Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı

Bakı şəhəri, 16 dekabr 2011-ci il

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi İsmayıl İsmayılovun, maraqlı subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsinin hakimi İnşallah Quliyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin məsləhətçisi Vasif Əmiraslanovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimi Bağır Əsədovun, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Kamran Babayevin, Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti Sədrinin müavini Əkrəm Həsənovun, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin elmi məsələlər üzrə dekan müavini, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Sərvər Süleymanlının iştirakı ilə Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R. İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin, mütəxəssislərin çıxışlarını və ekspertin rəyini dinləyib iş materiallarını müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu müəyyən etdi:

Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra — Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra — Mülki Məcəllə) 107-2.1 və 107-5.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 13 və 29-cu maddələri, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (bundan sonra — Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsi baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçılar Nizami Aslanbəyov və digərlərinin «Mingəçevir Təmir-Tikinti» Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra — «Mingəçevir Təmir-Tikinti» ASC) təşkilati-hüquqi formasının dəyişdirilməsi ilə bağlı edilmiş hərəkətlərin etibarsız sayılması, eyni zamanda iddiaçı Səxavət Namazovun həmin səhmdar cəmiyyətinin 22 oktyabr 2009-cu il tarixində keçirilmiş növbədənkənar ümumi yığıncağının 3 nömrəli protokolunun etibarsız hesab edilməsi və s. tələbi barədə mülki işlərin araşdırılması zamanı Mülki Məcəllənin bir sıra maddələrinin şərh edilməsi zərurəti yaranmışdır.

Belə ki, «Mingəçevir Təmir-Tikinti» ASC-nin 22 oktyabr 2009-cu il tarixində keçirilmiş və cəmiyyətin 188 səhmdarından 25 nəfərinin (səsli səhm sahiblərinin 79,47 faizinin) iştirak etdiyi növbədənkənar ümumi yığıncağında «Mingəçevir Təmir-Tikinti» ASC-nin yenidən təşkil edilərək məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi, səhmdar cəmiyyətinin səhmdarlarının öz paylarına müvafiq olaraq həmin məhdud məsuliyyətli cəmiyyətə payçı kimi qəbul edilmələri və bununla bağlı «Mingəçevir Təmir-Tikinti» ASC-nin səhmlərinin dövriyyədən çıxarılması haqqında qərarlar qəbul edilmişdir.

Müraciətedənin qənaətinə görə, Mülki Məcəllənin 107-2.1 və 107-5.1-ci maddələri mülkiyyət hüququnu tənzimləyən konstitusion normalara ziddir. Belə ki, səhmdar cəmiyyətinin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi ilə bağlı hər bir səhmdarın iradə ifadəsi olmadan (mülkiyyətçi kimi) ona aid səhmlərin aqibətini həll etmək yolverilməzdir.

Müraciətdə həmçinin qeyd olunur ki, səhmdar cəmiyyətinin səsvermədə iştirak etməyən və qəbul edilən qərarın əleyhinə olan səhmdarlarının mülkiyyət hüquqlarının müdafiəsi mexanizminin olmaması səbəbindən həmin məsələlərlə bağlı hüquq tətbiqetmə prosesində və səhmdarlar arasında fikir müxtəlifliyinin mövcudluğu təcrübədə hüquqlardan sui-istifadəni, o cümlədən hüquq və azadlıqlarla bağlı əsassız və qanunsuz məhdudiyyətlərin yaranmasını istisna etmir. Məhkəmələr tərəfindən Mülki Məcəllənin qeyd olunan normalarının birmənalı tətbiqi isə onların konstitusiya mühakiməsi vasitəsilə şərh edilməsindən sonra mümkündür.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinin məzmununa əsasən, məhkəmələr yalnız insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunların şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Şəki Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan məsələ bilavasitə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun həyata keçirilməsi ilə bağlıdır. Həmin maddəyə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir.

Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin I hissəsi və 71-ci maddəsinin I hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Bu öhdəliklər Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra — Milli Məclis) üzərinə qoyulub.

Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Digər tərəfdən Konstitusiyada və «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Milli Məclis mülkiyyət hüququnun məzmununun müəyyən olunması üzrə öz səlahiyyətlərini reallaşdırarkən bu hüdudları və mülkiyyətin funksiyalarının mütənasibliyini nəzərə almalıdır.

Mülkiyyət hüququ həmçinin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra — Avropa Məhkəməsi) hüquqi mövqeyinə görə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları» və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər (Avropa Məhkəməsinin Böyük Palatasının Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarı, § 124).

Avropa Məhkəməsinin qənaətinə görə, səhmlər Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri üçün «mülkiyyət» hesab olunur. Səhm təsdiqləyir ki, onun sahibi müəssisənin nizamnamə kapitalındakı payının mülkiyyətçisi olaraq müvafiq hüquqlara malikdir. Bu yalnız aktivlər üzərində dolayı nəzarət hüququ deyil, həmçinin səsvermə və müəssisənin fəaliyyətinə təsir göstərmək hüququdur (Avropa Məhkəməsinin Shesti Mai Engineering OOD və digərləri Bolqarıstana qarşı iş üzrə 20 sentyabr 2011-ci il tarixli Qərarı, § 77 və Sovtransavto Holding Ukraynaya qarşı iş üzrə 25 iyul 2002-ci il tarixli Qərarı, § 92).

Mülki Məcəllənin 1077.1-ci maddəsinə əsasən, səhm qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin (səhmdarın) səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir.

Göründüyü kimi, səhmdar üzvü olduğu cəmiyyətin işlərinin idarə olunmasında müəyyən hüquqlara malikdir. Bu hüquqlar Mülki Məcəllənin 106-1-ci maddəsində konkretləşdirilmişdir.

Bununla belə, nəzərə almaq lazımdır ki, səhmdarların cəmiyyətin idarə olunması ilə bağlı hüquqları əksəriyyət prinsipinə əsasən həyata keçirilir.

Səhmdar cəmiyyəti öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi «bir səsli səhm – bir səsdir» (Mülki Məcəllənin 107-3.5-ci maddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir.

Əks hal, yəni hər bir səhmdarın onun mülkiyyətində olan səhmlərin sayından asılı olmayaraq veto səlahiyyətinin tanınması, faktiki olaraq səhmdar cəmiyyətinin idarə olunmasında yekdillik prinsipinin tətbiqi deməkdir. Bu da öz növbəsində belə hüquqi şəxsin idarə olunmasını iflic edə bilər. Bu isə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılmasını müəyyən edən Konstitusiyanın 15-ci maddəsinin II hissəsində və Mülki Məcəllənin 1-ci maddəsində nəzərdə tutulan sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq kimi məqsəd və vəzifələrlə uzlaşmır.

Digər tərəfdən əgər azlığın hüquqlarının müdafiəsi məqsədilə səhmdar cəmiyyətlərinin idarə olunmasında yekdillik prinsipi tanınarsa və hər bir səhmdara veto səlahiyyəti verilərsə, bu, əksəriyyəti təmsil edən səhm sahiblərinin öz səhmlərinin hüquqi müqəddəratını müəyyən edə bilməyəcəyindən onların hüquqlarının daha böyük həcmdə pozulmasına səbəb olar. Beləliklə, səhmdar cəmiyyətində sərmayənin azını təmsil edən və səhmdar cəmiyyətinin hüquqi-təşkilati formasının dəyişməsini istəməyənlərlə eyni səhmdar cəmiyyətində sərmayənin əksəriyyətini təmsil edən və bunun dəyişməsini istəyənlər qarşı-qarşıya gəldikdə, sərmayənin əksəriyyətini təmsil edənlərin iradəsinin üstün tutulması tarazlılıq prinsipi baxımından daha ədalətli və məqsədəuyğundur.

