| Vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının fəaliyyət
Q A Y D A L A R I
1. Ümumi müddəalar
1.1. Vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının fəaliyyət Qaydaları (bundan sonra - Qaydalar) Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 992 №-li Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı»na əsasən vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması üzrə vergi ödəyicilərinə xidmət üçün yaradılan komputer terminallarının fəaliyyətini tənzimləmək məqsədilə hazırlanmışdır.
1.2. Bu Qaydalar vergi ödəyicilərinə xidmət üzrə kompüter terminalının (bundan sonra – terminal) təşkilini, burada vergi ödəyicilərinə göstərilən xidmətləri, terminalda xidmət edən əməkdaşların vəzifələrini və xidmət rejimini müəyyən edir.
1.3. Terminal - Vergilər Nazirliyi tərəfindən müəyyən regionda yerləşən rayonun (şəhərin) ərazisində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi xidmətlərinin göstərilməsi üçün təşkil olunan Vergilər Nazirliyinin aidiyyəti ərazi vergi orqanının vergi ödəyicilərinə xidmət sahəsidir.
1.4. Terminalda vergi ödəyicilərinə bu Qaydalarla müəyyən edilmiş xidmətlər Vergilər Nazirliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiysının (bundan sonra - Konfederasiya) arasında imzalanmış partnyorluq sazişinə uyğun olaraq Konfederasiyanın nümayəndəsi və vergi orqanının əməkdaşı tərəfindən göstərilir.
1.5. Terminalın fəaliyyət xüsusiyyətlərinə uyğun standart (minimum) tələblər nəzərə alınmaqla onun sahəsi, avadanlıqlar və işçi heyəti terminal yerləşən rayonda (şəhərdə) fəaliyyət göstərən vergi ödəyicilərinin sayına, potensialına əsasən müəyyən edilir.
1.6. Terminalın fəaliyyət xüsusiyyətlərinə uyğun standart (minimum) tələblər aşağıdakılardan ibarətdir:
- vergi ödəyiciləri tərəfindən sənədlərin tərtibatı və onlara müvafiq izahatların verilməsi, kiçik qrup (7-10 nəfər) hallında treninqlərin keçirilmısi üçün 1 böyük stolun (“dəyirmi masa”) və stulların olması;
- aidiyyəti ərazi üzrə terminalda xidmətin göstərilməsi üçün zəruri avadanlıqların (xidmət masası, kreslo, sənəd və paltar şkafı, dəftərxana ləvazımatları və s.) olması;
- xidmət zalında normativ sənədlər və bükletlərdən ibarət məlumat güşəsinin, o cümlədən vergiyə aid sənədlərin elektron formatda ayrıca kompüterdə olması;
- xidməti istifadə, o cümlədən aidiyyəti ərazi vergi orqanı ilə fasiləsiz rabitə üçün telefon xəttinin və faksın olması;
- İnternetə qoşulmuş və vergi sahəsində tələb olunan məlumat bazası ilə təchiz olunmuş ən azı 2 ədəd kompüterin, 1 ədəd printerin olması.
1.7. Terminalda vergi ödəyicilərinə göstərilən xidmətlər ödənişsizdir.
1.8. Terminal bu Qaydalara, Vergilər Nazirliyinin digər normativ və idarəetmə aktlarına uyğun fəaliyyət göstərir.
2. Terminalda vergi ödəyicilərinə göstərilən xidmətlər
Terminalda vergi ödəyicilərinə aşağıdakı xidmətlər göstərilir.
2.1. Vergi bəyannamələri ilə bağlı xidmətlərin göstərilməsi:
- Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada terminal yerləşən rayonda (şəhərdə) fəaliyyət göstərən vergi ödəyicisi ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılmasına dair xidmətlər göstərmək;
- vergi ödəyiciləri tərəfindən müraciət olduqda bəyannamələrin və başqa hesabat sənədlərinin düzgün tərtib edilməsi və göndərilməsi (elektron daşıyıcısında) barədə izahatlar vermək.
