Axtar
az|рус|eng
Qanunvericilik

«Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları»nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. «Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 24 iyun 2005-ci il

945-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (14 avqust 2005-ci il, 187).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2005-ci il, 8, maddə 690).

7 aprel 2006-cı il tarixli, 93-IIIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 420-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 649-IIIQD nömrəli; 1 fevral 2010-cu il tarixli, 945-IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli; 20 aprel 2010-cu il tarixli, 993-IIIQD nömrəli Qanunlara əsasən əlavələrlə.


Azərbaycan Respublikasının
2005-ci il 24 iyun tarixli
945-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi

Qaydaları

Maddə 1. Ümumi müddəalar

Bu Qaydalar «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulmuş maliyyə xarakterli məlumatların təqdim edilmə formasını, maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxsləri, bu məlumatları qəbul edən orqanları və həmin məlumatların yoxlanılması qaydalarını müəyyən edir.

Maddə 2. Maliyyə xarakterli məlumatları təqdim edən vəzifəli şəxslər

2.1. Bu Qaydalar «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.1—2.1.4, 2.1.6 və 2.1.7-ci maddələrində göstərilən vəzifəli şəxslərə şamil edilir.

2.2. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsində nəzərdə tutulmuş şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə tənzimlənir.

Maddə 3. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar

3.1. Aşağıda göstərilən vəzifəli şəxslər maliyyə xarakterli məlumatları Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına (bundan sonra «Komissiya» adlandırılacaq) təqdim edirlər:

Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin Sədri və onun müavinləri, Azərbaycan Respublikasının Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Milli Məclisinin Aparatının, Azərbaycan Respublikası Hesablama Palatasının Aparatının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparatının, Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatının, Məhkəmə-Hüquq Şurasının Aparatının, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatının rəhbərləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, onların müavinləri və onlara bərabər tutulan şəxslər, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanununun 11.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati vəzifələri tutan şəxslər, 11.1.3-cü maddəsində nəzərdə tutulmuş 2-ci kateqoriya dövlət orqanlarının rəhbərlərinin müavinlərinin vəzifələrini və bölmə rəhbərlərinin vəzifələrini tutan şəxslər, habelə 11.1.4-cü maddəsində nəzərdə tutulmuş 5-ci kateqoriya dövlət orqanlarının aparatları rəhbərlərinin vəzifələrini tutan şəxslər və onlara bərabər tutulan vəzifəli şəxslər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri, yerli icra hakimiyyətlərinin başçıları, Azərbaycan Respublikası məhkəmələrinin hakimləri, Azərbaycan Respublikasının Baş prokuroru və onun müavinləri, şəhər, rayon və hərbi prokurorları, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Azərbaycan Respublikasının Mərkəzi Bankının, Hesablama Palatasının, Mərkəzi Seçki Komissiyasının sədrləri və onların müavinləri, Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktoru və onun müavini, Milli Televiziya və Radio Şurasının sədri, İctimai Televiziya və Radio Yayımları şirkətinin baş direktoru və onun müavinləri, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirləri, beynəlxalq təşkilatlardakı daimi nümayəndələri, baş konsulları, dövlət ali təhsil müəssisələrinin rəhbərləri, dövlətin nəzarət səhm zərfinə sahib olduğu təsərrüfat subyektlərinin rəhbərləri, habelə Komissiya tərəfindən müəyyən edilən dövlət idarə, müəssisə, təşkilatlarının və mərkəzi icra hakimiyyəti orqanlarının ərazi və ixtisaslaşdırılmış qurumlarının rəhbərləri.

3.2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Hesablama Palatasının üzvləri maliyyə xarakterli məlumatları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən müəyyən edilmiş quruma təqdim edirlər.

3.3. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları maliyyə xarakterli məlumatları Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən müəyyən edilmiş quruma təqdim edirlər.

3.4. Yerli özünüidarə orqanlarına seçilmiş şəxslər maliyyə xarakterli məlumatları müvafiq icra hakimiyyəti orqanına, yerli özünüidarə orqanlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər isə yerli özünüidarə orqanına təqdim edirlər.

3.5. Digər vəzifəli şəxslər maliyyə xarakterli məlumatları qulluq etdikləri dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilmiş maliyyə (mühasibat) qurumuna təqdim edirlər.

Maddə 4. Maliyyə xarakterli məlumatlar haqqında bəyannamə

4.1. Maliyyə xarakterli məlumatlar bəyannamə formasında təqdim edilir. Bəyannamənin forması və təqdim edilmə qaydaları Komissiyanın təklifləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

4.2. Vəzifəli şəxslər bəyannaməni yazılı formada tərtib edirlər və bəyannamədə göstərilən məlumatların həqiqiliyinə və tamlığına görə şəxsi məsuliyyət daşıyırlar.

4.3. Bəyannamə vəzifəli şəxslər tərəfindən təqdim edildikdən sonra geri götürülə bilməz.

4.4. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar vəzifəli şəxslərə bəyannamənin qəbul edilməsi barədə sənəd təqdim edirlər.

Maddə 5. Bəyannamənin məzmunu

5.1. Bəyannamədə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində nəzərdə tutulan məlumatlar göstərilir.

5.2. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində göstərilən məlumatlara vəzifəli şəxslərin ailə üzvlərinin (əri və ya arvadı və onunla birgə yaşayan valideynləri və uşaqları) əmlakı, maliyyə və əmlak xarakterli öhdəlikləri haqqında məlumatlar da daxildir.

5.3. Vəzifəli şəxslər bəyannaməni təqdim etdikdən sonra əldə etdikləri və sonradan özgəninkiləşdirdikləri bəyan edilməli olan əmlak barədə məlumatları növbəti ildə təqdim ediləcək bəyannaməyə əlavə edirlər.

Maddə 6. Maliyyə xarakterli məlumatların təqdim edilməsi müddətləri

6.1. Bəyannamə hər il yanvarın 1-dən 30-dək təqdim edilir.

6.2. Vəzifəli şəxslər vəzifələrinin icrasına başladıqları gündən 30 gün ərzində bəyannamə təqdim edirlər.

6.3. Vəzifəli şəxslər digər vəzifənin icrası ilə əlaqədar il ərzində bəyannamə təqdim etmişlərsə, yeni bəyannamə təqdim etmirlər.

6.4. Vəzifəli şəxslər vəzifədən azad edildikdən və ya onların səlahiyyətlərinə xitam verildikdən, habelə təqaüdə çıxdıqdan sonra növbəti bir il ərzində bu Qaydaların 6.1.-ci maddəsində göstərilmiş müddətdə bəyannamə təqdim edirlər.

6.5. Vəzifəli şəxslər bəyannaməni üzrsüz səbəbdən vaxtında təqdim etmədikdə və ya qəsdən natamam, yaxud təhrif edilmiş formada təqdim etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar.

6.6. Vəzifəli şəxslər vəzifədən azad edildikdən və ya onların səlahiyyətlərinə xitam verildikdən, habelə təqaüdə çıxdıqdan sonra bəyannaməni üzrsüz səbəbdən vaxtında təqdim etmədikdə və ya qəsdən natamam, yaxud təhrif edilmiş formada təqdim etdikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar.

Maddə 7. Maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarət

7.1. Maliyyə xarakterli məlumatların təqdim edilməsinə nəzarəti həmin məlumatları qəbul edən orqanlar həyata keçirir.

7.2. «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində və bu Qaydalarda nəzərdə tutulmuş tələblər və bu tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə vəzifəli şəxslər vəzifələrinin icrasına başladığı gündən 15 gün müddətində maliyyə xarakterli məlumatları qəbul edən orqanlar tərəfindən yazılı surətdə xəbərdar edilirlər.

7.3. Azərbaycan Respublikasının dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən olunmuş qaydada qeydə alınmış şəxslər tərəfindən maliyyə xarakterli məlumatların qəbul edilməsinə nəzarət Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

Maddə 8. Maliyyə xarakterli məlumatların yoxlanılması

8.1. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar bəyannaməni qəbul edərkən, onun düzgün tərtib edilib-edilməməsini müəyyən edir.

8.2. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar bəyannamədə göstərilən məlumatlar üzrə ilkin araşdırma apara bilər. İlkin araşdırma zamanı bəyannamədə göstərilən məlumatların həqiqiliyi və tamlığı, sonuncu dəfə təqdim edilmiş bəyannamə ilə əvvəllər təqdim edilmiş bəyannamələrdə göstərilən maliyyə xarakterli məlumatlar arasında fərqlər müəyyən edilir.

8.3. İlkin araşdırma zamanı maliyyə xarakterli məlumatları qəbul edən orqanlar bəyannamədə göstərilən məlumatlarla əlaqədar vəzifəli şəxsin şifahi və ya yazılı izahatlarını ala bilərlər. İlkin araşdırma zamanı alınmış izahatlar bəyannaməyə əlavə edilir.

8.4. Vəzifəli şəxs yoxlamanın nəticələri ilə tanış olmaq və yazılı izahatlar vermək hüququna malikdir.

8.5. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar ilkin araşdırma zamanı qanun pozuntuları müəyyən etdikdə materialları tədbir görülməsi üçün müvafiq dövlət orqanına göndərir.

Maddə 9. Maliyyə xarakterli məlumatların qorunması

9.1. Vəzifəli şəxsin təqdim etdiyi maliyyə xarakterli məlumatlar şəxsi həyatın sirri hesab olunur.

9.2. Maliyyə xarakterli məlumatları qəbul edən orqanlar həmin məlumatların konfidensiallığının qorunmasını təmin edirlər. Göstərilən məlumatlar həmin orqanlardan Komissiya tərəfindən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı Azərbaycan Respublikası Baş prokurorunun və ya məhkəmələrin əsaslandırılmış qərarları ilə tələb edilə bilər.

9.3. Vəzifəli şəxslər tərəfindən təqdim edilmiş maliyyə xarakterli məlumatların qanunsuz toplanılması və ya yayılması qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəb olur.

Maddə 10. Bu Qaydaların pozulmasına görə məsuliyyət

Bu Qaydaların pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati və ya intizam məsuliyyətinə səbəb olur.

Maddə 11. Keçid müddəaları

Bu Qaydaların 4.1-ci maddəsində nəzərdə tutulan bəyannamənin forması təsdiq edildikdən sonra vəzifəli şəxslər dörd ay müddətində bəyannaməni təqdim etməlidirlər.





Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.