Axtar
az|рус|eng
Qanunvericilik

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 2, maddə 106; 2001-ci il, 12, maddə 731; 2002-ci il, 1, maddə 4; 2004-cü il, 8, maddə 606, 9, maddə 666; 2007-ci il, 3, maddə 206, 6, maddələr 560, 598, 11, maddə 1078) aşağıdakı dəyişikliklər edilsin:

1. 30-1-ci maddədə «Sığorta haqqında» sözləri «Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» sözləri ilə əvəz edilsin;

2. 30-1-ci maddənin ikinci hissəsində, 30-4-cü maddənin birinci-üçüncü hissələrində, 30-5-ci maddənin dördüncü hissəsində, 30-6-cı maddənin adında, birinci-dördüncü hissələrində, 30-7-ci maddənin birinci hissəsinin birinci, üçüncü və beşinci abzaslarında, 30-8-ci maddənin birinci-dördüncü abzaslarında ismin müvafiq hallarında «sığortalı» sözü ismin müvafiq hallarında «sığorta olunan» sözləri ilə, 30-5-ci maddənin birinci-üçüncü hissələrində, 30-6-cı maddənin dördüncü hissəsində, 30-10-cu maddənin birinci və ikinci hissələrində ismin müvafiq hallarında «sığorta etdirən» sözləri ismin müvafiq hallarında «sığortalı» sözü ilə əvəz edilsin.

II. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 2, maddə 140; 1998-ci il, 1, maddə 16; 2003-cü il, 6, maddə 255; 2005-ci il, 8, maddə 692; 2008-ci il, 7, maddə 602) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 2-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

«Sığortaçı sığorta fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lisenziyaya malik olan, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta nəzarəti orqanından müvafiq icazə almış hüquqi şəxsdir.»;

2. 3-cü maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 3. Sığortalı və sığorta olunan

1. Sığortalı sığorta müqaviləsi üzrə sığorta haqqı ödəyən, həmin müqavilədə göstərilən nəqliyyat vasitəsinin istismarı ilə bağlı mülki məsuliyyətin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir.

2. Sığorta olunan müvafiq icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Qanuna uyğun olaraq sığortalanmış nəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən, üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış şəxsdir.

3. Bu Qanunun məqsədləri üçün nəqliyyat vasitəsinin sahibi mülkiyyətində nəqliyyat vasitəsi olan, yaxud nəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarəyə götürmüş və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxs hesab olunur. Nəqliyyat vasitəsinin sahibi sığortaçını seçməkdə sərbəstdir.»;

3. 6-cı maddənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«1. Nəqliyyat vasitəsinin sahibi mülkiyyətində olan və ya üzərində faktiki sahibliyi həyata keçirdiyi, həmçinin digər qanuni əsaslarla istismar etdiyi nəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı mülki məsuliyyətini icbari qaydada sığorta etdirməlidir.

Nəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətin bu Qanunla nəzərdə tutulmuş icbari qaydada sığortalanması təmin edilmişdirsə, həmin icbari sığortanın qüvvədə olduğu müddət ərzində nəqliyyat vasitəsinin sahibi dəyişdikdə, o cümlədən əmlak qanuni əsaslarla icarəyə və ya digər qaydada başqa şəxsin istifadəsinə verildikdə, yeni icbari sığorta müqaviləsinin bağlanması tələb olunmur. Bu halda bu Qanunun 3-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq nəqliyyat vasitəsini faktiki istifadə edən şəxs sığorta olunan hesab edilir.»;

4. 8-ci maddənin:

4.1. 2-ci bəndinin üçüncü və dördüncü abzasları çıxarılsın, ikinci abzası isə aşağıdakı redaksiyada verilsin:

«2. Bu Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, sığortaçı sığorta hadisəsinin baş verməsində sürücünün təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsə dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.»;

4.2. 5-ci bəndində «iddia (reqress)» sözləri «subroqasiya» sözü ilə əvəz edilsin;

4.3. 6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

«6. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz.»;

4.4. Aşağıdakı məzmunda 7-ci və 8-ci bəndlər əlavə edilsin:

«7. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.

8. Sığorta ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta şəhadətnaməsi sığortaçı tərəfindən geri alınır və sığortalının sığorta məbləğini qanunvericiliklə tələb olunan miqdarda bərpa etmək üçün, sığorta məbləğinin azalmış hissəsinə uyğun olaraq, əlavə sığorta haqqı ödəməsi şərti ilə ona əvvəlki sığorta şəhadətnaməsinin son qüvvədə olma tarixinədək müddətə qüvvədə olan yeni sığorta şəhadətnaməsi verilir.»;

5. 9-cu maddənin:

5.1. 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«1. Bu Qanunla müəyyən edilmiş subroqasiya hüququnun əsaslarına aid olan hallar istisna edilməklə, sığorta ödənişindən imtinanın Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ümumi əsasları ilə yanaşı aşağıdakı hallarda da sığorta ödənişi verilmir:

    • sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;
    • sığorta tələbi sığortalının və ya sığorta olunanın sahibliyində, istifadəsində və ya sərəncamında olan əmlaka dəymiş zərərlə bağlı olduqda;
    • sığorta tələbi mənəvi zərər, yaxud gəlir itkisi ilə, habelə sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, penya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda.»;

5.2. 2-ci və 3-cü bəndləri çıxarılsın;

6. 10-cu maddə çıxarılsın;

7. 11-ci maddənin 1-ci bəndinin ikinci abzasında «əmək qabiliyyətinin müvəqqəti itirilməsi» sözləri «xəsarət alma» sözləri ilə əvəz edilsin;

8. 15-ci maddənin:

8.1. 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«1. Bu Qanunun məqsədləri üçün sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində üçüncü şəxslərin sağlamlığına və ya əmlakına zərər vurulması nəticəsində sığorta olunanın mülki məsuliyyətinin yaranması riskləri ilə bağlı itkilərin əvəzinin ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərini təsbit edən razılaşmadır.»;

8.2. 2-ci bəndində «Sığortaçı ilə sığorta olunan arasında» sözləri «Müvafiq icbari» sözləri ilə əvəz edilsin;

8.3. 4-cü bəndində «Sığorta olunan» sözləri «Sığortalı» sözü ilə əvəz edilsin;

9. 16-cı maddənin 1-ci bəndinin üçüncü cümləsində «sığorta etdirən» sözləri «sığortalı» sözü ilə əvəz edilsin;

10. 17-ci maddənin 2-ci bəndi çıxarılsın;

11. 18-ci maddənin 2-ci bəndində «vəsatət edənlə» sözləri «sığorta tələbini irəli sürən şəxslə» sözləri ilə, 3-cü bəndinin ikinci cümləsində «Sığorta haqqında Qanunun 21-ci maddəsinə uyğun olaraq sığorta olunana cərimə» sözləri «sığorta olunana sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu» sözləri ilə əvəz edilsin;

12. 20-ci maddənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«1. Daxil olan sığorta haqlarının 75 faizi miqdarında sığorta qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sığorta ehtiyatları formalaşdırılır.

Sığorta haqlarının sığorta ehtiyatlarının formalaşdırılmasından sonra qalan hissəsi aşağıdakı qaydada bölüşdürülür:

    • sığortaçının işlərinin aparılması xərclərinə — 14,7 faiz;
    • mərkəzi sığorta ehtiyatına — 5 faiz;
    • sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə — 0,3 faiz;
    • yol-nəqliyyat hadisələrinin qarşısının alınması tədbirlərinə — 5 faiz.»;

13. 23-cü maddə aşağıdakı redaksiyada verilsin:

«Maddə 23. Subroqasiya hüququnun yaranmasının əsasları

1. Sığortaçının bu Qanuna uyğun olaraq verdiyi sığorta ödənişi məbləğində subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır:

    • sığorta hadisəsi zəruri müdafiə və ya son zərurət vəziyyətində edilmiş hərəkətlər istisna olmaqla, sığorta müqaviləsində göstərilən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən edilən qanunazidd hərəkətlərin nəticəsi olduqda;
    • sığorta hadisəsi baş verərkən sığorta müqaviləsində göstərilən nəqliyyat vasitəsini idarə edən şəxs həmin nəqliyyat vasitəsini alkoqol, narkotik və ya toksikoloji vəziyyətdə idarə etdikdə;
    • sığorta müqaviləsində göstərilən nəqliyyat vasitəsi onu qanuni əsaslarla idarə etməyə hüququ olmayan şəxs tərəfindən idarə edildikdə;
    • sığorta müqaviləsində göstərilən nəqliyyat vasitəsini idarə edən şəxs hadisə yerindən yayınmış olduqda.

2. Subroqasiya hüququ öz işçisi tərəfindən törədilmiş əmələ görə mülki qanunvericiliklə müəyyən edilmiş şərtlər olduqda sığortalıya qarşı, digər hallarda isə sığorta hadisəsinin baş verməsində təqsiri olan sığorta olunana və ya sığorta olunanın nəqliyyat vasitəsini idarə edən digər şəxsə qarşı yaranır.».

III. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 5, maddə 399; 2001-ci il, 12, maddə 736; 2005-ci il, 8, maddə 692, 10, maddə 872; 2006-cı il, 12, maddə 1007; 2008-ci il, 6, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə «Sığorta haqqında» sözləri «Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» sözləri ilə əvəz edilsin;

2. 2-ci maddənin adında və mətnində, 5-ci maddənin birinci hissəsinin «a», «b», «c», «ç» və «d» yarımbəndlərində, 6-cı maddənin dördüncü hissəsində, 7-ci maddənin birinci hissəsinin birinci abzasında, «a» yarımbəndinin ikinci və dördüncü abzaslarında, ikinci və üçüncü hissələrində və 8-ci maddədə ismin müvafiq hallarında «sığorta edilən» sözləri ismin müvafiq hallarında «sığorta olunan» sözləri ilə əvəz edilsin;

3. 4-cü maddənin ikinci hissəsindən «, sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla» sözləri çıxarılsın;

4. 6-cı maddənin birinci və ikinci hissələrində «sığorta etdirənlər» sözləri «sığortalılar» sözü ilə əvəz edilsin.

IV. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 4, maddə 213; 2001-ci il, 3, maddə 143, 6, maddə 362, 11, maddələr 672, 679, 12, maddə 731; 2002-ci il, 1, maddə 2, 5, maddə 241, 6, maddə 328; 2003-cü il, 1, maddələr 9, 23; 2004-cü il, 1, maddə 10, 2, maddə 57, 3, maddə 133, 6, maddə 413, 7, maddə 505, 9, maddə 672, 12, maddə 981; 2005-ci il, 3, maddə 151, 4, maddə 278, 7, maddə 560, 10, maddə 874, 11, maddə 1001, 12, maddə 1094; 2006-cı il, 3, maddələr 220, 222, 5, maddə 385, 11, maddə 923, 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, 5, maddələr 401, 437, 6, maddə 560, 8, maddə 756, 11, maddələr 1049, 1053; 2008-ci il, 3, maddə 156, 7, maddələr 600, 602) aşağıdakı dəyişikliklər edilsin:

1. 211-ci maddənin birinci hissəsinin doqquzuncu abzasından «şəxsi» sözü çıxarılsın;

2. 225-ci maddə üzrə:

2.1. adından «sosial sığortası və şəxsi» sözləri çıxarılsın;

2.2. ikinci hissənin birinci cümləsindən «şəxsi» sözü çıxarılsın, ikinci cümləsində isə «Şəxsi» sözü «Bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari» sözləri ilə əvəz edilsin;

2.3. üçüncü hissədən «şəxsi» sözü çıxarılsın.

3. 239-cu maddənin beşinci hissəsinin birinci cümləsində «icbari şəxsi» sözləri «bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari» sözləri ilə əvəz edilsin.

V. «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 10, maddə 569; 2001-ci il, 12, maddə 736; 2005-ci il, 8, maddə 692; 2006-cı il, 11, maddə 928; 2007-ci il, 6, maddə 560; Azərbaycan Respublikasının 2008-ci il 2 iyun tarixli, 620-IIIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddədə «Sığorta haqqında» sözləri «Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında»,» sözləri ilə əvəz edilsin;

2. 4-cü maddənin ikinci hissəsindən «, sığortaçının komisyon mükafatları da nəzərə alınmaqla,» sözləri çıxarılsın;

3. 6-cı maddənin birinci-üçüncü hissələrində və 9-cu maddənin ikinci hissəsində ismin müvafiq hallarında «sığorta etdirənlər» sözləri ismin müvafiq hallarında «sığortalılar» sözü ilə əvəz edilsin;

4. 7-ci maddənin ikinci hissəsində və 8-ci maddədə ismin müvafiq hallarında «sığorta edilən» sözləri ismin müvafiq hallarında «sığorta olunan» sözləri ilə əvəz edilsin.

VI. «Tibbi sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 1, maddə 4; 2001-ci il, 3, maddə 141; 2007-ci il, 12, maddə 1212) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 2-ci maddədə «Qanundan,» sözündən sonra «Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunundan,» sözləri əlavə edilsin;

2. 3-cü maddənin birinci hissəsində, ikinci hissəsinin birinci abzasında və üçüncü hissəsində, 4-cü maddənin ikinci hissəsində, 6-cı maddənin adında, birinci və ikinci hissələrinin birinci abzaslarında və üçüncü hissəsində, 7-ci maddənin birinci hissəsinin yeddinci abzasında, 9-cu maddənin birinci hissəsində, 10-cu maddənin birinci hissəsində və 16-cı maddənin dördüncü hissəsində ismin müvafiq hallarında «sığorta edən»«sığorta edənlər» sözləri ismin müvafiq hallarında «sığortalı» sözü ilə əvəz edilsin.

VII. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, 8 (I kitab), maddə 583; 2001-ci il, 7, maddə 454, 9, maddə 576, 12, maddə 734; 2002-ci il, 5, maddə 249, 12, maddə 707; 2003-cü il, 8, maddə 425, 12, (I kitab), maddə 671; 2004-cü il, 1, maddə 1, 11, maddə 887, 12, maddə 980; 2005-ci il, 2, maddə 61, 8, maddə 688, 12, maddə 1081; 2006-cı il, 12, maddələr 1005, 1026; 2007-ci il, 1, maddə 4, 6, maddə 597, 8, maddə 745, 11, maddə 1053, 12, maddə 1192) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. 16.1.8.26-cı maddədə «bank fəaliyyəti» sözlərindən sonra «, həmçinin sığorta və sığorta vasitəçiliyi xidmətləri» sözləri əlavə edilsin;

2. 102.1.8-ci maddədə «sığortalının» sözü «sığorta olunanın və faydalanan şəxsin» sözləri ilə, «sığortalıya» sözü isə «sığorta olunana və faydalanan şəxsə» sözləri ilə əvəz edilsin.

VIII. «İcbari ekoloji sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 4, (II kitab), maddə 172; 2005-ci il, 8, maddə 692; 2008-ci il, 6, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddədə «Sığorta haqqında» sözləri «Sığorta fəaliyyəti haqqında» sözləri ilə əvəz edilsin;

2. 5.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«5.1. Sığortaçı sığorta fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lisenziyaya malik olan, icbari ekoloji sığorta növü üzrə sığorta nəzarəti orqanından müvafiq icazə almış hüquqi şəxsdir.»;

3. 6.2.1-ci maddə çıxarılsın;

4. 9.1-ci, 11.2-ci və 11.5-ci maddələrdə «məsuliyyətinin» sözü «öhdəliyinin» sözü ilə, 9.2-ci və 10.1-ci maddələrdə isə «məsuliyyətin» sözü «öhdəliyin» sözü ilə əvəz edilsin;

5. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:

«12. Sığortaçı Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş əsaslar olduqda sığorta ödənişindən imtina etmək hüququna malikdir.»;

6. 13-cü maddə üzrə:

6.1. 13.1-ci maddədə «sığorta haqlarından» sözləri «sığorta haqlarının 80 faizi miqdarında» sözləri ilə əvəz edilsin;

6.2. 13.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

«13.2. Sığorta haqlarının sığorta ehtiyatlarının formalaşdırılmasından sonra qalan hissəsi aşağıdakı qaydada bölüşdürülür:

13.2.1. sığortaçının işlərinin aparılması xərclərinə — 14,7 faiz;

13.2.2. sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə — 0,3 faiz;

13.2.3. ətraf mühitin mühafizəsi tədbirlərinə — 5 faiz.»;

6.3. 13.3-cü maddədə «Tədbirlərin maliyyələşdirilməsi üçün sığorta ehtiyatları fondu sığortalının sığortaçı ilə razılaşdığı və» sözləri «Ətraf mühitin mühafizəsi tədbirlərinə ayırmalar» sözləri ilə əvəz edilsin.

IX. «Dövlət qulluqçularının icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 247; 2003-cü il, 12, (I kitab), maddə 671; 2005-ci il, 8, maddə 692; 2007-ci il, 6, maddə 560; 2008-ci il, 6, maddə 462, 7, maddə 602) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 1-ci maddədə «bu Qanunla,» sözlərindən sonra «Azərbaycan Respublikasının Mülki Məcəlləsi,» sözləri əlavə edilsin, «Sığorta haqqında» sözləri «Sığorta fəaliyyəti haqqında» sözləri ilə əvəz edilsin;

2. 6.1-ci, 6.2-ci, 6.3-cü, 6.5-ci 6.7-ci, 12.1-ci, 12.2-ci maddələrdə ismin müvafiq hallarında «sığorta etdirən»«sığorta etdirənlər» sözləri ismin müvafiq hallarında «sığortalı»«sığortalılar» sözləri ilə əvəz edilsin;

3. 8.3-cü maddədə «sığorta olunan» sözləri «sığortalı və ya sığorta olunan» sözləri ilə əvəz edilsin.

X. «Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 10, maddə 582; 2005-ci il, 8, maddə 692) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddədə «Sığorta haqqında» sözləri «Sığorta fəaliyyəti haqqında» sözləri ilə əvəz edilsin;

2. 3-cü maddədə «digər əmlak» sözləri «digərləri ilə bağlı əmlak mənafeləri» sözləri ilə əvəz edilsin;

3. 9.2-ci maddədə «obyekti» sözü «predmeti» sözü ilə əvəz edilsin.

XI. «Sərnişinlərin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 8, maddə 416; 2008-ci il, 7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddədə «Sığorta haqqında» sözləri «Sığorta fəaliyyəti haqqında» sözləri ilə əvəz edilsin;

2. 3-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

«Sığortaçı sığorta fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lisenziyaya malik olan, sərnişinlərin icbari sığortası növü üzrə sığorta nəzarəti orqanından müvafiq icazə almış hüquqi şəxsdir.»;

3. 4-cü maddədə, 5-ci maddənin adında və mətnində, 7.1-ci, 7.2-ci, 7.3-cü, 11.3-cü və 12.2-ci maddələrdə ismin müvafiq hallarında «sığorta etdirən»«sığorta etdirənlər» sözləri ismin müvafiq hallarında «sığortalı»«sığortalılar» sözləri ilə əvəz edilsin;

4. 8.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

«8.4. Daxil olan sığorta haqlarının 85 faizi miqdarında sığorta qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sığorta ehtiyatları formalaşdırılır.

8.4.1. Sığorta haqlarının sığorta ehtiyatlarının formalaşdırılmasından sonra qalan hissəsi aşağıdakı qaydada bölüşdürülür:

8.4.1.1. sığortaçının işlərinin aparılması xərclərinə — 14,7 faiz;

8.4.1.2. sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə — 0,3 faiz.»;

5. 9.3-cü maddədə «sığortanın tam məbləği» sözləri «sığorta məbləği» sözləri ilə əvəz edilsin.

XII. «Yanğından icbari sığorta haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 124; 2005-ci il, 8, maddə 692; 2007-ci il, 6, maddə 562; 2008-ci il, 7, maddə 602) aşağıdakı dəyişikliklər edilsin:

1. preambulanın ikinci abzasında «Sahibkarlıq fəaliyyəti ilə məşğul olan, öz əmlakını və üçüncü şəxslər qarşısında mülki məsuliyyətini könüllü qaydada yanğından sığortalayan hüquqi və fiziki şəxslərə, habelə vətəndaşların» sözləri «Fiziki şəxslərin» sözləri ilə əvəz edilsin;

2. 2-ci maddədə «Sığorta haqqında» sözləri «Sığorta fəaliyyəti haqqında» sözləri ilə əvəz edilsin;

3. 3.1-ci maddədə «aşağıdakılardır» sözü «aşağıdakılarla bağlı əmlak mənafeləridir» sözləri ilə əvəz edilsin;

4. 1-ci maddədə, 3.1.1-ci və 3.1.2-ci maddələrdə, 4-cü maddənin adında və mətnində, 7.1-ci maddədə, 8-ci maddənin adında, 8.1-ci, 8.2-ci, 8.2.7-ci, 8.3-cü, 8.4-cü, 9.1.1-ci, 9.1.2-ci, 9.2.1-ci, 9.2.2-ci, 10.2-ci, 10.3-cü, 10.7.3-cü, 11.1-ci, 12.1-ci, 12.3-cü, 13.2-ci, 15.4-cü, 15.5-ci, 16.1-ci maddələrdə, 17-ci maddənin adında, 17.1-ci, 17.2-ci və 17.3-cü maddələrdə ismin müvafiq hallarında «sığorta olunan»«sığorta olunanlar» sözləri ismin müvafiq hallarında «sığortalı»«sığortalılar» sözləri ilə əvəz edilsin;

5. 5-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

«Sığortaçı sığorta fəaliyyəti ilə məşğul olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada lisenziyaya malik olan, yanğından icbari sığorta növü üzrə sığorta nəzarəti orqanından müvafiq icazə almış hüquqi şəxsdir.»;

6. 8.2.9-cu və 9.1.5-ci maddələrdə «reqres qaydasında» sözləri «subroqasiya qaydasında» sözləri ilə əvəz edilsin;

7. 9.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

«9.1.3. Sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğini Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada müəyyən etmək.»;

8. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

«14.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını təqdim edilmiş sığorta tələbi əsasında sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir.»;

9. 16.3-cü maddədən «və «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununda» sözləri çıxarılsın;

10. 18-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

«18.1. Daxil olan sığorta haqlarının 80 faizi miqdarında sığorta qanunvericiliyi ilə müəyyən olunmuş qaydada sığorta ehtiyatları formalaşdırılır.

18.2. Sığorta haqlarının sığorta ehtiyatlarının formalaşdırılmasından sonra qalan hissəsi aşağıdakı qaydada bölüşdürülür:

18.2.1. sığortaçının işlərinin aparılması xərclərinə — 14,7 faiz;

18.2.2. sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə — 0,3 faiz;

18.2.3. «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yanğının qarşısını alma tədbirlərini həyata keçirmək üçün yanğından mühafizə növlərinə — 5 faiz.».

XIII. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 130; 2005-ci il, 4, maddə 276; 2007-ci il, 5, maddə 401, 6, maddə 562, 11, maddə 1070) 41.2-ci maddəsinin 1-ci cümləsində «auditorlara,» sözündən sonra «sığortaçıların fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar sığorta nəzarəti orqanına,» sözləri əlavə edilsin.

XIV. «Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 7, maddə 506; 2006-cı il, 3, maddə 223; 2007-ci il, 6, maddə 560; 2008-ci il, 6, maddə 462) aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci maddədə «Sığorta haqqında» sözləri «Sığorta fəaliyyəti haqqında» sözləri ilə əvəz edilsin;

2. 4-cü maddənin adında və mətnində, 6.3-cü, 9.1-ci, 9.2-ci, 9.6-cı, 12.1-ci və 12.2-ci maddələrdə ismin müvafiq hallarında «sığorta etdirən» sözləri ismin müvafiq hallarında «sığortalı» sözü ilə əvəz edilsin.

XV. «Daxili audit haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 6, maddə 565) aşağıdakı əlavə və dəyişiklik edilsin:

1. aşağıdakı məzmunda 4.3-cü maddə əlavə edilsin:

«4.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Audit Komitəsinin bu Qanunun 4.2-ci maddəsində müəyyən edilmiş vəzifələri təsərrüfat subyektinin Təftiş Komissiyası tərəfindən yerinə yetirilir.»;

2. 5.1-ci maddədə «Daxili audit xidməti» sözləri «Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, daxili audit xidməti» sözləri ilə əvəz edilsin.

XVI. «Auditorun mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 8, maddə 747) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. adında, preambulasında, 1.3-cü, 1.4-cü, 1.6-cı, 1.7-ci, 1.8-ci maddələrdə, 2-ci maddənin adında, 2.1-ci maddədə, 3-cü maddənin adında, 3.1-ci maddədə, 4-cü maddənin adında, 5.1.1-ci, 5.1.5-ci, 8.1-ci və 8.10-cu maddələrdə ismin müvafiq hallarında «mülki məsuliyyət» sözləri ismin müvafiq hallarında «peşə məsuliyyəti» sözləri ilə əvəz edilsin;

2. 2.1-ci maddədə «Sığorta haqqında» sözləri «Sığorta fəaliyyəti haqqında» sözləri ilə əvəz edilsin;

3. 8.9-cu maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

«Sığortaçı daxil olan sığorta haqlarının 10 faizi miqdarında işlərin aparılması xərclərinə ayırmalardan və 0,3 faizi miqdarında sığorta sektorunda dövlət tənzimlənməsi və nəzarətinin həyata keçirilməsinin maliyyələşdirilməsinə məcburi ayırmalardan sonra qalan məbləğdən sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada sığorta ehtiyatları formalaşdırır.».

XVII. «Sığorta haqqında» Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, 8, maddə 479; 2001-ci il, 12, maddə 736; 2002-ci il, 5, maddə 241; 2004-cü il, 2, maddə 57, 8, maddə 600; 2005-ci il, 8, maddə 684; 2007-ci il, 12, maddə 1212) qüvvədən düşmüş hesab edilsin.

XVIII. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 2 oktyabr 2008-ci il

699-IIIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (16 noyabr 2008-ci il, 257).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 2008-ci il, 11 (137), maddə 960).




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.