Axtar
az|рус|eng
Qanunvericilik

Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

 

Azərbaycan Respublİkası Prezİdentİnİn Fərmanı

 

Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti bir ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Qanunun 2-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanı nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.[1]

3. Bələdiyyələrin əraziləri və torpaqları haqqında Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara aid müvafiq sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay müddətində başa çatdırılsın.

4. Qanuni istifadədə olan yaşayış evlərinin (binaların) həyətyanı torpaq sahələri əvəzsiz olaraq həmin evlərin (binaların) mülkiyyətçilərinə verilsin.

5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyətyanı sahələrin istifadəsinin qanuniliyini təsdiq edən sənədlərin müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə araşdırılmasını təmin etsin.[2]

6. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılsın ki, bu Fərmanın 4-cü bəndində göstərilmiş şəxslər üçün onların həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq sənədlərin rəsmiləşdirilməsini təmin etsin.[3]

7. Vətəndaşlar və hüquqi şəxslər tərəfindən qanunsuz istifadə edilən və ya zəbt edilən torpaq sahələrini dövlət və ya bələdiyyə mülkiyyətinə qaytarılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirləri həyata keçirsin.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 

Bakı şəhəri, 24 dekabr 1999-cu il

237

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 755)

2.       23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1110)

3.       2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 4 iyul 2010-cu il, 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 610)

4.       15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 21 fevral 2016-cı il, 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 251)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 755) ilə 2-ci bəndin 3-cü abzasında "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

 

[2] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 755) ilə 5-ci bənddə "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti, 21 fevral 2016-cı il, 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, 02, II kitab, maddə 251) ilə 2-ci hissənin üçüncü abzasında və 5-ci hissədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sözləri Əmlak Məsələləri Dövlət Komitəsi sözləri ilə əvəz edilmişdir.

 

[3] 21 dekabr 2001-ci il tarixli 609 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, 12, maddə 755) ilə 6-cı bənddə "Dövlət Torpaq" sözlərindən sonra "və Xəritəçəkmə" sözləri əlavə edilmişdir.

23 noyabr 2007-ci il tarixli 662 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, 11, maddə 1110) ilə 6-cı bəndində Dövlət Torpaq Komitəsinə sözləri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sözləri ilə əvəz edilmişdir.

2 iyul 2010-cu il tarixli 291 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ( Azərbaycan qəzeti 4 iyul 2010-cu il, 141, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 7, maddə 610) ilə 6-cı bəndində "Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2017

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.