Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
İsayeva Səkinəxanım Firdovsi qızı se***@gmail.com ID: 8227
Hüquqi şəxsin fəaliyyətini 5 il dayandırdıqda 5 il ərzində yenidən bərpa edə bilərmi?
31/05/2023 Read: 185 Average count: 5

Bildiririk ki, fəaliyyətini dayandırmış hüquqi şəxsin fəaliyyətini aktivləşdirməsi üçün hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır. Bunun üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış” vergi orqanına təqdim edilməlidir.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron xidmətlər” bölməsindəki “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə və ya "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları" altbölməsindən əldə edə bilərsiniz. 

Qeyd: Vergi ödəyicilərinin vergi orqanı tərəfindən verilən kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanı 2024-cü il yanvarın 1-dək qüvvədədir.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü və 16.5-ci maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 23.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Hüquqi şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (3 Average count)
Qiymət ver:
Mirzəyev Gülmirzə Babaqulu oğlu mi***@mail.ru ID: 8226
Qum-çınqıl istehsalı üçün Ağsu rayonunun ərazisində yerləşən Kalvaçaydan çay vadisindən çınqıl tədarükü üçün tərəfimizdən 6.0 hektar icarəyə götürülmüşdür. Həmin sahə üçün icarə haqqı ödənilir. Bundan əlavə tədarük olunan çınqıl üçün mədən vergisi bəyannaməsi verilir. Öyrənmək istəyirəm həmin sahə üçün torpaq vergisi bəyannaməsi verilməlidir ya yox?
31/05/2023 Read: 225 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin  204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına əsasən dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünü idarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının və onun qurumlarının, dövlətin adından yaradılan publik hüquqi şəxslərin (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan torpaqlar istisna olmaqla), habelə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır.

Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər. 

Eyni zamanda “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinin müddəalarına əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. 

Bununla yanaşı, Vergi Məcəlləsinin 217-1-ci maddəsinə əsasən faydalı qazıntılara görə vergi ödəyicisi tərəfindən təqvim ili üzrə hesablanmış mədən vergisinin məbləği həmin faydalı qazıntıların çıxarıldığı torpaq sahələrinə görə onun tərəfindən həmin təqvim ili üzrə hesablanmış və ödənilmiş torpaq vergisinin məbləğindən çox olmamaqla təqvim ilinin sonuncu hesabat ayında azaldılır.

Əsas: Vergi Məcəlləsinin 204-cü, 207-ci, 208-ci, 217-1-ci və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.

 

5/5 (3 Average count)
Qiymət ver:
Məsud Həsənzadə ma***@gmail.com ID: 8069
İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı qaydalarının 5.3-cü bəndində qeyd olunur: 5.3. DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir. Sualım bundan ibarətdir ki, qeyri-rezidentə ödənişin bir qismin edib (müqavilə şərtinə əsasən), daha sonra DTA-03 forması üzrə müraciət etmək mümkündür? Ödəniş və DTA-03 sənədi eyni rüb daxilində olur, amma ödəniş DTA-03 bildirişindən bir neçə gün əvvəlki tarixdə icra olunur. Zəhmət olmasa bu qeyd olunan məsələnin mümkünlüyü ilə bağlı açıqlama yazardınız.
30/05/2023 Read: 339 Average count: 5

Qeyd etmək istərdik ki, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının 27 dekabr 2021-ci il tarixli 21 nömrəli Qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” (bundan sonra - Qaydalar) ilə tənzimlənir.

Qaydaların 5.3-cü bəndinə əsasən DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

Göstərilənləri nəzərə alaraq, bildiririk ki, əgər vergi ödəyici rüb bitməmiş DTA-03 forması ilə vergi orqanına müraciət edirsə və həmin rüb ərzində aparılan ödəmələrlə bağlı “Razılıq məktubu” əldə etmişdirsə, müvafiq razılıq məktubunda qeyd olunan müddətlər çərçivəsində aparılan ödəmələrə münasibətdə aşağı vergi dərəcəsini və ya vergidən tam azadolmanı tətbiq edə bilər.

