Azərbaycan Respublikasinin Vergilər Nazirliyi ƏMR N F-90 Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında pul nişanlarınn nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında 7 fevral 2005-ci il tarixli fərmanına əsasən 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikasında milli valyutanın-manatın denominasiyasının həyata keçirilməsi ilə əlaqədar vergi xidməti orqanlarının üzərinə düşən vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə Əmr edirəm : 1. Tapşırılsın İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi Natiq Əmirova : - vergi orqanları üçün 2006-cı ilin proqnoz tapşırıqlarının manatın denominasiyasına müvafiq müəyyən edilməsini təmin etsin; - 2006-cı il yanvarın 1-dən başlayaraq hesablanmış vergilərin, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və kəsilmiş inzibati cərimələrin vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə manatın sı nəzərə alınmaqla işlənilməsi üçün müvafiq tədbirlər görsün; - vergi ödəyicilərindən vergi bəyannamələrinin və digər hesabat formalarının manatın denominasiyası nəzərə alınmaqla qəbul edilməsi üçün tədbirlər görsün; - Vergilər Nazirliyinin yeni yaradılan Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində (AVİS) manatın denominasiyasının nəzərə alınması və həmin sistemin 01.01.2006-cı il tarixdən tam miqyasda tətbiq edilməsi üçün tədbirlər görsün - Vergilər Nazirliyinin məbləğlə ifadə olunan müvafiq göstəricilərinin 2005-ci ilin sonunadək yeni qiymətlər miqyasına keçirilməsi və 2006-cı il yanvarın 1-dən bu göstəricilərin yeni miqyasda hesablanması və tətbiqi üzrə zəruri tədbirlər görsün. 2. Tapşırılsın Vergi ödəyicilərinin auditi baş idarəsinin rəisi Müsavər Nəbiyevə: - operativ nəzarət qaydasında aparılan vergi yoxlamaları zamanı satışda olan malların üzərində qiymət kağızlarında, əhaliyə göstərilən xidmətlərə və işlərə görə qiymət cədvəllərində qiymət və tariflərin manatın denominasiyasına uyğun olaraq düzgün tətbiq edilməsinə nəzarəti təşkil etsin və bu tələbin pozulduğu hallarda qanunla müəyyən edilmiş tədbirlərin görülməsini təmin etsin. - nəzərə alınsın ki, satışda olan malların üzərində qiymət kağızlarında və əhaliyə göstərilən xidmətlər və işlərə görə qiymət cədvəllərində 2005-ci il oktyabrın 1-dən 2006-cı il dekabrın 31-dək qiymətlər və tariflər eyni zamanda köhnə və yeni miqyasda göstərilir; - aparılan səyyar vergi yoxlamalarının nəticələrinin manatın denominasiyası nəzərə alınmaqla rəsmiləşdirilməsinin təmin olunması üçün müvafiq tədbirlər görsün; - səyyar vergi yoxlamaları aparılarkən vergi ödəyiciləri tərəfindən vergi bəyannamələrinin və digər məlumatların ilkin sənədlər əsasında manatın denominasiyası nəzərə alınmaqla düzgün tərtib edilməsinə nəzarətin gücləndirilməsi üçün tədbirlər görsün; - pərakəndə ticarət, ictimai iaşə və digər xidmət sahələrində tətbiq edilən NKA-da manatın denominasiyasının nəzərə alınması xüsusiyyətləri barədə təkliflərini versin; 3. Tapşırılsın Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi Məhyəddin Namazova: - vergi ödəyicilərinin 2006-cı il yanvarın 1-i tarixinə vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borclarının manatın denominasiyası nəzərə alınmaqla müəyyən edilməsini təmin etsin; - 2006-cı il yanvarın 1-dən başlayaraq hesablanmış vergilərin, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının vergi ödəyicilərindən manatın denominasiyası nəzərə alınmaqla alınmasını təmin etsin; - vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları olan vergi ödəyicilərinin siyahıya alınmış əmlaklarının uçotunun manatın denominasiyası nəzərə alınmaqla aparılmasının təmin edilməsi üçün tədbirlər görsün; 4. Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, vergi ödəyicilərinin vergi bəyannamələrinin və digər hesabat formalarının manatın denominasiyası nəzərə alınmaqla tərtib edilməsi ilə əlaqədar Vergilər Nazirliyinin internet saytı və kütləvi informasiya vasitələri vasitəsilə məlumatlandırılması üçün tədbirlər görsün. 5. Vergi siyasəti və strateci araşdırmalar baş idarəsinin rəisi Akif Musayevə tapşırılsın ki, manatın denominasiyası ilə əlaqədar olaraq Vergi Məcəlləsində və digər qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə təkliflər hazırlasın. 6. Maliyyə-təsərrüfat idarəsinin rəisi Qüdrət Seyfullayevə tapşırılsın ki, 2006-cı il yanvarın 1-dən etibarən vergi orqanlarının əməkdaşlarına əmək haqqının və digər ödənişlərin hesablanmasının və ödənilməsinin, habelə aparılan təsərrüfat əməliyyatlarına görə müvafiq hesablaşmaların manatın denominasiyası nəzərə alınmaqla aparılmasını təmin etsin; - bank orqanları tərəfindən əmkdaşların əmək haqqı məbləğlərinin onların şəxsi hesablarına düzgün daxil edilməsinə və ödənişlərin düzgün aparılmasına nəzarəti təmin edən təbirlər görsün. 7. Tapşırılsın nazirliyin bütün struktur bölmələrinin rəhbərlərinə: - 2006-cı il yanvarın 1-dən başlayaraq hesablanmış vergilərin, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və kəsilmiş inzibati cərimələrin vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə manatın denominasiyası nəzərə alınmaqla işlənilməsini təmin etsinlər; - operativ nəzarət qaydasında aparılan yoxlamalarda satışda olan malların üzərində qiymət kağızlarında, əhaliyə göstərilən xidmətlərə və işlərə görə qiymət cədvəllərində qiymət və tariflərin manatın denominasiyasına uyğun olaraq düzgün tətbiq edilməsinə nəzarəti təmin etsinlər və bu tələbin pozulduğu hallarda qanunla müəyyən edilmiş tədbirləri görsünlər; - vergi ödəyicilərinin 2006-cı il yanvarın 1-i tarixinə vergilər, faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları və kəsilmiş inzibati cərimələr üzrə borclarını manatın denominasiyası nəzərə alınmaqla yenidən hesablanmasını təmin etsinlər; - 2006-cı il yanvarın 1-dən başlayaraq hesablanmış vergilərin, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının vergi ödəyicilərindən manatın denominasiyası nəzərə alınmaqla tutulmasını təmin etsinlər; 8. Nazirliyin Aparatının rəhbəri Sevda Məmmədovaya tapşırılsın ki, bu əmrin çatdırılma siyahısına müvafiq olaraq çatdırılmasını təmin etsin. 9. Əmrin icrasına nəzarəti öz üzərimdə saxlayram. Nazir Fazil Məmmədov 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri
|