Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Məmməd Quliyev Fazil oğlu me***@mail.ru ID: 7304
Salam. Zəhmət olmasa bu sualları cavablandırardınız. 1. A şirkəti torpaq sahəsini girov qoyaraq kredit təşkilatından kredit götürmüşdür və A şirkəti götürülmüş kredit məbləğini təsisçiləri eyni olmayan digər B şirkətinə faizsiz borc müqaviləsi əsasında borca vermişdir. Sonradan Torpaq ilkin dəyəri qiymətinə satılmışdır ki, bu zaman gəlir yaranmamışdır və balansında heç bir aktivi qalmamışdır. Kredit götürülüşü zamanı faiz xərcləri yaranmışdır ki, bu faiz xərclərini sadələşdirilmiş vergi bəyannaməsində xərc maddəsi olaraq qeyd edilmişdir. Şirkətin həmin dövr ərzində göstərilmiş iş və xidməti olmadığına görə bəyannamə zərərlə təqdim edilmişdir. 2. Təsisçiləri eyni olmayan hər hansı bir D şirkəti həmin bu A şirkətini almaq istəyir. D və A şirkətlərinin fəaliyyət sahəsi fərqlidir (D şirkəti Daşınmaz əmlakla, A şirkətinin isə heç bir fəaliyyəti olmamışdır). Sual belədir ki, D şirkəti A şirkətini özünə birləşdirib A şirkətinin kredit faizinə görə yaranmış zərərini öz zərəri kimi tanıya bilərmi?
02/03/2023 Read: 207 Average count: 5

Bildiririk ki, sadələşdirilmiş vergi üzrə vergitutma obyekti təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin həcmi hesab olunur. Sadələşdirilmiş vergi hesablanarkən xərc maddələri nəzərə alınmır və zərər yaranmır.

Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir.

Eyni zamanda, vergitutma məqsədləri üçün hüquqi şəxsin yenidən təşkil edilməsi Vergi Məcəlləsinin 147-ci maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 147-ci maddəsinin müddəalarına əsasən birləşmənin, əldəetmənin, birləşdirmənin, ayrılmanın və ya ayırma yolu ilə yeni şəxs yaradılmasının əsas məqsədinin vergilərdən yayınma olmadığı vergi orqanı tərəfindən təsdiq edilmiş olsun.

Qeyd olunanları nəzərə alaraq, müraciətdə göstərilən halla bağlı əməliyyatın xüsusiyyətləri, işin faktiki halları barədə məlumatlar tam açıqlanmaqla bu əməliyyat üzrə müvafiq təsdiqedici sənədlər, o cümlədən borc və kredit müqavilələri, torpağın təqdim edilməsi və yenidən təşkil barədə sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

Əsas. Vergi Məcəlləsinin 219-cu və 147-ci maddələri, Mülki Məcəllənin 56-cı maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Əli Oruclu el***@gmail.com ID: 7429
Rezident A şirkəti qeyri-rezident firma ilə müqavilə bağlayır və onun vasitəsi ilə tranzit yükdaşıma həyata keçirir. Bu halda qeyri-rezidentə edilən ödənişlər ÖMV-yə cəlb edilirmi? 2-ci halda isə qeyri-rezident yükləri Azərbaycan Respublikası ərazisində bir yerə qədər daşıyır və daha sonra həmin yüklər başqa bir rezident MMC-nin nəqliyyat vasitəsi ilə digər ölkəyə daşınır. (Fikrimcə son təyinat nöqtəsi Azərbaycan Respublikası ərazisi olmadığı üçün ÖMV hər 2 halda da yaranmır). Münasibət bildirməyinizi xahiş edirəm.
02/03/2023 Read: 180 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir.

Buna əsasən sorğuda göstərilən halda, daşıma xidmətləri tranzit qaydada daşıma xidmətlərinə aid edildiyi və müvafiq sənədlərlə rəsmiləşdirildiyi təqdirdə, qeyri-rezidentə edilmiş ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur. Lakin göstərilən daşıma xidmətlərinin tranzit qaydada həyata keçirilmədiyi və təyinat (göndərilmə) məntəqəsi Azərbaycan Respublikası olduğu halda daşıma xidmətlərinə görə edilmiş ödənişlərdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliyinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlər, yük gömrük bəyannamələri, tərəflər arasında bağlanılmış müqavilələr, ödəniş sənədləri və digər zəruri sənədlərlə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 125-ci maddəsi.
 

