Vergilər nazirinin 24.04.2006 tarixli
06170401004157 saylı əmri ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmalarına görə
əldə edilmiş kassa çeklərinin sahibləri arasında «NKA çeki alın, avtomobil qazanın» lotereya oyununun təşkili ilə bağlı vətəndaşlardan çeklərin qəbulu, işlənilməsi və lotereya biletinin verilməsi haqqında Metodiki Göstərişlər

1. Ümumi müddəalar.

1.1. Bu Metodiki Göstərişlər «NKA çeki alın avtomobil qazanın» lotereya oyununun təşkili ilə bağlı vətəndaşlardan çeklərin qəbulu, işlənilməsi, lotereya biletinin verilməsi və Vergilər Nazirliyi ilə vergi orqanları arasındakı münasibətləri tənzimləyir.

1.2. Nağd pul hesablaşmalarına görə əldə edilmiş kassa çeklərinin sahibləri arasında stimullaşdırıcı lotereya oyununun keçirilməsində məqsəd satılan mallara, görülmüş iş və göstərilən xidmətlərə görə ödənilmiş nağd pul vəsaitinin nəzarət-kassa aparatlarına tam həcmdə mədaxil edilməsinin təmin olunması, bu işdə ictimaiyyətin gücündən istifadə edilməsi və beləliklə, dövlət büdcəsindən vergilərin yayındırılmasının qarşısının alınmasından ibarətdir.

2. Stimullaşdırıcı lotereya oyununun təşkili

2.1. «NKA çekləri alın avtomobil qazanın» lotereya oyunu Azərbaycan Respublikasının ərazisini əhatə edir.

2.2. Lotereyada iştirak və uduş fondu oynanılmasının nəticələrinə görə uduşlu olduğu təqdirdə uduş fondunun müvafiq hissəsinə mülkiyyət hüququ nümunəsi lotereya bileti ilə təsbit olunur.

2.3. Vergilər Nazirliyinin Maliyyə-təsərrüfat idarəsi tərəfindən yerli vergi orqanlarına göndərilmiş lotereya biletləri möhürlə təsdiq olunduqdan sonra bu lotereya biletləri üçün hazırlanmış zərflərlə birlikdə vergi ödəyicilərinə xidmət strukturlarının rəislərinə təhvil verilir.

2.4. Hər bir ədəd lotereya biletini pulsuz almaq üçün vətəndaşlar aşağıdakıların yerinə yetirilməsi şərti ilə əldə etdikləri malların (işlərin, xidmətlərin) dəyərinin ödənilməsi müqabilində aldıqları NKA çeklərini yerli vergi orqanlarına təhvil verməlidirlər:

- dəyərinin ödənilməsi NKA çekləri ilə təsdiq edilən mallar (işlər, xidmətlər) 15 aprel 2006-cı il tarixdən sonra əldə olunsun;

- NKA çeklərinin əsli təhvil verilsin;

- təhvil verilən NKA çeklərinin miqdarı 100 (bir yüz) ədəddən az olmasın;

- təhvil verilən NKA çeklərinin ümumi məbləği 500 AZN-dən (beş yüz) az olmasın;

- NKA çeki valyuta-mübadilə məntəqələrindən əldə edilmiş çek olmasın;

- Təqdim olunan çeklər aydın oxunsun və zəruri rekvizitlər (nəzarət-kassa aparatının məxsus olduğu vergi ödəyicisinin adı, VÖEN-i, NKA-nın №-si və çekin №-si) əks olunsun.

2.5. Metodiki Göstərişlərin 2.4.-cü bəndində göstərilən tələblərə riayət etmək şərti ilə, təqdim edilən çeklər Vergilər Nazirliyinin aşağıda adları göstərilən yerli vergi orqanlarının vergi ödəyicilərinə xidmət strukturlarında xüsusi olaraq ayrılmış şəxslər tərəfindən qəbul olunur:

- Naxçıvan MR Vergilər Nazirliyi (AZ 7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi);

- Naxçıvan şəhəri üzrə Vergilər idarəsi (Naxçıvan şəhəri, Nizami küçəsi 16);

- Şərur rayonu üzrə Vergilər şöbəsi (Şərur şəhəri Nizami küçəsi);

- Babək rayonu üzrə Vergilər şöbəsi (Babək qəsəbəsi H.Əliyev prospekti 21);

- Ordubad rayonu üzrə Vergilər şöbəsi (ordubad şəhəri H.Əliyev prospekti 3);

- Culfa rayonu üzrə Vergilər şöbəsi (Culfa şəhəri H.Əliyev prospekti 37);

- Kəngərli rayonu üzrə Vergilər şöbəsi (Qıvraq qəsəbəsi);

- Şahbuz rayonu üzrə Vergilər şöbəsi (Şahbuz qəsəbəsi);

- Sədərək rayonu üzrə Vergilər şöbəsi (Heydərabad qəsəbəsi);

- Bakı şəhəri vergilər Departamenti (Bakı, A.Nemətulla küçəsi 44);

- Bakı şəhəri Vergilər Departamentinin 1saylı filialı (Bakı, Yasamal rayonu, N.Əbilov küçəsi 24);

- Bakı şəhəri Vergilər Departamentinin 2 saylı filialı (Bakı şəhəri, Binəqədi rayonu, Z.Bünyadov prospekti 15);

- Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialı (Bakı, Nizami rayonu, S.Mirzəyev küçəsi 32);

- 2 saylı Ərazi Vergilər idarəsi (Sumqayıt şəhəri, 44-cü məhəllə);

- 3 saylı Ərazi Vergilər idarəsi (Quba şəhəri, Yeni körpü küçəsi 1);

- 4 saylı Ərazi Vergilər idarəsi (Şamaxı rayonu, M.Rəsulzadə küçəsi 108);

- 5 saylı Ərazi Vergilər idarəsi (Əli-Bayramlı şəhəri, G.Şıxbala küçəsi 14);

- 6 saylı Ərazi Vergilər idarəsi (Lənkərən şəhəri, H.Əliyev küçəsi 97a);

- 8 saylı Ərazi Vergilər idarəsi (Beyləqan rayonu, M.Əsədov küçəsi 108);

- 9 saylı Ərazi Vergilər idarəsi (Göyçay rayonu, M.Hüseynzadə küçəsi 15);

- 10 saylı Ərazi Vergilər idarəsi (Qəbələ rayonu, İ.Qutqaşınlı küçəsi 59);

- 11 saylı Ərazi Vergilər idarəsi (Yevlax şəhəri, Nizami küçəsi 14);

- 12 saylı Ərazi Vergilər idarəsi (Gəncə şəhəri, Atatürk prospekti 252);

- 13 saylı Ərazi Vergilər idarəsi (Zaqatala rayonu, Nizami 1);

- 14 saylı Ərazi Vergilər idarəsi (Şəmkir rayonu, Nizami küçəsi 2)

Bu bənddə göstərilən şərtlərə əməl etməklə NKA çekləri təqdim etmiş şəxslərə verilən lotereya biletlərinin sayı məhdudlaşdırılmır.

2.6. Vergi ödəyicilərinə xidmət strukturlarının aidiyyəti şəxsləri tərəfindən çeklərin bu Metodiki Göstərişlərin 2.4.-cü bəndinin tələblərinə uyğun olması yoxlanılır.

2.7. Vergi orqanının NKA çeklərini qəbul edən şəxsi tərəfindən qəbul edilmiş çeklər yoxlandıqdan sonra vergi orqanının möhürü ilə təsdiq olunmuş lotereya biletini və biletlə eyni №-yə malik olan zərfi Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisindən götürür. Vətəndaşdan qəbul edilmiş NKA çeklərini zərfə qoyur və lotereya biletinin kupon hissəsini kəsərək zərfin üstünə tikir. Lotereya biletinin «NKA çeklərini alın, avtomobil qazanın» sözləri yazılmış hissəsini vətəndaşa verdikdən sonra, içində NKA çekləri olan zərfi lotereyanın kuponu ilə birlikdə xüsusi proqram təminatına işlənilməsi məqsədi ilə müvafiq əmrlə ayrılmış işçiyə təqdim edir. Bu müfəttiş tərəfindən çeklərin sayının və rekvizitlərinin Metodiki Göstərişlərin 2.4-cü bəndinin tələblərinə uyğunluğu bir daha yoxlandıqdan sonra çeklərin xüsusi proqram təminatına işlənilməsi təmin edilir. Müfəttişlərə verilmiş lotereya biletlərinin və zərflərin qeydiyyatı Metodiki Göstərişlərə 1 №-li əlavəyə uyğun kitabda Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi tərəfindən aparılır.

2.8. NKA çeklərini xüsusi proqram təminatına işlədikdən sonra müfəttiş NKA çekləri olan və üzərinə lotereyanın kuponu əlavə edilmiş zərfi şöbə rəisinə qaytarır.

2.9. Hər hansı səbəbdən xüsusi proqram təminatına işlənilməsi mümkün olmayan NKA çekləri barədə yerli vergi orqanlarının Operativ nəzarət strukturlarına məlumat verilir, həmin strukturlar tərəfindən nəzarət dairələrində yerləşən ərazilərdə fəaliyyət göstərən obyektlərdə müvafiq araşdırmaların aparılması təmin edilir, zərurət yarandığı hallarda isə yaranmış problemlə bağlı Vergilər Nazirliyinə məlumat verilir.

2.10. 01.07.2006-cı il tarixdən etibarən stimullaşdırıcı lotereyanın I tirajının keçirilməsi üçün NKA çeklərinin qəbulu dayandırılır. Çeklərin qəbulu dayandırıldıqdan 5 gün ərzində yerli vergi orqanları tərəfindən istifadə olunmamış lotereya biletləri və istifadə olunmuş lotereya biletlərinin kuponları NKA çekləri və zərfləri vergi orqanında saxlamaq şərti ilə bu Metodiki Göstərişlərə 2 №-li əlavəyə uyğun formalı reyestrlə Nazirliyin Maliyyə-təsərrüfat idarəsinə təhvil verilir.

2.11. Yerli vergi orqanlarından müvafiq materiallar Nazirliyin Maliyyə-təsərrüfat idarəsinə daxil olduqdan sonra həmin idarənin rəisi Operativ nəzarət idarəsinin və Vergi ödəyicilərinə xidmət idarəsinin rəisləri ilə birlikdə araşdırma apararaq oyunda iştirak edəcək (lototrona daxil ediləcək) kuponları müəyyənləşdirir, nəticələrini müvafiq aktla rəsmiləşdirir, lotereya biletlərinin kupon hissələrinin, habelə istifadə olunmamış lotereya biletlərinin uduş fondunun oynanılıması tarixinə 3 (üç) gün qalmış «Azərlotereya» ASC-yə təhvil verilməsi üçün tədbirlər görür.

2.12. Metodiki Göstərişlərin 2.5.-ci bəndində göstərilən vergi orqanları tərəfindən uduş fondunun oynanılması tarixindən 5 (beş) gündən gec olmayaraq uduşlu elan olunmuş lotereya biletlərinin zərfləri NKA çekləri ilə birlikdə Vergilər Nazirliyinə təqdim olunur.