Axtar
az|рус|eng
Qanunvericilik

«Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında» 2005-ci il iyunun 3-də Tbilisi şəhərində imzalanmış Saziş Azərbaycan Respublikasının həmin Sazişə dair xüsusi rəyi ilə təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 22 may 2007-ci il

336-IIIQ

«Respublika» qəzetində dərc edilmişdir (29 iyun 2007-ci il, 140) .

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2007-ci il, 6, maddə 567).

 


 

Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında

Saziş

Bundan sonra «Tərəflər» adlandırılacaq, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər öz hökumətlərinin şəxsində,

iqtisadi təhlükəsizliyə təhlükə yaradan vergi cinayətlərinin miqyasından narahatlıqlarını bildirərək,

vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığın effektivliyinin artırılmasında qarşılıqlı marağın olmasından çıxış edərək,

hamılıqla tanınan beynəlxalq hüquq prinsip və normalarını rəhbər tutaraq, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Bu Sazişin məqsədləri üçün «vergi cinayəti» termini Tərəflərin cinayət qanunvericiliyi ilə qadağan olunmuş, vergitutma sahəsində təqsirli törədilmiş ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) ifadə edir.

Maddə 2

Tərəflər bu Sazişə, milli qanunvericiliyə və beynəlxalq öhdəliklərinə müvafiq olaraq, vergi cinayətlərinin qarşısının alınmasında, aşkar edilməsində, aradan qaldırılmasında və açılmasında aşağıdakı əsas istiqamətlərdə əməkdaşlıq həyata keçirirlər:

a) vergitutma sahəsində cinayətkarlığın vəziyyətinin təhlili;

b)vergi cinayətlərinə qarşı mübarizədə Tərəflərin əməkdaşlığının hüquqi bazasının təkmilləşdirilməsi, bu sahədə beynəlxalq müqavilələrin müddəaları nəzərə alınmaqla, milli qanunvericiliyin uyğunlaşdırılması;

c) vergi cinayətlərinə qarşı mübarizə üzrə birgə proqramların hazırlanması;

d) vergi cinayətlərinə qarşı mübarizəyə yönəldilmiş beynəlxalq müqavilələrin müddəalarının yerinə yetirilməsi üçün razılaşdırılmış tədbirlərin həyata keçirilməsi;

Maddə 3

1. Tərəflər əməkdaşlığı öz səlahiyyətli orqanları vasitəsilə həyata keçirir.

2. Tərəflərin hər biri səlahiyyətli orqanların siyahısını müəyyən edir və bu Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə bildirişi saxlanılmaq üçün təqdim edərkən depozitariyə təhvil verir.

Tərəflərin hər biri səlahiyyətli orqanların siyahısında dəyişikliklər barədə bir ay müddətində yazılı şəkildə depozitarini xəbərdar edir.

3. Tərəflərin səlahiyyətli orqanlarının ərazi bölmələri bu Sazişin həyata keçirilməsi məqsədi ilə səlahiyyətli orqanların müəyyən etdiyi qaydada bilavasitə əlaqələr qura bilər.

Maddə 4

1. Tərəflərin əməkdaşlığı aşağıdakı formalarda həyata keçirilir:

a) əməliyyat və kriminalistik xarakterli məlumatların, o cümlədən hazırlanan və törədilən vergi cinayətləri və bu cinayətlərlə əlaqəsi olan fiziki və ya hüquqi şəxslər, vergilərin və yığımların ödənişindən yayınma üsul və metodları barədə məlumatların mübadiləsi;

b) əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında sorğuların icrası;

c) əlaqələndirilmiş profilaktik və əməliyyat-axtarış tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi;

d) vergi cinayətləri barədə məlumatların və ərizələrin sorğular üzrə yoxlanılması;

e) birgə əməliyyat-axtarış və profilaktik tədbirlərin həyata keçirilməsi zamanı fəaliyyətin əlaqələndirilməsi üçün Tərəflərin səlahiyyətli orqanlarının razılaşması əsasında nümayəndələrin göndərilməsi;

f) xidməti ezamiyyətdə olduğu vaxtda Tərəflərin səlahiyyətli orqanlarının əməkdaşlarına kömək göstərilməsi;

g) iş təcrübəsi mübadiləsi, birgə elmi tədqiqatlar, müşavirələr, konfranslar və seminarların keçirilməsi;

h) kadrların hazırlanmasında, təkmilləşdirilməsində və ixtisaslarının artırılmasında kömək göstərilməsi;

i) qanunvericilik və digər normativ hüquqi aktların, elmi tədqiqatların nəticələrinin və metodik tövsiyələrin mübadiləsi.

2. Tərəflər əməkdaşlığı digər qarşılıqlı məqbul formalarda həyata keçirə bilər.

Maddə 5

Tərəflər vergi cinayətləri ilə effektiv mübarizə aparılması məqsədi ilə aşağıdakılarla bağlı məlumat mübadiləsini həyata keçirə bilər:

 

  •  

       

    • hüquqi və (və ya) fiziki şəxslər tərəfindən vergilər və yığımlarla bağlı milli qanunvericiliyin pozulması və həmin pozuntulara görə məsuliyyət tədbirləri haqqında;
    •  

    • gəlirlərin vergitutmadan gizlədilməsi, həmçinin belə gizlədilmənin forma və üsulları haqqında;
    •  

    • hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin aparılmasının şərtləri haqqında;
    •  

    • təqdim edilməsi Tərəflərin milli qanunvericiliyinə zidd olmayan digər məlumatlar üzrə.
    •  

Maddə 6

1. Tərəflərin səlahiyyətli orqanlarının əməkdaşlığı yardım göstərilməsi haqqında sorğuların (bundan sonra «sorğu» adlanacaq) icrası yolu ilə həyata keçirilir.

Məlumatın digər Tərəf üçün əhəmiyyət kəsb etdiyini hesab etmək üçün əsaslar olduqda, həmin məlumat digər Tərəfə sorğu olmadan təqdim edilə bilər.

2. Sorğu yazılı formada göndərilir. Təxirəsalınmaz hallarda sorğu şifahi surətdə ötürülə bilər, lakin sonradan həmin sorğu 3 gündən gec olmayan müddətdə yazılı şəkildə təsdiq olunmalıdır. Belə hallarda mətnin ötürülməsində texniki vasitələrdən istifadə edilə bilər.

3. Sorğuda aşağıdakılar göstərilir:

a) sorğu edən və sorğu alan Tərəfin səlahiyyətli orqanının adı;

b) barəsində sorğu göndərilən materialın qısa məzmunu;

c) sorğunun məqsədi və əsaslandırılması;

d) zərurət olduqda, sorğunun xüsusi qaydada icrasının təsviri və bu zərurətin əsaslandırılması;

f) sorğunun icrası üçün faydalı ola biləcək digər məlumatlar.

Sorğu alan Tərəfin səlahiyyətli orqanının sorğunun lazımi qaydada icra edilməsi üçün zəruri olan əlavə məlumatlar istəmək hüququ vardır.

4. Sorğu edən Tərəfin səlahiyyətli orqanının rəsmi blankında yazılı şəkildə göndərilən və ya təsdiq edilmiş sorğu rəhbər və ya onu əvəz edən şəxs tərəfindən imzalanmalı və həmin orqanın gerbli möhürü ilə təsdiq edilməlidir.

5. Əgər sorğu edən Tərəfin səlahiyyətli orqanı sorğunun icrasında zərurətin aradan qalxdığını müəyyən edirsə, o, sorğu alan Tərəfin səlahiyyətli orqanını təxirə salınmadan bu barədə xəbərdar edir.

Maddə 7

1. Əgər sorğu alan Tərəfin səlahiyyətli orqanı sorğunun icra olunmasının öz dövlətinin suverenliyinə, təhlükəsizliyinə zərər vura biləcəyini, yaxud milli qanunvericiliyinə və ya beynəlxalq öhdəliklərinə zidd olduğunu, həmçinin vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulması ilə nəticələnə biləcəyini hesab edərsə, yardım göstərilməsindən tam və ya qismən imtina edilə bilər.

2. Sorğu alan Tərəfin səlahiyyətli orqanı yardım göstərilməsi barədə sorğunun icrasından imtina etməmişdən əvvəl, zəruri sayılan müəyyən şərtlər gözlənilməklə yardım göstərilməsinin mümkünlüyünə baxır. Əgər sorğu alan Tərəfin səlahiyyətli orqanı digər şərtlər daxilində yardım göstərilməsinin mümkünlüyünə baxırsa, bu halda sorğu bu şərtlər nəzərə alınmaqla icra edilir.

3. Yardım göstərilməsi barədə sorğunun icrasından tam və ya qismən imtina etmə və ya sorğunun icrasının təxirə salınması haqqında qərar qəbul edilərsə, sorğu alan Tərəfin səlahiyyətli orqanı belə qərarın səbəbi göstərilməklə, bu barədə sorğu edən Tərəfin səlahiyyətli orqanını təxirə salınmadan xəbərdar edir.

Maddə 8

1. Yardım göstərilməsi haqqında sorğunun icrası sorğu alan orqanın səlahiyyətlərinə aid olmadığı təqdirdə, həmin orqan təxirə salınmadan onu sorğu alan Tərəfin müvafiq səlahiyyətli orqanına təqdim edir və bu barədə sorğu edən Tərəfin səlahiyyətli orqanını xəbərdar edir.

2. Sorğu alan Tərəfin səlahiyyətli orqanı sorğunun tam və keyfiyyətli icrasının təmin edilməsi üçün bütün zəruri tədbirlər görür.

Sorğu, bir qayda olaraq, onun daxil olduğu tarixdən 30 gündən çox olmayan müddətdə icra olunur, bununla belə, sorğu edən səlahiyyətli orqanın sorğunun icra edilməsi müddəti ilə bağlı xahişi imkan daxilində nəzərə alınır.

Sorğu edən Tərəfin səlahiyyətli orqanı sorğunun icrasına maneçilik törədən, yaxud onun icrasını gecikdirən səbəblər barədə təxirə salınmadan xəbərdar edilir.

3. Sorğunun icrası zamanı sorğu alan Tərəfin milli qanunvericiliyi tətbiq edilir.

4. Sorğu alan Tərəfin səlahiyyətli orqanı sorğu edən Tərəfin səlahiyyətli orqanının xahişi əsasında, onun nümayəndələrinin sorğunun icrasında iştirakına imkan verə bilər.

5. Sorğu edən Tərəfin səlahiyyətli orqanı təqdim etdiyi məlumatların, o cümlədən sorğunun alınma faktı və məzmununun açıqlanmasını məqsədəmüvafiq hesab etmirsə, Tərəflərin hər birinin səlahiyyətli orqanı digər Tərəfin səlahiyyətli orqanından alınmış məlumatların məxfiliyini təmin edir.

Sorğunun icrası zamanı məxfiliyin təmin edilməsi mümkün olmadığı halda, sorğu alan Tərəfin səlahiyyətli orqanı belə şərtlərlə sorğunun icra edilməsinin mümkün olub-olmaması barədə qərar qəbul edilməsi üçün sorğu edən Tərəfin səlahiyyətli orqanını bu barədə məlumatlandırır.

Maddə 9

1. Sorğunun icrası ilə əlaqədar keçirilmiş tədbirlər zamanı əldə olunmuş nəticələrdən sorğu edən Tərəfin səlahiyyətli orqanı tərəfindən sorğuda göstərilən məqsədlərdən fərqli digər məqsədlər üçün istifadə edilə bilməz.

2. Sorğu edən Tərəfin səlahiyyətli orqanı sorğunun icrası ilə əlaqədar əldə olunmuş nəticələrdən digər məqsədlər üçün yalnız sorğu alan Tərəfin səlahiyyətli orqanın yazılı razılığına əsasən istifadə edə bilər. Belə hallarda sorğu edən Tərəfin səlahiyyətli orqanı sorğunun nəticələrinin istifadəsində sorğu alan Tərəfin səlahiyyətli orqanının müəyyən etdiyi məhdudiyyətlərə riayət edir.

Maddə 10

Bu Saziş əsasında bir Tərəfin səlahiyyətli orqanın aldığı məlumatların üçüncü tərəfə verilməsi üçün həmin məlumatları təqdim edən digər Tərəfin səlahiyyətli orqanının qabaqcadan yazılı razılığı tələb olunur.

Maddə 11

Tərəflər, hər bir konkret halda digər qayda razılaşdırmadıqda, bu Sazişin yerinə yetirilməsi ilə bağlı ortaya çıxan xərcləri özləri ödəyir.

Maddə 12

Tərəflərin səlahiyyətli orqanları əməkdaşlığı həyata keçirərkən işçi dil qismində rus dilindən istifadə edirlər.

Maddə 13

Bu Sazişin müddəalarının tətbiqi və ya təfsiri ilə əlaqədar yaranan mübahisəli məsələlər maraqlı Tərəflərin məsləhətləşmələri və danışıqları yolu ilə həll edilir.

Maddə 14

Bu Sazişin müddəaları Tərəflərin bağladıqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

Maddə 15

Bu Saziş, onu imzalayan Tərəflərin, onun qüvvəyə minməsi üçün tələb olunan zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında üçüncü bildirişin depozitariyə saxlanılmaq üçün təqdim edildiyi gündən qüvvəyə minir.

Dövlətdaxili prosedurları sonradan yerinə yetirən Tərəflər üçün bu Saziş, müvafiq sənədlərin depozitariyə təqdim edildiyi gündən qüvvəyə minir.

Maddə 16

Bu Sazişə, Tərəflərin qarşılıqlı razılığı əsasında, onun ayrılmaz hissəsi olan və bu Sazişin 15-ci maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minən protokolla rəsmiləşdirilmiş dəyişikliklər və əlavələr edilə bilər.

Maddə 17

Bu Saziş Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan istənilən dövlətin qoşulması üçün açıqdır və qoşulma, bu barədə sənədlərin depozitariyə verilməsi yolu ilə həyata keçirilir.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olmayan, bu Sazişin müddəaların bölüşdürən dövlətlər üçün qoşulma, depozitari tərəfindən müvafiq bildiriş göndərildikdən sonra 3 ay ərzində Tərəflərdən heç biri etirazını göndərmədiyi təqdirdə qüvvəyə minir.

Maddə 18

Bu Saziş beş il müddətinə bağlanılır. Bu müddət bitdikdə, Sazişin qüvvəsi hər dəfə avtomatik surətdə daha beş illik müddətə uzadılır.

Maddə 19

Tərəflərdən hər biri Saziş qüvvədə olduğu müddətdə yaranmış maliyyə və digər öhdəlikləri nizamlayaraq, Sazişdən çıxma tarixindən ən azı 3 aydan gec olmayaraq, depozitariyə yazılı formada bildiriş göndərməklə, Sazişdən çıxa bilər.

Saziş Tbilisi şəhərində 2005-ci il iyunun 3-də, bir əsl nüsxədə rus dilində tərtib edilmişdir. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır. İcraiyyə Komitəsi onun təsdiq edilmiş surətini hazırkı Sazişi imzalayan dövlətlərə göndərəcək.

Azərbaycan Respublikası
Hökuməti adından

Moldova Respublikası
Hökuməti adından

Ermənistan Respublikası
Hökuməti adından

Rusiya Federasiyası
Hökuməti adından

Belarus Respublikası
Hökuməti adından

Tacikistan Respublikası
Hökuməti adından

Gürcüstan
Hökuməti adından

Qazaxıstan Respublikası
Hökuməti adından

Türkmənistan
Hökuməti adından

Özbəkistan Respublikası
Hökuməti adından

Qırğızıstan Respublikası
Hökuməti adından

Ukrayna
Hökuməti adından


 

Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında 3 iyun 2005-ci il tarixli Sazişə

Azərbaycan Respublikasının Xüsusi Rəyi

Azərbaycan Respublikası birgə əməliyyat axtarış tədbirləri və xüsusi əməliyyatlar üzrə qərarları öz milli qanunvericiliyinə müvafiq olaraq və hər hal üzrə ayrılıqda qəbul edəcək.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.