5/5 (1 Average count)
Qiymət ver:
Əfqan Osmanov Kamal af***@mail.ru ID: 7794
Hər hansı bir kommersiya şirkətində muzdla çalışan Azərbaycan Respublikasının vətəndaşı eyni zamanda Fərdi Sahibkarlıq subyekti olaraq (VÖEN-ə malik fiziki şəxs olaraq) muzdla çalışdığı müəssisə ilə müqavilə bağlayaraq e-qaimə ilə mal, iş, xidmət təqdim edə bilərmi?
02/03/2023 Read: 102 Average count: 5

Bildiririk ki, hüquqi şəxsin muzdlu işçisindən hər hansı mal (iş və ya xidmət) almasın qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır.

Eyni zamanda, Vergi Məcəlləsinin 14-cü maddəsində başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir.

Həmin maddəyə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiymətləri nəzərə alınmaqla hesablanır.

Vergi Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən isə bir şəxs özünün xidməti vəziyyətinə görə digər şəxsə tabeliyində və ya bir şəxs digər şəxsin bilavasitə və ya dolayısı ilə nəzarətində olduqda belə şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər hesab olunurlar.

Sorğunuzda qeyd olunan halda işəgötürən şəxsə tabeliyində olan işçi əmlakı təqdim etdikdə vergilər bazar qiyməti ilə hesablana bilər.

Əsas: Vergi Məcəlləsinin 14.1-ci, 14.3-cü və 18.2.2-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Bodurov Elxan Səədullah el***@gmail.com ID: 7793
Salam aşağıdakı iki sualımı cavablandırmaqda köməklik göstərməyinizi xahiş edirəm. 1. Dövlət orqanında çalışan işçini vəzifə maaşı 2400 manat olarsa və ay ərzində işçinin 200 manat mənzil kirayəsi haqqının mənzil sahibinə ödənilməsi Vergi məcəlləsinin 98.2.3 -cü maddəsinə əsasən işçinin muzdlu işdən gəliri hesab edilir. Eyni zamanda məcəllənin 98.5-ci maddəsinə əsasən həmin gəlir vergi tutulan gəlirə aid deyildir.Belə olan halda işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatdan yüksək olduğunu nəzərə alaraq işçiyə məcəllənin 102.1.6-cı maddəsində göstərilən 200 manat güzəşt tətbiq ediləcəkmi? 2. Vergi Məcəlləsinin 102.1.26-cı maddəsinə görə “lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə edilən 500 manatadək uduşlar” azaddır. Misal olaraq lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyada fiziki şəxs 2500 manat məbləğində uduş əldə etmişdir. Lotereyanın alınmasına isə 20 manat ödəniş etmişdir. Belə olan halda bu fiziki şəxsdən vergi hesablanarkən 500 və iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla vergi hesablanacaq yoxsa iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla birbaşa vergiyə cəlb olunacaq ?
01/03/2023 Read: 212 Average count: 0

Cavab 1. Bildiririk ki, fiziki şəxs neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyi halda Vergi Məcəlləsinin 101.1-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxsin Vergi tutulan aylıq gəlirin məbləği 2500 manatadək olduqda 14 faiz, 2500 manatdan çox olduqda isə 350 manat üstəgəl 2500 manatdan çox olan məbləğin 25 faiz dərəcəsi ilə gəlir vergisi tutulur. 

Həmçinin bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Sorğunuzda qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2600 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt tətbiq olunmur və 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

Cavab 2. Bildiririk ki, lotereyaların keçirilməsindən əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğin 500 manatadək olan hissəsi fiziki şəxslərin gəlir vergisindən azaddır. Əldə edilən uduşların 500 manatdan artıq olan hissəsindən isə 10 faiz dərəcə ilə vergi tutulur.

