24 aprel, 2006
N 06170401004157

Ə M R

Metodiki Göstərişlərin təsdiq edilməsi haqqında
Vergilər nazirinin 14.04.2006-cı il tarixli 0617040100386600 saylı «Stimullaşdırıcı lotereyanın təşkili haqqında» əmrindən irəli gələn məsələlərin həll edilməsi məqsədi ilə

ƏMR EDİRƏM:

1. «Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmalarına görə əldə edilmiş kassa çeklərinin sahibləri arasında «NKA çeki alın avtomobil qazanın» lotereya oyununun təşkili ilə bağlı vətəndaşlardan çeklərin qəbulu, işlənilməsi və lotereya biletinin verilməsi haqqında Metodiki Göstərişlər» təsdiq edilsin. (əlavə olunur).

2. Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, vergilər nazirinin «Stimullaşdırıcı lotereyanın təşkili haqqında» 14.04.2006-cı il tarixli 0617040100386600 saylı əmri və bu əmrdən irəli gələn məsələlərlə bağlı məlumatlandırma və izahat işlərinin aparılmasını təmin etsin.

3. Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi Habil Məmmədova tapşırılsın ki, vergilər nazirinin «Stimullaşdırıcı lotereyanın təşkili haqqında» 14.04.2006-cı il tarixli 0617040100386600 saylı əmrinin icrası ilə bağlı əlaqələndirmə işlərinin görülməsini təmin etsin.

4. Vergilər Nazirliyinin aparatının rəhbəri Asif Cahangirova tapşırılsın ki, lotereyanın təşkili ilə bağlı reklam kompaniyasının təşkili, uduş fondunun oynanılmasının canlı yayımla «AzTV» televiziya kanalı ilə nümayiş etdirilməsi ilə bağlı tədbirlərin görülməsini təmin etsin.

5. Vergilər Nazirliyinin İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi Zaur Fəti-zadəyə tapşırılsın ki, vətəndaşlardan qəbul edilmiş NKA çeklərinin işlənilməsi üçün xüsusi proqram təminatının hazırlanması ilə əlaqədar tədbirlərin görülməsini təmin etsin.

6. Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi Habil Məmmədova və Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədova tapşırılsın ki, «Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmalarına görə əldə edilmiş kassa çeklərinin sahibləri arasında stimullaşdırıcı lotereya oyununun təşkili ilə bağlı vətəndaşlardan çeklərin qəbulu, işlənilməsi və lotereya biletinin verilməsi haqqında Metodiki Göstərişlər»dən irəli gələn digər məsələlərin həllini təmin etsinlər.

7. Vergi orqanlarında çalışan bütün vəzifəli şəxslər, işçilər və onlarla birlikdə yaşayan ailə üzvləri «NKA çeki alın, avtomobil qazanın» lotereya oyununda iştirak edə bilməzlər.

8. Maliyyə-təsərrüfat idarəsinin rəisi Qüdrət Seyfullayevə tapşırılsın ki, bu əmrin 1-ci bəndi ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində nağd pul hesablaşmalarına görə əldə edilmiş kassa çeklərinin sahibləri arasında «NKA çeki alın avtomobil qazanın» lotereya oyununun təşkili ilə bağlı vətəndaşlardan çeklərin qəbulu, işlənilməsi və lotereya biletinin verilməsi haqqında Metodiki Göstərişlər»in 1 №-i əlavəsinə uyğun qeydiyyat kitabının sifariş verilməsini və hazırlandıqdan sonra Metodiki Göstərişlərin 2.5-ci bəndində göstərilən vergi orqanlarına çatdırılmasını təmin etsin.

9. Aidiyyəti vergi orqanlarının rəhbərlərinə tapşırılsın ki, bu əmrin 1-ci bəndi ilə təsdiq olunmuş Metodiki Göstərişlərin 2.5 və 2.7-ci bəndlərinə əsasən ayrılacaq işçiləri müvafiq əmrlə müəyyən edərək bu barədə Vergilər Nazirliyinə məlumat verilməsini təmin etsinlər.

10. Bu əmrin icrasına nəzarət vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Qasımova tapşırılsın.

Əsas: Vergilər nazirinin 14.04.2006-cı il tarixli 0617040100386600 saylı əmri.

Nazir

2-ci dərəcəli dövlət
vergi xidməti müşaviri Fazil Məmmədov