2.2. Vergi ödəyicilərinə şəxsi vərəqələrindəki məlumatlara baxış imkanının yaradılması:
- vergi ödəyicisi müraciət etdikdə ona şəxsi vərəqəsindəki məlumatlara baxmaq imkanı yaradılır. Vergi borcu olan vergi ödəyicisinə borcun yaranma səbəbi barədə izahat verilir və ona vergi borcunun ödənilməsi bildirir.
2.3. Vergi qanunvericiliyi və onun tətbiqi barədə məlumat və izahatların verilməsi:
- vergi ödəyicilərinə qüvvədə olan vergilər, onların hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri, vergi qanunvericiliyinin tətbiqi məsələləri, vergi bəyannamələrinin təqdim olunma müddətləri, vergi güzəştlərindən istifadə edilməsi haqqında məlumat vermək;
- vergi ödəyicilərini lazımi ərizə, arayış və digər blankların nümunəvi tərtibatı formaları ilə təmin etmək, eyni zamanda sənədlərin düzgün tərtib edilməsi barədə izahatlar vermək;
- vergi ödəyicilərinə vergilər barədə məlumatlandırma və maarifləndirmə xarakterli müxtəlif nəşr vasitələrini (buklet, kitabça, braşura və s.) təqdim etmək;
- “Kiçik sahibkarlıq subyektlərinin təsərrüfat əməliyyatlarının uçotu kitabı”nın, “Nəzarət kassa aparatına texniki xidmət kitabı”nın və “Nəzarət kassa aparatlarının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nın düzgün işlənməsi barədə izahatlar vermək.
2.4. Vergi ödəyicilərinin vergi orqanında uçotu və sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə dövlət qeydiyyatına alınması ilə bağlı xidmətlərin göstərilməsi:
- sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının aparılması və bununla bağlı təqdim edilməsi zəruri olan sənədlər barədə məlumat və izahatlar vermək;
- qeydiyyatının aparılması ilə bağlı vergi ödəyicilərinin ərizələrinin düzgün tərtib edilməsinə köməklik göstərmək və ərizəyə əlavə olunan sənədlər barədə məlumat vermək.
2.5. Vergi ödəyiciləri, o cümlədən həmin ərazidə fəaliyyət göstərən vergi məsləhətçiləri ilə treninqlərin keçirilməsi:
- vergi ödəyicilərinə e-bəyannamələrinin tərtib edilməsi və vergi orqanlarına göndərilməsi qaydalarını tədris etmək;
- vergi ödəyiciləri üçün Vergilər Nazirliyinin internet səhifəsində yaradılan xidmətlərdən istifadə qaydalarını tədris etmək;
- vergi ödəyicilərinə qruplaşdırmaqla (vergi intizamına əməletmə səviyyəsinə görə, eyni tədiyyə növünün ödəyiciləri üzrə və s.) vergi qanunvericiliyinin tətbiqi ilə bağlı treninqlər keçirmək.
2.6. Terminal yerləşən rayonda (şəhərdə) fəaliyyət göstərən vergi ödəyicilərinə vergi öhdəliklərinin icrası, vergi bəyannamələrinin vaxtında təqdim edilməsi, vergi borcunun ödənilməsi və vergi qanunvericiliyi ilə müəyyən olunan digər vəzifələrin yerinə yetirilməsi məqsədilə terminalda xidmət edən əməkdaş tərəfindən zəruri izahat və məlumatlandırma işləri həyata keçirilir.
3. Terminalın işinin təşkili, əməkdaşların vəzifələri və xidmət rejimi
3.1. Terminalda bu Qaydaların 2-ci bəndində qeyd olunan xidmətlərin göstərilməsi Vergilər Nazirliyi və Konfederasiya arasında bağlanan vergi ödəyicilərinə xidmət terminalının birgə istifadəsi müqaviləsi əsasında həyata keçirilir.
3.2. Terminalda xidmət Konfederasiysının nümayəndəsi (işçisi) və aidiyyəti ərazi vergi orqanının vergi ödəyicilərinə xidmət şöbəsinin əməkdaşı olan mütəxəssis vasitəsilə həyata keçirilir.
3.3. Terminalda işləmək üçün təqdim edilən Konfederasiysının nümayəndəsinin (işçisinin) hazırlıq səviyyəsi aidiyyəti ərazi vergi orqanı tərəfindən yoxlanılır və Vergilər Nazirliyi ilə razılaşdırdıqdan sonra bu Qaydaların müvafiq müddəalarının şərtləndirən müqavilə əsasında Konfederasiya tərəfindən təyin edilir.
3.4. Terminalda xidmət edən Konfederasiyasının nümayəndəsinin aşağıdakı vəzifələri vardır:
- Terminalda vergi ödəyicilərinə bu Qaydaların və bağlanmış müqavilənin tələblərinə uyğun xidmətlər göstərmək;
- sahibkarlara vergi xidmətlərinin göstərilməsi üçün vergi qanunvericiliyinin tətbiqi sahəsində biliklərinin artırılması və Vergilər Nazirliyinin distant (məsəfədən) tədris ilə bağlı tədbirlərində iştirak etmək;
- Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada vergi orqanı tərəfindən hazırlanmış terminalın rüblük iş planına uyğun fəaliyyət göstərmək;
- vergi ödəyicilərinə göstərilən xidmətlərin qeydiyyatını aparmaq, göstərilən xidmətlər və görülmüş işlər barədə aylıq hesabatı aidiyyəti ərazi vergi orqanına təqdim etmək;
- müəyyən edilmiş iş rejiminə riayyət etmək;
3.5. Aidiyyəti ərazi vergi orqanının mütəxəssisi terminalda daimi olaraq fəaliyyət göstərmir və onun əsas vəzifələri aşağıdakılardır:
- terminalda işləyən Konfederasiyasının nümayəndəsinə (işçisinə) bu Qaydalarda qeyd olunan xidmətlərin göstərilməsinə metodiki köməklik göstərmək, onunla iş yerində treninqlərin keçirilməsi və onun sərbəst işləməsini təmin etmək;
- vergi ödəyiciləri ilə iş planına uyğun və zəruri hallarda plana əlavə olaraq vergi maarifləndirməsi sahəsində müxtəlif tədbirləri həyata keçirmək;
- şəxsi vərəqələrə aid məsələlərlə bağlı vergi ödəyicilərinin sorğularını cavablandırmaq.
3.6. Terminalda xidmət zamanı Vergilər Nazirliyinin əmr və başqa təşkilati-sərəncam sənədlərində göstərilənlər rəhbər tutulmalı və nəzərdə tutulmuş aidiyyəti işlər həyata keçirilməlidir.
3.7. Aidiyyəti ərazi vergi orqanının vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi terminalın fəaliyyəti üzrə məsul şəxsdir və o, terminalda işin təşkilinə, burada xidmət edən işçilərin peşəkar biliklərinin artırılmasına və onların fəaliyyətinə nəzarəti həyata keçirir.
3.8. Konfederasiyasının nümayəndəsi (işçisi) tərəfindən terminalda sahibkarlara göstərilən xidmətlər bu Qaydalara uyğun olmadıqda, göstərilən xidmətlər müəyyən standartlara cavab vermədikdə və işdə nöqsanlara təkrar olaraq yol verildikdə vergi ödəyicilərinə xidmət şöbəsinin rəisinin təqdimatı əsasında aidiyyəti vergi orqanının rəisi tərəfindən, Vergilər Nazirliyinə terminalda işləyən Konfederasiyasının nümayəndəsinin digər işçi ilə əvəz edilməsi barədə müraciət olunur.
3.9. Terminalda vergi ödəyicilərinə xidmətlər qanunvericilikdə müəyyən olunmuş iş günlərində göstərilir.
3.10. Terminalda iş vaxtı saat 9.00-dan 18.00-ə kimidir.
3.11. Terminalda xidmət göstərən əməkdaşlar terminalda olan avadanlıq və texniki qurğuları düzgün istismar etməli, iş vaxtı terminalı özbaşına tərk etməməlidirlər.
|