Əsas: VM 101.5-ci və 102.1.26-cı maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Saleh Dəmirov İbrahim sa***@mail.ru ID: 7792
Salam. Müəllimlərin maaşından gəlir vergisi tutularkən nə üçün toxunulmaz məbləğ olaraq 345 AZN yox 200 AZN götürülür? Zəhmət olmasa, cavab yazardınız. Sağolun.
01/03/2023 Read: 96 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir. Qeyd olunan maddədə hər hansı dəyişiklik edilməmişdir. 

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə əməkhaqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi. 

0/5 (0 Average count)
Qiymət ver:
Baxışov Bilal Nəzər oğlu bi***@gmail.com ID: 7790
Salam, hər hansısa bir mağazadan aldığım məhsulun fiskal çekindən əldə etdiyim ƏDV geri al məbləğini istifadə etdikdən sonra məhsulu qaytarma etdikdə həmin mağazanın nümayəndəsi məndən istifadə etdiyim müvafiq məbləğində pulun ona ödəniş etməyimi tələb edə bilər? Bu tələb mövcuddursa hansı formada icra edilməlir və ya mövcud deyilsə mənim yarlandığım ƏDV geri qaytarılır?
01/03/2023 Read: 165 Average count: 0

Bildiririk ki, çek üzrə ƏDV hələ qaytarılmadıqda çek üzrə ödənilmiş tam məbləğ, ƏDV artıq qaytarıldıqda isə malın qiymətindən qaytarılmış ƏDV məbləğini çıxmaqla formalaşan məbləğ qaytarılır.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş“Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən, o cümlədən özəl tibbi praktika ilə məşğul olan şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” 

0/5 (0 Average count)
Qiymət ver:
Püstə pu***@gmail.com ID: 7789
Salam. Mənim adımda aktiv VÖEN var, 2017-ci ildə açılıb. Onu bağlatdırmaq istəyirəm, xahiş edirəm kəməklik edəsiniz.
01/03/2023 Read: 87 Average count: 0

Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Елена Владимировна Ализаде ce***@mail.ru ID: 7788
Добрый день! Я гражданка РФ, и у меня вопросы по налогам: 1. если я осуществляю деятельность в другой стране, плачу там налоги с дохода, должна ли я еще и в Азербайджане платить налоги с этого же дохода? (страны: ОАЭ, Россия) 2. облагается в Азербайджане бартер налогообложением? Т.е. я оказываю услугу человеку, а он расплачивается со мной, к примеру, книгами?
01/03/2023 Read: 67 Average count: 0

1. Заявляем, что резидентом Азербайджанской Республики является физическое лицо, которое в течение календарного года более 182 дней подряд действительно находится на территории Азербайджанской Республики.

Если срок пребывания физического лица на территории Азербайджанской Республики и в иностранной стране (любой стране) не превышает 182 дней, то это физическое лицо считается резидентом Азербайджанской Республики в соответствующей последовательности по критериям постоянного места жительства, центра жизненных интересов, обычно места жительства и гражданства Азербайджанской Республики.

При этом суммы подоходного налога, уплаченные с дохода физического лица-резидента за пределами Азербайджанской Республики, не являющегося источником Азербайджана, учитываются при уплате налога в Азербайджане. Сумма, учитываемая в соответствии со статьей 127.1 Налогового кодекса, не должна превышать сумму налога, взимаемого с данного дохода в Азербайджанской Республике по установленным ставкам.

2. Отметим, что поскольку в статье 14.3.1 Налогового кодекса Азербайджанской Республики бартерные операции отнесены к операциям, к которым применяется рыночная цена, представленная стоимость бартерных активов относится к доходам по рыночной цене, а стоимость представленного актива - к расходам, вычитаемым из доходов. 

При этом согласно статье 159.4 Налогового кодекса облагаемой сделкой считается предоставление налогоплательщиком своим работникам и иным лицам товаров, выполнение работ или оказание услуг за плату или в безвозмездном порядке, а также бартерная сделка.

Исходя из сказанного, упомянутая в вашем запросе бартерная сделка считается объектом налогообложения.