5/5 (5 Average count)
Qiymət ver:
Abdullayev Hikmət Salamulla oğlu hi***@gmail.com ID: 8221
Salam. Əgər vergi ödəyicinin satdığı malların alış qaiməsi və ya aktı yoxdursa, mənfəət və ya gəlir vergisinin hesablanma qaydası necədir? Misal üçün il ərzində satılmış malın dəyəri 100 manat təşkil edirsə və bu malların alış qaiməsi yoxdursa və ya bir hissəsinin alış qaiməsi yoxdursa mənfəət və ya gəlir vergisi necə hesablanmalıdır? Xahiş edirəm ətraflı və misal üzərindən cavab verəsiniz. Təşəkkür edirəm.
30/05/2023 Read: 216 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar, analoji vergi ödəyicisinin məlumatları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na uyğun olaraq hesablaya bilər.

Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir:

- vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında:

M1 = G1 : ( 100 + R) x R, burada:

M1 — vergi ödəyicinin mənfəəti;

G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir;

R — şərti rentabellik normasıdır.

- vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar xərcləri əsasında;

M1 = X1 : 100 x R, burada:

M1 — vergi ödəyicisinin mənfəəti;

X1 — vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər;

Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinə əsasən həm malları sənədsiz qaydada təqdim edən vergi ödəyicilərinə, həm də malları sənədsiz qaydada alan vergi ödəyicilərinə münasibətdə məsuliyyət tədbirlərinin görülməsini nəzərdə tutulmuşdur.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58.8-ci, 67-ci, 83.9-cu və 130-cu maddələri, Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin mənfəətini birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları”.

5/5 (2 Average count)
Qiymət ver:
Bəhram Bayramov Azər ba***@gmail.com ID: 7950
Salam. Mən Rusiya fond bazarına investisiya qoymaq istərdim. Anladığım qədər bunun üçün VÖEN almalıyam. VÖEN aldıqdan sonra mənim hansı öhdəliklərim olacaq? Hansı hesabat, period və hansı formatda hesabat təqdim etməliyəm? Bildiyimə görə, mənim investisiya yatıracağım broker vergiləri müstəqil şəkildə vergi orqanına köçürür. Bu halda hansı cari vergi dərəcəsi tətbiq olunacaq və ikiqat vergitutmanın qarşısını necə almaq olar?
30/05/2023 Read: 206 Average count: 4

Bildiririk ki, Azərbaycan Respublikası ilə Rusiya Respublikası arasında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb edilməsinin qarşısının alınması haqqında” 03.07.1997-ci il tarixdə imzalanan Saziş qüvvədədir və rezident və qeyri-rezident şəxslər həmin Sazişin müddəalarından faydalana bilərlər.

4/5 (6 Average count)
Qiymət ver:
Калмыкова Мария Валерьевна mv***@gmail.com ID: 8065
Добрый день. Я являюсь гражданином России, планирую открыть компанию в Азербайджане и стать налоговым резидентом Азербайджана. В России у меня зарегистрировано ИП (индивидуальный предприниматель) с налогом УСН (упрощенная система налогообложения) 7% доходы минус расходы. Я плачу налоги с деятельности российского ИП в России. При приобретении статуса налогового резидента Азербайджана, как местная налоговая служба будет рассматривать мои доходы и налоги в России? Не возникнет ли у меня обязанность платить повторно налог на российский доход? Действует ли соглашение об избежании двойного налогообложения на налоги российского ИП на УСН? Спасибо.
30/05/2023 Read: 232 Average count: 5

В первую очередь следует отметить что, согласно статьe 13.2.5 Налогового кодекса Азербайджанской Республики резидентом является любое физическое лицо, отвечающее одному из следующих требований:

  • фактически находящееся на территории Азербайджанской Республики в общей сложности более 182 дней календарного года;
  • находящееся в зарубежной стране на государственной службе Азербайджанской Республики в календарном году или в течение одного календарного года;
  • если срок пребывания физического лица на территории Азербайджанской Республики и в иностранном государстве (в каком-либо) согласно абзацам второму и третьему статьи 13.2.5.1. настоящего Кодекса не превышает 182 дней, то указанное физическое лицо признается резидентом Азербайджанской Республики по критериям, указанным в следующей последовательности:

постоянное местожительство;

центр жизненных интересов;

место обычного проживания;

гражданство Азербайджанской Республики;

Cогласно статьe 96.1. Налогового кодекса Азербайджанской Республики объектом налогообложения по доходам резидента является налогооблагаемый доход, представляющий собой разницу между совокупным доходом за налоговый год и суммой, вычитаемой из дохода за этот период, установленного настоящим Кодексом.

Кроме того, согласно статьe 97.1. Налогового кодекса Азербайджанской Республики доход налогоплательщика-резидента состоит из дохода, извлеченного им в Азербайджанской Республике и за пределами Азербайджанской Республики.

В статье 14.1 «Соглашения между Правительством Азербайджанской Республики и Правительством Российской Федерации об избежании двойного налогообложения в отношении налогов на доходы и имущество» (далее – Соглашение) от 3 июля 1997 года говориться «Доход, получаемый резидентом одного Договаривающегося Государства от оказания профессиональных услуг или другой деятельности независимого характера, облагается налогом только в этом Государстве, за исключением случаев, когда он имеет в другом Договаривающемся Государстве постоянную базу, используемую им для осуществления этой деятельности. Если у него имеется такая постоянная база, то доход, который связан с указанной базой, может облагаться налогом в этом другом Государстве, но только в той части, которая относится к этой постоянной базе.»

В то же время, согласно пункту 3.1 «Правил администрирования международных соглашений об избежании двойного налогообложения, заключенных между Азербайджанской Республикой и другими государствами» (далее – Правила) в целях применения международного соглашения налоговый орган Азербайджанской Республики выдает сертификат резидентства резиденту Азербайджанской Республики. В пункте 3.2 указывается что, лицо, желающее получить сертификат резидентства, должно обратиться в налоговый орган, заполнив на бумажном или электронном носителе Заявление “о получении сертификата резидентства” (далее – форма DTA-01) (Приложение №–1).

Кроме того, согласно пункту 4.1 Правил для вычета налога, уплаченного в другом договаривающемся государстве, из налога, насчитанного в Азербайджанской Республике в соответствии со Статьей 127 Налогового Кодекса и положениями международных соглашений, резидент должен представить в налоговый орган по месту своего учета Заявление “о вычете налога, уплаченного в другом договаривающемся государстве, из налога, начисленного в Азербайджанской Республике” (далее - форма DTA-02) (Приложение №3), заполненное в электронной форме или на бумажном носителе.  

В связи с вышеуказанным, хотим сообщить что, если лицо является резидентом Азербайджанской Республики то обязан декларировать все свои доходы, полученные в Азербайджанской Республике и за пределами Азербайджанской Республики и может пользоваться всеми льготами Соглашения; 

5/5 (3 Average count)
Qiymət ver:
Rəşad Əliyev Rafiq oğlu ra***@ekol.az ID: 7961
Salam. Zəhmət olmasa, idarə tərəfindən himayəyə götürülmüş vətəndaşlar üçün ödənişlərin gəlir vergisinə cəlb olunması üçün ÖMV bəyannaməsində hansı sətrə qeyd etməyimiz barədə məlumat yazardınız.
30/05/2023 Read: 182 Average count: 5

Bildiririkk ki, Vergi Məcəlləsinin 101.2-ci maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən 14 faiz dərəcə ilə vergi tutulur.

Muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə hüquqi şəxslər və ya fərdi sahibkarlar tərəfindən ödənilən maddi yardım, mükafat və təqaüdlərdən vergi Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə uyğun olaraq bu maddədə göstərilən dərəcə ilə tutulur. Qeyd olunan gəlirlər “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin 1602.2-ci sətrində müvafiq xanalarda qeyd olunur.