Hər bir kommersiya təşkilatının əsas məqsədi gəlirin əldə olunmasıdır. Bu məqsədə nail olmaq üçün onlar müxtəlif, o cümlədən təşkilatın yenidən təşkili ilə bağlı qərarlar qəbul edirlər. Bu hallarda dövlətin səlahiyyətli orqanlarının belə qərarların iqtisadi cəhətdən məqsədəuyğunluğunu yoxlamaq səlahiyyəti yoxdur. Bununla belə, dövlət səhmdar cəmiyyətinin bütün iştirakçılarının mülkiyyət hüquqlarının qarantı olaraq bu qərarların qəbul olunması üçün qanunvericilikdə müvafiq prosedur qaydalarını müəyyən edib, onlara riayət olunmasına nəzarət etmək vəzifəsini daşıyır və hüquqları pozulmuş şəxsləri səmərəli müdafiə mexanizmləri vasitəsilə müdafiə etməlidir.

Buna müvafiq olaraq, Milli Məclis Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 13-cü bəndinə əsasən, öz diskresion (müstəsna) səlahiyyətlərini həyata keçirərkən bütün səhmdarların hüquqlarının qorunması məqsədilə, səhmdar cəmiyyətinin ümumi yığıncağının səlahiyyətli olması şərtlərini nəzərə alaraq, səhmdar cəmiyyətində qəbul olunan qərarın əhəmiyyətindən asılı olaraq belə qərarların qəbul olunması üçün tələb olunan müxtəlif əksəriyyət hədlərini müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 107-2.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağında səsli səhmlərin altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Eyni zamanda, həmin Məcəllənin 107-5.1-ci maddəsinin məzmununa görə, səhmdarların ümumi yığıncağının qərarı «bir səsli səhm – bir səsdir» müddəası nəzərə alınmaqla ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar isə səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir.

Belə hədlərin müəyyən olunması xarici ölkələrin korporativ idarəetmə praktikasına tamamilə uyğundur. Belə ki, istər qitə (roman-alman) hüquq sisteminə daxil olan ölkələrdə (Alman Paylı Ortaqlıqlar Qanunu, maddə 179; İsveçrə Mülki Məcəlləsi, maddə 647, 703; İtaliya Mülki Məcəlləsi, maddə 2368), istərsə də ingilis-sakson hüquq sistemlərində (İngiltərə Şirkətlər Qanunu, maddə 378; ABŞ Delaver ştatının Korporasiya Qanunu, maddə 216) səhmdar cəmiyyətinin hüquqi müqəddəratı barəsində qərar qəbul etmək səlahiyyəti səhmdar cəmiyyətinin nizamnamə kapitalında əksəriyyət payı olan səhmdarlara (daha çox sərmayə qoymuş səhmdarlara) verilmişdir.

Səhmdarların cəmiyyətin nizamnaməsinin dəyişdirilməsi və ya cəmiyyətin yenidən təşkili ilə bağlı qərarların qəbul olunmasında iştirak etməməsi və yaxud bu qərarların əleyhinə səs verməsi onların mülkiyyət hüquqlarını öz-özlüyündə pozmur.

Belə ki, korporativ münasibətləri nizamlayan hüquqi rejim səhmdarlara onların öz iradəsindən asılı olmayaraq tətbiq edilmir, bu münasibətlər çoxtərəfli razılaşmaya əsaslandığından onlarda iştirak məcburi deyildir. Hər bir səhmdar qabaqcadan bilir və ya bilməlidir ki, səhmdar cəmiyyətinin hüquqi rejiminin xüsusiyyətlərindən biri də nizamnamə kapitalının əksəriyyətinə sahib olan səhmdarlar tərəfindən şirkətin nizamnaməsinin dəyişdirilə və şirkətin yenidən təşkil oluna bilməsidir. Buna müvafiq olaraq, şəxs səhmdar cəmiyyətinə qoşularkən qanunvericilikdə nəzərdə tutulan qaydada bu cür dəyişikliklərin edilə biləcəyini qəbul etmiş hesab olunur. Həmçinin nəzərə almaq lazımdır ki, bir səhm onun sahibinə öz-özlüyündə səhmdar cəmiyyətinin müqəddəratını müəyyən etmək deyil, səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququ verir.

Bundan başqa, səhmdar əvvəlki səhmdar cəmiyyətinin nizamnamə kapitalında olan payının balans dəyərinə mütənasib şəkildə yeni təşkil olunan məhdud məsuliyyətli cəmiyyətdə də şəriklik payına sahib olur. Digər tərəfdən səhm və məhdud məsuliyyətli cəmiyyətdə pay hüququ eyni məzmun kəsb edir: hər ikisi təsərrüfat cəmiyyətinin nizamnamə kapitalında pay hüququ olmaqla sahibinə cəmiyyətdə eyni hüquqlar (gəlir götürmək, idarəetmədə iştirak etmək hüququ) verir. Yalnız azlığın payının əlindən alınması və ya onun dəyərinin azaldılması və s. bu kimi hallar ilə bağlı qərarların qəbul olunması müvafiq səhmdarların mülkiyyət hüququnun pozulmasına səbəb olar.

Beləliklə, səhmdar cəmiyyətinin ümumi yığıncağında bu cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi haqqında qərar Mülki Məcəllənin 106-1.3, 107-2.1 və 107-5.1-ci maddələrinin tələblərinə riayət olunmaqla qəbul edildikdə həmin yığıncaqda iştirak etməyən və yaxud çevrilmə haqqında qərarın əleyhinə səs verən səhmdarların mülkiyyət hüquqları pozulmur.

Lakin çevrilmə nəticəsində yenidən təşkil olunan cəmiyyətdə iştirak etmək istəməyən səhmdarların paylarının ayrılmasının dəqiq nizamlanma qaydası mülki qanunvericilikdə mövcud deyildir.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Səhmdar cəmiyyətinin çevrilməsi çoxmərhələli proses olaraq əvvəlki hüquqi şəxsin ləğvi və onun əmlak bazasında yeni hüquqi şəxsin yaradılmasını ehtiva edir. Bu proses mürəkkəb olduğuna və müxtəlif subyektlərin hüquqlarına təsir göstərə biləcəyinə görə qanunvericilikdə dəqiq nizamlanmalıdır.

Səhmdar cəmiyyətinin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsindən əvvəl Mülki Məcəllənin 107-5.1-ci maddəsinin məzmununa əsasən, səhmdarların ümumi yığıncağında çevrilmə haqqında qərar qəbul olunur. Bundan sonrakı mərhələlərdə həyata keçirilən hərəkətlər və qəbul olunan qərarlar yenidən təşkil olunan cəmiyyətlə bağlı olur. Belə ki, Mülki Məcəllənin 87.2-ci maddəsinin məzmununa görə, məhdud məsuliyyətli cəmiyyət yeni məhdud məsuliyyətli cəmiyyətin yaradılması və ya fəaliyyət göstərən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) yolu ilə yaradıla bilər. Mülki Məcəllənin 87.3-cü maddəsinə əsasən, cəmiyyətin yaradılması təsis yığıncağının keçirilməsini və müqavilənin bağlanmasını və ya cəmiyyətin yaradılması haqqında qərarın qəbul edilməsini, nizamnamə kapitalının ödənilməsini və nizamnamənin hazırlanmasını əhatə edir. Eyni zamanda, Mülki Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyətin təsis yığıncağında cəmiyyətin təsis edilməsi, nizamnamənin təsdiq edilməsi, cəmiyyətin yaradılması zamanı nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərinin təsdiq edilməsi, idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar təsisçilər tərəfindən yekdilliklə, digər məsələlər üzrə isə sadə səs çoxluğu ilə qəbul edilir.

Göründüyü kimi, hansı formada qurulmasından asılı olmayaraq təsis edilən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsini bütün iştirakçılar təsdiqləməlidir. Halbuki, müraciətdə qaldırılan məsələdə olduğu kimi, əvvəlki səhmdar cəmiyyətinin səhmdarları yenidən təşkil olunan məhdud məsuliyyətli cəmiyyətdə iştirakçı (təsisçi) olmaq istəməyə bilər və heç kim onları buna məcbur edə bilməz. Əgər belə məcburiyyət olarsa, Konstitusiyanın 59-cu maddəsində təsbit olunmuş azad sahibkarlıq hüququ və bu hüquqdan irəli gələn müqavilələrin azadlığı prinsipi pozulmuş olar. Belə ki, azad sahibkarlıq hüququnun məzmunu ondan ibarətdir ki, hər kəs qanunvericilikdə nəzərdə tutulan təşkilati-hüquqi formalar çərçivəsində təkbaşına və ya başqaları ilə birlikdə öz imkanlarından, qabiliyyətindən və əmlakından istifadə haqqında azad və müstəqil qərar vermək hüququna malikdir.

Eyni zamanda, çevrilmə yolu ilə təsis edilən yeni məhdud məsuliyyətli cəmiyyətdə iştirakçı (təsisçi) olmaq istəməyənlərin məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsini təsdiq etməməsi faktının hansı hüquqi nəticələrə səbəb olacağı açıq və aydın şəkildə qanunvericilikdə öz əksini tapmamışdır.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, çevrilmə yolu ilə yenidən təşkil edilən hüquqi şəxsdə iştirak etmək istəməyən səhmdarlara ləğvetmə payı verilməli və yeni qurulan məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı olmaq istəyən şəxslər tərəfindən nizamnamə təsdiq olunmalıdır.

Həmçinin Mülki Məcəllənin 1077.1-ci maddəsinin məzmunu da bunu ifadə edir. Belə ki, səhm digər hüquqlarla yanaşı, cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə səhmdarın hüququnu təsdiqləyir. Eyni zamanda, qeyd edildiyi kimi, səhmdar cəmiyyətinin çevrilməsi çoxmərhələli proses olaraq həm də əvvəlki hüquqi şəxsin ləğvini ehtiva edir. Ümumi yığıncaqda çevrilmə haqqında qərar verərkən səhmdarlar eyni zamanda səhmdar cəmiyyətinin ləğvi haqqında qərar vermiş olurlar. Məhz bundan sonra yenidən təşkil edilən hüquqi şəxsdə iştirak etmək istəməyən səhmdar öz ləğvetmə payının verilməsini tələb edə bilər.

Lakin qanunvericilikdə səhmdar cəmiyyətinin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsinin bütün mərhələlərini dəqiq nizamlayan qaydaların olmaması həm bütün səhmdarların, həm səhmdar cəmiyyətinin kreditorlarının hüquqlarına, həm də dövlətin maraqlarına (məsələn, vergi məsələlərində) mənfi təsir göstərə bilər.

Konstitusiya Məhkəməsi Plenumunun R. Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə, ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur... Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır.

Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, səhmdar cəmiyyətinin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsinin bütün mərhələlərini dəqiq nizamlayan qaydaların qanunvericilikdə müəyyən olunması Milli Məclisə tövsiyə edilməlidir.

Bu cür nizamlama, həmçinin Mülki Məcəllənin 88.1-ci maddəsi baxımından məqsədəmüvafiqdir. Həmin maddəyə əsasən, məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı qanunvericiliklə müəyyənləşdirilmiş həddi keçməməlidir.

Lakin qanunvericilikdə bu say müəyyən olunmamışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin qəbul edilməsindən irəli gələn bəzi məsələlərin həll edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 224 saylı Qərarının 1-ci bəndinə əsasən, qapalı səhmdar cəmiyyətinin iştirakçılarının say həddi 50 fiziki və ya hüquqi şəxsdən ibarət olmalıdır.

