Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Ağayeva Qumral Əlzaman qızı gu***@gmail.com ID: 885
Salam. Mən Youtube vasitəsi ilə reklam xarakterli videoçarxlar buraxmaq istəyirəm və hər 3-4 aydan bir hesabıma buna görə pul oturacaq. Passiv gəlir. Mən bu fəaliyyəti rəsmi etmək istəyirəm, lakin bilmirəm fəaliyyət kodunu nə seçim. Online reklam yerləşdirərək qazanc əldə etmək üçün hansı fəaliyyət kodu olmalıdır?
13/03/2020 Read: 104 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsi nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğunuza əsasən, gəlirlərinizin “YouTube” videohostinqi tərəfindən ödənildiyi və  fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, mikrosahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd etdiyiniz fəaliyyəti (63120 WEB SƏHİFƏLƏRİNDƏN (İNTERNET PORTALLARINDAN) İSTİFADƏ) fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər  barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Sahibkarın vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (2 Average count)
Qiymət ver:
Yusif Osmanov Yasar Os***@gmail.com ID: 883
Salam, mən özüm ali təhsilliyəm, bilmək istəyirəm vergi orqanlarında işə girmək üçün nə etmək lazımdır? İmtahanı vergi orqanı götürür, yoxsa dövlət qulluğu?
13/03/2020 Read: 42 Average count: 5

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul vakant yerlər yarandıqda Vergilər Nazirliyi tərəfindən elan olunmuş müsabiqə əsasında həyata keçirilir.

Məlumat üçün bildiririk ki, Vergilər Nazirliyi tərəfindən 02.03.2020-ci il tarixində müsabiqə elan edilmiş və elan rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmişdir. Elanda müsabiqədə iştirak etmək üçün şərtlər barədə geniş məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarına işə qəbulla bağlı daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin İnsan resursları Baş İdarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla), eləcə də Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Orxan şirinov Əfqan os***@gmail.com ID: 881
Salam. Vergi tutulması minimum əmək haqqının neçə faizidir? Adi vətəndaşlar üçün Vergi güzəştləri kimlərə şamil olunur. Ailədə (onkoloji) xəstə olan insan olması vergi güzəştinə daxildir?
13/03/2020 Read: 69 Average count: 5

Bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində 8000 manata qədər 0 faiz, 8000 manatdan çox olan məbləğin 14 faizi həcmində, digər şəxslərdə isə 2500 manatadək 14 faiz, 2500 manatdan çox olduqda 350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi həcmində gəlir vergisi tutulur.

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.

Eyni zamanda, daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyumun hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Əsas: Vergi Məcəlləsin 101-ci, 102.2-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Sakit Davidov sa***@mail.ru ID: 887
Salam. Şəxsi hesab vərəqəsində “İşəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər” 01.01.2019 tarixə saldo Penya qalıq - 44 AZN qeyd edilib. Qeyd edilən məbləği haradan (Bank, online və s.) ödənilməsi və hansı hesaba ödənilməsi haqqında məlumat verərdiniz.
13/03/2020 Read: 67 Average count: 5

Bildiririk ki, qeyd etdiyiniz halda, onlayn və ya nağdsız qaydada 123420 - Sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar kodu ilə ödənişi həyata keçirə bilərsiniz.

Ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Anar Mahmudov an***@gmail.com ID: 854
Salam. Sual-cavab bölməsində 2018-ci ildə verilən hər hansı bir sualı necə tapa bilərəm. Sayt yenilənib və baza tam olaraq yeni sayta daxil edilməyib deyəsən.
13/03/2020 Read: 57 Average count: 5

Bildiririk ki, Vergilər Nazirliyinin əvvəlki saytında qeyd olunan suallar və cavablar ilə saytımızın əvvəlki versiyasında tanış ola bilərsiniz.

5/5 (2 Average count)
Qiymət ver:
Şikar Zeynalov sh***@gmail.com ID: 708
Salam, müəssisə idxal mallarının topdan satışı ilə məşguldur.Mallar qarşı tərəfə təgdim edilərkən satıcı tərəfindən malların qəbul təhvil aktı sənədi mütləq şəkildə qarşı tərəfə təgdim edilməlidirmi?digər sual isə müəssisə məsələn dəftərxana və digər malların alısı zamanı malların qəbul təhvil aktı malları təqdim edən tərəfindən tərtib edilməlidir yoxsa alıcı özü tərtib etməlidir,?
13/03/2020 Read: 81 Average count: 5

Topdansatış ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən həyata keçirilir.

Həmin qaydalara əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir.

Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın  “Əsas” rekvizitində öz əksini tapır.

5/5 (2 Average count)
Qiymət ver:
Şirinova Elnarə Ələddin ja***@gmail.com ID: 874
Salam, mənə kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında məktub gelib . Mənim tərəfimdən təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəblərdən kameral vergi yoxlanılmasının aparılması mümkün olmamışdır. 1.Uçot -məlumat bazasınım göstəricilərinə əsasən vergi orqalarında mənə məxsus qeydiyattda olan NKA müəyyən edildiyi halda təqdim etdiyim bəyannamənin 804.2-ci və 812.1-ci " Pərakəndə satişdan əldə edilmiş ümumi hasılatın həcmi əks etdirilməmişdir. 2. Təqdim etdiyim "Sadələşdirilmiş verginin bəyannaməsi"nin "Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat" bölməsinin 821.1.2-ci sətrinin(Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) və ya "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nin 1607.1.2.-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (gəlirin məbləği ) sütunlarında göstərilmiş 0 manat məblğ, tərəfinizdən icarəyə götürülmüş təsərrüfat subyekti üzrə bağlanmış icarə müqaviləsinə əsasən hesabah dövrü müəyyən edilən icarə haqqı məbləğindən 315 manat azdır . Suallarım bunlardır: 1) 812.1-ci sətr bəyannamədə yoxdur. Ona görədə qeyd edə bilmedim. 2) Bəyannamədə Daşınmaz əmlak üçün ödənilər icarə haqqı üzrə bu günə kimi rüblük hesabatlarda doldurulmayıb. Niyə indi mənə belə səbəblər gəlir. həm dolduranda onun faizini mən odəməliyəm ya icarə verən şəxs?
13/03/2020 Read: 105 Average count: 5

Bildiririk ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı vergi bəyannamələrindəki məlumatlar müqayisə edilməklə araşdırılır, kənarlaşmalar müəyyən edildikdə vergi ödəyicisinə uyğunsuzluq məktubları göndərilərək onların aradan qaldırılması məqsədi ilə müvafiq məlumatlar istənilir, izahlı məlumatlar təqdim edildikdə isə onlar nəzərə alınır.

Məlumat üçün bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən tutularaq büdcəyə köçürülməlidir. Hüquqi şəxslərə ödənilən icarə haqqından isə ödəmə mənbəyində vergi tutulmur.

Qeyd olunan məlumatlar, sadələşdirilmiş vergi bəyannaməsinin “Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumat” adlanan 3-cü bölməsi hesabat dövründə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində vergitutma öhdəliyi yaranan sadələşdirilmiş verginin ödəyiciləri tərəfindən tərtib edilir.

Hesabat dövrü üzrə vergi ödəyicisinin ödəmə mənbəyində tutulan vergilər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqından başqa öhdəliyi yaranarsa, bu halda bəyannamənin bu bölməsi doldurulmur və vergi ödəyicisi tərəfindən hesabat dövrü üçün daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı əks olunmaqla tərtib edilmiş “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” tərtib edilərək təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 37-ci, 99.3.3-cü və 124-cü maddələri, Azərbaycan Respublikası Vergilər nazirinin 10.01.2020-ci il tarixli 1917040101750800 №-li Əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsi”nin tərtib edilməsi Qaydası.

5/5 (1 Average count)
Qiymət ver:
Məmmədov Fuad Nazim oğlu fu***@gmail.com ID: 891
Salam. Tikinti materiallarının topdan satışı ilə məğul olan (18 % ƏDV) ƏDV ödəyicisi olan rezident müəssisə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli qərarı ilə təsdiq edil “Malların alış aktı”nın forması (MAA-1) əsasında vergi ödəyicisi olmayan fiziki şəxsdən, Azərbaycan Respublikasının vətəndaşından mal-material alır və ödənişini (Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunun 3.3 maddəsinə nəzərə alaraq) nəğd olaraq həyata keçirir. Bilmək istərdik ki, göstərilən nəğd ödəniş “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5 maddəsinə hər hansı ziddiyyət təşkil edir?
13/03/2020 Read: 78 Average count: 5

Azərbaycan Respublikasının “Nağdsız hesablaşmalar haqqında” Qanununun (bundan sonra - Qanun) 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Göründüyü kimi, vergi ödəyicisi tərəfindən Qanunun 3.3-cü maddəsində göstərilən şəxslər kateqoriyasına aid olmasından asılı olaraq, təqvim ayı ərzində qanunla müəyyən olunmuş hallarda yalnız nağdsız qaydada hesablaşmalar üzrə ödəmələr istisna olmaqla digər məxaric əməliyyatları üzrə ödənişlər həmin maddədə göstərilən hədlər daxilində (15 000 manat və 30 000 manat olmaqla) nağd qaydada ödənilə bilər.

5/5 (1 Average count)
Qiymət ver:
Cavid Cəərçiyev İbrahim ca***@gmail.com ID: 838
Salam. Yeni hüquqi şəxsin (təmsil etdiyim fiziki şəxslər üçün) yaradılması zamanı online kargüzarlıq sistemində tələb olunan bütün məlumatları doldurub 1-ci təsisçinin adından təsdiqlədim, lakin 2-ci təsisçinin hesabına daxil olduqda təsdiqlənəcək heç bir sənəd görünmür. Buna görə də prosesi tamamlayıb müraciət ərizəsini göndərmək mümkün olmur. Xahiş edirik yardımçı olasız. Təşəkkürlər.
13/03/2020 Read: 46 Average count: 3

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Bəndalı Bəşirov Bəşir oğlu be***@yahoo.com ID: 993
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Mənim hazırda əmək haqqım 494 AZN-dir. Bu zaman mənim əmək haqqımdan nə qədər gəlir vergisi tutulmalıdır? 200 AZN azadolma da qüvvədə olurmu? Zəhmət olmasa, e-mail ünvanına da bu müraciətə cavabı ünvanlayarsız.
11/03/2020 Read: 40 Average count: 0

Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Aşağıda qeyd olunan güzəşt hüququnu təsdiq edən sənədlərdən birini təqdim etdiyiniz halda, sizin əməkhaqqınızdan gəlir vergisi tutulmur. 

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları.

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

0/5 (0 Average count)
Qiymət ver:
huseynova aygun sədi hs***@mail.ru ID: 801
Salam. Bu ilin yanvar ayında EVHF ləğv olunduqsan sonra əvəzləşməyə qaimələri birbaşa daxil edib əvəzləşmə göndərməliyik? Qeyd edim ki, dəyişiklikdən sonra göndərilən EVHF necə olacaq? Firma tərəfindən göndərilib.
11/03/2020 Read: 42 Average count: 0

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən elektron vergi hesab-fakturası və elektron qaimə-faktura vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilmişdir və həmin tarixdən etibarən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir.  

0/5 (0 Average count)
Qiymət ver:
Fərid Süleymanov Fuad fa***@gmail.com ID: 992
İşçi Bakı şəhərinə 1 günlük ezam olunub, və mehmanxana xərci kimi qəbz və ya kassa çeki gətirib 70 manatlıq. Şirkətimiz həmin qəbzə və ya çekə əsasən mənfəət vergisində xərc kimi nəzərə ala bilər?
11/03/2020 Read: 106 Average count: 5

Bildiririk ki, faktiki ezamiyyə xərclərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi mənfəət (gəlir) vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Xidməti təqdim edən şəxs tərəfindən xidmətin alıcısına təqdim edilmiş ciddi hesabat blankları xərci təsdiq edən sənəd hesab olunur.
Əsas: Vergi Məcəlləsinin 108-ci və 109.7-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Səlimov Vüsal Vaqif oğlu vu***@yahoo.com ID: 991
Salam. Şirkət icarəyəverəndən yer icarəyə götürüb. Yerin-obyektin Reyestrindən çıxarışında məsələn 1000 kv yazılıb, amma texniki pasportunda 1500 kv. İcarə haqqı çıxarışdakı kv üzrə hesablanıb. Faktiki olaraq Şirkət əlavə kimi görünən 500 kv yerdən anbar kimi istifadə edir. Xahiş edirəm aydınlaşdırardınız: İcarə müqaviləsində əks olunmayan, amma faktiki istifadə edilən, eyni zamanda çıxarışda əks olunmayan 500 kv üçün hansı öhdəliklər nəzərdə tutulur?
11/03/2020 Read: 53 Average count: 0

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq, fiziki şəxslər üçün isə qeyri-sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. Fiziki şəxslərə ödənilən icarə haqqı isə vergi ödəyicisi kimi uçotda olan şəxs tərəfindən ödənildiyi halda ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur. İcarəyə götürən şəxs vergi ödəyicisi kimi uçotda olmadığı halda, fiziki şəxs əldə etdiyi gəlirdən 14 faiz gəlir vergisini özü ödəyir və bəyannnamə təqdim edir.

