GƏLİR VERGİSİ

Dövlət insanların əldə etdiyi gəlirlərdən vergiləri müəyyən etdiyi dərəcələrlə tutur, lakin bir çox şəxslərə güzəştlər də nəzərdə tutulmuşdur. Dövlət və neft sektorunda çalışan şəxslər istisna olmaqla, digər şəxslərin əməkhaqqı 8000 manatadək olduqda, həmin şəxslər gəlir vergisi ödəmir, 8000 manatdan çox olduqda isə 8000 manatdan artıq olan hissənin 14 faizi həcmində gəlir vergisi ödəyir. Misal üçün, siz özəl bir reklam firmasında işləyirsiniz və əməkhaqqınız 1500 manatdır, bu halda siz gəlir vergisi ödəmirsiniz.

Əgər dövlət və neft-qaz sahəsində işləyirsinizsə gəlir 2500 manatadək olduqda onun 14%-i dövlətə ödənilir. Tutaq ki, siz dövlət müəssisəsində işləyir və hər ay 1500 manat əmək haqqı alırsınız; bu zaman sizdən güzəşt olaraq 200 manat olan hissəsindən vergi tutulmur, qalan 1300 manatdan isə 14 faiz məbləğində vergi tutulur (1500-200=1300 ; 1300x14%=182 manat). Əgər aylıq gəliriniz 2500 manatdan çoxdursa, onda siz 350 manat və 2500 manatdan yuxarı məbləğin 25%-in dövlətə ödəyirsiniz; məsələn: siz hər ay 3500 manat əmək haqqı alsanız, dövlətə 600 manat ödəməli olacaqsınız və əlinizdə 2900 manat qalacaq.

Gəlir vergisindən başqa, hər bir şəxs hər ay öz əmək haqqının müəyyən hissəsini Dövlət Sosial Müdafiə Fonduna köçürür. Bu zaman da sosial sığorta haqları 2 qaydada hesablanır: Dövlət və neft sektorunda çalışan şəxslər istisna olmaqla, digər şəxslərin aylıq gəliri 200 manatadək olduqda 3 faiz, 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. İşəgötürən isə sığorta haqqına cəlb edilən aylıq gəlirin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Yuxarıdakı misal üçün baxaq: siz özəl bir reklam firmasında işləyirsiniz və əməkhaqqınız 1500 manatdır, bu halda siz 136 manat sosial sığorta haqqı ödəyirsiniz.

(6 + (1500-200)x10%=136) İşəgötürən isə, 239 manat (44+(1500-200) x 15%) sosial sığorta haqqı ödəməlidir. 2-ci misalda tutaq ki, siz dövlət müəssisəsində işləyir və hər ay 1500 manat əmək haqqı alırsınız: hər ay öz əmək haqqının 3%-in Dövlət Sosial Müdafiə Fonduna köçürür. İşəgötürən isə işçilərin ümumi əmək haqqı fondunun 22%-i bu fondun hesabına köçürür. Əmək haqqı fondu işəgötürənin bütün işçilərinə hər ay ödəməli olduğu əmək haqqının ümumi məbləğindən ibarətdir. Bu halda siz 45 manat (1500x3%) sosial sığorta haqqı ödəməlisiniz. İşəgötürən isə, 330 manat (1500x22%) məbləğində sosial sığorta haqqı ödəməlidir.

Belə köçürmələr ona görə vacibdir ki, cavanlardan fərqli olaraq pensiyaçılar işləyib özlərini dolandıra bilmirlər. Odur ki, cavanlar vergi ödəməklə onların qayğısını çəkməyə borcludur. Vaxt gələcək, indiki cavan nəsil də əmək qabiliyyətini itirmiş təqaüdçüyə çevriləcək. O zaman yeni nəsil yaşlıları dolandırmalı olacaq. Bu silsilə isə həmişə davam edəcək.