinən tam çıxdığı aydamı, yoxsa iki aya bölunərkən ayrı-ayrılıqda hesablanmalıdır? Burada nəzarə almalıyıq ki, Əmək Məcəlləsinə görə məzuniyyət pulu əvvəlcədən verilmədir.
15/09/2021 Read: 174 Average count: 4

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda, məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə, ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə cəlb olunur və hesabat rübündə aid olduğu ayda göstərilir.

 

4/5 (5 Average count)
Qiymət ver:
Akif Qurbanov Ələddin oğlu qu***@gmail.com ID: 5064
Zəhmət olmasa deyərdiniz ƏDVsi geri alına bilməyən məhsulların vəya xidmətlərin siyahısı varmı? Məsələn çörək və benzin kimi. Əgər siyahı varsa haradan baxa bilərəm? Əlavə olaraq vergi məcəlləsində ƏDV-ə məruz qalmayan məhsullar və xidmətlər barədə yazıda belə qeyd olunub ki siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan xammalın və materialların idxalı. Belə bir siyahıya baxmaq mümkündürmü? Öncədən təşəkkür edirəm!
15/09/2021 Read: 206 Average count: 5

Bildiririk ki, vergidən azad olunan əməliyyatların siyahısı Vergi Məcəlləsinin 164-cü maddəsində müəyyən edilmişdir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Məlumat üçün bildiririk ki, neft və qaz məhsulları ƏDV-dən azad edilməmiş və bu məhsulların təqdim edilməsi 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Eyni zamanda həmin məhsullar fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət fəaliyyəti göstərən şəxslərdən alınmış və Vergi Məcəlləsinin 165.5-ci maddəsinin müddəaları çərçivəsində ödənilmiş ƏDV məbləğinin müəyyən faizinin qaytarılmasını nəzərdə tutulan mallara aid edilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 164-cü maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli 969 nömrəli Fərmanı.
 

5/5 (1 Average count)
Qiymət ver: