Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildirirk ki, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olan şəxs tərəfindən qeyri-rezident şəxsə məxsus sosial şəbəkədə reklamın yerləşdirilməsinə görə aparılan ödənişdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur və ödəniş aparıdlığı rübdən sonrakı ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilir.

Eyni zamanda, qeyri-rezidentə aparılan ödənişlərə Vergi Məcəlləsinin 169-cu maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilir və növbəti ayın 20-dən gec olmayaraq “Qeydiyyata alınmayan qeyri-rezidentə ödənilmiş məbləğə hesablanmış əlavə dəyər vergisinin bəyannaməsi” təqdim edilir.

Göründüyü kimi, vergi orqanında uçotda olan vergi ödəyiciləri elektron ticarət qaydasında alınmış xidmətlərə görə qeyri-rezidentə apardıqları ödəmələrə müstəqil qaydada 18 faiz dərəcə ilə ƏDV hesablamalı və bəyannamə təqdim etməklə hesablanmış ƏDV-nin büdcəyə ödəməlidir. ƏDV qeydiyyatında olan şəxsin qeyri-rezidentə görə büdcəyə ödədiyi ƏDV-ni Vergi Məcəlləsinin 175.1-ci maddəsinə uyğun olaraq əvəzləşdirmək hüququ vardır.

Vergi orqanında uçotda olmayan fiziki şəxslər tərəfindən qeyri-rezidentdən elektron ticarət qaydasında xidmətlər alınarkən isə 18 faiz dərəcə ilə ƏDV ödəməni həyata keçirən banklar tərəfindən fiziki şəxsin hesabından tutularaq büdcəyə ödənilir.  

Əsas: Vergi Məcəlləsinin 125-ci, 169-cu və 175-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin həmin maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Eyni zamanda, mülki qanunvericiliyə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir.

Buna əsasən mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən şəxslər vasitəçilik xidmətlərinin göstərilməsi üzrə bağlanmış müqavilələrə görə ona ödənilən xidmət haqlarından Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən ümumi qaydada mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda cəmiyyətin vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqları) həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda həmin vergi ödəyicisi növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və əldə etdiyi xidmət haqlarının dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir. 

Bununla yanaşı vergi tutulan əməliyyatlarının (vasitəçilik xidmətlərinin göstərilməsindən əldə edilən xidmət haqlarının) həcmindən asılı olmayaraq, əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olmasa belə, vergi ödəyicisi öz müraciətinə əsasən könüllü şəkildə ƏDV qeydiyyatına alına bilər.

Belə ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi yalnız Vergi Məcəlləsinin 156.1-1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi halda bu fəaliyyət üzrə əldə etdiyi gəlirlərə münasibətdə ƏDV-ni tətbiq edə bilər.

Əsas: Vergi Məcəlləsinin 155-ci, 156-cı, 218-ci maddələri və Mülki Məcəllənin 852-ci maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Müvafiq olaraq, sorğunuzda qeyd edilən fəaliyyət növü ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş mədaxil qəbzi təqdim edilməlidir.

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 218.5.4-cü maddəsinin müddəalarına əsasən əmlakın icarəyə verilməsindən gəlir əldə edən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci,16.1.9-cu və 218-ci maddələri, “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarı.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vasitəçilik xidmətlərinin göstərilməsi fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən həmin xidmətlərin göstərilməsi ilə bağlı əldə edilən gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğ gəlir vergisinə cəlb edilir. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bunlardan əlavə vergi ödəyicisi tərəfindən vasitəçilik xidmətlərindən əldə edilən gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda növbəti ayın ilk 10 günü ərzində həmin vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və aparılan əməliyyatların dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci, 108-ci, 155-ci və 159-cu maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 114.3-1-ci maddəsinə əsasən mikro sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 2 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Vergi Məcəlləsinin 114.4-cü maddəsinə əsasən əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları bu Məcəllənin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Hər hansı kateqoriyaya aid olan əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarından aşağı norma tətbiq olunduqda, bunun nəticəsində yaranan fərq növbəti vergi illərində amortizasiyanın gəlirdən çıxılan məbləğinə əlavə oluna bilər.

Qeyd olunanlara əsasən mikro sahibkarlıq subyektləri əvvəlki hesabat ilində sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarına 2 əmsalı tətbiq etmədikdə, bunun nəticəsində yaranan fərq məbləği növbəti vergi illərində əsas vəsaitlərin qalıq dəyərinə tətbiq edilən amortizasiya normasından hesablanmış məbləğlə cəmlənməklə gəlirdən çıxıla bilər.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Sorğunuzda qeyd olunan formada müsabiqənin təşkil edilməsi mövcud qaydalarda nəzərdə tutulmamışdır. Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik Azərbaycan Respublikası vətəndaşlarının müsabiqədə iştirak etmək hüququ vardır. Odur ki, qanunvericiliklə müəyyən edilmiş tələblər çərçivəsində dövlət vergi orqanlarına işə qəbulla əlaqədar növbəti müsabiqələrdə iştirak etməyiniz tövsiyə olunur.

Həmçinin bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumatı saytımızın "İşə qəbul" bölməsindən və ya Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət etməklə əldə edə bilərsiniz.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, fəaliyyətinizin dayandırılıb-dayandırılmaması haqda məlumatı Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək VÖEN və ya şəxsi məlumatları təqdim etməklə əldə edə bilərsiniz. 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi qanunvericiliyinin müddəalarına əsasən bağlanmış müqavilələr əsasında sərnişindaşıma fəaliyyəti ilə bağlı vasitəçilik (agent) xidmətləri göstərən müəssisə tərəfindən vasitəçilik (agent) xidmətlərindən əldə edilən komisyon haqlarından gəlirin əldə olunması ilə bağlı xərclər çıxıldıqdan sonra qalan vəsait müəssisənin vergi tutulan gəlirlərinə aid edilir. 

Sorğunuzda qeyd olunan formada, müəssisənin sürücülərdən depozit vəsatinin alınması ilə bağlı vergi qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. 

Eyni zamanda rezident müəssisənin vasitəçilik (agent) xidmətlərindən əldə edilən gəlirinin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olduqda müəssisə növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verilməklə ƏDV qeydiyyatına alınmalı və aparılan əməliyyatların dəyərinə 18 faiz dərəcə ilə ƏDV tətbiq etməlidir.

İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. 

Bununla yanaşı, qeyri-rezident tərəfindən rezident müəssisəyə göstərilən onlayn xidmətlərə görə əldə olunan gəlirlər Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan gəlirlərə aid olduğu üçün rezident müəssisə tərəfindən aparılan ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulmalı və tutulmuş vergi məbləği dövlət büdcəsinə ödənilməlidir.

Həmçinin, qeyri-rezident şəxsin göstərdiyi onlayn xidmətlərə görə ödənilən məbləğdən 18 faiz dərəcə ilə ƏDV hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci, 125-ci, 155-ci, 159-cu və 169-cu maddələri.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, qeyd etdiyiniz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Fərdi sahibkar kimi vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin  uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”.

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır.

Vergi mükəlləfiyyətinizin dəyişdirilməsi üçün qeydiyatda olduğunuz vergi orqanına sərbəst formada ərizə ilə müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 218-ci, 220-ci maddələri.

Ümumi qiymət: 4/51
Qiymət ver:

Bildiririk ki, qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Buna əsasən, həmin şəxslər nəticə etibari ilə əldə etdiyi gəlirdən xərcləri çıxdıqdan sonra 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bunlarla yanaşı, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (250 manat) 25 faizinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci maddələri və “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su mal anlayışına aid edilmişdir. Bu maddəyə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır.

Vergi Məcəlləsinin 13.2.11-ci maddəsinin müddəalarına görə malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət xidmət (iş) sayılır. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Qeyd olunanlara əsasən, vergi ödəyicisi tərəfindən əldə olunan pul vəsaiti hansısa xidmət (iş) qarşılığında təqdim olunmadığı halda, ƏDV-yə cəlb olunmur.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 159-cu maddələri.  

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinə edilmiş və 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin mənfəətlərinə (gəlirlərinə) tətbiq edilən 75 faiz vergi azad olunmasının yalnız gəlir və xərclərinin uçotunu aparan şəxslərə tətbiq edilir.

Belə ki, kölgə iqtisadiyyatının qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qeyd edilən dəyişiklik nəticəsində həmin güzəştin bütün vergi ödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan və şəffaf şəkildə fəaliyyət göstərən vergi ödəyicilərinə münasibətdə tətbiqi nəzərdə tutulmuşdur.

Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır.

Əsas: Vergi Məcəllləsinin 16-cı, 102.1.30-cu və 130-cu maddələri.

 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. 

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Qeyd olunan dəyişiklik müvafiq güzəşt hüququ olan şəxsin bu hüququndan sənədlərin işəgötürənə təqdim edilmə tarixindən asılı olmayaraq əmək müqaviləsi hüquqi qüvvəyə mindiyi tarixdən hesablanacaqdır.

Əsas: Vergi Məcəlləsinin 102.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Qeyd olunanlara əsasən vergi güzəşti hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yarandığından güzəşt hüququnu müəyyən edən sənədin əsas iş yerinə təqdim edilmədiyi müddət üçün vergi güzəşti tətbiq edilmir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 102.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər nəzərdə tutulur.

Həmçinin, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını (nəqliyyat vasitələri üçün 25 faizədək) həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Sorğunuzda qeyd olunan nəqliyyat vasitəsi vergi ödəyicisi kimi uçotda olan şəxsdən alındıqda elektron qaimə-faktura əsasında, vergi ödəyicisi kimi uçotda olmayan  şəxsdən alındıqda isə elektron alış aktı əsasında sənədləşdirilməlidir.

Eyni zamanda, vergi ödəyicisinin əvəzsiz qaydada əldə etdiyi əsas vəsaitin dəyəri bazar qiyməti nəzərə alınmaqla, satışdankənar gəlirlərə aid edilir və ümumi qaydada vergiyə cəlb olunur.

Bunlarla yanaşı əsas vəsaitin balansa daxil edilməsi və balansda əks etdirilməsi üzrə sənədləşmə prosesi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsiin 13-cü, 114-cü, 104-cü maddələri. 

Ümumi qiymət: 0/50
Qiymət ver: