Axtar
az|рус|eng
Qanunvericilik

Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında

Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. "Bələdiyyənin nümunəvi nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

 

Bakı şəhəri, 15 oktyabr 1999-cu il

709-IQ

 

Azərbaycan Respublikasının 1999-cu il

15 oktyabr tarixli, 709-IQ saylı Qanunu ilə

təsdİq edİlmİşdİr

 

BӘLӘDİYYӘNİN NÜMUNƏVİ NİZAMNAMƏSİ

 

I. Bələdİyyənİn adı

 

Bələdiyyə onun yerləşdiyi ərazinin adı ilə adlandırılır.

 

II. Bələdİyyə orqanının ünvanı

 

Bələdiyyə orqanının ünvanı onun yerləşdiyi şəhər, şəhərdə rayon, qəsəbə, kənd, küçə və müvafiq binanın nömrəsidir.

 

III. Bələdİyyənİn hüdudları

 

Bələdiyyənin hüdudları onun yerləşdiyi ərazinin sərhədləri ilə müəyyənləşdirilir.

 

IV. Bələdİyyənİn fəalİyyətİnİn təşkİlİ Bələdİyyənİn İclası

 

Bələdiyyənin iclası

 

1. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır.

2. Bələdiyyə iclaslarında aşağıdakı məsələlər həll edilir:

bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam verilməsi;

bələdiyyənin reqlamentinin təsdiq edilməsi;

bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa komissiyalarının seçilməsi;

yerli vergilərin dərəcələrinin aşağı salınması barədə qərar qəbul edilməsi və yerli ödənişlərin müəyyən edilməsi; [1]

növbəti büdcə ili üzrə yerli büdcənin layihəsinin və onun icrası haqqında hesabatların təsdiq edilməsi; [2]

bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam;

yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi;

yerli iqtisadi proqramların qəbul və icra edilməsi;

yerli ekoloji proqramların qəbul və icra edilməsi.

3. Bələdiyyə üzvləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən seçilirlər. [3]

Bələdiyyənin daimi və başqa komissiyaları

1. Bələdiyyənin daimi və başqa komissiyaları bələdiyyə üzvlərindən ibarətdir.

2. Bələdiyyənin daimi və başqa komissiyalarının əsas vəzifələri aşağıdakılardan ibarətdir:

yerli əhəmiyyətli sosial müdafiə və sosial inkişaf, ekoloji, iqtisadi inkişaf, yerli xidmət üzrə proqramlar hazırlayıb bələdiyyənin iclasına və ya bələdiyyənin qərarına əsasən yerli əhalinin müzakirəsinə çıxarmaq; [4]

yerli əhəmiyyətli məsələləri müzakirə etmək, bələdiyyə iclaslarında müzakirə üçün proqramlar, arayışlar, qərar layihələri və başqa materiallar hazırlamaq;

bələdiyyə və onun icra aparatı üçün təkliflər hazırlamaq;

seçicilərin tapşırıqlarının yerinə yetirilməsinin təşkilinə və yoxlanılmasına kömək etmək.

3. Bələdiyyənin daimi və başqa komissiyaları bələdiyyə iclaslarında təşkil edilir.

Bələdiyyənin icra orqanı

1. Bələdiyyənin icra orqanı onun icra aparatıdır.

2. Bələdiyyənin icra aparatı yerli əhaliyə xidmət, iqtisadi, ekoloji, sosial müdafiə və sosial inkişaf proqramlarını həyata keçirmək üçün yaradılan idarə, şöbə və digər struktur bölmələrdən ibarət ola bilər.

3. Yerli əhaliyə xidmət, iqtisadi və sosial proqramları həyata keçirmək üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyənin qərarına əsasən, digər işçilərini işə birbaşa bələdiyyənin sədri vəzifəyə təyin edir.

4. Bələdiyyənin icra aparatının strukturu onun qarşısında duran vəzifələrdən və maliyyə vəziyyətindən asılı olaraq bələdiyyə iclasının qərarı ilə təsdiq edilir.

5. Bələdiyyənin icra aparatının səlahiyyətlərinə aşağıdakılar aiddir:

bələdiyyəyə baxılmaq və təsdiq edilmək üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması;

bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi;

bələdiyyə sədrinin qəbul etdiyi qərarların yerinə yetirilməsi;

bələdiyyənin qanunla müəyyən olunmuş səlahiyyətlərinin həyata keçirilməsinin təşkili;

bələdiyyə mülkiyyətinin və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi;

bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması;[5]

qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətləri həyata keçirir.

6. Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.[6]

Vətəndaşların yığıncaqları

Qanunla müəyyən olunmuş hallarda bələdiyyələrdə yerli əhəmiyyətli məsələlərə münasibət bildirmək, təkliflər irəli sürmək, kollektiv rəy söyləmək, qərarlar qəbul etmək məqsədi ilə həmin bələdiyyə ərazilərində vətəndaşlar öz yığıncaqlarını keçirə bilərlər.

Vətəndaşların yığıncaqlarında həmin bələdiyyə ərazisində yaşayan 18 yaşı tamam olmuş vətəndaşların iştirak etmək hüququ vardır.

Vətəndaşların yığıncaqlarında bələdiyyənin nizamnaməsi və başqa qərarlar qəbul edilir, dəyişdirilir və ləğv olunur.

Vətəndaşların yığıncaqları bələdiyyənin ərazisində yaşayan və səsvermə hüququ olan vətəndaşların azı 25 faizi iştirak etdikdə səlahiyyətlidir.

 

V. Bələdİyyə sədrİ və sədr müavİnİnİn səlahİyyət müddətİ

 

Bələdiyyənin səlahiyyət müddəti ərzində bələdiyyə sədri və sədr müavini bələdiyyənin qərarı ilə müəyyən olunan müddətə seçilə bilərlər.

 

VI. Bələdİyyə aktlarının qəbul edİlməsİ və qüvvəyə mİnməsİ qaydası

 

Bələdiyyə iclaslarında baxılan yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə, digər qərarlar isə bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir.

Müvafiq qanunda nəzərdə tutulmuş qaydada qüvvəyə minmiş bələdiyyə aktları əhaliyə elan edilir və bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir. [7]

VII. Bələdİyyələrİn, bələdİyyə orqanlarının və onların vəzİfəlİ şəxslərİnİn məsulİyyətİnİn əsasları və növlərİ

Bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri öz fəaliyyətlərinə və qəbul etdikləri qərarlara, hüquqa zidd hərəkətlərinə (hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

VIII. Bələdİyyə üzvlərİnİn statusu və sosİal təmİnatları [8]

 

Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.

Bələdiyyə üzvünün səlahiyyətləri onun seçildiyi gündən başlanır və bələdiyyənin yeni tərkibinin işə başladığı gün qurtarır. [9]

Bələdiyyə üzvləri öz səlahiyyətlərini daimi əsasla icra edə bilərlər.

Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinə: [10]

əmək haqqı bələdiyyə büdcəsinin vəsaiti hesabına ödənilir;

səlahiyyət müddəti onun ümumi və fasiləsiz iş stajına daxil edilir.

Bələdiyyənin qərarı ilə yerli büdcənin hesabına səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün hər il onun orta aylıq əmək haqqının 1 misli məbləğində müavinət verilir.

Səlahiyyətlərini daimi əsasla icra etmiş və səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilməyən bələdiyyə üzvlərinə bələdiyyənin qərarı ilə iki ay müddətində onların orta aylıq əmək haqqının 2 misli məbləğində müavinət verilir. [11]

 

 

IX. Bələdİyyə üzvlərİnİn səlahİyyətlərİnə xİtam verİlməsİ əsasları və qaydası

 

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə onların səlahiyyət müddəti qurtardıqda xitam verilir.

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə qanunla müəyyən olunmuş əsaslara görə vaxtından əvvəl xitam verilə bilər.

Bələdiyyə üzvlərinin səlahiyyətlərinə xitam verilməsi bələdiyyə iclasının sadə səs çoxluğu ilə qəbul etdiyi qərarı əsasında həll edilir.

 

X. Bələdİyyə üzvlərİnİn, bələdİyyə orqanlarının vəzİfəlİ şəxslərİnİn hüquqları üçün təmİnatlar

 

Bələdiyyə üzvlərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə, onların hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir. [12]

 

XI. Bələdİyyə qulluğu təşkİlİnİn şərtlərİ və qaydası

 

Bələdiyyə sədri və bələdiyyənin icra aparatı struktur bölmələrinin rəhbərləri bələdiyyə qulluğu ilə bağlı təşkilati rəhbərliyi həyata keçirir.

Bələdiyyə icra aparatının tərkibi bələdiyyənin fəaliyyət göstərdiyi ərazidən, qarşısında duran vəzifələrdən və maliyyə vəsaitindən asılı olaraq bələdiyyə tərəfindən idarə rəisləri və rəis müavinlərindən, şöbə müdirləri və onların müavinlərindən, mütəxəssislərdən, müfəttişlərdən və digər işçilərdən təşkil olunur.

 

XII. Yerlİ özünüİdarənİn həyata keçİrİlməsİnİn İqtİsadİ və malİyyə əsasları, bələdİyyə mülkİyyətİnə sahİblİyİn, ondan İstİfadənİn və ona sərəncam verİlməsİnİn ümumİ qaydası

 

Yerli özünüidarənin həyata keçirilməsinin iqtisadi və maliyyə əsasları, bələdiyyə mülkiyyətinə sahibliyin, ondan istifadənin və ona sərəncam verilməsinin ümumi qaydası "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736)

2.       3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 1, maddə 16)

3.       30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 10)

4.       30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 2, maddə 62)

5.       23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, 2, maddə 67)

6.       23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 16 fevral 2006-cı il)

7.       21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 6, maddə 478)

8.       25 oktyabr 2011-ci il tarixli 221-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 23 dekabr 2011-ci il, 278, Azərbaycan qəzeti 25 dekabr 2011-ci il, 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 12, maddə 1080)

9.       22 may 2012-ci il tarixli 363-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 21 iyun 2012-ci il, 135, Azərbaycan qəzeti 22 iyun 2012-ci il, 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 6, maddə 524)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736) ilə "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin I bölməsinin "Bələdiyyələrin iclası" bölməsinin 2-ci bəndinin beşinci abzasında "yerli vergilərin" sözləri "yerli vergilər üzrə güzəştlərin, vergi qanunvericiliyi ilə müəyyən edilən hədlərdə vergi dərəcələrinin" sözləri ilə əvəz edilmişdir.

3 dekabr 2002-ci il tarixli 398-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 1, maddə 16) ilə "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin IV bölməsinin "Bələdiyyənin iclası hissəsinin 2-ci bəndinin beşinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

yerli vergilər üzrə güzəştlərin, vergi qanunvericiliyi ilə müəyyən edilən hədlərdə vergi dərəcələrinin və ödənişlərin müəyyən edilməsi;

 

[2] 23 dekabr 2005-ci il tarixli 36-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cI il, 2, maddə 67) ilə "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin IV bölməsinin "Bələdiyyənin iclası" hissəsinin 2-ci bəndinin altıncı abzasında "yerli büdcənin" sözləri "növbəti büdcə ili üzrə yerli büdcənin layihəsinin" sözləri ilə əvəz edilmişdir.

 

[3] 30 dekabr 2003-cü il tarixli 569-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 1, maddə 10) ilə "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin IV bölməsinin "Bələdiyyənin iclası" hissəsinin 3-cü bəndində "Bələdiyyələrə seçkilərin qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununa" sözləri "Azərbaycan Respublikasının Seçki Məcəlləsinə" sözləri ilə əvəz edilmişdir.

 

[4] 25 oktyabr 2011-ci il tarixli 221-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 23 dekabr 2011-ci il, 278, Azərbaycan qəzeti 25 dekabr 2011-ci il, 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 12, maddə 1080) ilə Bələdiyyənin nümunəvi nizamnaməsi ndə IV bölmənin Bələdiyyənin daimi və başqa komissiyaları hissəsinin 2-ci bəndinin ikinci abzasında iclasına ya sözlərindən sonra bələdiyyənin qərarına əsasən sözləri əlavə edilmişdir.

 

[5] 21 aprel 2006-cı il tarixli 100-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, 6, maddə 478) ilə Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli 709-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin IV bölməsinin "Bələdiyyənin icra orqanı" hissəsinin 5-ci bəndinin yeddinci abzası çıxarılmışdır.

 

[6] 22 may 2012-ci il tarixli 363-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 21 iyun 2012-ci il, 135, Azərbaycan qəzeti 22 iyun 2012-ci il, 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, 6, maddə 524) ilə təsdiq edilmiş Bələdiyyənin nümunəvi nizamnaməsi nin IV bölməsinin Bələdiyyənin icra orqanı hissəsinə aşağıdakı məzmunda 6-cı bənd əlavə edilmişdir.

 

[7] 25 oktyabr 2011-ci il tarixli 221-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 23 dekabr 2011-ci il, 278, Azərbaycan qəzeti 25 dekabr 2011-ci il, 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 12, maddə 1080) ilə Bələdiyyənin nümunəvi nizamnaməsi ndə VI bölmənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bələdiyyə aktları dərc və ya əhaliyə digər üsulla elan edildiyi gündən qüvvəyə minir.

 

[8] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 2, maddə 62) ilə "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin VIII bölməsinin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

VIII. BƏLƏDİYYƏ ÜZVLƏRİNİN VƏ BƏLƏDİYYƏ ORQANLARININ SEÇKİLİ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN STATUSU VƏ SOSİAL TƏMİNATLARI

 

[9] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 2, maddə 62) ilə "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin VIII bölməsinin ikinci hissəsinin ikinci cümləsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərin səlahiyyətləri onların vəzifəyə seçildiyi gündən başlanır və yeni vəzifəli şəxslər seçildiyi gün qurtarır.

 

[10] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 2, maddə 62) ilə "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin VIII bölməsinin üçüncü və dördüncü hissələrində ismin müvafiq hallarında işlədilən ", bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsləri" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Bələdiyyə üzvləri, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsləri öz səlahiyyətlərini daimi əsasla icra edə bilərlər.

Öz səlahiyyətlərini daimi əsasla icra edən bələdiyyə üzvlərinə, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinə:

 

[11] 25 oktyabr 2011-ci il tarixli 221-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Respublika qəzeti, 23 dekabr 2011-ci il, 278, Azərbaycan qəzeti 25 dekabr 2011-ci il, 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 12, maddə 1080) ilə Bələdiyyənin nümunəvi nizamnaməsi ndə VIII bölmənin beşinci və altıncı hissələri yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Bələdiyyə üzvünə müalicə olunması və istirahət etməsi üçün bələdiyyə büdcəsi hesabına iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir.

Bələdiyyə üzvləri səlahiyyət müddəti qurtardıqdan sonra yeni müddətə seçilmədikdə bələdiyyə büdcəsinin vəsaiti hesabına üç ay ərzində müavinət alırlar.

 

[12] 30 dekabr 2004-cü il tarixli 819-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 2, maddə 62) ilə "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin VIII bölməsində ", bələdiyyə orqanlarının seçkili vəzifəli şəxsləri" sözləri çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Bələdiyyə üzvlərinin, bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirməsinə, onların hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.