Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Heydarova Fəridə Ağabala qızı fa***@socar.az ID: 8108
Atam Heydərov Ağabala Abuzər oğlu 1941-1945-ci illərdə keçmiş SSRİ-də Böyük Vətən Müharibəsində arxa cəbhədə iştirak etmiş, orden və medallarla təltif olunmuşdur. Fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılması mənə şamil oluna bilər?
17/05/2023 Read: 162 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

 

5/5 (1 Average count)
Qiymət ver:
Əliyeva Xumar Sabir qızı a.***@mail.ru ID: 8141
Salam. İpoteka yolu ilə 7 faizlə şirkətdən deyil, fiziki şəxsdən qeyri-nağd yolla ev almışıq. ƏDV-nin faizini geri ala bilərik? Bunun üçün nə etməliyik?
17/05/2023 Read: 184 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi alıcıya geri qaytarılır.

Sorğunuzda qeyd olunan mənzil bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmadığı üçün ƏDV-nin geri qaytarılması mümkün deyil.

Məlumat üçün bildiririk ki, fiziki şəxslər tərəfindən mülkiyyətində olan yaşayış sahələrinin təqdim olunması ƏDV-yə cəlb olunmur və notariuslar tərəfindən alğı-satqı zamanı ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı və 218-ci maddələri və “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

5/5 (3 Average count)
Qiymət ver:
Фатуллаев Заур Зейнал za***@inbox.ru ID: 8160
Доброго времени суток, Я хотел бы получить детальную информацию, как правельно оформить и какие налоги и другие выплаты предстоит делать собственику при сдачи нежилого помещения в аренду. У меня есть нежелое помещение зарегистрированное в реестре, а так же ВОЕН. Компания которая собирается взять в аренду помещения. Возможно ли, чтоб компания оформим договор аренды со мной, самы выплачивала налог (14%) и если да, тогда что мне указывать в отчетности? И еще вопрос, нужно мне регистрировать этот договор в налоговой, или это делает сьемщик помещения? Спасибо. Буде благодарен за ответ P.S. Я нахожусь за пределами Азербайджана по этому не могу связатся по телефону (195)
17/05/2023 Read: 88 Average count: 5

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda icarə haqqı hüquqi şəxs tərəfindən ödənildiyi üçün, ödəmə mənbəyində vergi hüquqi şəxs (dövlət qurumu) tərəfindən tutularaq, qalan məbləğ fiziki şəxsə ödənilməlidir. 

Həmçinin bildiririk ki, fiziki şəxsin aldığı və Vergi Məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş icarə haqqı gəlirləri həmin şəxsin ümumi gəlirlərindən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 100-cü, 124-cü və 150.1.6-cı  maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Məcnun Aydınov Fikrət oğlu me***@gmail.com ID: 8158
Salam. İstifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi - kompensasiya ödənilərkən VM-nin 102.1.6 maddəsi (200 manat) bütün iş illərinə (günündən aslı olmayaraq) ayrı-ayrı olaraq tətbiq edilir. VM-nin 102-ci maddəsində nəzərdə tutulan digər azadolmalar və güzəştlər istifadə edilməmiş məzuniyyətlər üçün pul əvəzi - kompensasiya ödənilərkən nəzərə alınmalıdırmı? Yəni hər bir kompensasiya məbləğinə bütün güzəştlər şamil edilirmi?
16/05/2023 Read: 214 Average count: 5

Bildiririk ki, fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edilir.   

İşəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları onun ödənildiyi ayın əmək haqqına əlavə olunmadan ayrılıqda gəlir vergisinə cəlb edilir və bu zaman gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan vergi güzəştlərinin məbləğləri ümumi qaydada çıxılır. 

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və 102-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Məhəmməd Vəliyev Vm***@gmail.com ID: 8157
Salam, VÖEN hesabına bağlı bank kartı açmaq istəyirdim. Şəhadətnamə-dublikatın alınması ücün müştəri bankından qeydiyyatdan keçərkən yazıldı ki, vergilərə göndərildi, sizinlə əlaqə saxlayacaqlar. Hələ də bir xəbər yoxdur, nə etməliyəm mən?
16/05/2023 Read: 89 Average count: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğunuz vergi orqanına müvafiq qaydada müraciət etməyiniz tələb olunur.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Fərid Hətəmov Namiq ha***@gmail.com ID: 8155
Mən qeyri-rezidentə fevral ayında avans-ödəmə etmişəm və xidməti isə oktyabr ayında almışam. Mən nə zaman ödəmə mənbəyində vergini tutmalıyam və bəyannaməsini də nə zaman verməliyəm? Ayları və rübləri də qeyd edərsiz zəhmət olmasa.
15/05/2023 Read: 165 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. 

Buna əsasən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.

Eyni zamanda qeyri-rezidentin göstərdiyi xidmətlərə görə aparılan avans ödəmələri avans ödəmələrinin aparıldığı vaxtda ödəmə mənbəyində vergiyə cəlb edilməli, gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi büdcəyə köçürülməli və bəyannamə təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 69-cu,125-ci, 150-ci və 169-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Nofel İsayev no***@gmail.com ID: 8152
Salam, mən bir məsələdə sizdən məlumat istəyirəm. Mən ADY-da işləyirəm, tibbi sığorta və məcburi dövlət sosial sığorta haqqı mənim maaşımdan tutulur. Həmçinin, mən ikinci iş kimi VÖEN-lə kuriyer də işləyirəm. Belə olduğu halda mən hansi vergidən azadam, həmçinin də hansı vergini ödəməliyəm?
13/05/2023 Read: 72 Average count: 0

Bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır. 

Əsas: “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Average count)
Qiymət ver:
Nəzrin Əzizova Yaşar qızı na***@gmail.com ID: 8027
Salam. Azərbaycan Respublikasının rezidenti olan müəssisə “yükdaşıma xidməti” fəaliyyəti ilə məşğuldur və yüklərin daşınmasını digər şəxslər vasitəsilə həyata keçirir. Daşınan malların heç bir halda rezident müəssisə ilə əlaqəsi yoxdur. O cümlədən, daşınan mallar heç bir halda Azərbaycan Respublikası ərazisindən keçmir və Azərbaycan Respublikası sərhədi ilə kəsişmir. Başqa sözlə, yüklərin göndərilmə və təyinat məntəqəsi Azərbaycan Respublikası deyil. Yuxarıda qeyd olunanları nəzərə alaraq bilmək istərdik ki, bu qaydada daşımalar üzrə vasitəçiliyin həyata keçirilməsi ƏDV-yə hansı dərəcə ilə cəlb olunur? Cavabda Vergi Məcəlləsinin maddələrinə istinad etməyinizi və Vergi Məcəlləsinin 168.1.4. maddəsində yer alan nəqletmə anlayışına açıqlama verməyinizi xahiş edirik.
12/05/2023 Read: 376 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir.

Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinin müddəalarına əsasən yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınması beynəlxalq daşıma hesab olunur.

Sorğunuzdan yüklərin Azərbaycan Respublikasının ərazisinə daxil olmadan bir dövlətdən digər dövlətə daşındığı qənaətinə gələrək bildiririk ki, müvafiq xidmətlərin göstərilməsindən əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Vergi Məcəlləsinin 168.1.4. maddəsinə əsasən göstərilən xidmətlər Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirildiyi üçün ƏDV-yə cəlb olunan əməliyyat hesab olunmur.

Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri 6 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması ilə bağlı (yüklərin göndərilmə (təyinat) məntəqəsi Azərbaycan Respublikası olmayan) qeyri-rezidentə aparılan ödənişlər qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilən gəlirlərinə aid edilmir və həmin ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur. 

Azərbaycan mənbəyindən əldə olunan gəlirlərin dairəsi isə Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə müəyyənləşdirilmişdir.

Eyni zamanda Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin bir xarici ölkədən digər xarici ölkəyə daşınması üzrə göstərilən xidmətlər ƏDV tutulan əməliyyatlara aid edilmir. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 165-ci maddəsinin müddəalarına əsasən beynəlxalq daşıma xidmətləri isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 125-ci, 159-cu, 165-ci, 168-ci və 169-cu maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Fərhad Abdullayev Kazım fa***@hotmail.com ID: 8068
Salam. VÖEN bağlı/dondurulmuş vəziyyətində olub-olmaması barədə məlumat almaq istərdim. 1700930342 VÖEN nömrəmdir. Ətraflı cavablandırın zəhmət olmasa
11/05/2023 Read: 149 Average count: 4

Bildiririk ki, Abdullayev Fərhad Kazım oğlu (VÖEN 1700930342) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin 11 may 2023-cü il tarixinə olan məlumatlarına əsasən fəaliyyəti aktivdir. 

4/5 (4 Average count)
Qiymət ver:
Abdullayev Ramazan Ar***@mail.ru ID: 8139
Salam. Mən sahibkarlıq fəaliyyətinin Beynəlxalq yükdaşıma xidməti ilə məşğulam. Xaricdən sahibkarlıq fəaliyyətində istifadə etmək üçün yük nəqliyyat vasitəsi idxal etmişəm. İdxal zamanı Gömrük orqanı nəqliyyat vasitəsini ölkəmizdə orta bazar qiymətinə uyğun olaraq qiymətləndirərək gömrük rüsumlarını hesablamışdır. Mən sahibkarlıq fəliyyətində istifadə etdiyim bu nəqliyyat vasitəsini amortizasiya etmək məqsədi ilə Gəlir vergisi bəyannaməsinin bir nömrəli əlavəsinin 1.1.3 sətrində "dövr ərzində daxil olmuşdur" xanasında gömrük orqanın nəqliyyat vasitəsinə müəyyən etdiyi orta bazar qiymətini (statistik dəyəri) qeyd edə bilərəmmi? Xahiş edirəm, bu haqda mənə məlumat verəsiniz.
10/05/2023 Read: 254 Average count: 0

Bildiririk ki, vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə uyğun olaraq müəyyən edilən gömrük dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli olan rüsumlardan və vergilərdən (ƏDV və yol vergisi nəzərə alınmadan) ibarətdir. Gömrük qanunvericiliyinə uyğun olaraq idxal olunan malların gömrük dəyəri müəyyənləşdirilərkən həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri bu malların gömrük dəyərinə aid edilir.

Bununla yanaşı vergi ödəyicisi əmtəə-material ehtiyatlarının uçotunu apararkən istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Qeyd olunanlara əsasən idxal mallarına münasibətdə vergi ödəyicisinin vergi öhdəlikləri və həmin malların mənfəət (gəlir) vergisinin məqsədləri üçün gəlirdən çıxılan xərclərdə nəzərə alınması həmin malların alış dəyəri (invoys dəyəri), rüsumlar və vergilər, habelə həmin malların sığorta xərcləri, gömrük ərazisinə daxil olduğu yerədək nəqliyyat xərcləri və həmin yerədək yüklənmə və boşaldılma xərcləri daxil olmaqla faktiki ödənilmiş məbləğlər əsasında müəyyənləşdirilir.

Əlavə olaraq bildiririk ki, mallar Azərbaycan Respublikasına idxal olunarkən gömrük orqanları tərəfindən vergi tutulan dəyərin hesablanması yalnız gömrük məqsədləri üçün istifadə olunur.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 162-ci maddələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Qənbər Əliyev gn***@gmail.com ID: 8138
Salam. Biz Hüquqi şəxs olaraq ƏDV qeydiyyatında olan Azərbaycan respublikasının rezidenti A Şirkətiyik. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri rezident B şirkəti ilə müqaviləmizə əsasən; X məhsulun ixrac edilməsi üçün Azərbaycan Respublikası ərazisində yerləşən zavoddan nəqliyyat vasitəsinə (ixrac ediləcək nəqliyyat vasitəsi, məsələn: vaqon) daşınıb və yüklənməsi (2-3 km məsafədən) xidməti göstəririk. Təkrar olaraq qeyd etmək istərdik ki, bizim xidmətimiz yuxarıda qeyd edildiyi kimi məhsulun yalnız zavoddan ixrac ediləcək nəqliyyat vasitəsinə daşınıb və yüklənməsindən ibarətdir. Əlavə məlumat olaraq, rezident A şirkəti qeyri rezident B şirkəti ilə arasındakı müqaviləyə əsasən öhdəliyi olan yuxarıda qeyd edilən xidməti, vergi ödəyicisi kimi qeydiyyatda olan yerli fiziki şəxslərlə (bu işi görmək üçün texniki vasitələri mövcud olan) daşınma və yükləmə xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında icra etməkdədir. 1) A şirkətinin göstərdiyi xidmət, VM 165.1.4 əsasən ekspeditor xidmətlərinin göstərilməsi kimi ƏDV-nə 0 dərəcə ilə cəlb edilə bilərmi? (Mülki məcəllə, Maddə 852. Ekspeditor. Nəqliyyat komisyonçusu) 2) Qeyd edilən xidmət, 5229005 - Ekspeditor xidmətləri (fəaliyyət kodu) kimi fəaliyyət növünə əlavə edilə bilərmi? 3) 1-ci və 2-ci sulların cavabı xeyr olarsa, zəhmət olmasa rezident A şirkətinin göstərdiyi xidmət ƏDV öhdəliyi necə olacaq? hansı fəaliyyət kodundan istifadə etməlidir?
10/05/2023 Read: 353 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinin müddəalarına əsasən beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Vergi Məcəlləsində 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən, beynəlxalq və tranzit yük daşınması ilə bağlı ekspeditor xidmətlərinin göstərilməsi ƏDV-yə sıfır (0) dərəcə ilə cəlb olunan əməliyyatlar sırasına aid edilib. 

Eyni zamanda Mülki Məcəllənin 852-ci maddəsinin müddəalarına əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditor yük göndərənin göstərişlərinə əməl etməlidir. O, daşıyıcıları öz məsuliyyəti ilə seçir. Əgər ekspeditor daşımanı tamamilə və ya qismən özü həyata keçirirsə, daşıyıcının hüquq və vəzifələrinə malik olur. 

Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu) və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzddan ibarət ola bilər. 

Qeyd olunanlara əsasən cəmiyyət tərəfindən digər şəxslər vasitəsilə həyata keçirilən beynəlxalq daşımalara görə (ekspeditor xidmətlərinə görə) əldə olunan komisyon muzd mənfəət vergisinə və sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Əlavə olaraq bildiririk ki, vergi öhdəliklərinin dəqiq müəyyən edilməsi üçün işin faktiki halları barədə, o cümlədən tərəflər arasında bağlanılan müqavilə, ödəniş sənədləri və digər zəruri təsdiqedici sənədlər ilə birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 159-cu,165-ci və Mülki Məcəllənin 852-ci maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Quliyeva Kamilə Həsən qızı ka***@gmail.com ID: 8137
Salam, hər vaxtınız xeyir. Bir suala cavab almaq istəyirəm. Azərbaycanda təsis edilmiş A adlı hüquqi şəxsin təsisçisi B adlı xarici hüquqi şəxsdir. Həmin xarici hüquqi şəxsin təsisçisi isə C adlı başqa bir hüquqi şəxsdir. Əgər B adlı hüquqi şəxs ləğv edilsə və C hüquqi şəxsi A hüquqi şəxsinin təsisçisi olsa, Azərbaycan qanunvericiliyinə əsasən hər hansı vergi öhdəliyi yaranırmı?
10/05/2023 Read: 155 Average count: 0

Bildiririk ki, rezident hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlir hesab olunduğundan gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunmalıdır.

Ödəmə mənbəyində vergi tutulması mümkün olmayan hallarda qeyri-rezident fiziki şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq gəlir vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Zərurət yarandıqda, əlavə məlumatı Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 33.4-cü, 96.1-ci, 125.1.5-ci, 149.1.3-1-ci, 149.2-ci və 149.6-cı maddələri. 

0/5 (0 Average count)
Qiymət ver:
Məmməd Qaraxanlı Əbülfəz ma***@gmail.com ID: 8135
Salam. 2020-ci ildə xarici şirkətindən bank hesabıma 200 ABŞ dolları həcmində pul köçürüldü. Amma həmin pulu əldə edə bilmədim. Bankdan mənə məlumat verildi ki, həmin pula vergilər nazirliyi tərəfindən stop qoyulub. Həmin pulu əldə etmək üçün VÖEN açılmalı olduğunu mənə bildirdilər. Bu illər ərzində mən müəyyən səbəblərə görə VÖEN açdıra bilmədim. Məlumat almaq istəyirdim ki, 200 ABŞ dollarını indi VÖEN açdırsam, əldə edə bilərəm? Zəhmət olmasa, bu məsələni araşdırıb məlumat verə bilərsinizmi?
10/05/2023 Read: 125 Average count: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğunuz vergi orqanına müvafiq qaydada müraciət etməyiniz tələb olunur.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Sorğunuzda qeyd olunan vəsaitin əldə olunması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 35-ci, 101.2-ci və 127-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Elvin Xudiyev Elçin el***@gmail.com ID: 8133
Salam, mən müvəqqəti yaşayış vəsiqəsi ilə VÖEN açmışam, indi vəsiqəni yeniləyirəm. VÖEN-i yeni vəsiqəyə birləşdirmək lazımdır?
09/05/2023 Read: 78 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.  Vergi ödəyicisi bu barədə müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin uçotu haqqında Ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir. Bu barədə ətraflı məlumatla buradan tanış ola bilərsiniz: "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad ra***@gmail.com ID: 8132
Salam. Mən 18% ƏDV ödəyicisiyəm. Bilmək istəyirəm, əhalindən zibilin daşınmasına görə daşınma haqqı alınır və həmin vəsit cari hesaba mədaxil olunur. Bilmək istəyirəm, əhalidən alınan həmin pul vəsaiti 18% ƏDV cəlb olunur və həmin cəlb olunan məbləği BTP-də hansı qrafada göstərilməlidir. Əvvəlcədən təşəkkür edirəm.
09/05/2023 Read: 143 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal ƏDV-nin vergitutma obyektidir.

ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Vergi tutulan dövriyyə hesabat dövrü ərzində vergi tutulan əməliyyatların ümumi dəyərindən ibarətdir.

Müraciətinizdə qeyd olunanlara əsasən Siz ƏDV ödəyicisi kimi qeydiyyatda olduğunuz üçün, göstərdiyiniz xidmətlərin dəyərinə 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və vergi tutulan əməliyyatların dəyəri müvafiq dövr üzrə təqdim edilən ƏDV bəyannaməsinin 301.1-ci sətrində əks olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 173-cü maddələri. 

0/5 (0 Average count)
Qiymət ver:
Əzimzadə Fərid fa***@mail.ru ID: 8131
Zəhmət olmasa qeyd edərdiniz, Azərbaycanda məhdud məsuliyyətli cəmiyyətdə iki təkbaşına icra orqanının (təkbaşına icra orqanın funksiyalarını yerinə yetirən 2 fiziki rəhbər-nəfər) yaradılması mümkündürmü? Qeyd etmək istəyirəm ki, bu təcrübə Rusiya Federasiyasında mövcuddur və bəzi hallarda üstünlüklərə malikdir.
08/05/2023 Read: 55 Average count: 5

Bildiririk ki, qanunvericilikdə kommersiya qurumunun bir neçə direktor tərəfindən idarəçiliyi ilə bağlı hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

5/5 (1 Average count)
Qiymət ver:
Fərmanov Sədi Filman oğlu fa***@gmail.com ID: 8129
Salam Mən öyrənmək istəyirdim ki adıma aktiv VÖEN varmı?
07/05/2023 Read: 78 Average count: 5

Bildiririk ki, Fərmanov Sədi Filman oğlu (VÖEN 4600347442) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır. 

5/5 (1 Average count)
Qiymət ver:
Altay Əfəndiyev Seid al***@mail.ru ID: 8127
Mən vəkiləm. Məhkəməyə verdiyim ərizədə Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin və Ordubad Rayon Qeydiyyat Şöbəsinin VÖEN-i göstərməliyəm, lakin, taxes.gov.az saytında bu məlumatı ala bilmirəm. Nə edim?
06/05/2023 Read: 83 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində Binəqədi Rayon Qeydiyyat Şöbəsinin və Ordubad Rayon Qeydiyyat Şöbəsinin uçotda olmaları barədə məlumat mövcud deyil.

Saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi uçotunda olan şəxsin VÖEN-ni əldə edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Average count)
Qiymət ver:
Quliyeva Kamilə Həsən qızı ka***@gmail.com ID: 8125
Salam, mənim bir sualım var, zəhmət olmasa cavablayardınız. Azərbaycan Respublikasında olan bir A hüquqi şəxsinin təsisçisi xarici B hüquqi şəxsdir. Həmin xarici hüquqi şəxs B özünün A-dakı paylarını A-nın özünə sata bilərmi? Əgər satsa, hər hansı vergi öhdəliyi yaranırmı? İkinci sualım odur ki, əgər həmin B adlı xarici hüquqi şəxs A-dakı paylarını digər bir xarici C hüquqi şəxsinə satsa, bu halda vergi öhdəliyi yaranırmı? Zəhmət olmasa, vergi öhdəliyi yaranırsa, Vergi Məcəlləsinin konkret maddəsi ilə qeyd edərdiniz. Təşəkkür edirəm.
05/05/2023 Read: 198 Average count: 0

Bildiririk ki, hüquqi şəxsdəki payların hüquqi şəxsin təsisçisi iştirak paylarını digər təsisçilərə və ya kənar şəxslərə təqdim edə bilər. 

Əlavə olaraq bildiririk ki, vergi qanunvericiliyinə əsasən rezident hüquqi şəxsdə iştirak payının satılmasından əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir. Buna əsasən Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident müəssisənin rezident müəssisədəki səhmlərinin satışından əldə olunan gəlirləri Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinin müddəaları nəzərə alınmaqla Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb edilir. 

Eyni zamanda Vergi Məcəlləsinin 149.6-cı maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan, Vergi Məcəlləsinin 125.1.3-cü, 125.1.4-cü, 125.1.5-ci və ya 125.1.7-ci maddələrinə müvafiq qaydada ödəmə mənbəyində vergi tutulan gəlir əldə edən qeyri-rezident vergi ödəyicisi bu cür gəlir haqqında bəyannamə verməklə tutulmuş verginin qaytarılması tələbini irəli sürə bilər. Bu cür bəyannamə bu Məcəllənin 149.2-ci maddəsinin birinci cümləsində müəyyən edilən müddətlərdə verilməlidir. Belə vergi ödəyicisindən Azərbaycan Respublikasında vergi ödəyicisinin daimi nümayəndəliyinin gəliri kimi Vergi Məcəlləsinin 105.1-ci maddəsində müəyyən edilən dərəcə ilə vergi tutulur, vergi ödəyicisinin gəlir əldə edilməsi ilə bağlı olan xərci isə daimi nümayəndəliyin xərcində olduğu kimi gəlirdən çıxılmalıdır, bu şərtlə ki, vergi bu Məcəllənin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində tutulan verginin məbləğindən artıq olmasın.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda Azərbaycan mənbəyindən əldə olunmuş gəlirindən ödəmə mənbəyində vergi tutulmuş gəlir əldə edən qeyri-rezident Vergi Məcəlləsinin 149.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycanda vergi uçotuna alına və səhm satışından əldə olunan gəliri üzrə bəyannamə təqdim edə bilər. 

Vergi Məcəlləsinin 149.1.3-1-ci maddəsinin müddəaları qeyri-rezidentin Azərbaycan mənbəyindən gəlir əldə etdiyi və əldə etdiyi gəlirdən ödəmə mənbəyində verginin tutulması mümkün olmadığı hallarda tətbiq edilir.

Əlavə olaraq bildirirk ki, Vergi Məcəlləsinin 106.1.19-cu maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 33-cü, 85-ci, 87-ci, 105-ci, 106-cı, 125-ci, 149-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Ağahüseyn Əsgərov Bəxtiyar Es***@gmail.com ID: 8059
Fiziki şəxsəm. Orta məktəbdə psixoloq işləyirəm. Vergi ödəyirəm. Orta məktəbdə ayda 1 dəfə və ya həftədə 1 dəfə ödənişli sınaq imtahanları təşkil etmək istəyirəm. Bunun üçün nə qədər vergi ödəməliyəm? Hara müraciət etməliyəm? Bir fəaliyyət üzrə vergini ödədiyim halda 2-ci fəaliyyət üçün yenə vergi ödəməliyəm?
05/05/2023 Read: 255 Average count: 4

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda vergi, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

4/5 (7 Average count)
Qiymət ver: