Axtar
az|рус|eng
Qanunvericilik

İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında

İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasının hüdudlarından, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən kənarda həyata keçirilən neft-qaz əməliyyatları ilə əlaqədar Azərbaycan Respublikasında ixrac məqsədli neft-qaz fəaliyyəti üçün xüsusi iqtisadi rejimin yaradılmasının və tətbiqinin əsaslarını müəyyən edir, bu sahədə dövlət, hüquqi və fiziki şəxslər arasında yaranan münasibətləri tənzimləyir.

 

Maddə 1. Əsas anlayışlar

 

1.0. Bu Qanunun məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. neft-qaz əməliyyatları - xam neft və təbii qazın kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi, çıxarılması, hasilatı, sabitləşdirilməsi, hazırlanması, emalı, oyadılması, təzyiqlənməsi, toplanması, saxlanması, yerləşdirilməsi, yüklənməsi, nəql edilməsi, alqı-satqısı və / və ya bunlarla bağlı olan ləğvetmə əməliyyatları;

1.0.2. ixrac məqsədli neft-qaz fəaliyyəti Azərbaycan Respublikasının hüdudlarından, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən kənarda həyata keçirilən neft-qaz əməliyyatları və bu əməliyyatlarla əlaqədar olan hər hansı fəaliyyət ilə bağlı Azərbaycan Respublikasının ərazisində hər hansı işlərin görülməsi, xidmətlərin göstərilməsi, idxal-ixrac əməliyyatlarının aparılması və bunlarla bağlı olan hər hansı malların, işlərin, xidmətlərin təqdim olunması;

1.0.3. xam neft xam mineral neft, kondensat, asfalt, ozokerit və təbii şəkildə olan və ya ekstraksiya vasitəsilə təbii qazdan alınan bərk və ya maye karbohidrogenlərin və bitumun, xüsusi çəkilərindən asılı olmayaraq bütün növləri, o cümlədən normal temperatur və təzyiq şəraitində qaz-kondensat mayeləri;

1.0.4. təbii qaz normal temperatur və təzyiq şəraitində qazaoxşar halda (fazada) olan bütün karbohidrogenlər, o cümlədən bunlarla məhdudlaşmayan səmt qazı və yağlı qazdan maye karbohidrogenlər ekstraksiya və ya separasiya edildikdən sonra qalan qaz qalığı, habelə bütün qeyri-karbohidrogen mənşəli qaz və ya qazaoxşar karbohidrogenlərlə birlikdə hasil edilən (kondensasiya və ya ekstraksiya edilmiş maye karbohidrogenlər istisna olunmaqla) digər maddələr (o cümlədən bunlarla məhdudlaşmayan karbon qazı, kükürd və helium);

1.0.5. podratçı(lar) Azərbaycan Respublikasının qanunvericiliyi əsasında yaradılmış, Azərbaycan Respublikasında müvafiq ərazi, infrastruktur, texniki vasitələr, işçi qüvvəsi, zəruri texniki, texnoloji, inzibati və idarəetmə biliklərinə və təcrübəsinə, maliyyə ehtiyatlarına malik olan, ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda bu cür layihələri həyata keçirən, xarici sifarişçi ilə birbaşa müqaviləsi olan hüquqi şəxslər, o cümlədən xarici sərmayəçilərin iştirakı ilə yaradılmış hüquqi şəxslər;

1.0.6. subpodratçı(lar) podratçıya birbaşa və ya əlaqəli müqavilə üzrə ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar malları təqdim edən, işləri görən və ya xidmətləri göstərən hüquqi və / və ya fiziki şəxslər;

1.0.7. xarici subpodratçı(lar) subpodratçı olan xarici hüquqi şəxslər və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;

1.0.8. yerli subpodratçı(lar) Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış subpodratçı olan hüquqi şəxslər və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları;

1.0.9. əlaqəli müqavilə ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar malları təqdim edən, işləri görən və xidmətləri göstərən hər hansı şəxslə (podratçı istisna olmaqla) subpodratçı arasında bağlanmış müqavilə;

1.0.10. şəxs(lər) istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs;

1.0.11. şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən, bu Qanunla tətbiq edilən xüsusi iqtisadi rejimin podratçılara və ya subpodratçılara şamil olunmasını təsdiq edən sənəd.

 

Maddə 2. Qanunun tətbiq dairəsi

 

2.1. Bu Qanun podratçıların və subpodratçıların ixrac məqsədli neft-qaz fəaliyyətinə tətbiq edilir.

2.2. Bu Qanun Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş və həyata keçirilməsinə icazə verilmiş Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub bölməsində xam neft və təbii qaz yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlər, boru kəməri haqqında və bu qəbildən olan digər saziş və qanunlar əsasında həyata keçirilən fəaliyyətə şamil edilmir. Bu Qanun həmçinin, Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) ona mənsub bölməsində olan yataqlarda neft-qaz əməliyyatlarının hər hansı biri ilə bağlı işlərin görülməsi, xidmətlərin göstərilməsi və idxal-ixrac əməliyyatlarının aparılmasına şamil edilmir.

 

Maddə 3. İxrac məqsədli neft-qaz fəaliyyətinin vergi rejimi

 

3.1. Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar vergiləri bu Qanunda nəzərdə tutulmuş qaydada və dərəcə ilə ödəyirlər. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş və bu Qanunla əhatə edilməyən vergilər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada tətbiq edilir.

3.2. Podratçılar bu Qanunun 7.1-ci maddəsində göstərilən şəhadətnaməni almaq üçün ilk dəfə müraciət edərkən hüquqi şəxslərin mənfəət vergisi üzrə aşağıdakı vergi rejimlərindən birini seçmək hüququna malikdirlər və bu Qanunun qüvvədə olduğu müddət ərzində həmin vergi rejimini dəyişə bilməzlər:

3.2.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisi. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi sonradan artırıldıqda, podratçılara bu Qanunun 7.1-ci maddəsində göstərilən şəhadətnamənin verildiyi tarixdə mövcud olan hüquqi şəxslərin mənfəət vergisinin dərəcəsi tətbiq ediləcək;

3.2.2. podratçılara ödənilən ümumi məbləğlərdən 5 (beş) faiz dərəcəsi ilə hüquqi şəxslərin mənfəət vergisi. Bu verginin ödənilməsi ilə mənfəət vergisi üzrə öhdəliklər tamamilə yerinə yetirilmiş hesab olunur. Podratçılar bu maddədə göstərilən hüquqi şəxslərin mənfəət vergisini malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar onların hesabına daxil olmuş və ya daxil olmuş hesab edilən məbləğlərdən hesablamalı və hər rübdən sonrakı ayın 20-dək dövlət büdcəsinə ödəməlidirlər.

3.3. Xarici subpodratçı olan hüquqi şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş hüquqi şəxslərin mənfəət vergisinin ödənilməsindən azad olunur və onlara bu Qanunun 3.2.2-ci maddəsində nəzərdə tutulmuş hüquqi şəxslərin mənfəət vergisi tətbiq edilir. Xarici subpodratçı olan fiziki şəxslərə ödənişlər aparılarkən ödəmə mənbəyində fiziki şəxslərin gəlir vergisinin tutulması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

3.4. Xarici subpodratçılara tətbiq edilən hüquqi şəxslərin mənfəət vergisi podratçılar və müvafiq haldan asılı olaraq digər subpodratçılar tərəfindən xarici subpodratçılara ödəmə mənbəyində ödənilən ümumi məbləğlərdən tutulur.

3.5. Yerli subpodratçılar hüquqi şəxslərin mənfəət vergisini, fiziki şəxslərin gəlir vergisini və ya sadələşdirilmiş vergini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq ödəyirlər.

3.6. Podratçıların və xarici subpodratçıların ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar ödədikləri dividendlərdən, faizlərdən və qeyri-rezident subpodratçının daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində vergi tutulmur.

3.7. Podratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar əmlak vergisinin və torpaq vergisinin ödənilməsindən azaddırlar.

3.8. Podratçılar tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar Azərbaycan Respublikasından ixrac edilən mallar (işlər, xidmətlər) əlavə dəyər vergisinə 0 (sıfır) faiz dərəcəsi ilə cəlb olunur.

3.9. Podratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş əlavə dəyər vergisinin tam məbləğini yaranmış vergi öhdəlikləri ilə əvəzləşdirdikdən sonra artıq ödənilmiş əlavə dəyər vergisinin məbləğini Azərbaycan Respublikasının dövlət büdcəsindən qaytarılmasını tələb etmək hüququna malikdirlər.

3.10. Artıq ödənilmiş əlavə dəyər vergisinin məbləği onun qaytarılması barədə podratçılar tərəfindən müvafiq icra hakimiyyəti orqanına ərizənin verildiyi gündən sonra 20 (iyirmi) gündən gec olmayaraq, səyyar vergi yoxlaması aparılmadan, qanunvericiliklə nəzərdə tutulmuş qaydada geri qaytarılmalıdır. Əlavə dəyər vergisinin məbləğinin podratçılara qaytarılması gecikdirildikdə, həmin məbləğə qanunvericilikdə nəzərdə tutulmuş qaydada faizlər hesablanır.

3.11. Podratçının və subpodratçının əcnəbi və ya vətəndaşlığı olmayan işçisi bilavasitə Azərbaycan Respublikasında həyata keçirdiyi əmək fəaliyyəti nəticəsində əldə etdiyi gəlirlərdən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq fiziki şəxslərin gəlir vergisini ödəyir.

3.12. Podratçının və subpodratçının Azərbaycan Respublikasının vətəndaşı olan işçisinin gəlir vergisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergi dərəcəsi ilə hesablanır və ödənilir.

3.13. Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı olmayan digər fəaliyyət üzrə bütün vergiləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada ödəməlidirlər.

3.14. Müvafiq icra hakimiyyəti orqanı podratçılara və xarici subpodratçılara onların müraciəti əsasında ödəmə mənbəyindən tutulan verginin, əcnəbi və vətəndaşlığı olmayan işçilərinin gəlir vergisinin ödənilməsini təsdiq edən sənəd (arayış) təqdim etməlidir.

3.15. Podratçılar və subpodratçılar bu maddə ilə müəyyən edilmiş vergilərə dair bəyannamələri müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi forma və müddətlərdə vergi orqanına təqdim etməlidirlər.

 

Maddə 4. İxrac məqsədli neft-qaz fəaliyyətinin gömrük rejimi

 

4.1. Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasına idxal etdiyi, Azərbaycan Respublikasından ixrac etdiyi mallara (işlərə və xidmətlərə) görə gömrük rüsumlarından azad olunurlar.

4.2. Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasına idxal etdikləri mallar (işlər və xidmətlər) üzrə əlavə dəyər vergisini ödəməkdən azad olunurlar.

4.3. Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasına idxal-ixrac etdikləri avadanlıq və materialların gömrük rəsmiləşdirilməsi zamanı hər bir yük gömrük bəyannaməsi üçün malın dəyərindən asılı olmayaraq 275 (iki yüz yetmiş beş) manat miqdarında gömrük yığımı ödəyirlər.

4.4. Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün Azərbaycan Respublikasına idxal-ixrac etdikləri mallar (işlər və xidmətlər) üçün gömrük rüsumlarını və əlavə dəyər vergisini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ödəyirlər.

4.5. Azərbaycan Respublikasının ərazisində xam neft və təbii qaz yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlər, boru kəməri haqqında və bu qəbildən olan digər saziş və qanunlar üzrə idxal edilmiş mallar gömrük qanunvericiliyinə əməl olunması şərti ilə podratçılara və subpodratçılara satıldıqda və verildikdə idxal-ixrac gömrük rüsumları və idxal-ixrac əməliyyatları üçün əlavə dəyər vergisi tətbiq edilmir. Bu qayda həmçinin, podratçılar və subpodratçılar tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasına idxal edilən mallar Azərbaycan Respublikasının ərazisində xam neft və təbii qaz yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlərin, boru kəməri haqqında və bu cür digər saziş və qanunların şamil edildiyi tərəflərə, podratçılara və subpodratçılara Azərbaycan Respublikasının gömrük qanunvericiliyinə əməl olunması şərti ilə satıldıqda və verildikdə tətbiq olunur.

4.6. Bu Qanunda nəzərdə tutulmuş gömrük rejiminin tətbiq olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 5. İxrac məqsədli neft-qaz fəaliyyətinin valyuta tənzimlənməsi rejimi

 

5.1. Podratçılar və subpodratçılar Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının banklarında Azərbaycan manatı ilə və xarici valyutada hesablarını açmaq, aparmaq və onlardan istifadə etmək hüququna malikdirlər.

5.2. Podratçılar və subpodratçılar Azərbaycan Respublikasından kənarda bank hesablarını açmaq, aparmaq və istifadə etmək hüququna malikdirlər. Podratçılar xaricdə bank hesablarının açılması və ya bağlanması barədə məlumatı Azərbaycan Respublikasının Mərkəzi Bankına və müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.[1]

5.3. Podratçılar və subpodratçılar hesablaşmaları həm Azərbaycan Respublikasında, həm də Azərbaycan Respublikasından kənarda aparmaq hüququna malikdirlər.

5.4. Podratçılar və subpodratçılar ixrac məqsədli neft-qaz fəaliyyəti nəticəsində Azərbaycan Respublikasının milli valyutasında əldə edilmiş vəsaitləri xarici valyutaya çevirmək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərini yerinə yetirdikdən sonra öz vəsaitlərini xarici valyutada Azərbaycan Respublikasından sərbəst olaraq kənara köçürmək, orada saxlamaq və istifadə etmək hüququna malikdirlər.

5.5. Podratçılar və subpodratçılar əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan öz işçilərinə ödənişləri Azərbaycan Respublikasının milli valyutasında, Azərbaycan Respublikasından kənarda isə xarici valyutada ödəmək hüququna malikdirlər.

 

Maddə 6. İxrac məqsədli neft-qaz fəaliyyətində işçi qüvvəsindən istifadə

 

6.1. Bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş şəhadətnamənin podratçıya və subpodratçıya verildiyi gündən 1 (bir) il ərzində podratçıların və subpodratçıların əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb etdikləri işçilərin, bütün strukturlarda və idarəetmə orqanlarında təmsil olunmaqla, ümumi sayının 80 (səksən) faizindən az olmayan hissəsi Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Podratçı və subpodratçı tərəfindən həyata keçirilən ixrac məqsədli neft-qaz fəaliyyəti 6 (altı) aydan az müddətdə başa çatarsa, podratçı və subpodratçı bu tələbə riayət etməkdən azad olunur. Azərbaycan Respublikasının vətəndaşı olmayan işçilərin işə qəbul edilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə müvafiq surətdə həyata keçirilir. [2]

6.2. Müvafiq icra hakimiyyəti orqanı podratçının və subpodratçının əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb etdiyi Azərbaycan Respublikasının vətəndaşlarının bu Qanunun 6.1-ci maddəsi ilə müəyyən olunmuş nisbətdən fərqli olan digər nisbətinə yalnız aşağıdakı hallarda razılıq verir:

6.2.1. ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilməli olan müvafiq ixtisas dərəcəsinə və peşəyə malik olan lazımi sayda Azərbaycan Respublikasının vətəndaşı olmadıqda;

6.2.2. müvafiq peşə (ixtisas) üzrə tələb olunan sayda Azərbaycan Respublikasının vətəndaşlarının hazırlanması (öyrədilməsi) 6 (altı) aydan çox müddət tələb etdikdə;

6.2.3. müvafiq peşə (ixtisas) üzrə tələb olunan sayda Azərbaycan Respublikasının vətəndaşlarının hazırlanması (öyrədilməsi) üçün çəkilməli olan xərclər Azərbaycan Respublikasının vətəndaşı olmayan işçilərin işə cəlb edilməsi xərclərindən əhəmiyyətli dərəcədə (20 faizdən az olmamaqla) artıq olduqda.

6.3. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş razılığın verilməsi üçün tələb olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

6.4. Podratçıların və subpodratçıların Azərbaycan Respublikasının vətəndaşı olmayan işçilərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallarda tətbiq edilir.

6.5. Bu Qanunun 6.1-ci və ya müvafiq haldan asılı olaraq 6.2-ci maddələrinin tələblərinin pozulmasına görə podratçı və ya subpodratçı qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 

Maddə 7. Podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqinin sənədləşdirilməsi

 

7.1. Bu Qanunla müəyyən edilmiş güzəştlərin tətbiq edilməsi üçün podratçı, subpodratçı (Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan xarici subpodratçılar istisna olunmaqla) müvafiq icra hakimiyyəti orqanından bu Qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdır. Podratçı və subpodratçı hər müqavilə üzrə ayrıca şəhadətnamə almalıdır. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan xarici subpodratçılar bu Qanunla müəyyən edilmiş xüsusi iqtisadi rejimdən müvafiq podratçı vasitəsilə istifadə edirlər.

7.2. Şəhadətnamənin alınması üçün podratçı, subpodratçı müvafiq icra hakimiyyəti orqanına ərizə və ona əlavə olunan sənədləri təqdim etməlidir. Ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ərizə və ona əlavə olunan sənədlər daxil olduğu gündən etibarən 2 (iki) iş günü müddətində müvafiq icra hakimiyyəti orqanı ekspert (mütəxəssis) rəyinin bildirilməsi üçün onları neft-qaz əməliyyatlarının aparılmasında və bu əməliyyatlar ilə əlaqədar işlərin görülməsində, xidmətlərin göstərilməsində, malların təqdim edilməsində zəruri texniki, texnoloji, inzibati və idarəetmə təcrübəsinə və biliklərinə malik olan neft-qaz sahəsi üzrə aidiyyəti dövlət təşkilatına təqdim edir. Xüsusi iqtisadi rejimdən istifadə üçün şəhadətnamənin alınması məqsədilə podratçı (subpodratçı) tərəfindən təqdim edilən sənədlərin araşdırılması üçün ekspertin (mütəxəssisin) təyin edilməsi və ekspertizanın aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

7.3. Ekspert (mütəxəssis) podratçının və subpodratçının sənədlərinin bu Qanunun tələblərinə uyğunluğunu araşdırır və 15 (on beş) gündən gec olmayaraq yazılı rəyini müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

7.4. Ekspertin (mütəxəssisin) rəyi müsbət olduqda, müvafiq icra hakimiyyəti orqanı rəy daxil olduğu gündən etibarən 3 (üç) iş günü müddətində şəhadətnamənin müvafiq podratçıya, subpodratçıya verilməsini təmin etməlidir.

7.5. Verilən şəhadətnamə üçüncü şəxs tərəfindən istifadə edilə bilməz.

7.6. Şəhadətnamə podratçının və subpodratçının müqaviləsində (onu əvəz edən sənəddə: sifarişdə, niyyət protokolunda, ilkin müqavilədə və s.) müəyyən edilən, lakin bu Qanunun qüvvədə olma müddətindən artıq olmayan müddətə verilir. Həmin müqavilədə (onu əvəz edən sənəddə) ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi üçün müqavilənin müddətindən fərqli olan müddət müəyyən edilərsə, şəhadətnamə həmin müddətə verilir. İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi üçün müqavilədə (onu əvəz edən sənəddə) nəzərdə tutulmuş müddət uzadıldıqda podratçı və subpodratçı müvafiq icra hakimiyyəti orqanına şəhadətnamənin müddətinin uzadılması üçün yazılı müraciət edə bilər.

7.7. İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə əsas verən müqavilənin olmadığı təqdirdə, müqavilə təqdim olunana qədər idxal-ixrac əməliyyatları aparılmamaq şərti ilə podratçıya şəhadətnamə verilə bilər. Bu halda podratçı şəhadətnamənin təqdim edildiyi gündən 90 (doxsan) gün ərzində ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə əsas verən müqaviləni təqdim etmədikdə, şəhadətnamə qüvvədən düşmüş hesab olunur və ləğv edilir.

7.8. Şəhadətnamədə aşağıdakı məlumatlar göstərilməlidir:

7.8.1. şəhadətnaməni verən müvafiq icra hakimiyyəti orqanının adı;

7.8.2. podratçının və ya subpodratçının tam adı və hüquqi ünvanı (olduğu yer);

7.8.3. podratçının və ya subpodratçının vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

7.8.4. birbaşa və ya əlaqəli müqavilənin (onu əvəz edən sənədin) tarixi, nömrəsi, tərəfləri və müqavilənin qüvvədə olduğu müddət. Şəhadətnamə müqavilə (onu əvəz edən sənəd) olmadan verildikdə bu maddədə göstərilən məlumatlar, müqavilə (onu əvəz edən sənəd) müvafiq icra hakimiyyəti orqanına təqdim edildikdən sonra həmin orqan tərəfindən şəhadətnaməyə daxil edilir;

7.8.5. şəhadətnamənin qüvvədə olma müddəti;

7.8.6. şəxsin podratçı və ya subpodratçı olması barədə sənəd;

7.8.7. podratçının və ya subpodratçının kontragentinin (şəhadətnamənin verilməsi üçün əsas olan müqavilə üzrə sifarişçi) tam adı və olduğu halda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;

7.8.8. bu Qanun əsasında tətbiq edilən vergi və gömrük rejimləri;

7.8.9. şəhadətnamənin verildiyi tarix və şəhadətnamənin nömrəsi;

7.8.10. şəhadətnaməni imzalayan müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsinin adı və vəzifəsi.

7.9. Şəhadətnamənin qüvvədə olduğu müddətdə podratçı və subpodratçı eyni zamanda digər müqavilə(lər) (onu əvəz edən sənəd) üzrə ixrac məqsədli neft-qaz fəaliyyətini həyata keçirərlərsə (keçirməyə başlayarlarsa), podratçı və subpodratçı həmin müqavilə (onu əvəz edən sənəd) üzrə şəhadətnamənin alınması üçün müraciət etməlidirlər. Bu zaman subpodratçı hər hansı müqaviləyə (onu əvəz edən sənədə) əsasən podratçı sayılmaq hüququna malik olarsa, subpodratçı həmin müqaviləyə (onu əvəz edən sənədə) əsasən podratçı hesab edilməli və ona bu barədə yeni şəhadətnamə verilməlidir.

7.10. Şəhadətnamənin qüvvədə olduğu müddətdə podratçının və subpodratçının bu Qanunla verilmiş statusunda hər hansı dəyişiklik baş verərsə (podratçı subpodratçıya çevrilərsə və ya əksinə), podratçı və subpodratçı yeni şəhadətnamənin alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bu qayda həmçinin podratçının və ya subpodratçının adında dəyişiklik və ya onların yenidən təşkil olunması hallarında da tətbiq edilir.

7.11. Şəhadətnamə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yalnız aşağıdakı hallarda ləğv edilə bilər:

7.11.1. podratçı və ya subpodratçı ləğv edildikdə;

7.11.2. podratçının və ya subpodratçının ixrac məqsədli neft-qaz fəaliyyətini həyata keçirmək üçün əsas olan müqavilə (onu əvəz edən sənəd) və ya həmin müqavilənin (onu əvəz edən sənədin) müvafiq hissəsi qüvvədən düşdükdə. Hər hansı subpodratçının, onun tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyətini həyata keçirməyə hüquq verən müqaviləsi (onu əvəz edən sənədi) ləğv edildikdə, həmin subpodratçının bu müqavilə (onu əvəz edən sənəd) üzrə kontragenti olan subpodratçı və ya podratçı bu barədə məlumatı şəhadətnaməni verən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Podratçının ixrac məqsədli neft-qaz fəaliyyətini həyata keçirməyə hüquq verən müqaviləsi (onu əvəz edən sənədi) ləğv edildikdə, podratçı bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir;

7.11.3. podratçının və ya subpodratçının müvafiq icra hakimiyyəti orqanına təqdim etdiyi sənəd və məlumatlarda təhrif(lər) aşkar edildikdə və belə təhrif olunmuş məlumat müvafiq icra hakimiyyəti orqanının podratçıya və ya subpodratçıya şəhadətnamənin verilməsi barədə qərarın qəbul edilməsi üçün əsas olduqda;

7.11.4. podratçı və ya subpodratçı tərəfindən bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş xüsusi iqtisadi rejimin pozulması halları nəticəsində dövlətə külli miqdarda ziyan vurulması barədə müvafiq icra hakimiyyəti orqanının təqdimatı olduqda. Dövlətə dəymiş ziyan o halda külli miqdarda vurulmuş hesab edilir ki, aşağıdakı hallardan heç olmasa biri mövcud olsun:

7.11.4.1. xüsusi iqtisadi rejimin pozulması nəticəsində vurulan ziyanın məbləği podratçı tərəfindən ödənilməli olan məbləğin 30 (otuz) faizindən çox olduqda;

7.11.4.2. təqvim ili ərzində 27500 (iyirmi yeddi min beş yüz) manatdan artıq məbləğdə ziyan dəyməsi ilə nəticələnmiş pozuntu hallarına 3 (üç) dəfə və yaxud 1000000 (bir milyon) manatdan artıq məbləğdə ziyan dəyməsi ilə nəticələnmiş pozuntu hallarına 1 (bir) dəfə yol verildikdə;

7.11.5. müdafiə və milli təhlükəsizlik mülahizələrinə əsasən.

7.12. Müvafiq icra hakimiyyəti orqanı şəhadətnamənin ləğv edilməsi barədə qərarda ləğvetmənin hansı tarixdən tətbiq edilməsini göstərməlidir. Müvafiq icra hakimiyyəti orqanının şəhadətnamənin ləğv edilməsi barədə qərarından məhkəməyə şikayət verilə bilər.

7.13. Ləğv edilmiş şəhadətnamə onu vermiş müvafiq icra hakimiyyəti orqanına qaytarılmalıdır. Müvafiq icra hakimiyyəti orqanı 3 (üç) gün müddətində bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanlarına təqdim etməlidir. Şəhadətnamənin ləğv edilməsi podratçını və subpodratçını xüsusi iqtisadi rejimlə müəyyən olunmuş güzəştlərdən istifadə etmək hüququndan məhrum edir.

7.14. Şəhadətnamənin forması, verilməsi, müddətinin uzadılması və ləğv edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 8. Xüsusi iqtisadi rejimin pozulmasına görə podratçının və subpodratçının məsuliyyəti

 

8.1. Podratçılar və subpodratçılar onlara tətbiq edilən xüsusi iqtisadi rejimin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Xüsusi iqtisadi rejim aşağıdakı hallarda pozulmuş hesab edilir:

8.1.1. ödənilməli olan vergilərin, məcburi dövlət sosial sığorta haqlarının və ya gömrük rüsumlarının azaldılması və ya bunlardan yayınmaq məqsədi ilə xüsusi iqtisadi rejimlə verilən imtiyazlardan qeyri-ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsində istifadə edilməsi;

8.1.2. şəxsin bu Qanunla müəyyən edilmiş podratçı və ya subpodratçı statusu dəyişdikdə, müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumat verib-verməməsindən asılı olmayaraq əvvəlki statusuna aid olan hüquqi rejimdən istifadə etməklə vergilərin və digər ödənişlərin məbləğini azaltması;

8.1.3. xüsusi iqtisadi rejimlə verilmiş imtiyazlardan Azərbaycan Respublikasının antiinhisar siyasəti və rəqabət qanunvericiliyinin tələblərinə zidd olan məqsədlər üçün istifadə edilməsi.

8.2. Podratçılar və subpodratçılar xüsusi iqtisadi rejimin pozulması nəticəsində dəymiş ziyanı, tətbiq edilmiş maliyyə sanksiyalarını və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər ödənişləri tam həcmdə və vaxtında aidiyyəti üzrə ödəməlidirlər.

8.3. Dəymiş ziyanın ödənilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

 

Maddə 9. Qanunun qüvvəyə minməsi və qüvvədə olma müddəti

 

9.1. Bu Qanunun qüvvədə olma müddəti 15 (on beş) ildir və həmin müddətin bitdiyi ilin 31 dekabr tarixində qüvvədən düşür. Bu Qanunun qüvvədə olma müddəti qanunvericiliklə müəyyən olunmuş qaydada uzadıla bilər.

9.2. Podratçı və ya subpodratçıya bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş şəhadətnamə verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyində podratçılar və subpodratçılar üçün bu Qanunla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, bu Qanun tətbiq edilir.

9.3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 fevral 2009-cu il

766-IIIQ

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 276)

2.       17 oktyabr 2014-cü il tarixli 1069-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 6 noyabr 2014-cü il, 242; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1349)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI


[1] 5 mart 2010-cu il tarixli 972-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 17 aprel 2010-cu il, 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, 04, maddə 276) ilə 5.2-ci maddəsində Milli Bankına sözləri Mərkəzi Bankına sözləri ilə əvəz edilmişdir.

 

[2] 17 oktyabr 2014-cü il tarixli 1069-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan qəzeti, 6 noyabr 2014-cü il, 242; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, 11, maddə 1349) ilə 6.1-ci maddəsinin üçüncü cümləsində Əmək miqrasiyası haqqında Azərbaycan Respublikasının Qanununa sözləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə sözləri ilə əvəz edilmişdir.




Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib
Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.


Mükafatlar və nailiyyətlər

Azərbaycan Respublikası Vergilər Nazirliyi
2002 - 2019

* Diqqət! Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.