Hörmətli vergi ödəyiciləri!

VERGİ BORCLARINIZIN SİLİNMƏSİ ÜÇÜN AMNİSTİYADAN YARARLANMAĞA TƏLƏSİN!

Fevral ayının güzəştlərinin bitməsinə
son 4 gün qaldı!

 


Axtar
az|рус|eng
Qanunvericilik

Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

Vergi partnyorluğu Sazişinin forması nın və Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Vergi partnyorluğu Sazişinin forması təsdiq edilsin (1 nömrəli əlavə).

2. Vergi partnyorluğu Sazişinin bağlanması Qaydaları təsdiq edilsin (2 nömrəli əlavə).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 19 iyul 2013-cü il

190

 


 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2013-cü il 19 iyul

tarixli 190 nömrəli qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə

 

 

 

______________(şəhəri, rayonu) "__" _______ 20__ il

 

Vergi partnyorluğu Sazişinin forması

 

Tərəflər

Bu Vergi partnyorluğu Sazişi (bundan sonra - Saziş) bir tərəfdən _______________________

(vergi orqanının adı)

(bundan sonra - vergi orqanı ) rəisi (rəisin müavini) __________________________________________

(rütbəsi, soyadı, adı və atasının adı

və digər tərəfdən _____________________________________ (VÖEN:______________) (bundan sonra -

 

 

(vergi ödəyicisinin tam adı, rəhbərinin

soyadı, adı və atasının adı)

 

vergi ödəyicisi) arasında aşağıda göstərilən şərtlər daxilində bağlanılmışdır.

 

 

1. Ümumi müddəalar

 

1.1. Bu Saziş Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanının 1.4-cü bəndinə, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarının müddəalarına əsasən hazırlanmışdır.

1.2. Saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanılmış niyyət razılaşmasıdır.

1.3. Sazişin məqsədləri aşağıdakılardır:

1.3.1. sahibkarlığa lüzumsuz müdaxilələrin qarşısını almaqla, onun inkişafını stimullaşdırmaq;

1.3.2. əməkdaşlığa, qarşılıqlı etibarlılığa və şəffaf münasibətlərə əsaslanan birgə fəaliyyəti təmin etmək;

1.3.3. müasir idarəetmə alətləri tətbiq etməklə, biznes subyektlərini vergi orqanlarının fəaliyyətinə cəlb etmək;

1.3.4. vergilərin ödənilməsi ilə bağlı könüllü əməletmə səviyyəsinin artırılması istiqamətində partnyorluq etmək;

1.3.5. ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarəti yaratmaq;

1.3.6. vergi risklərini minimallaşdırmaq.

1.4. Bu Saziş vergilərin düzgün və tam ödənilməsində dövlət vergi orqanlarının yükünün biznes cəmiyyəti ilə bölüşdürülməsinə və qarşılıqlı əməkdaşlıq və məsuliyyət platformasında münasibətlərin qurulmasına yönəlmişdir.

1.5. Bu Saziş vergi ödəyicisinin daxili nəzarət sisteminin gücləndirilməsini tələb edir və vergi ödəyiciləri tərəfindən təqdim edilən elektron məlumatların e-audit alətləri vasitəsilə yerlərə getmədən vergi orqanında emal olunmaqla, tərəflərin üzərinə düşən inzibati yükün azalmasını nəzərdə tutur.

1.6. Bu Saziş təsərrüfat subyektinin özünə və bütün filiallarına aid edilir.

1.7. Bu Sazişin müddəaları ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir.

 

2. Saziş üzrə vergi ödəyicisinin hüquq və vəzifələri

 

2.1. Sazişin qüvvədə olduğu dövr ərzində vergi ödəyicisinin bu Saziş üzrə vergi qanunvericiliyinin tətbiqinə dair izahatların verilməsi ilə bağlı vergi orqanına müraciət etmək hüququ ilə yanaşı, aşağıdakı vəzifələri də vardır:

2.1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.6-cı maddəsinə əsasən Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək, özünün və ya filiallarının elektron daşıyıcılarda olan məlumatlarına birbaşa və ya məsafədən çıxış imkanı yaratmaq;

2.1.2. mühasibat proqramı təminatından istifadə etməklə uçotu təkmilləşdirmək, daxili nəzarət və vergi risklərinin təhlili sistemlərini yaratmaq;

2.1.3. vergilərin hesablanması üçün zəruri olan mühasibat uçotu sənədlərinin (kağız və elektron daşıyıcılarının), eləcə də əldə edilmiş gəlirləri (çəkilmiş xərcləri) və ödənilmiş (tutulmuş) vergiləri təsdiq edən mühasibat uçotu sənədlərinin (kağız və elektron daşıyıcılarının) qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qorunub saxlanılmasını təmin etmək;

2.1.4. vergi ödəyicisinin fəaliyyətində bu Saziş imzalandığı tarixədək aparılan vergi nəzarəti tədbirləri zamanı aşkara çıxarılan çatışmazlıqların gələcəkdə təkrarlanmasına yol verməmək;

2.1.5. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və müddətdə vergi hesabatlarının təqdim edilməsini, vergilərin hesablanmasını və ödənilməsini təmin etmək;

2.1.6. işçilərlə əmək müqavilələrini qanunvericilikdə nəzərdə tutulmuş qaydada bağlamaq və hesabatlarda işçilərə verilən əməkhaqqının real məbləğini əks etdirmək;

2.1.7. Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları həyata keçirmək və vəzifələri yerinə yetirmək.

 

3. Saziş üzrə vergi orqanının hüquq və vəzifələri

 

3.1. Sazişin qüvvədə olduğu dövr ərzində vergi orqanının bu Saziş üzrə aşağıdakı hüquqları vardır:

3.1.1. vergi ödəyicisinin bu Sazişdə nəzərdə tutulmuş öhdəliklərinin icrasına nəzarəti həyata keçirmək;

3.1.2. vergi ödəyicisinin vergi öhdəliklərinin icrasının monitorinqini həyata keçirmək;

3.1.3. vergi ödəyicisinin fəaliyyətində bu Saziş imzalandığı tarixədək aparılan vergi nəzarəti tədbirləri zamanı aşkarlanmış pozuntuların gələcəkdə təkrarlanmaması məqsədi ilə tövsiyələr vermək.

3.2. Sazişin qüvvədə olduğu dövr ərzində vergi orqanının bu Saziş üzrə aşağıdakı vəzifələri vardır:

3.2.1. vergi ödəyicisi tərəfindən aidiyyəti normativ hüquqi aktlarla və ya bu Sazişlə müəyyən edilmiş öhdəliklərə əməl edilmədikdə, vergidən yayınma mövcud olduqda, habelə cinayət prosessual qanunvericiliyinə əsasən məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda, vergi nəzarəti tədbirlərini (kameral və səyyar vergi yoxlamaları, operativ vergi nəzarəti, o cümlədən xronometraj metodla müşahidə) aparmaq;

3.2.2. vergi ödəyicisini vergi qanunvericiliyi və vergi inzibatçılığında aparılan dəyişikliklər barədə məlumatlandırmaq və vergi öhdəliklərinin yerinə yetirilməsində metodiki köməklik göstərmək;

3.2.3. vergi ödəyicisi tərəfindən planlaşdırılan əməliyyatlar barədə məlumat təqdim edildikdə, onlara vergitutma baxımından münasibət bildirmək.

3.3. Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları həyata keçirmək və vəzifələri yerinə yetirmək.

 

4. Saziş üzrə münasibətlərin tənzimlənməsi

 

4.1. Qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmayan mübahisələr üzrə tərəflərin məhkəməyə müraciət etmək hüququ vardır.

 

5. Sazişin etibarlılıq müddəti və qüvvəyə minməsi

 

5.1. Bu Sazişlə müəyyən edilmiş öhdəliklər vergi orqanı və ya vergi ödəyicisi tərəfindən vaxtında və tam yerinə yetirilmədikdə, Sazişi ləğv etmək istəyən tərəf bu barədə 10 (on) gün müddətində digər tərəfə niyyətini və əsaslandırılmış səbəbləri əks etdirən yazılı məlumatı təqdim edir. Saziş ləğvetmə barədə məlumat təqdim edildiyi aydan sonrakı ayın 1-dən qüvvədən düşür.

5.2. Vergi ödəyicisinin fəaliyyətinə xitam verildikdə və ya ləğv edildikdə, həmin tarixdən Saziş qüvvədən düşmüş hesab edilir.

 

6. Yekun müddəa

 

6.1. Bu Saziş iki əsl nüsxədən ibarət olmaqla tərtib edilir, 1 nüsxəsi vergi orqanında, digər nüsxəsi isə vergi ödəyicisində saxlanılmaqla, doğruluğu tərəflərin imzaları və möhürləri ilə təsdiq edilir.

 

______________________________________________

______________________________________________

(vergi orqanının adı, vəzifəli şəxsinin (onun səlahiyyətlərini icra edən şəxsin) vəzifəsi, rütbəsi soyadı, adı, atasının adı)

(vergi ödəyicisinin hüquqi ünvanı və ya qeydiyyat ünvanı, bank rekvizitləri, əlaqə telefonu, vergi ödəyicisinin vəzifəli şəxsinin imzası, soyadı, adı və atasının adı)

 

M.Y. M.Y.

 


 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2013-cü il 19 iyul

tarixli 190 nömrəli qərarı ilə

təsdiq edilmişdir

2 nömrəli əlavə

 

Vergi partnyorluğu Sazişinin bağlanması

 

QAYDALARI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 802 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və vergi partnyorluğu Sazişinin (bundan sonra - Saziş) bağlanılması qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə nin, Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə"nin və digər qanunvericilik aktlarının müddəalarına əsasən hazırlanmışdır. Saziş vergi orqanı ilə vergi ödəyicisi arasında qanunvericiliyə və vergi siyasətinə uyğun olaraq etibarlılığa, şəffaflığa və qarşılıqlı anlaşmaya əsaslanmaqla, vergi risklərinin minimallaşdırılması məqsədi ilə könüllü şəkildə bağlanılan niyyət razılaşmasıdır.

1.3. Bu Qaydalar Sazişin bağlanması üçün müraciət etmiş vergi ödəyiciləri ilə vergi orqanı arasında Sazişin bağlanması və onun icrası zamanı tərəflərin yerinə yetirməli olduqları prosedurları tənzimləyir.

 

2. Sazişin tətbiqi üzrə tələblər

 

2.1. Sazişin bağlanılması məqsədi ilə vergi ödəyiciləri Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi formada ərizə ilə vergi orqanına müraciət edirlər.

2.2. Vergi orqanı daxil olmuş müraciətə baxaraq, 15 (on beş) gün müddətində Sazişin bağlanılmasının mümkünlüyü və ya bağlanılmasından imtina edilməsi barədə vergi ödəyicisinə yazılı məlumat verir.

2.3. Vergi orqanı tərəfindən Sazişin bağlanılmasından imtinaya səbəb olan hallar aşağıdakılardır:

2.3.1. vergi ödəyicisinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı dövlət büdcəsi qarşısında öhdəlikləri olduqda;

2.3.2. vergi orqanı tərəfindən vergi ödəyicisinin fəaliyyəti ilə bağlı həyata keçirilən nəzarət tədbirinin nəticəsi üzrə yekun qərar çıxarılmadıqda;

2.3.3. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılması) müəyyən edildikdə.

2.4. Sazişin bağlanılması məqsədi ilə müvafiq qaydada müraciət edən vergi ödəyicilərinin seçimi zamanı ilkin olaraq aşağıdakı vergi ödəyicilərinə üstünlük verilir:

2.4.1. sertifikatlaşdırılmış proqram təminatı ilə mühasibat uçotu aparan vergi ödəyicilərinə;

2.4.2. ƏDV ödəyicilərinə və maliyyə xidmətlərini həyata keçirən kredit və sığorta təşkilatlarına;

2.4.3. vergi ili ərzində yaranmış vergi öhdəliklərini tam və vaxtında icra edən vergi ödəyicilərinə;

2.4.4. alqı-satqı əməliyyatlarını nağdsız qaydada həyata keçirən vergi ödəyicilərinə.

2.5. Sazişlə tərəflərin hüquq və vəzifələri müəyyən edilir.

2.6. Saziş Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən bütün vergi tutulan əməliyyatları və vergi növlərini əhatə edir.

2.7. Sazişin qüvvədə olduğu müddətdə onun müddəaları ilə bağlı tərəflər arasında fikir ayrılığı yarandıqda, həmin müddəalarda dəyişiklik imkanları birgə müzakirələrlə nəzərdən keçirilir və yalnız belə imkanların olmadığı təqdirdə, Sazişin ləğv edilməsi istiqamətində tədbirlərə başlanılır.

2.8. Sazişi ləğv etməzdən əvvəl bu barədə qərarı qəbul etmiş tərəf 10 (on) gün müddətində digər tərəfə niyyətini və əsaslandırılmış səbəbləri əks etdirən yazılı məlumat təqdim etməlidir.

 

3. Yekun müddəalar

 

3.1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sistemi vasitəsilə vergi orqanları ilə Saziş bağlamış vergi ödəyicilərinin uçotu aparılır.

3.2. Saziş üzrə öhdəliklərin icrası zamanı yaranan və tənzimlənməsi Sazişdə nəzərdə tutulmayan bütün ziddiyyətli məqamlar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilmədikdə, məhkəmə qaydasında həll edilir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.