Axtar
az|рус|eng
Qanunvericilik

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun, «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»nin və «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin müddəalarına uyğun olaraq qərara alıram:

1. Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, bu fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV.

Bakı şəhəri, 15 aprel 2005-ci il.

222.

«Azərbaycan» qəzetində dərc edilmişdir (16 aprel 2005-ci il, 85).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2005-ci il, 4, maddə 297).

24 iyun 2009-cu il tarixli, 107 nömrəli; 9 mart 2011-ci il tarixli, 401 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə.


Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il
15 aprel tarixli
fərmanı ilə
təsdiq edilmişdir

Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında

Əsasnamə

1. Ümumi müddəalar

1.1. Bu əsasnamə «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli qanunu ilə təsdiq edilmiş «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli, 454 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə»nin müddəalarına uyğun olaraq, dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin (bundan sonra—namizədlər) müsabiqəsinin keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaflıq əsasında müsabiqə keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

1.3. Test imtahanı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra—TQDK) tərəfindən aparılır.

1.4. Müsabiqənin müəyyən edilmiş qaydada keçirilməsinin təmin edilməsi məqsədilə Vergilər Nazirliyi digər dövlət orqanlarını da müsabiqənin keçirilməsinə cəlb edə bilər.

Müsabiqənin keçirilməsi ilə əlaqədar bütün xərclər dövlət büdcəsindən maliyyələşdirilir.

1.5. Dövlət vergi orqanlarında boş ştat vahidləri olduqda, işə qəbulla əlaqədar Vergilər Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrində müsabiqə elan edilir.

1.6. Müsabiqəyə «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin tələblərinə uyğun gələn Azərbaycan Respublikasının vətəndaşları buraxılırlar.

1.7. Müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslər test imtahanlarından azad oluna bilərlər. Bu halda onlarla müsahibə aparılır.

1.8. Bu Əsasnamənin 1.7-ci bəndində göstərilən şəxslər üçün «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin 8-ci maddəsində müəyyən olunmuş yaş həddi tətbiq edilmir.

2. Müsabiqə Komissiyası

2.1. Müsabiqə ilə bağlı təşkilati məsələlərin həlli və müsahibənin keçirilməsi üçün Vergilər Nazirliyi tərəfindən 9 nəfərdən ibarət Müsabiqə Komissiyası (bundan sonra—Komissiya) yaradılır. Komissiyanın tərkibi sədr (vergilər nazirinin müavini), sədr müavini, məsul katib və digər üzvlərdən ibarət olmaqla, Vergilər Nazirliyinin Kollegiyasında baxılır və təsdiq edilir.

2.2. Komissiya 3 il müddətinə təyin edilir və zərurət olduğu hallarda, onun tərkibində müvafiq dəyişiklik edilə bilər.

2.3. Komissiyanın qərarları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab olunur. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir.

2.4. Komissiyanın iclaslarında qərarlar açıq səsvermə və səs çoxluğu ilə (sədrin sonuncu səs verməsi şərtilə) qəbul edilir. Komissiya üzvünün xüsusi rəyi olduqda, rəy qərara əlavə edilir. Qəbul edilmiş qərar iclasda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır.

3. Müsabiqənin təşkili və keçirilməsi

3.1. Dövlət vergi orqanlarında işə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən vətəndaşlar ərizə ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət edir.

3.2. Ərizənin daxil olduğu gündən bir ay müddətində müraciət edənin vergi orqanlarına işə qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən yoxlama aparılır.

3.3. Müraciət edən ərizə ilə birlikdə aşağıdakı sənədləri Vergilər Nazirliyinə təqdim edir:

    • şəxsiyyətini təsdiq edən sənədin surəti;
    • tərcümeyi-hal;
    • kadrlar uçotunun şəxsi vərəqəsi;
    • 4X6 sm ölçüdə dörd ədəd rəngli fotoşəkil;
    • ali təhsil alması barədə diplomun notarial qaydada təsdiq olunmuş surəti;
    • əmək kitabçasının təsdiq olunmuş surəti;
    • sağlamlıq haqqında arayış.

Tərcümeyi-hal müraciət edən tərəfindən şəxsən əllə yazılır və imzalanır. Müraciət edən tərcümeyi-halda göstərilən məlumatların doğruluğuna cavabdehdir.

3.4. Təqdim olunmuş sənədlər müəyyən edilmiş tələblərə uyğun olmadıqda, qəbul edilmir. Sənədlərdə yanlış məlumatlar aşkar edildikdə, həmin namizəd müsabiqəyə buraxılmır və bu barədə ona yazılı surətdə məlumat verilir.

3.5. Təqdim olunan sənədlər müəyyən edilmiş tələblərə uyğun olduqda, ərizələrin qəbulu jurnalında qeydiyyat aparılır və namizədlərin müsabiqəyə buraxılmasının mümkünlüyü barədə rəy hazırlanır.

3.6. İmtahana buraxılmış namizəd ümumi siyahıya salınır və hər bir namizədə imtahana buraxılış vərəqəsi verilir.

3.7. Test nümunələri Vergilər Nazirliyi və TQDK tərəfindən hazırlanır, test imtahanının keçirilməsi qaydaları, istifadə ediləcək sualların sayı və çətinlik dərəcəsi, cavab kartlarının oxunması və qiymətləndirilmənin aparılması TQDK tərəfindən qəbul edilmiş sənədlərlə tənzimlənir.

3.8. Test imtahanının nəticələri TQDK tərəfindən komissiyaya təqdim edilir.

3.9. Test imtahanını müvəffəqiyyətlə verən namizədlərə topladıqları ballar haqqında TQDK tərəfindən təsdiq edilmiş formada müvafiq arayış verilir. Namizədlərin tələbləri əsasında da test imtahanında topladığı bal barəsində 2 gün müddətində arayış verilir.

3.10. Test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır.

3.11. Müsahibənin keçirildiyi yer və vaxt barədə namizədlərə 2 gün əvvəlcədən məlumat verilir.

3.12. Müsahibə başlanarkən komissiyanın rəhbəri namizədlərin siyahısını elan edir və müsahibə aparan şəxslərdən etirazlarının olub-olmamasını soruşur. Namizədlə yaxın qohumluq və ya şəxsi münasibətdə olan müsahibə aparan şəxs həmin namizədlə müsahibədə iştirak etmir. Əsaslar olduqda, namizəd müsahibə başlanmazdan əvvəl müsahibə aparanlardan hər hansı birinə etiraz edə bilər. Etirazın qəbul və ya rədd edilməsini komissiyanın sədri müəyyən edir.

3.13. Hər bir namizədlə müsahibə fərdi qaydada 20 dəqiqə ərzində aparılır. Müsahibə zamanı namizədə onun Azərbaycan Respublikasının Konstitusiyasını, vergi qanunvericiliyini, iqtisadi siyasətlə bağlı digər normativ-hüquqi aktları tətbiq etmək sahəsində biliyinin və bacarığının müəyyən edilməsi üçün müvafiq suallar verilir.

3.14. Müsahibə zamanı namizədin verdiyi cavablar komissiyanın hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballarından biri ilə qiymətləndirilir və sonra orta bal müəyyən edilir (Komissiyanın hər bir üzvünün verdiyi qiymətlər toplanır və müsahibədə iştirak edən komissiya üzvlərinin sayına bölünür). Müsahibənin nəticələri üzrə namizədin orta balı 3-dən çox olduqda, həmin namizəd müsahibədən müvəffəqiyyətlə çıxmış hesab edilir.

4. Müsabiqənin nəticələri barədə qərarın qəbul edilməsi

4.1. Müsabiqənin nəticələri namizədin imtahanda və müsahibədə topladığı keçid ballarının cəmlənməsi yolu ilə müəyyən edilir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri və kompüterdən istifadəni mükəmməl bilənlərə üstünlük verilir.

4.2. Komissiya müsabiqənin nəticələri üzrə namizədin vergi orqanlarına işə qəbul olunması və ya olunmamasının tövsiyə edilməsi barədə iki qərardan birini qəbul edir.

4.3. Müsabiqə başa çatdıqdan sonra 5 gündən gec olmayaraq, müsabiqənin nəticələri elan olunur və mətbuatda dərc etdirilir.

4.4. Komissiyanın qərarlarından razı olmayan namizədlər vergilər nazirinə şikayət edə bilərlər. Şikayətə baxılmanın nəticəsi barədə namizədə yazılı cavab verilir və çıxarılan qərardan razı olmayan namizəd məhkəməyə müraciət edə bilər.

4.5. Müsabiqənin nəticələrinə görə vergi orqanlarına işə qəbul olunmağa tövsiyə edilmiş namizədlər Azərbaycan Respublikasının vergilər nazirinə təqdim edilir. Vergilər naziri təqdim olunmuş namizədləri boş olan müvafiq ştatlara təyin edir.

4.6. Müsabiqədən müvəffəqiyyətlə keçən və bərabər nəticələr əldə edən namizədlərin sayı vergi orqanlarında boş olan ştatların sayından artıq olduqda, işə qəbul edilməsi barədə qərar qəbul edilməyən namizəd Vergilər Nazirliyinin cari ildəki kadr ehtiyatına daxil edilir və müvafiq ştat üzrə il ərzində vakant yer yarandıqda, həmin vəzifəyə təyin edilir.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.