Основание: статьи 13.2.5, 14, 33, 96.1, 101, 127, 159 Налогового кодекса.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayıl Mehdiyev Səyavuş im***@gmail.com ID: 7663
Salam! Bir pəncərədə onlayn qeydiyyat hansı saytda eləmək olar?
01/03/2023 Read: 124 Average count: 5

Bildiririk ki, kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı elektron qaydada İnternet Vergi İdarəsi (e-taxes.gov.az) portalında həyata keçirilə bilər.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə müvafiq olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin adi elektron dövlət qeydiyyatı 1 iş günündən gec olmayaraq, sürətli elektron dövlət qeydiyyatı dərhal, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı isə 2 iş günündən gec olmayaraq həyata keçirilir. 

Elektron qeydiyyatla bağlı istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

5/5 (2 Average count)
Qiymət ver:
Ceyhun Nabatov ce***@gmail.com ID: 7784
Salam, mənim müraciətim odur ki, valideynin əlil olan övladı varsa onun əməkhaqqı hesablanan zaman güzəşti 400 çıxıldıqdan sonra hesablanır, yoxsa güzəşt tətbiq olunmur, 200 AZN olduğu kimi hesablanır. Zəhmət olmasa, bu barədə ətraflı məlumat verin. Diqqətiniz üçün minnətdaram.
01/03/2023 Read: 101 Average count: 0

Bildiririk ki, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan tətbiq edilir və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata keçirilir:

  • himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı:
  • ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı;
  • uşağın doğulması haqqında şəhadətnamənin surəti:
  • birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;
  • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı;
  • övladlığa götürmə barədə məhkəmə qərarının surəti

Bununla yanaşı, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Sorğunuzda qeyd olunan halda Sizin muzdlu işdən əldə etdiyiniz aylıq gəlir 2500 manatadək olduqda 400 manat (200 + 200) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru”ndan istifadə etməklə Siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102.3-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Average count)
Qiymət ver:
Teymur Nəsirov te***@mail.ru ID: 7666
Salam. Mənim Atam Nəsirov Zahid Rəfael oğlu 1992-ci ildə Şuşa döyüşlərində şəhid olmuşdur. O zaman üçün şəhid ailəsi statusunun tanınması kitabçası anama təqdim edilib. Vergi Məcəlləsinin 102.2-ci maddəsinə əsasən mənim əsas iş yerimdə hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirim 400 manat məbləğində azaldılırdı. Artıq, cənab Prezident İlham Əliyevin sonuncu fərmanı ilə VM-nə "102.1-1. şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır." maddəsi əlavə edildi. Mənim cari iş yerimdə muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirimdən bu güzəşt növlərindən daha böyük olanı tətbiq edilməlidir və ya hər biri ayrılıqda?
01/03/2023 Read: 127 Average count: 2

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1-1-ci maddəsinə əsasən şəhid ailəsi statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır.

Bununla yanaşı, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qeyd olunanlara əsasən, sorğuda qeyd olunan halda şəhid adını almış şəxsin övladına 800 manat güzəşt tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102.1-1-ci maddəsi.

2/5 (3 Average count)
Qiymət ver:
Aygül Qənbərova ay***@mail.ru ID: 7782
Salam. Mən nömrəmi dəyişdiyimə görə "ədv geri al" (kapital bank) giriş edə bilmirəm. Necə edə bilərəm ki, giriş edə bilim? Fin kod və ya nömrə yanlışdır yazılır. Şifrəmi isə unutmuşam. Xahiş edirəm köməklik edəsiniz.
28/02/2023 Read: 96 Average count: 2

Müraciətinizdə qeyd olunan texniki məsələ ilə bağlı müvəkkil bank olan "Kapital Bank ASC"-yə (012 196) müraciət etməyiniz tövsiyə olunur. 

 

2/5 (1 Average count)
Qiymət ver:
Fidan Rzayeva Elman rz***@gmail.com ID: 7780
Salam. Mənə maraqlı olan sual budur. Rəhbərliyə məlumat verildikdən sonra işdən çıxan içşinin əmək haqqısı köçürülmədikdə nə etmək olar və buna icazə varmı? QEYD : Ay tamamlanıb.
28/02/2023 Read: 92 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur

0/5 (0 Average count)
Qiymət ver:
Yarməmmədov Aydın Xalid oğlu ay***@mail.ru ID: 7465
Salam. Xahiş edirəm suallarımı cavablandırasınız. 1. Müəssisə, vergi orqanında qeydiyyatda olan digər şəxsdən mal-material almış və həmin gündə malların təhvil-təslimini aktlaşdırmıdır. Lakin satıcı tərəfindən elektron qaimə-faktura bir neçə gün gecikmə ilə təqdim edilmişdir. Bununla əlaqədar bilmək istərdim ki, vergi yoxlaması zamanı satıcı və alıcı təşkilatlar hansı məsuliyyət tədbirinə məruz qala bilərlər və müəssisə üçün malların alışı təhvil-təslim aktının tarixi ilə, yoxsa elektron qaimə -fakturanın tarixi ilə qəbul ediləcəkdir? 2. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, maddədə qeyd olunan qanun pozuntusuna il ərzində yol verildiyinə görə birinci dəfə 10%, ikinci dəfə 20% üç və daha çox dəfə 40% maliyyə sanksiyası nəzərdə tutulmuşdur. Bununla əlaqədar bilmək istərdim ki, səyyar vergi yoxlaması zamanı aşkar edilən və il ərzində təkrarlanan qanun pozuntusuna ilk dəfə yol verildiyi kimi qiymətləndiriləcək, yoxsa sayından asılı olaraq artan faizlə maliyyə sanksisası tətbiq ediləcəkdir? Əvvəlcədən təşəkkürümi bildirirəm.
27/02/2023 Read: 328 Average count: 5

Cavab 1. Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, tətbiq edilən uçot metodundan asılı olaraq Vergi Məcəlləsinə uyğun olaraq müəyyən olunan gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur.

Vergi qanunvericiliyinə əsasən həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.

Belə ki, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən müvafiq təsdiqedici sənəd olmadıqda həmin qanun pozuntusuna yol vermiş şəxsə münasibətdə Vergi Məcəlləsinin 58.8.2-ci maddəsində göstərilən maliyyə sanksiyası tətbiq olunmalıdır. Bu zaman malların alışını və ya mədaxilini təsdiq edən müvafiq sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında tətbiq olunmalıdır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 58.8.3-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda – alıcıya rəsmiləşdirilməyən xərclərin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi nəzarəti tədbirləri keçirilənədək təqdim edilmiş mallara görə Vergi Məcəlləsinin 71-1-ci maddəsində müəyyən edilmiş müddətlərdən gec elektron qaimə-fakturanın verilməsinə görə maliyyə sanksiyasının tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Cavab 2. Bildiririk ki, Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Sorğunuzda qeyd olunan halda, səyyar vergi yoxlaması zamanı aşkar edilmiş və il ərzində təkrarlanan qanun pozuntusuna bir hal kimi baxılaraq satış qiymətinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci və 71-1-ci maddələri.

 

 

5/5 (3 Average count)
Qiymət ver:
Svetlana Abdul-zadə Qəhrəman ab***@gmail.com ID: 7773
Salam, mənim nömrəmə SMS gəlib, məzmun budur: Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə hesabatını təqdim etməmisiniz. Axı mən muzdlu işçi tutmamışam. İzah edə bilərsiniz zəhmət olmasa?
27/02/2023 Read: 125 Average count: 0

Bildiririk ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” (bundan sonra Bəyannamə) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 98-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində muzdlu işlə əlaqədar ödənilən gəlirdən ödəmə mənbəyində gəlir vergisini tutan şəxslər, “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər,  “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta haqqının ödəyicisi sayılan sığortaedənlər, “Tibbi sığorta haqqında” Qanunun 15-2.2-ci maddəsinə əsasən icbari tibbi sığorta üzrə sığorta haqqının ödəyicisi sayılan sığortalılar tərəfindən tərtib edilir və vergi orqanına təqdim edilir.

Vergi ödəyiciləri uçotda olduqları vergi orqanına bəyannaməni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda təqdim etməlidirlər. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır.

Göründüyü kimi, vergi ödəyicisinin muzdlu işçisi olmadığı halda belə, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ilə bağlı qeyd olunan bəyannaməni vergi orqanına təqdim etməlidir.

0/5 (0 Average count)
Qiymət ver:
Cavid Şıxıyev Çapar ch***@gmail.com ID: 7772
Salam. MMC üçün fəaliyyət kodunu düzgün seçməmişəm. Xidmətin təyinatı üzrə fəaliyyət kodunu tapmaqda mənə köməklik etməyinizi xahiş edirəm. Xidmət: Onlayn alış-veriş platforması - həm alıcılar? həm də satıcılar bu xidmətdən istifadə edə bilərlər. Satıcı platformada mağaza qeydiyyatı edərək məhsullarını sərgiləyə və sata bilərlər. Eyni zamanda alıcılar qeydiyyatdan keçib istənilən mağazadan istənilən məhsulu sifariş verib əldə edə bilərlər.
27/02/2023 Read: 92 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyəti  4791001 (ELEKTRON TİCARƏT QAYDASINDA PƏRAKƏNDƏ SATIŞ) fəaliyyət kodunu seçməklə həyata keçirə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Bəndəliyev Şəhriyar Bayram be***@mail.ru ID: 7769
Ölkə daxilində nəqliyat vasitəsi ilə yük daşıma fəaliyəti ilə məşğul olan vergi ödəyiciləri hansı qaydada vergi ödəməlidir?
26/02/2023 Read: 318 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər. Həmin şəxslər dövriyyəsindən asılı olmayaraq, bu fəaliyyət üzrə “Fərqlənmə nişanı” alaraq sabit vergi ödəyicisi kimi fəaliyyət göstərirlər.

Eyni zamanda Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxs sadələşdirilmiş verginin ödəyicisi kimi hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma həyata keçirildikdə isə Bakı Nəqliyyat Agentliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Həmin şəxslər üçün sadələşdirilmiş vergi şəxsin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin yükgötürmə qabiliyyəti üçün hər tona görə 1,0 manat məbləğinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 35-ci, 218-ci və 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Hacıyeva Fidan Həsən sh***@gmail.com ID: 7765
Salam. Mən Kristal Abşerondan mənzil aldım yayda, bina hələ təhvil verilməyib. Mənə zəng edib bildirdilər ki, ƏDV geri qaytarılacaq. Bu haqda məlumatı sizdən almaq istərdim.
24/02/2023 Read: 92 Average count: 0

Məlumat üçün bildiririk ki, vətəndaşların məlumatlandırılması məqsədilə saytımızda nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı xüsusi bölmə yaradılmışdır. 

Həmin bölmədə nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması ilə bağlı qanunvericilik və normativ sənədlər, “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması ilə bağlı elektron ərizənin göndərilməsi qaydası”, "Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması"nın və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması üçün elektron qaimə-fakturanın formasının tərtib edilməsi və göndərilməsi qaydası” ilə bağlı videotəlimatlar, DVX-nin məlumatları və s. məsələlər əks olunub. 

Eyni zamanda bildiririk ki, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra, 90 gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaratmalı və müvafiq sənədlər əlavə etməklə elektron kabinet vasitəsilə müraciətini portala göndərməlidir.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası" 

0/5 (0 Average count)
Qiymət ver:
Həsənli Şahin Firdovsi sa***@gmail.com ID: 7764
Mən iş vakansiyaları ilə bağlı müraciət etmək istədim. Sadəcə bilmək istəyirdim ki, mən necə sizin əməkdaş ola bilərəm? Yəni, bundan ötrü hansı imtahan verilməlidir? İmtahanların tarixləri bəllidirmi?
24/02/2023 Read: 131 Average count: 5

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Hazırda müsabiqənin keçirilməsi ilə bağlı elan olmadığından, müsabiqənin tarixi ilə bağlı informasiyanın verilməsi imkan xaricindədir.  

Dövlət vergi orqanlarına işə qəbulla bağlı əlavə məlumatı səhifəmizin “İşə qəbul, xüsusi layihələr” bölməsindən əldə edə bilərsiniz.  

5/5 (1 Average count)
Qiymət ver:
Günel Hacıyeva sh***@mail.ru ID: 7763
Salam. Polis zabiti iş qəzasında rəhmətə gedibsə, onun yoldaşının əməkhaqqından güzəştlər tətbiq olunurmu?
24/02/2023 Read: 94 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.4.1-ci maddəsinə əsasən vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynlərinin və arvadlarının (ərlərinin) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.10-cu bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.4.1-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.           

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin ərinin (arvadının) vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçu olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Average count)
Qiymət ver: