Bildiririk ki, Vergi Məcəlləsinin 87.1-ci maddəsinin müddəalarına əsasən Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir.
Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda bu Məcəllənin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır.
Artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması üçün vergi ödəyiciləri uçotda olduqları vergi orqanına müəyyən olunmuş ərizə forması ilə müraciət etməlidirlər.
Lakin, sizin sorğunuza cavab olaraq bildiririk ki, artıq ödənilmiş vəsait həmin şəxsin vergi orqanına müraciəti əsasında həmin şəxsə qaytarılır.
Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"
Bildiririk ki, Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir.
Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.
Bildiririk ki, “Barter” dedikdə malların (işlərin və ya xidmətlərin) mübadiləsi nəzərdə tutulur. Hər hansı fiziki və ya hüquqi şəxs aldığı malların (işlərin və ya xidmətlərin) qarşılığında qarşı tərəfə pul vəsaiti deyil, müvafiq olaraq, mallar (işlər və ya xidmətlər) təqdim edir.
Bildiririk ki, Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.
Mülkiyyətdə olan torpaq sahələrinin təqdim edilməsindən aşağıdakı hallarda vergi tutulmur:
• torpaq sahəsinin hədiyyə, maddi yardım və ya miras formasında ailə üzvlərinə verilməsi;
• torpaq sahəsinin ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi;
• torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması.
Belə ki, fiziki şəxs tərəfindən torpaq sahəsinin təqdim edilməsi zamanı notarius tərəfindən torpaq sahələrinin hər kvadrat metri üçün 0,5 manat məbləğinə torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq edilməklə ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur. Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş Vergi məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır.
Vergi məcəlləsinin 206.1-1-ci maddəsində qeyd edildiyi kimi kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.
Müraciətiniz barədə ətraflı məlumatı torpaq sahəsinin təyinatı və yerləşdiyi ərazi haqda məlumat verərək, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz
Bildiririk ki, “Barter” dedikdə malların (işlərin və ya xidmətlərin) mübadiləsi nəzərdə tutulur. Hər hansı fiziki və ya hüquqi şəxs aldığı malların (işlərin və ya xidmətlərin) qarşılığında qarşı tərəfə pul vəsaiti deyil, müvafiq olaraq, mallar (işlər və ya xidmətlər) təqdim edir.
Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən, barter (mal mübadiləsi) zamanı vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.
Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən digər şəxslərə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri vergi ödəyicisinin vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.
Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.
Vergi məcəlləsinin 13.2.8 ci maddəsinə əsasən əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Torpağın təqdim edilməsi ədv məqsədləri üçün vergi tutma obyekti deyil.
Bildiririk ki, vergi orqanında uçotda olmayan təsisçidən alınmış borc məbləğləri vergi ödəyicisinin “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq həmin maddədə göstərilən hədlər daxilində (30.000 manat və ya 15.000 manat) nağd qaydada qaytarıla bilər. Təqvim ayı ərzində 30.000 manatdan və ya 15.000 manatdan artıq hesablaşmalar üzrə ödənişlər, o cümlədən alınmış borcların qaytarılması yalnız nağdsız qaydada həyata keçirilməlidir.
“Nağdsız hesablaşmalar haqqında” qanunun 3.4.6-cı maddəsinin tələbinə görə vergi orqanında qeydiyyatda olan təsisçiyə borc məbləğləri yalnız nağdsız qaydada qaytarılmalıdır.
Qanunun qeyd olunan tələblərinin pozulmasına görə borc vəsaitlərini nağd qaydada ödəyən və qəbul edən şəxsə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əsas: Vergi Məcəlləsinin 58.7-1-ci maddəsi və “Nağdsız hesablaşmalar haqqında” Qanun
Birinci suala cavab olaraq bildiririk ki, qeyri- kommersiya təşkilatı dedikdə qeyri-kommersiya fəaliyyətini həyata keçirən, əldə etdiyi gəliri təsisçilər (payçılar, iştirakçılar) arasında bölüşdürməyən və onu kommersiya məqsədləri üçün sərf etməyən hüquqi şəxsdir, əks halda bu təşkilat kommersiya təşkilatı sayılır.
Qeyri-kommersiya təşkilatlarının (dini qurumlar istisna olmaqla) dövlət qeydiyyatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir və bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə, vergi uçotuna dair məlumat almaq üçün isə (195-1) Çağrı Mərkəzinə və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən sonra 30 gün müddətində vergi orqanlarında uçota alınmaq üçün müvafiq ərizə vergi orqanına təqdim edilməlidir. Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması üçün təqdim olunacaq sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Ərizə və arayış formaları” altbölməsindən, Qeyri-kommersiya qurumunun vergi uçotuna alınması üçün təqdim olunacaq lazımi sənədlərin siyahısını isə saytımızın “Xidmətlər” bölməsinin "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz.
Əlavə olaraq, bildiririk ki, Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır.
İkinci suala cavab olaraq bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur. (Çağrı Mərkəzi 142, www.sosial.gov.az)
Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.
Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.
Bundan savayı, həmin işçinin gəlirlərindən sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları ödəmə mənbəyində adi qaydada işəgötürən tərəfindən tutulur və bu tutulmalarda müharibə veteranları üçün azadolma və ya güzəşt nəzərdə tutulmamışdır.
Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.
Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.
Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ƏDV-nin müvafiq qaydada qaytarılması Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə aid edilir.
Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
Rəsmi qaydada müraciət üçün bu linkdən istifadə edə bilərsiniz.
Birinci sual ilə bağlı bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Sorğunuzda qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan məbləğdən 14 faiz dərəcə ilə gəlir vergisi tutulmalı və qalan vəsait icarəyə verən şəxsə ödənilməlidir.
Eyni zamanda, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin 12-ci abzasına əsasən muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar) üzrə məcburi dövlət sosial sığorta haqqı hesablanmır.
İkinci sual ilə bağlı nəzərinizə çatdırırıq ki, əgər şəxs işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunubsa, göstərilən xidmətə görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində qeyd edilmiş aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılması mütləq sayılır.
Bildiririk ki, Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. Həmin maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür hallara birinci dəfə yol verdikdə 2.000 manat, ikinci dəfə yol verdikdə 4.000 manat, üç və daha çox dəfə yol verdikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Əlavə olaraq, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Bildiririk ki, mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və qeyd edilən sahələrin təqdim edilməsi zamanı sadələşdirilmiş vergi müqaviləni təsdiq edən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.
Həmçinin, fiziki şəxsin azı 3 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir.
Bununla yanaşı, fiziki şəxslərin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs 3 təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır.
Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiq edilməsi ilə müəyyən olunur.
Əsas: Vergi Məcəlləsinin 218-1-ci və 220.8-ci maddələri.
Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən xarici və yerli hüquqi şəxslərin birgə təsisçiliyi ilə məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatına alınması üçün sənədlər qeydiyyat orqanına (Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə) təqdim olunmalıdır. Sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Əlavə suallar yarandıqda Çağrı Mərkəzinə (195-1) və ya Bakı şəhəri üzrə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə (Tel.: (012) 403-83-38, office.milli@taxes.gov.az, Bakı şəhəri, H.Əliyev prospekti, 105) müraciət edərək əldə edə bilərsiniz.
Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur. (Çağrı Mərkəzi 142, www.sosial.gov.az)
Bildiririk ki, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.
Məlumat üçün bildiririk ki, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya seriya və nömrəsini daxil etməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda məlumatı əldə edə bilərsiniz. Xidmətdən istifadə üçün buradan istifadə edə bilərsiniz.
İşə qəbul qaydaları ilə buradan tanış ola bilərsiniz
Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, bu dəyişikliklər 2024-cü il yanvarın 1-dən qüvvəyə minmişdir.
Nəzərinizə çatdırırıq ki, Vergi Məcəlləsinin 106.1.20-cu maddəsinə əsasən müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır.
Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.
Sorğunuza cavab olaraq bildiririk ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı halda Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20 -ci maddələrinin tədbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.
Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.
Müraciətinizdə qeyd olunanlara əsasən tərəfinizdən vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim edilmiş və arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının son tarixi 01.10.2023-cü il qeyd olunmuşdur. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Fəaliyyətin dayandırılması və ya fiziki şəxsin uçotdan çıxarılması barədə daha ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 34-cü maddələri.
Bildiririk ki, nəzarət-kassa aparatı çeki üzərində yerləşdirilmiş Fiscal İD çek yarandığı andan 90 dəqiqə sonra sistemə daxil edilərək yoxlanılmalı və çek yarandığı andan 7 gün ərzində çek tapılmadığı təqdirdə araşdırılması üçün Dövlət Vergi Xidmətinə müraciət edilməlidir.
Qeyd olunanları nəzərə alaraq çekin təkrar yoxlanılması üçün cəhd etməyinizi sizə tövsiyə edirik. Cəhdiniz zamanı xəta baş verərsə çekin sürəti və ya çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz Sizə tövsiyə olunur.
Bildiririk ki, satışdankənar gəlirlər dedikdə digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri nəzərdə tutulur.
Gəlir və mənfəət ödəyicilərinin satışdankənar gəlirləri (ödəmə mənbəyində vergi tutulmuş vergilər istisna olmaqla) gəlir və mənfəət vergisinə cəlb edilir.
Vergi məcəlləsinin 219.1-ci maddəsinə əsasən hesabat dövrü ərzində sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi vergitutma obyektidir.
Eyni zamanda bildiririk ki, satışdan kənar gəlirlər ədv məqsədləri üçün vergi tutma obyekti yaratmır.
Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci və 219.1-ci maddəsi.
Nəzərinizə çatdırırıq ki, Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən büdcə səviyyəsinin kodları) və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi"
Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyəti başlayana qədər vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalısınız.
Vergi məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını (o cümlədən taksi ilə) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir və bu fəaliyyətlə bağlı vergi öhdəliklərini Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” almaqla yerinə yetirirlər.
Sərnişin daşıma fəaliyyəti, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün vergitutma obyekti mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələridir. Daşımaları həyata keçirən şəxslər mütləq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" əldə etməlidirlər. Vergi Məcəlləsinin 220.5-ci maddəsinə əsasən avtomobil nəqliyyatı vasitələri ilə taksi xidməti göstərilməsinə görə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği bir ədəd nəqliyyat vasitəsi üçün 9 manat, taksi istisna olmaqla sərnişin daşınmasına görə vergi ödəyiciləri üçün sadələşdirilmiş verginin məbləği bir oturacaq yeri üçün 1,80 manatdır.
Nəzərə almaq lazımdır ki, qeyd etdiyimiz sadələşdirilmiş vergi məbləğlərinə daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq əmsallar tətbiq edilir: fəaliyyət Bakı şəhərində, o cümlədən kənd və qəsəbələrində həyata keçirilirsə, qeyd edilən vergi məbləğlərinə 2.0 əmsalı, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində həyata keçirilirsə 1.5 əmsalı, digər şəhər və rayonlarda həyata keçirilirsə isə 1.0 əmsalı tətbiq edilir. Xidmət iki şəhər arasında həyata keçirildikdə daha yuxarı əmsal tətbiq edilir.
Bununla yanaşı, avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti ilə məşğul olan şəxslərin ödəməli olduğu sosial sığorta haqqının məbləği minimum aylıq əməkhaqqının 6 faizi həcmində müəyyən edilmişdir. əlavə olaraq Sosial sığorta haqqında qanunda qeyd olunan zona əmsalları tədbiq edilir.
Həmçinin, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqqı ödənilməlidir.
Siz öz seçimizdən asılı olaraq həm hüquqi şəxs, həm də hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərə bilərsiniz.
Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.