Əsas:  Vergi Məcəlləsinin 101.2-ci və 150.1.7-ci maddələri və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 yanvar 2023-cü il tarixli 2317040100066100 №-li Əmri ilə təsdiq edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

 

 

5/5 (1 Average count)
Qiymət ver:
Fuad İsmayılov Sərvan oğlu fu***@gmail.com ID: 8218
Salam. Kapital Bankda olan "ƏDV geri al" hesabını necə ləğv etmək olar? Kapital bank müştərisi deyiləm və orada mövcud olan "edv geri al" hesabımı sildirmək istəyirəm. Digər bankın daimi müştərisiyəm və digər bankdakı hesabdan istifadə edirəm. Kapitaldan bildirdilər ki, sizə müraciət edim bununla bağlı. Zəhmət olmasa geri dönüş edərdiniz. Cavabını mail ünvanıma göndərməyinizi xahiş edirəm. Təşəkkürlər!
29/05/2023 Read: 115 Average count: 0

Bildiririk ki, www.edvgerial.az portalında sizə məxsus elektron kabinetin idarə olunması ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Nicat Əşrəfov Ağali ni***@gmail.com ID: 8214
Mən müharibə iştirakçısıyam, vergi ödəməliyəm?
27/05/2023 Read: 144 Average count: 5

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. 

Eyni zamanda qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Müharibə veteranı olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər ümumi qaydada vergiyə cəlb olunur. 

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu, 207-ci maddələri. 

5/5 (1 Average count)
Qiymət ver:
Məmmədov Taleh Rafiq oğlu t.***@mail.ru ID: 8213
Salam. Narahatlığa görə üzrlü sayın. Bizim MMC abadlıq işləri ilə məşğul olur. Biz Azərbaycanın müxtəlif bölgələrindəki kəndlərdən ağac və gül kolları alırıq. Ayrı ayrı vətəndaşların həyətlərini gəzir sifarişə uyğun olaraq bir həyətdən 10 ədəd, digərindən 30 ədəd, birindən 100 ədəd alırıq. Bəzən bir gündə 15 - 20 həyətdən əmtəə alırıq. Mal sahibləri vergi ödəyicisi deyillər. Şəxsi həyətyanı sahələrində yetişdirirlər. Bu zaman alınmış məhsulların qeydiyyatı hansı formada aparılmalıdır? Təşəkkür edirəm.
27/05/2023 Read: 144 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Eyni zamanda, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. 

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci maddəsi.

5/5 (1 Average count)
Qiymət ver:
Ramil İbrahimov Nəbi tt***@mail.ru ID: 8210
Salam. Mən 2015 -ci ildə bank vasitəsi ilə (dövlət ipotekası yox, bankın verdiyi kreditlə) ipoteka mənzil götürmüşəm və hal-hazırda ipoteka kreditini bağlamağa 2 il qalıb, bilmək istərdim ki alınan mənzilin ƏDV-sini geri almaq mümkündür? Qeyd edim ki, saytda qeydiyyatdan keçə bilmirəm, necə köməklik edə bilərsiniz.
27/05/2023 Read: 142 Average count: 5

Bildiririk ki, nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması yalnız 1 yanvar 2020-ci ildən sonrakı tarixdə ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə aid edilir. Həmin tarixdən əvvəl alınmış mənzillər üzrə ödənilmiş ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 165.6-cı maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” .

5/5 (1 Average count)
Qiymət ver:
Bayramov Pərvin Məhəmməd pe***@gmail.com ID: 7866
Salam. Müraciətim Vergi Məcəlləsinin 177.5-ci maddəsi ilə bağlıdır. Fərz edək ki, 2023-cü ilin mart ayinda vergi orqanı tərəfindən "A" MMC üzrə kameral vergi yoxlması keçirilmiş və məlum olub ki, 2022-ci ilin Dekabr ayinda dövriyyə həcmini keçib. Buna görə 01.12.2022-ci il tarixinə məcburi ƏDV qeydiyyatına alınıb. Sualım ondan ibarətdir ki, "A" MMC Dekabr ayının sonlarında, Yanvar-Fevral aylarında yazılmış E-qaimələrə 177.5 maddəsi üzrə düzəliş edə bilər?
26/05/2023 Read: 239 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən qeydiyyat bu Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və vergi ödəyiciləri üçün müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir.

Eyni zamanda, Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə ƏDV-nin məqsədləri üçün könüllü qeydiyyata dura bilər.

Göründüyü kimi, Vergi Məcəlləsinin 177.5-ci maddəsinin müddəaları yalnız könüllü ƏDV qeydiyyatı zamanı tətbiq olunur.

Bununla yanaşı, vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə mindikdən sonra vaxtilə təqdim edilmiş mala görə alıcıya verilmiş elektron qaimə-faktura dəqiqləşdirilməklə satılmış malın ƏDV-siz dəyəri və ƏDV məbləği müvafiq xanalarda əks etdirilməsinə vergi qanunverciliyində məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 157-ci və 177-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Rəhim Rəhimov İsa ef***@mail.ru ID: 7905
Səhmdar cəmiyyətinin 2022-ci maliyyə iliində yaranmış xalis mənfəətin bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının 31 yanvar 2023-cü il tarixində keçirilmiş ümumi yığıncağının qərarı ilə həyata keçirilmişdir. Səhmdar cəmiyyəti tərəfindən dividendlərin ödənilməsi 2023-cü ilin fevralın 1-dən sonra həyata keçirilmişdir. Belə olduqda, həmin dividend gəlirləri Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinədə nəzərdə tutulmuş vergidən azadolmalar və güzəştlər emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend gəlirlərinə aiddirmi? Əvvəlcədən təşəkkür edirəm!
26/05/2023 Read: 195 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinin müddəalarına əsasən 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən dividend - hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.

Qeyd olunanlara əsasən 2023-cü ilin fevral ayının 1-dək əvvəlki dövrlər üzrə bölüşdürülməmiş mənfəət hesabına elan edilən dividendin güzəşt müddəti bitdikdən sonra ödənilməsi zamanı Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə uyğun olaraq gəlir vergisindən azadolma tətbiq edilir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-2-ci maddəsinə əsasən Cəmiyyət tərəfindən 2023-cü il fevralın 1-dən sonra elan edilmiş dividendlər kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər üzrə ödənildiyi halda, gəlir vergisindən azadolma tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 102-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Ceyhun Azəri dj***@gmail.com ID: 8206
Salam. Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədiyi sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır. Sual belədir: Dövlət qurumunda çalışan, 3000 manat "GROSS" əməkhaqqı alan işçi müharibə veteranı olduğu üçün vergi tutulmalı aylıq gəliri 400 manat azaldılmışdır. Lakin, Həyat yığım sığortası müqaviləsinə əsasən onun əmək haqqının 45% (icazə verilən limit) yəni 1350 manatı həyat yığım sığortasına yönəldilir. VM 102.1.8-ə əsasən isə (3000-400)*50% hissəsi yəni 1300 manatı gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddırsa, o zaman burda yaranan 50 manat fərq cəlb edilməlidirmi?
26/05/2023 Read: 199 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Buna əsasən işçinin vergiyə cəlb olunan muzdlu işlə əlaqədar hesablanmış gəlirlərinin 50 faizindən çox olmamaqla həyatın yığım sığortasına köçürülən hissəsi (sorğunuzda 1300 manat) çıxılmaqla qalan məbləğdən gəlir vergisi və sosial sığorta haqları hesablanır. 

Eyni zamanda, sığortaedənin vəsaiti hesabına ödənilən sosial sığorta haqlarından sığortaedən tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən həmin məbləğlər işçinin gəlirlərinə və həmin ödənişlər işəgötürənin gəlirdən çıxılan xərclərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci və 108-ci maddələri, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Ceyhun Azəri dj***@gmail.com ID: 8205
Salam. Müəssisə işçisinə cari ay üçün 2800 manat əməkhaqqı hesablayıb ödəməlidir. Eyni zamanda işçinin həyat yığım sığortası müqaviləsinə əsasən 500 manat müvafiq şirkətə köçürülür. Sual: işçinin gəlir vergisi hesablanarkən 200 manat güzəşt tətbiq olunacaq?
26/05/2023 Read: 122 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.  