Bununla belə, məhdud məsuliyyətli cəmiyyət və qapalı səhmdar cəmiyyəti eyni iqtisadi funksiyaları (kiçik və orta kapitalların birləşməsi) yerinə yetirdiyindən məhdud məsuliyyətli cəmiyyətin iştirakçılarının sayı qapalı səhmdar cəmiyyətinin iştirakçılarının sayından çox olmamalıdır.

Yuxarıda göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı Mülki Məcəllənin bir sıra müddəalarının nəzərdən keçirilməsini zəruri hesab edir.

Belə ki, Mülki Məcəllənin 58.2-ci maddəsinə əsasən, yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin.

Bu normadan belə təsəvvür yarana bilər ki, kreditorlar istənilən halda hüquqi şəxsin yenidən təşkil olunması zamanı bu hüquqa malikdirlər.

Konstitusiya Məhkəməsinin Plenumu bununla əlaqədar qeyd edir ki, sırf yenidən təşkil olunma faktı öz-özlüyündə kreditorların bu tələblərini təhlükəyə salmadığı halda onların belə bir hüquqa qeyd-şərtsiz malik olmaları tarazlılıq və mütənasiblik prinsiplərinə, həm də sahibkarlıq fəaliyyəti sahəsində dövlətin maraqlarına uyğun gəlmir. Yalnız yenidən təşkil olunan təşkilatın kreditorlarının tələblərinin ödənilməsinin təminatı real təhlükə altına düşərsə, (məsələn, yeni təsis olunan təşkilatın nizamnamə kapitalı əvvəlki təşkilatın nizamnamə kapitalından kəskin surətdə az olarsa) kreditorların Mülki Məcəllənin 58.2-ci maddəsində nəzərdə tutulan tələbləri irəli sürmək hüquqları yarana bilər.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

    • səhmdar cəmiyyətinin ümumi yığıncağında Mülki Məcəllənin 106-1.3, 107-2.1 və 107-5.1-ci maddələrinin tələblərinə riayət olunmaqla cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi haqqında qəbul edilmiş qərar həmin yığıncaqda iştirak etməyən və yaxud çevrilmə haqqında qərarın əleyhinə səs verən səhmdarların mülkiyyət hüquqlarını pozmur.
    • bu Qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla səhmdar cəmiyyətinin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsinin bütün mərhələlərini dəqiq nizamlayan qaydaların qanunvericilikdə müəyyən olunması Milli Məclisə tövsiyə edilməlidir.
    • mülki qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər edilənədək məhkəmələr nəzərə almalıdırlar ki, səhmdar cəmiyyətinin çevrilməsi nəticəsində yenidən təşkil edilən məhdud məsuliyyətli cəmiyyətdə iştirak etmək istəməyən səhmdarların ləğv etmə paylarının verilməsi tələbi çevrilmə haqqında ümumi yığıncağın qərarının qəbulundan sonra təmin olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara aldı:

1. Səhmdar cəmiyyətinin ümumi yığıncağında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3, 107-2.1 və 107-5.1-ci maddələrinin tələblərinə riayət olunmaqla cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi haqqında qəbul edilmiş qərar həmin yığıncaqda iştirak etməyən və yaxud çevrilmə haqqında qərarın əleyhinə səs verən səhmdarların mülkiyyət hüquqlarını pozmur.

2. Bu Qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla səhmdar cəmiyyətinin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsinin bütün mərhələlərini dəqiq nizamlayan qaydaların qanunvericilikdə müəyyən olunması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Mülki qanunvericiliyə müvafiq əlavə və dəyişikliklər edilənədək məhkəmələr nəzərə almalıdırlar ki, səhmdar cəmiyyətinin çevrilməsi nəticəsində yenidən təşkil edilən məhdud məsuliyyətli cəmiyyətdə iştirak etmək istəməyən səhmdarların ləğv etmə paylarının verilməsi tələbi çevrilmə haqqında ümumi yığıncağın qərarının qəbulundan sonra təmin olunmalıdır.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədr

Fərhad ABDULLAYEV

«Respublika» qəzetində dərc edilmişdir (29 dekabr 2011-ci il, 283).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2016

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.