Axtar
az|рус|eng
Qanunvericilik

Auditor xidməti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında auditor xidmətinin təşkilini, onun həyata keçirilməsinin hüquqi əsaslarını, auditorların funksiyalarını, hüquqlarını və vəzifələrini müəyyən edir, mülkiyyətçinin əmlak hüquqlarını müdafiə edən müstəqil maliyyə nəzarəti-sisteminin yaradılmasını nəzərdə tutur.

Auditor xidməti ilə bağlı münasibətlər bu Qanunla, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktları, beynəlxalq müqavilə və sazişləri ilə tənzimlənir.

 

I f əsil

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Qanunun tətbiq sahəsi

Bu Qanun mülkiyyət formasından və təşkilati-hüquqi tabeliyindən asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən bütün müəssisələrə, təşkilatlara və idarələrə (bundan sonra təsərrüfat subyektləri adlandırılacaqdır) şamil edilir.

Maddə 2. Audit anlayışı

Audit əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır.

Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. [1]

Maddə 3. Auditor xidməti

Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir.

Auditor xidməti dövlət orqanlarının öz səlahiyyətləri daxilində təsərrüfat subyektlərinin fəaliyyətini yoxlamasını istisna etmir.

Maddə 4. Sərbəst auditor

Sərbəst auditor Azərbaycan Respublikası Auditorlar Palatasının (bundan sonra Auditorlar Palatası adlandırılacaqdır) verdiyi lisenziyaya əsasən respublika ərazisində sərbəst auditor, xidməti göstərmək hüququnu əldə etmiş fiziki şəxsdir.

Maddə 5. Auditor təşkilatı

Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməsinə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir.

Auditor təşkilatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada bir və daha artıq təsisçi tərəfindən yaradılır. [2]

Maddə 6. Sərbəst auditor olmağın şərtləri

Azərbaycan Respublikasında sərbəst auditor hüququnu əldə etmək üçün aşağıdakılar tələb olunur:

a) Azərbaycan Respublikasının vətəndaşı olmaq;

b) məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maliyyə-təsərrüfat münasibətləri sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyət ilə məşğul olma hüququndan məhrum edilməmək və ya bu növ cəza ilə bağlı məhkumluğun qanunvericilikdə müəyyən edilmiş qaydada ödənilməsi;

v) mühasibat uçotu, maliyyə, iqtisadçı və hüquqşünas ixtisasları üzrə ali təhsilə və ixtisas üzrə azı üç il iş stajına malik olmaq;

q) sərbəst auditor imtahanlarını vermək.

Tamah məqsədilə cinayət törətmək, üstündə məhkum olunmuş və məhkumluğu ödənilməmiş şəxslər auditor ola bilməzlər.

Öz ölkəsində auditor xidməti ilə məşğul olmaq hüququ olan xarici ölkə vətəndaşı Auditorlar Palatasının rəsmi icazəsi ilə həmin hüquqdan Azərbaycan Respublikası ərazisində istifadə edə bilər.

Maddə 7. Auditor adını almaq üçün imtahanların təşkili

Auditor adı almaq üçün imtahanlar Auditorlar Palatasının təyin etdiyi komissiya tərəfindən qəbul edilir.

İmtahanlar Auditorlar Palatasının Əsasnaməsində nəzərdə tutulan qaydaya uyğun olaraq təşkil edilir.

Maddə 8. Auditor rəyi

Auditor rəyi auditorun (auditor təşkilatının) imzası və möhürü ilə təsdiq olunmuş, audit aparılan təsərrüfat subyektinin maliyyə vəziyyətinə, maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyinə, illik mühasibat hesabatları maddələrinin doğruluğuna, mühasibat uçotunun ümumi vəziyyətinə verdiyi qiyməti əks etdirən və bütün hüquqi və fiziki şəxslər, dövlət hakimiyyəti və idarəetmə orqanları, habelə məhkəmə orqanları üçün hüquqi əhəmiyyəti olan rəsmi sənəddir.

(Çıxarılıb) [3]

Auditor rəyinin vahid formasını və onun tərtib edilməsində irəli sürülən tələbləri Auditorlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla müəyyən edir. [4]

 

II f ə s i l

AZƏRBAYCAN RESPUBLİKASINDA AUDİTOR XİDMƏTİNİN TƏNZİMLƏNMƏSİ

 

Maddə 9. Auditor xidmətinin tənzimlənməsi

Auditor xidmətinin dövlət tənzimlənməsini təşkil etmək; bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq; dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə etmək; öz fəaliyyətində bu Qanundan, digər qanunvericilik və normativ-hüquqi aktlardan irəli gələn tələblərə auditorlar (auditor təşkilatları) tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılır. Auditorlar Palatasının fəaliyyəti onun Əsasnaməsi ilə tənzimlənir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Auditorlar Palatasının Əsasnaməsi təsdiq edilir və onun rəhbəri təyin edilir. [5]

Maddə 10. Auditor xidməti ilə məşğul olmaq üçün lisenziyanın verilməsi

Sərbəst auditorlar və auditor təşkilatları dövlət qeydiyyatına alındıqdan sonra 5 il müddətinə verilən lisenziya əsasında fəaliyyət göstərirlər. [6]

Maddə 11. Sərbəst auditorların və auditor təşkilatlarının dövlət qeydiyyatı

Auditor, auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı aldığı andan auditor xidməti ilə məşğul olmaq hüququna malikdir. Sərbəst auditorlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilmiş qaydada uçota alınırlar.

Auditor öz fəaliyyətini sərbəst, yaxud auditor təşkilatı ilə müqavilə əsasında həyata keçirir. Onun başqa növ fəaliyyətlə məşğul olması qadağandır. [7]

Sərbəst auditorlar öz fəaliyyətini əks etdirən gündəlikdən istifadə edirlər. Gündəliyi onların fəaliyyətinə nəzarət və aparılan auditin keyfiyyətinin yoxlanması üçün Auditorlar Palatasına təqdim edirlər.

Auditor təşkilatları Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınırlar.

Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş auditor təşkilatı Auditorlar Palatasından lisenziya aldığı andan auditor xidmətini həyata keçirmək hüququna malik olur. [8]

 

III f ə s i l

AUDİTORLARIN HÜQUQLARI, VƏZİFƏLƏRİ VƏ MƏSULİYYƏTİ

 

Maddə 12. Auditorların hüquqları

Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdirlər:

bu Qanuna və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;

sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və yoxlama üçün onları almaq, pul məbləğlərinin, qiymətli kağızların, maddi sərvətlərin mövcudluğunu yoxlamaq və audit üçün lazım olan digər məlumatları almaq;

sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;

səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq;

auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək;

yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək.

Maddə 13. Auditorların vəzifələri

Sərbəst auditorların və auditor təşkilatlarının vəzifələri aşağıdakılardan ibarətdir:

auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət etmək;

auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;

bu Qanunun 18-ci maddəsində göstərilmiş hallara görə auditin aparılmasında iştirakının qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək;

sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;

auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək;

sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar və Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununa əsasən təqdim olunmalı məlumatlar istisna olmaqla) məxfi saxlamaq; [9]

yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək;

təsərrüfat subyektinin tələbi ilə ona auditin aparılmasına dair qanunvericiliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək;

qanunvericiliklə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək. [10]

sığortaçı ilə mülki məsuliyyətinin icbari sığortası müqaviləsini bağlamaq.[11]

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək.[12]

Maddə 14. Auditorların məsuliyyəti

Auditorlar və auditor təşkilatları öz vəzifələrini lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikası qanunvericiliyinə və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər.

Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. [13]

Maddə 15. Auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların geri alınması

Auditora və ya auditor təşkilatına Azərbaycan Respublikası ərazisində auditor xidmətini həyata keçirmək hüququ verən lisenziya aşağıdakı hallarda Auditorlar Palatasının qərarı ilə geri alına bilər:

təqvim ili ərzində üç dəfə keyfiyyətsiz audit apardıqda;

audit aparılması zamanı bu Qanunun və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini kobudcasına pozduqda;

sərbəst auditor haqqında maliyyə-təsərrüfat münasibətləri sahəsində müəyyən vəzifələr tutma və ya müəyyən fəaliyyət ilə məşğulolma hüququndan məhrumetmə cəzasını, habelə tamah məqsədilə törədilmiş cinayətə görə cəzanı nəzərdə tutan məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;

lisenziyanın verilməsindən sonra onun alınması üçün auditor tərəfindən doğru olmayan məlumatların təqdim edilməsi faktı aşkar edildikdə;

qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olaraq, audit zamanı əldə edilmiş məlumatlar auditor tərəfindən təsərrüfat subyektinin rəhbərinin (mülkiyyətçisinin) razılığı olmadan üçüncü şəxslərə verildikdə;

bu Qanunun 18-ci maddəsi ilə nəzərdə tutulan auditin aparılmasını istisna edən hallar auditor (auditor təşkilatı) tərəfindən gizlədildikdə.

Auditor xidməti göstərən fiziki və hüquqi şəxslər mülki məsuliyyətin icbari sığortası müqaviləsinin bağlanmamasına görə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

IV f ə s i l

AZƏRBAYCAN RESPUBLİKASINDA AUDİTOR XİDMƏTİNİN

TƏŞKİLİNİN ÜMUMİ QAYDASI

 

Maddə 16. Təsərrüfat subyektlərində auditor xidmətinin təşkili

Auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir.

Sifarişçi auditorun öz peşə vəzifələrini tam və keyfiyyətlə yerinə yetirməsinə bütün lazımi şəraitin yaradılması üçün məsuliyyət daşıyır.

Auditor öz müştərisindən, eləcə də bu işdə marağı olan hər hansı üçüncü şəxsdən asılı deyildir.

Auditor və ya auditor təşkilatı tərəfindən müqavilə şərtlərinin yerinə yetirilməsi auditor rəyinin təhvil-qəbul aktı ilə müəyyən olunur. Auditor rəyi müəyyən olunmuş forma əsasında tərtib edilir.

Maddə 17. Auditor xidmətindən istifadə üzrə təsərrüfat subyektinin vəzifələri və

hüquqları

Təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. Ö, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur.

Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər.

Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edir.

 

V f ə s i l

XÜSUSİ MÜDDƏALAR

 

Maddə 18. Auditor xidməti sahəsində qadağanlar

Yoxlanılan müəssisədə şəxsi əmlak mənafeyi, yoxlanılan müəssisənin rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, müəssisənin təsisçisi, mülkiyyətçisi və ya səhmdarı olduqda, müəssisədə bundan əvvəl öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə auditorlara həmin müəssisələrdə audit aparmaq qadağandır.

Maddə 19. Mübahisələrin həll edilməsi

Auditorla (auditor təşkilatı ilə) onların sifarişçiləri arasında meydana çıxan əmlak xarakterli bütün mübahisələr Auditorlar Palatasında həll edilə bilmədikdə məhkəmə tərəfindən həll olunur.

Auditor (auditor təşkilatı) müəyyən edilmiş qaydada Auditorlar Palatasının ona lisenziyanın verilməməsi və ya geri alınması barədə qərarlarından, habelə auditor təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmasından imtinadan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər. [14]

Maddə 20. Auditor təşkilatlarının yoxlanılması

Auditorlar Palatası auditor təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin bu Qanunun müddəalarına uyğunluğunu yoxlayır və onların işinə nəzarət edir.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

 

Bakı şəhəri, 16 sentyabr 1994-cü il.

882.

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 3, maddə 226)

2.       5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 683)

3.       23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736)

4.       23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 241)

5.       24 dekabr 2002-ci il tarixli 407-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 1, maddə 21)

6.       5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 133)

7.       10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 8, maddə 684)

8.       9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1053)

9.       1 fevral 2008-ci il tarixli 535-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 152)

10.   30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti 24 iyul 2009-cu il, 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 07, maddə 517)

11.   30 sentyabr 2010-cu il tarixli 1080-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti 14 noyabr 2010-cu il 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 11, maddə 938)

12.   11 fevral 2011-ci il tarixli 65-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti 15 aprel 2011-ci il 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 04, maddə 246)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 

[1] 11 fevral 2011-ci il tarixli 65-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti 15 aprel 2011-ci il 79, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 04, maddə 246) ilə 2-ci maddəsinin ikinci abzasının ikinci cümləsi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Qanunvericiliyə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və ya səlahiyyətli dövlət orqanının müvafiq qərarına əsasən (sifarişi ilə) həyata keçirilən audit məcburi, digər hallarda isə könüllüdür.

 

[2] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 241) ilə 5-ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Auditor təşkilatının yaradılması üçün azı üç sərbəst auditor olmalıdır.

 

[3] 5 mart 2004-cü il tarixli 598-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 133) ilə 8-ci maddəsinin ikinci hissəsi çıxarılmışdır.

 

Əvvəlki redaksiyada deyilirdi:

Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən keçirilmiş yoxlamanın nəticələrini əks etdirən auditor rəyi Azərbaycan Respublikası prosessual qanunvericiliyinə uyğun olaraq təyin edilmiş ekspertizanın rəyi ilə bərabər tutulur.

 

[4] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 241) ilə 8-ci maddənin üçüncü hissəsində "Palatası" sözündən sonra "Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq tələblərini nəzərə almaqla" sözləri əlavə edilmişdir.

 

[5] 24 dekabr 2002-ci il tarixli 407-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, 1, maddə 21) ilə 9-cu maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

 

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikasının Ali Soveti Auditorlar Palatasının Əsasnaməsini təsdiq edir və onun rəhbərini təyin edir.

 

[6] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 3, maddə 226) ilə 10-cu maddədə təşkilatları sözündən sonra dövlət qeydiyyatına alındıqdan sonra sözləri əlavə edilmişdir.

 

[7] 23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 241) ilə 11-ci maddənin ikinci hissənin birinci cümləsində "auditor təşkilatının üzvü kimi" sözləri "auditor təşkilatı ilə müqavilə əsasında" sözləri ilə əvəz edilmişdir.

 

[8] 5 noyabr 1996-cı il tarixli 188-IQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, 3, maddə 226) ilə 11-ci maddənin adında təşkilatlarının sözündən sonra dövlət sözü əlavə edilmiş, birinci hissədən auditorların reyestrində qeydiyyata götürüldüyü sözləri çıxarılmış və hissənin sonuna yeni cümlə əlavə edilmişdir. Eləcə də dördüncü hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası ərazisində auditorları və auditor təşkilatlarını Auditorlar Palatası qeydiyyata alır.

Maddənin beşinci hissəsində isə Palatasında qeydiyyatdan keçdiyi sözləri Palatasından lisenziya aldığı sözləri ilə əvəz edilmişdir.

 

23 aprel 2002-ci il tarixli 311-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 5, maddə 241) ilə 11-ci maddənin beşinci hissəsində "Auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaya malik azı üç auditordan ibarət" sözləri "Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş" sözləri ilə əvəz edilmişdir.

 

[9] 30 sentyabr 2010-cu il tarixli 1080-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti 14 noyabr 2010-cu il 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 11, maddə 938) ilə 3-cü maddəsinin yeddinci abzasda Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş sözləri Qanununa əsasən təqdim olunmalı sözləri ilə əvəz edilmişdir.

 

[10] 23 noyabr 2001-ci il tarixli 219-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 736) ilə 13-cü maddəyə onuncu abzas əlavə edilmişdir.

 

[11] 1 fevral 2008-ci il tarixli 535-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 152) ilə 13-cü maddənin birinci hissəsinə on birinci abzas əlavə edilmişdir.

 

[12] 30 iyun 2009-cu il tarixli 856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti 24 iyul 2009-cu il, 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 07, maddə 517) ilə 13-cü maddəsinə yeddinci abzasa hallar sözündən sonra və Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar sözləri əlavə edilmişdir və yeni məzmunda on ikinci abzas əlavə edilmişdir.

 

30 sentyabr 2010-cu il tarixli 1080-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti 14 noyabr 2010-cu il 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 11, maddə 938) ilə 3-cü maddəsinin on ikinci abzas yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

Sinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada müştərinin, benefisiarın və səlahiyyətli nümayəndənin eyniləşdirilməsi, verifikasiyası, məlumatın sənədləşdirilməsi, saxlanılması tələblərinə və həmin Qanunun 7.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların təqdim edilməsi ilə bağlı tələblərə riayət etmək, özünün daxili nəzarət sistemini hazırlamaq və tətbiq etmək, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirmək.

 

[13] 1 fevral 2008-ci il tarixli 535-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, 3, maddə 152) ilə 14-cü maddəyə ikinci hissə əlavə edilmişdir.

 

[14] 5 oktyabr 2001-ci il tarixli 190-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 11, maddə 683) ilə 19-cu maddənin birinci hissəsindən "(arbitraj məhkəməsi)" sözləri və ikinci hissəsindən "(arbitraj məhkəməsinə)" sözləri çıxarılmışdır.

 

10 iyun 2005-ci il tarixli 925-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, 8, maddə 684) ilə 19-cu maddəsinin ikinci hissəsində "barədə, habelə auditor təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmaması barədə qərarlarından" sözləri "barədə qərarlarından, habelə auditor təşkilatının hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmasından imtinadan" sözləri ilə əvəz edilmişdir.

 

9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1053) ilə 19-cu maddəsinin ikinci hissəsində məhkəməyə sözündən əvvəl inzibati qaydada və (və ya) sözləri əlavə edilmişdir.

 




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.