Axtar
az|рус|eng
Qanunvericilik

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi
Qeydiyyat 2859
13.06.2002-ci il
Nazir
F. F. MƏMMƏDOV

Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
27 may 2002-ci il tarixli qərarı ilə
təsdiq edilmişdir
Protokol 12
İdarə Heyətinin sədri
E.S. RÜSTƏMOV

Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının rejimi haqqında Qaydalar

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Valyuta tənzimi haqqında» və «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanunlarına müvafiq olaraq hazırlanmış və rezident, habelə qeyri-rezidentlərin Azərbaycan Respublikasının kredit təşkilatları vasitəsilə aparılan valyuta əməliyyatlarının rejimini tənzimləyir. Qaydalarda izah olunan müddəalar Azərbaycan Respublikasının kredit təşkilatlarının bank fəaliyyətlərinə şamil edilmir, yalnız onların təsərrüfat fəaliyyəti ilə əlaqədar əməliyyatlarına aiddir.

1.2. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş «xarici valyuta», «rezidentlər», «qeyri-rezidentlər», «valyuta əməliyyatları» və «müvəkkil banklar» anlayışları «Valyuta tənzimi haqqında» Azərbaycan Respublikası Qanununda şərh edildiyi kimi başa düşülür.

1.3. Bu Qaydalarda göstərilən əməliyyatlar, bir qayda olaraq, Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən kredit təşkilatları vasitəsilə həyata keçirilir və Qaydalarda nəzərdə tutulmuş hallar istisna olmaqla rezident və qeyri-rezidentlərin bank hesabları vasitəsi ilə aparıla bilər.

1.4. Bu Qaydalar 180 gündən 365 günədək müddətdə möhlətlə ödənilən, o cümlədən malların, işlərin və xidmətlərin idxalı və ixracı üzrə əməliyyatlara da şamil edilir.

2. Azərbaycan Respublikası rezidentlərinin xarici valyuta əməliyyatları

2.1. Rezidentlərin hesablarına daxilolmalar. Azərbaycan Respublikası rezidentlərinin müvəkkil banklardakı xarici valyuta hesablarına vəsaitlər sərbəst şəkildə mədaxil edilə bilər.

Aşağıdakı mənbələrdən daxil olan vəsaitlərin mədaxil edilməsi üçün xüsusi şərtlərə əməl edilməlidir:

2.1.1. Azərbaycan Respublikasının ərazisində mal satılmasından və xidmət göstərilməsindən əldə edilmiş vəsaitlər;

Bu hallarda, Azərbaycan Respublikasının ərazisində xarici valyuta ilə mallar satılması və xidmətlər göstərilməsi üçün müvafiq lisenziya tələb olunur. Əgər ölkə ərazisində satılmış malların və ya göstərilmiş xidmətlərin müqabilində ödənilən vəsaitlər respublika kənarından köçürülərsə, belə daxilolmalara yol verilir.

2.1.2. Rezidentlər tərəfindən ixrac edilən malların, işlərin, xidmətlərin (bundan sonra, «mallar») müqabilində qeyri-rezidentlər tərəfindən rezidentlərə nağd şəkildə ödənişlər;

Bu hallarda aşağıdakı tələblərə əməl edilməlidir:

    • müqavilədə, kontraktda və ya bu əqdi təsdiq edən digər razılaşma sənədlərində (bundan sonra, «müqavilə») ödənişin nağd hesablaşma yolu ilə aparılması nəzərdə tutulmalıdır;
    • vəsaitlər yalnız malı alan qeyri-rezidentdən və ya həmin qeyri-rezident tərəfindən müvafiq surətdə müvəkkil edilmiş fiziki şəxsdən qəbul edilməlidir;
    • qeyri-rezidentlər (qeyri-rezident tərəfindən müvəkkil edilmiş fiziki şəxs) tərəfindən əvvəlcədən respublikaya gətirilmiş xarici valyuta vəsaitləri gömrük orqanlarında bəyan edilməlidir;
    • vəsaitlər ölkəyə gətirilməsi və gömrük orqanlarında bəyan edilməsi tarixindən 10 gün müddətində rezidentin kassasına mədaxil edilməlidir;
    • rezidentlər vəsaitləri xəzinələrinə qəbul etdikdən sonra 2 iş günü ərzində bankdakı hesabına mədaxil etməlidir.

Banklar vəsaitləri qəbul edərkən aşağıdakı sənədləri tələb etməlidir:

    • ixrac müqaviləsinin əsli;
    • mədaxil-kassa orderinin surəti;
    • vəsaitlərin nağd şəkildə respublikaya gətirilməsini təsdiqləyən gömrük sənədləri;
    • qeyri-rezident tərəfindən müvəkkil edilmiş fiziki şəxs olan nümayəndənin səlahiyyətlərini təsdiq edən vəkalətnamə;
    • valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən sənəd (vəsaitin məbləği 50 min ABŞ dolları ekvivalentindən artıq olduqda).

Sənədlərin düzgün tərtib olunması yoxlanıldıqdan sonra bank vəsaitləri rezidentdən qəbul edir və həmin sənədlərin surətlərini özündə saxlayır. Vəsaitlərin respublikaya gətirilməsini sübut edən gömrük sənədlərinin və valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin nağd şəkildə verilməsini təsdiq edən sənədin əsli, həmin sənədləri son icra edən bankda saxlanmalıdır. Əgər gömrük bəyannaməsi və arayış tamamilə icra olunmursa, bank bu sənədlərin əslində müvafiq qeyd aparır və surətlərini özündə saxlayır.

2.2. Rezidentlərin hesablarından köçürmələr. Azərbaycan Respublikasının rezidentlərinin hesablarından vəsaitlər aşağıdakı istiqamətlərdə köçürülə bilər:

2.2.1. Respublika daxilində:

a) respublikaya idxal olunan və respublika daxilində satılan malların, həmçinin respublikada göstərilən və ya respublikaya idxal olunan (rezidentlərin xeyrinə ölkə xaricində göstərilən) xidmətlərin müqabilində digər rezidentlərin və ya qeyri-rezidentlərin Azərbaycan Respublikasının ərazisində yerləşən filiallarının, nümayəndəliklərinin, digər ayrıca bölmələrinin və ya qeyri-rezident tərəfindən müvəkkil edilmiş hər hansı bir şəxsin xeyrinə ünvanlanmış köçürmələr;

b) Azərbaycan Respublikasının digər rezidentlərinin nizamnamə kapitalında iştirak;

c) qrant, ianə, sosial yardım və sponsorluq;

ç) kreditlərin və kredit faizlərinin ödənilməsi üçün;

d) müvəkkil banklarda depozitlərin yerləşdirilməsi üçün;

e) manata və ya digər valyutalara konvertasiya olunmaq üçün;

f) rezidentin respublika daxilində yerləşən filial və nümayandəliklərinə, digər ayrıca bölmələrinə, tabelikdə olan müəssisələrə ünvanlanmış və ya həmin müəssisələrdən baş idarələrinə məqsədlənmiş köçürmələr (baş idarənin müvafiq qərarı olduğu halda); Belə köçürmələr malların satılması müqabilində icra edilərsə, bu Qaydaların 2.2.1a yarımbəndinin tənzimlənmə dairəsinə aid edilir.

g) təsisçilərə dividendlərin ödənilməsi üçün;

h) rezidentin özünün digər müvəkkil banklarda olan valyuta hesablarına köçürmələr;

2.2.2. Respublikadan kənara:

a) idxal müqaviləsi üzrə respublikaya gətirilən malların, həmçinin respublikada göstərilən və ya respublikaya idxal olunan xidmətlərin müqabilində köçürülən vəsaitlər. Bu hallarda ödəniş aşağıdakı üsullarla aparıla bilər:

  • avans ödənişləri; Avans yolu ilə ödənişlər əməliyyatın eyniləşdirilməsini təmin edən sənədlər (müqavilə, proforma–invoys, ödəniş sənədləri, sifariş və sair sənədlər) əsasında aparılır.
  • mallar idxal edildikdən, işlər görüldükdən və ya xidmətlər göstərildikdən sonra; Bu halda və hazırkı Qaydaların 2.2.1.a., 2.2.2.a. yarımbəndlərində göstərilən köçürmələr icra edilərkən, idxal müqaviləsi və gömrük bəyannaməsinin əslində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə qeyd aparılır, qeydiyyat bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və həmin sənədlərin surətləri bankda saxlanılır. Ödəniş işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda, banka, idxal gömrük bəyannaməsinin əvəzinə işlərin görülməsi və ya xidmətin göstərilməsini təsdiq edən sənəd təqdim olunmalıdır.

İdxal müqavilələri üzrə malın dəyərini yalnız malı alan təşkilat ödəyə bilər. İdxal müqavilələrinin dəyərinin üçüncü şəxs tərəfindən ödənilməsinə Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra — Mərkəzi Bank) fərdi icazəsi ilə yol verilir. Müqavilədə mal göndərənə ödəniləcək vəsaitlərin üçüncü şəxsin bank hesabına ödənilməsi nəzərdə tutularsa, belə ödənişlər icra edilə bilər;

Respublikaya idxal olunan mallar (işlər, xidmətlər) müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu Qaydaların 2 2.2a yarımbəndində göstərilən köçürmələrin icrası üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığı (qərar, sərəncam, müraciət, dərkənar) olduqda köçürmə əməliyyatları idxal müqavilələri, gömrük bəyannamələri və ödənişlərin, o cümlədən avans ödənişlərinin aparılmasını təsdiq edən hər hansı digər sənəd tələb olunmadan icra edilməlidir. Bu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi tapşırığını təsdiq edən sənədin surəti bankda saxlanılır.

b) reeksport və vasitəçilik üzrə köçürmələr;

Belə köçürmələr malı alan və ya xidmətlər göstərilən ölkədən vəsaitlər daxil olunanadək icra edilərsə, bu halda Qaydaların 2.2.2 bəndinin «a» yarımbəndində nəzərdə tutulmuş avans ödənişi rejimi tətbiq olunur.

c) icra olunmamış ixrac müqavilələri üzrə geri qaytarılan vəsaitlər;

ç) rezidentlərin xaricdə yerləşən filial və nümayəndəliklərinə, həmçinin törəmə və tabelikdə olan müəssisələrinə məqsədli köçürmələr; Belə köçürmələr malların satılması və ya xidmətlərin göstərilməsi müqabilində icra edilərsə, bu Qaydaların 2.2.2.a. yarımbəndinin tənzimlənmə dairəsinə aid edilir.

d) vergi qanunvericiliyinə riayət etmək şərti ilə, rezidentlərin xarici təsisçilərinə dividendlərin ödənilməsi məqsədi ilə köçürmələri;

e) xarici banklardan cəlb edilmiş kreditlərin və kredit faizlərinin ödənilməsinə yönəldilmiş köçürmələr; Bu hallarda rezidentlər kredit müqaviləsini, həmin vəsaitin ölkə daxilində istifadəsini və ya bu vəsaitlər hesabına alınmış malların və xidmətlərin idxal olunmasını təsdiq edən sənədlərin əslini banka təqdim etməklə ödənişləri apara bilər. Köçürmə həyata keçirildikdən sonra sənədlərin surətləri bankda saxlanılmalıdır. Əgər kredit ölkədən kənarda istifadə olunubsa, həmin kreditin və ya kredit faizlərinin ödənilməsi üçün Milli Bankın fərdi icazəsi tələb olunur;

Kredit ölkədən kənarda istifadə olunubsa, rezidentlər kredit müqaviləsini və həmin vəsaitin ölkə xaricində istifadəsinə dair sənədi banka təqdim edir. Əməliyyatın sağlam xarakter daşıması bankda şübhə doğurmadıqda xarici banklardan cəlb edilmiş kreditlərin və kredit faizlərinin ödənilməsinə yönəldilmiş köçürmələr icra edilə bilər. Əməliyyat icra edildikdən sonra təqdim edilmiş sənədlərin üzərində bankın qeydiyyatı aparılır və surətləri bankda saxlanılır.

ə) xarici müəssisə və təşkilatlardan cəlb olunmuş maliyyə yardımlarının, digər borcalmaların və onlar üzrə faizlərin ödənilməsinə yönəldilmiş köçürmələr. Bu hallarda rezidentlər Qaydaların 2.2.2.e yarımbəndində göstərilən sənədləri banka təqdim edilməklə ödənişləri apara bilər. Köçürmə həyata keçirildikdən sonra sənədlərin surətləri bankda saxlanılmalıdır. Əgər cəlb olunmuş maliyyə yardımları, digər borcalmalar ölkədən kənarda istifadə olunubsa, həmin borcların və ya onlar üzrə faizlərin ödənilməsi üçün Milli Bankın fərdi icazəsi tələb olunur;

Cəlb olunmuş maliyyə yardımları və digər borcalmalar ölkədən kənarda istifadə olunubsa, rezidentlər müvafiq müqaviləni və həmin vəsaitin ölkə xaricində istifadəsinə dair sənədi banka təqdim edir. Əməliyyatın sağlam xarakter daşıması bankda şübhə doğurmadıqda xarici müəssisə və təşkilatlardan cəlb olunmuş maliyyə yardımlarının, digər borcalmaların və onlar üzrə faizlərin ödənilməsinə yönəldilmiş köçürmələr icra edilə bilər. Əməliyyat icra edildikdən sonra təqdim edilmiş sənədlərin üzərində bankın qeydiyyatı aparılır və surətləri bankda saxlanılır.

f) əvvəllər Azərbaycan Respublikasına köçürülmüş xarici valyuta vəsaitləri; Bu halda pul vəsaitinin həmin rezidentin hesabına əvvəllər köçürülməsini sübut edən bank hesabından çıxarış təqdim edilməklə maneəsiz icra edilə bilər. Vəsaitlərin rezidentin hesabına xaricdən və əksinə köçürülməsi məqsədi bu Qaydaların 2.2.2a, b, c, ç, e, ə yarımbəndlərinin tənzimlənmə obyektidirsə, onda ödənişlər həmin yarımbəndlərin tələblərinə əməl edilməklə aparılmalıdır.

g) əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilmiş xarici valyuta vəsaitləri; ödənişin icrası üçün müvəkkil banka nağd şəkildə gətirilmiş xarici valyuta vəsaitinin məbləği 10 (on) min ABŞ dolları ekvivalentinədək olduqda «Sərnişin gömrük bəyannaməsi», 10 (on) min ABŞ dolları ekvivalentindən artıq olduqda «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi», eyni zamanda, fiziki şəxsin Azərbaycan Respublikasına daxil olmasını təsdiq edən viza qeydiyyatı olan (viza rejimi tətbiq edilən ölkədən gətirilərsə) pasportu təqdim edilməlidir. Əvvəllər nağd şəkildə gətirilmiş xarici valyuta vəsaitlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olarsa, əlavə olaraq valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən sənədlər (bank hesabından çıxarış, kassa qəbzləri və s.) təqdim edilməlidir. Təqdim edilmiş sənədlərin əslində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə bankın məsul işçisinin imzası və ştampı ilə təsdiq edilmiş qeydiyyat aparıldıqdan sonra, onların və viza qeydiyyatının surəti bankda saxlanılır.

Vəsaitlərin köçürülməsi məqsədi bu Qaydaların 2.2.2.a, b, c, ç, e, ə yarımbəndlərinin tənzimlənmə obyektidirsə, onda ödənişlər həmin yarımbəndlərin tələblərinə əməl edilməklə aparılmalıdır.

ğ) Şəxsi məqsədlər üçün köçürmələr. Hər bir rezident fiziki şəxs müvəkkil banklardakı hesabları vasitəsilə bir əməliyyat günü ərzində 1000 (min) ABŞ dolları ekvivalentinədək məbləğdə xarici valyutanı ödənişin məqsədi göstərilməklə sərbəst şəkildə ölkədən xaricə köçürə bilər.

Hər bir rezident fiziki şəxs müvəkkil banklardakı hesabları vasitəsilə xarici ölkələrdə yaşayan və ya müvəqqəti qalan yaxın qohumlarına (yaxın qohum kimi ata, ana, baba, nənə, ər, arvad, oğul, qız, qardaş, bacı, övladlığa götürülənlər nəzərdə tutulur) istənilən məbləğdə xarici valyutanı təsdiqedici sənədləri (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd, doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə) təqdim etməklə sərbəst şəkildə köçürə bilər. Banklar tərəfindən rezident fiziki şəxslərin köçürmələri icra edilərkən bu Qaydaların 1 -li Əlavəsində göstərilən ərizə forması doldurulmalı və təsdiqedici sənədlərin surətləri ilə birlikdə bankda saxlanmalıdır.

Köçürmələrin sağlam xarakter daşıması şübhə doğurmazsa Milli Bank bankların vəsatətləri əsasında müəyyən edilmiş indikativ limit məbləğindən artıq köçürmələrə icazə verə bilər.

h) pensiyalar, məhkəmə, arbitraj, notarial və digər inzibati orqanların xərcləri, məhkəmə orqanlarının qərarları əsasında ödənilən alimentlər və digər oxşar köçürmələr;

i) digər məqsədlərlə:

  • beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə, fuarlarda iştirak haqları;
  • xarici ölkələrin dövri nəşrlərinə yazılış haqları; elanların yerləşdirilməsi haqları;
  • qüvvədə olan qanunvericiliyə əsasən respublika kənarına ödənilən vergilər, rüsumlar və cərimələr;
  • təhsil, müalicə haqlarının ödənilməsi və bu məqsədlərlə respublika vətəndaşlarına göstərilmiş maddi yardım üçün köçürmələr;
  • müəlliflik hüquqlarından istifadə haqlarının və françayzinqin ödənilməsi üçün köçürmələr.

Bu hallarda ödənişin məqsədini və məbləğini təsdiqləyən müqavilələr, arayışlar, invoys və ya digər təsdiqedici sənədlərin əsli müvəkkil banka təqdim edilir, müvəkkil bank təqdim olunmuş sənədlərin əməliyyatın elan edilmiş məqsədini əsaslandırdığına əmin olarsa, onları məqbul sayarsa və ümumiyyətlə əməliyyatın sağlam xarakteri şübhə doğurmazsa ödənişi icra edə bilər. Təqdim edilmiş sənədlərin üzərində bankın qeydiyyatı aparıldıqdan sonra surəti bankda saxlanılır.

x) kapitalın ölkədən çıxarılması ilə bağlı köçürmələr. Belə köçürmələr rezidentlər tərəfindən istənilən ölkəyə aşağıdakı məqsədlər üzrə və şərtlər daxilində aparıla bilər:

  • birbaşa investisiyalar, yəni gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayələrin köçürülməsi;
  • qiymətli kağızların əldə edilməsi məqsədilə köçürmələr;
  • torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların ödənilməsi üzrə köçürmələr;
  • rezidentin xarici bankdakı hesabına depozit qoyulması məqsədilə köçürmələr.

Rezidentlər kapitalın hərəkəti ilə bağlı köçürmələri aparmaq üçün əməliyyatın məqsədini, məbləğini və şərtlərini təsdiqləyən sənədlərin (o cümlədən, müqavilə və digər təsdiqedici sənədlər) əslini müvəkkil banka təqdim edir. Sənədlər əməliyyatın bəyan edilmiş məqsədini əsaslandırdıqda və əməliyyatın sağlam xarakter daşıması şübhə doğurmadıqda müvəkkil bank ödənişi icra edə bilər. Əməliyyat icra edildikdən sonra təqdim edilmiş sənədlərin üzərində bankın qeydiyyatı aparılır və surətləri bankda saxlanılır.

Digər ölkələrə kapitalın hərəkəti ilə bağlı bu cür köçürmələr Milli Bankın fərdi icazəsi ilə aparıla bilər.

Dövlət orqanları, səhmlərinin nəzarət zərfi dövlətə məxsus səhmdar cəmiyyətlər, habelə digər dövlət müəssisə və təşkilatları kapitalın ölkədən çıxarılması ilə bağlı köçürmələri edərkən yuxarıda qeyd edilən sənədlərlə yanaşı səlahiyyətli dövlət orqanının razılığı əsasında Milli Bank tərəfindən verilmiş xüsusi icazəni banka təqdim etməlidirlər.

2.2.3. Yuxarıda sadalanmayan digər əməliyyatlar sağlam xarakter daşıdıqda Mərkəzi Bankın fərdi icazəsi ilə aparıla bilər.

2.3. Rezidentlər müvəkkil banklardakı hesablarından xarici valyuta vəsaitlərini məhdudiyyət qoyulmadan nağd şəkildə çıxara bilərlər.

3. Azərbaycan Respublikası qeyri-rezidentlərinin xarici valyuta əməliyyatları

3.1. Qeyri-rezidentlərin hesablarına daxilolmalar. Azərbaycan Respublikasının qeyri-rezidentlərinin müvəkkil banklardakı xarici valyuta hesablarına vəsaitlər sərbəst şəkildə mədaxil edilə bilər:

Aşağıdakı mənbələrdən daxil olan vəsaitlərin mədaxil edilməsi üçün xüsusi şərtlərə əməl edilməlidir:

3.1.1. Azərbaycan Respublikasının ərazisində mal satılmasından və xidmət göstərilməsindən əldə edilmiş vəsaitlər;

Bu hallarda, Azərbaycan Respublikasının ərazisində xarici valyuta ilə mallar satılması və xidmətlər göstərilməsi üçün lisenziya tələb olunur. Əgər ölkə ərazisində satılmış malların və ya göstərilmiş xidmətlərin müqabilində ödənilən vəsaitlər respublika kənarından köçürülərsə, belə daxilolmalara yol verilir.

3.1.2. Azərbaycan Respublikasından ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində digər qeyri-rezidentlər tərəfindən nağd ödənilmiş vəsaitlər; Bu hallarda aşağıdakı tələblərə əməl edilməlidir:

  • müqavilədə ödənişin nağd hesablaşma yolu ilə aparılması nəzərdə tutulmalıdır;
  • vəsaitlər yalnız malı alan qeyri-rezidentdən və ya həmin qeyri-rezident tərəfindən müvafiq surətdə müvəkkil edilmiş fiziki şəxsdən qəbul edilə bilər;
  • qeyri-rezidentlər tərəfindən (qeyri-rezident tərəfindən müvəkkil edilmiş fiziki şəxs olan nümayəndə) əvvəlcədən respublikaya gətirilmiş xarici valyuta vəsaitləri gömrük orqanlarında bəyan edilməlidir.
  • vəsaitlər ölkəyə gətirilməsi və gömrük orqanlarında bəyan edilməsi tarixindən 10 gün müddətində qeyri-rezidentin kassasına mədaxil edilməlidir;
  • qeyri-rezidentlər vəsaitləri xəzinələrinə qəbul etdikdən sonra 2 iş günü ərzində bankdakı hesabına mədaxil etməlidir.

Banklar vəsaitləri qəbul edərkən aşağıdakı sənədləri tələb etməlidir:

  • ixrac müqavilələrinin əsli;
  • mədaxil-kassa orderinin surəti;
  • vəsaitlərin nağd şəkildə respublikaya gətirilməsini təsdiqləyən gömrük sənədləri;
  • qeyri-rezident tərəfindən müvəkkil edilmiş fiziki şəxs olan nümayəndənin səlahiyyətlərini təsdiq edən vəkalətnamə;
  • valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış (vəsaitin məbləği 50 min ABŞ dolları ekvivalentindən artıq olduqda).

Sənədlərin düzgün tərtib olunması yoxlanıldıqdan sonra bank vəsaitləri qeyri-rezidentdən qəbul edir və həmin sənədlərin surətlərini özündə saxlayır. Vəsaitlərin respublikaya gətirilməsini sübut edən gömrük sənədlərinin və valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin nağd şəkildə verilməsini təsdiq edən sənədin əsli, həmin sənədləri son icra edən bankda saxlanmalıdır. Əgər gömrük bəyannaməsi və arayış tamamilə icra olunmursa, bank bu sənədlərin əslində müvafiq qeyd aparır və surətlərini özündə saxlayır.

3.2. Azərbaycan Respublikası qeyri-rezidentlərinin hesablarından köçürmələr

3.2.1. Respublika daxilində:

a) respublikaya idxal olunan və respublika daxilində satılan malların, həmçinin respublikada göstərilən və ya respublikaya idxal olunan (Azərbaycan Respublikası ərazisində təsərrüfat fəaliyyəti ilə məşğul olan qeyri-rezidentlərin xeyrinə ölkə xaricində göstərilən) xidmətlərin müqabilində digər rezidentlərin və ya qeyri-rezidentlərin Azərbaycan Respublikasının ərazisində yerləşən filiallarının, nümayəndəliklərinin və ya qeyri-rezident tərəfindən müvəkkil edilmiş hər hansı bir şəxsin xeyrinə ünvanlanmış köçürmələr;

b) Azərbaycan Respublikasının rezidentlərinin nizamnamə kapitalında iştirak;

c) qrant, ianə, sosial yardım və sponsorluq;

ç) kreditlərin və kredit faizlərinin ödənilməsi üçün;

d) müvəkkil banklarda depozitlərin yerləşdirilməsi üçün;

e) manata və ya digər valyutalara konvertasiya olunmaq üçün;

ə) qeyri-rezidentin respublika daxilində yerləşən filial və nümayəndəliklərinə, digər ayrıca bölmələrinə, tabelikdə olan müəssisələrinə ünvanlanmış və ya həmin müəssisələrdən baş idarələrinə məqsədlənmiş köçürmələr (baş idarənin müvafiq qərarı olduğu halda); Belə köçürmələr malların (işlərin, xidmətlərin) satılma müqabilində icra edilərsə, bu Qaydaların 3.2.1.a. yarımbəndinin tənzimlənmə dairəsinə aid edilir.

f) təsisçilərə dividendlərin ödənilməsi üçün;

g) qeyri-rezidentin özünün digər müvəkkil banklarda olan valyuta hesablarına köçürmələr;

3.2.2. Respublikadan kənara:

a) idxal müqavilələri üzrə respublikaya gətirilən malların (işlərin, xidmətlərin) həmçinin respublikada göstərilən və ya idxal olunan xidmətlərin müqabilində köçürülən vəsaitlər. Bu əməliyyatlar aşağıda göstərildiyi kimi aparıla bilər:

  • avans ödənişləri; Avans yolu ilə ödənişlər əməliyyatın eyniləşdirilməsini təmin edən sənədlər (müqavilə, proforma–invoys, ödəniş sənədləri, sifariş və sair sənədlər) əsasında aparılır.

İqtisadi və maliyyə göstəriciləri qənaətbəxş hesab edilən, habelə valyuta nəzarəti agenti funksiyalarını iki ildən az olmayan müddətdə effektiv icra etmiş banklar üçün, əməliyyatların həcmi nəzərə alınmaqla avans ödənişləri üzrə 25 (iyirmi beş) min ABŞ dolları ekvivalentinədək indikativ limit məbləği Milli Bank tərəfindən fərdi surətdə artırıla bilər;

    • mallar idxal edildikdən və ya xidmətlər göstərildikdən sonra; Bu halda və hazırki Qaydaların 3.2.1.a. yarımbəndində göstərilən köçürmələr icra edilərkən, idxal müqavilələrinin və gömrük bəyannaməsinin əslində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə qeyd aparılır, qeydiyyat bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və həmin sənədlərin surətləri bankda saxlanılır. Ödəniş işlərin görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda, banka, idxal gömrük bəyannaməsinin əvəzinə işin görülməsini, xidmətin göstərilməsini təsdiq edən sənəd təqdim olunmalıdır.

İdxal müqavilələri üzrə malın (işin, xidmətin) dəyərini yalnız malı alan (iş görən, xidmət göstərən) təşkilat ödəyə bilər. İdxal müqavilələrinin dəyərinin üçüncü şəxs tərəfindən ödənilməsinə Mərkəzi Bankın fərdi icazəsi ilə yol verilir. Müqavilədə mal göndərənə (iş görənə, xidmət göstərənə) ödəniləcək vəsaitlərin üçüncü şəxsin bank hesabına ödənilməsi nəzərdə tutularsa, belə ödənişlər icra edilə bilər;

b) xarici banklardan cəlb edilmiş kreditlərin və kredit faizlərinin ödənilməsinə yönəldilmiş köçürmələr; Bu hallarda qeyri-rezidentlər kredit müqaviləsini, həmin vəsaitin ölkə daxilində istifadəsini və ya bu vəsaitlər hesabına alınmış malların və xidmətlərin idxal olunmasını təsdiq edən sənədlərin əslini banka təqdim etməklə ödənişləri apara bilər. Köçürmə həyata keçirildikdən sonra sənədlərin surətləri bankda saxlanılmalıdır. Əgər kredit ölkədən kənarda istifadə olunubsa, həmin kreditin və ya kredit faizlərinin ödənilməsi üçün Mərkəzi Bankın fərdi icazəsi tələb olunur.

c) xarici müəssisə və təşkilatlardan cəlb olunmuş maliyyə yardımlarının, digər borcalmaların və onlar üzrə faizlərin ödənilməsinə yönəldilmiş köçürmələr; Bu hallarda rezidentlər Qaydaların 3.2.2ç yarımbəndində göstərilən sənədləri banka təqdim edilməklə ödənişləri apara bilər. Köçürmə həyata keçirildikdən sonra sənədlərin surətləri bankda saxlanılmalıdır. Əgər cəlb olunmuş maliyyə yardımları, digər borcalmalar ölkədən kənarda istifadə olunubsa, həmin borcların və ya onlar üzrə faizlərin ödənilməsi üçün Mərkəzi Bankın fərdi icazəsi tələb olunur.

ç) əvvəllər Azərbaycan Respublikasına köçürülmüş xarici valyuta vəsaitləri; Bu halda ödəniş, pul vəsaitinin həmin qeyri-rezidentin hesabına əvvəllər köçürülməsini sübut edən bank hesabından çıxarış təqdim edilməklə maneəsiz icra edilə bilər. Vəsaitlərin qeyri-rezidentin hesabına xaricdən və əksinə köçürülməsi məqsədi bu Qaydaların 3.2.2. a, b, c, e yarımbəndlərinin tənzimlənmə obyektidirsə, onda ödənişlər həmin yarımbəndlərin tələblərinə əməl edilməklə aparılmalıdır;

d) əvvəllər Azərbaycan Respublikasına nağd şəkildə gətirilmiş xarici valyuta vəsaitləri; ödənişin icrası üçün müvəkkil banka nağd şəkildə gətirilmiş xarici valyuta vəsaitinin məbləği 10 (on) min ABŞ dolları ekvivalentinədək olduqda «Sərnişin gömrük bəyannaməsi», 10 (on) min ABŞ dolları ekvivalentindən artıq olduqda «Sərnişin gömrük bəyannaməsi» və «Gömrük vəsiqəsi», eyni zamanda, fiziki şəxsin Azərbaycan Respublikasına daxil olmasını təsdiq edən viza qeydiyyatı olan (viza rejimi tətbiq edilən ölkədən gətirilərsə) pasportu təqdim edilməlidir. Əvvəllər nağd şəkildə gətirilmiş xarici valyuta vəsaitlərinin məbləği 50 (əlli) min ABŞ dolları ekvivalentindən artıq olarsa, əlavə olaraq valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən sənədlər (bank hesabından çıxarış, kassa qəbzləri və s.) təqdim edilməlidir. Təqdim edilmiş sənədlərin əslində (üz tərəfində) ödənişin həyata keçirilməsi barədə bankın məsul işçisinin imzası və ştampı ilə təsdiq edilmiş qeydiyyat aparıldıqdan sonra, onların və viza qeydiyyatının surəti bankda saxlanılır.

Vəsaitlərin köçürülməsi məqsədi bu Qaydaların 3.2.2. a, b, c, e yarimbəndlərinin tənzimlənmə obyektidirsə, onda ödənişlər həmin yarımbəndlərin tələblərinə əməl edilməklə aparılmalıdır.

e) Respublika iqtisadiyyatına qoyulmuş xarici investisiyaların repatriasiyası; Xarici investisiya anlayışı altında «İnvestisiya fəaliyyəti haqqında» və «Xarici investisiyanın qorunması haqqında» Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş fəaliyyət başa düşülür.

Xarici investisiyalar təsdiqləyici sənədləri təqdim etmək şərti ilə (vəsaitlərin nağd şəkildə respublikaya gətirilməsini sübut edən gömrük sənədləri, valyuta gətirilən ölkənin müvafiq bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini təsdiq edən arayış (50.000 ABŞ dolları ekvivalentindən çox olduqda) və ya vəsaitlərin respublikaya köçürülməsini sübut edən şəxsi hesabdan çıxarış və həmin vəsaitlərin müxtəlif fəaliyyət növləri obyektlərinə qoyulması barədə təsdiqləyici sənəd), sərbəst şəkildə repatriasiya edilə bilər. Bundan əlavə, müvafiq vergiləri və rüsumları ödədikdən sonra xarici investorların investisiya ilə əlaqədar qanuni əsaslarla əldə etdikləri gəlirləri və başqa məbləğləri, o cümlədən kompensasiyaları və zərərin ödənilməsi məbləğlərini xaricə köçürməsinə icazə verilir. Vergilərin ödənilməsi faktı vergi orqanlarının və agentlərinin müvafiq arayışı ilə təsdiq edilməlidir.

ə) Azərbaycan Respublikasında əldə edilmiş əmək haqqının, dividendlərin və digər gəlirlərin köçürməsi; Bu halda banka aşağıdakı sənədlər təqdim edilməlidir:

  • fiziki şəxs qeyri-rezidentlər dividendləri, faiz gəlirlərini, əmək haqqını və ona bərabər tutulan digər gəlirlərini köçürərkən həmin vəsaitlər üzrə ödəmə mənbəyində vergilərin tutulması barədə arayış.
  • bütün digər hallarda əməliyyat üzrə vergilərinin ödənilməsi barədə vergi orqanlarının və ya agentlərinin arayışı.

f) digər məqsədlərlə:

  • beynəlxalq təşkilatlarda, konfranslarda, sərgilərdə, fuarlarda iştirak haqları;
  • xarici ölkələrin dövri nəşrlərinə yazılış haqları; elanların yerləşdirilməsi haqları;
  • qüvvədə olan qanunvericiliyə əsasən respublika kənarına ödənilən vergilər, rüsumlar və cərimələr;
  • təhsil, müalicə haqlarının ödənilməsi və bu məqsədlərlə respublika vətəndaşlarına göstərilmiş maddi yardım üçün köçürmələr;
  • müəlliflik hüquqlarından istifadə haqlarının və françayzinqin ödənilməsi üçün köçürmələr.

Bu hallarda ödənişin məqsədini və məbləğini təsdiqləyən müqavilələr, arayışlar, invoys və ya digər təsdiqedici sənədlərin əsli müvəkkil banka təqdim edilir, müvəkkil bank təqdim olunmuş sənədlərin əməliyyatın elan edilmiş məqsədini əsaslandırdığına əmin olarsa, onları məqbul sayarsa və ümumiyyətlə əməliyyatın sağlam xarakteri şübhə doğurmazsa ödənişi icra edə bilər. Təqdim edilmiş sənədlərin üzərində bankın qeydiyyatı aparıldıqdan sonra surəti bankda saxlanılır.

q) şəxsi məqsədlər üçün xırda köçürmələr; hər bir qeyri-rezident fiziki şəxs müvəkkil banklardakı hesabları vasitəsilə bir əməliyyat günü ərzində 1000 (min) ABŞ dolları ekvivalentinədək məbləğdə xarici valyutanı ödənişin məqsədi göstərilməklə, sərbəst şəkildə ölkədən xaricə köçürə bilər.

3.2.3. Yuxarıda sadalanmayan digər əməliyyatlar sağlam xarakter daşıdıqda Mərkəzi Bankın fərdi icazəsi ilə aparıla bilər.

3.3. Qeyri-rezidentlər müvəkkil banklardakı hesablarından xarici valyuta vəsaitlərini nağd şəkildə maneəsiz çıxara bilərlər.

3.4. Qeyri-rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisində həyata keçirilən layihələrin maliyyələşdirilməsi məqsədilə müvəkkil banklar onlara 180 günədək müddətə kreditlər verə bilər. Azərbaycan Respublikası ərazisindən kənarda realizasiya edilən layihələrin maliyyələşdirilməsi məqsədilə və ya 180 gündən artıq müddətə kreditlər qeyri-rezidentlərə Milli Bankın fərdi icazəsi ilə verilə bilər.

4. Hesab açmadan fiziki şəxslər tərəfindən müvəkkil banklar vasitəsilə xarici valyuta əməliyyatlarının aparılması

4.1. Rezident fiziki şəxslərin xeyrinə Azərbaycan Respublikasından kənardan aşağıdakı mənbələrdən xarici valyuta köçürmələri müvəkkil banklar vasitəsi ilə bank hesabı açılmadan məhdudiyyətsiz məbləğdə qəbul edilə bilər:

a) Fiziki şəxsin özü tərəfindən;

b) Qeyri-rezident fiziki şəxs tərəfindən;

v) Digər rezident-fiziki şəxs tərəfindən.

4.1.1. Rezident və qeyri-rezident fiziki şəxslər bu Qaydalarla müəyyən edilmiş rejim çərçivəsində 1000 (bir min) ABŞ dolları ekvivalentinədək məbləğdə xarici valyuta vəsaitlərini hesab açmadan müvəkkil banklar vasitəsilə xaricə köçürə bilər. Müəyyən olunmuş limit çərçivəsində hər bir rezident, qeyri-rezident fiziki şəxs tərəfindən bir əməliyyat günü ərzində bir belə köçürmə icra edilə bilər.

4.2. Qeyri-rezident fiziki şəxslərin xeyrinə Azərbaycan Respublikasına xaricdən valyuta köçürmələri müvəkkil banklar vasitəsi ilə bank hesabı açılmadan məhdudiyyətsiz məbləğdə icra edilə bilər.

4.2.1. Qeyri-rezident fiziki şəxslərin müvəkkil banklarda bank hesabı açmadan Azərbaycan Respublikasından kənara xarici valyuta köçürmələrinə yol verilmir.

4.3. Xaricdən Azərbaycan Respublikasına fiziki şəxslərin xeyrinə köçürülmüş valyuta vəsaitləri bu Qaydaların şərtlərinə əməl edilməklə bank hesabı açılmadan:

  • nağd şəkildə verilə bilər;
  • köçürmə ünvanlanan şəxsin tapşırığı ilə onun müvəkkil bankdakı hesabına mədaxil edilə bilər.

4.4. Müvəkkil bankda hesab açmadan xarici valyutanın Azərbaycan Respublikasından köçürülməsi ərizəsində (Əlavə 2), habelə, Azərbaycan Respublikası ərazisinə köçürülmüş xarici valyutanın nağd çıxarılması və ya bank hesabına köçürülməsi üçün ərizədə aşağıdakı məlumatlar əks olunmalıdır:

a) ödənişi icra edən şəxsin adı, atasının adı, soyadı, şəxsiyyəti təsdiq edən sənədin adı, seriya və nömrəsi, kim tərəfindən və nə vaxt verilməsi (vəsaitlər Azərbaycan Respublikasından kənara köçürüldükdə);

b) ödənişin ünvanlandığı şəxsin adı, atasının adı, soyadı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd barədə tam məlumat (Azərbaycan Respublikasına daxil olmuş vəsaitlər nağd çıxarıldıqda və ya bank hesabına köçürüldükdə);

c) köçürmənin məbləği və məqsədi;

d) tarix və fiziki şəxsin imzası;

4.5. Müvəkkil bankda hesab açmadan xarici valyutanın Azərbaycan Respublikasından köçürülməsi, habelə Azərbaycan Respublikasına köçürülmüş xarici valyutanın nağd şəkildə çıxarılması (və ya bank hesabına köçürülməsi) üçün fiziki şəxslər tərəfindən müvəkkil banklara pasport və ya şəxsiyyəti təsdiq edən digər sənəd təqdim edilməlidir.

Əməliyyatlar fiziki şəxsin nümayəndəsi tərəfindən icra edilərsə, müvəkkil banka şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, qanunvericiliyə müvafiq qaydada tərtib edilmiş vəkalətnamə təqdim olunmalıdır.

4.6. Müvəkkil banklar fiziki şəxslərdən, öz daxili proseduralarına əsasən, köçürmələrin sağlam xarakterini təsdiq edən əlavə məlumatlar tələb edə bilər.

4.7. Fiziki şəxslər tərəfindən yuxarıda müəyyən olunmuş tələblərə cavab verməyən sənədlər təqdim olunduqda, habelə bu Qaydalara müvafiq surətdə tələb olunan sənədlər təqdim edilmədikdə müvəkkil bank əməliyyatı icra etmir.

4.8. Müvəkkil bankda hesab açmadan xarici valyutanın Azərbaycan Respublikasından köçürülməsi ərizəsində (ödəniş tapşırığında) və Azərbaycan Respublikası ərazisinə köçürülmüş xarici valyutanın nağd çıxarılması üçün sifarişdə fiziki şəxs tərəfindən əməliyyatın sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmaması barədə qeyd olmalıdır. Hesab açılmadan əməliyyatların aparılması üçün təqdim edilmiş bütün sənədlərin surəti müvəkkil bankda saxlanmalıdır.

5. Konvertasiya əməliyyatlarının rejimi

5.1. Rezident və qeyri-rezidentlər hesablarındakı vəsaitlərini müvəkkil banklar vasitəsi ilə məhdudiyyət qoyulmadan konvertasiya edə bilərlər.

5.2. Rezident və qeyri-rezidentlər nağd xarici valyuta vəsaitlərini müvəkkil bankların tabeliyində fəaliyyət göstərən mübadilə məntəqələri vasitəsi ilə konvertasiya edə bilərlər.

5.3. Rezident və qeyri-rezidentlər xarici valyutanın müvəkkil banklar vasitəsilə alınması üçün, banka valyutanın alınması məqsədini bəyan etməklə sifariş (Əlavə 3) təqdim etməlidir.

5.4. Konvertasiya əməliyyatlarına görə komisyon haqları sifarişçi və bankın qarşılıqlı razılığı əsasında müəyyən edilir.

6. Mərkəzi Bankın fərdi icazələrinin alınması

6.1. Bu Qaydalarla Azərbaycan Mərkəzi Bankın fərdi icazələri tələb olunan hallarda aşağıdakı prosedurlara əməl edilməlidir:

a) rezident və qeyri-rezidentlər əməliyyatın xarakterini açıqlayan bütün təsdiqləyici sənədləri təqdim etməklə müvəkkil banka müraciət edir;

b) müvəkkil bank öz növbəsində əməliyyatın sağlam xarakter daşıdığını araşdırır və buna əmin olduqdan sonra bütün təsdiqləyici sənədləri təqdim edərək Azərbaycan Mərkəzi Bank qarşısında vəsatət qaldırır.

c) Azərbaycan Mərkəzi Bank 10 iş günü müddətində müvəkkil bankın vəsatətinə baxaraq, əməliyyat sağlam xarakter daşıdığı halda onun icrası üçün icazə verə bilər. Təqdim edilmiş sənədlər əməliyyatın sağlamlığını tam əsaslandırmırsa, Mərkəzi Bank əlavə sənədlərin təqdim olunmasını tələb edə bilər. Əlavə sənədlər təqdim olunduqdan sonra 10 iş günü müddətində Mərkəzi Bank müvəkkil bankın vəsaitinə öz rəyini bildirir.

7. Müvəkkil bankların valyuta nəzarəti agenti funksiyalarını yerinə yetirməsi

7.1. Azərbaycan Respublikasının müvəkkil bankları valyuta nəzarəti agenti olaraq, səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının mövcud qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərinə cavab verməsinə nəzarət edirlər.

7.2. Bu Qaydalarla rezident və qeyri-rezidentlər tərəfindən aparılan xarici valyuta əməliyyatlarının sağlam xarakterini təsdiqləmək üçün nəzərdə tutulmuş sənədlər minimum tələbləri müəyyən edir. Müvəkkil banklar, daxili prosedur qaydalarına əsasən və öz mülahizələrinə görə, zəruri hallarda müştərilərdən əməliyyatların sağlam xarakterini təsdiqləyən əlavə sənədlər tələb edə bilər.

7.3. Müvəkkil banklar beynəlxalq təcrübəyə əsaslanaraq cinayətkarlıq yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması üçün bank sistemindən istifadə edilməsinin qanunvericiliyə müvafiq surətdə qarşısının alınmasının ümumi mexanizmini və bu sahədə bankın siyasətinin əsas istiqamətlərini müəyyən etməlidirlər.

7.4. Müvəkkil banklar cinayətkarlıq yolu ilə əldə edilmiş çirkli pulların yuyulması məqsədləri ilə transmilli əməliyyatlardan istifadə edilməsinin qanunvericiliyə müvafiq surətdə qarşısını almaq üçün müştərilərinin əməliyyatlarının sağlam xarakterinə əmin olmalıdır.

7.5. Müvəkkil banklar xidmət etdiyi rezident və qeyri-rezident müştərilərini bu Qaydaların tələbləri ilə tanış etməli və onlara bu sahədə hüquq pozuntusuna yol verilən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri haqqında məlumat verməlidirlər.

8. Yekun müddəalar

8.1. Bu Qaydaların tələblərini pozan müvəkkil banklar, habelə müvəkkil banklar vasitəsilə valyuta əməliyyatları aparan rezident və qeyri-rezidentlər, o cümlədən onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyət daşıyırlar.

Mərkəzi Bank ölkənin əsas valyuta nəzarəti orqanı kimi öz səlahiyyətləri daxilində bu Qaydalardan irəli gələn tələblərə müvəkkil banklar, habelə rezident və qeyri-rezidentlər tərəfindən riayət olunmasına nəzarət edir və aşkar olunmuş hüquq pozuntularına görə müvafiq qaydada məsuliyyət tədbirlərini həyata keçirir.

8.2. Bu Qaydalar 20 iyun 2002-ci il tarixdən qüvvəyə minir.

8.3. Bu Qaydalar qüvvəyə minən gündən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının 25 iyul 1997-ci il tarixli (Reyestr 98) «Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərinin Azərbaycan Respublikası müvəkkil banklarındakı xarici valyuta hesablarının rejimi haqqında Qaydalar»ı və ona bütün əlavə və dəyişikliklər öz qüvvəsini itirmiş hesab olunur.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Hüquqi aktlarının Bülleteni»ndə dərc edilmişdir (2002-ci il, 6, səh. 3).

28 iyun 2004-cü il tarixli, 11 nömrəli; 3 noyabr 2004-cü il tarixli, 19 nömrəli; 21 iyun 2007-ci il tarixli 22 nömrəli; 27 sentyabr 2008-ci il tarixli, 26 nömrəli; 20 noyabr 2009-cu il tarixli, 33 nömrəli; 15 aprel 2010-cu il tarixli, 9 nömrəli Protokollara əsasən dəyişikliklərlə.


«Azərbaycan Respublikası
rezident və qeyri-rezidentlərinin xarici
valyuta əməliyyatlarının aparılması
haqqında Qaydaları»na
Əlavə 1

Fiziki şəxs rezidentlərin hesabları üzrə respublika kənarına aparılan köçürmələr üçün
Ərizə

Hesabın sahibi _________________________________________________________________________ ______________________________________________________________________________________

(adı, atasının adı, soyadı, ünvanı)

Xahiş edirəm bankınızdakı ___________________________ -li hesabımdan ____________________ ___________________________________________________________________________ köçürəsiniz.

(məbləğ və valyutanın növü)

______________________________________________________________________________________ ______________________________________________________________________________________

(benefisiarın adı və rekvizitləri)

Köçürmənin məqsədi: ___________________________________________________________________ ______________________________________________________________________________________

Əlavə olunan sənədlər: ___________________________________________________________________ ______________________________________________________________________________________

Bununla mən təsdiq edirəm ki, bütün təqdim olunan sənədlər düzgündür və buna görə mən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyıram. Bundan əlavə təsdiq edirəm ki, (cari ildə bu mənim ilk köçürməmdir) (bundan əvvəl ____________________________ ________________________________________________________________________ bankı vasitəsi ilə

(bankın adı)

______________________________________________________________________________________

(köçürmənin məbləği, təyinatı və məqsədi)

respublika kənarına köçürmüşəm).

Bütün xərclərin ____________________________ saylı hesabdan silinməsini xahiş edirəm.

 

İmza _____________________________________

Tarix: «_____»_____________________________


«Azərbaycan Respublikası
rezident və qeyri-rezidentlərinin xarici
valyuta əməliyyatlarının aparılması
haqqında Qaydaları»na
Əlavə 2

Hesab açmadan köçürmənin aparılması üçün
Ərizə

Ödəyən: ______________________________________________________________________________ ______________________________________________________________________________________

(adı, atasının adı, soyadı, ünvanı)

______________________________________________________________________________________ ______________________________________________________________________________________

(şəxsiyyəti təsdiq edən sənədin adı, seriyası, nömrəsi, kim tərəfindən və nə vaxt verilib)

Benefisiar: _____________________________________________________________________________ ______________________________________________________________________________________

(adı və rekvizitləri)

Köçürülən valyuta: _____________________________________________________________________

(məbləğ)

Köçürmənin məqsədi: ___________________________________________________________________

Əlavə olunan sənədlər: __________________________________________________________________ ______________________________________________________________________________________

Bununla mən təsdiq edirəm ki, bu ödəniş sahibkarlıq fəaliyyəti ilə əlaqədar deyildir, bütün təqdim olunan sənədlər düzgündür və buna görə mən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyıram.

 

İmza __________________________________

Tarix: «_____»________________________


«Azərbaycan Respublikası
rezident və qeyri-rezidentlərinin xarici
valyuta əməliyyatlarının aparılması
haqqında Qaydaları»na
Əlavə 3

Xarici valyutanın alınıb satılması üçün
Sifariş

Təşkilatın adı: _________________________________________________________________________

Ünvan: _______________________________________________________________________________

Telefon: _______________________ Faks: ______________________ Teleks: ____________________

Əqd məsələlərini həll etməyə vəkil edilmiş əməkdaşın adı, atasının adı və soyadı: ___________________ ______________________________________________________________________________________

Xahiş edirik bizim adımızdan _____________________________________________________________

(valyutanın adı və məbləği)

_______________________________________________________________________ alasınız/satasınız.

Alınan valyuta aşağıdakı məqsədlərə istifadə ediləcəkdir: ______________________________________ ______________________________________________________________________________________

Alınan/satılan valyutanın dəyərini və _______________ % məbləğində komisyon haqqını bankınızdakı _______________________ saylı hesabımızdan silməyinizi xahiş edirik.

 

Alınan/satılan valyutanın adı

Alınan/satılan valyutanın məbləği

Əqdin maksimum/minimum məzənnəsi

     
     
     

 

Sifariş ______________________________________________________________ tarixədək etibarlıdır.

 

Rəhbər: _________________________

(imza)

/___________________________________________________/

(adı, atasının adı, soyadı)

Baş mühasib: ____________________

(imza)

/___________________________________________________/

(adı, atasının adı, soyadı)

M.Y.

Tarix: «_____»__________________________


«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
21 iyun 2007-ci il tarixli qərarı ilə
Protokol 22

Azərbaycan Respublikasının rezidentləri tərəfindən ___________ bank vasitəsilə _____________ ayı ərzində

Kapitalın hərəkəti ilə bağlı köçürmələr barədə (ölkədən kənara) məlumat*

min manatla

Ölkələr

Məqsədlər

İƏİT ölkələri və investisiyaların təşviqi və qorunması barədə ikitərəfli müqavilələr bağlanmış ölkələr

Rusiya Federasiyası

Digər ölkələr (İcazə əsasında)

Cəmi

Qeyd**

Birbaşa investisiyalar

         

Qiymətli kağızlar

         

Daşınmaz əmlak

         

Depozit

         

Cəmi

         

 

Rəhbər

___________________________

M.Y.

Tarix: _________________

 

(İmza)

   

 

Baş mühasib

___________________________

 

(İmza)


*Məlumat prudensial hesabatlarla birlikdə hər ay Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim edilir

**Əhəmiyyətli şərhlər daxil edilir





Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.