Axtar
az|рус|eng
Qanunvericilik

"Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası"nın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 "Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2007-ci il 16 iyun tarixli 392-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 29 iyun tarixli 604 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

 

Bakı şəhəri, 27 iyul 2007-ci il

120

 

 

        Azərbaycan Respublikası Nazirlər Kabinetinin

          2007-ci il 27 iyul tarixli 120 nömrəli qərarı ilə

                                TƏSDİQ EDİLMİŞDİR

 

Vergi hesabatının elektron sənəd formasında göndərilməsi

 

Q A Y D A S I

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. "Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası" Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.

1.2. Bu Qaydanın məqsədi Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq, vergi bəyannamələrinin (hesabatların) vergi ödəyicisi tərəfindən elektron şəkildə təqdim edilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron səkildə bildirişin verilməsi işlərinin tənzimlənməsi ilə "Elektron hökumət" layihəsi çərçivəsində dövlət orqanlarının vətəndaşlara və təşkilatlara təqdim etdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və onların təqdim olunma prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılmasına nail olmaqdır.

1.3. Bu Qaydada aşağıdakı terminlərdən istifadə olunmuşdur:

elektron bəyannamə (hesabat) - informasiyanın elektron-rəqəmsal formada təqdim olunduğu sənəd;

istifadəçi kodu, şifrə, parol - elektron bəyannamənin (hesabatın) təqdim edilməsi və onları təqdim edənlərin identikləşdirilməsi üçün xüsusi alqoritm vasitəsilə hazırlanan və vergi ödəyicisinə qapalı zərfdə verilən məxfi məlumatların kombinasiyası;

imzalanmış elektron bəyannamə (hesabat) - istifadəçi kodu, parol və şifrədən istifadə etməklə, göndərilən elektron sənəd;

zəruri proqram təminatları - bəyannamələrin elektron şəkildə tərtibi, paketlənməsi və göndərilməsi üçün istifadə olunan proqram təminatları (JRE-Java Runtime Environment; BTP-Bəyannamə Tərtibatı Proqramı və s.);

paketləmə - e-bəyannamə fayllarından vahid arxiv faylının hazırlanması;

İnternet Vergi İdarəsinin saytı - www.e-taxes.gov.az web səhifəsi.

1.4. Elektron mübadilənin aparılması üçün vergi orqanına təqdim olunan ərizənin və müqavilənin forması Azərbaycan Respublikasının Vergilər Nazirliyi (bundan sonra - Vergilər Nazirliyi) tərəfindən təsdiq edilir, bu formalar, habelə zəruri proqram təminatları, onlardan istifadə qaydaları üzrə təlimat  və  digər  metodik  məlumatlar  Vergilər Nazirliyinin  www.e-taxes.gov.az İnternet Vergi İdarəsi saytında yerləşdirilir.

1.5. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formatda tərtib edilən və vergi orqanına təqdim olunan elektron sənəd kağız və ya yazılı şəkildə digər məlumat daşıyıcısı üzərindəki sənədin ekvivalentidir və onunla eyni hüquqi qüvvəyə malikdir.

1.6. Bəyannamənin (hesabatın) və bildirişin elektron şəkildə tərtib və təqdim olunması üçün zəruri proqram təminatları Vergilər Nazirliyi tərəfindən hazırlanır və müqavilə əsasında əvəzsiz (ödənişsiz) vergi ödəyicisinə verilir.

1.7.  Vergi ödəyicisi elektron sənədlər mübadiləsinin aparıldığı iş yerinin təhlükəsizliyini müstəqil təmin edir.

1.8. Vergi ödəyicisi vergi orqanına təqdim etdiyi elektron bəyannamələrin (hesabatların) və vergi orqanından daxil olmuş bütün elektron sənədlərin 7 ildən az olmayan müddət ərzində saxlanılmasını təmin edir.

1.9. Vergi ödəyicisi elektron sənəd mübadiləsi üçün istifadə olunan istifadəçi kodunu, şifrəni və parolu məxfi saxlayır, onları başqa şəxslərə istifadə üçün vermir, istifadəçi kodu, parol və şifrədən başqaları tərəfindən istifadə olunduğunu bildikdə, dərhal uçotda olduğu vergi orqanına yazılı məlumat verir.

 

2. ELEKTRON MÜBADİLƏNİN RƏSMİLƏŞDİRİLMƏSİNİN ƏSASLARI

 

2.1. Vergi ödəyicisi (rəhbəri) vergi bəyannamələrini elektron şəkildə göndərmək üçün müvafiq ərizəni və 2 nüsxədə müqavilə formasını doldurub imzalayır (möhürləyir) və uçotda olduğu vergi orqanına təqdim edir.

2.2. Vergi orqanı vergi ödəyicisinin ərizəsini qəbul etdiyi tarixdən sonrakı 2 gün müddətində müqavilənin imzalanıb (möhürlənib) təsdiq edilməsini təmin edir.

2.3. Müqavilə imzalandıqdan sonra onun bir nüsxəsi və elektron sənəd mübadiləsinin aparılması üçün zəruri istifadəçi kodu, şifrə və parol vergi ödəyicisinə qapalı zərfdə təqdim edilir.

2.4. Müqavilənin qarşılıqlı imzalanması ilə vergi ödəyicisi bəyannamələrini vergi orqanına elektron şəkildə təqdim etmək hüququnu əldə edir və vergi orqanındakı qeydiyyat məlumatlarına və büdcə qarşısındakı öhdəliklərinə baxış imkanına malik olur.

2.5. Vergi ödəyicisi elektron sənəd mübadiləsi ilə bağlı Vergilər Nazirliyinin bütün təlimat və qaydalarına əməl edir, elektron bəyannaməni (hesabatı)  qanunvericilikdə müəyyən olunmuş müddətlərdə vergi orqanına göndərir.

 

2.6. Müqavilənin qüvvədə olduğu müddətdə eyni hesabat dövrü üzrə eyni tip bəyannamə vergi ödəyicisi tərəfindən yalnız bir formatda (elektron və yaxud kağız formatda) təqdim edilə bilər.

 

3. ELEKTRON MÜBADİLƏNİN APARILMASI

 

 3.1. Bəyannamələrin (hesabatların) elektron şəkildə təqdim edilməsi üçün vergi ödəyicisi tərəfindən İnternet bağlantısından və zəruri proqram təminatlarından istifadə edilir. Bu proqram təminatları vergi ödəyicisi tərəfindən öz kompyuterinə İnternet Vergi İdarəsinin saytının müvafiq bölməsindən yüklənib quraşdırılmalıdır.

3.2. Ödəyici e-Bəyannamə Tərtibatı Proqramından istifadə edərək, bəyannamələri kompyuterə daxil edir və paketləyir.

3.3. Vergi ödəyicisi e-bəyannamələrini paketlədikdən sonra İnternetə qoşularaq, İnternet Vergi İdarəsinin saytına bağlanır və öz istifadəçi kodundan, şifrə və parolundan istifadə edərək, kompyuterində hazırladığı e-bəyannamələrdən ibarət paket faylını sistemə göndərir.

3.4. Vergi ödəyicisinin paketdə olan bəyannamələri Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) tərəfindən yoxlanılır və vergi ödəyicisinə sistemdən müvafiq məlumatlar verilir.

3.5. AVİS tərəfindən səhv aşkar edilmiş bəyannamələri vergi ödəyicisi e-Bəyannamə Tərtibatı Proqramından istifadə etməklə, yenidən hazırlayır və sistemə yükləyir.

3.6. Vergi ödəyicisi qeydiyyat məlumatlarına və büdcə qarşısındakı öhdəliklərinə baxış imkanından istifadə etməklə, təqdim etdiyi e-bəyannamələrin nəticələri üzrə şəxsi hesab vərəqəsində aparılmış əməliyyatlar barədə məlumat əldə edə bilər.

3.7. Elektron mübadilənin aparılması prosesində meydana çıxan mübahisələrin həlli bu Qaydanın 4-cü bölməsində nəzərdə tutulduğu kimi həyata keçirilir.

 

4. ELEKTRON MÜBADİLƏ ZAMANI YARANMIŞ MÜBAHİSƏLƏRİN HƏLL EDİLMƏSİ

 

4.1. Elektron mübadilənin aparılması prosesində aşkar edilmiş səhvlərin aradan qaldırılması vergi ödəyicisinin və vergi orqanının qarşılıqlı təşəbbüskarlığı əsasında həyata keçirilir.

4.2. Elektron sənədlərin dəqiqliyi ilə əlaqədar mübahisə yarandığı halda, mübahisənin yaranma səbəbi, vergi orqanına (və ya vergi ödəyicisinə) mübahisə predmeti olan elektron sənədin tarixi və nömrəsi göstərilməklə, yazılı müraciət olunur. Müraciətə fayl şəklində olan mübahisəli elektron sənəd və təsdiqedici elektron sənəd əlavə edilir.

4.3. Müraciətin təqdim olunması və baxılması qanunvericilikdə nəzərdə tutulmuş  müddətlərdə həyata keçirilir və müraciətə baxılması zamanı elektron sənədlərin dürüstlüyü yoxlanılır.

4.4. Mübahisənin həllinin nəticələrinə görə akt tərtib olunur və mübahisənin mahiyyəti göstərilir. Akt vergi ödəyicisinin və vergi orqanının səlahiyyətli nümayəndələri tərəfindən imzalanır.

 

5. ELEKTRON MÜBADİLƏYƏ XİTAM VERİLMƏSİ

 

5.1. Vergi ödəyicisi vergi orqanına müvafiq yazılı ərizə verməklə, elektron sənəd mübadiləsinin aparılmasından imtina edə bilər.

5.2. Vergi ödəyicisi elektron sənəd mübadiləsi üçün nəzərdə tutulmuş texniki qayda və normalara əməl etmədikdə, vergi orqanı hesabat dövrünün başa çatmasına azı 10 gün qalmış ona xəbərdarlıq etməklə, elektron sənəd mübadiləsinin aparılmasından birtərəfli qaydada imtina edə bilər.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.