Müraciətinizdə qeyd olunan halda, icarə müqaviləsində qeyd olunan icarə haqqı fiziki şəxsə ödənildikdə yuxarıda qeyd olunan qaydada ödəmə mənbəyində vergi tutularaq vergi orqanıan hesabat təqdim edilməlidir. Göründüyü kimi vergitutma obyekti təsərrüfat subyektinin ölçüsü əsasında deyil, icarə haqqı kimi əldə olunan gəlir əsasında müəyyən edilir. 

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü, 104-cü, 124-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Cəmil Əsədov Tavuz oğlu as***@gmail.com ID: 990
Salam. Bilmək istərdim ki, müəssisə rəhbəri (yaxud fərdi sahibkar) əməkdaşları üçün 24 saatlıq iş rejimi tətbiq edə bilərmi (yəni 24 saat işləyir, 2 yaxud 3 gün istirahət edir)? Əgər tətbuq edə bilərsə bu çox növbəli iş rejimi sayılırmı?
11/03/2020 Read: 32 Average count: 0

Sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq, ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
Elsevən Səfərov Fərhad oğlu e.***@expressbank.az ID: 654
Hörmətli həmkarlar salam. Banklar Viza Card və Master Card Prosesinq mərkəzinin xidmətlərindən istifadə edirlər. 01 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsinə olunan dəyişikliklə bağlı Sizə 2 sualımız vardır. 1. Viza Card və Master Card Prosesinq Mərkəzlərində xidmət göstərdiyi üçün ƏDV-yə cəlb olunurmu? Əgər olunursa, Vergi Məcəlləsinin hansı bəndinə əsasən tənzimlənir. 2. Viza Card və Master Card sistemləri Azərbaycan bankına konsultasiya xidməti göstərir. Bu zaman ƏDV-yə cəlb olunurmu? və olunursa bu Vergi Məcəlləsinin hansı bəndinə uyğun aparılır.
10/03/2020 Read: 155 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.2-ci maddəsinə əsasən maliyyə xidmətləri ƏDV-dən azaddır. Maliyyə xidmətlərinin siyahısı isə Vergi Məcəlləsinin 13.2.14-cü maddəsində təsbit edilmişdir.
Qeyd olunanlara əsasən beynəlxalq kart təşkilatları (MasterCard və Visa) tərəfindən banklara göstərilən xidmətlər Vergi Məcəlləsinin 13.2.14-cü maddəsi ilə əhatə olunan maliyyə xidmətlərinə aid edildiyi halda bu xidmətlər müqabilində ödənilən xidmət haqları ƏDV-dən azaddır. Həmin xidmətlər maliyyə xidmətlərinə aid oldmadığı halda isə bu xidmətlər ƏDV-yə cəlb olunan əməliyyat hesab olunur və bu xidmətlərin müqabilində ödənilən haqdan ƏDV tutulur.
Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən patentlərin, lisenziyaların mülkiyyətə verilməsi, məsləhət, habelə digər analoji xidmətlərin göstərildiyi yer həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer hesab olunur.
Əsas: Vergi Məcəlləsinin 13.2.14-cü, 164-cü və 168-ci maddələri.

5/5 (4 Average count)
Qiymət ver:
Sevda,Əfəndiyeva,Qasımbala ef***@mail.ru ID: 989
Salam. 20 kvadratmetrlik ərzaq mağazası işlətmək istəyirəm. Satıcı olsa nə qədər sosial sığorta haqqı ödəməliyəm? Deyirler 125 manat özümə. Satıcıya görə də 65 manat aylıq. Özüm də 2-ci qrup əliləm. Bilmək istərdim belədir ödəniş?
10/03/2020 Read: 35 Average count: 0

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Ticarət fəaliyyətindən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 50 faizi miqdarında ödənilir. Eyni zamanda, işçinin gəliri 200 manatadək olduqda işəgötürən tərəfindən ödənilən sosial sığorta haqqı 22 faiz, 200 manatdan çox olduqda isə 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi həcmində müəyyən edilmişdir.

0/5 (0 Average count)
Qiymət ver:
Valeh Ekberli Sadiq Va***@gmail.com ID: 988
Salam, mənim yoldaşım aptekdə işləyir, aptekçidir. Onun vergisini aptek sahibi ödəməidir, ya şəxsin özü? Və bu vergi rüsumu nə qədərdir? 250 manat maaş alır.
10/03/2020 Read: 58 Average count: 5

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa, məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.

Sorğunuzda qeyd olunan halda işçinin 250 manat əməkhaqqından gəlir vergisi tutulmur və 11 manat sosial sığorta haqqı gəliri ödəyən şəxs tərəfindən tutulur.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
Sakir Sərvanov s.***@mail.ru ID: 987
Salam. Misal üçün deyirəm, il ərzində aldığım məhsulun hamısını satmışam və məhsulun satışından 10000 manat gəlir əldə etmişəm(ƏDV -siz) ki, həmən məhsulun alışına 8000 manat (ƏDV -siz) pul xərcləmişəm. Mənim gəlir vergim (10000-8000)*20%=400 manat təşkil edir. Gəlir vergisi üzrə Bəyannamə Tərtibatı Proqramının 1 nömrəli əlavəsonə əsasən İlin əvvəlinə anbar qalığım "0" manat olmuşdursa, anbara daxil olmuş malların dəyəri (ƏDV -siz) 8000 manat, anbardan təqdim olunmuş malların ümumi dəyəri (ƏDV -siz) 10000 manat olur. Gəlin bunun riyazi hesablanma qaydasına baxaq. "0+8000-10000= -2000" riyazi hesablamadan aydın olurki, mənim, 8000 aldığım malı 10000 manata satıb 2000 manat qazanc əldə etməyimə baxmayaraq mən anbar hesabına əsasən "-2000" manat ziyana işləmişəm. Xahiş edirəm bu misal barəsində ətraflı araşdırma aparılaraq izahat verilsin. Təşəkkür edirəm.
10/03/2020 Read: 64 Average count: 0

Bildiririk ki, Gəlir vergisi bəyannaməsinin 1 saylı Əlavəsində “Dövr ərzində daxil olmuşdur”, “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütunlarının xanalarında vergi ödəyicisi tərəfindən hesabat dövrü ərzində müvafiq aktivlərin hərəkəti (dəyəri ilə) yazılır və “Hesabat dövrünün sonuna” sütununun xanalarında hesabat dövrünün sonuna aktivlərin dəyəri aşağıdakı qaydada göstərilir:
Aktivlərin ilin əvvəlinə dəyəri, üstəgəl “Dövr ərzində daxil olmuşdur” sütunun xanalarında göstərilən daxil olmuş aktivlərin məbləğləri, çıxılsın “Təqdim edilmiş, silinmiş və ləğv edilmişdir” sütununun “təqdim edilmişdir”,“silinmişdir” və “ləğv edilmişdir” sətirlərində göstərilən aktivlərin dəyəri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Quliyev Faiq fa***@mail.ru ID: 981
Salam. Hüquqi şəxsin təsisçisi həm də fiziki şəxs kimi fəaliyyət göstərmək üçün VÖEN almışdır. Həmin hüquqi şəxs təsisçi kimi cəmiyyətə borc verir. Sonra cəmiyyət borcu qaytararkən təsisçinin şəxsi hesabına ödəniş edə bilərmi? VÖEN-ə bağlı hesaba ödənildikdə 1 faiz nəğdləşdirməyə görə ödəniş olunur.
07/03/2020 Read: 77 Average count: 0

Bildiririk ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçidən faizsiz pul vəsaitlərinin alınması və qaytarılması üzrə hesablaşmalar isə yalnız nağdsız qaydada həyata keçirilməlidir.  Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 123.1-ci və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü və 3.4.6-cı maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Elvin Ramazanlı Cəmil oğlu el***@yahoo.com ID: 811
Salam. Vergi Məcəlləsində edilmiş müvafiq dəyişikliyə əsasən 01.01.2020-ci il tarixdən etibarən ƏDV hesabatları hesablama metodu ilə deyil, kassa metodu ilə hazırlanıb təqdim edilməlidir. 2020-ci ilin yanvar ayında təqdim edilmiş mallar üzrə müştəri tərəfindən ƏDV məbləği yanvar ayının sonunda depozit hesabına ödənilmişdir. Həmin mallar üzrə əsas məbləğ isə fevral ayında ödənilmişdir. Bu halda həmin təqdim edilmiş mallar üzrə dövriyyə məbləği hansı ayın hesabatında təqdim edilməlidir?
06/03/2020 Read: 210 Average count: 5

Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş 166-cı maddəsinin müddəalarına əsasən, ƏDV tutulan əməliyyatın vaxtı təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlərə, xidmətlərə) görə ƏDV-nin hesablanması həmin malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında (sorğunuzda fevral ayı) həyata keçirilir. ƏDV tutulan əməliyyat üzrə iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat sayılır və ödəniş hissəsinə mütənasib qaydada ƏDV-yə cəlb olunur.

Əsas: Vergi Məcəlləsinin 166.1-ci, 166.5-ci və 166.7-ci maddələri.

5/5 (8 Average count)
Qiymət ver: