Axtar
az|рус|eng
Qanunvericilik

Bələdiyyə qulluğu haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun bələdiyyə qulluğu ilə bağlı münasibətləri və Azərbaycan Respublikasında bələdiyyə qulluqçularının hüquqi vəziyyətini tənzimləyir.

 

Maddə 1. Bələdiyyə qulluğu haqqında qanunvericilik

 

Bələdiyyə qulluğunun hüquqi tənzimlənməsi, o cümlədən bələdiyyə qulluqçusunun statusu, bələdiyyə qulluğunun həyata keçirilməsi şərtləri və qaydası Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilir.

 

Maddə 2. Bələdiyyə qulluğu və bələdiyyə qulluqçusu anlayışları

 

Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir.

Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. [1]

Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər.

Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. [2]

 

Maddə 3. Bələdiyyənin icra aparatı

 

Bələdiyyənin icra aparatı bələdiyyənin sədrindən, onun "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanunu və bələdiyyənin nizamnaməsi ilə müəyyən edilmiş qaydada formalaşdırdığı struktur bölmələrdən və digər icra strukturlarından ibarətdir.

Bələdiyyənin icra aparatının strukturunu, ştat cədvəlini, bələdiyyə qulluqçusunun vəzifə təlimatını və saxlanması xərcləri smetasını bələdiyyə təsdiq edir. [3]

Bələdiyyənin icra aparatına rəhbərliyi bələdiyyənin sədri həyata keçirir.

Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər. [4]

 

Maddə 4. Bələdiyyə icra aparatının tərkibi

 

Bələdiyyə icra aparatının tərkibi bələdiyyənin fəaliyyət göstərdiyi əraziyə və konkret iş vəziyyətinə uyğun olaraq, müvafiq bələdiyyənin nizamnaməsi ilə nəzərdə tutulmuş qaydada və sayda idarə rəisləri və rəis müavinləri, şöbə müdirləri və müdir müavinləri, mütəxəssislər, müfəttişlər və digər işçilərdən təşkil olunur.

 

Maddə 5. Bələdiyyə qulluğunun təşkili

 

Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir və aşağıdakı vəzifələr daşıyırlar:

bu Qanunun yerinə yetirilməsi üzərində nəzarət;

əlavə təhsil sahəsində işin təşkil edilməsi;[5]

bələdiyyə qulluqçularının yerdəyişməsinə dair təkliflərin verilməsi;

bələdiyyə tərəfindən qəbul edilmiş qərarların icra edilməsi.

Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçiləri isə bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir. [6]

 

Maddə 5-1. Bələdiyyə qulluğuna qəbul [7]

 

Bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla bələdiyyə qulluğuna vətəndaşlar müsabiqə əsasında qəbul edilirlər.

Bələdiyyə qulluğuna qəbulun müsabiqə əsasında keçirilməsi üçün 5 nəfər bələdiyyə üzvü və qulluqçusundan ibarət bələdiyyənin müsabiqə komissiyası (bundan sonra - müsabiqə komissiyası) yaradılır. Müsabiqə komissiyasının tərkibi, sədri və sədrinin müavini bələdiyyənin qərarı ilə təsdiq edilir.

Müsabiqə komissiyası öz fəaliyyətini iclaslar vasitəsilə həyata keçirir. Müsabiqə komissiyasının iclasları üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Sədr olmadıqda iclaslara sədrin müavini sədrlik edir.

Müsabiqə komissiyasının fəaliyyəti qanunçuluq, obyektivlik, şəffaflıq və bərabərlik prinsipləri əsasında həyata keçirilir.

Müsabiqə komissiyasının işinə müdaxilə yolverilməzdir.

Müsabiqə komissiyası namizədlərin müvafiq vəzifəyə uyğunluğunu onların bilik səviyyəsinə, peşə hazırlığına, ümumi dünyagörüşünə və müvafiq vəzifə üçün tələb olunan keyfiyyətlərə əsasən qiymətləndirir.

Müsabiqə komissiyasının işinə müvafiq sahələr üzrə ekspertlər cəlb edilə bilər.

Müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, keçirilməsi və nəticələrinin qiymətləndirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 5-2. Müsabiqə komissiyası üzvlərinin hüquq və vəzifələri, təşkilati məsələlər

 

Müsabiqə komissiyası üzvlərinin müsabiqə komissiyasının səlahiyyətlərinə aid məsələlərin həllində iştirak etmək, təkliflər vermək, habelə bu komissiyanın qərar, protokol və digər sənədləri ilə tanış olmaq, onlarla razılaşmadıqda xüsusi rəy vermək hüququ vardır.

Müsabiqə komissiyası üzvlərinin vəzifələri aşağıdakılardır:

müsabiqə komissiyasının iclaslarını üzrsüz səbəbdən buraxmamaq və vaxtında müsabiqənin keçirilmə yerində olmaq;

müsabiqə komissiyasının iclaslarında baxılan məsələlər üzrə səsvermədə iştirak etmək;

müsabiqə komissiyası üzvünün adına və qərəzsizliyinə xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməmək.

Müsabiqə komissiyasının üzvləri müsabiqə zamanı aşağıda göstərilən tələblərə əməl etməlidirlər:

namizədin şəxsiyyətinə və fikirlərinə hörmətlə yanaşmaq;

namizədə müvafiq vəzifəyə yararlı olub-olmaması barədə fikir bildirməmək;

müsabiqənin keçirildiyi otağı tərk etməmək və rabitə vasitələrindən istifadə etməmək.

Müsabiqə komissiyasının üzvü namizədlərdən hər hansı biri ilə yaxın qohumluq, şəxsi yaxınlıq, asılılıq münasibətində olduqda, yaxud obyektiv qiymətləndirməyə mənfi təsir edə bilən hallar mövcud olduqda, özü-özünə etiraz etməlidir. Eyni qaydada namizəd belə əsaslar olduqda, müsabiqə başlamazdan əvvəl müsabiqə komissiyasının hər hansı üzvünə (üzvlərinə) etiraz edə bilər.

Bu maddənin dördüncü hissəsinə uyğun olaraq əsaslandırılmış etiraz verildikdə, barəsində etiraz verilmiş müsabiqə komissiyası üzvü həmin etirazın verilməsinə səbəb olmuş namizədə münasibətdə müsabiqə komissiyasının qiymətləndirməsində iştirak edə bilməz. Əgər etiraz nəticəsində müsabiqə komissiyasının fəaliyyətini həyata keçirməsi mümkün olmazsa, həmin namizədə münasibətdə müsabiqə komissiyası yenidən təşkil olunur.

Müsabiqə komissiyasının iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, sədrlik edənin səsi həlledicidir. Müsabiqə komissiyasının iclası protokollaşdırılır, protokol iclasda iştirak edən bütün müsabiqə komissiyası üzvləri tərəfindən imzalanır. Müsabiqə komissiyası üzvünün xüsusi rəyi olduqda, protokolda bununla bağlı qeyd aparılır və xüsusi rəy protokola əlavə olunur.

Müsabiqə zamanı namizədin arzusu ilə videoçəkilişdən istifadə edilə bilər. Bu halda videoçəkiliş müsabiqə komissiyasının normal fəaliyyətinə maneçilik törətməməlidir.

Müsabiqənin nəticəsi ilə razı olmayan namizədlər həmin nəticələr elan olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada bələdiyyəyə və ya məhkəməyə şikayət verə bilərlər.

 

Maddə 5-3. Bələdiyyə qulluğuna qəbulla bağlı məhdudiyyətlər

 

Hansı şəxslər bələdiyyə qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:

onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;

məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;

bələdiyyənin sədri, bələdiyyə sədrinin müavinləri və bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi bələdiyyə qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;

barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa.

 

Maddə 6. Bələdiyyə qulluqçularının hüquqları

 

Bələdiyyə qulluqçularının aşağıdakı hüquqları vardır:

işə qəbul etmək və işdən azad etmək səlahiyyətinə malik olan vəzifəli şəxsdən öz xidməti vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını tələb etmək;

vəzifə səlahiyyətlərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlardan, idarə, təşkilat və vətəndaşlardan zəruri məlumat və sənədləri almaq;

səlahiyyətləri daxilində məsələlərin baxılmasında və onların həlli ilə əlaqədar qərar qəbul edilməsində iştirak etmək;

həmkarlar ittifaqı yaratmaq, onlara daxil olmaq və təmsil etmək;

əlavə təhsil almaq;[8]

bələdiyyə qulluğunun təkmilləşdirilməsi üzrə təkliflər vermək;

öz hüquq və azadlıqlarının müdafiəsinin təminatını tələb etmək.

 

Maddə 7. Bələdiyyə qulluqçularının vəzifələri

 

Bələdiyyə qulluqçularının vəzifələri:

öz fəaliyyətlərində Azərbaycan Respublikasının Konstitusiyasına, Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunlarına əməl etmək;[9]

vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə öz səlahiyyətləri çərçivəsində və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada baxmaq;

rəhbərliyin "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu, bu Qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və bələdiyyələrin nizamnaməsi bələdiyyələrin nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində qəbul etdiyi qərar və sərəncamları yerinə yetirmək;

əmək və icra intizamına riayət etmək;

yerli icra hakimiyyətinin müvafiq strukturları ilə fəaliyyətlərini əlaqələndirmək və yerli problemlərin həllində qarşılıqlı fəaliyyət göstərmək.

 

Maddə 7-1. Bələdiyyə qulluqçularının peşə hazırlığı və ixtisasının artırılması[10]

Bələdiyyə qulluqçuları mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.

 

Maddə 8. Bələdiyyə qulluğu ilə bağlı qadağalar

 

Bələdiyyə qulluqçuları üçün qulluqla bağlı aşağıdakı qadağalar nəzərdə tutulur:

qanunverici, icra və məhkəmə orqanlarında vəzifə tutmaq, habelə Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvü olmaq;[11]

vəzifəsinin icrası ilə bağlı ona bəlli olan məlumatdan xidməti vəzifədən kənar məqsədlər üçün istifadə etmək.

 

Maddə 9. Xidməti vəsiqə

 

Bələdiyyə qulluqçularına bələdiyyələrdə qulluğa təyin edildikdən sonra xidməti vəsiqə verilir.

 

Maddə 10. Bələdiyyə qulluqçusunun iş vaxtı, məzuniyyəti, pensiyası və digər sosial təminatları

 

Bələdiyyə qulluqçularının iş vaxtı, məzuniyyəti, pensiyaların və başqa müavinətlərin təyin edilməsi və verilməsi qaydası və digər sosial təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Bələdiyyələrin maliyyə imkanları daxilində əlavə olaraq digər kompensasiyalar və ödənişlər, habelə müavinətlər verilə bilər.

Bələdiyyələrin nizamnaməsi ilə, bələdiyyə qulluqçularına digər imtiyaz və zəmanətlərin verilməsi nəzərdə tutula bilər.

Bələdiyyə üzvlərinin səlahiyyət müddətinin qurtarması bələdiyyə qulluqçularının vəzifələrindən azad edilmələri üçün əsas ola bilməz.

Bələdiyyə vəzifələrində işləyən və Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq müvafiq seçki komissiyasının həlledici səs hüquqlu üzvü olan şəxslər seçki komissiyasında fəaliyyətləri dövründə özlərinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər.

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə uyğun olaraq namizədliyi qeydə alınmış bələdiyyə vəzifəsində işləyən şəxs namizəd kimi müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək bələdiyyə orqanının təşəbbüsü ilə işdən çıxarıla bilməz, öz razılığı olmadan başqa işə, başqa yerdə işləməyə keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz. [12]

 

Maddə 11. Bələdiyyə qulluqçusunun əmək haqqının müəyyən edilməsi

 

Bələdiyyə qulluqçularının əmək haqqı bələdiyyələrin büdcəsi hesabına, onun maliyyə imkanlarına uyğun olaraq bələdiyyə tərəfindən təsdiq edilmiş ştat cədvəli əsasında müəyyən edilir.

 

Maddə 12. Bələdiyyə qulluqçularının qanunsuz qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) şikayət

 

Bələdiyyə qulluqçularının qanunsuz qərarlarından və hərəkətlərindən (hərəkətsizliklərindən) bələdiyyələrin struktur bölmələrinin rəhbərlərinə, bələdiyyə sədrinə və ya məhkəməyə şikayət verilə bilər.

 

Maddə 13. Bu Qanunun pozulmasına görə məsuliyyət

 

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Maddə 14. Bu Qanunun qüvvəyə minməsi qaydası

 

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

 

Bakı şəhəri, 30 noyabr 1999-cu il

765-IQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 10)

2.       30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 2, maddə 62)

3.       27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 noyabr 2009-cu il, 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 11, maddə 878)

4.       5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 276)

5.       21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 18 fevral 2011-ci il, 38, Azərbaycan qəzeti, 20 fevral 2011-ci il, 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 02, maddə 71)

6.       25 oktyabr 2011-ci il tarixli 217-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 22 dekabr 2011-ci il, 277, Azərbaycan qəzeti, 30 dekabr 2011-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 12, maddə 1076)

7.       13 fevral 2015-ci il tarixli 1196-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 11 aprel 2015-ci il, 075, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 343)

8.       29 dekabr 2015-ci il tarixli 95-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 14 yanvar 2016-cı il, 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 01, maddə 42)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 25 oktyabr 2011-ci il tarixli 217-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 22 dekabr 2011-ci il, 277, Azərbaycan qəzeti, 30 dekabr 2011-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 12, maddə 1076) ilə 2-ci maddənin ikinci hissəsində şəxs sözü işçi sözü ilə əvəz edilmişdir.

 

[2] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 2, maddə 62) ilə 2-ci maddəyə dördüncü hissə əlavə edilmişdir.

 

[3] 25 oktyabr 2011-ci il tarixli 217-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 22 dekabr 2011-ci il, 277, Azərbaycan qəzeti, 30 dekabr 2011-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 12, maddə 1076) ilə 2-ci hissədə cədvəlini sözündən sonra , bələdiyyə qulluqçusunun vəzifə təlimatını sözləri əlavə edilmişdir.

 

[4] 25 oktyabr 2011-ci il tarixli 217-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 22 dekabr 2011-ci il, 277, Azərbaycan qəzeti, 30 dekabr 2011-ci il, 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 12, maddə 1076) ilə yeni məzmunda dördüncü hissə əlavə edilmişdir.

 

[5] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 18 fevral 2011-ci il, 38, Azərbaycan qəzeti, 20 fevral 2011-ci il, 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 02, maddə 71) ilə 5-ci maddənin birinci hissəsinin üçüncü abzasında ixtisasartırma sözü əlavə təhsil sözləri ilə əvəz edilmişdir.

 

[6] 13 fevral 2015-ci il tarixli 1196-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 11 aprel 2015-ci il, 075, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 343) ilə 5-ci maddənin ikinci hissəsində bələdiyyənin sədri birbaşa təyin edir sözləri bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir sözləri ilə əvəz edil edilmişdir.

 

[7] 13 fevral 2015-ci il tarixli 1196-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 11 aprel 2015-ci il, 075, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, 4, maddə 343) ilə yeni məzmunda 5-1-5-3-cü maddələr əlavə edilmişdir.

 

[8] 21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 18 fevral 2011-ci il, 338, Azərbaycan qəzeti, 20 fevral 2011-ci il, 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 02, maddə 71) ilə 6-cı maddənin altıncı abzası yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

ixtisas dərəcəsini və peşə hazırlığını artırmaq;

 

[9] 29 dekabr 2015-ci il tarixli 95-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 14 yanvar 2016-cı il, 08, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 01, maddə 42) ilə 7-ci maddənin ikinci abzasında və qanunlarına sözləri , Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunlarına sözləri ilə əvəz edilmişdir.

 

[10] 27 oktyabr 2009-cu il tarixli 901-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 25 noyabr 2009-cu il, 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 11, maddə 878) ilə 7-1-ci maddə əlavə edilmişdir.

 

[11] 3 mart 2006-cı il tarixli 82-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 3, maddə 225) ilə 8-ci maddəsinin ikinci abzasında "vəzifə tutmaq" sözlərindən sonra ", habelə Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 21.3-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin üzvü olmaq" sözləri əlavə edilmişdir.

5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 276) ilə 8-ci maddəsinin birinci hissəsinin ikinci abzasında ismin müvafiq hallarında Milli Bank sözləri ismin müvafiq hallarında Mərkəzi Bank sözləri ilə əvəz edilmişdir.

 

[12] 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 10) ilə 10-cu maddəyə beşinci və altıncı hissələr əlavə edilmişdir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.