Axtar
az|рус|eng
Qanunvericilik

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat 3093
16 noyabr 2004-cü il
Nazir
F.MƏMMƏDOV

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası Milli
Bankı İdarə Heyətinin
3 noyabr 2004-cü il tarixli
qərarı ilə təsdiq edilmişdir
Protokol 19
İdarə Heyətinin sədri
E.RÜSTƏMOV

Banklarda hesabların açılması, aparılması və bağlanması
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Banklar haqqında», «Azərbaycan Respublikasının Milli Bankı haqqında», «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər normativ-hüquqi aktlarına əsasən hazırlanmış və Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda, yerli və xarici bankların yerli filiallarında, bank şöbələrində (bundan sonra—banklar) cari, ssuda və əmanət (depozit) hesablarının, cari subhesabların, habelə bankların müxbir hesablarının (bundan sonra—bank hesabları) açılması, aparılması və bağlanması qaydalarını müəyyən edir.

Bu Qaydalar həmçinin Azərbaycan Respublikası rezidentlərinin (kredit təşkilatları istisna olmaqla) qeyri-rezident banklarda bank hesabları açılması qaydalarını müəyyən edir.

Xüsusi seçki hesablarının açılması, əməliyyatların aparılması və dayandırılması qaydası Azərbaycan Respublikasının Milli Bankı ilə (bundan sonra — Milli Bank) razılaşdırılmaqla, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir.

1.2. Bu Qaydalar (5-1-ci bənd istisna olmaqla) Azərbaycan Respublikasında rezidentlərin və qeyri-rezidentlərin milli və xarici valyutada açılan bank hesablarına (xarici bankların manatda müxbir hesabları istisna olmaqla) şamil edilir. Rezidentlərin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada açılan hesablarında əməliyyatların aparılması zamanı mövcud valyuta rejiminə riayət olunmalıdır.

Rezidentlərin və qeyri-rezidentlərin xarici valyutada açılan hesablarında əməliyyatların aparılması zamanı mövcud valyuta rejiminə riayət olunmalıdır. Qeyri-rezidentlərin milli valyutada hesablarının rejimi rezidentlərin hesablarının rejimi ilə eynidir.

1.3. Bank hesabları dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər, onların filial, nümayəndəlik və digər ayrıca bölmələri, Həmkarlar İttifaqının ilk təşkilatları, ailə kəndli təsərrüfatı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra—fərdi sahibkarlar), həmçinin fiziki şəxslər (bundan sonra ümumilikdə—müştərilər) üçün açılır.

1.4. Müştərilər (hesab sahibləri) bank hesabları açarkən, bankları seçməkdə müstəqildirlər, bir və ya bir neçə bankda hesab aça bilərlər. Xarici valyutada bank hesabları yalnız müvəkkil banklarda açıla bilər.

Yerli banklar milli valyutada (manatda) müxbir hesablarını yalnız Milli Bankda açırlar.

1.5. Bank hesablarının açılması üçün maraqlı şəxslərin müraciətlərinə baxılması proseduru hər bir bankın müvafiq daxili qaydaları ilə müəyyən olunur. Daxili qaydaların hazırlanmasında bu Qaydalarla yanaşı «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları da nəzərə alınmalıdır.

2. Bank hesablarının növləri

2.1. Bank hesabları aşağıdakı növlərə bölünür:

    • cari hesablar;
    • cari subhesablar;
    • ssuda hesabları;
    • əmanət (depozit) hesabları;
    • müxbir hesablar.

2.2. Cari hesablar dövlət orqanlarının, bələdiyyələrin, hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, ailə kəndli təsərrüfatının həmçinin fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. Fiziki şəxslərin cari hesabları onların hesabına daxil olan pul vəsaitini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarını yerinə yetirmək üçün açılır. Həmkarlar İttifaqının ilk təşkilatı üçün cari hesablar qanunvericiliklə və nizamnamə ilə onların üzərinə qoyulmuş vəzifələrin icrası üçün açılır.

Büdcə təşkilatlarına cari hesablar yalnız xarici dövlət və hüquqi şəxslər tərəfindən məqsədli təyinat üzrə verilən yardım və qrantların alınması və istifadəsi üzrə bank əməliyyatlarının aparılması üçün açılır.

Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir.

2.3. Müvəqqəti cari hesablar təsərrüfat ortaqlıqları, cəmiyyətləri, kooperativlər və digər təsərrüfat subyektlərinə onların dövlət qeydiyyatına alınanadək müvafiq olaraq nizamnamə, şərikli kapitallarının, habelə paylarının ödənilməsi üçün açılır.

2.4. Xüsusi cari hesablara məhkəmələrin və məhkəmə icraçısı qurumlarının depozit hesabları, habelə notariusların depozit, sığorta girovu və zəmanət kassası hesabları aiddir.

2.5. Məhkəmənin və məhkəmə icraçıları qurumunun depozit hesabları qanunvericilikdə nəzərdə tutulmuş məqsədlərlə bank əməliyyatlarının aparılması üçün açılır.

Sığorta girovu və zəmanət kassası hesabı xüsusi qaydada notariat fəaliyyəti həyata keçirilən zaman fəaliyyət nəticəsində vurula biləcək ziyanın ödənilməsi və xüsusi notariusun məsuliyyətinə zəmanət vermək məqsədilə qanunla nəzərdə tutulmuş pul vəsaitlərinin yığılması və istifadəsi üçün xüsusi notariuslara açılır.

Notariusun depozit hesabı qanunvericilikdə nəzərdə tutulmuş hallarda hüquqi və fiziki şəxslərdən pul vəsaitlərinin, qiymətli kağızların daxil olması, saxlanması və digər əməliyyatların aparılması üçün dövlət və xüsusi notariuslara açılır.

2.6. Cari subhesablar hüquqi şəxslərə onların regional fəaliyyətləri ilə əlaqədar filial və nümayəndəlik statusu daşımayan və olduğu yerdən kənarda yerləşən struktur bölmələrinə açılır. Bu hesablara daxil olan vəsaitlər həmin struktur bölmələrinin işçilərinin əmək haqları və əmək haqqı ilə bağlı digər məcburi köçürmələrin, habelə bu qurumların fəaliyyətini təmin edən zəruri kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, baş təşkilatla bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə baş təşkilatın cari hesabına köçürülməlidir.

2.7. Ssuda hesabları bankın müştərilərə verdiyi kreditlərin uçotu üçün kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə, həmçinin kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.

2.8. Əmanət (depozit) hesabları bank əmanəti (depozit) müqaviləsinə əsasən müştərilərin əmanətlərinin uçotu, pul vəsaitlərinin əmanətlərə cəlb edilməsi və müvafiq əməliyyatların aparılması üçün açılır.

Hüquqi şəxslərin əmanət (depozit) hesablarında olan pul vəsaiti başqa şəxslərə köçürülə bilməz.

2.9. Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatlarının aparılması məqsədi ilə yerli və xarici banklar üçün açılır.

3. Bank hesablarının açılması üçün tələb olunan sənədlər

3.1. Cari hesabın açılması üçün dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər və fərdi sahibkarlardan aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

3.1.1. ərizə (Əlavə 1);

3.1.2. dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının icazə məktubu;

3.1.3. bələdiyyənin, hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti. Müvafiq dövlət hakimiyyəti orqanının aktı ilə təsdiq olunmuş nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən dövlət orqanı nizamnamənin (əsasnamənin) müvafiq aktla təsdiq olunduğunu subut edən sənədi təqdim edir;

3.1.4. dövlət qeydiyyatı haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti (bələdiyyələr və hüquqi şəxslər üçün).

Qeyd: Dövlət qeydiyyatı haqqında sənəd ədliyyə orqanları və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (dini qurumlara aid halda) tərəfindən verilir. 2008-ci il 01 yanvar tarixindən etibarən kommersiya hüquqi şəxsləri və xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəlikləri vergi orqanlarında dövlət qeydiyyatına alınırlar. 1992-ci il 01 oktyabr tarixinədək müvafiq icra hakimiyyəti orqanlarında, 1996-cı il 01 iyun tarixinədək isə aşağıda göstərilən orqanlarda dövlət qeydiyyatına alınmış şəxslərin dövlət qeydiyyatı haqqında sənədləri ədliyyə orqanlarının qeydiyyat sənədləri ilə eyni hüquqi qüvvəyə malikdir:

    • sığorta təşkilatları—Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində;
    • banklar—Milli Bankda;
    • tədris müəssisələri—Nazirlər Kabinetində və Təhsil Nazirliyində;
    • icarə müəssisələri, mənzil-tikinti kooperativləri və kəndli (fermer) təsərrüfatları—yerli icra hakimiyyəti orqanlarında;
    • kütləvi informasiya vasitələri—Mətbuat və İnformasiya Nazirliyində;
    • birgə və tam xarici investisiyalı müəssisələr—Maliyyə Nazirliyində;
    • xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri—Xarici İqtisadi Əlaqələr Nazirliyində.

3.1.5. fərdi sahibkarın şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);

Qeyd. Bu Qaydaların 3.1.5-ci, 3.2-3.3-cü, 3.3.4-cü, 3.5.3.1-ci, 3.6.2-ci və 6.2.4-cü bəndlərinin məqsədləri üçün şəxsiyyəti təsdiq edən sənədlərə aşağıdakılar aiddir:

    • şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);
    • pasport (əcnəbilər üçün);
    • Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və formada Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi;
    • Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxsin daimi qeydiyyatda olduğu digər ölkədə aldığı vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
    • hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər);
    • hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr;
    • kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet.

3.1.6. statistika orqanlarında statistik vahidlərin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;

3.1.7. müvafiq dövlət sosial sığorta orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (kommersiya hüquqi şəxsləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla);

3.1.8. müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli.

Qeyd: Bildiriş və şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi müştərinin hesab açdığı bankda (bank filialında, şöbəsində) qalır, digər hissəsi isə bankın (bank filialının, şöbəsinin) müvafiq qeydləri aparıldıqdan sonra dərhal onu vermiş Dövlət Sosial Müdafiə Fondu və vergi orqanına qaytarılır (Dövlət Sosial Müdafiə Fonduna müştəri vasitəsilə, vergi orqanına isə bank (bank filialı, şöbəsi) tərəfindən). Bildiriş və şəhadətnamə-dublikatla yalnız onlarda göstərilmiş bankda (bank filialında, şöbəsində) hesab açıla bilər.

Bildiriş və şəhadətnamə-dublikat alındığı tarixdən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş müddətdə (10 gün ərzində) hesab açılmaq üçün istifadə olunmadıqda, qüvvədən düşmüş hesab edilir. Müddət bildirişin və şəhadətnamə-dublikatın verildiyi sonrakı gündən hesablanır.

3.1.9. imza və möhür nümunələri vərəqəsi.

3.2. Hüquqi şəxslərin filiallarına, nümayəndəliklərinə və digər ayrıca bölmələrinə cari hesabların açılması üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

3.2.1. ərizə (Əlavə 1);

3.2.2. baş təşkilatın (hüquqi şəxsin) dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

3.2.3. filialın, nümayəndəliyin, digər ayrıca bölmənin yuxarı təşkilatı tərəfindən təsdiq edilmiş nizamnaməsinin (əsasnaməsinin) əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti. Nümunəvi nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən qurumlar nizamnaməsinin (əsasnaməsinin) nümunəvi olduğunu təsdiq edən sənədi təqdim edir;

3.2.4. müvafiq dövlət sosial sığorta orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (kommersiya hüquqi şəxslərinin filialları, nümayəndəlikləri və digər ayrıca bölmələri istisna olmaqla);

3.2.5. müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;

3.2.6. imza və möhür nümunələri vərəqəsi.

3.2-1. Fiziki şəxsin cari hesabının açılması üçün bu Qaydaların 3.5.3-cü bəndində göstərilən sənədlərin təqdim edilməsi tələb olunur.

3.2-2. Həmkarlar İttifaqının ilk təşkilatına cari hesabın açılması üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

3.2-2.1. ərizə (Əlavə 1);

3.2-2.2. Həmkarlar İttifaqı ilk təşkilatının yaradılması haqqında üzv olduğu Həmkarlar İttifaqı birliyi tərəfindən təsdiq olunmuş qərar və ya qərardan çıxarış;

3.2-2.3. üzv olduğu Həmkarlar İttifaqı birliyinin notariat qaydasında təsdiq olunmuş nizamnaməsi;

3.2-2.4. imza və möhür nümunələri vərəqəsi.

3.2-3. Ailə kəndli təsərrüfatına cari hesabın açılması üçün aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur:

3.2-3.1. ərizə (Əlavə 1);

3.2-3.2. müvafiq ərazi üzrə uçota alındığı bələdiyyə tərəfindən verilmiş vəsiqənin notariat qaydasında təsdiq edilmiş surəti;

3.2-3.3. ailə kəndli təsərrüfatın başçısının şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə və imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);

3.2-3.4. müvafiq dövlət sosial sığorta orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli;

3.2-3.5. imza nümunəsi vərəqəsi.

3.3. Müvəqqəti cari hesabın açılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

3.3.1. ərizə (Əlavə 1). Ərizə təsisçilərin müvəkkil etdiyi şəxs tərəfindən imzalanır;

3.3.2. təsərrüfat ortaqlığının və təsərrüfat cəmiyyətinin, kooperativin yaradılması haqqında notariat qaydasında təsdiq edilmiş təsis müqaviləsinin bir nüsxəsi (bir təsisçi tərəfindən yaradıldıqda—təsisçinin qərarı);

3.3.3. hesabın açılmasına və hesab üzrə sərəncam verilməsi səlahiyyətinə malik olan müvəkkil şəxsin təyin edilməsi haqqında təsisçilərin (təsisçinin) qərarı;

3.3.4. müvəkkil şəxsin şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların hesabın açılmasına dair ərizədə göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);

3.3.5. imza nümunəsi vərəqəsi.

Müvəqqəti cari hesab üzrə yalnız təsərrüfat subyektinin nizamnamə kapitalının (şərikli kapitalın, payların) formalaşdırılması və bank xidmətləri haqqının ödənilməsi ilə bağlı əməliyyatlar aparıla bilər. Dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu almış təsərrüfat subyektinə müvəqqəti hesabı olan bankda və ya onun seçdiyi digər bankda bu Qaydalarda müəyyən olunmuş qaydada cari hesab açılır və hesabda olan vəsait onun müvəkkil şəxsinin tapşırığına əsasən həmin cari hesaba köçürülür.

Təsərrüfat subyekti dövlət qeydiyyatına alınmadıqda, müvəqqəti cari hesabda yerləşdirilmiş vəsait müvəkkil şəxsin ərizəsinə əsasən geri qaytarılır və ya müvəkkil şəxsin sərəncamına əsasən təsisçilərin bank hesablarına köçürülür.

3.4. Ssuda hesabının açılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

3.4.1. kredit müqaviləsinə əsasən kreditin istifadəsi və ödənilməsi cari hesab vasitəsilə həyata keçirildikdə, ssuda hesabının açılması üçün kreditin rəsmiləşdirilməsinə dair bankın daxili qaydalarında nəzərdə tutulan sənədlər;

3.4.2. kredit müqaviləsinə əsasən kreditin istifadəsi və ödənilməsi bilavasitə ssuda hesabı vasitəsilə həyata keçirildikdə, bu Qaydalarda cari hesabların açılması üçün tələb olunan sənədlər;

3.4.3. fərdi sahibkar olmayan fiziki şəxslər üçün bu Qaydalarda əmanət hesablarının açılması üçün tələb olunan və kreditin rəsmiləşdirilməsinə dair bankın daxili qaydalarında nəzərdə tutulan sənədlər.

3.5. Əmanət (depozit) hesabının açılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

3.5.1. dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər, hüquqi şəxslərin filial, nümayəndəlik və digər ayrıca bölmələri üçün bu Qaydaların 3.1-ci bəndində göstərilən sənədlər;

3.5.2. ailə kəndli təsərrüfatı üçün bu Qaydaların 3.2-3-cü bəndində göstərilən sənədlər;

3.5.3. fiziki şəxslər üçün:

3.5.3.1. şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatlar imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);

3.5.3.2. imza nümunəsi vərəqəsi.

3.6. Üçüncü şəxslərin xeyrinə bank əmanəti (depozit) hesabının açılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

3.6.1. ərizə (Əlavə 1);

3.6.2. xeyrinə hesab açılan şəxsin eyniləşdirilməsini mümkün edən məlumatlar (dövlət orqanları və bələdiyyələr üçün—onların adları və yerləşdiyi ünvanları, hüquqi şəxslər üçün—onların adları və dövlət qeydiyyatı haqqında sənədin məlumatları, fiziki şəxslər üçün—adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları və s.); təqdim olunan sənədlərin surətləri bankda saxlanılır;

3.6.3. hesabı açan şəxsin imza nümunəsi (imza və möhür nümunəsi) vərəqəsi.

3.6.4. xeyrinə depozit hesabı açılan hüquqi şəxs və ya vergi orqanlarında uçota alınmalı digər şəxs hesab üzrə əmfnətçi hüquqlarından istifadə etmək niyyətini banka bildirdikdə, bu Qaydalarda belə şəxslərə əmanət (depozit) hesabı açılması üçün tələb olunan sənədləri təqdim etməlidir;

3.6.5. hesabı açan şəxs açdığı hesabdan Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq surətdə özü istifadə etdikdə, həmin şəxs əlavə olaraq əmanət (depozit) hesabının açılması üçün tələb olunan sənədləri təqdim etməlidir.

3.7. Cari subhesabın açılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

3.7.1. baş təşkilatın ərizəsi (Əlavə 1);

3.7.2. baş təşkilatın dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

3.7.3. müvafiq dövlət sosial sığorta orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (kommersiya hüquqi şəxsləri olmayan sığortaedənlər üçün);

3.7.4. müvafiq vergi orqanı tərəfindən baş təşkilata verilmiş şəhadətnamə-dublikatın əsli (yerli qurum vergi ödəyicisi olduqda özünün şəhadətnamə-dublikatının əsli);

3.7.5. imza və möhür nümunəsi vərəqəsi.

3.8. Hesabın açılmasına dair sənədlər hesabın rəsmiləşdirilməsinə dair işdə, imza və möhür nümunələri olan vərəqələr isə məsul icraçıda və nəzarətçidə saxlanılır.

3.9. Müştərinin müxtəlif növ bank hesabları eyni bankda açıldıqda, yeni hesab üzrə ərizənin, müvafiq hallarda dövlət sosial sığorta və vergi orqanları tərəfindən verilmiş şəhadətnamə-dublikatın əslinin təqdim olunması kifayətdir. Bankda açılan yeni hesab üzrə sərəncam vermək hüququ digər şəxslərə həvalə edildikdə, yeni hesab üzrə imza və möhür nümunəsi də təqdim olunmalıdır.

3.10. Yerli bankların müxbir hesablarının açılması zamanı bu Qaydaların 3.1-ci bəndində nəzərdə tutulan sənədlərə əlavə olaraq Milli Bank tərəfindən verilən bank lisenziyasının və hesab üzrə sərəncam hüququna malik inzibatçının Milli Bankda attestasiyadan keçməsini təsdiq edən attestasiya vərəqəsinin notariat qaydasında təsdiq olunmuş surəti təqdim olunur.

Bu Qaydalara əsasən xarici bankların müxbir hesablarının açılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tətbiq olunan müvafiq tədbirlər yerli bankların da müxbir hesablarının açılması və rəsmiləşdirilməsi zamanı tətbiq edilməlidir.

Bank olmayan kredit təşkilatlarının, o cümlədən kredit ittifaqlarının cari və digər bank hesablarının (müvəqqəti cari hesabları istisna olmaqla) açılması zamanı da Milli Bank tərəfindən məhdud bank fəaliyyətinə verilən xüsusi razılığın (lisenziyanın) notariat qaydasında təsdiq olunmuş surəti təqdim olunmalıdır.

4. Xüsusi cari hesabların açılması

4.1. Məhkəmənin və məhkəmə icraçıları qurumunun depozit hesabının açılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

4.1.1. ərizə (Əlavə 1);

4.1.2. imza və möhür nümunəsi vərəqəsi.

4.2. Sığorta girovu hesabının açılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

4.2.1. ərizə (Əlavə 1);

4.2.2. notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;

4.2.3. imza və möhür nümunələri vərəqəsi.

4.3. Zəmanət kassası hesabının açılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

4.3.1. ərizə (Əlavə 1);

4.3.2. xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti;

4.3.3. imza və möhür nümunələri vərəqəsi.

4.4. Dövlət və xüsusi notariusun depozit hesabının açılması üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

4.4.1. ərizə (Əlavə 1);

4.4.2. notariat fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumunun notariusun bankda depozit hesabının açılmasına razılıq məktubu (dövlət notariusları üçün);

4.4.3. xüsusi notariusun qeydiyyat vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti (xüsusi notariuslar üçün);

4.4.4. imza və möhür nümunəsi vərəqəsi.

5. Rezidentlərə xarici valyutada bank hesablarının açılması

5.1. Rezident olan şəxslərə bank hesablarının xarici valyutada açılması üçün bu Qaydaların 3-cü bəndində sadalanan sənədlər təqdim edilməlidir.

5.2. Milli valyutada bank hesabı olan bankda xarici valyutada bank hesabının açılması üçün müştəri tərəfindən hesabın açılmasına dair ərizənin, habelə müvafiq hallarda dövlət sosial sığorta və vergi orqanları tərəfindən verilmiş şəhadətnamə-dublikatın əslinin təqdim olunması kifayətdir.

5-1. Rezidentlərə (kredit təşkilatları istisna olmaqla) qeyri-rezident banklarda bank hesablarının açılması

5-1.1. Rezidentlər istənilən ölkədə yerləşən qeyri-rezident banklarda sərbəst şəkildə hesablar aça bilərlər.

5-1.2. Rezidentlər sahibkarlıq fəaliyyəti məqsədləri üçün qeyri-rezident banklarda hesab açarkən vergi orqanlarından şəhadətnamə-dublikat almalı və hesab üzrə əməliyyatlar aparıldığı tarixədək bildiriş hissəsini müvafiq qeydlər etməklə vergi orqanına təqdim etməlidirlər.

6. Qeyri-rezidentlərə Azərbaycan Respublikasının milli valyutasında və xarici valyutada bank hesablarının açılması

6.1. Qeyri-rezident hüquqi şəxslər banklarda yalnız Azərbaycan Respublikası ərazisində filial və ya nümayəndəlikləri olduğu halda, Azərbaycan Respublikasının milli valyutasında (manatda) istənilən bank hesabı aça bilərlər.

Qeyri-rezident hüquqi şəxslər üçün əmanət (depozit) hesabları bu şərtdən asılı olmayaraq açıla bilər.

6.2. Bu Qaydaların 6.1-ci bəndinin şərtləri nəzərə alınmaqla, qeyri-rezidentlərə Azərbaycan Respublikasının milli valyutasında və xarici valyutada bank hesablarının açılması üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

6.2.1. ərizə (Əlavə 1);

6.2.2. xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

6.2.3. xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsinin (əsasnaməsinin) əsli və ya notariat qaydasında təsdiq olunmuş surəti;

6.2.4. fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənəd (sənəddəki məlumatların imza nümunəsi vərəqəsində göstərilənlərə uyğunluğu yoxlanılır, bankda saxlanılması üçün sənədin surəti çıxarılır və sənəd geri qaytarılır);

6.2.5. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə tutulmadıqda, hüquqi şəxs olan qeyri-rezidentin təsis və qeydiyyat sənədlərinin qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surətləri (hesab xarici hüquqi şəxs üçün açıldıqda);

6.2.6. statistika orqanlarında statistik vahidlərin dövlət reyestrinə daxil edilməsi haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti (xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün);

6.2.7. müvafiq dövlət sosial sığorta orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (qeyri-kommersiya hüquqi şəxsləri olan sığortaedənlər üçün);

6.2.8. müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla, xarici hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, fərdi sahibkarlar üçün);

6.2.9. imza və möhür nümunəsi vərəqəsi;

6.2.10. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulduğu halda, hesabın açılması üçün xarici ölkənin müvafiq dövlət orqanının (mərkəzi bankının və ya digər səlahiyyətli orqanın) xüsusi icazəsi (qanunvericiliyə uyğun leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti).

6.3. Rəsmi nümayəndəliklərə bank hesablarının açılması üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

6.3.1. ərizə (Əlavə 1);

6.3.2. xarici diplomatik və digər rəsmi nümayəndəliyin statusunu təsdiqləyən sənəd (Azərbaycan dilinə tərcümə edilmiş və notariat qaydasında təsdiq edilmiş surəti);

6.3.3. imza və möhür nümunəsi vərəqəsi.

6.4. Xarici bankların milli valyutada (manatda) və xarici valyutada müxbir hesablarının açılması üçün aşağıdakılar tələb olunur:

6.4.1. ərizə (Əlavə 1);

6.4.2. bankın nizamnaməsinin və ya hüquqi statusunu əks etdirən digər sənədin, habelə qeydiyyatdan keçən ölkənin səlahiyyətli orqanı tərəfindən bank fəaliyyətinə icazə verən sənədin surətləri (qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş);

6.4.3. son illik hesabat və ya son maliyyə ilinə audit yoxlamasının nəticələri barədə arayış;

6.4.4. son ayın 1-i tarixinə balans;

6.4.5. bankın rəhbərliyi haqqında məlumat, habelə səlahiyyətli imzalar nümunəsi məcmuəsi və ya hesab üzrə sərəncam vermək səlahiyyətlərinə malik şəxslərin imza nümunələrinin və bankın möhürünün qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış əksi;

6.4.6. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulduğu halda, xarici bankın yerləşdiyi ölkənin səlahiyyətli orqanı tərəfindən (mərkəzi bank və ya digər səlahiyyətli orqan) müxbir hesabın açılmasına verilmiş icazə (qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti).

6.4.7. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə bankın daxili nəzarət sistemi və bu sahəyə məsul şəxsi barədə, bankın əsas fəaliyyət istiqamətləri və sağlam nüfuzu barədə, habelə hər hansı səlahiyyətli orqan tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı banka qarşı istintaq hərəkətlərinin həyata keçirilməsi və/və ya nəzarət tədbirlərinin görülməsi barədə məlumat;

6.4.8. xarici bankın shell-bank (hər hansı ölkədə fiziki mövcudluğu olmayan və bank tənzimləməsi və nəzarəti orqanları tərəfindən tənzimləmə və nəzarət prosesləri ilə əhatə edilməyən bank) vasitəsilə işgüzar münasibətlərin yaradılmaması və ya əməliyyatların həyata keçirilməməsi barədə məlumat.

6.5. Bu Qaydaların 6.4.1 — 6.4.8-ci bəndlərində nəzərdə tutulmuş sənədlər və məlumatlar xarici bankın özü tərəfindən təqdim edilir, habelə yerli bank tərəfindən etibarlı mənbələr vasitəsilə (kütləvi informasiya vasitələri, internet informasiya ehtiyatları, rəsmi nəşrlər) əldə edilir.

6.6. Xarici bankların milli valyutada (manatda) və xarici valyutada müxbir hesablarının açılması üçün onların yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bu banklara münasibətdə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə tətbiq edilən nəzarət tədbirlərinin adekvatlığı da yerli banklar tərəfindən qiymətləndirilir.

6.7. Xarici bankla müxbir hesab müqaviləsi tranzit müxbir hesablardan (payable-through accounts) istifadəni nəzərdə tutursa, yerli banklar tərəfindən aşağıdakılar müəyyən edilməlidir:

6.7.1. xarici bankın müxbir hesablarına birbaşa çıxışı olan müştərilərin zəruri eyniləşdirmə prosedurları ilə əhatə olunması;

6.7.2. xarici bank tərəfindən bu Qaydaların 6.7.1-ci bəndində qeyd olunan şəxslərə dair eyniləşdirmə məlumatlarının öz təşəbbüsü və ya yerli bankın müvafiq sorğusu əsasında təqdim edilə bilməsi.

6.8. Xarici bankın müxbir hesabının açılması üçün təqdim edilən sənədlər və əldə olunmuş məlumatlar əsasında yerli bankın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə məsul şəxsi tərəfindən yazılı təhlil hesabatı tərtib olunur. Həmin hesabat müvafiq hesabın rəsmiləşdirilməsinə səlahiyyətli olan bankın rəhbər vəzifəli şəxsinə təqdim olunur.

7. Bank hesablarının rəsmiləşdirilməsi

7.1. Müştərilər üçün bank hesabının açılması müştəri ilə bank arasında bağlanan bank hesabı müqaviləsi ilə rəsmiləşdirilir. Bank hesabı müqaviləsinin forması və şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

7.1-1. Bank hesabı müqaviləsi bankın rəhbər vəzifəli şəxsinin və ya müvəkkil edilmiş şəxsin imzası ilə rəsmiləşdirilə bilər. Xarici bankın müxbir hesab müqaviləsi yalnız bankın rəhbər vəzifəli şəxsi (İdarə Heyətinin üzvü) tərəfindən imzalana bilər. Xarici bankın müxbir hesab müqaviləsində yerli və xarici bankın cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə vəzifələri də nəzərdə tutulmalıdır.

7.2. Bank aşağıdakı hallarda bank hesabı müqaviləsinin bağlanmasından imtina etməlidir:

7.2.1. müvafiq bank hesabının açılması üçün tələb olunan sənədlər təqdim edilmədikdə;

7.2.2. təqdim edilmiş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

7.2.3. dövlət sosial sığorta və vergi orqanından alınan bildirişdə və şəhadətnamə-dublikatda bank hesabının açılması üçün digər bankın adı göstərildikdə;

7.2.4. dövlət sosial sığorta və vergi orqanından alınan bildiriş və şəhadətnamə-dublikat zaman etibarilə hüquqi qüvvəsini itirdikdə;

7.2.5. müştərilərin xidmətə qəbul olunmasına bankın imkanı olmadıqda və ya buna qanunla, yaxud başqa hüquqi aktlarla yol verilmədikdə;

7.2.6. bank hesabının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməliyyatların aparılması üçün istifadə ediləcəyi barədə əsaslı şübhələr olduqda;

7.2.7. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə bankın daxili nəzarət sistemi müxbir hesabdan istifadə edən müştərilərin və benefisiarların eyniləşdirilməsi və əməliyyatlar üzrə daxili nəzarətin həyata keçirilməsi üçün qeyri-adekvat olduqda, habelə bankın shell-bank vasitəsilə açılmış müxbir hesab üzrə işgüzar münasibətlərin yaradılması və ya əməliyyatların həyata keçirilməsi müəyyən edildikdə;

7.2.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

7.3. Bu Qaydaların 7.2.6-cı bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, hesabın açılmasından bank imtina etdikdə, ərizə verən şəxsə onun tələbi ilə imtinanın səbəbləri yazılı surətdə bildirilməlidir. Bu halda bank hesabının açılması üçün təqdim edilən sənədlərin surətləri bankda saxlanılır.

Bu Qaydaların 7.2.6-cı bəndində nəzərdə tutulmuş halda bank hesabının açılmasından imtina səbəbləri haqqında bank müştəriyə məlumat verməməlidir.

7.4. Bank hesabının açılmasından imtina edən bankın qanunsuz hərəkətlərindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məhkəməyə şikayət verilə bilər.

8. İmza və möhür nümunələri vərəqəsi

8.1. Dövlət orqanlarının, bələdiyyələrin, rəsmi nümayəndəliklərin, hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, habelə Həmkarlar İttifaqı ilk təşkilatının imza və möhür nümunələri vərəqəsi (Əlavə 2) notariat qaydasında təsdiq edilməlidir.

8.2. Dövlət orqanlarının, bələdiyyələrin, rəsmi nümayəndəliklərin, hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin bank hesabı üzrə sərəncam hüququnu həmin təşkilatların rəhbərləri və/və ya onların müvəkkil etdikləri şəxs(lər) həyata keçirə bilərlər.

8.3. Hesab üzrə sərəncam hüququ bir şəxsə məxsus olduqda, banka təqdim olunan imza və möhür nümunələri vərəqəsində bu barədə müvafiq qeyd aparılır.

8.4. Vərəqəyə müştərinin möhürünün əksi həkk olunmalıdır. Xüsusi məqsədlər üçün («kadrlar üçün», «buraxılış vəsiqələri üçün» və s.) nəzərdə tutulmuş möhürlərin vərəqədə istifadəsinə yol verilmir.

8.5. Müştərinin möhürü olmadıqda, vərəqədə bu barədə qeyd olunur.

Müvəqqəti olaraq möhür olmadıqda (müştərinin adı, tabeliyi dəyişdikdə, möhür itirildikdə, yaxud köhnəldikdə), müştəri ilə bank arasında bank sənədlərinin rəsmiləşdirilməsi qaydaları ikitərəfli yazılı razılıq əsasında müəyyənləşdirilir (vəziyyətdən asılı olaraq bir aydan çox olmamaq şərtilə sənədləri əvvəlki möhürlə, yuxarı təşkilatın möhürü ilə təsdiqləməyə və ya sənədləri möhür olmadan təqdim etməyə icazə verilə bilər). Bu halda müştəri yeni möhürün qısa müddətdə hazırlanması üçün tədbirlər görməlidir.

8.6. Fərdi sahibkarların, ailə kəndli təsərrüfatının və fiziki şəxslərin imza nümunələri olan vərəqəsi (Əlavə 3) bankın özü tərəfindən təsdiq oluna bilər. Şəxsin etibarlığına, onun hüquqi fəaliyyət qabiliyyətinə şübhə yarandığı halda bankın mülahizəsi ilə imza vərəqələrinin notariat qaydasında təsdiqi tələb oluna bilər.

İmza nümunələri bankın rəhbəri və/və ya baş mühasibi və ya bankın daxili qaydalarına əsasən digər müvəkkil şəxsi tərəfindən təsdiq olunur. İmza həqiqiliyi imza sahibinin şəxsən iştirakı ilə təsdiq olunur.

8.7. Fərdi sahibkar, ailə kəndli təsərrüfatı və fiziki şəxslər üçün hesab açılan zaman hesab üzrə sərəncam hüququ iki və daha çox şəxsə məxsus olduqda, onların bu hüququ ayrı-ayrılıqda, yaxud birlikdə həyata keçirmələri barədə vərəqədə müvafiq qeyd olmalıdır. Vərəqədə bu cür qeyd olmadıqda, hesab üzrə sərəncam yalnız vərəqədə göstərilən şəxslərin birgə imzaları ilə verilə bilər.

Hesabın fəaliyyəti dövründə hesab sahibi(ləri) hesab üzrə sərəncam hüququnu başqa şəxsə(lərə) həvalə etdikdə, bu hüquqlar notariat qaydasında təsdiq olunmuş etibarnamə ilə həyata keçirilir. Etibarnamə əsasında bank yeni imza vərəqəsində həmin şəxsin(lərin) imzasını təsdiq edir.

8.8. Bankda müvəqqəti cari hesab açan şəxsin imza nümunəsi vərəqəsi bank tərəfindən təsdiq oluna bilər.

8.9. Notariat qaydasında təsdiq edilmiş vərəqədə imza hüququna malik olan şəxslər dəyişdikdə və ya imza hüququna malik olan şəxslərin sayı artırıldıqda, düzəlişlər notariat qaydasında təsdiq olunmalıdır. Köhnə vərəqə hesabın rəsmiləşdirilməsinə dair işdə saxlanılır.

8.10. Vərəqədə müştərinin hüquqi (yaşayış) ünvanı göstərilir.

Bankda hesabı olan dövlət orqanları, bələdiyyələr, hüquqi şəxslər, onların filial, nümayəndəlik və digər ayrıca bölmələri, habelə fərdi sahibkarlar, ailə kəndli təsərrüfatları hüquqi ünvanlarının dəyişdirilməsi barədə ən geci üç gün müddətində (bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmayıbsa) xidmət olunduğu banka məlumat verməlidirlər.

8.11. Vərəqələr banka iki nüsxədə təqdim edilir. Zəruri hallarda bank müştəridən vərəqənin əlavə nüsxələrini tələb edə bilər. Əlavə nüsxələr vərəqənin əsas nüsxəsi ilə tutuşdurulur və bankın baş mühasibi və ya bankın daxili proseduralarına əsasən digər müvəkkil şəxs tərəfindən təsdiq olunur. Əlavə nüsxələrin notarial qaydada təsdiq edilməsi tələb olunmur.

8.12. Bank hesabı üzrə əməliyyatlar elektron ödəniş sistemi vasitəsilə aparıldıqda, hesab üzrə imza hüququnun rəsmiləşdirilməsi müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

9. Bank hesablarının yenidən rəsmiləşdirilməsi

9.1. Bank hesabının adı və nömrəsi saxlanılmaqla, onun aşağıdakı hallarda yenidən rəsmiləşdirilməsi tələb olunur:

9.1.1. dövlət orqanının və ya bələdiyyənin adı və/və ya tabeçiliyi dəyişdikdə;

9.1.2. hüquqi şəxsin adı və/və ya təşkilati-hüquqi forması dəyişdikdə;

9.1.3. filial, nümayəndəlik və digər ayrıca bölmənin tabeçiliyi, yuxarı təşkilatının adı və/və ya təşkilati-hüquqi forması dəyişdikdə;

9.1.4. fiziki şəxsin adı, atasının adı və ya soyadı dəyişdikdə;

9.1.5. Hesabların yenidən rəsmiləşdirilməsi bu Qaydaların 9.1.1—9.1.4-cü yarımbəndlərində göstərilən halların baş verməsini təsdiq edən rəsmi sənədlər əsasında həyata keçirilir.

9.2. Hesabın yenidən rəsmiləşdirilməsi buna əsas verən halların baş verməsini təsdiq edən və bu Qaydalarda həmin növ hesabın açılması üçün tələb olunan sənədlər əsasında aparılır.

Vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsinin (VÖEN) dəyişdirilməsi halları istisna olmaqla, kommersiya hüquqi şəxslərinin, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinin, habelə fərdi sahibkarların bank hesabı yenidən rəsmiləşdirilərkən hesab üzrə yeni şəhadətnamə-dublikatın təqdim olunması tələb olunmur. Bu zaman dəyişiklikləri əks etdirən dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti təqdim olunmalıdır.

10. Bank hesablarının bağlanması

10.1. Bank hesabı müqaviləsinin ləğvi müştərinin bank hesabının bağlanması üçün əsasdır.

10.2. Bank hesabı müqaviləsi aşağıdakı hallarda ləğv edilir:

10.2.1. müştərinin ərizəsi əsasında;

10.2.2. dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşən təşkilatlara bank hesabının açılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının icazəsi geri alındıqda;

10.2.3. bank hesabı müqaviləsində nəzərdə tutulmuş digər hallarda.

10.3. Bank hesabı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda, bank hesabı müqaviləsi bankın tələbi ilə məhkəmə tərəfindən aşağıdakı hallarda ləğv edilə bilər:

10.3.1. müştərinin hesabında saxlanan pul vəsaitinin məbləği bank qaydaları və ya müqavilə ilə nəzərdə tutulmuş miqdardan az olduqda, bir şərtlə ki, belə məbləğ bankın bu barədə xəbərdarlıq etdiyi gündən bir ay ərzində bərpa edilməmiş olsun;

10.3.2. bir il ərzində həmin hesab üzrə əməliyyatlar aparılmadıqda.

10.3.3. ciddi əsaslar olduqda, xüsusilə də bank hesabı sahibinin bank hesabından qeyri-leqal məqsədlər üçün istifadə etməsi sübut edilsin.

10.4. Bu Qaydaların 10.3.3-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, hesabdakı pul vəsaitinin qalığı müştəriyə verilir və ya müştərinin göstərişi ilə onun müvafiq yazılı ərizəsinin alındığı gündən ən geci yeddi təqvim günü keçənədək başqa hesaba köçürülür.

Hesabın qalığı müştəri tərəfindən geri alınmadıqda və ya vəsaitin köçürülməli olan yeni hesab banka bildirilmədikdə, həmin vəsait «Bağlanmış müştəri hesabları» adlı hesaba köçürülür və müştəriyə bu barədə yazılı məlumat verilir.

10.5. Hesabın bağlanması nəticəsində «Bağlanmış müştəri hesabları» adlı hesaba köçürülmüş pul vəsaitinin hüquqi rejimi Azərbaycan Respublikasının Mülki və Mülki-Prosessual Məcəllələri ilə tənzimlənir.

10.6. Vəfat etmiş şəxslərin əmanət hesabları üzrə vəsait qalığının hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

10.7. Bank hesabı bağlandıqdan sonra hesabın rəsmiləşdirilməsinə dair sənədlər müvafiq normativ hüquqi aktlarda müəyyən olunmuş müddətdə bankda saxlanılır.

10.8. Müştərinin ərizəsinə əsasən hesab başqa banka keçirildikdə, hesabın rəsmiləşdirilməsinə dair bütün sənədlər bankda saxlanılır, lakin müştərinin hesabına qarşı tələblər (müddətli öhdəliklər, ödənilməmiş hesablaşma sənədləri və s. ödəmə sənədləri) siyahı üzrə hesabı qəbul edən banka poçt vasitəsilə, bildirişli sifariş məktubu ilə və ya rəsmi təqdimetmə yolu ilə göndərilir. Bankların müvəkkil şəxsləri tərəfindən tərtib olunmuş təhvil-təslim aktı hesabın açılmasına dair hüquqi sənədlər qovluğunda saxlanılır.

Müştəri başqa bankın xidmətinə keçdikdə, bağlanan hesabın qalığı həmin banka bu Qaydaların 10.4-cü bəndində göstərilən müddətdə köçürülməlidir.

11. Yerli bankların müxbir hesablarının bağlanması

11.1. Bankların müxbir hesabları aşağıdakı hallarda bağlanılır:

11.1.1. bankın müraciətinə əsasən;

11.1.2. yerli banklara bank fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edildikdə, Milli Bankın yazılı müraciəti ilə.

11.2. Bankın könüllü ləğvi zamanı ləğvetmə komissiyasının, məcburi ləğvi və ya iflas proseduru çərçivəsində isə məhkəmə tərəfindən təyin edilmiş ləğvedicinin müraciətinə əsasən bankın ləğvetmə işlərinin həyata keçirilməsi üçün Milli Bankda cari hesab açılır və bankın müxbir hesablarında olan vəsaitlər həmin hesaba köçürülür.

11.3. Bankın cari hesabının açılması üçün Milli Banka aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

11.3.1. ərizə (ləğvetmə komissiyası adından verilən ərizə cari hesaba sərəncam vermək səlahiyyətinə malik olan şəxslər tərəfindən imzalanır);

11.3.2. bankın könüllü ləğvi və ləğvetmə komissiyasının yaradılması haqqında Səhmdarların Ümumi Yığıncağının qərarı (qərarda hesab üzrə sərəncam hüququ olan şəxslər göstərilməlidir);

11.3.3. bankın məcburi ləğvi və ya müflis elan edilməsi, habelə ləğvedicinin təyin edilməsi barədə məhkəmənin qərarı;

11.3.4. imza və möhür nümunəsi vərəqəsi.

12. Yekun müddəa

Bu Qaydalar dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2004-ci il, 11, s. 46).

Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin 29 dekabr 2006-ci il tarixli, 36 nömrəli; 27 may 2008-ci il tarixli, 16 nömrəli; 27 sentyabr 2008-ci il tarixli, 26 nömrəli; 9 sentyabr 2009-cu il tarixli, 26 nömrəli Protokollara əsasən əlavə və dəyişikliklərlə.


«Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları»na

Əlavə 1

Bank hesablarının açılması üçün ərizənin forması

«_________________________» kommersiya bankına

bankın adı

Ərizə

__________________________________________________________________________

(təsərrüfat subyektinin tam və dəqiq adı, fiziki şəxsin a., a.a., s.)

__________________________________________________________________________

_______________________________ hesabının açılmasını xahiş edirəm. Bu növ

(hesabın növü)

hesabın açılması üçün aşağıdakı sənədləri və məlumatları təqdim edirəm:

__________________________________________________________________________

__________________________________________________________________________

__________________________________________________________________________

 

Ünvan: _____________________________

Tel/Faks: __________________________

Müvəkkil şəxsin:

___________________________________

(soyadı, adı, atasının adı)

____________________________________

(imzası)

M.Y. «_____» _________________ 20__ il

 

Bankın qeydləri

Hesabın açılmasının rəsmiləşdirilməsi üçün təqdim edilmiş sənədləri yoxladım

Baş mühasib (müvəkkil şəxs) ________________________________

(imza)

___________________________________ hesabının açılmasına icazə verirəm.

(hesabın adı)

Rəhbər (müvəkkil şəxs) ________________________

(imza)

«_____» _________________ 20__ il

______________________________________________ hesabı açılmışdır.»

(hesabın nömrəsi və adı)


«Banklarda hesabların açılması,
aparılması və bağlanması Qaydaları»na
Əlavə 2

Üz tərəfi

İmza və möhür nümunələri

Vərəqəsi

Kodlar

Bankın qeydi

Hesabın sahibi

 

İmza nümunələrinin qəbulu üçün icazə

___________________________________________
(tam adı)

 

Baş mühasib

(və ya müavini) (imza)

V Ö E N

   

Ünvan

 

«_______» _________________20___ il

Tel Faks

 

Digər qeydlər

Yuxarı təşkilatın adı

   

___________________________________________
(dövlət hakimiyyəti, bələdiyyə orqanı, hüquqi şəxs)

Bankın adı

   

SWIFT KODU

   
     

Bankın ünvanı

   

Xahiş edirik, göstərilən imzalar və möhürün əksinin nümunələrini hesab üzrə

 

əməliyyatlar apararkən zəruri hesab edəsiniz

 
   

 

Hesab sahibinin adı

 

Arxa tərəfi

_______________ -li hesab

Vəzifəsi

Adı, atasının adı, soyadı

İmza nümunələri

Birinci və ya ikinci imzadan müvəqqəti istifadə edən vəzifəli şəxsin səlahiyyət müddəti

     
     

Birinci imza

   
       

İkinci imza

   

Möhürün nümunəsi

       
   
   
   
           

Notariusun təsdiq qeydləri

«______» _____________20___il

Mən, _________________________________________________________________________ ______________________________________________________________________________

(notariat kontorunun adı)

notariusu _____________________________________________________________________ ______________________________________________________________________________

(adı, atasının adı, soyadı)

Vətəndaşlar ___________________________________________________________________ ______________________________________________________________________________

(adı, atasının adı, soyadı)

şəxsiyyətinə şəhadət verirəm.

Reyestrdə ____________ ilə qeyd edilib, _____________manat dövlət rüsumu alınıb.

M.Y.

Notarius __________________________

(İmza)


«Banklarda hesabların açılması, aparılması və bağlanması Qaydaları»na Əlavə 3

Üz tərəfi

Fərdi sahibkarların (fiziki şəxslərin) imza nümunələri

VƏRƏQƏSİ

Bankın qeydi

Kodlar

Hesabın sahibi

 

İmza nümunələrini qəbul etməyə icazə verən

________________________________________________
(Adı, atasının adı, soyadı)

 

Baş mühasib

(və ya müavini) (imza)

Şəxsiyyəti təsdiq edən sənəd_____________ _________________

Tarixi_____________________orqanın adı_______________________

VÖEN

(fərdi sahibkar)

«_______» _________________20___ il

Ünvan

   

Tel Faks

 

Digər qeydlər

Bankın adı

   

SWIFT KODU

   

Bankın ünvanı

   

Xahiş edirik, göstərilən imza(lar) nümunəsini hesab üzrə

   

əməliyyatlar apararkən zəruri hesab edəsiniz

   

Arxa tərəfi

________________ -li hesab

Hesab üzrə əməliyyat aparan şəxsin adı, atasının adı, soyadı

İmza nümunələri

Qeyd

1.

   

2.

   
     

Bankın məsul şəxsinin qeydləri

Mən, ___________________________________________________________________________ ________________________________________________________________________________ ________________________________________________________________________________

(bankın məsul şəxsinin adı, atasının adı, soyadı)

Vətəndaş _______________________________________________________________________ ________________________________________________________________________________

(adı, atasının adı, soyadı)

şəxsən mənim yanımda yuxarıda etdiyi imzasını təsdiq edirəm. Həmin vətəndaşın şəxsiyyəti müəyyən edilib və onun fəaliyyət qabiliyyəti yoxlanılıb.

Bankın rəhbəri və ya digər müvəkkil şəxsi :

_____________________

(imza)

M.Y.

«____»_________ 20___il.





Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.