BAYRAMLAR
Novruz bayramı xalqımızın uzaq keçmişi ilə bağlı bayramdır. Bu bayrama qırx gün hazırlıq gedir. Novruz bayramı martın 20-də başlayır. Həmin gün yaz fəsli girir, gecə ilə gündüz bərabərləşir. Novruz yeni gün, təbiətin canlanması deməkdir. Novruzbayramında xalqımız yazın rəmzi olan səməni göyərdir. Bu bayramın əsas xüsusiyyətlərindən biri də odur ki, hər tərəfdə təmizlik işləri görülür, ağaclar əkilir. Mart ayının 21-də hamı bir-birini təbrik edir, ruzi-bərəkət arzulayır. Bahar bayramında uşaqlar boyanmış yumurta döyüşdürür, qonşuların qapısına papaq atıb gizlənir, bayram payı istəyirlər. İgidlər meydanlarda at çapır, güləşir, qılınc oynadır, kəmənd atırlar. Bu bayram ölkəmizin hər yerində biri-birindən maraqlı keçrilir. Hər il ölkəmizin başçısı bu bayramı xalqla birlikdə qeyd edir. O, uşaqların oxuduğu mahnılara, şeirlərə qulaq asır, xalqla görüşür, hamını təbrik edir. Ramazan Bayramı İslamın müqəddəs bayramları içərisində Ramazan bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır. Ramazan ayında oruc tutulduğu üçün ona “Ramazan orucu” da deyirlər. İslamda ilin ayları arasında Ramazan ayı ən şəfqətli və müqəddəs ay hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan Qurani Kərim nazil olmuşdur. Həmin gecəyə “qədir” və ya “əhya” gecəsi deyilir. Müsəlmanlar ən mühüm ibadətlərini, o cümlədən orucu və həcci, Qurban bayramlarını hicri-qəməri təqviminə əsasən qeyd edirlər. Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. İnsan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir. Bu ay ruhun tərəqqisi, Allaha tərəf pərvaz etməsidir. Ramazan ayında fani varlıqlar sanki savaş meydanına çıxır. İmanla nəfs bu meydanda çarpışır. Nəfs hər imanlı işi üstələmək, pis vərdişlərin davamını diləyir. İnanclar mətanətlə buna qarşı çıxır, dil yalandan, göz və könül haramdan uzaqlaşır. Orucluq insanlara öz iradələrini, dözümlülüyünü yoxlamaq imkanı verir, onları paklığa, xeyirxahlığa dəvət edir. Sovet hakimiyyəti dövründə, İslamın başqa ayinləri və ibadətləri kimi, orucluq da qadağan edilmişdi. Lakin imanlı adamlar gizli də olsa, öz borclarını yerinə yetirirdilər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra insanların vicdan azadlığı bərpa olundu, İslam dininə, onun ibadət və ayinlərinə olan münasibət də dəyişdi. Orucluq bayramı ölkəmizdə Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən dövlət səviyyəsində qeyd olunmağa başlandı. 28 May Müstəqillik günü Xalqımız daim müstəqilliyə can atmışdır. Rusiya imperiyası xalqımızı itaət altında, Azərbaycanı isə imperiyanın tərkibində saxlamaq istəyirdi. Bakıda başda erməni əsilli Şaumyan olmaqla bir hökümət quruldu. Bu yolla Rusiya Azərbaycanın təbii sərvətlərini talayırdı. Şaumyan həmin illərdə şəhər və rayonlarımızda çoxlu qırğınlar törətdi. Belə bir şəraitdə çıxış yolu mübarizədə, vətəni yadellilərdən azad etməkdə idi. Azadlığın yeganə yolu müstəqillikdir. Azad bir dövlət qurmaq, xalqın sərvətini özünə qaytarmaq bu yolun yolçularının əsas məqsədi oldu. 1918-ci il may ayının 28-də müstəqil Azərbaycan dövləti elan olundu. Tiflis şəhərində yaradılan hökümət sonra Gəncəyə, daha sonra isə Bakıya köçürüldü. Həmin vaxt ermənilər məkrli siyasətlərini davam etdirirdilər. Ölkəmizə qarşı bir yandan ərazi iddiası qaldırır, bir yandan da soyqırımı törədirdilər. Ermənilərin satqınlığı davam edirdi. Onlar xalqımız üçün yeni bir tor qururdular. Azərbaycandakı qara qüvvələrin köməyi ilə XI Qızıl Ordu vətənimizin üstünə yeridildi. 1920-ci ilin aprel ayında Azərbaycan Cümhuriyyəti süqut etdi. Yalnız 71 ildən sonra - 1991-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa etdi. Müstəqil olduqdan sonar Azərbaycan Respublikası özünü əsrin əvvəllərində qurulmuş Demokratik Cümhuriyyətin varisi elan etdi. İndi xalqımız hər il may ayının 28-ni Müstəqillik günü kimi qeyd edir. Hər il həmin gün müxtəlif ölkələrin rəhbərləri ölkəmizin Prezidentini təbrik edir. Konstitusiya günü 12 noyabr - Konstitusiya günüdür. 1995-ci ildə ümumxalq səs verməsi yolu ilə yeni, müstəqil Azərbaycan Respublikasının birinci Konstitusiyasını qəbul edilmişdir. O vaxtdan 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü sayılır. Konstitusiya dövlətin əsas qanunudur. Bu qanun hökümətin fəaliyyətini nizama salır, insanların cəmiyyətdə və biri-biri ilə münasibətlərini tənzimləyir. Konstitusiya vətəndaşların hüquqlarını təmin edir. Konstitusiya respublikamızın ərazi bütövlüyünü, müstəqilliyini əks etdirən ən mühüm sənəddir. Həmrəylik günü 31 dekabr – Dünya azərbaycanlıların həmrəylik günüdür. Dünyanın bir çox ölkəsində minlərlə, milyonlarla azərbaycanlı yaşayır. Onlar yalnız öz vətənində - Azərbaycan Respublikasında (Şimali Azərbaycan) və İranda (Cənubi Azərbaycan) yox, Türkiyədə, Almaniyada, Fransada, Böyük Britaniyada, Skandinav ölkələrində, ABŞ-da, Yaxın Şərq ölkələrində də yaşayırlar. Soydaşlarımız arasında əlaqələrin nizamlı şəkildə qurulmasına, onların vətənimizin mənafeyi naminə görüləcək işlərdə daha fəal iştirakına ehtiyac var idi. Buna görə də 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə 31 dekabr - Dünya azərbaycanlılarının həmrəylik günü elan edildi. Həmin gün dünyanın bir çox ölkələrində Azərbaycan diaspora və cəmiyyətləri tərəfindən qeyd olunur. 8 Mart - Beynəlxalq Qadınlar günü XIX əsrin sonlarından başlayaraq Avropa ölkələrində qadınlar iqtisadi, ictimai-siyasi bərabərlik uğrunda mübürizəyə başlamışdılar. Qadın hərəkatı xüsusilə Fransada geniş vüsət almışdı. 1910-cu ildə sosialist qadınlarının II Beyəlxalq qurultayında bu günün bayram edilməsi qərara alınmışdır. Bu təklifin müəllifi inqlabçı Klara Setkin idi. Bu bayram 1911-ci ildən başlayaraq Almaniya, Avstriya və Danimarkada, 1913-cü ildən Rusiyada, 1917-ci ildən Azərbaycanda qeyd edilmişdir. Qurban Bayramı Qurban bayramı İbrahim peyğəmbərin adı ilə bağlıdır. Qurban bayramı günü insanlar Allaha dualar edir, imkansızlara əl tuturlar. Qurban bayramı günü heyvan kəsmək İbrahim peyğəmbərin həyatında baş vermiş bir əhvalatla bağlıdır. Rəvayətə görə, Allah Təala ona əmr edir ki, oğlu İbrahimi ona qurban gətirsin. Peyğəmbər Allaha məhəbbətini ifadə etmək üçün buna razılaşır. İsmayıl özü də qurban olmağa hazır idi. Bu haqda Quranda da yazılmışdır. Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib kasıblara paylamalıdır. Allah yolunda kəsdiyimiz qurbanlar yeri gələndə onun yolunda hər şeyimizi fəda etməyə hazır olduğumuzu göstərir. Beləcə, lazım gələrsə vətən və müqəddəs dəyərlər uğrunda qurban olmağı öyrənir və öyrədirik. Bayram günü hər kəs öz böyüklərini və yaxınlarını təbrik edir, xoş sözlər söylənir, qurban payları verir, kasıbların qazanı qaynayır, uşaqların üzü gülür. Ölkəmizdə də bu bayram sovetlər dövründə gizli şəkildə qeyd olunurdu. Müstəqilliyimizin memarı, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasət nəticəsində xalqımız qurban bayramını, eləcə də digər bayramları yüksək səviyyədə qeyd edir. Prezidentimiz İlham Əliyev də Azərbaycan xalqına müraciətində bildirir ki, Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək əxlaqi-mənəvi dəyərlərə hörmət rəmzidir. Qurban bayramının xeyirxahlıq, şəfqət və mərhəmət bayramı olduğunu xatırladan Prezidentimiz Azərbaycan xalqına, dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımıza bayram təbriklərini çatdırır, onların Qurban bayramını təbrik edir. |