Sorğunuzda qeyd olunan halda, işçinin muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2800 manat olduğu üçün Vergi Məcəlləsinin 102.1.6-cı maddəsində qeyd olunan güzəşt tətbiq olunmur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı. 

0/5 (0 Average count)
Qiymət ver:
Rzaquliyev Əhməd Vaqif oğlu ah***@inbox.ru ID: 7932
Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən hüquq-mühafizə orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər-əməkhaqqı, mükafat və digər maddi təminatlar (vəzifə və xüsusi rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azaddır. Mən hüquq-mühafizə statuslu mərkəzi icra hakimiyyəti orqanının xüsusi rütbəli əməkdaşıyam. Məcəllənin müvafiq maddəsinə əsasən mənim gəlirlərim vergidən azaddır və 2500 manatadək olduqda 200 manat güzəşt tətbiq edilir. Əmək haqqım 2490 manat təşkil edir. Mən ezamiyyətə getdiyim halda və yaxud kirayə yaşadığım üçün mənzil kirayəsinə görə ödəniş zamanı aylıq mənə ödənilən məbləğ 2500 manatı keçir (ezamiyyət olduğu zaman 2490+18) (mənzil kirayəsinin ödənişi zamanı 2490+55). Bu halda əmək haqqım hesablanarkən 200 manat vergi güzəşti ləğv edilir?
26/05/2023 Read: 203 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat, illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır.

Eyni zamanda, Vergi Məcəlləsinin 98.3-cü maddəsinin müddəalarına əsasən faktiki ezamiyyə xərclərinin ödənilməsi muzdlu gəlirə daxil deyildir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, ezamiyyə haqqından başqa, işəgötürən tərəfindən Sizə ödənilən kirayə haqqı məbləği ilə birlikdə aylıq əmək haqqınız 2500 manatdan artıqdırsa, bu zaman Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən 200 manat vergi azadolması tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci və 102-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Abbasova Mahizər Məhəmməd qızı mu***@gmail.com ID: 7891
Siyasi partiyanın balansında əsas vəsaitlər var. İnzibati bina, nəqliyyat vasitələri, maşın və avadanlıqlar və s. Lakin şəxsi vərəqin yoxlayarkən, mükəlləfiyyətində əmlak vergisinin ödəyicisi olub olmaması haqqında məlumat yoxdur. Təşkilat üzvlük və dövlət yardımı ilə maliyyələşir. Heç bir sahibkarlıq fəaliyyəti yoxdur. Belə bir qurum əmlak vergisi ödəməlidirmi?
26/05/2023 Read: 221 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.39-cu maddəsinə əsasən müəssisə - sahibkarlıq fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət üçün yaradılan qurumlardır.

Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən müəssisələrin, habelə fərdi sahibkarların balansında olan əsas vəsaitlər (bu Məcəllənin 197.1.1-ci maddəsində göstərilən aktivlər istisna olmaqla) əmlak vergisinin vergitutma obyektidir.

Eyni zamanda, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 1.1.1-ci maddəsinə əsasən siyasi partiya – Azərbaycan Respublikasının vətəndaşları tərəfindən ölkənin siyasi həyatında və vətəndaşların siyasi iradəsinin ifadə olunmasında iştirak etmək məqsədilə bu Qanuna uyğun olaraq təsis edilmiş qeyri-kommersiya hüquqi şəxsi hesab edilir.

Qanunun 12.1.12-ci maddəsinə əsasən siyasi partiya bu Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir.

Qanunun 12.2-ci maddəsinə əsasən ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı istisna olmaqla, siyasi partiya sahibkarlıq fəaliyyətinin digər növləri ilə məşğul ola bilməz. Bu Qanunun 12.2-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin bu Qanunun 12.1.11-ci maddəsinin məqsədləri üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Qeyd olunanlara əsasən sahibkarlıq fəaliyyətini həyata keçirməyən və qeyri-kommersiya hüquqi şəxs hesab olunan siyasi partiya müəsisə anlayışı ilə əhatə olunmadığından əmlak vergisinin ödəyicisi sayılmır.

Bununla yanaşı, siyasi partiya sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda, həmin fəaliyyət üzrə istifadə olunan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmaqla dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 197-ci maddələri, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
Sədiyev Əhməd-Muxtar Şahin oğlu ax***@mail.ru ID: 7928
Bildirirəm ki, Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinə əsasən hakimlərə ödənilən bütün növ ödənişlər ((vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla)) gəlir vergisindən azaddır. Bilmək istəyirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası"na əsasən hakimlərə hesablanmış məzuniyyət haqqından gəlir vergisi tutulmalıdır?
26/05/2023 Read: 116 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.14.15-ci maddəsinin müddəalarına əsasən hakimlərə ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla) gəlir vergisindən azaddır.

Göründüyü kimi, hakimlərə ödənilən vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlardan başqa bütün ödənişlər, habelə məzuniyyət haqları gəlir vergisindən azaddır.

Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli qərarı ilə təsdiq edilmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”na əsasən hakimlərə hesablanmış məzuniyyət haqları gəlir vergisindən azaddır.

 Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 dekabr tarixli 468 nömrəli qərarı ilə təsdiq edilmiş “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”.

5/5 (3 Average count)
Qiymət ver:
Vəli Kərimov Vl***@gmail.com ID: 7874
Qeyri-rezident “A” şirkəti Azərbaycanın rezidenti olan “B” şirkətlə xidmətlərin göstərilməsinə dair müqavilə bağlamışdır. Azərbaycanın rezidenti olan “B” şirkətinin ƏDV-nin 0% dərəcəsi ilə tətbiq edilməsinə dair sertifikatı var. Vasitəsi ilə “B” şirkətinə xidmət göstərilməsi həyata keçirilən “A” Şirkətinin Azərbaycan Respublikası ərazisində nümayəndəliyi mövcuddur. Xidmətlərə görə ödəniş “B” şirkəti tərəfindən bilavasitə “A” şirkətinin xaricdəki bank hesabına həyata keçirilir. Bununla bağlı hər iki şirkətin və “A” şirkətinin Azərbaycandakı nümayəndəliyinin hansı vergi öhdəlikləri yaranır?
26/05/2023 Read: 139 Average count: 2

Bildiririk ki, müraciətdə qeyd olunan əməliyyatlar üzrə vergi öhdəliyinin dəqiq müəyyən edilməsi üçün əməliyyatın xarakteri açıqlanmaqla və işin faktiki halları ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət edilməsi tövsiyə olunur.

2/5 (3 Average count)
Qiymət ver:
Dadaşova Firuzə Rövşən qızı da***@mail.ru ID: 7844
Salam. İşçi Vergi Məcəlləsinin 102.3 maddəsinə əsasən vergi güzəştinin tətbiq edilməsi ilə əlaqədar müraciət etmişdir. Müraciətində bacısının I qrup gözdən əlil olması, himayəsində olduğunu, həmçinin ona patronaj təyin edilməsi barədə qeyd etmişdir. Patronaj təyin edilmə ilə əlaqədar İcra Hakimiyyəti Başçısının sərəncamından çıxarışı təqdim edilmişdir. Bu sərəncama əsasən I qrup gözdən əlil şəxsə patronaj təyin edilmiş (qardaşa) şəxsin gəlirinə VM-nin 102.3 maddəsinə əsasən vergi güzəşti tətbiq etmək olar?
26/05/2023 Read: 150 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.3-cü maddəsinə əsasən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş (müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla), 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, daimi qulluq tələb edən 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçinin və ya qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı, ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əmək kitabçasının olduğu işəgötürənin arayışı, uşağın doğulması haqqında şəhadətnamənin surəti, birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun arayışı və övladlığagötürmə barədə məhkəmə qərarının surəti barədə sənədlərdən biri əsas iş yerinə təqdim edilməlidir.

Eyni zamanda, Mülki Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə baxan və onunla birlikdə yaşayan şəxsin himayəçiliyi qanunvericilikdə müəyyən edilmiş qaydada təsdiqedici sənədlə təsdiq edildiyi halda, həmin himayəçinin muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Mülki Məcəllənin 33-cü maddəsi.

5/5 (2 Average count)
Qiymət ver: