Axtar
az|рус|eng
Qanunvericilik

«İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının «İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. «İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş razılığın verilməsi üçün tələb olunan sənədlərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanunun 7.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.6. həmin Qanunun 7.2-ci maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən sənədlərin araşdırılması üçün ekspertin (mütəxəssisin) təyin edilməsi və ekspertizanın aparılması qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanunun 7.14-cü maddəsində nəzərdə tutulmuş şəhadətnamənin forması, verilməsi, müddətinin uzadılması və ləğv edilməsi qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.8. həmin Qanunun 1.0.11-ci, 5.2-ci, 6.2-ci, 7.1-ci maddələrində, 7.2-ci maddəsinin birinci və üçüncü cümlələrində, 7.3-cü, 7.4-cü, 7.6-cı, 7.8.1-ci, 7.8.4-cü, 7.8.10-cu, 7.10-cu, 7.11-ci maddələrində, 7.11.2-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 7.11.3-cü, 7.11.4-cü maddələrində, 7.12-ci maddəsinin birinci və ikinci cümlələrində, 7.13-cü maddəsinin birinci və ikinci cümlələrində, 8.1.2-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. öz səlahiyyətləri daxilində «İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. «İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında» Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsində, 7.2-ci maddəsinin ikinci və dördüncü cümlələrində və 7.14-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 3.10-cu, 3.14-cü və 3.15-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 4.6-cı maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi həyata keçirir.

3. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 14 aprel 2009-cu il

83

«Azərbaycan» qəzetində dərc edilmişdir (17 aprel 2009-cu il, 81).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.