| Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2003-cü il 28 iyul tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda, habelə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanlarının qərarlarına əsasən qeyri-büdcə təşkilatlarında aparılan təftiş və yoxlamalar nəticəsində aşkar edilmiş məbləğlərin bərpası hesabına əldə olunan vəsaitin sonrakı təyinatı, istifadəsi, habelə bərpa edilmiş məbləğin növbəti maliyyələşmələr zamanı nəzərə alınması QAYDALARI1. Ümumi müddəalar «Azərbaycan Respublikasının 2003-cü il dövlət büdcəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli 827 nömrəli Fərmanına müvafiq olaraq, bu Qaydalar dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda (bundan sonra – büdcə təşkilatları), habelə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanlarının qərarlarına əsasən qeyri-büdcə təşkilatlarında aparılan təftiş və yoxlamalar nəticəsində aşkar edilmiş məbləğlərin bərpası hesabına əldə olunan vəsaitin (bundan sonra – əldə olunan vəsait) sonrakı təyinatını, istifadəsini, habelə bərpa edilmiş məbləğin növbəti maliyyələşmələr zamanı nəzərə alınmasını təmin etmək məqsədi ilə hazırlanmışdır. II. Ziyan məbləğlərin bərpası hesabına əldə olunan vəsaitin sonrakı təyinatı, istifadəsi, habelə bərpa edilmiş məbləğin növbəti maliyyələşmələr zamanı nəzərə alınması 2.1. Əldə olunan vəsait təftiş və yoxlamanın gedişi dövründə və ondan sonrakı dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada pul və (və ya) natura formasında bərpa edilən məbləğlər hesab olunur. 2.2. Büdcə təşkilatlarında əldə olunan pul vəsaiti bütövlükdə Azərbaycan Respublikası dövlət büdcəsi gəlirlərinin təsnifatına müvafiq olaraq dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. 2.3. Qeyri-büdcə təşkilatlarında aparılan təftiş və yoxlamalar nəticəsində aşkar edilmiş ziyan məbləğləri hesabına əldə olunan pul vəsaiti bütövlükdə həmin təşkilatın hesablaşma hesabına köçürülərək ilkin təyinatı üzrə xərclənir. 2.4. Təftiş və yoxlamalr nəticəsində aşkar edilmiş ziyan məbləğləri, vəsaitin ilkin təyinatı üzrə nəzərdə tutulmuş mal-materialların, ərzaq məhsullarının və digər dəyərlilərin natura şəklində büdcə təşkilatlarının anbarlarına mədaxil edilməsi, həmçinin iş və xidmətlərin görülməsi yolu ilə (cari ilin xərclər smetasında həmin məqsəd üçün nəzərdə tutulduğundan artıq olmamaq şərti ilə) bərpa edilə bilər. Büdcə təşkilatlarının müvafiq xərc maddələri üzrə növbəti aylarda nəzərdə tutulan maliyyələşməsi təftiş və yoxlamalar nəticəsində aşkar olunmuş ziyan məbləğlərinin natura şəklində bərpa olunan hissəsi məbləğində azaldılır. 2.5. Qeyri-büdcə təşkilatları üzrə təftiş və yoxlamalar nəticəsində aşkar olunmuş məbləğlər mövcud qanunvericiliyə uyğun olaraq, həmin vəsaitin ilkin təyinatı üzrə nəzərdə tutulmuş mal-materialların, ərzaq məhsullarının və digər dəyərlilərin alınaraq təşkilatların anbarlarına mədaxil edilməsi, həmçinin iş və xidmətlərin görülməsi yolu ilə bərpa edilə bilər. 2.6. Büdcə təşkilatlarında yerinə yetirilməsi rəsmiləşdirilən, tikinti-quraşdırma, əsaslı və cari təmir işlərinin dəyərinin artırılması səbəbindən yaranan ziyan məbləği faktiki yerinə yetirilmiş, lakin dəyəri ödənilməmiş (təftiş və yoxlamanın aparıldığı tarixə) təmir-tikinti işlərinə görə idarə, müəssisə və təşkilatların podratçı təşkilatlara olan kreditor borcları (ödənilməsinə dövlət öhdəliyi götürülmüş kreditor borcları) hesabına bərpa edilə bilər. Bu halda, kreditor borcunun azaldılması barədə sifarişçi və podratçı təşkilatlar arasında müvafiq razılaşma aktı tərtib olunur və aktın bir nüsxəsi sonrakı ödənişlərə nəzarət etmək üçün müvafiq maliyyə orqanına təqdim edilir. Borcların azaldılması barədə tərtib olunmuş aktlardakı məlumat sifarişçi və podratçı təşkilatların mühasibat uçotunda əks etdirilir. Qeyri-büdcə təşkilatlarında tikinti-quraşdırma, əsaslı və cari təmir işlərinin artırılmış dəyərinin bərpası da bu qaydada rəsmiləşdirilir və razılaşma aktının bir nüsxəsi sonrakı nəzarət üçün təşkilatın baş idarəsinə (nazirlik, komitə və şirkətlərə) göndərilir. 2.7. Əldə olunan vəsait barədə hər yarım ildən bir müvafiq maliyyə orqanları büdcə təşkilatlarından toplanmış məlumatları ümumiləşdirərək Maliyyə Nazirliyinin müəyyən etdiyi formada ona məlumat verir və məlumatların doğruluğu üçün mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
|